Super User
Qadın xalq rəssamımız
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Hansı rəssam qadınlarımızı tanıyırsınız? Bir neçə ad çəkəcəksiniz. Bəs hansı xalq rəssamı adını almış qadınlarımız var? Cavab çətinlik törədəcək əlbəttə.
Bu gün sizə Azərbaycan SSR xalq rəssamı Xalidə Səfərova barədə danışmaq istəyirəm. Bu gün onun anadan olmasının 99-cu ildönümüdür.
Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olub. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənib.
Yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985), ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.
Rəssam Azərbaycanın bölgələrinə etdiyi səfərlərinin hesabatını Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgidə verib. Həmin sərgidə o, 70-ə yaxın rəngkarlıq və qrafika əsərləri, 150-dən artıq etüd, peyzaj və natürmort əsərləri ilə iştirak edib. Təqdim edilən əsərlərin sırasına "Üç palıd", "Yağışdan əvvəl", "Bağda natürmort", "Üzümlükdə natürmort" kimi işlər də daxil edilib.
Rəssamın yaradıcılığında portret əsərləri də yer alıb. Bunların sırasına "Qapıçı", balet artisti "Leyla Vəkilovanın portreti", rəssam "Maral Rəhmanzadənin portreti", rəssam "Mahmud Tağıyevin portreti" və başqaları daxildir. O, 1960-cı illərdə idman mövzusunda da işləyib. Bu mövzu çərçivəsində futbol oyunları, velosipedçi yürüşü, avarçəkmə təsvirlərindən ibarət çoxfiqurlu kompozisiyalar çəkib. Onun "Gimnastlar", "Estafet", "Velosipedçi" (1969) "Futbolçular", "Çövkən" əsərləri bu istiqamətə nümunədir.
Mükafatları
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
35 illik poçt yolçusu və ya ünvanlara sadiq addımlar
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sadə, zəhmətkeş, işinə ürəklə bağlanmış insanlar hər bir cəmiyyətin dayağıdır. Bu insanların peşəsinə olan sevgi və sadiqliyi həm onların simasında bir ömürlük nümunəyə çevrilir, həm də yaşadıqları şəhərin səssiz qəhrəmanları kimi yadda qalırlar. Məhz belə simalardan biri də Sumqayıt şəhərində çalışan poçtalyon Nigar Əlikişi qızı Rəcəbovadır.
Nigar xanımın həyat yolu Lerik rayonunun Gəndov kəndindən başlayıb. O, 1961-ci il noyabr ayının 1-də bu füsunkar bölgədə anadan olsa da, həyat onu daha sonra Biləsuvar rayonuna gətirib və burada boya-başa çatıb. Hələ gənc yaşlarından zəhmətə alışan Nigar xanım, 1989-cu ilin may ayının 10-da Sumqayıt şəhər Poçtamtında poçtalyon kimi əmək fəaliyyətinə başlayıb.
Sumqayıtın müxtəlif poçt şöbələrində çalışıb: 1, 3, 8 nömrəli poçt bölmələrində işləmişdir, artıq 17 ildir ki, 9 saylı poçt şöbəsində öz vəzifəsini eyni sədaqət və məsuliyyətlə davam etdirir. Onun gündəlik işi məktublar, bildirişlər, qəzet və jurnalları ünvana çatdırmaqdan ibarətdir. Amma əslində o, hər gün insanların evlərinə yalnız kağız daşımır — o, etibar, xəbər və ünsiyyət daşıyıcısıdır.
Nigar xanım peşəsini sadəcə bir iş yeri kimi deyil, sevimli bir missiya kimi görür. Onun poçtalyon çantası təkcə məktublarla deyil, illərlə formalaşmış təcrübə, məsuliyyət və insanlara olan hörmətlə doludur. Hər gün şəhərin küçələri ilə addımlayarkən, o, yüzlərlə insanın gündəlik həyatına toxunur — təbəssümü, vaxtında çatdırdığı bir məktubu, salamı ilə...
Bəli, zaman dəyişir, texnologiyalar inkişaf edir, amma insan münasibətlərinin istiliyini yaşadan belə sadə peşə sahiblərinə olan ehtiyac heç vaxt azalmır. İşinə olan sevgisi və illərin sədaqəti ilə seçilən Nigar Rəcəbova kimi insanlar bu sahənin mənəvi dəyərini yaşadır və gələcək nəsillərə ötürür.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
Qafqaz Albaniyasının ədalətli hökmdarı - Məhinbanu
NİZAMİNİN MƏHƏBBƏTLƏ TƏRƏNNÜM ETDİYİ SƏRKƏRDƏ-XATUN
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Əbulqasım Firdovsinin və Şeyx Nizami Gəngəvinin əsərlərində sarayların dürüstlük, doğruluq mücəssiməsi kimi təqdim olunan, adı tarixə ləyaqət, mənəvi təmizlik və paklıq nümunəsi kimi yazılan, bəzi tarixi mənbələrdə Məhim Banu və ya Şəmiran kimi göstərilən, Qafqaz Albaniyasının ədalətli hökmdarı Məhinbanu miladdan öncə VII əsrdə yaşamış İran-Turan müharibələrində fütühatlar edən türkün qüdrətli sərkərdə-xaqanlarından biri olan məşhur Turan hökmdarı Alp Ər Tonqanın nəslindən idi. Şərqin ulu hökmdarı Əfrasiyabın, Alp Ər Tonqanın soyundan olması ilə fəxr edən Məhinbanu dövlət idarəçilik sistemində də bu qüdrətli hökmdarın ənənələrini yaşadır, əhalini və rəiyyəti onun yazılmamış qanunları ilə idarə edirdi.
Bu səbəbdən də Abxaziyadan Bərdəyə, Arrandan Ər-mən dağlarına qədər böyük bir ərazini əhatə edən dövlətin sorağına dünyanın məşhur xaqanları və sərkərdələri gəlirdi.
Əksəriyyəti türksoylu xalqlardan-hunlardan, xəzərlərdən, bulqarlardan ibarət olan əhalisini Məhinbanu ədalətlə idarə edirdi. Məhinbanu o dövrdə bir çox dövlətlərdə olmayan qüdrətli orduya, döyüş qabiliyyətli qoşuna, zəngin xəzinəyə və geniş ərazilərə sahib idi.
Əyyanlar və rəiyyət arasında xüsusi nüfuzu və hörməti olan Məhinbanu ədalətli şah, tədbirli sərkərdə kimi, həm də qonşu şahların, padşahların nümunəsinə çevrilmişdi.
O. İran şahı IV Hörmüzün, II Xosrov Pərvizin ehtiramını qazanmış, qonşu dövlətin qüdrətli padşahı və ləyaqətli qadını kimi etiraf olunmuşdur. Məhinbanu daim onların süfrəsinin başında əyləşmiş, çox zaman da sayı bilinməyən möhtəşəm ordusu ilə onları düşmən təcavüzündən xilas etmişdir. Fars kökənli, fars hökmdarı IV Hörmüzün Məhinbanuya olan ehtiramının başqa bir cəhəti də onun türksoylu-azərbaycanlı xatunu olması ilə bağlı idi. Bir sıra müharibələrdə Məhinbanunun ordusunun IV Hörmüzün qoşunu ilə birgə döyüşməsi Arran, Bərdə torpaqlarını düşmən təcavüzündən xilas etmək və yadelli işğalçıların qarşısına sədd çəkmək məqsədinə xidmət edirdi.
“Xosrov və Şirin” poemasının unudulmaz obrazı
Tarixdə daha çox müdrikliyi və mərdliyi ilə yadda qalan Məhinbanu insani və əxlaqi keyfiyyətləri ilə dünyanın ən qüdrətli fatehlərini belə heyrətləndirmişdir. Onun ədəbi obraza və qəhrəmana çevrilməsi isə insanlığa örnək olan mənəvi saflığından, nəcibliyindən, xeyirxalığından və ədalət hissindən boy alırdı.
O, ədəbiyyata İnsan və Allah sevgisi, ilahi eşq, humanizm, eşqin zəfər bayrağını yüksəldən ədalətli şah obrazı kimi daxil olmuşdur. Bütün əsərlərində dünyanı sosial bərabərliyə səsləyən Məhinbanu Şeyx Nizami Gəncəvinin məhəbbətlə tərənnüm etdiyi, əslində cəmiyyətin idealı, ədalətin carçısı, həqiqətin aynası idi:
“Məhinbanu gəldi məclisə birdən. Şah ona xüsusi hörmət göstərdi. Hər zamandan artıq İzzət göstərdi.”
Şeyx Nizami Gəncəvinin "Xosrov və Şirin poemasında səslənən bu fikirlər bir daha sübut edir ki, müdrik və məğrur Məhinbanuya sözün gerçək mənasında qonşu dövlətlərin hökmdarlarının hörmət və izzəti olmuşdur. Bu ehtiram təkcə onun geniş ərazisi, qüdrətli ordusu və zəngin xəzinəsi ilə deyil, bir hökmdar kimi mənəvi zənginliyi və müdrikliyi ilə bağlı idi.
Məhinbanunun vəliəhdi, II Xosrov Pərvizin xatunu Şirinə olan nəsihətləri də bu qeydləri təsdiq edir: “Cütcü saf tum səpsə torpağa əyər, Şübhəsiz torpaqdan saf tum göyərər. Pak adam gövhəri saxlasa təmiz, Gövhər də bulaşmaz torpağa hərgiz. Banu həm ismətli, həm də kübardı, Xosrovdan, Şirindən xəbəri vardı. ...Şirinə söylədi: "Qızım, bilginən, Bütün gözəllərin sultanısan sən. Arxanca kölgətək gəzir səadət Sənin bəzəyindir ismət, nəzakət. Qapısı möhürlü xəzinəsən sən Xəbərdar deyilsən yaxşıdan, pisdən. Dünyanın cürbəcür hiylələri var, Gah yaqutu əzər, gah dürr oğurlar. Ürəyimə damıb, gələn cahangir Səninlə qovuşmaq niyyətindədir. ...Görsə ki, vəfalı, İsmətli qızsan, Olarsan cahanda böyük hökmdar. Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq...”
Qardaşı qızı Şirinə təkcə əzizi, doğması kimi deyil, həm də vəliəhdi, Alp Ər Tonqa soyunun davamçısı kimi nəsihət edən Məhinbanu qadın ləyaqətini, qadın ülviyyətini onun baş tacı bilir.
Təkcə Şərqdə deyil, Avropada da məşhur idi
Ömrünü hökmdarlıqda, rəiyyətin və geniş ərazilərin idarəsində, qüdrətli ordunun mükəmməl təlimlərində keçirən, ox atması, ov ovlaması, cahangirlərlə döyüşlərdə sücaət göstərməsi ilə ad çıxaran Məhinbanu özünün ədalətli hökmdar obrazı ilə Şərqdə deyil, Avropada da məşhur idi. Bu məşhurluğu ona dünyaşöhrəti ilə yanaşı, millət-məmləkət sevgisi, məhəbbəti də gətirmişdi. Öz ağlı, ləyaqəti, məğrurluğu və müdrikliyi ilə əsl azərbaycanlı, türk xatunu obrazını yaratmışdır. Ədaləti amalına çevirən Məhinbanu adını Tanrı sevgisinə, istəyinə, dünyanın əvvəlini və sonunu anlamaq duyğusuna görə müdriklər və müqəddəslər cərgəsinə yazmışdır.
Məhinbanunun İlahi eşqi və iki dünya ilə bağlı düşüncələrini Şeyx Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında onun Şirinə vəsiyyət səhnəsində fəlsəfi düşüncə ilə təsvir etmişdir:
Dünyada əbədi şey yoxdur, inan, dəyməz bir arpaya bu böyük cahan. Adəm töhfəsidir torpaqda hər iz, pak gövhərin olar mayəsi təmiz. Bu sözü yaxşı deyib ərənlər: Yaxşı-pis ölümdən sonra bilinər.”
Tarix yalanı sevmədi, əksinə, hər zaman gerçəklərə arxalandı
Ağlı, müdrikliyi, idarəçilik üsulu, döyüş taktikası, əxlaqı, mənəvi dəyərləri ilə milli dövlətçilik tariximizin əski çağlarını şərəfləndirən Məhinbanunun çox zaman tarixi şəxsiyyət və hökmdar xatun olması ilə bağlı mübahisələr də olmuşdur.
Dövlətçilik tariximizi özgə millətlərin və dövlətlərin adı ilə bağlamağa cəhd edənlər, bəzi "salnaməçilər və tarixçilər ədalət hissini unutduqlarından Qafqaz Albaniyasını etiraf etdikləri halda bu qüdrətli dövlətin hökmdarlarından biri Məhinbanunun üstünə kölgə salmaq istəmişlər. Lakin Alp Ər Tonqa, Arran, Bərdə adını yaddaşında yaşadan tarix yalanı sevməmiş, əksinə, hər zaman gerçəklərə arxalanmışdır. Bu gün də xalqımız ləyaqət və ədalət rəmzi kimi qəbul etdiyi, ənənələrindən bəhrələndiyi hökmdar qızı Məhinbanu-Şəmiran şəxsiyyətinə böyük hörmət göstərir.
Tarixi həqiqətlər, elmi-ədəbi mənbələr sübut edir ki, Şeyx Nizami Gəncəvi "Xəmsə" çələnginə aid olan poemalarının əksəriyyətini qüdrətli şahların və padşahların sifarişi ilə qələmə almışdır. Bu mənada o, sarayın başbilənlərinə də toxunmuş və bu əsərlər mirzələr tərəfindən üzü köçürüldükdən sonra yayılmışdır.
Bu gün Nizaminin əsərlərində obraz kimi işlənən simaların tarixi şəxsiyyət olmasını, qılıncları, qələmləri, dövlət idarəçilik sistemində mövqeləri və savaş meydanlarındakı fütühatları hər kəs etiraf edir.
Daha çox Şeyx Nizami Gəncəvinin əsərlərindən tanıdığımız Arran hökmdarı, Şirinin bibisi, Əfrasiyabın soyundan olan Məhinbanunun Atabəy Məhəmməd, Qızıl Arslan, Şirvan şah Axistan, Şirvan şah İbrahim, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi milli dövlətçilik tariximizdə yeri danılmazdır. Min illər boyu başqa millətlər, eləcə də Azərbaycan xalqı tərəfindən yaradılmış tarixə, mədəniyyətə, incəsənətə, musiqiyə və digər milli-mənəvi dəyərlərə saxtakarlıqla sahib çıxan bədnam erməni daşnakları təkcə torpaqlarımıza təcavüz etməmişdir. Onlar vicdanı sızlamadan türkün məşhur sərkərdəsi Alp Ər Tonqanın nəslindən olan və tarixi mənbələrdə Məhinbanu, Məhim Banu və Şəmiran kimi tanınan bu qüdrətli Xatunun erməni qadını oluğunu da iddia etdilər.
30 illik işğaldan, intizardan sonra özgürlüyə qovuşan Şərqi Zəngəzurda, Qarabağda, Murovun zirvəsində, Qafqaz Albaniyasının rəmzlərindən olan Kəlbəcər və Laçında yerləşən Alban məbədlərində dalğalanan Azərbaycan bayrağı bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanı dünyaya göstərdi. Məhinbanunun soyunun əzəmətini sübuta yetirdi.
Bu gün VI - VII əsrlərdə Qafqaz Albaniyasında, Şərqdə ədalətli hökmdar kimi tanınan Məhinbanu cismani yoxluğundan sonra belə diri görünür, bəşəri görünür!
Bu bizim min illərin o başından boy alıb gələn ən böyük sərvətimiz, hökmdar əzəmətimiz, ədalət rəmzimiz, bitib-tükənməyən məhəbbətimizdir! Bunun üçün qürurlanmağa, daha böyük qələbələrə imza atmağa dəyər!
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
VAQİF SƏMƏDOĞLU, “Anara”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
ANARA
İçimə məhəbbət yazır,
izimə həsrət yazır,
yazır, yazır, yazır həyat.
Günəşli gündüzlər,
köksü məsafəylə dolu düzlər,
gecətək qaranlıq,
gündüz kimi aydın üzlər,
yazılır içimə,
içimdə qalır...
Sevdiklərim də,
sevmədiklərim də
yazılır içimə,
qalır içimin
qalın səbir dəftərində...
Dostum,
mən öləndən sonra
basarsan bu maqnitofonun
səs qaytaran düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini...
1964
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
MARAQLI SÖHBƏTLƏRDƏ “Bəxt üzüyü”nün təsadüfi personajı
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” prtalının Qarabağ təmsilçisi
Bu yaxınlarda məşhur "Bəxt üzüyü" filminə təsadüfən çəkilmiş bir şəxs haqqında yazı gördüm. Belə ki şəkildə olan Şüvəlan sakini çəkiliş heyətinə təmənnasız kömək edib, könüllü olaraq gah hansısa işi görür, gah da aktrisalara gül gətirərmiş. Bunu görən rejissor Ramiz Əzizbəyli "səni də filmə çəkəcəyəm" deyib, onu da filmə çəkir.
Çox izləyici bu şəxsin kim olması, sonrakı aqibəti barədə soruşurdu. Bununla bağlı kiçik araşdırma aparılıb. Məlum olub ki, film heyətinə təmənnasız kömək edən bu şəxs Şüvəlan sakini olub, adı isə Güloğlandır. O, fiziki qüsurlu şəxs imiş, ürəkgetmədən əziyyət çəkirmiş, eyni zamanda əqli qüsuru da olub.
Öyrəndim ki, o, gənc olsa da anası Həcər xanım övladını evləndirməkdən imtina edirmiş. Qohum-qonşular qadına “oğlunu niyə evləndirmirsən?” deyə soruşduqda Güloğlanın anası “Heç kimin qızını bədbəxt edə bilmərəm” cavabını verirmiş. Həcər xanım ürəgetmədən əziyyət çəkən oğlunun vaxtsız vəfat edəcəyini bilirmiş. Güloğlan gənc yaşında vəfat edib, anası da dünyadan köçüb.
Qəlbi təmiz olan bu oğlanı filmə çəkməklə rejissor Ramiz Əzizəyli, bir növ, əbədiləşdiribdir. Filmdə Güloğlan qatıqsatan obrazında yer alıb. "Qatıq var, qatıq alan", - deyə müştəri çağırmalıymış, bu sözləri də onun əvəzinə Ramiz müəllim öz səsi ilə səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
Onun dilçilik elminin inkişafında müstəsna əməyi olub
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, ona məhz bu cür qiymət verilməlidir - dilçilik elminin inkişafında müstəsna əməyi olan görkəmli alimimiz. Söhbət Yaşar Qarayevdən gedir. Bu gün onun anım günüdür.
Yaşar Qarayev 1936-cı il martın 5-də Nuxa (Şəki) şəhərində xırda sənətkar ailəsində anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Burada 31 saylı şəhər orta məktəbini bitirib. ADU-nun filologiya fakültəsində təhsil alıb.
Sonra Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışıb.
Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlayıb. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətuatda müntəzəm çıxış edib. Məqalə və kitabları "Yaşar", "Q. Yaşar", "Y. Qarayev" imzaları ilə dərc olunub.
Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olub. Azərbaycan Yazıçılar Birliyinin katibi işləyib (tənqid və ədəbiyyatşünaslıq üzrə). Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası rəyasət heyətinin üzvü və humanitar bölməsinin həmsədri seçilib.
Həmçinin Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar konqresi komitəsinin sədri, "Ədəbi proses" adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olub.
M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquz cildlik dünya ədəbiyyatı tarixi, "Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)" və Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi" monumental əsərlərin müəlliflərindən biri olub.
Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışıb, Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, Ədəbiyyat İnstitutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət Nəşriyyat Komitəsinin yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, "Yazıçı" nəşriyyatının bədii şurasının, "Azərbaycan" və "Ulduz" jurnalı redaksiya heyətinin, "Bilik" Cəmiyyəti rəyasət heyətinin, Ensiklopediya Elmi Redaksiya Heyətinin üzvü olub.
SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov adına mükafat komissiyasının üzvü olub. "Füzuli Vəqfı" fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərib.
Kitabları
- Faciə və qəhrəman
- Səhnəmiz və müasirlərimiz
- Tənqid: problemlər, portretlər
- Poeziya və nəsr
- Realizm: sənət və həqiqət
- Mirzə Fətəli Axundov
- Poeziyanın kamilliyi
- Ədəbi üfüqlər
- İlyas Əfəndiyev
- Meyar-şəxsiyyətdir
- Xan bülbülün nağılı
- Tarix: yaxından və uzaqdan
- Şərqin dahisi
Filmoqrafiya
1. Geriyə baxmağa dəyər
2. Sən həmişə bizimləsən
3. Cavad Heyət varlığı
4. Üç zirvənin fatehi
Yaşar Qarayev 2002-ci il avqustun 25-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
Qəsrlər, karvansaralar, minarələr: Daş yaddaşımız
Rəqsanə Babayeva,
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, "Gənclik" Xalq Teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün
Millətin yaddaşı yalnız yazılı tarixdə yaşamır — o, daşlarda, kərpiclərdə, taxta qapıların naxışlarında da yaşayır. Qəsrlər, karvansaralar, minarələr sadəcə memarlıq nümunələri deyil, zamanın səsini daşıyan canlı şahidlərdir. Hər daş, hər ornament əsrlər boyunca bir millətin həyat tərzindən, mədəniyyətindən və dövlətçilik iradəsindən xəbər verir.
Qəsrlər – Müdafiədən mədəniyyət mərkəzinə
Azərbaycan qalaları və qəsrləri yalnız hərbi tikililər olmayıb. Şirvanşahlar Sarayı, Mərdəkan qəsrləri, Qarabağ qalaları həm siyasi, həm də mədəni həyatın mərkəzləri kimi tanınıb. Onların divarlarında yalnız döyüşlərin izi yox, həm də musiqi, poeziya və elmi söhbətlərin səsi əks-səda verib. Qəsrlərin planı, bəzəkləri və memarlıq həlləri dövrün incəsənət zövqünü əks etdirir.
Karvansaralar – Ticarətin və mədəniyyətin körpüləri
Tarixi karvansaralar, xüsusilə Şəki, Şamaxı, Bakı və Naxçıvan marşrutlarında yerləşənlər, İpək Yolunun əsas mədəni dayanacaqları olub. Burada tacirlər yalnız mal deyil, həm də musiqi, ədəbiyyat, kulinariya və sənət nümunələrini bölüşüblər. Karvansaraların divarları yüzlərlə dilin, fərqli mədəniyyətlərin harmoniyasını yadda saxlayır.
Minarələr – Ruhun və göylərin dili
Azərbaycanın minarələri, xüsusilə Şamaxı, Gəncə, Quba və Bakıda ucalan nümunələr, dini memarlığın incə estetikasını göstərir. Minarələrin kərpic naxışları, yazılar və ornamentlər xalqın həm mənəvi, həm də bədii dünyasının dərinliyini ifadə edir. Onlar əsrlərdir həm azan səsini, həm də xalqın varlıq hekayəsini göylərə daşıyır.
Daş yaddaşımızın riskləri
Zaman, iqlim dəyişiklikləri və bəzən də laqeyd münasibət tarixi abidələrimizi təhlükə altına alır. Restavrasiya adı ilə edilən səthi bərpalar, orijinal memarlıq üslubunun itirilməsi və qeyri-peşəkar müdaxilələr abidənin ruhunu zədələyir. Qoruma işi yalnız texniki bacarıq deyil — tarixi anlamaq və ona hörmətlə yanaşmaq məsələsidir.
Qoruma və yaşatma yolları
Peşəkar restavrasiya proqramları – Orijinal material və texnikaların tətbiqi.
Mədəni marşrutlar – Abidələri turizm xəritəsinə daxil etmək və onların hekayəsini peşəkar bələdçilərlə təqdim etmək.
Rəqəmsal arxiv – Qəsr, karvansara və minarələrin 3D modellərini hazırlamaq.
Təhsil layihələri – Məktəblilər üçün tarixi abidələrə səfərlər təşkil etmək.
Daşların danışdığı hekayə
Hər qəsr, hər karvansara, hər minarə bir kitabdır — sadəcə səhifələri daşdan oyulub. Onları oxumaq üçün tarixçi olmaq şərt deyil; sadəcə baxmaq, dinləmək və hiss etmək yetərlidir. Dövlətimizin mədəniyyət siyasəti, bu daş yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi üçün ən böyük təminatdır.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
Şair yanan bir dünyanın içində yanmağı sevən insandır - MÜSAHİBƏ
Cahangir Namazov,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Türk dünyası ədiblərini tanıdaq layihəsində bugünkü həmsöhbətimiz — tanınmış türk şairəsi, dramaturq, okean mühəndisi və dəniz memarlığı üzrə mühəndis, Türkiyə PEN Klubunun və Türkiyə Yazarlar Sendikasının üzvü, beynəlxalq “İpək Yolu”, “Qızıl Dəvə”, Jemal Süreya Şe’riyyat mükafatlarının laureatı, dünyanın bir çox ölkələrində əsərləri və kitabları çap edilən Nurduran Dumandır.
— Adətən şairlərin yolu uşaqlıqdan başlayır. Şeirə olan sevginiz ilk dəfə necə üzə çıxdı?
— Şeir və şeirin elementləri ilə tanışlığım, sözlərin hələ uşaq üçün səs olduğu çağınadək uzanır. Yaddaşımda həyatımın ilk anı, anamın hər hərfi tək-tək qulağıma pıçıldaması və mənim də hər hərfdən sonra “hııı hı” deyə cavab verməyimdir. Görünür, hərfə aid olanı — titrəyişi, səsi, ritmi, musiqisi, mənası, obrazı və öyrədənini sevgi ilə sevməyi, öyrənmənin gözəlliyini o zamanlar hiss etmişdim. Şeirin əsl sehrinə isə “Yunusca” adlandırıla biləcək dildə, ətrafımda danışılan türkçə oxunan xalq mahnıları, Yunus Əmrə şeirləri, ana-ata maniələri və geniş ailəmin danışdığı nağıllarla vuruldum.
— Sizin üçün şeir nə deməkdir? Bu söz sizdə hansı mənzərələri, hansı hissləri oyadır?
— Şeir mənim üçün yaradıcılıq və dizayndır; incə bir işçiliklə, zəhmətin ən saf halı ilə qurulan bir quruluş. Son dövrlərdə bu tərifi daha da təmizlədim: “Şeiri şeir üçün yazıram.” Belə yazanda, şeir artıq həm incəsənət, həm də cəmiyyət üçün yazılmış olur. Çünki şeiri şeir üçün yazdıqda, yazan əlin eqo tələsinə düşmür; göstərmə, sübut etmə, bəyənilmə arzuları ortadan qalxır. Şair, şeirin qarşısında özünü görünməz edir. Şeir şəfa verir, amma şair onu şəxsi terapiya vasitəsi kimi görüb “zibil qutusu” kimi istifadə edə bilməz. Şeir, yüklərdən azad olma sənəti deyil, yüklərin içindən işığı tapıb çıxarma sənətidir. Bu incəlik və saf niyyətlə həqiqi bir şəfa təqdim edə bilər.
— Dəniz mühəndisliyi və şeir — sanki iki ayrı sahil. Bu iki dünyanı ürəyinizdə necə bir körpü ilə birləşdirdiniz? Bir-birlərini necə bəsləyirlər?
— Əslində, bu iki dünya eyni dənizdə birləşir. Mənim dənizə olan eşqim, bu mühəndislikləri oxuma səbəbimdir. Sadəcə sevmək deyil, dənizin dilini, quruluşunu, sirrini öyrənmək istədim. İki sahəni birləşdirən körpü isə “quruluş yaratmaq” ideyasıdır. Şeiri yazmaqdan çox “quran” olmağı üstün tuturam. Gəmi tikintisi mühəndisliyi necə yaradıcılıq və dizayn tələb edən işdirsə, şeir də elədir. Bütünlük, ritm, tarazlıq şeirdə çox vacibdir və bu sahədə mühəndislik təhsilim mənə çox fayda verib. Buna görə də şeiri qurarkən hələ də mühəndisliyi davam etdirdiyimi görürəm.
— Sizcə Türkiyə və Azərbaycan ədəbiyyatı hansı ruhsal köklərdən bəhrələnir? Aralarında nə kimi bağlar və oxşarlıqlar var?
— Türkiyə türkləri və Azərbaycan türklərinin ədəbiyyatı eyni kökün budaqları kimidir; bəslənmə mənbələri, ruhsal damarları birdir. Bu ortaq kök, heyran olduğum Türk Dilidir. Dil üzərində qurulan bir sənətlə məşğul olarkən Türkçəyə, onu yaradan və onunla birlikdə qurulan Türk mədəniyyətinə sevgi, maraq və həyəcan duymamaq mümkün deyil. Özümü bildiyimdən bəri Türk Dilinin — Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Çuvaşistandan, Yakutistandan və daha nələr daxil olmaqla — heyranı olmuşam. Füzuli, Nizami Gəncəvi, Ali Şir Nevai, Kaşgarlı Mahmud kimi ortaq dəyərlərimiz və Dədə Qorqud, Oğuz dastanı kimi çoxlu ortaq dastanlarımız bu birliyin ən gözəl sübutudur.
— Sizi heyrətləndirən bir əsər və ya müəllif hələ də yadınızda qalıbmı? O, ürəyinizdə necə iz qoydu?
— Yunus Əmrə. İnsan onu böyük bir sevgi ilə, YUNUS EMRE deyə bağırmaq istəyir. Beş-altı yaşlarımda onun “Sordum sarı çiçəğe…” misralarını melodiyası ilə oxuyardım. O dərviş baba, o gündən bəri mənimlə formalaşaraq gəlib. Başqa unudulmaz ad Halikarnas Balıkçısıdır; “Aganta Burina Burinata” dənizlərin çağırışını ilk hiss etdirən əsərdir. Reşat Nuri Güntekinin “Çalıquşu” və Ahmet Muhip Dranasın “Serenad” şeiri də ürəyimdə dərin iz buraxdı. Amma məni ən çox təsir edənlər yalnız adını bildiyimiz yazıçılar deyil. Türküleri yandıranlar, nağıllarımızı, tapmacalarımızı bu günə daşıyanlar da o isimsiz qəhrəmanlardır. Və Umay Ana, Tomris Hatun, könül qadınlar…
— Əsərlərinizdə şəxsi xatirələrin rolu nə qədər əhəmiyyətlidir? Yazarkən uşaqlıq səsləri sizi çağırırmı?
— Uşaqlığımın poetikası təsirini göstərir. Amma şeirlərimdə birbaşa avtobioqrafik elementlərə çox az yer verirəm, hadisələrə əsaslanan şeirlər yazmıram. Lakin uşaqlığımdan ilhamlanan, “Ana, indi də sən hecele” dediyim “nenni” və ya “bizim evdə heç kim qəzəblənməz, saçılmışa” deyən “Arı Maya Hekayəsi” kimi şeirlərim var. Atam uşaqlıqda “Arı Maya” deyirdi. O dövrün cizgi filmindən yaxşı xəbərimiz var. Uşaqlıq çağlarımda eşitdiyim bağlar, ağacların səsi, bədənimdəki ilk küləklər başqa şeirlərimə çevrilib. Xülasə, şeirlərimdə xatirələr birbaşa deyil, damıdılıb, şeirin toxumasına duyğu, düşüncə, xəyal qatır.
— Ürəyinizdə həmişə gizlənmiş, amma yazılmamış bir hekayə varmı?
— Sualınız, “dilək” şeirimdəki “Ürəyində şey gizlətməyəcəksən, heç ürəyini gizlətmə” misrasını xatırlatdı. Yenə də cavabımı başqa yerdən verəcəm. Mənim üçün şeir duyğudan daşan bir daxili axış deyil; ürəyin də iştirakı ilə düşünülərək, xəyal edilərək qurulan bir quruluşdur. Ona görə də “yazılmamış bir hekayə” hissindən çox, zamanla formalaşacaq layihələr üzərində işləyirəm. “Ağac Bilir” və ya “Dəniz Dili və Ədəbiyyatı” şeirlərim kimi layihələrim var. Şeir yalnız yazılmışda deyil, qurulmaqda olan quruluşun içində də yaşayır. Mənim vəzifəm, quruluşun hansı anda və hansı formada görünəcəyinə qərar vermək və o səsə yer açmaqdır.
— Bir əsərin sonu sizin üçün son, yoxsa yeni başlanğıcdır?
— Bir əsərin sonu, şairin yaradıcılıq prosesinin sonu olsa da, şeirin yolculuğu üçün mütləq bir başlanğıcdır. Şeir, “tam və tamam olunca” artıq şairindən heç nə tələb etmir, tək başına durur və oxucunun dünyasına yola çıxır. Mənim dediyim “keçişmək” prosesi budur; şeir oxucuya keçir, oxucu şeiri yaşayır. Hər oxucuda, hər oxumada şeir yenidən doğulur. Buna görə, bir əsərin tamamlanması saysız yeni tamamlanma hallarının başlanğıcıdır.
— Yazı prosesində səssizlik ilə söz arasındakı mübarizəni necə hiss edirsiniz?
— Mən bunu mübarizə kimi görmürəm. Bəli, bəzən şeirlə bir-birimizi “səssizə aldığımız” dövrlər olur və bu, daha yaxşı “dinləmək” üçündür. Səssizlik, sözlərin dəmləndiyi, yetkinləşdiyi məhsuldar bir prosesdir. Mən şeirim qarşısına “ən saf, ən sağlam halımla” otururam və bu, adətən səssizlik dövrlərindən sonra olur. Sözlər səssizlikdən çıxır, səssizliklə gedir.
— Cəmiyyətin ziddiyyətləri, bəzən ədalətsizlik — bunlar sizi yazmağa yönəldirmi yoxsa susmağa?
— Mütləq yazmağa yönəldir. Şair, yanan bir dünyanın içində yanmağı seçən insandır. Cəmiyyətdə gördüyü yanlışlıq və zülm işlərinə əks olunmalıdır. Gənclik dövrümde yazdığım “Yenilgi Oyunu”ndakı “Öf Dize” bölümü məni qəzəbləndirən şeylərdən ilham almışdır. Amma şairin vəzifəsi yalnız yanlışlığı göstərmək deyil; əsas vəzifə, problemlər qarşısında həll, müsbətlik, ümid və həyat gücü təklif etməkdir.
— Sizin üçün səssizlik nə deməkdir — ilham, qorxu, yoxsa sükunət?
— Səssizlik qorxu deyil, bəlkə sükunət, amma ən çox bəslənməkdir. İlham və əsər olacaq hər şeylə. Şeiri “qurarkən”, məsələn bir vergülün yeri üçün günlərlə, aylarla düşünə bilərəm. Bu düşünmə, gözləmə, dəmlənmə prosesi səssizlikdə həyata keçirilir.
— Hər insanın içində bir aləm daşıyır. Yazarkən daxili dünyanızda hansı atmosfer hökm sürür?
— Yazarkən iç və yaxın xarici dünyamda işıqlı, yaradıcı, yaxşıya yönəlmiş bir atmosfer hökm sürür. O an, xarici dünyanın qarışıqlığına toxunmayan “elm və könül orbitində” çalışıram. Bir tərəfimdə Türkçənin riyazi quruluşu, şeiri qurmağın gətirdiyi mühəndislik disiplini, varlığa bərabərlik yanaşması; digər tərəfimdə isə dilin və ənənənin gətirdiyi “gönül” zənginliyi var. Hər dəfə yazmağa başlayanda, “yaza biləcəyəmmi” qorxusu ilə şeirin qarşısına otururam.
— İstanbulda uzun illərdir “Nurduran Duman ilə ŞEİR SUARE” tədbirini təşkil edirsiniz. “Şeir Suare” nədir?
— Şeir Suare, şeiri yalnız ədəbiyyat janrı kimi deyil, düşüncə, baxış metodu, yaşam tərzi təklifi kimi qəbul edən bir məkan. 2023-cü ilin aprelindən bu yana hər çərşənbə axşamı 19:30-da görüşürük. İştirakçılar yalnız yazdıqları və ya sevdikləri şeirləri deyil; instrumental ifalarını, kino biliklərini, teatr maraqlarını, riyaziyyat formulalarını və gündəlik həyatdan “yaşamın şeirini çıxarmaq” təcrübələrini də gətirirlər. Açıq mikrofon olsa da, qarışıq bir söhbət deyil. Bəzən bir şeirdən fəlsəfi müzakirəyə, bir tərcümə nümunəsindən mədəni-siyasi masaya çevrilirik. Hər həftənin “Nə oxuduq, nə izlədik, hansı sərgiyə getdik, həyatın şeirini çıxarmaq üçün nə təcrübə etdik?” sabit köşəsi var. Tematik axşamlarımız da olur; sonuncu dəfə Yapon haikularını işləmişdik. Küba, Çin, Hindistan, Özbəkistan, Belçika və başqa ölkələrdən qonaqlarımız olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
25 avqustda Nitşe doğulub, Yumsa vəfat edib
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günün – avqustun 25-nin təqviminə nəzər salsaq görərik ki, günün cəmi-cümlətanı bir neçə qeyd ediləsi çaları var.
1941-ci ilin 25 avqustunda sovet qoşunları ingilis qoşunları ilə birgə İranı ələ keçiriblər. Tarixin həmin dönəmində Seyid Pişəvəri hərəkatı , Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlib. İkiyə bölünmüş vətənimiz tarixin keşməkeşli dövründə birləşmək şansı əldə edib. Əfsus ki, sonda imperialistlər öz maraqları naminə Azərbaycanı xöşbəxtlikdən məhrum ediblər.
Bu gün Braziliyada əsgərlər günü, Koreyada Sunqun günüdür (1960-cı ilin bu günündə Kim Çen İr Sunqunda hakimiyyətə gəlib). Belarus öz müstəqilliyini bayram edir. ABŞ-da Banan spliti günü kimi qeyd edirlər. Bu, desertdir, bananı kəsib içinə sirop doldururlar.
1609-cu ilin bu günündə Qalileo Qaliley ilk teleskopu nümayiş etdirib. 1970-ci ildə alman top modeli və aktrisası Klaudiya Şiffer, 1930-cu ildə şotland aktyoru və prodüsseri Şon Konneri, 1912-ci ildə ADR rəhbəri Erik Honneker, 1724-cü ildə “Atın anatomiyası” əsərini yazmış britaniyalı rəssam, animator, yazar Corc Stabbs, 1530-cu ildə isə Moskva knyazı İvan Qroznıy dünyaya gəliblər. Bu gün vəfat edənlərdən ikisinin adını çəkəcəyik. İki zirvənin. Bunlardan biri 1900-cü ildə dünyadan köçən dünyaşöhrətli alman filosofu Fridrix Nitşe, digəri 1776-ci ildə gözlərini əbədi yuman şotland filosofu və tarixçisi Devid Yumdur.
Və mütləq Nitşedən bir sitat gətirək. Görün dahi alman nə deyib: “Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalan olmadan bu reallıq, bu "həqiqət" üzərində qələbə çalmaq qeyri-mümkündür.”
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)
BİRİ İKİSİNDƏ Elçin Səlimlinin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir saatında Elçin Səlimlinin şeirləri təqdim ediləcək.
ŞEİR SAATI
Elçin SƏLİMLİ
DƏLİ KÖNLÜM
Bir ömürü puç eylədim,
Əbəs yerə heç eylədim,
Sevmək ilə suç işlədim?
Viran oldu dəli könlüm!
Nə qazanıb nə itirdim,
Eşq davamı mən bitirdim,
Özümü sona yetirdim,
Boran oldu dəli könlüm!
Küsüb məndən əhd-peymanım,
Çıxıb gedib and-amanım,
Qalmayıb səbri-qərarım,
Üsyan etdi dəli könlüm!
Özünü hədər yorursan,
Nədən peşiman olursan,
Saf eşqini qoruyursan,
Ürfan etdi dəli könlüm!
DÖZ, AY ÜRƏYİM…
Alışar həsrətim, yanar həsrətim,
Günəştək yenidən doğar həsrətim,
Bəzən də zülməti qovar həsrətim,
Döz bu ayrılığa, döz, ay ürəyim!
Bəzən atəş olar, bəzən od olar,
Bəzən doğma olar, bəzən yad olar,
Fikirlər dağılar, ya bərbad olar,
Döz bu dağıntıya, döz, ay ürəyim!
Bu ömrü əmanət istədim səndən,
Sıxıntı verirsən bəs indi nədən?
Barı insaf elə, incitmə hərdən,
Döz bu sıxıntiya, döz, ay ürəyim!
Onsuz da Elçinin köçəri quşdur,
Dalıb xəyallara, yenə bihuşdur,
Bu necə davranış, necə duruşdur,
Döz bu davranışa, döz, ay ürəyim!
AY ŞUŞAM
Bitdi ayrılığın, bitdi həsrətin,
Güldü xoş üzünə, güldü qismətin,
Yoxdur bərabərin, yoxdur nisbətin,
Gəldim görüşünə, gəldim, ay Şuşam.
Bitdi otuz illik nisgil, göz yaşı,
İndi tər-təmizdir, dağların başı,
İsidir nəfəsin torpağı, daşı,
Çıxmışam qaşına, çıxmışam, Şuşam.
Qoynun bu gün yenə çağlayıb-coşur,
İsa bulağın da qaynayıb-daşır,
Şən nəğmələrin də dağları aşır,
Dolanım başına, dönüm, ay Şuşam.
Vaqifin qəzəli o şux bəstəndə,
Bülbül cəh-cəhindən yoxdur dəstədə,
Gülür Natəvanım, gülür büstü də,
Gülüşün yayılsın cahana, Şuşam.
Bilməm bundan belə, nə kədər, nə qəm,
Axmaz göz yaşlarım, nə gözümdə nəm,
Köçərəm dünyadan rahatlıqla mən,
Baş əyib qarşında durram, ay Şuşam.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)


