Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün AMEA A.A.Bakıxanov adına Tarix və  Etnologiya İnstitutunun "Qərbi Azərbaycantarixi" şöbəsinin rəhbəri t.ü.f.d.dosent Cəbi Əmirvar oğlu Bəhrəmovun məqaləsi təqdim ediləcək.

 

 

Cəbi Əmirvar oğlu BƏHRAMOV

 

ŞİMALİ AZƏRBAYCAN ƏRAZİLƏRİNİN RUSİYA İMPERİYASI TƏRƏFİNDƏN İŞĞALI VƏ QƏRBİ AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİLƏRƏ GÜZƏŞTƏ GEDİLMƏSİ.

(1813, 1828, 1918, 1920-1929-CU İLLƏRİN QISA TARİXİ OÇERKİ)

 

Azərbaycan ərazilərinin çar Rusiyası və Qacarlar dövləti arasında 12 oktyabr 1813-cü il Gülüstan və 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan törpaqlarının bölüşdürülməsi onun sahibi Azərbaycan xalqının Avropada tətbiq olunan hər bir xalqın təməl hüququnun-legitimlik hüququnun  pozulması ilə nəticələndi.Yəni Azərbaycan xalqının razılığı olmadan onun özü və  ərazi bütövlüyü pozulmuş oldu.  Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, Qacarlar dövləti və Osmanlı Türkiyəsi ərazilərindən ermənilərin Rusiya imperiyası tərəfindən işğal olunmuş Şimali Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıldı. 1826-1828-ci illərdə II çar Rusiyası-Qacarlar dövləti müharibəsi gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə8 min 249 erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza Qacarlar dövləti ərazisindən 40.000, Osmanlı Türkiyəsi ərazilərindən isə 85.000 nəfər erməni köçürüldü və onlar Yelizavetpol (1868)(Gəncə)  (1804-cü ilin yanvarınadək keçmiş Gəncə və Qarabağ xanlıqlarının əraziləri) və İrəvan (1849) quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200.000 desyatindən çox xəzinə torpağı ayrıldı. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində yenə Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu addım çar Rusiyası tərəfindən Azərbaycan xalqının  legitimlik hüququnun növbəti dəfə pozulması idi.  XIX əsrin 30-cu illərindən başlayaraq Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda həyata keçirilən xristian etiqadlı xalqların bu ərazilərə köçürülməsi işi getdikcə ardıcıl xarakter almaqla, məqsədyönlü siyasətə çevrilmişdi.XIX əsrin axırlarında isə çar hökuməti köçürmə üzrə qanunvericilik aktlarının hazırlanmasına başlamışdı. 1899-cu il aprelin 15-də II Nikolay tərəfindən "Cənubi Qafqazda köçürməyə icazə" haqqında qanun imzalanmışdı. 1900-cü il dekabrın 22-də elan olunmuş yeni qanunda isə Qafqazda mülkü işlər üzrə baş rəisə icazə verilmişdi ki, "rus mənşəli və pravoslav dininə mənsub kəndlərin" vəsatətlərini yalnız ilkin qaydada müzakirə etməklə, onlar xəzinə torpaqlarında yerləşdirilsin. Yerli hakimiyyət orqanları çarın bu sərəncamını həyata keçirərək artıq 1901-ci ilin martında köçürmə sahələrini müəyyənləşdirməyə başladılar. 1904-cü ilin iyulunda çar Rusiyası hökuməti tərəfindən daha yeni bir qanun verilmişdi: "Kənd əhlinin və əkinçi meşşanların könüllü surətdə haqqında müvəqqəti qaydalar" qanuna görə yalnız rus mənşəli, pravoslav dininə mənsub yerli adamların və ya üç idarənin – Daxili İşlər Nazirliyinin, Hərbi İdarənin və Qafqazda Mülkü İşlər üzrə Baş rəisin mülahizəsi ilə bölücü dini sektantlarına mənsub şəxslərin imperiyanın müsəlman ucqarlarına, o cümlədən də Cənubi Qafqaz diyarına köçürülməsinə icazə verilmişdi. Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət bütün XIX əsr ərzində davam etmiş və nəticədə Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı çar məmuru və publisist N.Şavrovun 1911-ci ildə yazdığı kimi: "...hazırda Cənubi Qafqazda yaşayan 1 mln. 300 min erməninin 1 mln nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən buraya köçürülənlərdir".XX əsrin əvvəlində onların Cənubi Qafqazda ən başlıca himayədarı olan Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov 1912-ci il oktyabrın 12-də çar II Nikolaya məktubla müraciət edərək yazırdı: "Həmişə bizə böyük xidmətlər göstərmiş ermənilərə himayədarlıq etməklə biz etibarlı müttəfiq qazanmışıq". Rusiya imperiyasının Cənubi Qafqazda təşkil etdiyi milli toqquşmalarla müşayiət edilən dağıdıcı müstəmləkə siyasətinin mahiyyətini I Dövlət Dumasının Yelizavetpol (Gəncə – C.B.) quberniyasından seçilmiş deputatı İsmayıl xan Ziyadxanov 12 iyun 1906-cı ildə keçirilən I çağırış I sessiyanın 25-ci iclasında 1906-cı il mayın 27-də İrəvanda tatarlarla (azərbaycanlılarla – C.B.) ermənilər arasında baş vermiş toqquşmalar, əhalinin təhlükəsizliyinin təmin olunması tədbirləri barədə Nazirlər Şurası sədrinə verilən sorğuya dair müzakirələrdə iştirakı zamanı etdiyi çıxışında belə qiymətləndirirdi: "Biz-müsəlmanlara onlar deyirdilər ki, siz iqtisadi cəhətdən erməniləri kölə vəziyyətinə salmısınız, onlar öz çarlığını yaratmaq istəyərək güclü silahlanırlar, bir gün görəcəksiniz ki, siz artıq yoxsunuz. Ermənilərə isə deyirdilər ki, panislamizm ideyası müsəlman cəmiyyətinin bütün təbəqələrinə dərin kök salmışdır və bir gün müsəlmanlar sizi tikə-tikə doğrayacaqlar. Fitnəkarlıq bu yolla gedirdi". İ.Ziyadxanovun Dövlət Dumasında etdiyi bu çıxışdan 115 il keçməsinə baxmayaraq, 1988-ci ildən bu günə qədər keçən dövrün hadisələrini analiz etdikdən sonra İ.Ziyadxanovun nə qədər uzaqgörən və müdrik bir insan olduğunun şahidi olursan.

1917-ci il oktyabrın 26-da Rusiyada ABŞ və Avropa maliyyə maqnatlarının yardımı ilə bolşeviklərin həyata keçirdikləri hərbi çevriliş nəticəsində Petroqradda hakimiyyət onların əlinə keçdi. Sovet Rusiyası XKS-nın sədriV.İ.Leninin imzaladığı sənədlərə əsasən,Polşa, Finlandiya və Pribaltika ölkələrinin dövlət müstəqilliyi tanınsa da, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi tanınmadı. Bunun isə əsas səbəbi Bakı neftini əldən verməmək idi. Buna görə də hakimiyyəti silahla ələ alan bolşeviklər çarizmin Şimali Azərbaycana qarşı yeritdiyi siyasətə daha sərt xarakter verərək daşnak-kommunist ermənilərdən istifadəyə üstünlük verdilər. 1917-ci il dekabrın 16-da RSFSR XKS-nin sədri V.İ.Leninin sərəncamı ilə S.G.Şaumyan Qafqazın Fövqəladə və səlahiyyətli Komissarı təyin edildi və ona burada öz fəaliyyətini təşkil etmək üçün 500.000 rubl qızıl pul ayrıldı.Cənubi Qafqaza gələn S.G.Şaumyan Bakıda bütün anti-Azərbaycan siyasi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirdi. Bolşevik-daşnak hakimiyyətini burada möhkəmləndirmək üçün 1918-ci il fevralın 13-də RSFSR XKS yeni qərar qəbul etdi. Bu qərara əsasən,S.G.Şaumyanın sərəncamına 31,8 mln. rubl qızıl pul, 5 min tüfəng, 2 mln. patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın və döyüşçü dəstələri, o cümlədən Moskva Hərbi Dairəsinin 4-cü səyyar inqilabi dəstəsi göndərildi. Nəticədə 1918-ci ildə Bakı şəhəri və onun ətrafında olan ərazilərdə yaşayan azərbaycanlı əhaliyə qarşı ən ağır cinayət-soyqırımı cinayəti törədilərək ən azı 12 mindən artıq azərbaycanlı məhv edildi. 1918-ci ilin martından 1921-ci il avqustun 1-dək isə bütün Şimali və Cənubi Azərbaycan ərazilərində 700.000-dən çox azərbaycanlı soyqırımı cinayətlərinin qurbanı oldu. Bu cinayətlərin hansı səbəbdən törədildiyini S.G.Şaumyan RSFSR XKS-nin sədri V.İ.Leninə 13 aprel 1918-ci il tarixində ünvanladığı məktubunda yazırdı: "Əgər onlar qəbula gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan edilər və bütün qeyri-müsəlman ünsürlər tərki-silah və məhv edilərdi". S.G.Şaumyanın I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı vuruşan və 1917-ci il 5 oktyabr Ərzincan müqaviləsinə görə,Qafqaz Cəbhəsindən geri qayıdan daşnaklardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətməsi və ən başlıcası, Bakı şəhərində hakimiyyəti ələ keçirməsi V.İ.Lenin tərəfindən çox böyük razılıqla qarşılanmışdı. S.G.Şaumyanın Bakı Neft Komitəsinin sədri təyin etdiyi Saak Ter-Qabrielyan 7 ədəd neftlə doldurulmuş gəmi ilə əvvəlcə Həştərxana, sonra isə Moskvaya gələrək V.İ.Leninlə görüşmüşdu. Bu görüş zamanı V.İ.Lenin S.G.Şaumyanın törətdiyi cinayətlərin miqyasından heyran qaldığını söyləyərək: "…Bakı "proletariatına" həm mənəvi, həm də maddi kömək göstərməyə hazır olduğunu" bildirmişdi. I Dünya müharibəsində iqtisadi baxımdan çökmüş ölkəni dirçəltmək üçün Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı neftinin ələ keçirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Buna görə də RSFSR XKS-nin 1918-ci il 22 may tarixli qərarı bu baxımdan diqqəti cəlb edir. Qəbul olunmuş qərarda deyilirdi:"…ən çox miqdarda neft yola salınması birinci növbədə və sözsüz təmin edilməlidir". 1918-ci il iyunun 5-də V.İ.Lenin Saak Ter-Qabrielyana vurduğu teleqramda S.G.Şaumyanın sərəncamına əlavə olaraq 50 milyon pul ayırdığını və "nefti birinci yerə qoymaq" tapşırığını vermişdi. Lakin bununla yanaşı, 1918-ci il iyunun əvvəlində bolşevik-daşnak hakimiyyətinin məhv olacağını görən Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı Sovetinə vurduğu teleqramda yazırdı: "Əgər hücum baş tutarsa, mümkündürsə, siz Terə (yəni Ter-Qabrielyana – C.B.) xəbər verəsiniz ki, o,Bakını tam yandırmaq üçün tədbirlər görsün və bu barədə Bakı mətbuatında elan versin". Sonralar bolşeviklərin başçısının bu göstərişi ilə əlaqədar pof. E.Razin yazırdı: "....Bakının mədənlərini yandırmaq əmrini yalnız və yalnız İnsanlıq hissini itirmiş cinayətkar verə bilərdi". 1918-ci il mayın 26-da Gürcüstan Cənubi Qafqaz Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Şimali Azərbaycan quberniyalarından seçilən deputatlar Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər.Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun (Gümrünün – C.B.) Osmanlı Türkiyəsi Ordusu tərəfindən tutulduğunu qeyd edir və siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi mümkün olabiləcək ərazilərin məsələsini müzakirə etməyi təklif edirlər. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun AXC-nin Xarici İşlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan Xoyski məktubunda yazırdı: "Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatu-mumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərlə güzəştə getdik". Lakin bu məsələyə aid arxiv sənədlərinin son dərəcə dəqiqliklə öyrənilməsi və elmi təhlili qəbul edilən taleyüklü qərarın bütün beynəlxalq hüquq prinsiplərinin pozulması ilə müşaiyət olunduğu və Azərbaycan xalqının rəyi soruşulmadan qəbul edildiyi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. Bu məsələyə aid əsərlər içərisində arxiv sənədlərinin zənginliyi ilə seçilən əsərlərdən biri t.e.d.dos. V.V.Qafarovun 2011-ci ildə "Azərnəşr" nəşriyyatında çap olunmuş "Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1920)" adlı monoqrafiyasıdır ki, bu əsərin V fəslində bütün Azərbaycan xalqını daima maraqlandıran ən ağır suallardan birinə – İrəvan şəhərinin ermənilərə necə verilməsi məsələsinə müəllif tərəfindən Türkiyə Cümhuriyyəti BBA-də aşkar edilmiş sənədlərdə aydınlıq gətirilmişdir. Bu fakt da məlumdur ki, o zaman Bakı şəhəri Sovet Rusiyasının əlində idi. Bütün bunlarla yanaşı, Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Zəngəzur bölgələrində erməni quldur dəstələri yerli azərbaycanlı əhaliyə qarşı talan və quldur hücumlarına davam edirdi. Çıxılmaz vəziyyətə düşən Azərbaycan əhalisi öz nicat yolunu Osmanlı dövlətinə müraciət etməkdə görürdü və bunu nəzərə alan Seymdə təmsil olunan azərbaycanlı deputatlar da belə bir fikrin tərəfdarı idilər. Bakı neftinə sahib olmaq üçün Sovet Rusiyası ilə bərabər, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya dövlətləri bir-biri ilə kəskin mübarizə aparırdı. Həmin dövrdə Böyük Britaniyanın Baş naziri olmuş L.Corc yazırdı: "…müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatlar xeyli uzanar və onun hansı nəticələri verəcəyini qabaqcadan söyləmək olmazdı". İranda Böyük Britaniyanın Əlahiddə Korpusunun komandanı general Denstervil bu fikri təsdiq edərək yazırdı: "Bakının əhəmiyyəti böyük idi… Bizim planımız Xəzər dənizində üstünlüyü ələ almaq idi, bunu isə yalnız Bakını tutmaqla həyata keçirmək mümkün idi, yəni bu şəhəri "düşmən işğalından müdafiə etmək lazım idi". Sonralar İngiltərənin "The Times" qəzeti elə belə də yazırdı: "Biz ora getdik ki, Bakının neft mənbələrini ələ keçirək". Bu fikrin təsdiqi olaraq Uinston Cörçil 1918-ci ildə Böyük Britaniyada nəşr olunan "Nur İST" jurnalında çap etdirdiyi məqaləsində yazırdı: "Neft məsələsində Bakının tayı-bərabəri yoxdur. Bakı dünyanın ən böyük neft mərkəzidir. Əgər neft kraliçadırsa, Bakı onun tacıdır". Regionda baş verən hadisələrlə yanaşı, onun hüdudlarından kənarda da Bakı nefti ilə bağlı yeni gizli və açıq siyasi sövdələşmələr aparılırdı. Belə ki, 1918-ci il avqustun 27-də Sovet Rusiyası və Kayzer Almaniyası arasında Osmanlı Türkiyəsindən gizli şəkildə bir saziş imzalanmışdı. Razılaşmaya əsasən, Bakıda neftin çıxarılması Sovet Rusiyasının iştirakı və nəzarəti altında olmalı, onun dörddə biri isə Almaniyaya verilməli idi". Qeyd etmək lazımdır ki, göstərilən dövrdə Bakı neftini ələ keçirmək uğrunda mübarizə aparan dövlətlərin Cənubi Qafqaz siyasətində erməni amili, onlardan istifadə hər addımda özünü büruzə verirdi. Buna görə də bütün bu dövrdə gedən hərbi-siyasi proseslər fonunda Azərbaycan xalqı Osmanlı Türkiyəsi dövlətinin göstərə biləcəyi yardıma ümid edirdi. 1918-ci il may ayının 24-də Tələt paşa Batum konfransındakı Osmanlı Türkiyəsi nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramda yazırdı: "Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerkada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər". 103 il bundan əvvəl çox müdrikliklə deyilən bu sözlər bu gün artıq öz ağır dəhşətləri ilə reallığa çevrilmişdir. 1918-ci il mayın 29-da keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə iki dəfə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə səlahiyyəti olmadığı halda,onun güzəştə gedilməsinə  qarşı etiraz ərizəsi ilə müraciət etsələr də, iştirak edən 20 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verdi.Burada təbii olalar sual olunur:İrəvan şəhəri ermənilərə güzəştə gedilərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdurmu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv və bağışlanılmaz bir siyasi addım olduğunu bir daha təsdiq edir.Bu zaman da Azərbaycan xalqının  legitimlik hüququ pozulmuş oldu. Çünki güzəştə gedilən ərazinin mülkiyyət hüququ ona məxsus idi.Bu hüququ çox təəssüflər olsun ki, biz özümüz pozmuş olduq. Digər tərəfdən, İrəvan şəhərinin ermənilərə verilməsi məsələsi Erməni Milli Şurası tərəfindən Azərbaycan XC Milli Şurasına müraciətindən sonra müzakirə olunmuşdu və çox təəssüflə qeyd etmək lazımdır ki, İrəvan şəhəri və onun quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 100.6 min kv.kmtəşkil edirdi. Qeyd etmək lazımdır ki, dövrün arxiv sənədlərində bu tarixə qədər bütün Cənubi Qafqazın ərazisi 210.000 kv.km. olmuşdur ki, onun da 61.5 min kv.km.-i Gürcüstana, 9.000 kv.km-i güzəştə gedilən ərazi kimi ermənilərə, Brest və Batum konfranslarının qəbul etdikləri qərarlara görə, 45.5 min kv.km isə Osmanlı Türkiyəsinə məxsus idi. Ermənilər onlara edilən güzəşt nəticəsində hüquqi məkan əldə etdikdən dərhal sonra Şimali Azərbaycanın Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər, halbuki ermənilər 1918-ci ilin mayında Batum danışıqları zamanı bu ərazilərə iddia etməyəcəkləri barədə öhdəlik qəbul etmişdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.Sovet Rusiyası hökuməti Gürcüstan və Daşnak Ermənistanı ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan SSR nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya milliyyətcə ermənilər, ya da gürcülər təmsil edirdilər. 1920-ci ilin iyunundan avqustun 10-dək aparılan danışıqların nəticəsi olaraq İrəvan şəhərində Sovet Rusiyası ilə Daşnak Ermənistanı arasında müqavilə imzalanarkən, bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycan SSR-in milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Daşnak Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi:"…məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər". İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı, ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində,Azərbaycanın tarixi torpaqlarının Daşnak Ermənistana verilməsi planı V.Leninin razılığı ilə İ.Stalin tərəfindən hazırlanmışdı. Çünkisonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da İ.Stalin tərəfindən həyata keçirilmişdi. 1920-ci il noyabrın 4-də İ.Stalin, S.Orconikidze, T.Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Sovet Rusiyası ilə Daşnak Ermənistanı arasındakı müqavilənin şərtlərinə toxunularkən İ.Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: "Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər". İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə İ.Stalinin bu məsələ ilə RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq haqqında razılaşma əldə olunmuşdu. Bu qərarın özü bir daha göstərir ki, Azərbaycan torpaqları Sovet Rusiyası tərəfindən hərraca qoyulmuşdu.Həmin qərarın "B" bəndində yazılırdı: "Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir". Qərarın "Q" bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, "D" bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyini göstərilirdi.Zəngəzurun Qərb hissəsinin ermənilərə verilməsi, sadəcə Sovet Rusiyasının təzyiqi ilə "bağışlanması" istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə bildirmişdi: "Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir, Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir". 1920-ci il dekabrın 2-də İ.Stalinin "Azərbaycanın fatehi" adlandırdığı S.Orconikidze V.İ.Leninə və onun özünə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun qərb hissəsinin Ermənistan SSR-ə verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman əhalisi yaşayan hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar qəbul edildi. Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Cənubi Qafqaz MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi: Nüvədi, Ernəzir və Tuğut-Ermənistan SSR-ə verildi. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə "bağışlanması" və burada Mehri rayonunun təşkili ilə Azərbaycan SSR özünün tərkib hissəsi olan Naxçıvan diyarından ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Naxçıvan Muxtar Respublikasının 1921-ci il Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Osmanlı Türkiyəsi dövlətinin razılığı olmadanCənubi Qafqaz Sovet MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km. ərazisi Ermənistan SSR-ə verildi.Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistan SSR-ə keçdi.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 08:32

Balaca balıqdan yazıb sularda qərq oldu

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət” 

  

Onun balaca qara balığı arxdan çıxıb dənizə qovuşdu. O, özü isə çayda boğuldu.

Mən bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da

mövcuddur?!

               “Balaca qara balıq”, Səməd Behrəngi

 

Bu gün müəllim, tərcüməçi, nasir, publisist, dünya miqyasında daha çox "Balaca qara balıq" əsəri ilə məşhurluq qazanmış, İranda uşaq ədəbiyyatının banisi sayılan, böyük nağıl ustası adlandırılan Azərbaycan yazıçısı Səməd Behrənginin doğum günüdür.

 

Səməd Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində dünyaya gəlib. İbtidai təhsilini Təbrizdə "Tərbiyyət" məktəbində alıb. Daha sonra təhsilini Təbriz pedaqoji texnikumunda davam etdirib.

Hələ tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk

ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.

Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Eyni zamanda 1956-1961-ci illərdə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb. 

Azərbaycan kəndlərini dolaşaraq folklor nümunələri toplayıb, Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Bu səbəbdən həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Eyni zamanda onun  fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda dərc olunub.

Səməd Behrəngi həm də İranda uşaq ədəbiyyatının banisi sayılır. İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Sonralar “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını qələmə alıb.

Ona dünya şöhrəti qazandıran "Balaca qara balıq" əsərini siyasi manifest adlandırıb və hətta İranda qadağan ediblər.

Yaşının gənc olmasına baxmayaraq böyük nağıl ustası adlandırılan Səməd Behrəngi 28 yaşındaykən 1967-ci ildə avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəkildə boğulub. Fəaliyyətinə, əsərlərindəki siyasi motivlərə görə dəfələrlə təqib olunduğu və əsərlərinə qadağa qoyulduğu üçün yazıçının şah rejimi tərəfindən öldürüldüyü iddiaları da mövcuddur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 08:05

KİTABLARIN DOSTU – onu hamı belə tanıyır

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Bəli, “Qanun” nəşriyyatının sahibi, kitabların dostu, əhalini maarifləndirmək yolunda minbir əziyyətə qatlaşan Şahbaz Xuduoğlunun bu gün doğum günüdür.

 

24 iyun 1968-ci ildə anadan olan Şahbaz bəy Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaradıb. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərib. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçib. Hər iki təşkilatın təsisçisidir.

 

"Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir.  Bu gün ölkə kitab bazarında bu nəşriyyatın xüsusi çəkisi var. Yerli ədəbiyyatı ən çox bu nəşriyyat dərc edir. Əslində elə xarici ədəbiyyatı da.

Şahbaz bəy Xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır. Şahbaz bəy ölkənin başqa bir kitabçısı – “Ali və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar xanım Köçərlinin isə həyat yoldaşıdır.

Amma düşünməyin ki, Şahbaz Xuduoğlu yalnız naşirdir. O, həm də ixtisaslaşmış tərcüməçidir.

 

Tərcümələri

 

- Sergey Dovlatovun "Əcnəbi qadın" romanı

- John Boyne'un "Zolaqlı Pijamalı Oğlan" romanı

 

Şahbaz bəy 23 noyabr 2015-ci ildə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb. 2021-ci ildə Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin (Ordre des Arts et des Lettres) "Cəngavər" rütbəsi ilə təltif edilib.

Doğum günün mübarək, Şahbaz bəy!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

RƏSM QALEREYASI: Huihuabiji, “Şaxta və qız”

 

Tanınmış Çin rəssamı Huihuabiji “Şaxta və qız” rəsmini kömürlə çəkib.

Foto: Cesus Mayerana

Mənbə: Euronews

Regionda gərginliyin əhəmiyyətli dərəcədə artmasını qeyd edən əməliyyat nəticəsində İranın nüvə proqramının əsas mərkəzləri məhv edilib. ABŞ hücumu B-2 Spirit strateji bombardmançıları və dəniz platformalarından atılan "Tomagavk" qanadlı raketlərindən istifadə edərək hərbi dəqiqliklə həyata keçirildi.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Statusman, sosial medianın məşhur filosofu, saysız-hesabsız aforizmlər müəllifi Hümbət Həsənoğlu. Həm də Sumqayıt İcra Hakimiyəti yanında İctimai Şuranın sədri, Sumqayıt DOSTlar Klubunun təsisçisi və sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı, yazıçı-publisist Hümbət Həsənoğlu! Bu il onun 70 illik yubileyidir və bu münasibətlə də müəllifi olduğu "Seçilmiş əsərlər" və "Sumqayıt dolması" adlı kitabları eyni vaxtda işıq üzü görüb.

 

Redaktoru Arif Ərşad olan bu kitablar çox yüksək səviyyədə naşir Ceyhun Xəlilovun rəhbərlik etdiyi "Express" nəşriyyatında dizayn olunmuş, yığılmış və "AZMİR" MMC-nin  direktoru Akif Şahbazovun rəhbərlik etdiyi nəşriyyatın mətbəəsində nəfis şəkildə çap olunmuşdur.

Kitabların belə gözəl şəkildə ərsəyə gəlməsində əməyi olanlar  -  naşir Akif Şahbazov, naşir Ceyhun Xəlilov, bədii redaktor Vüsal Hətəmov, tərcüməçi Vəfa Babayeva, korrektor Şəfa Fərhadqızı, fotoqraf Etibar Bənnayev, aşbaz Rafiq Kərimov, mühəndis Əliyar Fərzəliyev, mətbəənin direktoru Asif Şahbazov, dizayner Rafael Qasımov, dizayner  Vüsalə Qəribova,, dizayner Cəmilə Nəsirovadır.

Hümbət Quliyevin oxucularla hər bir görüşü bir bayramdır. Əminik ki, bu kitabları da oxucular sevəcəklər.  

Biz də fürsətdən istifadə edib həm yubileyi, həm də yeni kitabları münasibətilə Hümbət Həsənoğlunu səmimi qəlbdən təbrik edirik! Ona cansağlığı və bundan sonrakı yaradıcılığında uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.

 ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində Güney Azərbaycan da zərbələr almaqdadır. Bütün dualarımız güneyli soydaşlarımızadır.

 

 

Rəsul Qədiri

Təbriz

 

 

GÖRƏSƏN VARMI BİR DADI SÖZÜMÜN?!

 

Payımın yay-yazı ötüb keçmiş, tökülür yarpağı yerə güzümün

Üç fəsil məndə pırtlaşıq düşdü, bəlkə Tanrı qatıb fəsil düzümün?!

 

Geri qalmış bahar qarı yağdı, şaxta yandırdı tər budaqlarımı

Mən ağaclar içində zeytunudum, dolu vurdu çiçəklərin üzümün

 

Qayıdıb arxaya baxıb görürəm, ömrümün bir çoxu gedib hədərə

Günlərim yel kimi əsib keçdi, səpilibdir yola külü közümün

 

Bəlkə də möv kimi bahar fəsli, kəsiləndə tağ üstə qol-budağım

Onda heç yarpağım inan yoxudu, süzülürdü yerə yaşı gözümün

 

Ağlaya-ağlaya çiçəkləndim, hər əlimdə beş-on dolu salxım

Kəpənəklər dönürdülər başıma, dedilər: döz ki bar verər dözümün

 

Mən elə tarlada göyərdim ki, ağacın qədri, qiyməti yoxudu

Bişdi yarpaqlarım ocaqlarda, qoralar olmadı mənim özümün

 

İndi güzdür olub qalan gilələr, bir qazanda ayaqlanıb, əzilib

Əlli illik şərab dadan deyəcək: -nə də dadlı şərab verib üzümün!

 

Baharın şaxtalı ötüb keçdi, susuz oldun bütün yayı “Yalnız”

Sonbaharda çiçəklənib könlüm, görəsən varmı bir dadı sözümün?!

 

 “Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

Mehparə Bəkirova,

Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya –resurs  şöbəsinin müdiri, “Ədəbiyyat və incəsənət” üçün

 

 

26 iyun Silahlı Qüvvələr Gününə ithaf olunur

 

 

Orxan maşının yan aynasından baxanda ağ rəngli bir “Nissan”ın çoxdan bəri onun arxasınca gəldiyini görmüşdü. Maraqlısı o idi ki, dünən də şəhərdə mağaza və marketlərə mal paylayanda bu maşını gördüyünü xatırlayırdı. Onda o qədər də fikir verməmişdi. Şəhərdə onun kimi minlərlə maşın vardı. Ancaq indi sürəti bir neçə dəfə artırıb azaldaraq hərəkət etsə də “Nissan” markalı maşının sürücüsü sanki onun hərəkətlərini təkrar edir, ötüb keçmirdi.

Güzgüdən bu dəfə eynəyini taxıb baxdı ki, bəlkə bir tanıdığıdır. Bu da əbəs idi. Ağ “Nissan” səbrlə onu izləyirdi, həm də aşkarcasına. Sürücünün kim ola biləcəyi barədə düşündü. Yenə də heç bir şey xatırlaya bilmədi.

Yolda maşınlar seyrəkləşəndə əlverişli bir yerdə ağ “Nissan” Orxanın maşınının  qarşısına keçib saxladı və sürücü yerə endi. Orxan da maşını saxlayıb maraqla baxırdı. Ağ “Nissan”ın sürücüsü Orxanın maşınına yaxınlaşanda Orxan da maşından düşdü. Gələn adam orta boylu, qara saçlı, səliqəli kostyumda, 35-40 yaşları arasında – elə təqribən onun özüylə həmyaş biri idi. Yaxınlaşıb kamal-ədəblə salam verib, özünü təqdim etdi. Orxanla əl sıxışdılar. Samir bir həftədir onun arxasınca gəzdiyini söyləyərək, vacib bir məsələ ilə bağlı olaraq onunla birgə getməsini xahiş etdi.

Orxan tərəddüd edirdi. Bunu Samir də görürdü. Əlbəttə, kim heç tanımadığı bir adamın belə bir təklifini qəbul edərdi ki?

Orxan işin sonunda şirkət maşınını aparıb təhvil verməli olduğunu bildirdi. Samir də öz maşını ilə onunla birlikdə şirkətə gedib sonra birgə gedə biləcəklərini söylədi.

Razılaşıb ayrıldılar.

Orxan düşüncəli halda sükanın arxasına keçdi. Bu müəmmanın nə ilə bitəcəyi haqqında heç bir fikri yox idi. Ancaq bu təklifdən qorxaraq geri çəkilməsinə də qüruru yol vermirdi. Öz-özünə fikirləşdi. Eh, Orxan, sən neçə odun- alovun içindən sağ çıxmısan, indi şəhərin mərkəzində başını salamat saxlaya bilməyəcəksən? Suallar bitmirdi. Samir də belə baxanda pis adama, dələduza oxşamırdı. Allaha təvəkkül deyərək, maşını gətirib təhvil verdi .Samir də maşını ilə arxada onu gözləyirdi. Orxan Samirin maşınına əyləşdi.

Maşın yerindən tərpəndi. Şəhərin mərkəzi  küçələri geridə qalmışdı, Samir maşını səbrlə idarə edirdi.

Orxan mağazalara firmanın ərzaq mallarını payladığına görə, şəhəri ovuc içi kimi tanıyırdı. Samirin maşını Yeni Günəşliyə döğru yol almışdı. Bu müddət ərzində aralarında elə bir ciddi söhbət olmadı. Ancaq havadan sudan. Yaşayış binalarının həyətinə giriş yerindən içəri dönərək maşını  birinci blokun qarşısında saxlayan Samir maşından düşdü. Orxan da maşından düşüb, ətrafına diqqətlə göz gəzdirdi. Samir üçüncü mərtəbəyə qalxacaqlarını deyib irəli yeridi. Orxan da onunla bərabər pillələrlə yuxarı qalxmağa başladı. Samir sağ tərəfdəki seyf qapının zəngini basdı. Qapı sakitcə açıldı və onlar içəriyə keçdilər. Orxan hələ də, onu necə bir sürprizin gözlədiyini bilmirdi.

Onlara yaşlı, nurani üzlü bir qadın xoşgəldin elədi və qonaq otağına buyurmalarını göstərdi. Orxan otağa daxil olanda pərdənin arxa tərəfində bir nəfərin olduğunu görüb, həyəcanla işin sonunu gözlədi. Bu zaman pərdənin arxasından 40 yaşlarında bir kişinin çıxaraq, onu qucaqlamaq üçün sağ qolunu yuxarıya doğru qaldırdığını gördü. Orxana bu üz, bu insan çox tanış gəldi. Ancaq kim olduğunu birdən-birə yadına sala bilmirdi. Qarşı tərəfdən ona doğru gələn adam Orxana yaddaşını təzələmək üçün kömək elədi.

-Orxan, mən Kamalam! Füzuli, döyüş böigəsi,- deyə bildi.

Orxanın zehni ildırım sürəti ilə işləyirdi. Bir anda hər şey yadına düşdü... O da qollarını açaraq, Kamalın üzərinə yeridi.

Onların görüşünü təsvir etməkdə qələm aciz qaldı...

 İki köhnə dost uzun illərdən sonra bir-birinə sarılmış, sevinc dolu göz yaşlarını tuta bilmirdilər. Otaqdakılar da baxıb bu mənzərəyə ağlayırdılar, sevinc yaşları axırdı gözlərdən...

Kamal Orxana anasını və Samiri yenidən təqdim etdi. Sonra dostlar süfrə arxasına keçdilər. Süfrənin üzərində quş iliyi, can dərmanı desən var idi. Hər şey qabaqcadan əziz qonağın gəlişi üçün hazırlanmışdı.

Dostlar bi-birindən hal-əhval tuturdular. Orxan Kamalın sol qolunun yerində köynəyin boş qaldığını görüb, bayaqdan nəsə soruşmaq istəyirdi, Orxan başa düşdü və sol qolunun yerini göstərdi: - Hə bunu deyirsən, birləşdirmək mümkün olmadı,- deyib köksünü ötürdü.

Xatirələr hər iki dostu yaxın keşmişin ağuşuna almışdı.

Ölkənin üzərini qara buludlar sarmışdı. Təcavüzkar Ermənistan soydaşlarımızı öz dədə-baba yurd yerlərindən qovub çıxartdıqdan sonra Dağlıq Qarabağ haqqında iddialara başlamışdı. Sovetlər İttifaqının süqutu bütün keçmiş Sovet Respublikalarında olduğu kimi bizdə də hakimiyyət və idarəetməni çaş-baş salmışdı. Erməni qəsbkarları Qarabağda həmvətənlərimizə divan tutur, tez-tez təxribatlar törədirdilər. Belə bir vaxtda yerli əhalinin əlində olan bütün silahlar, hətta ov tüfəngləri belə yığışdırılmışdı. Ancaq yerli əhali var qüvvələri ilə müdafiəyə qalxmış, onlara Azərbaycanın digər bölgələrində yaşayan könüllü dəstələr köməyə gəlmişdilər. Demək olar ki, hər bir kənd, qəsəbə və ümumilikdə rayonlar uğrunda ağır döyüşlər gedirdi. Azərbaycan təkcə Ermənistanla deyil, ona havadarlıq edən Rusiya ilə müharibə aparmaq məcburiyyətində qalmışdı. Rusiya Ermənistana həm silah-sursat, həm də canlı qüvvə sarıdan böyük köməklik göstərirdi. Bundan başqa müxtəlif ölkələrdən gətirilən muzdlu döyüşçülər, döyüşən ermənilər tərəfdə  üstünlük təşkil edirdi.

Vətənin belə dar, ağır günündə vətənini sevən heç bir insan laqeyd dayana bilməzdi. Orxan da belə vətənpərvər gənclərdən biri idi. O da ailəsi ilə halallaşaraq, könüllü olaraq döyüş bölgəsinə getdi. Kamalla da orada tanış olmuşdu. Sovet Ordu sıralarında olarkən Tank qvardiyasında olması onsuz da peşəkar döyüşçüləri azlıq təşkil edən Milli Qvardiyada əməlli başlı haraya çatmışdı. Orxan ekipaj üzvləri ilə birgə döyüşün ən qaynar yerlərində olmaqdan çəkinmirdilər. Füzuli rayonu uğrunda gedən döyüşlərdə məharət göstərən Orxana xüsusi hörmət göstərirdilər. 1994-cü ilin ən uğurlu əməliyyatları məhz Füzuli istiqamətində düşmənə sarsıdıcı zərbə endirməklə həyata keçirilmişdi. O vaxtkı şərtlər çərçivəsində orduda idarəçilik sisteminin çox zəif olması və bəzi siyasətbazların hoqqaları sonralar bu dönüş nöqtələrinin də üzərindən xətt çəkmişdi.

Belə ağır döyüşlərin birindən Orxan qərargaha qayıdan zaman yerdə çoxlu yaralının olduğunu görür. Onların arasında Kamalın vəziyyətinin daha ağır olduğunu hiss edir. Güllə Kamalın sol qolunu yuxarı hissədən demək olar ki tamamilə üzmüşdü. Kamal çoxlu qan itirmiş, rəngi avazımışdı. Lakin şüuru özündə idi. Sağ əli ilə sol qolunu tutmuşdu.

Orxan həkim briqadasının 16 km uzaqda Qaraxanbəylidə yerləşdiyini bilirdi. Xəstələr nisbətən döyüş zonasından kənarda idilər. Həkim briqadasının gəlməsi üçün xeyli vaxt lazım idi. Bu da Kamalın o vaxta qədər sağ qalıb qala bilməyəcəyini sual altında qoyurdu. Orxan Kamalın quruyan dodaqlarına və saralmaqda olan bənizinə baxıb, sönməkdə olan gözlərinə bir həyat, yaşam savaşına daha artıq dözə bilmədi. Verdiyi ani qərar onu qətiyyətlə hərəkətə gətirdi. Kamalı quçağına alaraq azca irəlidə olan tanka doğru inamla irəlilədi. Döyüş yoldaşları Orxanın nə etmək istədiyini hələ təyin etməmiş, Orxan döyüş maşınını  işə saldı, dayanmağa vaxt yox idi. Bu zaman onun gözünü sanki, qan tutmuşdu. Nə döyüş mövqeyi, nə də komandirin əmrini yerinə yetirmədiyi üçün alacağı çəza ona maraqlı deyildi. Nahamar yollarda başqa minik vasitələri işə yaramadığından, onun döyüş maşınının tayı bərabəri yox idi. Tam sürətlə irəliyə doğru gedir, Kamalı Cavid həkimə çatdırmağa çalışırdı.

Bir azdan Çadırı görəndə ümidi atrdı. Kamalın qoluna bağladığı kəmər, qanı azacıq da olsa durdurmağa kömək etmişdi. Çadıra çatan kimi köməyə adam çağırdı. Kamalı birtəhər çölə çıxardıb çadıra doğru apardılar. Artıq Kamalın gözləri qapalı idi. Orxan Cavid həkimə yaralını təhvil verib, döyüş mövqeyinə qayıtmağa tələsdi.

Geri gəldiyində döyüş yoldaşları komandirin onu soruşduğunu  və gələn kimi yanına gəlməsini söylədilər. Orxan indi anlayırdı necə bir səhv etdiyini. Komandirin otağına doğru gedərkən, bir daha azad, sərbəst olaraq oradan çıxa bilməyəcəyini, hətta ən ağır cəzaya layiq olduğunu düşünərək qapını döydü. Komandirin amiranə “gəl” səsi eşidildi. İçəri girən Orxan hərbi qaydada salam verdi. Komandir sərt baxışları ilə onu süzürdü. Sonra Orxandan Kamalla qan qohumluğunun olub-olmadığını soruşdu və çəzasının nə ola biləcəyini də.

Orxan çox gözəl başa düşürdü ki, ona tapşırılan postu tərk etməklə üç kəndin dinc əhalisini təhlükə altında qoymuş, döyüş mövqeyini icazəsiz tərk etmiş, içazəsiz olaraq döyüş zonasını tərk etmişdi. Ən ağır çəzanı , hətta ölüm hökmünü belə göz önünə almışdı.

Komandir əsəbi şəkildə otaqda var-gəl edir, onun bu hərəkətinə haqq qazandıra bilmirdi. Birdən stolun siyirməsini əsəbi şəkildə çəkdi. Orxan bu zaman gözlərini ani olaraq yumaraq, komandirin siyirmədəki silahı ilə onu vuracağını zənn etdi. Gözünün önünə ailəsi, bu il ilk dəfə məktəbə gedəcək oğlu, yenicə dil açmağa başlamış körpə qızı gəldi. Demək bura qədərmiş, dedi ürəyində, hər şey bitdi...

Birdən komandirin acıqlı səsi ilə, onun qapıya tuşlanmış barmağını gördü. Onun tez buradan getməsini, bir də səhvə yol verərsə çox ağır və sərt  bir cəza alacağını dediyini eşitdi. Yerində donub qalmışdı... Hələ də olanlara inana bilmirdi ki, bağışlanıb.

 

Orxan və Kamal yaxın keçmişi xatırlayıb, yenə də qucaqlaşdılar. Kamal tək sağ qolu ilə qucaqlamışdı onu...

Aradan xeyli vaxt keçmiş Kamal ailəsinə hər şeyi anlatmışdı. İki qardaş uzun illər Orxanı axtarıb, soraq etmişdilər. Nəhayət Samir qardaşı ilə Orxanın birgə olan döyüş şəkilindən tanıya bilmişdi. Orxanı araşdırmiş, həftələrlə təqib etmiş, nəhayət istədiyini əldə etmişdi.

Kamalın anası Orxanı öz oğullarından seçmədiyini, uzun illərdən bəri bu evdə əziz və hörmətlə xatırlandığını deyirdi. Deyirdi ki, sən mənim balamı ölümün gözünə dimdik baxaraq mənə qaytarmısan. Əlbəttə ki, Allahın izni ilə.

 

***

İndi iki ailə arasında möhkəm dostluq yaranıb. Dostlar isə tez-tez şəhərin sakit bir guşəsində çay süfrəsi arxasında oturaraq ötən günləri yada salırlar. Kamal aradabir  sol qolunun çox pis sızıdadığını deyir...

Dostlar yarım qalmış işlərini başa vurmaq üçün, Ali baş Komandanın Hücum əmrini səbrsizliklə gözləyirlər...

 

***

Tezliklə bu əmr də gələcəkdi... Orxan yenidən silaha sarılıb şücaət göstərəcək, Kamalsa min bir həyəcanla cəbhə xəbərlərini izləyəcəkdi...

Torpaqların azad edilməsi Kamalın ağrılarını bilmərrə kəsəcəkdi...

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

Bazar ertəsi, 23 İyun 2025 16:34

Milli azlıqları da gərək unutmayaq

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Məşhur bəstəkar, şair, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu il 18 aprel tarixində Qusar rayonunun Əcəxür kəndində anadan olub. 1937-ci ildə kənddə məktəb təşkil edərək orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub, Sibirə sürgün edilib. Belədə, onun altı övladının tərbiyəsi ilə həyat yldaşı Xaselem və böyük qızı Çimnaz məşğul olub…

 

Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərib. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərib.

Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olub. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndəriblər. Sonra o, hərbi xidmətə çağrılıb, xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirib. Buranı başa vurub, Dəvəçi rayonunda müəllim kimi fəaliyyətə başlayıb.

Onun şeirləri respublikanın qəzet və jurnallarında işıq üzü görür. İlk şeirlərini Azərbaycan dilində qələmə alan şairin imzası Azərbaycan mətbuatında tez-tez görünüb. Sonralar o, dogma ləzgi dilində yazmağa başlayıb. Musiqi istedadı olan, tar çalıb mahnı oxumağı xoşlayan gənc mahnı yaradıcılığına başlayıb və tezliklə onun mahnıları dildən-dilə düşüb.

1960-cı ildə Dağıstana köçəndə çoxlu sayda mahnının müəllifi kimi tanınırdı. Məşhur müğənni Düriyyə Rəhimovanın Bakı radiosundan ləzgi dilində səsləndirdiyi "Qara gözlər", "Yuxu" kimi mahnıları onun müəllifinə böyük şöhrət gətirib.

Sənətkar təqaüdə çıxana kimi həmin vəzifədə çalışıb. Böyük bacarığı ilə seçilən Asəf bəy Dağıstan Dövlət Radio Verilişləri Komitəsinin ləzgi musiqisi redaksiyasının rəhbəri təyin olunub. Asəf Mehman "Ana ürəyi", "Mənim vüqarım", "40 bahar", "Ləpələr", "Hörmət", "Mənsiz", "Özüm özüm haqqımda", "Fəxr edirəm", "Yüz bir mahnı", "100 qəzəl" kitablarının, "Mənim Sədəfım", "Şurşurəli", "Xarubəy və Tsarubəy" musiqili komediyalarının və "Daş sandıq" dramının müəllifidir.

K. Qurbanəliyev onun həyat və yaradıcılığına həsr olunmuş "Tanıdığımız Asəf Mehman" kitabını çap etdirib. 2010-cu ildə Dağıstanın xalq artisti fəxri adına layiq görülmüş Asəf Mehman şirin mahnıları və lirik şeirləri ilə tanınan sənətkardır. O, 80 illik yubileyini təntənə ilə qeyd edib.

Nasir və dramaturq Asəf Mehman 23 iyun 2015-ci ildə, 85 yaşında dünyaya gözlərini qapayıb.

Mən bilmirəm, Qusarda gənc nəsil onu tanıyırmı. Tanımırsa, tanıtmaq yaşlı nəslin borcudur.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Bu gün bir rejissor haqqında danışmaq istəyirəm. Hansıki bu şəxsə zamanında Hindistanlı rejissor Rac Kapur "Hindistana gəl. Səni milyoner edərəm" demişdi. Haqqında söhbət edəcəyim Azərbaycan rejissoru Hüseyn Seyidzadədir. Bu gün həm Hüseyn Seyidzadənin özü haqqında, həmdə ekranlaşdırdığı ən yaxşı 5 Azərbaycan filmi barədə söhbət edəcəyəm.

 

Rejissorsuz nə teatr, nə də ekran əsəri mövcuddur. Qəribəsi də budur ki, ən uğurlu tamaşanın da, bədii filmin də, elə operanın da, baletin də həmişə ifaçılarından, libretto və ssenari müəlliflərindən, bəstəkarlarından, hətta bədii tərtibatından da ətraflı danışılır. Bəzi tamaşalara, filmlərə də baş rolun ifaçılarına görə maraq göstərilir. Nadir hallarda bu yaradıcı məhsulun uğurlarından söz açanda rejissor zəhmətini də xatırlayanlar olur. Halbuki hər bir əsərin istər teatr səhnəsində, istərsə də ekranda öz əksini tapmasında rejissor əməyinin əhəmiyyəti danılmazdır. Teatr sənətinin görkəmli nümayəndəsi unudulmaz Həsənağa Turabov söyləyirdi ki, Azərbaycan teatrı və kinosu təkcə korifey aktyorların hesabına deyil, həm də bu ağır yükün altına girərək onu şərəflə irəliyə doğru aparan rejissorların sayəsində inkişaf tapıb.

İstər teatr, istər kino sahəsində fəaliyyət göstərən, əməyi bu gün də unudulmayan, Azərbaycan rejissor sənətində bir məktəb yaradan ustadlar çox olub. Onlardan biri də kino tariximizdə dərin iz qoymuş əməkdar incəsənət xadimi Hüseyn Seyidzadədir. Şərəfli bir şəcərəyə mənsub Seyidzadələrin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri var.

 

Hüseyn Seyidzadə 1910-cu ilin oktyabrında İrəvan şəhərində anadan olub. 1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində İrəvandan baş alıb qaçan ailələrdən biri də Seyidzadələr idi. Onlar əvvəl Tiflisdə, sonra Bakıda məskunlaşıblar. Hələ 15 yaşında ikən fabrikdə çalışan Hüseyn Seyidzadənin kinoya böyük marağı var idi. Bu səbəbdən də mədəniyyət ocaqlarında fəaliyyət göstərən özfəaliyyət kollektivlərində iştirak edirdi. Sonralar sorağı İşçi Teatrından gəldi. O zaman Azərbaycan teatrının gənc kadrlara böyük ehtiyacı var idi. Hüseynin yaratdığı rollar mütəxəssislərin diqqətini çəkirdi. Bu səbəbdən də 1928-ci ildə onu indiki Sankt-Peterburq şəhərinə göndəriblər. Gənc aktyor burada - Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçib. Bakıya qayıtdıqdan sonra onu kinostudiyada işə götürüblər. Hətta o vaxtların səssiz kinolarından birində neftçi rolunu da yaradıb. 

1931-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa gedərkən Hüseyn Seyidzadənin 21 yaşı vardı. Hüseyn Seyidzadənin dərs aldığı insanlar artıq dünyada tanınmış, böyük sənətkarlar idi - Mixail Romm, Lev Kuleşov, Sergey Eynşteyn və başqaları. 1936-cı ildə Bakıya qayıdan Hüseyn Seyidzadə bir sıra bədii və sənədli filmlərin çəkilişində rejissor assistenti, dublyaj rejissoru işləyib. İlk dəfə ona tələbə yoldaşı Niyazi Bədəlovla birlikdə "Ayna" adlı bədii filmi çəkməyi tapşırıblar. Lakin indi də məlum olmayan səbəblərə görə, həmin filmin çəkilişi dayandırılıb. Bir neçə ildən sonra yarımçıq qalmış ekran əsərinin materialları əsasında Hüseyn Seyidzadə "Sovqat" adlı qısametrajlı bədii filmə quruluş verib. Qəlbi arzularla coşub-daşan, Azərbaycan kino sənətində bir rejissor kimi öz izini qoymaq istəyən Hüseyn Seyidzadə, əslində, ağrılı taleyi olan bir sənətkar idi. 1937-ci ilin repressiyaları onu caynaqlarına çəkib gedər-gəlməzə aparmasa da, ürəyinə silinməz dağlar vurub. Gah partiya sıralarından çıxarıblar, gah ona şiddətli töhmət veriblər, gah da "sonuncu xəbərdarlıq"lar ediblər. Səbəb nə idi? Gənc rejissoru nədə ittiham edirdilər? Bu faciədən qurtulanların bir qismi başını aşağı salıb suların durulmasını gözləyir, bir qismi sarsıntı içində əzab çəkir, bir qismi isə fürsəti fövtə vermirdi. Tanınmış insanlar, ziyalılar, istedadlı şəxslər barəsində yuxarılara böhtan dolu "məlumat"lar göndərirdilər. Belə şantajdan biri də Hüseyn Seyidzadənin ünvanına oldu. Guya o, tərcümeyi-halında bəzi məsələləri gizlədib. Bildirməyib ki, Türkiyədə onun qohumu var, partiyanı aldadıb ki, kəndli oğludur. Əslində, onun atası İrəvan şəhərinin varlı əyanlarından - tanınmış tacirlərindən olub və sairə. Hətta İkinci Dünya müharibəsindən geri qayıtmayan qohum-əqrəbanın da həlak olmasını, yaxud da itkin düşməsini bir sıra müəmmalara bağlayaraq Hüseyn Seyidzadəni ləkələyib sıradan çıxarmaq istəyiblər. Bütün şər qüvvələrin təzyiqindən min bir əziyyətlə qurtulan Hüseyn Seyidzadə öz sənəti ilə məşğul olmağı bacardı. O, anadan elə rejissorluq üçün doğulmuşdu. Bu səbəbdən də Azərbaycan kino sənətini şöhrətləndirə biləcək əsərlər yaratdı. 

1956-cı ildə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasını Hüseyn Seyidzadə ekranlaşdırdı. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii film idi. Film müxtəlif beynəlxalq kinofestivallara göndərildi və yüksək dəyərləndirildi. Məhz bu filmlə Hüseyn Seyidzadə yüksək səviyyəli rejissor olduğuna hamını inandırdı. Təsadüfi deyil ki, Azərbaycan kino sənətinin parlaq səhifələrini yazan bu məşhur film dünyanın 60-dan çox ölkəsini dolaşıb.

 

Hüseyn Seyidzadənin taleyi əvvəldən gətirməmişdi. Onu uğurla uğursuzluq daban-dabana izləyirdi. İndi də böyük həvəslə baxdığımız "O olmasın, bu olsun" filmi ilə bağlı ötən əsrin ortalarında mətbuat səhifələrində haqsız tənqidlər baş alıb gedirdi. Rejissoru motivsizlikdə qınayaraq onu "primitiv əhvalatlar çəkən rejissor" adlandırırdılar. Amma tarix özü də sübut etdi ki, bu bənzərsiz film əbədiyaşardır. Onun çəkilməsindən 60 il ötsə də, yenə maraqla izlənilir, sevilir.

 

1959-cu ildə Hüseyn Seyidzadə "Koroğlu" filminin çəkilişinə başladı. Rejissorluq yaradıcılığında ikinci filmi olan bu ekran əsəri də kino tariximizin ən parlaq səhifələrindən biridir. Yenə də Hüseyn Seyidzadənin başı bəlalar çəkdi. Filmin ssenarisi Moskvada əsaslı dəyişikliyə məruz qaldı. Bu da bəllidir ki, filmin ilk variantı rus dilində lentə alınıb. Bu filmin çəkilişində rejissor o qədər təzyiqlərə məruz qalmışdı ki... Özü sonralar dostlarına deyərmiş: "Koroğlu" istədiyim kimi alınmadı, fikirləşdiyim kimi çəkməyə qoymadılar".

 

Hüseyn Seyidzadənin üçüncü filmi "Yenilməz batalyon" oldu. 1965-ci ildə çəkilən bu film Qılman İlkinin "Qalada üsyan" adlı romanı əsasında ekranlaşdırıldı. Kinoşünas Aydın Kazımzadə söyləyir: "Yenilməz batalyon" istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından Hüseyn Seyidzadənin mükəmməl işlərindən biridir".

 

Tamaşaçıların çox sevdiyi və Azərbaycan kino sənətində yeni bir mərhələ olan "Dəli Kür" filmini də 1969-cu ildə məhz Hüseyn Seyidzadə ekranlaşdırıb. İsmayıl Şıxlının eyniadlı romanı əsasında çəkilən "Dəli Kür" filmi Azərbaycan kinosunun şah əsərlərindən biridir. "Dəli Kür"ün ictimaiyyət tərəfindən məhəbbətlə qarşılanması Hüseyn Seyidzadəni ruhlandırırdı. Təbii ki, bu filmin də ssenarisində dövrün, quruluşun redaktəsi müəyyən mənada öz işini görmüşdü.

 

 Hüseyn Seyidzadənin sonuncu filmi isə "Qayınana" kinokomediyası olub. Xatirələrdən bəlli olur ki, əslində yeni ekran əsərinin ona tapşırılması Heydər Əliyevin göstərişi ilə olub. Teatrda tamaşaya baxan Ümummilli lider bildirib ki, "Qaynana”nı ekranlaşdırmaq lazımdır və bu filmi də mütləq "O olmasın, bu olsun” filmini çəkən rejissora tapşırmaq lazımdır.

 

 Mütəxəssislər söyləyirlər ki, Hüseyn Seyidzadə kinorejissor kimi çox istedadlı idi. Onun yaradıcılıq imkanları geniş olub. Amma nədən 43 il ərzində cəmi beş film çəkib? Onun həyatına bələd olduqca, anlayırsan ki, bu rejissor bir tərəfdən quruluşun amansız repressiyaları ilə mübarizə aparırmış, o biri tərəfdən isə kino haqqında fikirləşirmiş. Bütün bunlar da onun səhhətinə təsir edirdi. Tez-tez xəstələnirdi. Aydın Kazımzadə danışır ki, "Dəli Kür" filmi ilə əlaqədar Hüseyn Seyidzadəni çox sorğu-suala tutdular. Özü bu barədə söyləmişdi: "Bu filmi təhvil verərkən mənə finalı dəyişdirməyi məsləhət gördülər. Üstüörtülü dedilər ki, əks-təqdirdə film ümumiyyətlə ekranlara buraxılmayacaq". "Dəli Kür"ün kitab variantında göstərilir ki, kazaklar gəlib Cahandar ağanın torpaqlarına zorla sahib olmaq istəyirlər. Cahandar ağa da onlarla mərdi-mərdanə vuruşur. Filmdə isə tamam başqa təsvir görürük. Cahandar ağa Allahyar tərəfindən ailə-məişət zəminində qətlə yetirilir. 

Milli dəyərlərə bağlılıq Hüseyn Seyidzadəni həmişə həyat reallığına sadiq olmağa kökləyirdi. Bəlkə də ona görə tarixi mövzularda film çəkməyə daha çox meyil göstərirdi ki, sovet quruluşunun diktəsindən kənarda qalsın.

 

Onun haqqında yazılanlardan məlum olur ki, məşhur hind aktyoru Rac Kapur Bakıda olarkən Hüseyn Seyidzadənin filmlərinə baxaraq heyrətlənib. Azərbaycanlı rejissora öz təklifini də bildirib: "Hindistana gəl, səni milyoner edərəm". Təbii ki, vətənini həddən artıq sevən Hüseyn heç hara getmədi. Doğmaları söyləyirlər ki, onun ən böyük arzularından biri də Natəvan haqqında film çəkmək idi. Qəfil ölüm hər şeyi yarımçıq qoydu.

 

Bəzən cild-cild kitablar yazan müəlliflər elə sağlığında unudulur. Amma bir bayatısı ilə ədəbiyyatda əbədi qalanlar var. Əslində, uzun ömür yaşamayan, imkanlarından, yaradıcılıq qabiliyyətindən çox da istifadə edilməyən Hüseyn Seyidzadə beş filmi ilə Azərbaycan kino sənətində əbədi yer tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

79 -dən səhifə 2345

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.