Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında bu gün sizlərlə Firuzə Quliyevadır, Naxçıvan Dövlət Universitetinin tələbəsi öz hekayəsini təqdim edir.

 

Daş üzərində oturub kitabların içinə qərq oluram. Gecənin ayazı ruhu beşikdə yatan körpə kimi sallayır təkliyimi. Bilmirəm sağ-sol məni hara aparır. Pıçıltısı oxşayır üzümü sərin küləyin. Yeriyir, bədənimə dolur. Sözlərin içində boğulduğum həminki günə qaytarır. Əlimə qələm alıram. Hekayəmi start xəttinə gətirirəm. Budur, tütək səsi... Başlayaq.

 

***

Müharibənin soyuq baxışları ətrafa yayılmışdı. Top səsi, silah səsi... Qan qoxusu neçə baxışları oyadırdı. Elvin bu gecə oyaq idi.  Onu oyadan nə idi? Qorxu yoxsa cəsarət? Bəlkə də heç biri. Bu sevgi idi. Gözlərində itdiyi, can parçası sevdiyi. Ürəyinin neçə kəlməsini bir şəklə tökürdü. Zeynəbi idi onun. Uşaqlıqdan bir-birlərinin nəğmələrində itib-batmışdılar. Neçə dərd bölüşmüşdülər. Yenə gözlər həminki idi, əriyərək baxan qara gözlər... Səsin gəldiyini belə duymurdu Elvin. Murad isə hey çağırırdı:

-Bəlkə ayılasan, ay uşaq! Bayaqdan səni çağırıram. Eşitmirsən? Hələ də Zeynəbi düşünürsən.

- Zeynəbi necə düşünməyim? Neçə ilimi bölüşdüyüm yarım məndən uzaqlarda nələr çəkir görəsən?

Həqiqətən Zeynəb nələr çəkirdi? Ailəsi neçə dəfə üstünə gəlmişdi. Boş-boşuna gözləməyini istəmirdilər. Elvinin gələcəyinə ümidləri yox idi. Zeynəb ümidin əlindən deyil, sevginin əlindən tutmuşdu. Sevdiyinin səsini duyurdu, nəfəsini hiss edirdi. Başqasının dedikləri onun üçün milçək vızıltısı idi. Səhərin boylanıb nazla baxmasına az qalmışdı. Göy üzü qurğuşun kimi ağır idi, sanki az sonra qırılacaq, üstünə çökəcəkdi bu səngərlərin. Elvin kağızı yenidən qatlayıb döş cibinə qoydu. Başını səngərin kənarına söykədi. Murad da susmuşdu. Onlar çox danışmırdılar. Bu müharibə adamın dilini yox, içini işlədirdi.

Birdən... bir səs.

Titrək, uzaqdan gələn bir tütək səsi…

Bəlkə də bir əsgər fısıldayırdı vətəni, bəlkə kimsə yarasını unudub nəfəsə çevirmişdi sevgisini… Elvinə isə bu səs Zeynəbin gülüşü kimi gəldi. Murad əli ilə onu dürtdü:

– Qalx, Elvin. Gecə uzun idi, indi işıqlanacaq. Komandir tapşırıq verib. Bu gün irəliləyirik.

Elvin ayağa qalxdı. Üz-gözünü yuyan təravətli səhər havasına baxmayaraq, içində təlatüm vardı. Sanki bu gün nəsə dəyişəcəkdi. Tapançasını yoxladı. Hər şey qaydasında idi. Amma ürəyində qaydasız bir ağrı vardı – adı “vida” olan bir ağrı… Top səsləri bir-birini izləməyə başladı. Səssiz səhər yerini alovun səsinə verdi. Elvin və Murad öz dəstəsi ilə irəliləyirdi. Ağacların arasında, torpaq səngərlərin arasından keçərək düşmənin mövqelərinə yaxınlaşırdılar. Birdən… bir partlayış. Yeri silkələdi, havanı parçaladı. Elvin bir anlıq Muradı axtardı gözləri ilə… amma hər tərəf toz-duman idi. Qulaqları zəng çalırdı. Dizləri üstə düşdü. Ətrafdakı səslər susmuşdu. Təkcə Zeynəbin səsi vardı:

“Qayıt, Elvin... Mən səni gözləyirəm...”

Əlini sinəsinə apardı. Kağız parçası... cırılmışdı. Amma orda bir cümlə hələ də oxunurdu: “Əgər bu məktubu oxuyursansa, deməli sağsan…”

Elvin gözlərini yumdu. Dodaqlarında səssiz bir dua vardı. Amma o hələ getməmişdi… Çünki Zeynəb onu bu torpağa mıxlamışdı.

Müharibədən uzaq, amma ürəyində onun qədər sarsıdıcı bir savaş da Zeynəbin içində gedir... Evdə hər şey yerli-yerindəydi. Fincanlar əvvəlki yerində, pəncərədən görünən ağac da, divardakı saat da... Təkcə Zeynəb əvvəlki deyildi. Əlində Elvindən gələn məktub. Onu dəfələrlə oxuyub, hər dəfə bir kəlmədə ilişib qalıb. “Nə olursa olsun, döyüşçü kimi yox, sevən kimi dönəcəyəm.” Zeynəb bu sətirlərlə yaşayırdı. Anası isə yenə deyinirdi:

-Qızım, həyat səni gözləmir. Bir xəbər də yoxdur. Bu gözlənti səni çürüdür...

Zeynəb cavab vermirdi. Bilirdi, anası onu qorumaq istəyirdi. Amma onu qoruyan Elvinin səsi idi. Qəlbində yaşayan, ruhunu yaşadan o səs. İçində bir qorxu vardı, bəli... Amma daha çox bir inam vardı. Elvinin dönəcəyinə olan sarsılmaz inam. O gün həyətdə oturub yenə məktubu oxuyurdu. Gözləri kağızın cırıq yerində dayandı. Sözlər sanki dağılmışdı, amma bir cümlə parlayırdı:“ Sənin gözlərini hər gün xəyalıma gətirib irəliləyirəm...”

Zeynəb gözlərini yumdu. Sanki Elvinin nəfəsini duydu. Qəlbinin içindəki sükutda bir səslə pıçıldadı:

-Mən səni gözləyirəm, Elvin... Qayıt…

O an telefon zəng çaldı. Qəlbi titrədi. Gözlərini açmadan cavab verdi.

-Alo?

O biri başdan tanımadığı, lakin qəribə bir istiliklə danışan bir səs eşidildi:

-Zeynəb xanım? Mən Muradam… Elvinin silahdaşı. Onun salamını gətirmişəm.

Zeynəbin əlləri titrədi. Səsi içində qırıldı.

-O... o sağdır?

Sükut. Amma sonra səslə qarışan bir nəfəs, hönkürtüyə oxşar bir gülüş eşidildi:

-Bəli... Çox ağır yaralandı.  Ruhumun cəsarəti onu geri qaytardı. İndi burdadır. Elə sizi soruşur…

Zeynəbin gözlərindən süzüldü illərlə içinə yığılan göz yaşları. O, ayağa qalxdı. Gözləri səmaya dikildi. Sanki o anda göydə günəşlə yanaşı bir sevgi də doğmuşdu. Savaşdan sağ çıxan təkcə Elvin deyildi. Onunla birgə Zeynəbin sevgisi də sağ qalmışdı.

Günəş axşama doğru boyanmışdı. Qızılı şəfəqlər pəncərədən içəri süzülür, divarda Elvinin gülüşünə bənzər bir kölgə yaradırdı. Zeynəb güzgünün qarşısında dayanıb saçlarını darayırdı. Sanki illərlə gözlədiyi gün bu idi. Barmaqları əsirdi, amma içi qəribə bir arxayınlıqla dolmuşdu. Artıq “gözləyirəm” deməyəcəkdi… “burdasan” deyəcəkdi.

Qapı döyüldü. Zeynəbin ürəyi dayanacaq kimi oldu. Addımlarını tanımadı. Amma ruhu artıq o səslə tanış idi. Gözlərini yumdu, dərin nəfəs aldı və qapını açdı. Qarşısında Elvin dayanmışdı. Qolunda sarğı vardı, üzündə yara izləri, saçları bir az tökülmüş, amma baxışları yenə könül oxşayırdı. Zeynəbin uşaqlığını, gəncliyini, hər səhər dua ilə açdığı sabahları əks etdirən o baxışlar...

Heç nə demədilər. Sözlər artıq gərəksiz idi. Zeynəb bir addım irəlilədi. Elvin də... Onlar sadəcə qucaqlaşdılar. Sükutun içində iki ürək bir-birinə toxundu. İllərin həsrəti, müharibənin sarsıtdığı xatirələr, bir fotonun içinə sığan minlərlə duanın cavabı o an yaşanırdı.

Elvin astadan dedi:

-Qorxdum... sən də çəkilib gedərsən deyə. Amma sən burda qaldın. Məni yaşatdın, Zeynəb.

Zeynəb onun sinəsinə başını söykədi. Gözlərində yaş yox idi bu dəfə. Çünki bu sevinc göz yaşlarını udacaq qədər güclü idi.

-Mən sənin qayıdacağını bilirdim… Çünki sevgi itmir, Elvin. Yalnız saatı durdurmaq, bu zamanın içində həbs olmaq istəyirəm.

Axşam torpağın üzərinə enirdi. Qaranlıq onları bürümürdü, çünki içlərində yanan işıq var idi.

Bu işığın adı sevgi, rəngi səbr, izi isə qələbə idi.

***

Beləcə hekayəni bitirdikdə gözlərimdən incilər axdı, töküldü. Sonra bir səs məni səslədi. “Firuzə, dayanmaq zamanı deyil. Daha şeir yazmaq lazımdır hekayənin şərəfinə...”

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 14:27

DAHİ MİRCAVADOV - o göründüyündən daha ucadadır

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

 Azərbaycanın ən görkəmli rəssamları sırasında yer alan, fəqət əməkdar incəsənət xadimi olaraq dünyadan köçən, Xalq rəssamı adı ona çox görülən Cavad Mircavadov barədə danışacağam sizlərə. Bu gün onu xatırlamağın lap yeridir.

 

Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssamı Zarubinin yanında işə düzəlir. İstedadı dərhal gözə çarpır. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra… işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir. Bəli, o dövrlərin belə sərt qanunları da var imiş.

 

1941-1949-cu illərdə Mircavadov Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır. Hələ məktəbdə oxuduğu illərdə o, Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə buradakı təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür. 1949–1954-cü illərdə Leninqradda yaşayır, Dövlət Ermitajında fəhlə kimi çalışır, təki o dahiyanə əsərləri hər gün görsün.

 

Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaqla, rəsm texnikaları ilə tanış olmaqla, bura gələn görkəmli şəxslərlə ünsiyyət qurmaqla tam olaraq rəssamlqı sənətinə transfer olunmaq idi. Bu məqsədlə rəssam 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və Bədii rəssamlar birliyinin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi.

 

Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı idi. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar idi. Rəssamın həyat yoldaşı onunla bağlı xatirələrində bu barədə danışır:

 

"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.

 

Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı. İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də. “Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller alıb."

 

Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə demişdir:

 

"Mircavadov əsərlərində şeytanı dramatikləşdirib, onu güclü və bənzərsiz miqyasda təsvir edib. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib. Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb. O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb edib. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."

 

1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirildi. Növbəti sərgi isə Moskvada baş tutdu. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.

 

1992-ci ilin 24 iyun günündə o, Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. 69 yaşındaydı, 70-ə doğru gedirdi…

Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.

Və bird aha təkrarlayıram, o, göründüyündən daha ucadadır. Fəqət, öz layiqli qiymətini ala bilməyib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Çərşənbə axşamı, 24 İyun 2025 13:27

Oğuzda erməni vəhşilikləri - ARAŞDIRMA

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra Cənubi Qafqazın müxtəlif yerlərində müsəlman əhaliyə qarşı törədilən erməni vəhşiliklərinin əks-sədası Nuxaya da (keçmiş Vartaşen, hazırkı Oğuz 1930-cu ilə kimi həmin qəzanın tərkibində olub) gəlib çatır, buradakı onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirdi. 1918-ci ilin fevralında «Şəki erməni batalyonu» adlı cəza dəstəsinin bölgəyə gəlməsi ilə vəziyyət tamamilə dəyişdi və ağırlaşdı.  

 

Komandiri latış İvan Bredis olan “Şəki erməni batalyonu”nun qərargahı Ərəş qəzasının Qayabaşı kəndində (indi Şəki rayonu ərazisindədir) yerləşdirilmişdi. Onlar dörd alay, qeyri-sıravi alay və pulemyot komandası ilə Nuxa və Ərəş qəzalarının (o cümlədən Vartaşen ərazilərinin – İ.V.) dağlıq erməni kəndlərini nəzarət götürmüşdülər.

Bu yazıda biz erməni quldurlarının yerli azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bir rayon – Vartaşen (indiki Oğuz) rayonu üzrə   araşdırmağa çalışmışıq.

K.İsmayılovun “Nuxa qəzası Cümhuriyyətin yaranması ərəfəsində: bölgədə erməni fitnəkarlığının iflasa uğraması” adlı məqaləsində (AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60, səh:96-114) oxuyuruq ki, erməni alayının qəzaya gəlməsi yerli erməniləri xeyli ruhlandırmış, onların azərbaycanlılara münasibəti açıq-aşkar fitnəkar xarakter almağa başlamışdı. Qəzaya gələn hərbi qüvvə sayəsində üstünlüyü ələ alan erməni quldur dəstələri yerli azərbaycanlılara qarşı kütləvi vəhşiliklər həyata keçirməyə başlamışdılar. Bu işdə erməni şuralarından gələrək burada anti-müsəlman təbliğatı aparan emissarların da güclü təsiri olmuşdur.  

Vartaşen ərazisində hay quldur dəstələrinin əsas cəmləşdiyi yerlər isə Calut, Vartaşen, Söyüdlü, Xoşkaşen (indiki Qarabulaq) və Yaqublu kəndləri olub. Bu kəndlərdə yuva salmış erməni silahlı dəstələri də həmin qərargahın törətdiyi cinayətlərə dəstək verirdilər. Məsələn, AXC-nin yaratdığı FTK-nın üzvü Ç.B.Klossovskinin ermənilərin vəhşilikləri haqqında məruzəsindən bəlli olur ki, indiki Qəbələnin Kürd kəndində türk qoşunlarının Azərbaycana gəlişindən təqribən 20 gün əvvəl törədilmiş cinayətdə - çoxu qadın və uşaq olan 68 kənd sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirilməsində  erməni əsgərləri və digər erməni kəndlərinin sakinləri ilə yanaşı  Xoşkaşen və Böyük Söyüdlü   kəndlərinin erməniləri də iştirak etmişlər. Həqiqət naminə onu da qeyd edək ki, belə hadisələrdə qriqorian təriqətini qəbul etmiş və erməniləşmiş udilər də iştirak edirdilər. (Nədənsə çox zaman biz bunu qeyd etməyə çəkinirik)

Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun məruzəsində göstərilir ki, Qayabaşıdakı qərargahın Vartaşen kəndində bütöv bir qarnizonu (II alayı) olub. 1918-ci ilin fevral ayında Vartaşen qarnizonun zabitlərindən Qabriel Rubenoviç Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants Nuxa və Ərəş qəzalarının erməni milli şuralarının üzvü, sonralar sədri olmuş, özünü hər iki qəzanın komissarı elan etmişdi. Bu quldur erməni kəndlərini, xüsusən Vartaşeni, Calutu, Yaqublunu, Söyüdlünü, Xoşkaşeni, yaxınlıqda – Qutqaşın (indiki Qəbələ) rayonundakı Nici və s. gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Oz dəstəsi ilə müsəlman kəndlərinin əhalisinə hücum çəkərək qətl və qarətlər törədirdi. O, qısa müddətdə 20 müsəlman kəndini viran qoymuşdu. AXC yarandıqdan sonra da bu daşnak bölgədə hökumətlə əlaqəni kəsmək, özü başda olmaqla erməni çoxluğundan ibarət hökumət yaratmağa çalışırdı.  

1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə (yerli qüvvələrə Miralay Süleymanov komandanlıq edirdi) iki gün müddətində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni daşnaklarından təmizləmişdi. Ermənilərdən müsəlmanları qətl etmək üçün istifadə etdikləri yüzlərlə müxtəlif növlü odlu silahlar–pulemyot, tüfəng, tapança, bomba, çoxlu sayda patron və başqa soyuq silahlar toplanmışdı. Yaqubludakı (eləcədə Qayabaşıdakı) silahlı ermənilər Söyüdlü kəndinə geri çəkilmiş, oradan isə ayrı-ayrı kiçik dəstələrə bölünərək müxtəlif erməni kəndlərində, eləcə də qaçqın adı ilə Vartaşendə, Calutda və qonşu rayondakı Nic kəndində gizlənmişdilər.

K.İsmayılovun yuuxarıda adı çəkilən məqaləsində göstərilir ki, “ermənilərin hücumları üçün ümumi bir qanunauyğunluq səciyyəvi idi: onlar adətən səhər tezdən, müsəlmanlar yuxuda olarkən hücuma keçir, kəndləri əhatəyə almağa çalışır, bu zaman təkcə tüfənglərdən deyil, pulemyotlardan istifadə edirdilər. Əksər hallarda müsəlmanlar qeyri-mütəşəkkil və silahsız olduqlarından bütün əmlaklarını taleyin ümidinə buraxır, öz yurdyuvalarını tərk edərək qaçmağa məcbur olurdular... Ermənilər hücum etdikləri kəndlərdə hər şeyi dağıdır, tut ağaclarını, meyvə bağlarını doğrayıb məhv edirdilər. Lakin  əhaliyə ən çox iqtisadi ziyan ermənilərin kütləvi şəkildə mal-qaranı oğurlayıb aparmalarından dəymişdi.   Ermənilər təqib olunduqları zaman oğurladıqları mal-qaranı tələf etməyə çalışır, bununla da müsəlmanların təsərrüfat və iqtisadi həyatını dağıtmaq məqsədi güdürdülər...”.

Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd olunduğu kimi, 3 may 1918-ci il tarixdə Padar kəndində (bəzi mənbələrdə Padar və Yaqublu kəndləri arasında neytral zonada yazılır) Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. (Belə bir görüş hər iki millətin nümayəndələrinin iştirakı ilə Vartaşen kəndində də keçirilmişdir,) Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər. Özünü Nuxa və Ərəş qəzalarının komissarı elan etmiş Ter Qriqoryants da baş verən erməni vəhşiliklərini dana bilmir, məcburiyyət qarşısında qalıb, ermənilər tərəfindən müsəlmanlara qarşı müxtəlif quldurluq hərəkətlərinin baş verdiyini təsdiq edirdi. (https://anl.az/el/kitab2022/06/cd/Azf-322964.pdf). Onu da qeyd edək ki, ermənilər ancaq azərbaycanlılara qarşı deyil, həm də rayon ərazisində yəhudilərə və ləzgilərə qarşı da soyqırımı törədirdilər. Ona görə də həmin dövrdə rayon ərazisində yaşayan yəhudilərin çoxu Gəncəyə, Tiflisə və Bakıya köç etmişdilər. Ermənilər indiki Qəbələnin Savalan kəndi yaxınlığında 7 nəfər ləzgini vəhşicəsinə qətlə yetirmişdilər.

1918-ci ilin iyun  ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Oğuz (Vartaşen) nahiyəsinin  Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin  quldur erməni silahlı dəstələrinin hücumlarına məruz qalmış dinc sakinləri Məmməd Kərim meşəsinə və Sincan çayının yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km. aralıdakı  Xaçmaz meşələrinə sığınmışdılar. Onların köməyinə Qafqaz İslam Ordusu çatmışdır.  Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını Yaqublu kəndinin cənubundakı təpələrin üstündə quraraq, Oğuz nahiyəsinin  Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı erməni mövqelərini atəşə tutmağa başlamışdı. Burada erməniləri susdurandan sonra o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş, burada bir müddət Padar kəndində Qərib Yüzbaşının evində qalmışdı.

Qafqaz İslam Ordusunun alayının bir bölüyü də (Əli Osman əfəndi  və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişdi. Onların qərargahları məscid həyətlərində (Sincan kəndində Cümə məscidində və Xaçmaz kəndindəki Səməd bəy məscidində), düşərgələri isə kəndlərin ətrafında  yerləşirdi. Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə ağır yaralanan və vəfat edən Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin orta məhəlləsindən keçən yolun üstündəki əski qəbirsanlıqda torpağa tapşırılıb. 

Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində  nahiyənin  Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin sakinləri erməni soyqırımından xilas ola bilmişdilər.

Erməni silahlı dəstələri  Qafqaz İslam Ordusuna yardım edən hər kəsi ağır cəzalandırır və ya öldürürdülər. İndi də Padar kəndinin sakinlərinin dilində dolaşan bir hekayətdə deyilir ki, Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni silahlılarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər.  Əsgərlərlə basqın edən silahlı ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin “Erməni çökəyi” adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər”.

Ümumiyyətlə, 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalma materiallarında həmin dövrdə rayon ərazisində olan 9 kəndin - Axpilakənd, Salabəyli, Cucamış, Məclis, Qozlu, Zərrab, Top, Yenikənd, o cümlədən Yaqublunun ermənilər tərəfindən dağıdılıb viran qoyulduğu qeyd edilmişdi.

Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində ermənilərin hərbi qərargahları və silahlı dəstələri məhv edilsə də, onların soyqırım törətməklərinin qarşısı alınsa da, rayon ərazisində  yaşamağa davam etmişlər.   Belə ki,  1939-cu ildə ermənilər rayon əhalisinin 9 %-ni, 1959-cu ildə 12 %-ni, 1970-ci ildə 10 %-ni, 1979-cu ildə 9 %-ni, 1989-cu ildə 8 %-ni təşkil etmişdir. Rayonda yüksək vəzifə tutan ermənilər də az olmayıb. Hətta erməni məktəbi də vardı.

Vartaşen (Oğuz) rayonunda yaşayan ermənilər XX əsrin 90-cı illərin sonunda və baş vermiş Qarabağ müharibəsi zamanı rayonda yenə millətçi çıxışlar etməyə başlamışdılar. Hətta gizli şəkildə erməni terror təşkilatları üçün maliyyə vəsaiti toplamaları da söylənilir. Lakin bu dəfə əhalinin sərt mövqeyi ilə rastlaşdıqları üçün onların əksəriyyəti, Azərbaycanın digər bölgələrində olduğu kimi, Oğuz rayonundan da köçüb getmişlər.

Getsələr də, indi də özlərinin üzdəniraq saytlarında rayon ərazisindəki bir sıra toponimləri “soyqırımına” məruz qoymaqda davam edirlər. Məsələn, Vardan adından yaranmış “Vartaşen” toponiminin erməni mənşəli olmasını və buraların qədim erməni yaşayış məntəqəsi olduğunu iddia edirlər. Bu bədbəxtlər bilmirlər ki, digər adlar (Artavaz, Vasak, Samuel, Manvel, Amayak, Vaqan, Vard, Vaçe...) kimi Vardan adı da Çin Türküstanından gələrək III əsrdən Ermənistanda (həmçinin Gürcüstanda) yaşamağa başlamış, azərbaycanlılarının etnogenezində böyük rol oynamış Çin (sonralar Cin/Cinni adlandırılmışlar) adlı qədim  türkdilli və türkəsilli  tayfaya mənsubdur.

Vartaşen toponiminin tərkibindəki “şen”ə istinadən onun fars, ərəb, yunan və ya erməni sözü olması haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır. “Şen” sözü türk əsilli xristian qıpçaqlardan ermənihay dilinə keçmiş, erməniləşdirilmişdir.

F.Rzayev özünün “Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö. II-I minilliklər (Naxçıvan oykonimləri əsasında)" əsərində (II cild, səh: 129, Naxçıvan-2017.) haqlı olaraq yazır ki, “bu gün erməni dilində gen-bol işlənən “şen” sözü (eləcə də qədim türk adı Vardan-İ.V.)  qədim türk sözü olmaqla onların dilinə adlamış qar dənəsi - “qar kut”, “lavaş”, “dolma”, “soğan” kimi minlərlə sözlərimizdən biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət və inanclarımızı oğurlamaqdan bu gün də əl çəkmir, özlərini “qədim xalq” kimi tanıtmağa çalışır, oğurluqlarını davam etdirirlər”.

Niyyətlərində məkrlik olan bir millətdən hər şey gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

                                                             

 

Çərşənbə axşamı, 24 İyun 2025 13:04

İstə, inan və addım at

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzi arzular dua kimidir. Dua etmədən də qəbul olunur. Sən sadəcə arzuna baxaraq içindən keçirirsən. O an mümkünsüz kimi görünən arzun, bir gün – heç gözləmədiyin anda – gerçək olur. Çünki sən çox istəmişdin.Və arzun bir dua kimi qəbul olunmuşdu. O gün gələndə sanki zaman dayanır. Əvvəlcə inanmırsan.Sonra düşünürsən ki, “Mən bunu nə vaxtsa istəmişdim.”

 

Arzunun gerçəyə çevrildiyi an anlayırsan ki, heç bir şey təsadüf deyil. Bu, sənin qismətindir. Gec də olsa, sənə qismət olan səni tapır. Sadəcə səbir etmək və içindəki inamı qorumaq lazım imiş.

Sənin də arzuların, xəyalların, duaların var — bilirəm. Çata bildiyin, gözlədiyin, bəlkə də yolunu sənə tərəf tutmuş arzular… Sən sadəcə inan. Bəlkə də bu sətirlər sənin üçündür. Sənə bir işarədir — gözləmək üçün. Vaz keçmə, gözlə. Çünki hər şey zamanla olur.

İçində məhv etdiyin arzular sənə sadəcə əzab gətirir. Buna icazə vermə. İstə və bax. Və bir gün nəyin sənin üçün doğru olub-olmadığını anlayacaqsan.

Çünki hər şey — istəməklə, addım atmaqla və zamanla olur. İndi sıra səndədir — istə, inan və addım at. 

Bir gün zaman da səni tapacaq.

Gecikmiş kimi görünən hər şey, əslində, tam vaxtında gələcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Aynur İsmayılova

 

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 15:05

Nəşriyyatımızın CƏNGAVƏRİ...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Azərbaycanda insanlar öz sağlamlıqlarına və zəkalarına çox biganədirlər və kapital qoymaq istəməzlər. Yalnız xəstələnəndə, ürək dayananda həkimə gedirlər, kitaba imtahanlar başlayanda pul verirlər. Amma bu, mədəniyyətin bir hissəsinə çevrilməlidir. Kitablar yalnız universitetlərdə, tələbənin masasının üstündə olmamalıdır, hər yerdə olmalıdır. Məsələn, Londonda, Türkiyədə metrolarda da kitablar var. Qəzetlər böyük hissəsini kitablarla bağlı yazılara həsr edirlər. Bizim həyatımızda isə kitab ümumiyyətlə yoxdur. Yox olmayan yerdə biz tələbədən, yeni nəsildən kitab oxumağı tələb edə bilmərik.Mən bəzən iqtisadiyyatla, hüquqla bağlı dərsliklərə baxıram. Anlamaq mümkün deyil. Bunu Azərbaycan alimləri yazıb. Alimlər dilini dəyişməlidir, düşüncəsini dəyişməlidir. Alim sadə düşünməklə gerçək alim olur, sadə dildə yazmaqla insanları oxutmalıdır. Müasir dövrdə bir dənə də olsun elmi populyar ədəbiyyat tapıb çap eləmək mümkün deyil. Məcburuq tərcümə ədəbiyyatına müraciət edək. Bəli, tərcümələrlə bağlı çoxlu iradlar var. Amma başqa yolumuz yoxdur...

 

Gənc yaşlarından ölkədə tanınmağa başlayıb. Davranışı, işgüzarlığı, istedadı, yüksək intellekti ilə özünə hörmət qazana bilib. Ara-sıra yazsa da, ərsəyə gətirdiyi publisistik yazılar insanların zövqünü oxşayır. Fəaliyyətini dəyişib, nəşriyyat işinə başlayandan, daha möhtəşəm görünür, uğurları artdıqca artır. Ölkənin ən qabaqcıl naşirlərindən biri kimi tanınır…

Haqqında söhbət açdığım Şahbaz Xuduoğlu 24 iyun 1968-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Orta təhsilini orada baş vurduqdan sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram, kino aktyorluğu fakültəsində ali təhsilə yiyələnib. Hazırda "Qanun" nəşriyyatının rəhbəridir...

Amerikada yaşadığım illərdə kitabla bağlı çox hadisələrin şahidi olmuşam. Mağazaların görünən yerində yeni nəşr olunmuş kitabların ödənişsiz verilməsi, yaşlı amerikalıların öz həyətlərinin səkiyə yaxın hissəsində kitabları xüsusi qutulara qoyub, insanlara təmənnasız təqdim etməsi bu sıradadır. Orada gördüklərimlə Şahbaz Xuduoğlunun gənclərin maariflənməsi uğrunda göstərdiyi xidmətlərini müqayisə edəndə, qürur hissi keçirirəm. Əslində azad düşüncəli, muasir qərb insanına məxsus güclü təfəkkürlü, dünyanı olduğu kimi dərk etməyi bacaran bu insanın varlığı ölkəmiz üçün qənimətdir. Onu sevmək, ona ehtiram göstərmək, səmərəli fəaliyyətinə daha geniş yol açmaq lazımdır…

“İnsan özünə münasibətdə saxta olmamalıdır. Öz varlığına həssas yanaşmalıdır. Özü ilə yanaşı, milyardlarla insanın varlığını düşünməlidir. Mənim üçün yaxşı əməlləri paylaşmağı bacaran kəs böyük dəyər sahibidir"- söyləyir.

Hər gün səhər saat 4-də yuxudan durmağa adət edib. Ən azı bir saat mütaliə edəndən sonra yaxınlıqdakı meydançada kros qaçır. Yoqayla məşğul olur. Səhər yeməyindən sonra isə iş yerinə- nəşriyyata tələsir…

Deyir ki:- “Oxumaq təhsillə bağlı bir məsələdir. Azərbaycan məktəblərində, Azərbaycan dilli məktəblərdə ümumiyyətlə təhsil verilmir. İndi türk məktəblərində təhsilin səviyyəsi daha yüksəkdir, bir də rus məktəblərində. Ona görə də türk dilində olan kitabların da oxunaqlıq səviyyəsi artmaqdadır. Azərbaycan dilində təhsilin səviyyəsi aşağı olduğu üçün kitab oxuyan da yoxdur.Sovet dövründə olduğu kimi, Azərbaycan dilində kitaba tələbat əsasən regionlardadır, ora da kitab getmir. Yəni rayonlarda kitab dükanları olmadığına görə, ora kitab göndərilmir...”

 

Kitab dükanlarının azlığı onu da narahat edir. Dünya yazarlarının əsərlərinin Azərbaycan dilində olmamasından çox üzülür. Səyahət etməyi, dünya xalqlarının mədəniyyəti ilə yaxından tanış olmağı xoşlayır. İndiyədək bir sıra Avropa ölkələrində, bir neçə Asiya dövlətlərində səfərdə olub.


"
Kitabxanaların inkişafı ilə bağlı dövlət proqramı var. Bu proqramda göstərilir ki, Azərbaycan kitabxanalarının 0.7%-i müasir standartlara cavab verir. Həqiqətən də 5 min kitabxanadan 3 mini qalıb ki, bunların da yalnız 70-80-i işlək vəziyyətdədir. Qalanı heç işləmir də. Ümumiyyətlə, mən hesab edirəm ki, kitab sahəsinin ciddi dəstəyə ehtiyacı var. Bunu Mədəniyyət və Turizm Nazirliyinin tərkibində etmək mümkün deyil. Bu nazirlik əsasən adının ikinci hissəsinə xidmət edir, bəzən özüdə bir nəşriyyat funksiyasını yerinə yetirir. Azərbaycanı turistlərə tanıtmaq baxımından kitablar nəşr edir. Hamısı yüksək keyfiyyətlə və böyük xərc tələb edir. Amma hara paylanır, harda satılır bilinmir. Azərbaycan kitabı dünya kitab yarmarkalarında zəif işrtirak edir. Əslində Mədəniyyət və Turizm Nazirliyi şərait yaratmalıdır ki,  nəşriyyatlar getsinlər. Maraqlıdır, hər il nazirliyin işçiləri dövlət büdcəsi hesabına  müxtəlif yarmarkalarda iştirak edirlər. Görəsən onlar bu vaxta qədər hansı xarici yazıçının əsərlərinin bizdə nəşri üçün müəllif hüquqlarını alıblar? Yaxud əksinə, hansı yazıçımızın xarici ölkələrə əsərlərini satıblar?" - söyləyir…
 

Kitabın qüdrətinə çox inanır. Həyatında mütaliənin əhəmiyyətli rolu olduğunu, müəyyən vərdiş və keyfiyyətləri oxuduqlarından götürüb, özünə tətbiq etdiyini dilə gətirir. İnanır ki, onun bir insan kimi yetişməsində kitabların böyük təsiri olub…
 

Deyir ki, "Mən kitab satışı ilə mənfəət əldə edib, varlanmaq üçün məşğul olmuram. Mənəvi tələbatımı ödəməyə çalışıram və özümü mənən xoşbəxt hesab edirəm...

...Amerikalılar deyir ki, nəyisə dəyişə bilmirsənsə, ona münasibətini dəyişməlisən. Öz işində bütövlük mənəvi xoşbəxtlikdir. Əsl həyat isə mənəvi xoşbəxtlikdən başlayır. Zəhmət heç zaman cavabsız qalmır. Sevindirici haldır ki, Şahbaz Xuduoğlu hələlik Fransanın nüfuzlu İncəsənət və Ədəbiyyat Ordeninin “Cəngavər” dərəcəsinə layiq görülüb...

 Bu gün - iyunun 24-ü Şahbaz bəyin 57 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, fəaliyyətində daha böyük uğurlar arzulayırıq...

 
“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 12:00

Ən son ölən ümidlərdirmi? – MƏŞHUR ROMANA SÖZARDI

Təranə Dəmir, şair, publisist

 

“Ədəbiyyat və incəsənət”in Ədəbi tənqid bölümündə müstəqil Azərbaycanda rəsmən ən böyük tirajla çıxan və ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanı barədə danışılacaq. Romanın müəllifi Varis, yazının müəllifi Təranə Dəmirdir.

 

İnsan günahlarına bəhanə donu geyindirə-geyindirə, tutduğu əməllərə (pis, ya yaxşı?) peşman ola-ol, zamana və çəkdiyi əzablara məhəl qoymadan, dayanmadan adını da bilmədiyi məchulluğa sarı irəliləyir həmişə. Ürəklə, ya ürəksiz, fərq etməz. Onsuz da zaman özü itələyib aparır hər kəsi, heç vaxt görmədiyi o müəmmaya tərəf. Yolun sonunda nə var, nə yox, bircə o yolun yolçuları bilir.

Bəs orda bütün qapılar üzünə açılacaqmı hər kəsin? Bəlkə elə o qapıdan o yandadı xoşbəxtlik? Bəlkə sonda başlayır hər şey… Bəlkə də...


Varisin ”Sonuncu ölən ümidlərdi” romanının qəhrəmanları da məhz işıqla qaranlığın çarpışmasında özünü axtaranlardandı (həm də itirənlərdən). Yəni hər şeyə rəğmən, nə olursa olsun ümidlə sabahı gözləyənlərdəndilər...

İmzası oxuculara yaxşı tanış olan Varis bu romanda da öz dəst -xəttinə sadiqdi.
Maraqlıdı, əsəri oxuduqca birinci müəllifin iç dünyasına səyahət edirəm. Əslində əsərin fonunda əvvəlcə müəllifi oxumağa, anlamağa çalışıram. Tanımaq istəyirəm yazarı (daxilən). Bu heç də çətin olmur. Dupduru, içi sevgiylə dolu, hər qaranlıqda bapbalaca işıq axtaran, bütün çətinlikləri məhz o işığın eşqiylə dəf etməyə çalışan bir ədib gəlir gözümün önünə. Müəllif yazını yazmır sanki, bütün obrazlarında özünü yaşayır. Hadisələrin arxasında gizlənmir. Özünü olduğu kimi təqdim edir. Çünki səmimidi. Riyanı, boyanı sevmir. Boğazdan yuxarı heç nə yoxdu bu romanda. Oxucunu aldatmır, inandırır. Əsəri oxuduqca qəhrəmanlarla birgə yazarın da necə çətinliklərlə üzləşdiyinin şahidi olursan. Başa düşürsən ki, bütün hallarda yazıçı obrazlarla birgə addımlayır. Hərdən qınanır, hərdən alqışlanır … Burda hər şey təbiidi. Ona görə də oxucu düşünə və qərar verə bilir.
Bu romanda bütün bəşəri duyğular var. Məhz buna görə də bu əsər geniş oxucu kütləsi qazanıb, təkrar -təkrar dərc olunub, təkrar -təkrar oxunub. Özü də oxucunu yormadan, usandırmadan. İnformasiyanın və söz bolluğunun həddən çox olduğu bir vaxtda əsərin bu qədər əks -səda verməsi və sevilməsi də bir növ yazıçının uğurudu. Varis buna öz səmimiyyəti və qeyri -adi peşəkarlığı ilə nail olub. Eyni zamanda ədəbi axtarışları, işgüzarlığı, əzm , potensialı da ona çox kömək edib.
Kitabsevənəm. Əsərlərin içində böyümüşəm. Antik ədəbiyyatdan tutmuş dünya klassiklərinə qədər çeşid -çeşid əsərlər gözümün işığından keçib. Bu çağacan uzun uzadı təhlillərim, qənaətlərim olub. Amma son vaxtlar ədəbi yaradıcılığımla və zaman qıtlığı ilə əlaqədar mütaliəmdə müəyyən fasilə yaranmışdı. Bu əsər məni təzədən özümə qaytardı.
Mən oxucuydum, özü də təcrübəli oxucuydum.
Varis məni inandırmağı və düşündürməyi bacarmışdı. Özümü kitabın bir parçası hesab edirdim, kövrəlirdim, acıqlanırdım, küsürdüm, barışırdım. Bir sözlə, düşmüşdüm burdakı qəhrəmanların arxasınca, qarabaqara izləyirdim onları. Hadisələr məni də ağuşuna alıb aparmışdı. Real aləmdən qopmuşdum. Artıq mən də bir iştirakçıydım. Səbirsizliklə hadisələrin nə ilə nəticələnəcəyini gözləyirdim.
Qeyd edim ki, roman -
“Sonuncu ölən imidlərdi” iki fəsildən ibarətdi. Birinci fəsil – “Ayrılıqdan əvvəl” 41 hissəlidir. “Ayrılıqdan sonra” isə əsərin ikinci fəslidi və 27 hissəlidi. Müəllif son dərəcə maraqlı ad fikirləşib. Hər hissə də ayrı -ayrı müəlliflərdən bir şeir nümunəsiylə başlayır. Burda da yazıçı orijinallığını qoruyub saxlayır. Poeziyanı nəsrlə rövnəqləndirmək ideyası da çox maraqlıdı zənnimcə. Çox gözəl düşünülüb. Oxucunun könlünü əvvəlcə şeirlə alır, sonra da yeni hadisələrlə üz-üzə qoyur Varis.
Əgər əsər bu boyda söz bolluğunda və zaman qıtlığında oxucunun dincliyini əlindən ala bilirsə, işin, gücün arasında fikrin kitabın, qəhrəmanların yanında qalırsa, demək yazar öz işinin öhdəsindən bacarıqla gəlib.
Əsərin qəhrəmanları Nailə də, İlqar da, Səidə də,
Abbas da, Şölə də əslində ümumiləşmiş obrazdı. Amma yazıçı elə əminliklə təsvir edir ki, oxucu elə bilir, yazıçı hansısa konkret bir yaşantıdan bəhs edir.
Obrazların hərəsinin öz dili var, biri o birini təkrarlamır. Bir ictimai quruluşun digər ictimai quruluşla əvəz edildiyi bir vaxtda, çaşqınlığın içində itib -batan, kapitalizmin sərt üzüylə qarşılaşan insanların keçirdikləri hiss- həyacan elə gözəl və obrazlı şəkildə təsvir olunub ki, adam bu əsərin müəllif təxəyyülünün məhsulu olmasına da inanmır. Sevgi, ayrılıq, həsrət
, nifrət, göz yaşı elə canlı təsvir edilib ki, bu duyğuların sadəcə yazıçı düşüncəsindən süzülüb gəlməsinə inana bilmirsən. Bəlkə də həyatın astar üzü olduğu üçün ordakı hadisələr də adama ögey gəlmir. Problemlər, qayğılar, xəyanətlər, ağrılar hamısı tanışdı adama. Əsəri oxuyan heç bir qadın Nailənin yerinə olmaq istəməz. Demək, yazıçı qəhrəmanının diliylə ictimaiyyətə mesaj göndərir.

Onun qəhrəmanı sevir. Amma bu sevginin içində yersiz şəhvət, intiqam hissi, vaxtından öncə qərar vermək, səbrsizlik, qorxu da hökmranlıq edir. Nailə ilk addımından səhvə yol verir və bir səhvdən başqa səhv doğulur. Sonra bir də, bir də və gözünü açıb görür ki, nəhayətsiz bir burulğanın içindədi. Əl atıb nədənsə yapışmaq istədikcə bir az da uçuruma yuvarlanır. Səhvlər təkrarlandıqca bir az da özündən uzaqlaşır. Nəhayət özünü uçurumun dibində görəndə dayanır və o zaman da artıq gecdi. Demək, Nailə xaraktercə çox da güclü obraz deyil. Oxucu Nailəni qınayır, eyni zamanda ona rəhmi də gəlir. Onu bu vəziyyətə salan insanlara, zamana hökm oxuyan da olur. Hərə öz pəncərəsindən baxır Varisin həyat həqiqətinə və nəticədə heç nə dəyişmir. Yazıçı obrazları və hadisələri olduğu kimi təqdim edir və oxucunun gözünü boyamır. Axı ətrafımızda hər gün yüzlərlə belə hadisələr olur. Bizdən xəbərsiz və ya göz görə -görə. Həqiqətlərə peşəkarcasına yanaşmaq və onu sözə çevirməksə elə də asan deyil. Varis bunu gözəl bacarıb zənnimcə. Onun qəhrəmanları sevir, amma sonacan bu sevginin arxasında dayana bilmirlər. Çünki zəifdilər. Bu zəiflikdən istifadə edənlər də onların taleyini özlərinə uyğun şəkildə həll edir. İlqar sevir, amma sahiblənə bilmir. Çünki qarşısını övladlıq missiyası kəsir və eyni zamanda kapitaldan asılılıq hissi. Burda ictimai qınaq da var və sonda məğlubiyyət!
Onun qəhrəmanları əzab çəkir, amma çıxış yolu axtarıb tapmağa cəhd etmirlər.
Varis qəhrəmanlarını müxtəlif çətinliklərlə üz -üzə qoyur, sınayır, əzib-tökür bir sözlə. Hər dəfə bir xüsusiyyətini oxucuya göstərir. Əslində yazıçıya görə oxucu özü qərar verməlidi. Axı o, eyni zamanda məchulluğu sevir.
Amma Varis oxucunu sonacan inandırır ki, hardasa bir işıq var və bu işığa çatmaq hər kəsin iradəsindən, gücündən və istəyindən asılıdı.
Qarmaqarışıq hisslərin içində eyni zamanda bəşəri sevgi də var.
Bəlkə elə bu sevgidi bütün qaranlıqları işığa çıxaran, bütün çirkabları yuyub aparan. Məncə burda da yazıçının işığı düşür zülmətin gözünə. Könül işığından danışıram. Oxucu qəhrəmanları, elə dolayısı yolla yazıçını da qınayır, amma bu qınağın bir bəraət tərəfi də var axı. Bu da bir başqa uğurdu. Demək, yazıçı həqiqətlərə yalan donu geyindirib oxucunun gözünü qamaşdırmır.

Müəllif oxucunu təmkinli və səbrli olmağa çağırır. Eyni zamanda öyrədir ki, hisslə yox, ağılla hərəkət etmək lazımdı. Hər şeyin başında məhz böyük intiqam hissi dayandığı üçün Nailə çox çətinliklərlə və uğursuzluqlarla üzləşir. Nəticədə səhv səhv dalınca gəlir. Onun günah payından İlqara, atasına, dostuna və başqalarına düşsə də bu onu məsuliyyətdən xilas etmir. Ən böyük cəzanı özü çəkir. Nailə özü də biilmədən çox böyük səhvlər (əslində günahlar) edir və bu səhvlər (günahlar) onu uçuruma aparır. Anlayır ki, özü qazdığı quyudan daha heç kim onu çıxara bilməz.
Bəs ilqar? Onu necə xarakterizə edib yazıçı?
İlqar valideyn nəzarətindən çıxa bilməyən, öz fikri və arzuları üçün mübarizə edə bilməyən aciz gəncdi. Sevsə də bütün məsuliyyəti öz boynundan atan, kapitala yenilən, zamanla ayaqlaşmağa çalışan və mübarizə etmədən məğlub olan bir natamam obrazdı. Sonacan tamamlanmır bu obraz. Bu natamamlıq Nailəni və bütövlükdə neçə taleyi yarıda qoyur. İlqar acizdi. Sevgisə acizliyi və qorxaqlığı sevmir. Nailə ondan daha dinamik və daha çılğın obrazdı. Bəlkə də Nailə intiqam və qisas hissindən uzaq olsaydı daha mübariz obraz kimi yadda qalardı. Amma cəmiyyətdə o qədər belə hadisələrlə üzləşırik ki, bəlkə də yazıçı bu obrazların diliylə oxucunu daha ehtiyyatlı olmağa və daha tədbirli davranmağa çağırır.

Yazıçının bir uğuru da odur ki, əsərdə obrazları öz dilində danışdırmağı bacarır. Biri o birini təkrarlamır. Hamısının iç dünyasını öz diliylə oxucuya çatdırır. Bu da böyük ustalıq tələb edir.
Əsərdəki ardıcıllıq və sujetdən çıxmamaq bacarığı da bizi, yəni oxucunu qane edir. Mənə elə gəlir ki, Varis səmimi hisslərinin göstəricisi olduğu üçün bu roman belə geniş oxucu auditoriyası qazanıb. Əslində yazıçı obrazların diliylə özü danışır, inandırır və hər vəchlə məğlubiyyətdən uzaq olmağa çalışır. Onunçun nə olursa olsun, ümid həmişə var və müəllif bütün əsər boyu bu ümidin əlindən tutub yeriyir. Romanda kapitalizmin fəsadları, reallıqlar, sinfi ayrı -seçkilik, təbəqələşmə, o dövrün ictimai-siyasi quruluşu, çətinliklər, təlatümlər çox ustalıqla təsvir edilib.
Ən sonda isə yazıçı qəhrəmanlarını islah etməyə və bütün günahlarından arınıb paklanmağa çağırır. Nə qədər bacarırsa, bunu yalnız oxucu bilər.

Mənsə sevgiqarışıq bütün hisslərin və duyğuların məcmusundan ibarət olan bu əsəri böyük ümidlə sabahda gözləyirəm. Ümidimiz sönməsin.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

 Bu dəfə müsahibə deyil, bir şeirlə hüzurunuzdayam. Şeir Azərbaycanın tanınmış ziyalısına, Filologiya fənləri doktoru, Nəvaişünas alim, Özbəkistan Respublikası

“Dostluq” ordeni sahibəsi, dəyərli ustadım Almaz Ülvi Binnətovaya həsr olunub.

 

Əlində qələm var, ürəyində nur,

Saysız könüllərə paylarsan ziya.

Ruhunda var gözəl, şərqvari qürur,

Sənintək alimdən dərs alır dünya.

 

Ömrün elm üçün bir bəxşiş olub,

Sanki iynə ilə qazmısan quyu.

Ulu ustadların ətəyin tutub,

Eldə dəyər tapıb göstərdin boyu.

 

Səni ovsunlayan sözlər sevinci,

Qəlbində bir gözəl cununi heyrət.

Neçə əsrlərdir nurlu bu inci,

“Sənə” nəzər salmış Nəvai Həzrət.

 

Fəxrisən - qardaşım Azərbaycanın,

Qədərsizdir hətta özbəyin mehri.

O orden bəzəyi məğrur yaxanın,

Mehrin, məhəbbətin gözəldir yeri.

 

Gənclər ürəyində çatıb ocaqlar,

Yüksək uçuşlara olmusan qanad.

Sənintək ustadalar nə qədər ki var

Daim gül açacaq bu köhnə həyat.

 

Yaxşılıq qalibdir meydan içində,

Düz söz əbədidir, ölməz heç zaman.

Səni adi sözlə tərif etsəm də,

Həqiqi almazsan, qəlbi - “Almazsan!”

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 11:28

Kamyon gəlir, yan gəlir... – İKİNCİ YAZI

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

General Sisianova sərkərdə əzəməti, müdhiş ölümü ilə belə dərs verən Cavad xan büküldüyü Bayraq, girov götürülüb Tiflisə aparılan Gəncə qalasının qapısı, Qalanın açarları, düşməni dizə çökdürən Qılıncı qədər əzizdi. Odlar Yurdu Azərbaycanın adı, əzəməti, əyilməzliyi qədər əzizdi.

 

1918-ci ilin iyununda Gəncəyə köçürülən Cümhuriyyətin yolları Bakıya bağlı idi. Tomsonun, Rasselin, Çar Rusiyasından qalanların, İnqilab Komitəsinin üzvlərinin erməni daşnaklarının, Antanta dövlətlərinin maraqları Xəzər hövzəsində kəsişirdi. Cümhuriyyətin paytaxta gəlişi isə ölkənin ərazi bütövlüyü üçün şərt idi. Cümhuriyyət qurucularının Qazi Mustafa Kamal Paşa Atatürkə ünvanladığı çağırış məktubu XI Qafqaz İslam Ordusunun, Nuru Paşanın xilaskarlıq missiyasının yerinə yetirilməsi isə yekunlaşdı. Batumdan Tiflisə, Oradan Gəncəyə varan Osmanlı əsgərləri üçün səslənən ilk bayatılar Nigar Rəfibəylinin yaddaşına məhz bu günlərdə yazıldı:

                      Kamyon gəlir yan gəlir,

                      Gəncəliyə can gəlir,

                      Gəncənin oğlanları

                      Bakı üçün can verir.

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın, onun igid əsgərlərini Gəncədə Rəfibəylilər, Bakıda Hacı Zeynalabdin Tağıyev öz mülkündə, malikanəsində yerləşdirdi. Onların bütün ehtiyaclarını, texniki təchizatını öz üzərinə aldı. Xudadat bəy Rəfibəyovun klinikasında döyüşlər zamanı yaralanan türk əsgərlərinin müalicəsi təşkil olundu. “İstiqlal Bəyannaməsi”nə imza atan Milli Hökumətin nazirləri, Parlamanın üzvü, Gəncə Dumasının qlasnısı kimi tarix yaradan Rəfibəylilərlə yanaşı, sərvətini Cümhuriyyət yolunda fəda edən qüdrətli simalar istiqlaldan şirin nemətin, azadlıqdan böyük sərvətin olmadığını sübut etdilər. Gəncə şəhər Dumasının üzvü, maarifçi və xeyriyyəçi, 1920-ci ildə Azərbaycanda bolşevik işğalına qarşı baş tutan “Gəncə üsyanı”nın təşkilatçılarından biri, eyni zamanda şəhidi, şair, yazıçı, publisist, dilçi alim Mikayıl Rəfilinin atası Hacı Həsən Rəfiyev, Ali Gildiyalı Tacir, Hacı Zeynalabdin Tağıyevin, Mirzə Nəsrulla bəy Əmirovun, Hacı İrahimxəlil bəy Mahmudbəyovun yaxın dostu, Gəncənin elmi-mədəni mühitinin inkişafına töhfələr verən, nüfuzlu mesenat, toxuculuq fabrikləri, sənaye müəssisələri ilə Yaxın və Orta Şərqdə, Avropada məşhur olan, Təbrizdə, Tiflisdə, İstanbulda, Tehranda, Nijni Novqorodda xalça mağazalarına, ticarət obyeklərinə, karvansaralara malik olan Xudadat bəy Rəfibəyovun təməlini qoyduğu Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Ələkbər bəy Rəfibəyovun Əhməd bəy Ağaoğlu, Kərim bəy Mahmudbəyovla birlikdə qurduğu Difai Partiyasının üzvü, Gəncə Şəhər Dumasının qlasnısı Hacı Məhəmmədhüseyn Rəfibəyov, nüfuzlu mesenat, Cümhuriyyətin və Milli Ordunun himayədarlarının biri, tanınmış iş adamı və sənayeçi xalça-palaz karvanları Gəncədən Yaxın və Orta Şərqə, Türküstana işləyən, karvansaraları Böyük İpək Yolunda məşhur olan, 1920-ci ildə Azərbaycanda bolşevik işğalına qarşı baş tutan “Gəncə üsyanı”nın təşkilatçılarından və iştirakçılarından biri kimi güllələnən Abbas Rəfiyev, Xudadat bəy Rəfibəyov və Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyətinin qurucusu, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifələrini tutan, Cümhuriyyət Qızıl Ordunun qırmızı terroru ilə üzləşərkən Gəncə üsyanına rəhbərlik edənlərdən biri kimi sinəsini düşmənə sipər edən, antiterror əməliyyatında ittiham olunan, üsyan iflasa uğradıqdan sonra mühacirəti qəbul edib Osmanlıya köçən Musa bəy Rəfibəyov, nüfuzlu mesenat, iş adamı, Gəncə Şəhər Dumasının qlasnısı, Türk Ədəmi – Mərkəziyyət firqəsinin üzvü, Musavat Partiyasının Gəncə təşkilatının sədri, Cümhuriyyət zamanı Dövlət Bankının Gəncə şöbəsinin müdiri, 1920-ci ilin Aprel qiyamı, üsyanı zamanı bolşeviklərin qorxulu röyasına, ölüm mələyinə çevrilən, üsyan yatırıldıqdan sonra Türkiyə Cümhuriyyətinə köçüb mühacirəti qəbul edən, Cümhuriyyət Tiflisdən Gəncəyə köçürülərkən, bolşeviklərin hücumları ilə üzləşəndə məşhur “Şamxar hadisələri” zamanı şəhid olan Məhəmməd Rəfiyevin atası Məşədi Əli Rəfiyev, Gəncə Şəhər Dumasının üzvü, ictimai-siyasi xadim Kərim bəy bəy Rəfibəyov, Azərbaycan Xalq Cümhuriyyəti zamanı Şəki qəzasının rəisi Əyyub bəy Rəfibəyov, Azərbaycan Xalq Cümhuriyyəti Parlamanının üzvü Abuzər bəy Rzayev və adlarını sadalamadığımız onlarla Rəfibəyli soyadının daşıyıcıları Xasməmmədovlarla, Cümhuriyyətin digər ünlü simaları, tarixi şəxsiyyətləri ilə birlikdə milli kimlik və milli mənlik uğrunda mücadilənin mücahidləri kimi tarix yaratdılar, milli məfkurədən milli dövlətçiliyə yol gəldilər. Nigar xanım Xudadat bəy qızı Rəfibəyli belə bir əzəmətli soyun davamçısı, şəcərinin daşıyıcısı idi.

 

Sanmasınlar ki, öldük, bir başqa bahar üçün yarpaq tökdük

1920-ci ilin apreli Azərbaycana Qızıl ordunun Qırmızı terroru ilə qədəm qoydu. Cümhuriyyətin də, Cümhuriyyət qurucularının da başının üstünü qara buludlar aldı. Fətəli xan Xoyski, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli daha təhlükəli simalar hesab olunaraq Əliheydər Qarayev kimi milli xainlərin üzündən elə ilk günlərdən “Gəncə qiyamı”nın təşkilatçıları kimi ölümün ağuşuna atıldı. Mənəvi terrorun, mühacirətin dalıyca isə qanlı repressiyalar tüğyan etdi.

                 Səndən ötrü can verməyə cümlə hazırız,

                 Səndən ötrü qan tökməyə cümlə qadiriz.

-deyən, millət Musavat Partiyasının Cümhuriyyətdən sonrakı Baş katib Cəfər Cabbarlıya qoşulub söylədi:

                   Qaranlıq gecədə səni gözləyib,

                   Durmaqdan yoruldum, ey dan ulduzu!

                   Uzaq üfüqlərə göz gəzdirməkdən,

                   Az qala kor oldum, ey dan ulduzu!

Gəncənin ilk türk və müsəlman general-qubernatoru, ilk səhiyyə naziri Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun qoluna qandal vurulub zindana aparıldığı gün Gəncədə yer yerindən oynadı. Gəncə qalasında Cavad xanın kürəyinə xəncər saplandığı vaxtlarda olduğu kimi. Xudadat bəy milli kimlik və milli mənlik mücahidi adında bolşevik terroruna məruz qaldığı gün Cavad xanın Şəhidlik zirvəsinə ucaldığı gündən 116 il 149 gün ötürdü. Gəncənin general-qubernatoru sıradan bir şəxsiyyət, dövlət xadimi deyildi. İkinci paytaxtda Cümhuriyyətin döyünən ürəyi, vuran nəbzi idi. General-qubernator təyin olunan gün ona Mərkəzdən bir görəv verilmişdi: “Əmin-amanlıq yaratmaq!” Xudadat bəy istintaqa verdiyi izahatda bu barədə yazırdı: “Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur dəstələri təmizləndi”. 30-cu illərin dəhşətli repressiyaları başlamamış qeyd etdiyimiz kimi 20-ci illərin mənəvi terroru başladı. Cümhuriyyətin əsas sütunları onun qurbanına çevrildi. Firudin bəy Köçərli qapısına gələn bolşevikləri ac-yalavac bilib çörək və çıraqla, Xudadat bəy Rəfibəyov isə xəstə zənn edib həkim çantası ilə qarşıladı. Tarixi mənbələr, arxiv sənədləri də sübut edir ki, həbs etdikdən sonra Gəncənin qana boyanacağından nigaran olan bolşeviklər gecəylə onu qatara mindirib Bakıya yola salırlar. Bütün Gəncə ayağa qalxır. Dəmiryol vağzalına qədər Cümhuriyyətin general-qubernatorunu, Cavad xanın və Ələkbər bəy Rəfibəyovun vərəsəsini, özünün bəylərbəyini yola salır. Üsyan çıxmasın deyə Xudadat bəy əhalini “anlaşılmazlıq olduğuna, istintaqdan sonra tezliklə görüşəcəklərinə inandırır”. Şamxarun məşhur atlı diviziyası (Onlar tarixdə Cümhuriyyəti Tiflisdən Gəncəyə köçürən Milli Ordunun əsas qvardiyasının tərkib hissəsi idilər. Ş.C.) 500 atlı cəngavərlə vağzala qədər gəlir və Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun tək bir canı üçün bir anın içərisində 200-dən çox bolşevik əsgərini ot kimi biçib yerə sərirlər. Onlar yalnız ”Xudadat bəydən günahsız olduğunu, tezliklə bəraət alıb Gəncəyə dönəcəyini eşitdikdən sonra geriyə çəkilirlər”.

1918-ci ilin yazında Gəncəyə iki Kamyon gəlmişdi. Biri Tiflisdən, biri Osmanlıdan. Biri Cümhuriyyət qurucularını və özgürlüyün rəmzi olan Al Bayrağı, digəri isə Cümhuriyyətin və Azərbaycanın xilaskarı, erməni daşnaklarının, Xəzər hövzəsini əldən vermək üçün Bakının qapısını Cümhuriyyətin qurucularının üzünə bağlayan cəlladların qorxulu röyası XI Qafqaz İslam Ordusunun komutanı Nuru Paşanı gətirmişdi. Məğrur, müdrik, əyilməz gəncəlilər onu adına şeirlər, bayatılar ad etmişdi. “Kamyon gəlir yan gəlir, Gəncəliyə can gəlir!” deyib qürur hissi keçirmiş, ayaqlarının altında qoçlar, qurbanlar kəsmişdilər. Kədərli olsa da, qeyd edək ki, bu gedən kamyonun da, varlığı ilə ölüm karvanını şərəfləndirən Sarvanın da geri dönüşü yox idi. “Nəsimi” filmində incə bir məqam var: Şeyxin qızı Şəmsin qəlbini ələ ala bilməyən Miraşah Dövlət bəyin başını döyüş meydanında bədənindən ayırır, gətirib Sevdiyinin qabağına atır. Sarsılan, ancaq qara sevdasının eşqinə sınmayan Şəms: “Dövlət bəyin ölüsü də, gözəldir!” nidası ilə Miranşahın dünyasını tari-mar edir.

Yükü ağır kamyonun, Gəncədən gecə qopan qatarın möhnəti də, zinəti də Cavad xanın nəticəsi, Ələkbər bəy Rəfibəyovun varisi, Cümhuriyyətin ilk paytaxtının səlahiyyətli nümayəndəsi – general-qubernator Xudadat bəy Rəfibəyov idi.

İstintaqdakılar onun gəncəlilərə inamla söylədiklərini demədilər. Bəraətinə, geri dönüşünə də yer qoymadılar. Xudadat bəyin üzünə duran, əleyhinə izahat verənlərin əksəriyyəti erməni daşnaklarının içərəsindən seçilmişdi. Babakev Xyants adlı erməninin XI Qızıl Ordunun xüsusi müstəntiqinə verildiyi ifadədə deyilirdi: “Xudadat bəy xristian kəndlərini talan edən silahlı birləşmələr təşkil edərək onların qətlə yetirilməsinə çalışırdı”... Bu yersiz, həqiqətdən uzaq ifadəni oxuyan Xudadat bəyin müstəntiq Şafikyana cavabı onun bir dövlət xadimi, sərkərdə kimi əzəmətini sübut etməklə yanaşı, həm də şahzadə, vərəsə qüdrətini, Qacarlar sülaləsinə məxsus iradəsini nümayiş etdirən amillərdəndir. “Mənim fəaliyyətim barədə rəyi yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər, digər millətlərdən olanlar və Qızıl Xaç kimi təşkilatlar verə bilər. Qatı daşnak olduğu üçün dəfələrlə həbsxanaya salınmış Babakev Xyantsın ərizəsi həqiqətə uyğun deyildir”.

Xudadat bəy Rəfibəyov bu dünyaya qüdrətli şəcərənin daşıyıcısı, mənsub olduğu millətin, məmləkətin siyasi taleyini həll edən, Cümhuriyyətin aparıcı simalarından biri, neştərini süngüyə, süngüsünü qələmə çevirib təbabətdən siyasətə yol gələn Lider, Kəlamla Qələmin vəhdətində Rəfibəyli soyadının yasaq olduğunu, yarpaq tökümü yaşadığı dönəmlərdə Mövlana Cəlaləddin Rumiyə qoşulub: “Sanmasınlar ki, öldük, bir başqa bahar üçün yarpaq tökdük!” nidası ilə poeziyanın həbibi, ala gözlü nigarı kimi şöhrətlənən, adı, soyadı, imzası ilə qəvi düşməndən öc alan, Əbədi İstiqlala inamını, ümidini itirməyən Nigar Rəfibəylinin atası kimi gəlmişdi. 42 yaşında köçə karvan haqqa sarvan dünyanın hicran kəcavəsinə minib Qorqut ata misalı sulara qərq oldu. Daha doğrusu qərq edildi. O gün 1920-ci il iyunun biriydi. O gün al gözlü Xəzər Qacarların, Əfşarların, Osmanlı sultanlarının al qanına boyanmışdı. O gün tarixə sonralar 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi daxil olacaqdı. O gün nigaran Nigar Rəfibəylinin cəmi-cümlətanı yeddi yaşı vardı. Onun körpə qəlbinə dəymişdilər, sevdiyini, güvəndiyini sulara qərq etmişdilər...

 

Mülkü, malikanəsi müsadirə edildi...

Şura hökumətinin, bolşevik Rusiyasının Xudadat bəy Rəfibəyova kini, qəzəbi soyumadı. Onu Nargin adasında güllələyib Xəzərin sularına qərq edən rejim üzü Cavad xandan üzü bu yana miras olaraq qalan mülkünü, malikanəsini, əmlakını müsadirə etdi. Ailəsini, övladlarını Gəncədən, Gəncə qalasından, Xan bağından çıxardı. Sürgünə yolladı. Sarayda yaşamaq hüququnu əlindən aldı. Qacarların, Əfşarların, Osmanlı sultanlarının bu torpaqlardan izini silmək üçün mümkün olmayanları mümkünə çevirdi. Gözəllər gözəli Cəvahir xanıma Qaçaq Nəbinin Həcərinə, Mikayıl Müşfiqin Dilbərinə gələn xəbərlərdən gəldi. Cəllad Əliheydər Qarayev “Onunla evlənəcəyi təqdirdə” Xudadat bəyin ölüm hökmünü sürgünlə əvəz etdirəcəyinə söz verirdi. Cəvahir xanım əsilzadə idi. Bir yandan Xasməmmədovlara, o biri yandan Rəfibəylilərə bağlı idi. Bir Qacar törəsi üçün hər bir kəlmənin öz hökmü vardı. O, qatil Əliheydər Qarayevə, “sapı özümüzdən olan cəllad Baltasına”, 30-cu illərdə baltası ilə öz başını kəsən “bolşevik məmuruna” xəbər yolladı: “Atın yerinə, eşşək bağlaya bilmərəm”. Bu bir qüdrətli xatunun əzəməti idi. Ondan Nadir şah Əfşara, Əfşarlar İmperiyasının qurucusuna, oğulları Sam Mirzənin və İsmayıl Mirzənin atasına belə qardaşı Şah Təhmasibin, qardaşı oğullarının qanını belə bağışlamayan Səfəvi Şahbanusu və Naibəsi Raziyə Sultanın, Cavad xanı və oğlu Hüseynqulu xanı xəyanətin nəticəsində Şəhid edən general Sisianovun Gəncə qalasının işğalından iki gün sonra təzminat olaraq məcməyidə gətirdi iki kisə qızılı onun üzünə “Osmanlı tokatı” olaraq çırpan Bəyim xanımın iyi ətri gəlirdi. Bəyim xanım Cavad xanı Çar cəlladına dəyişmədiyi kimi, Cəvahir xanım da onun törəsini- Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovu Bolşevik cəlladına – Əliheydər Qarayevə tay tutmadı...

Cəvahir xanımın bu tarixi qərarından, özü də bir Qacar Şahbunusu kimi hökmlə səslənən qərarından sonra Xudadat bəy güllələnir, ailənin sürgün illəri başlayır. Sürgündə keçən müdhiş illər Cəvahir xanımın sinəsinə dağları dağ üstə çəkir. Oğlu Kamil mühacirətin sərt üzünü ömrü boyu Osmalıda yaşayır. Təbib atasının mələk libasını əynindən yerə qoymur. Rəşidin taleyi Şimalda buz bağlayır. Geoloq kimi Rusiyada nüfuz qazansa da dağılan tifaqının acısını unuda bilmir. Nigarın nigaran günləri, qəmli “Bakı Gündəliyi” onu 30-cu illərin Şükriyyəsinin kədər dastanının ünvanına çevirir.

30-cu illərin müdhiş repressiyaları zamanı Əhməd Cavaddan sonra Şükriyyə xanımı övladları ilə birlikdə zindana salırlar. İstintaq zamanı erməni müstəntiq tərəfindən incidilən Şükriyyə xanımın acısına dözə bilməyən azərbaycanlı müstəntiq Şükriyyə xanıma deyir: “Sizə kömək etmək istəyirəm. Soyadınızı dəyişin. Bu sizin Orta Asiyaya deyil, Şimalı Qafqaza sürgün edilməyinizə şərait yaradar”.

Qürurun, ləyaqətin, “Azərbaycan himni” qədər əzəmətin rəmzi olan Şükriyyə xanım cavab verir: “Oğlum, mən bəy titulumu Axundzadəyə dəyişdim. Əhməd Cavadı kimə dəyişim? Bu tarixi cavabdan, daha doğrusu bir əsilzadəyə layiq cavabdan iki gün sonra o, övladları ilə sürgün qatarına mindirilib Türküstana göndərilir. Yolda övladlarının birini itirir. Sürgün illərinin əzabını yaşasa da, bəraət illərinə qədər dözür, tablayır. Firudin bəy Köçərli Gəncə təcridxanasında güllələnəndən sonra Badisəba xanım da bolşevik terrorunu yaşamışdı. Köçdən köçə qoşulmuşdu. Firudun bəyin əlyazmalarını, çırağını, gümüşü alışqanı, külqabını, stəkanını və qaşığını yanından ayırmamışdı. Ömrünün sonuna kimi yolunu gözləmişdi, dönəcəyinə ümidini, inamını itirməmişdi. Cəvahir xanım da belə olmuşdu. O, Xudadat bəyin sevgisini güzgü kimi qırılan taleyində yaşatmışdı. Gözünün nurunu, anadan olanda bacısı Suğranın adını verdiyi – Nigarını qorumuşdu. Nigar Rəfibəyli kimi yetişdirib Cümhuriyyətin qatillərinə göz dağı olmuşdu. Gəncədən Bakıya sürgün edilən gün onu ala gözlü Xəzərin sahilinə, qırağına aparmışdı. Atasının kəfəninin, mədfəninin ünvanını göstərmişdi...

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Qardaşım Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb. Kitab, dövrünün siyasi həyatına fövqaladə təsir göstərmiş Salyanlı Qəbulə xanım haqqındadır. Salyan naibi Həsən bəyin həyat yoldaşı Qəbulə xanım I Pyotrun müasiri olub. I Pyotr özünün say- secmə generallarından olan Matyuşinə Qəbulə xanım haqqında “…Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxlik üz verməsin” deyə təlimat verirdi.

 

Dünyaya hökm edən I Pyotr Qəbulə xanımdan niyə bu qədər ehtiyat edirdi ki? Tezliklə bu ehtiyatın səbəbi məlum olur. 1729-cu ilin sentyabr ayında, “…Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təbəəliyin qəbul etdi. Bir neçə gündən sonra rus ordusunun podpolkovniki Zambulatovun süvarı batalyonu tərəfindən Kür çayının sahilində, naib Həsən bəyin malikanəsinin qənşərində qərargah quruldu. Bir gün Zambulatov səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafərə qatıldı. Ziyafət zamanı otağa silahli adamlar girdi və Zambulatov da daxil olmaqla, Salyandakı bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdıqlarına görə xususi amanslzlıqla törədildi”.

Rus tarixçilərinin yekdil qənaətlərinə və şahidlərin ifadələrinə görə ” .. bu qanlı hadisənin başında Həsən bəy deyil, onun xanımı Qəbulə xanım dayanırdı”.

Bu qətl hadisəsi hansı səbəbdən baş vermişdi? Dəqiq,etibarlı və təkzibedilməz qaynaqlar əsasında yazılmış “Qəbulə xanım və I Pyotr” kitabında Azər, bu və digər suallara tam aydınlıq gətirir.
Qəbulə xanım heç şübhəsiz ki,
təkcə Azərbayçan tarixinin deyil,ümumtürk,hətta dünya tarixinin ən önəmli,qəhrəman simalarındandır. Qəbulə xanım haqqında rus ədəbiyyatının ən məşhur və önəmli isimlərindən olan Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkin I Pyotr haqqında yazdığı kitabda Qəbulə xanımı “Knyagina” titulu ilə qiyaslandırıb. I Pyotr zamanında yaşayan tarixçilər də, rus tarixşünaslığının sonrakı görkəmli şəxsləri də Qəbulə xanım haqqında yazıblar. Azər öz kitabında həmin müəlliflərdən də yeri gəkdikcə, öz kitabının əsas qayəsinə xidmət edən sitatlar gətirir.
Azər bu tarixi hadisəni haqlı olaraq “Rus işğalına qarşı ilk böyük qiyam” kimi dəyərləndirir. Kitabdakı faktlar da Azərin yazdıqlarını təsdiq edir.

Azərbaycanda ilk dəfə Qəbulə xanım haqqında məlumatı Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstanı İrəm” əsərində verib. O vaxta qədər isə, elə Pyotrun zamanında Qəbulə xanımın əfsanəvi qəhrəmanlığını unutdurublar. Nəinki qəhrəmanlığını, hətta bu qəhrəman xanımın adını da unutdura biliblər. Hər halda tariximizdə Qəbulə xanımdan sonra Azərbaycanda kimsə öz qız övladına Qəbulə adını verməyib.
Bu cazibədar qəhrəman xanım haqqında Azər ilk dəfə 2012-ci ildı çap etdirdiyi “Darülmömün” kitabında yazıb. Amma bu mövzu daima Azərin diqqət mərkəzində idi. Nəhayət bu ilin 31 yanvarında Azərin “Əbəbiyyat qəzeti”ndə Qəbulə xanım haqqında yeni bir yazısı çap olundu. Yazı çap olunan günü, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Azərin həmin yazısını oxuyub. Həmin ərəfələrdə Sakit müəllim “teleqraf informasiya agenliyi”nə verdiyi müsahibədə jurnalıstin “Əsərlərinizi yuxuda görürsünüzmü?” sualına belə cavab verib:
” -Yuxuda gördüyüm əsərlər çox olub. Dostum Azər Turan Qəbulə xanım haqqında bir yazı yazıb. Mən həmin yazını oxudum .Sonra arzu etdim ki, kaş gözümün qarşısına gələydi. Yatdım, yuxuda Qəbulə sarı paltarda gözümün qarşısına gəldi. Qəbulə haqqında rəsm çəkdim…
Azər Turan bu yaxınlarda mənə zəng edib dedi ki, bir alman səyyahı Qəbulə haqda yazıb ki, ”qızıl sapdan toxunmuş paltar geyərdi”.
Bu sözü mənə portreti çəkdikdən sonra dedi”.

Həmin ərəfələrdə Azər dəSakit müəllimin çəkdiyi portret haqqında yazıb:
“-…Qəbulə xanım haqqında məqaləm qəzetdə çap olunandan sonra,
yəni ertəsi gün,günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərdi, “bu qadın kimdir?”- deyə soruşdu. “Qəbulədir- dedim.Qəbulənin metafizik bir aləmdən baxan obrazıdlr”…Sakit müəllim: “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm”-dedi. Qəbulə 300 ildən sonra,bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi.Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi. Özü də yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi. Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam”.
Sakit müəllim “Qəbulə xanımın portreti”ni bir aya çəkib tamamlayır. Bu bir ay ərzində Azər də “Qəbulə xanım və I Pyotr” kitabını yazıb bitirir. Azərin və Sakit müəllimin bu duygusal iş birliyi heç şübhəsiz ki, Azərbaycan Təsviri sənətinə və içtimai fikir tariximizə iki möhtəşəm əsər qazandırdı.
Azərin “Qəbulə xanım və I Pyotr” kitabının üz qabıgındakı rəsm Xalq rəssamı Sakit Məmmədovun haqqında söhbət açdığımız “Qəbulə xanımın portreti” əsəridir.
“Qəbulə xanım və I Pyotr” kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru,
Milli Məçlisin üzvü Elnarə xanım Akimovadır.

Sizlərə isə bu kitabı oxumaq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Çərşənbə axşamı, 24 İyun 2025 11:16

"Saza könül verən ustad" adlı poeziya gecəsi

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

İyunun 23-də Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin 12 nömrəli Tayıflı, 23 nömrəli Xaçmaz, 7 nömrəli Xalxal, 4 nömrəli Bucaq kənd kitabxana filiallarının birgə əməkdaşlığı ilə 13 nömrəli Kərimli kənd kitabxana filialında "Müasir oxucu: Kitab və inkişaf" adlı maarifləndirici və inkişafyönümlü layihə çərçivəsində Azərbaycan aşıq ədəbiyyatının görkəmli simalarından olan Aşıq Alının 225 illik yubileyi ilə əlaqədar " Saza könül verən ustad" adlı poeziya gecəsi keçirilib.

 

Çıxışlarda qeyd olunub ki, Aşıq Alı ədəbi irsi bizə məhdud kəmiyyətdə gəlib çatsa da, o, Azərbaycan aşıq sənətinin ən böyük nümayəndələrindən biridir.

Tədbirdə iştirak edən kitabxanaçılar mövzu ilə bağlı çıxış edərək, Aşıq Alının yaradıcılığından bəhs etmiş, onun şeirlərini səsləndiriblər.

Kərimli kənd kitabxana filialının fəal üzvləri Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsini səhnələşdirib, şeirlərini söyləyiblər.

Aşıq Alının 225 illik yubileyi ilə əlaqədar "Saza könül verən ustad" adlı sərgi təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

                                                                                          

 

 

76 -dən səhifə 2343

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.