Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Ramazan ayı başlayıb və milyonlarla müsəlman oruc tutaraq ibadətlərini yerinə yetirir. Lakin gündəlik həyatın sürətli ritmi, diqqətsizlik və vərdişlər bəzən orucu tutanlara qeyri-adi suallar doğurur. Məsələn, bəzən insanlar yemək yeyir, su içir, hətta oruc tutduqlarını unudurlar.
İslam alimlərinin izahına görə, bu hallarda oruc pozulmur. Əsas şərt niyyətin olmasıdır: əgər insan bilmədən yemək və içibsə, onun məqsədi orucu pozmaq deyildi. Yəni təsadüfən baş verən hərəkətlər orucu pozmur və insan ibadətini davam etdirə bilər.
Əksinə, əgər bir şəxs bilərəkdən yeyir və içirsə, bu zaman oruc pozulur və günah məsuliyyəti yaranır. Bilmədən baş verən hallarda isə vicdan rahatlığı ilə orucu davam etdirmək mümkündür.
Bu səbəbdən, Ramazan ayında diqqət vacib olsa da, unudulmuş və ya təsadüfi hallar insanın ibadətinə mane olmur. Əsas niyyət və səmimiyyət, ibadətin ruhunu qoruyan əsas amillərdəndir.
“Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, insan sözü “nisyan” sözündən, yəni “unutmaq” sözündən törəyib:
"Əslində oruc kimi ibadətlər bizi öz xilqətimizi, insanlığımızı, gəldiyimiz və gedəcəyimiz yeri, rəbbimizi unutmamağa dəvət edir. Qeyd edək ki, ibadətlər insan əxlaqını gözəlləşdirir, amma əsas hədəf Allahı unutmamaqdır. Əlbəttə, biz insanıq və zaman-zaman oruc tutarkən fikrimiz gedib-gəlir. Amma hər ibadətin düzəliş forması var.
Oruc ibadətində də əgər insan bilmədən su içsə, çərəz yeyibsə və ya çörək yesə və sonra yadına düşsə ki, “mən oruc tutduğum halda su içdim, yemək yedim”, əgər yediyi ağzında qalıbsa onu kənarlaşdırır, yox əgər artıq boğazından keçibsə, tövbə edir. Lakin oruc davam edir. Allah buyurur ki, siz oruc tutarkən bilmədən sizi yedizdirən Allahdır. Yəni belə bir hal kimin başına gələrsə, o, orucunu pozmasın və davam etsin".
“Ədəbiyyat və incəsənət”
(21.02.2026)


