
Super User
PORTAL AKADEMİYASINDA - Hər şey rasionallar üçün! Bəs irrasionallar?
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Hər şey rasionallar üçün! Bəs irrasionallar?
Psixologiyada da, astrologiyada da, numerologiyada da, fizioqnomikada da insanların bir çox tiplərinə və alt tiplərinə rast gəlmək mümkündür. Ancaq onları bütövlükdə iki böyük kateqoriyalara bölürlər:
Rasionallar:
- Bu insanlar ardıcıldırlar, planlaşdırılmış, təşkilatlandırılmış, öncədən düşünülmüş həyat sürürlər.
İrrasionallar:
- Bunlarsa impulsiv, nizamsız, improvizəedilmiş, düşünülməmiş həyat sürürlər.
Demək olar ki, bütün zamanı idarə etmək, planlaşdırmaqla bağlı təlimlər rasionallara uyğun gəlir. Öz həyatlarını qrafiklə idarə edən bu adamların əksəriyyəti böyük kompaniya və korporasiyalarda idarəçilik bürokratiyası atmosferində, bəziləri isə öz şəxsi bizneslərinin monotonluq atmosferində məqsədə, uğura doğru addımlayırlar. Cari və perspektiv planlar, aylardan, rüblərdən, dekadalardan, illərdən ibarət zaman bölgüsü, qrafiklər, hesabatlar və s. və i. onların həyatlarının ayrılmaz hissəsidir.
Amma irrasionallar üçün bütün bunlar yad şeylərdir, tam azad mühit, yaradıcılıq atmosferi, sərt tələbkarlığın olmaması – onlarçün ən ideal variantdır.
Adətən sivil cəmiyyətlərdə rasionalları ciddi, irrasionalları isə qeyri-ciddi hesab edirlər. Yer kürəsində, hesablamalara görə, rasionalların irasionallara nisbəti 49%-in 51%-ədir.
Əziz oxucum, sən hansı insan tipindən olduğunu bilirsənmi?
Psixologiyada bu iki tip insanların əlamətlərinin dəqiq bölgüsünə rast gəlmək olur. Bu bölgülərə nəzər yetirsən sən də öz tipini müəyyənləşdirə bilərsən. Belə ki, rasionallar:
- Qayda-qanunu sevirlər, hər şeyin öz yerində olmasını xoşlayırlar;
- İşə ciddi yanaşır, nizam-intizama riayət edirlər;
- Situasiyaya nəzarət varsa, hər şey müəyyənlik içindədirsə, onlarçün çox rahatdır;
- Yekcins işə rahat alışırlar;
- Dəqiq planlar qurub onlara əməl etməklə öz məqsədlərinə çatmağı sevirlər. Onların bir qlobal, əsas hədəfləri və bir neçə alt hədəfləri olur;
- Dəqiq və punktual işləyirlər, keyfiyyətlə işləyirlər.
- İşgörmə qabiliyyətləri, qarşıya qoyulan işlərin yerinə yetirilməsi onların əhval-ruhiyyəsindən olduqca az asılı olur;
- Qənaətçil olur, vəsaitlərini növbəti günlərə bölürlər;
- Rasionalların hədəfə çatmaq üçün həmişə bir neçə planları, vasitələri olur. Biri alınmayanda onlar digərlərinə keçirlər;
- Daim mütaliə edir, yeni biliklər almağa çalışır, istifadə etdikləri ədəbiyyatı əvvəldən sonadək oxuyurlar;
- Naharda və şamda nə yeyəcəklərini səhərdən bilirlər, həftənin ortasında şənbə və bazar günlərinin qrafikini cızırlar;
- Gözlənilməzliklər, qeyri-stabilliklər və xaos onlara çox pis təsir göstərir, planlarının pozulması onları stress halına belə gətirir;
- Seçdikləri hər hansı sahədə, adətən, onlar böyük peşəkar olur, öz işlərinin ağasına çevrilirlər.
İrrasionallar isə:
- Bir neçə məqsədli olurlar, ən müxtəlif sahələrdə uğur qazanmağa çalışırlar;
- Rasionallardan fərqli oalarq hədəfə çatmaq vasitələri keçərli olmayanda vasitəni yox, hədəfi dəyişirlər;
- Yekcins işə alışa bilmirlər, hətta buna məcbur olsalar belə eyni işi görməyə müxtəlif formalar düşünüb tapırlar;
- Monotonluq onların düşmənidir;
- Tam gözlənilməz, proqnoza gəlməz olurlar;
- Situasiyaya nəzarəti itirmək, qəfildən gözlənilməzliklərlə rastlaşmaq onları narahat etmir, cəld qərar qəbul edib situasiyaya uyğun hərəkət edə bilirlər;
- Qayda-qanun, nizam-intizam onlarçün xoşagəlməzdir;
- Səliqə-səhman yaratmırlar, dağınıq şəraitdə belə heç nə olmayıbmış kimi yaşaya bilirlər;
- «Naharda nə yeyəcəksən?», «Bu işi neçə vaxta görə bilərsən?», «Qonaqlıqda neçə saat oturacaqsan?» kimi suallara cavab verməkdə çətinlik çəkirlər;
- Kitab oxuyanda ardıcıllığa riayət etmir, daha maraqlı yerləri axtarır, maşın sürürlərsə tıxacla rastlaşanda gözləmir, cəld həmin küçədən çıxıb alternativ yolla hərəkət edirlər;
- İş qabiliyyəti tam əhval-ruhiyyələrindən asılıdır. Kefləri yoxdursa, asanca bugünkü işlərini sabaha qoyurlar;
- Qənaət nə olduğunu bilmir, əllərinə gələn vəsaiti elə həmin gün də xərcləyib qurtarmağa çalışırlar.
- Həyatda daha çox uğursuzluqla rastlaşırlar. Sabaha doğru gözü bağlı getmək, «harada qırıldı, qırıldı» devizi ilə yaşamaq onlara, adətən, ziyan gətirir.
- Uğurlu irrasionallar çox az olur. Amma belələri olursa da, artıq onlar düha olurlar, ətrafındakıları sözün həqiqi mənasında təəccübləndirirlər. Bu insanlar eyni zamanda bir neçə dil bilir, bir neçə biznes idarə edir, bir neçə idman növü ilə məşğul olur, səyahət edir, incəsənətə meyil göstərir, bir çox tədbirlərə qatılır, yeni-yeni insanlarla ünsiyyələ can atırlar.
Söhbətimizin əvvəlində mən qeyd etdim ki, uğurlu adam olmaq, lider olmaq üçün bütün təlimlər rasional adamlara yönəlib. Çünki uğurlu olmaq hədəfi vurmaq üçün nizam-intizamlı, planlı, vaxta nəzarət edən insan olmaq vacib sayılır. Demək, bizim bu kitabımızda yazılanların da böyük əksəriyyəti rasionallar üçündür. Bəs onda irrasionallar necə olsunlar? Məgər mənim oxucularım arasında belələri azdır?
Heç narahat olmağa dəyməz! Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş. Bu düsturlar bütün menecment təliminin əksidirlər, onları anti-tezis də adlandırmaq olar. Rassionalların planlaşdırılmasına cavab kimi irrassionalların ani planlaşdırılmasını ortaya qoymaq olar. Düstürların məğzi ondadır ki, irrassionalların cəmiyyət tərəfindən zəiflik və çatışmazlıq kimi adlandırılan xüsusiyyətlərində şəxsiyyətin elə aspektləri gizlənib ki, bu elə böyük bir potensialdır ki, ondan düzgün istifadə etdikdə hətta ən böyük məqsədlərə belə çatmaq olar!
Maraqlıdır, deyilmi?
Beləliklə, gəlin diqqət edək. Tezis və antitezislər:
a) İrrasionallar bir işi başa çatdıra bilmir, digərindən yapışırlar.
Eyni zamanda bir neçə sahəyə maraq göstərən, tutalım, həm yazıçı, həm aktyor, həm rejissor, həm alim, həm dizayner, həm idmançı olmaq istəyən irrasional bunlardan birini seçir, potensialını bu sahəyə yönəldir, amma qısa zamanda nəticə əldə edə bilmədiyi, uğurun çox uzaqlarda, əlçatmazlıqlarda olduğunu hiss etdiyi üçün, üstəlik, digər sahələrə marağını içində boğmasının ağrısını çəkdiyi üçün get-gedə maraq və entuziazmının itməsi ilə barışır. Məqsədə çatmaq yolundan sapınır, bu dəfə digər bir sahəni seçib indi də o sahədə uğura doğru addımlamağa başlayır. Təbii ki, bu dəfə də onu uğursuzluq haqlayacaq.
Bəs nə etməli?
Əslində, irrasionallar bir şeyi qulaqlarında sırğa etməlidirlər ki, onlar məhz elə müxtəlifliklər üçün doğulublar. Özünü planlı şəkildə bir işə sərf etmək onlar üçün deyil. Bu qaydalar rasional insanlarındır. Sizsə, ey irrasionallar, içinizdəki istəkləri əsla boğmamalısınız. Eyni zamanda həm yazıçılıq edin, kitab yazın, həm rəssamlıq edin, portret çəkin. Tutalım, kompüterdə Photoshop proqramını öyrənmək istəyirsinizsə, tutalım, Corel Draw, Flash proqramlarını da öyrənin. Siz ingilis dilini mənimsəməyə çalışırsınızsa, alman, fransız dillərini də öyrənin, Siz bir məqsəd, bir uğur hədəfi qoymayın qarşınıza, eyni zamanda bir neçəsini qoyun. Nəticə mütləq gözəl olacaq!
b) İrrasionallar yekcins, monoton işdən bezirlər.
Adətən bu bezginlik onları həmin işdə uğur əldə etməkdən məhrum eləyir. Onların işə maraqları tam ölür, məcburən, zorən işləyir, bəzən hətta işi axıra çatdıra bilmir, nəticə əldə etməyi bacarmırlar.
Amma bu yekcinslikdən, monotonluqdan bezginliyi mənfi xarakterlikdən müsbət xarakterə yönəltmək mümkündür. Necə? Əgər iş sizi bezdiribsə, ani olaraq bir fəaliyyətdən digərinə keçin, məsələn, əgər bu özəl işdirsə, musiqi ifa edin, gündəlik yazın, dostlarla yazışın, lap bir az idman edin, açıq havada gəzişin, sonra yenidən işinizin üstünə qayıdın. Yox, əgər bu idarə, müəssisə işidirsə, musiqi ifa etmək, idmanla məşğul olmaq mümkünsüzdürsə, digərlərini edin. Mütaliə də etmək, kağız-qələm götürüb rəsm də çəkmək, hər hansı bir krossvord, skanvord da həll etmək olar. Bu qarışıq iş ritmi sizi mütləq gördüyünüz əsas işdə uğura aparıb çıxaracaq. Özü də işiniz xeyli məhsuldar, keyfiyyətli olacaq.
c) İrrasionallar əhval-ruhiyyədən asılıdırlar
Adətən, bax bu çatışmazlıq irrasionalları tutduqları yoldan sapındırır. Sabah günorta vacib bir işgüzar görüşü olan, ancaq, necə deyərlər, yataqdan sol ayaqla qalxdığından kefsiz olan irrasional bu görüşə getməyə ərinirsə, getmirsə, bundan çox ciddi ziyan çəkir. Amma nə etsin, özü ilə bacarmır. İrrasionalların bir aylıq, bir illik deyil, hətta bir günlük dəqiq plan qura bilməmələri, planlarının alt-üst olması onlara çox mənfi təsir göstərir, uğura doğru yollarını tam əngəlləyir.
Bəs nə etməli? Təbii ki, irrasionalın bir işi görməyə həvəsi ölübsə, mütləq başqa işlərindən birini görməyə içində həvəs tapılacaq. Ona görə də əhval-ruhiyyə faktorundan tam asılı olan irrasional cari və perspektiv planlarla deyil, görəcəyi bütün işlərin siyahısı ilə hərəkət etməlidir, hər gün bu siyahıya göz gəzdirməlidir. Onda, mütləq hazırkı əhval-ruhiyyəsinə uyğun olan bir iş tapıb onunla məşğul olacaq, həm zamanını boşuna xərcləməyəcək, həm də uğursuz planlaşdırma acısını çəkməyəcək.
Beləliklə, əziz oxucularımın irrasional tipə uyğun gələnləri, siz monotonluqdan, yekcinslikdən bezib eyni zamanda bir neçə sahədə məşğul olmaq istəyinizlə, əhval-ruhiyyədən tam asılı olduğunuzçün planla hərəkət etmək üstünlüyündən məhrum olmaq minusunuzla belə uğura doğru gedə bilərsiniz. Rasionallardan fərqli olaraq, sizi məqsəd yox, fəaliyyətin özü ilhamlandırar. Unutmayın ki, bu, daha böyük nəticələr əldə etməyə səbəb ola bilər!
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
BİRİ İKİSİNDƏ Sərxan Xavərinin təsəvvüf barədə məqaləsi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin məqaləsi təqdim edilir.
QEYSDƏN MƏCNUNA:
TƏSƏVVÜFÜN MİSTİK ZAMAN MODELİ KONTEKSTİNDƏ SUBYEKTİN SUFİ TRANSFORMASİYASI
Təsəvvüfün təqdim etdiyi mistik zaman modelinə görə, zaman dairəvi trayektoriya boyunca vahiddən parçalanmaya (nüzul və ya involyusiya) və yenidən parçalanmadan vahidə (üruc və ya evolyusiya) marşrutu üzrə gedir. Hərəkətdə olan Zaman ilkinliyində vahid olanı parçalanmaya doğru qovduqca fərqləndirici xüsusiyyətlər üzə çıxarır. Bu fərqli xüsusiyyətlər ilkin ümumi başlanğıcdan uzaqlaş manın elə bir həddinə çatır ki, artıq onlar arasında ümumilik görünməz olur. Və bu nöqtədən evolyusiya başlayır...
Evolyusiya mərhələsinə fərqlərin tədrici azalması, ümumiliyin isə artması xasdır. İlkin ümumilik mənəvi başlanğıcdır. İnvolyusiyadan evolyusiyaya keçid isə mənəvi başlanğıcdan uzaqlığın kulminasiya həddi olmaq etibarı ilə ən qatı materi allıq momentidir. Ona görə də evolyusiya mərhələsində kəsrətdən vəhdətə doğru gedən yol dünyəvilikdən mənəviyə doğru da gedən yoldur. Məşhur mütəsəvviflər dən olan Cüneyd Bağdadidən "son nədir?" – deyə soruşulduqda "əvvələ dönməkdir" – cavabını verir.
Təsəvvüfün inkişaf haqqında irəli sürdüyü konsepsiya (kəsrətdən vəhdətə, materiallıqdan ilkin mənəviyə) Şərq poetik təfəkkürünün inkişaf qanunauyğunluğunu, bu inkişafın müxtəlif mərhələlərində təsəvvüfün xarakterini, lap elə təsəvvüfi şeirin struktur mürəkkəbliyini şərh etməyə imkan verir. Müsəlman Şərqinin poetik fikri fərqli təmayüllərin vahid məcrada vəhdətinə doğru can atıb, Müsəlman Renessansı deyilən hadisə isə bu təmayüllərin ən kamil vəhdətə nail olduğu dövrlərdə yaranıb. Bu kontekstdə Füzuli rezonansı ən kamil evolyusiya aktı dır. Biz Füzulini evolyusiya aktı hesab edərkən nə onun türklük miqyasında məlum nəhəng missiyasını, nə də ayrılıqda Azərbaycan bədii fikrinin inkişafında oynadığı rolu deyil, poeziyasının vəhdəti təmsil etməsini nəzərdə tuturuq. Bu vəhdət Füzuliyə qədər involyusiya mərhələsini yaşayan və fərqli təmayüllərlə seçilən poetik fikrin Füzuli yaradıcılığı timsalında birləşməsindən tutmuş, bədii mətnin strukturunda poetik və fəlsəfi planın sintezinə qədər özünü göstərir. Poetik fikrimizin ayrı-ayrı təmayüllərinin Füzuli şeiri timsalında vahidləşməsi estetik büllurlaşma ilə paralel ge dir. Artıq Azərbaycan ədəbi-nəzəri fikri Yaşar Qarayevin timsalında bu aspektdən müşahidələrin nəticəsini bitkin nəzəri qənaət kimi təqdim edir: "İlahi" və "təbii" dünyaların hər ikisi Füzulidə bir yerdədir, biri zahirdə görünəndə digəri alt qatda görünür. "İki dünyada" yaşayan şairin bir dünyada yaşayan adi bəşərdən fərqi də elə budur. Daha doğrusu, burada empirik fərdilik yoxdur, mənəvi vəhdət, kosmizm və qloballıq var" Füzulidə belə bir mənəvi vəhdəti ən müxtəlif baxış bucağından izləmək mümkündür. Bizcə, daha səmərəli üsul poetik və təsəvvüfi məzmunun vəhdəti fonundan yanaşmadır. Çünki bu yöndən yanaşmada bədii təfəkkürün struktur modeli, orada təsəvvüfün mövqeyi haqqında daha dolğun təsəvvür yaranır və ümumən "Füzuli və təsəvvüf" probleminin çox qaranlıq cəhətləri aydınlaşır. Həm də artıq təsəvvüfşünaslıqda sufi məzmunlu hesab edilən (məhz hesab edilən) bədii mətnə bu aspektdən yanaşmanın, mükəmməl olmasa da, müəyyən prinsipləri formalaşmışdır. Füzulişünaslıqda "Füzuli və sufizm" problemi haqqında kifayət qədər tədqiqat aparılıb, son nəticədə istər türk, istər Azərbaycan, istərsə də Avropa alimləri şairin obrazlar sisteminin sufi poeziyası bazasına əsaslanmasını təsdiq etmişlər. Lakin belə bir elmi yekdilliklə yanaşı, bu problem barədə əsasən iki mülahizə mövcuddur:
1. Füzuli sufi simvollarından təriqətə mənsub olan şairlər kimi İlahi eşqi tərənnüm etmək naminə istifadə edib - Füzuli sufidir.
2. Füzuli sufi simvolikasını lirik qəhrəmanın məşuqəyə yüksək eşqini tərənnüm etməkdən ötrü adi poetik vasitə kimi işlədib – Füzuli sufi deyil.
Şairin hansısa sufi təriqətlərdən birinə mənsubluğunu və ya rəğbətini təsdiq edən heç bir tarixi fakt mövcud deyil. Lakin bununla yanaşı, Füzulinin irihəcmli əsərlərindən olan "Bəngü-Badə", "Rind və Zahid", "Səhhət və Mərəz", "Yeddi cam" kimi alleqorik məzmunlu əsərlərində ənənəvi sufi-panteist konsepsiya yığcam süjet xətti daxilində öz bədii ifadəsini tapmışdır. Bu əsərlərdə ayrı-ayrı obrazların alleqorik planda ifadəsi vasitəsilə şairin öz dünyagörüşünün təsiri altında qismən dəyişən sufi konsepsiya bütöv sistem xarakterlidir. Ruhi-mənəvi ekstazın texniki stimulu kimi musiqiyə böyük əhəmiyyət verən şair ("Həft cam") XIII əsrin dahi sufi şairi Cəlaləddin Rumi mistik məktəbinin (mövləviyyə) əsas ruhunu və ideyalarını təbliğ edir. "Səhhət və Mərəz" əsərində isə ruhun öz əzəli mənşəyi ilə vəhdət təşkil edərək fənaya qovuşması ideyası sufi eposçuluğu ənənəsində Əttarın "Məntiqüt-teyr" əsərini assosiasiya edir. Əgər "Məntiqüt-teyr"də quşların əfsanəvi Simurq axtarışından, sonda uzun məşəqqətlərdən sonra bu əfsanəvi padşahın onların özü olduğundan söhbət açılırsa (fars dilində si-otuz, mürğ isə quşdur), "Səhhət və Mərəz" də ruhla səfa ayinəsində görünən hüsnün vəhdətindən söz açılır. Şairin "Rind və Zahid" əsərində isə bir-birindən fərqli iki dünyagörüş - rindlik və zahidlik müqayisə edilir və onların bir-biri ilə zənginləşməsindən yaranan sufi-fəlsəfi konsepsiya ön plana çıxarılır. Rindanə ovqatın qabarıqlığı ilə seçilən "Bəngü-Badə"də də məcazi mənada götürülən şərabın üstünlüklərindən söhbət açılır. Mistik aşiqlə Allah arasında vəhdəti mümkünləşdirən ilahi eşqin simvolu şərab ilahiliyin rəmzi kimi faktlaşır. Onun lirik əsərləri içərisində də doktrial səciyyəli elə mülahizə lər mövcuddur ki, şairin birbaşa sufi eşqinin tərənnümçüsü olduğuna şahidlik edir. "Qəd ənarəl", "Keç", "Bəkləriz", "Fəqr mülkün tut" və s. "traktat səciyyəli" (T. Hacıyeva) əsərlərin təsəvvüfi konsepsiyadan bəhrələnməsinə heç bir şübhə yoxdur. Bu əsərlərin ideyası təsəvvüf təliminin ayrı-ayrı istiqamətlərini özündə əks etdirir. Bu tip əsərlər şairin ümumi yaradıcılığı timsalında azlıq təşkil etdiyindən aşiqanə əsərlərin dünyəvi, yalnız traktat səciyyəli əsərlərin sufi məzmunlu hesab edilməsi də özünü doğrultmur, istər-istəməz birtərəfli şəkildə Füzulini dünyəvi eşqin tərənnümçüsü hesab etməyə gətirib çıxarır. Dünyəvi məhəbbəti həyatda ola biləcək ən ali dəyər kimi qiymətləndirib şairin də bu ali dəyərin tərənnümçüsü kimi başa düşülməsi təcrübəsi ilə ədəbiyyatşünaslığımız tanışdır və bu təcrübə problemə yenidən qayıtmağı bir daha zərurətə çevirir. Məhz belə bir zərurətin nəticəsi olaraq son on ildə Füzuli poeziyasına bu aspektdən yanaşma meyilləri tədqiqatçılar arasında kifayət qədər güclənib.
Təsəvvüfşünaslıqda normativləşən qənaətə görə, poetik büllurluq, xalis estetiklik kəsb edən mətndə poetik və metafizik olmaq etibarilə ikipilləli məzmun mövcuddur. Belə mətndə obrazlar ümumanlaşıqlı səviyyəyə məxsus poetik və mistik təcrübəni əks etdirən fəlsəfi olmaqla iki müxtəlif strukturda mövcud olur. Bu strukturlar arasında isə simvol əlaqələndirici həlqə rolunu oynayır. Təsəvvüf şeirinin Xətaiyə qədərki mərhələsində poetik-sufi mətnin bu strukturları arasında sərhədlər aydın sezilməkdə idi. Lakin tədricən vahid məcrada bütövləşən və büllurlaşan poetik təfəkkürdə bu planlar arasında sərhədlər silinir, poeziya yekcins xarakter kəsb edir. Belə yekcinslik bədii mətndə simvolun işarə etdiyinin (ilahi eşq, vəhdət, fəna, kəsrət və s.) simvol predmetinin özü ilə (şərab, sərv, dodaq, yanaq və s.) əvəzlənməsində əksini tapır. Sufi şeirinin bu mərhələsini ərəb poeziyasında İbn əl Fərid (XIII əsr), fars poeziyasında Hafiz (XIV əsr), türk poeziyasında isə Füzuli (XVI əsr) təmsil edir. Füzulidə əvvəlki iki şairdən fərqli olaraq ikiplanlılıq hərəsi ayrılıqda həndəsi mükəmməllik, bir-biri ilə münasibətdə isə elə vəhdət təşkil edir ki, poetik planın harada qurtarıb sufi-fəlsəfi planın haradan başlandığını sezmək olmur. Başqa sözlə, poetik planın mükəmməlliyi daxili təsəvvüfi məzmunla şərtlənsə də, daxili qatın özünə nüfuz etməyə imkan vermir.
Füzuli fars dilindəki "Divan"ının dibaçəsində yazır: "Bir neçə gecə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri divanını tərtib etdim ki, həm kamil müdəqqiqlər onun üstüörtülü gözəl məzmunundan həzz alsınlar, həm də sadədil zəriflər onun zövq ziyafətindən paylarını götürsünlər". Deməli, şair özü oxucu auditoriyasını iki zümrəyə ayırır: sadədil zəriflər və kamil müdəqqiqlər (tədqiqatçı lar). Eyni zamanda vahid mətndə hər iki zümrənin estetik zövqünü təmin etmək kimi şairdən böyük poetik istedad və ağır zəhmət tələb edən vəzifəni də qarşısına məqsəd qoyduğunu bildirir. Füzulişünaslıqda onun təsəvvüflə əlaqəsi barədə bir- birindən fərqli iki mülahizənin meydana çıxmasının səbəblərindən biri də "dərun-birun", "məzmun-ibarə", "məna-surət" ifadələrinin müasir ədəbiyyatşünaslığın məzmun və forma anlayışı ilə eyniləşdirilməsidir. Halbuki, bugünkü anlamda məzmun və forma anlayışları Füzuli şeirinin hər iki qatına eyni dərəcədə aid oluna bilər.
Sənəti Tanrıya çevirən başlıca xüsusiyyət poetik büllurluq və dini məzmunla yanaşı, həm də bədii formanın mükəmməlliyidir. Bədii forma mükəmməlliyi Füzulinin şüurlu şəkildə qarşısına məqsəd qoyduğu və əlinə qələm aldığı gündən sonadək sadiq qaldığı niyyət olub. Şair bu barədə əsərlərində ətraflı məlumat verir. Tədqiqatçılar da şairin "filoloji zəhmətkeşliyini" dönə-dönə vurğulayıblar. Lakin Füzuli şeirlərinin çoxplanlılığını, bu planların bir-biri ilə həndəsi uyarlılığını- bir sözlə, obraz mükəmməlliyini yalnız zəhmətin nəticəsi də hesab etmək doğru olmazdı. Füzulidə bədii forma mükəmməlliyini şərtləndirən başlıca xüsusiyyət bədii yaradıcılığa sövq edən daxili ideyanın kamilliyi və mənəvi yaşantının dərinliyidir. Əgər mənəvi yaşantı sənət aktına çevrilməli olan səviyyədədirsə, onda münasib formanı da müəyyənləşdirir. Füzulinin hər bir qəzəlini könül mülkünün özündən kənara ötürdüyü mənəvi yaşantıdan ayrılan enerji də hesab etmək olar. Və o, bədii mətnə çevrilmə prosesinin özündəcə mükəmməl ifadə formasının tapılmasına kömək edir. Dərd potensiallıq mərhələsində (hələ şeirə çevrilməmişdən əvvəl) poetik dünyaduyumun məntiqi ilə yaşanılır. Ona görə də aktivləşdiyi, şeirə çevrildiyi andaca formanı da tapır. Əlbəttə, bu məqamda Şərq poeziyasının uzunəsrlik sufi və poetik məzmunu ifadə təcrübəsinin də həlledici rolunu nəzərdən qaçırmaq olmaz.
Füzuli eşqinin xarakteri barədəki mübahisələrdə "təsəvvüfi", "dünyəvi" qəlibləri tez-tez ifadə olunur. Mətnin ikiplanlılığı bir daha təsdiq edir ki, şairin eşqini mütləq şəkildə bunlardan yalnız biri hesab etmək hər iki halda yanlışdır. Son dövr ədəbiyyatşünaslığımızda klassik irsə münasibətdə yaranmaqda olan ifrat tendensiyaları sezən A.Rüstəmova çox doğru olaraq qeyd edir: "Bir vaxtlar marksist-leninçi ehkamlar bizi mənəviyyatdan, ruhdan, Tanrıdan uzaqlaşdırırdı. İndi idealist fəlsəfəyə həddindən artıq aludəçilik bizi Yer, Təbiət və İnsan realiyasından təcrid edir. Hər iki halda da klassik uduzur – onun bütövlüyünə, həqiqətinə hər iki halda xələl gəlir..." Zahidin Allahla təmənnalı məhəbbəti ilə aşiqin məşuqəyə cismani ehtirası eyni dərəcədə naqislikdir. Təmənnadan uzaq Allaha eşq və ehtirasdan arınan gözələ məhəbbət isə eyni bir kamillik zirvəsidir. Füzuli eşqi də belə bir kamillik zirvəsindən dəyərləndirilməlidir.
Eşqin belə bir zirvədən dəyərləndirilməsinin ən böyük nümunəsi isə "Leyli və Məcnun" dastanıdır. "Leyli və Məcnun" Füzuli poeziyasında onun fəlsəfi dünyagörüşü, eşq konsepsiyası və bu konsepsiya daxilində təsəvvüfün mövqeyini əks etdirmək baxımından dini məzmunlu, irihəcmli əsərlərindən ("Mətləül-etiqad", "Hədiqətüs-süəda", "Hədisi-ərbəin") daha çox əhəmiyyətlidir. Poemada təsəvvüf konsepsiyası, fəlsəfə bütün süjet xəttini özünə tabe etdirən hakim mövqedə deyil, bədiiliyin daxilindədir. Lakin "vasitəçi", "zahiri qabıq" səciyyəli də deyil. Eşqin ən ali mərhələsinin təsviri üçün daxili anlamdadır. Həm də fəlsəfi ideyanın poemadakı belə səciyyəsi ümumən təsəvvüfün Füzuli bədii düşüncəsindəki mövqeyi ilə şərtlənir. Şair əsərin girişində "Əfsanə bəhanəsilə raz ərz etdiyini" qeyd edir: Tutsam tələbi-həqiqətə rahi-məcaz, Əfsanə bəhanəsilə ərz etsəm raz, Leyli səbəbilə vəsfin etsəm ağaz, Məcnun dili ilə etsəm izhari-niyaz.
"Leyli və Məcnun" əsərindəki eşqi mütləq şəkildə ilahi eşq hesab etmək də doğru deyil. Əsərdə eşq dünyəvilikdən ilahiliyə doğru təkamüldə verilmişdir və bizcə, əsərin təhlili də bu aspektdə aparılmalıdır.
Təsəvvüf təlimində mənəvi təkmilləşmənin şəriətdən sonrakı üç mərhələsinə uyğun olaraq (təriqət, mərifət, həqiqət) əsərdə də eşqin təkamülü üç mərhələni ayırıb fərqləndirməyə imkan verir:
1. Dünyəvi məhəbbət
2. Dünyəvi məhəbbətdən ilahi eşqə keçid
3. İlahi eşq.
Əsərdə birinci mərhələ Məcnun dünyaya gələndən ("Bu tuğrayi misalı - məhəbbətdir və dibaçeyi-divani möhnətdir") Kəbədəki dua səhnəsinəqədərki ("Bu Məcnuni-biçarənin Kəbəyə üz urduğudur və minacatla sevdası artdığıdır") süjet xəttini əhatə edir. Qəbilə başçısının yeniyetmə övladı Qeysin məktəbdə Leyli ilə tanışlığı, bir-birinə könül vermələri iki gəncin bir-birinə olan ülvi məhəbbətidir. Bu mərhələdə nə Leyli simvolik obraz, nə də Qeys Tanrı aşiqi deyil. Şairin Leylini təsvir edərkən işlətdiyi epitetlər onun real həyatdan gəldiyini (prototipliyini) bir daha sübut edir:
Şahbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rahü-rəvişi müdam ğəmzə,
Başdan-ayağa təmam ğəmzə.
Ayruqca şəklü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər,
Aləm səri-muyinin tüfeyli,
Məhbubeyi-aləm, adı Leyli.
Eyni zamanda Qeyslə Leylinin ilkin məhəbbət "oyunları" yeniyetmələrin yaş həddinə uyğun, olduqca real planda təsvir edilir:
Çün lövhələr üzrə xətt yazardı,
Əmdən xəttini qələt yazardı.
Yəni ki, xəta təvəhhüm edə,
Ol gül açılıb təbəssüm edə...
Hadisələrin sonrakı inkişafı məcnunluq üçün zəmin hazırlayır. Leyli cəmiyyətlə ilk toqquşmada zahirən güzəştə gedir, Qeys isə eyni məqamda eşqini etiraf edir, həm də bu mərhələ üçün o qədər də xarakterik olmayan bir tərzdə qeyri-iradi, bunu fitri başlanığıcla əlaqələndirir:
Su süfləliyindən ayrılarmı?
Od yandıra bilməyə bilərmi?
Ol gün ki, rəhimdə kilki-qüdrət,
İcadıma verdi ziybi-surət,
Doldurdu həva ilə dimağım,
Sevda ilə bağladı ayağım...
Qeys eşq mübtəlalığının "tale məsələsi" olduğunu anlamaqla yanaşı, Leyli nikahı ilə bu dərdə məlhəm ediləcəyinə də inanır:
Onunla edin bu dərdə məlhəm,
Urman dəxi özgə kimsədən dəm.
Qeysin bu sözlərini eşidən ata Leyli ilə onun dərdinə dərman etmək qərarına gəlir. Lakin Leylinin atası bu izdivacın baş tutması üçün Qeysin eşq xəstəliyindən sağalmaq şərtini irəli sürür. Bu mərhələdə Məcnunun Leyliyə qovuşması üçün iki yol mövcuddur: geriyə və irəliyə gedən yollar. Geriyə Leyliyə qovuşmaq üçün inkişafın aşağı səviyyəsini təmsil edən kütlə ondan məhz özü kimi olmağı tələb edir. Cəmiyyət şəxsiyyəti sevmir, onu öz içində əritməyə çalışır. Bəs Məcnun necə, Qeysə dönmək istəyirmi? Məşhur Kəbə səhnəsində cəmiyyət Qeysi belə bir dilemma qarşısında qoyur. Məcnunluq Qeys üçün irəlidə – xəyal aləmində Leyli vüsalının potensial imkanıdır. Kütlə də Qeysi məhz bu imkandan məhrum etmək istəyir. Qeys yaxın gələcəkdə heç bir vüsal ümidi görməsə belə, bu potensial imkandan imtina etmir, daha doğrusu, imtina edə bilmir. Tanrı dərgahına əl açıb eşq bəlasına daha artıq mübtəla olmağı diləyir:
Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Artıq bu, Məcnunun çıxardığı qəti hökm olur. Geriyə yol yoxdur! Bununla da Qeys sevgisindən Məcnun eşqinə keçidi təmin edən ikinci mərhələ başlayır. Əsərdə orta keçid bu mərhələlər içərisində ən uzunu və keşməkeşlisidir. Bu mərhələdə aşiqə həm geriyə – nikahda Leyliyə, həm də irəliyə – məna aləmində Leyliyə qovuşmağa sövq edən qüvvələr eyni vaxtda təsir edir. Real Leylidən mütləq hüsnə tədrici təkamülü özündə əks etdirən bu mərhələdə Məcnun iki qütb arasında tərəddüddədir. Cəmiyyətlə Məcnun arasında yaranan uçurum da ən kəskin şəkildə bu mərhələdə əksini tapmışdır. Məcnunluq sufi planda daxili kamilləşmə ilə yanaşı, real sosial planda mövcud ənənələrə, normativ baxışlar sisteminə etiraz kimi də faktlaşır. Ona düşmən kəsilən cəmiyyətə qarşı Məcnun da incə bir müxalifət ovqatı hiss etdirir:
Çoxdur bəni-adəm içrə bidad,
Et könlümü vəhşət ilə mötad!
Bir mülkdə ver mənə qərarı
Kim, etməyə adəmi qübarı!
Füzulidə "insan və zaman" konflikti cəmiyyətin qeyri-hümanistliyindən doğmur. Halbuki, bizim ədəbiyyatşünaslıqda şairin sosial baxışları adı altında bu yöndən ifrat sosioloji tədqiqatlar aparılıb. "Uzun illər biz ədəbiyyatşünaslığımızın tarixini, faktlarını və inkişaf qanunauyğunluqlarını sxemlərlə öyrənmişik: tədqiqatlarda və dərsliklərdə bütün orta əsrlər sığıb Füzuli ilə mücərrəd bir şər, zülmət, qaranlıq stereotipinin arasında münaqişənin və mübarizənin modelinə".
Məcnunla cəmiyyət arasındakı konflikt kamilləşən və bundan dolayı cəmiyyətdən uzaqlaşan aşiqlə öz məişət həyatını yaşayan və hər şeyə, o cümlədən Məcnuna da bu məişətin dar çərçivəsindən baxan bəşər arasında baş verir. Bu konfliktin kökü – tarixi şəraitin qeyri-naqisliyi ilə bərabər, şəxsiyyət kimi Məcnunun mənəvi-psixoloji aləmindədir. Əgər belə olmasa idi, mövcud tarixi şəraitdə real qüvvə olan Nofəlin qılıncı problemi həll edərdi. Məhz Nofəl qələbəsinin faydasızlığı Məcnun eşqinin adi məişət deyil, "tale", "qəzavü-qədər" səviyyəsini bir daha təsdiq edir. Əsərdə İbn Səlam Məcnunun rəqibi olsa belə, məcnunluğa əks qütb kimi deyil, paralel işlənmişdir. Hətta onu məcnunlaşmayan, Leyli nikahına can atan Qeysin (birinci mərhələ) adekvatı da hesab etmək olar. O, Leylinin izdivacına nail olmaq üçün malından, hətta canından belə keçməyə hazırdır:
Şərt eylədi ol bulənd əxtər
Kim, olsa bu kami-dil müyəssər
Sərf eyləyə gəncü mali-aləm,
Cananə yolunda, bəlkə, can həm.
Lakin bütün bu səxavəti və fədakarlığı ilə yanaşı, ölüm anınadək İbn Səlam yer övladı olaraq qalır. Füzulinin öz təsnifatı ilə yanaşsaq, İbn Səlam eşqi "cananı can üçün sevməyin" faktı idi. Sufiyanə eşq əsərin sonuna doğru Məcnunun simasında artan xətt üzrə inkişaf edir. Azərbaycan ədəbiyyatşünaslığında sosioloji yönün üstün olduğu bir şəraitdə belə tədqiqatçılar bu fikri təsdiq edir.
Əsərdə üçüncü mərhələ "Bu Leyli-Məcnunun istiğna sıdır və isbati-səfayi-imlasıdır" hissəsindən başlamış Məcnunun ölüm səhnəsinədək olan hissəni əhatə edir. Əvvəlcə Tanrının zərrəsi, nuru kimi Leyliyə aşiq olan Məcnun öz "Mən"ini fəna dəryasında məhv edib Tanrının özünə qovuşduqdan sonra Leylidən imtina edir:
Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,
Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz.
Türk ədəbiyyatşünası Hasibə Mazıoğlu "Leyli və Məcnun"un sonunda Məcnunun Leylidən imtina etməsini mahiyyət etibarilə dünyəvi hesab etdiyi eşqin idealizasiyası kimi qiymətləndirir. "Məcnunun ancaq eşq ilə yaşaya biləcəyi, onun eşqin ələmlərindən zövq duyması kimi bütün hisslər bizi mərhələ-mərhələ bəşəri eşqin üstünə yüksəldir. Şair eşqin bu mərhələsində təsəvvüfün məcazlarından faydalanmış, eşqi idealizə edərkən təsəvvüfi bir vasitə olaraq istifadə etmişdir. Müəllif Məcnunun timsalında eşqin mənəvi təkamül nəticəsində kəmiyyət dəyişməsindən keyfiyyətə çevrilməsini diqqətdən kənarda qoyur. Əgər eşqdə məqsəd eşqin özünün idealizasiyası idisə, onda Məcnunun aşağıdakı bəyanatını necə anlamalı:
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, ol ki var, sənsən!
Daim sənə məndədir təcəlli,
Mən qeyrdən olmuşam təsəlli.
Eşq cövründən zövq bulmaq Məcnunun Leylidən ayrıldığı gündən səhrada Leyli ilə yenidən üz-üzə gəldiyi günə qədər xarakterik idi. Çünki eşqin bu cövrü Məcnunu ali məqsədə-vəhdət məqamında Leyli vüsalına doğru aparırdı. Məqsədə nail olunduqdan sonra isə vasitə bir növ əhəmiyyətini itirir. Bu məqamda Məcnunun əsl kimliyini də ən dürüst şəkildə Leyli anlayır:
Oldum necə olduğundan agah,
Xoş mərtəbədir bu, bərəkallah!..
Hala mənə rövşən oldu halın,
Meraci-həqiqəti kəmalın.
Əgər əvvəlcə Leyli Tanrı zərrəsi kimi Məcnunun kamilləşməsinə səbəb idisə, sonda kamilləşən Məcnunun simasında Leyli də həqiqəti və vəhdəti dərk edir, ölüm yatağında Ya rəbb, məni et fənayə mülhəq Kim, rahi-fəna imiş rəhi-həq - deyərək dünyadan kamil aşiq kimi gedir. Hekayətin məna aləmində vüsalla, vəhdətlə tamam olması üçün belə də olmalı idi. Kamilləşib fənayə qovuşan Leyli və Məcnun bir-birinə, birlikdə isə Tanrılarına qovuşurlar:
İzharə gəlib rümuzi-vəhdət,
Vəhdətdə tamam olub hekayət.
XVI əsrdən reallaşan cəmiyyət təfəkkürü Füzuli şeiri timsalında mistik ideyanı mətnin daha dərin qatına qovur. Zamanın qovduğu və sıxlaşdırdığı bu ideya mətnin nüvəsində enerji kütləsi kimi qərarlaşır. Üst qatda "fələklərə baş vuran" bədiilik bu nüvə ətrafında cəmləşir. Təsəvvüfi ideyanın Füzuli poeziyasında asan lıqla sezilməməsinə səbəb də elə budur. Daxili qata sıxlaşan ideya üst qatdakı mükəmməlliklə vəhdət təşkil edərək estetik zövqü kifayət qədər təmin edir. Sanki bu qatda sehrlənən və cazibəyə düşən oxucu bu cazibədən çıxıb daha ali orbitin cazibə dairəsinə düşə bilmir. Bu mənada Füzuli poeziyası yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə ümumtürk ədəbiyyatının, yalnız orta əsrlərin deyil, bütün dövrlərin fövqəlestetik poeziya zirvəsi kimi faktlaşır.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Dəyişmək qorxuludur, amma qalmaq daha qorxulu -ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hər şey eyni idi – otağın divarları, pəncərənin açılan mənzərəsi, divardakı saat, önümdəki ayna.
Lakin içimdə nəyinsə boğulduğunu, hər gün daha da daraldığını hiss edirdim.
Adını qoymaq çətin idi, nə olduğunu bilmək də.
Günlər bir-birinə bənzəyirdi.
Sanki eyni səhəri eyni yorğunluqla qarşılamaq üçün hər gecə yuxuya dalırdım.
Nə dəyişirdi? Heç nə.
Mən isə içimdə hər gün nələrisə itirirdim.
Dəyişmək istəyirdim. Amma qorxurdum.
Tanımadığım gələcək, alışdığım narahatlıqdan daha təhlükəli görünürdü.
Bəzən alışdığım həyatımı qəbullanmağa çalışırdım.
Amma içimdəki o inadkar səs susmurdu.
“Getməsən, yox olacaqsan…” – deyirdi.
Sadəcə irəliləmək lazım idi – geriyə dönmədən, qorxmadan.
Yerimdə qalsam, içimdəki səs məni sakit-səssiz tükədəcəkdi.
Mən o səsə qulaq asmaq istədim.
Bütün səslərə qulağımı bağladım.
Sadəcə bir səsi – qəlbimin səsini dinlədim.
O səs heç bir səsə bənzəmirdi.
İnamla, cəsarətlə danışırdı.
Deyirdi ki: “Hərəkət etsən, qazanacaqsan. Yoxsa, bir yaz gülü kimi, heç açmadan solub gedəcəksən.”
Mən qorxaraq da olsa, irəliləməyə qərar verdim.
Çünki tükənmək – yaşamaqdan daha təhlükəli idi.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
“Yaradıcı adamların dünyanın içində öz dünyaları olur” – MÜSAHİBƏ
Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Müsahibimiz tanınmış Azərbaycan şairi, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Manevr.az” , “Dalidag.az” saytlarının qurucusu, Prezident mükafatçısı Namiq Dəlidağlıdır.
İnanırıq ki, müasir poeziyamızın tanınmış simalarından olan Namiq Dəlidağlı ilə apardığımız müsahibə oxucuların marağına səbəb olacaq.
— Namiq bəy, sizin fəaliyyətiniz çoxşaxəlidir. Aktiv ədəbi yaradıcılıqla məşğul olmaqla bərabər qurucusu olduğunuz saytlar, ədəbi birlik var. Eyni zamanda Türkiyədə fəaliyyət göstərən iki saytın köşə yazarısınız və s. Bu işlərin zəhmət, səbr tələb etdiyini bildiyimə görə, bu barədə sual verməyəcəm. Sizə doğma olan jurnalistika ilə ədəbiyyat arasındakı əlaqələr necədir və bu iki sahə bir-birinə necə bağlıdır?
— Əsas bağlılıq odur ki, ikisi də istedad tələb edir və yazmaq qabiliyyəti olan kəslər bu iki sahədə özlərini sınayır, imzalarını təsdiq edir. Fərqli tərəfi odur ki, ədəbiyyat sırf yaradıcılıq sahəsidir, jurnalistika isə həm də ədəbi - ictimai peşədir. Ancaq hər ikisinin materialı, xammalı SÖZDÜR.
—Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasdakı yeri haqqında nə düşünürsünüz?
Azərbaycan ədəbiyyatının tarixi çox qədim və zəngindir. Rəsmi mənbələr Qədim Azərbaycan ədəbiyyatının ilk nümunələrinin Herodotun “Tarix” kitabında saxlanılan “Midiya” və “Astiaq” əfsanələri olduğunu bildirir. Eləcə də Qədim Azərbaycan ədəbiyyatının bizə yadigar qalan ən böyük və mühüm abidəsi “Avesta”nın olması diqqətə çatdırılır.
“Kitabi - Dədə Qorqud” dastanı Azərbaycan türklərinin tarixi qəhrəmanlıq keçmişini əks etdirən möhtəşəm sənət abidəsi olaraq bu günümüzdə də aktualdır, oxunur. Qeyd edim ki, bu dastan, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq səviyyədə əhəmiyyətli bir mədəni irs nümunəsidir. 2000-ci ildə UNESCO tərəfindən “Dədə Qorqud” dastanı “Bəşəriyyətin Şifahi və Qeyri- Maddi Mədəni İrsinin Şah Əsərləri” siyahısına daxil edilmişdir. Bu, dastanın beynəlxalq səviyyədə tanınmasına və qorunmasına böyük töhfə vermişdir.
Onu da xüsusilə qeyd edim ki, Azərbaycan ədəbiyyatı müəyyən dövrlərdə təzyiqlərə məruz qalmış, çətin, eyni zamanda şərəfli tarixi yol keçmişdir.
1937-ci illərdə repressiya maşınının sükanı arxasında əyləşən Stalin-Bağırov cütlüyü “siyasi fəaliyyət”lərinə görə neçə-neçə milli düşüncə sahibinə, söz adamına, şair və yazıçımıza "xalq düşməni" damğası vuraraq həbs etdirdi, onlar işgəncələrə məruz qaldılar və edam edildilər.
Göründüyü kimi post-sovet dönəmində “sığala yatmayan”, “sözə baxmayan” müəlliflər represiya qurbanı olublar. Azad sözə, yaradıcılığa ciddi maneələr yaradılıb. Bu da ədəbiyyatın inkişafına sözsüz ki, mənfi təsirini göstərib.
Bütün bunlara baxmayaraq, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatına layiqli töhfələr verib.
Təbii ki, müasir Azərbaycan ədəbiyyatının inkişaf dövrü ölkəmiz müstəqillik qazanandan sonra başladı. Artıq Azərbaycan ədəbiyyatı kifayət qədər inkişaf edib və dünya səviyyəsində nəzm və nəsr əsərləri ortaya qoyub.
—Özbəkistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə ədəbiyyat əlaqələrini inkişaf etdirmək istiqamətində nə kimi işlər görülür? Şəxsən sizin ələqələriniz hansı səviyyədədir?
—Ümimiyyətlə, türkdilli dövlətlərlə ölkəmizin bütün sahələrdə geniş əlaqələri var, buna çox maraqlıyıq. O cümlədən ədəbi sahədə də əlaqələrimiz genişlənib. Həm mətbuat və media vasitəsi ilə, həm də şəxsi münasibət quraraq yaradıcılığımızı daha geniş arenada təqdim etməyə, qarşılıqlı əlaqələr yaratmağa çalışırıq. Müxtəlif qurumlar, ədəbi birliklər var ki, sözügedən sahədə çox aktivdirlər.
Ötən il növbəti şeirlər kitabım qardaş Özbəkisatanda nəşr edildi, orada yaşayan, mənə dəstək olan dostlarıma minnətdaram. Digər türkdilli ölkələrdə də kitablarımın çap edilməsini arzulayıram və bu yöndə işlər davam edir. Yaradıcılığımdan nümunələr Mərkəzi Asiya ölkələrinin mətbuat və mediasında ardıcıl olaraq dərc edilir, yayınlanır. Orada yaşayan yaradıcı adamların yaradıcılıq nümunələrini mütəmadi olaraq burada, rəhbəri olduğum saytlarda yayınlayırıq.
—Sizcə, bu gün ədəbiyyata, kitab oxumağa maraq əvvəlki kimi qalırmı? Gənclərin kitab oxumağa marağını necə artıra, inkişaf etdirə bilərik?
—Əlbəttə, əvvəlki dövrlə müqayisədə kitab oxumağa maraq xeyli azalıb. Bunun da obyektiv səbəbləri var. İndiki informasiya bolluğunda, maraq dairəmizin digər istiqamətlərə yönəldiyi bir vaxtda kitab oxumağa həvəs azalıb. Hər şeyin asanına qaçdığımız kimi, mənəvi ehtiyaclarımızı da asan yollarla təmin etməyə çalışırıq. O üzdən, kitabı əvəz edən internet resursları bu boşluğu, ehtiyacı müəyyən qədər doldurur. Bu da təbii haldı. Dünya sürətlə inkişafdadır. Ancaq kitabdan aldığımız ruh qidasını, dincliyi heç nə əvəz edə bilməz. Odur ki, gənclərə tövsiyə edərdim, kitaba yadlaşmasınlar, kitab gerçəkdən ruha qida verən ən gözəl mənbədi.
—Həyatınızda hansısa təsadüflər olub və onlar yaradıcılıq fəaliyyətinizə necə təsir edib?
—Həyatımda və yaradıcılığımda hansısa bir təsadüfin yaddaqalan rolu olmayıb. Həyatda eləyə bildiklərim çətinliklə və öz gücümə olub.
—Əgər öz həyatınızın bir hissəsini dəyişdirmək imkanı olsa, nəyi dəyişdirərdiniz və niyə?
-Heç nəyi. Çünki, bu mümkün deyil.
—Sizcə, yaradıcı insanlar dünyanı necə başa düşürlər və bunu necə ifadə edirlər?
—Bu dünyanın müvəqqəti olduğunu hər kəs bilir. Yaradıcı olan da, olmayan da. Burda əsas fərq dərk məsələsindədir. (Əslində dünya əbədidir. Biz gəlib-gedirik, o qalır) Bu dünyanın əbədi olmadığını bilə-bilə bəzi insanlar yaxşılıqdan çox, yamanlıq edirlər.
Bir də yaradıcı adamların dünyanın içində öz dünyası da olur. Xəyallarında qurduqları öz dünyalarını bəlkə də əbədi bilirlər. Bu bir təsəllidir həm də...
— Namiq bəy, hazırkı Azərbaycan ədəbiyyatının əsas mövzuları hansılardır?
—Bu suala müəyyən qədər fərdi yanaşsam daha doğru olardı. Çünki, yaradıcılıq fərdi məsələdir. Başqasının adından danışmaq, fikir bildirmək düzgün olmazdı. Hərənin öz səsi, öz sözü, öz ruhu var.
Azərbaycan vətəndaşı olaraq hazırkı dövrdə mən ən çox zəfər ruhuna köklənmişəm. Düzdür, yağı düşmənin millətimizə, məmləkətimizə qarşı törətdiyi vəhşiliyi, ağrı-acını zaman-zaman öz yaradıcılığımızda canlandıracağıq, bunu unutmaq olmaz! Ancaq daha çox otuz ilə yaxın erməni təcavüzünə məruz qalan bir ölkənin vətəndaşı, qələm adamı olaraq yurd-ağrı acısından deyil, parlaq qələbəmizdən, zəfərimizdən, igid Azərbaycan əsgərinin şücaətindən, igidliyindən yazıram və düşünürəm.
—Söz bu mövzudan düşmüşkən bildirim ki, beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi 30 ilə yaxın işğal altında qaldı. O cümlədən sizin doğulub boya-başa çatdığınız Kəlbəcər rayonu da işğal edilmişdir. Bu gün ölkənizin ərazi bütövlüyü təmin edilib, torpaqlarınız azaddı...
—Bəli. Havadarlarının köməyi və yardımı nəticəsində bütün parametrlərinə görə Azərbaycandan zəif olan Ermənistan ərazilərimizi uzun müddət işğal altında saxladı. Mən zəif deyəndə qarşı tərəfin təkcə hərbi gücünü, texnikasını nəzərdə tutmuram. Ermənilər bir toplum olaraq da zəif xalqdı. Onlarda vətən, torpaq sevgisi ötəridir. Çünki toplum olaraq həmişə köçəri həyat yaşayıblar, vətən sevgisi, yurda bağlılıq erməni toplumunda zəif olub, ya da heç olmayıb. Ermənistan bir dövlət kimi indi Azərbaycanın əzəli torpaqlarında mövcuddur. Tarixi vərəqləsəniz görərsiniz ki, burada heç bir erməni qəhrəmanının adı keçmir. Onlar həmişə terrora meyilli olub, günahsız insanları öldüməkdə “qəhrəmanlıq göstəriblər”. Ermənilər bizim yaddaşımızda “öz qanından qorxan” bir toplum kimi qalıb. Üz-üzə döyüşdə zəif olan erməni əsgəri havadarları olmasaydı bizim ərazilərimizi işğal edə bilməzdi.
44 günlük Vətən savaşında qəhrəman Azərbaycan əsgəri döyüş meydanında düşmənin cavabını verdi, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. 30 illik işğal dövründə ermənilər ancaq o yerlərdə oğurluqla, talançılıqla məşğul olub, demək olar ki, daşı-daş üstündə qoymayıblar qalsın. İtin yalqabını, ayaqyolunda unitazı belə aparıblar.
Mənim doğulduğum Kəlbəcər rayonu da bu işğalın, talançılığın qurbanı oldu. Ermənilər işğal dövründə onun təkrarolunmaz təbiətinə düşmən qənim kəsildi, bütün təbii sərvətini korkoranə, vəhşicəsinə daşıdı, taladı. Mənim doğulduğum kəndi, atam tikən evi də söküb dağıdıb, daşını belə aparıblar. Yersiz qisasçılq, insanlara nifrət bu toplumda çox güclüdür. Tarixən özlərinin heç nəyi olmadığı üçün həmişə qonşularının və digərlərinin torpağına, varına, mədəniyyətinə, ədəbiyyatına, mətbəxinə göz dikiblər, oğurluq ediblər.
-Yaradıcı adamın məsuliyyət ilə, şəxsi həyatındakı məsuliyyət arasında necə əlaqə var?
- Əslində məsuliyyət məsələsi insanın ən müsbət cəhətlərindən biridir. Həm şəxsi, həm də yaradıcı insanların məsuliyyətinin kökündə dəqiqlik dayanır. Şəxsi həyatında məsuliyyətli olan insanlar çox zaman yaradıcılıq sahəsində bu keyfiyyətə malik olur. Ancaq burada müşahidə elədiyim digər bir məqam var: bəzi hallarda yaradıcı insanlarda olan tənbəllik, məsuliyyət məsələsini kölgədə qoyur. Bu da insanın özündən asılı deyil.
-Sizcə, yazıçının, şairin dünyagörüşü digər insanlardan fərqlənirmi? O, hansı prinsiplərə əməl etməlidir?
- Yazıçı və ya şairin dünyagörüşü digər insanlarla eyni ola bilər. Ancaq dünyaya baxışılarında fərq var. Ancaq yaradıcı adamların cəmiyyətdə nüfuzu, çəkisi onları daha diqqətli, məsuliyyətli olmağa çağırır. Çünki onlar ictimai şüurun formalaşmasına, həm də insanların düşüncə tərzinə təsir edə bilirlər.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Yazı — Sözün çölüdürmü?
Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
“Yazı” deyəndə biz indi adətən ağ vərəqi, qaradaş (qələm) izini və ya yazılmış düşüncə anlayırıq. Amma bu söz əski türkün dünyasında tam başqa anlam daşıyırdı...
Öz türkcədə “yazı” – sadəcə yazılmış söz deyildi. Bu söz “çöl”, “düz”, “bozqır”, “sərilmiş genişlik” anlamlarında işlənirdi.
Yəni yazı – açıq yer, sərhədsiz dünya, insanın özünü anlada bildiyi, içindəkiləri hayqıra bildiyi oylaq, genişlik idi.
Toponimlərdə bu hələ də yaşayır: məsələn “Qarayazı” – “böyük çöl” deməkdir.
“Qara” – ulu, əzəmətli, güclü;
“Yazı” isə – özgür, sınırsız torpaq.
Yazı – eyni anda “sözün çöldə saldığı iz”dir. Yazmaq – Özgürlük, tinin (ruhun) fırtınasından doğan bir iz salmaqdır sanki. Çünki çöl nə qədər boş görünürsə, yazı da o qədər boş görünə bilər. Amma diqqətlə baxanda – izlər görünür.
Yazıçının işi də bu deyilmi?
O da çıxır çölə – sözlərin çölünə.
Düşüncələr əkir, onları toplumun içinə səpələyir, tümçələrlə torpaq sürür, sözün günəşi altında düşüncələri qurudur, bəzən də içsəl tufanlarını səssiz-səmirsiz çöldə dinclik tapır.
Öz türklər çölə çıxmağı davranış kimi yox, duyğusal sınır (sərhəd ) keçidi kimi görürdülər.
Yazmaq da budur: öz içindən çıxmaq.
Çöldə iz salmaq.
İndi belə bir sorğu doğur:
Əgər yazı çöldürsə…
Yazıçı da Çölçüdürmü?
Bəlkə də elədir.
Məncə, yazıçı:
özünü gurlaşdıra bilən,
içini çölə çevirən adamdır,
düşüncəsini, özünü çöldə açan,
qaranlıqda gözlə yox, duyğu ilə yazan,
keçilməmiş yollarla danışan adamdır.
Bu baxımdan yazıçı – dəyər yaradıcısıdır.
O iz buraxandır.
Çölə çıxan, geri qayıtmayan, gələcəyə, yaşama və toplumun ağlına səssiz izlər salan bir Çölçüdür.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Onlar gün saymır, bir gün azadlığa oyanmaq ümidi ilə yuxuya gedir
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Onlar gün üzünə yox, azadlığa həsrətdirlər. Bəlkə də heç zaman, heç nə üçün gün saymayan bu insanlar indi dəmir barmaqlıqlar ardında günləri, həftələri və illəri sayırlar. Bəzən də, bu sayım heç bitmiyəcək qədər uzun olur... Ömürlük!
Hər səhər zindan kimi dəmir qapıların cırıltısı, ağ divarların öz-özünə rəsm yaratdığı sonsuz tablo, ümidin səngidiyi, sözün yaddan çıxdığı bu məkanda insan bəzən öz kölgəsini belə görə bilmir. Cəzaçəkmə müəssisələri həyatın dayandığı, xəyalların hər gün beyni qurcaladığı yerdir. Bəzən həyat burda nə cəzanın bitməsi, nə də azadlığa çıxışdır. Həyat sadəcə anı yaşamaqdır.
Cəzaçəkmə müəssisələrində nəfəs alanların əksəriyyəti vaxtlarının bitməsini gözlədiyi halda, bəziləri bunu vərdişə çevirərək monotonluğun içində itib-batırlar. Bura məhkumların dünyasıdır. Günlər bir-birinə bənzəyir. Saatlar Nuh əyyamından qalmış kimi paslanıb. Onlar üçün hər yeni gün təqvimdəki həmin tarixə xətt çəkməklə keçir. Günlər hardasa aşağı-yuxarı eyni keçir. Nə fəsillərin rəngi, nə də ömrün çağları burada hiss olunur. Burada yalnız insanların daxili sükutu hiss olunur.
Bəzi məhkumlar üçün islah evi bir oyanış, bir diriliş və yenidən özünü tapmaqdır. Bəziləri üçün isə sadəcə həyatda qalmaq uğrunda mübarizə. Onlar burada nə qədər yaxşı olduqlarını desələr də, susqunluqlarında tamam başqa bir həqiqət pıçıldayır. Bu həqiqətin adı “vicdan əzabı”dır. Çünki bu divarlar azadlıq üçün bağlı, həqiqət üçün açıqdır.
Bəlkə də onların içində minbir peşmançılıq var. Hərəsi öz içindən qışqırır: “Biz səhvlərin kölgəsində böyüyən, peşmançılığın içində cılızlaşan adamlarıq. Kimimiz bilməyərəkdən, kimimiz isə bilə-bilə bu dəmir barmaqlıqlar arxasındayıq. Biz burada təkcə cəza çəkmirik, həm də cəzanın nə olduğunu anlayırıq. Bəzən bir məktub, bir uşaq şəkli, bir dua, bir göz yaşı bizi dəyişir. Bəzən isə heç nə dəyişmir.”
Gün işığı burada pəncərəyə toxunmur. Pəncərə isə azadlığın nə olduğunu çoxdan unudub. Qapılar bağlanır. Dəmirin dəmirə dəyən səsi eşidilir. Bu səslərin arasında isə gecələr yatmayan adamların hıçqırtılı duaları var. Kimsə illər əvvəl öpdüyü uşağın şəklini çıxarıb qoynuna sıxaraq yuxuya gedir!
Cəza sadəcə azadlıqdan məhrum olmaq deyil. Cəza sənin səsini heç kimin eşitməməsidir. Sənin peşmanlığını heç kimin görməməsidir. Azadlıqlarına qıyanlar, sevdiklərini yalnız xatirələrindəki üzlərindən tanıyırlar.
Bəzən bir anlıq əsəb, stres və hiddətlə verilmiş qərar həyatımızı dəmir barmaqlıqlar arxasına sürükləyir. Biz içəridə də dustaq olduğunuz halda, bütün ailə üzvlərimiz bizimlə bərbar dustaqlaşır. Özümüzə vurduğumuz zərbəni dolayısı ilə canlı mərmi kimi onlara tuşlayırıq.
Gəlin sevdiklərimizə sarılaq ürəklə, övladlarımızın əlindən tutaq sevə-sevə. Ayaqlarımızın, əllərimizin və gözlərimizin qədrini bilək. Onları başımıza gələcək bütün pis hadisələrdən sığortalayaq. Daima ətrafımızda bir nəfər olsun... Bizi bir baxışla, bir sözlə dayandıracaq biri. Unutmayaq: Azadlıq sahib olmaq yox, qoruya bilməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Buraxmayıb əllərini əlimdən… - QASIM QASIMZADƏNİN DOĞUM GÜNÜNƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar…
Deyəndə ki, gəl qayıqla üzək, yar,
Çatıb qara qaşlarını nədən sən,
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?
Ay ucalır, gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı…
Üşüyürsən, bir yaxına gəl barı,
Qəzəblənib alovdan don geyirsən,
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?
Sübh şəfəqi boyayanda aləmi,
Töküləndə çiçəklərin şəbnəmi…
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərini əlimdən
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?
Görkəmli xanəndə Qədir Rüstəmovun ifasında məşhur olan "Olmaz-olmaz, olmaz-olmaz deyirsən" mahnısının sözləridir, bu mahnının dinləməyən inanmıram ki olsun. Bəs bu gözəl sözlərin müəllifi kimdir? Azərbaycan Yazıçılar İttifaqının üzvü, dövrünün tanınmış şairi Qasım Qasımzadə! Bu gün onu mütləq anmalıyıq, çünki, bu gün onun dünyaya gəlişi günüdür.
Qasım Qasımzadə 23 iyun 1923-cü il tarixində Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlayıb. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. Şeirləri bir sıra xarici dillərə tərcümə edilib.
Kitabları
1. Bizim kənd
2. Bizim şəhər
3. Bizim dağlar
4. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu
5. Ürək döyüntüləri
6. Son görüş
7. Süleyman Rəhimov
8. Kiçik dayə
9. Nəğməli ürəklər
10. Bənövşə yarpağı
11. İsmət
12. Aşıq gördüyünü çağırar
13. Getdim, gördüm, düşündüm
14. Dağlar buraxmır məni.
15. Keçmə namərd körpüsündən
16. Daşdan keçən söz
17. Ədəbiyyatımız, mənəviyyatımız
Tərcümələri
- M. Tursunzadə. Hindistan balladası
- M. Mirşəkər. Qızıl qışlaq
- İ. Noneşvili. Qonaq gəlin Gürcüstana
- M. Tursunzadə. Asiyanın səsi
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Və onu da mütləq xatırladaq ki, hazırda oğlu, gözəl ziyalımız, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə ədəbiyyata xidmətdə ata yolunu şərəflə davam etdirir.
Qasım Qasımzadə 1993-cü ilin 28 iyulunda vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Bülbülün 128 illiyinə həsr olunmuş tədbir keçirilib
Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və Şövkət Ələkbərova adına 20 nömrəli 11illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün anadan olmasının 128 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Bülbüllə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq Bülbülün həyat və yaradıcılığından, Ümummilli Lider Heydər Əliyevin Bülbül yaradıcılığına göstərdiyi diqqət və qayğıdan, muzeyin yaranma tarixindən bəhs edib.
Tədbirdə həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı, şair - publisist Güləmail Murad çıxış ediblər.
Bülbülün xatirəsinə həsr olunmuş tədbirdə Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm" romansı, "Muğamsayağı", Fikrət Əmirovun "Yaz nəğməsi", "Məktəblilər nəğməsi ", Tofiq Quliyevin "Coş dənizim" mahnısı, Həsən Rzayevin "Çahargah rapsodiyası" və digər əsərlər səsləndirilib.
Sonda Bülbülün ifasında Qliyerin "Şahsənəm" operasından Aşıq Qəribin ariyası təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
“YARAT – Daxilindəki sənətkarı oyat!” devizi altında yaradıcı master-klass təşkil olunub
19 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində yaradıcı master-klass baş tutub. “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi ilə təşkil olunan master-klassda uşaqların estetik dünyagörüşünü genişləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müxtəlif əl işləri hazırlanıb.
Master-klassda uşaqlar müxtəlif nağıl və hekayə kitablarından ilhamlanaraq fərqli əl işləri hazırlayıblar. Əsas diqqət uşaqların təxəyyül gücünün stimullaşdırılmasına yönəldilib. Onlar gildən müxtəlif fiqurlar düzəldib və bu fiqurları öz zövqlərinə uyğun rəngləyiblər. Bu proses zamanı uşaqlara kitabxananın əməkdaşları tərəfindən həm nəzəri, həm də praktik dəstək göstərilib. Kitabxanaçılar uşaqlara fiqurların hazırlanma texnikası və boyalanma qaydaları barədə ətraflı məlumat verərək, yaradıcı prosesin hər mərhələsində onlara bələdçilik ediblər.
Uşaqlar tərəfindən böyük maraq və həvəslə qarşılanan master-klass onların yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, eyni zamanda estetik zövqlərinin formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan bu cür maarifləndirici və yaradıcı tədbirlər uşaqların intellektual və emosional inkişafına xidmət edir. Festival çərçivəsində analoji tədbirlərin keçirilməsi davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Azərbaycanın ilk qadın rejissorlarından biri - Gülcahan Güləhmədova
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Güləhmədovanı bu gün əbəs xatırlamadıq. Bu gün onun doğum günüdür. Və özü də, elə-belə, adi ildönümü deyil, tam 100 illiyidir. Gün ərzində izləyəcəyəm, görüm mədəniyyətimiz naminə bu qədər fədakarlılar göstərmiş bu xanımı bu gün hansı səviyyədə yad edəcəklər.
Gülcahan Güləhmədova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olub. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Onun müəlllimi Mehdi Məmmədov olub. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlayıb.
O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurub. Adətən mental olaraq azərbaycanlı xanımın başqa millətdən olanla ailə həyatı qurması qəbul edilmir, bu səbəbdən də Gülcahan xanım müəyyən problemlər yaşayıb.
1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu edib.
1982-ci ildə rejissor teatrdan uzaqlaşıb və həmin ildən Opera Studiyasında çalışmağa başlayıb. Gülcahan Güləhmədova həmçinin Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri vəzifəsində də çalışıb. Onun tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistlər, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.
Filmoqrafiya
Sən həmişə mənimləsən
Mükafatları
1. "Əməkdə fərqlənməyə görə" medalı
2. "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı
3. Azərbaycan SSR Dövlət mükafatı
4. "Azərbaycan SSR Xalq artisti" fəxri adı
5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Gülcahan Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat edib. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)