Böyük sevgilərin abidəsi Featured

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Nədənsə Əliağa Kürçaylı barədə söhbət düşəndə dərhal kövrəlirəm. Qızı, ayüzlü Ülkər düşür yadıma. Atasına bəslədiyi böyük sevgi və ehtiram elə bir apogey nöqtəyə çatmışdı ki, atası vəfat edəndə Ülkər buna dözə bilmədi. Intihar etdi…

 

Bu gün Əliağa Kürçaylının doğum günüdür.

Şair Əliağa Vəliyev - Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir.

Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir.

"Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi, "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında  baş redaktor olmuşdur.

 

Kitabları 

1. Vallah Arifin bağçası. 

2. Salam, gələcək illər. 

3. Səfərə çıxıram.

4. Cavabsız məktublar. 

5. Nargindən əsən külək. 

6. Şeirlər. 

7. Gözəllik. 

8. Əsmər və Zəfər. 

9. Durnalar cənuba uçur. 

10. Ülkər. 

 

O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq və tərcüməçi idi. 1980-ci il fevralın 11-də ömrünün 51-ci səhifəsində həyata gözlərini yummuşdur. 

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.