Super User

Super User

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

 Bu dəfə müsahibə deyil, bir şeirlə hüzurunuzdayam. Şeir Azərbaycanın tanınmış ziyalısına, Filologiya fənləri doktoru, Nəvaişünas alim, Özbəkistan Respublikası

“Dostluq” ordeni sahibəsi, dəyərli ustadım Almaz Ülvi Binnətovaya həsr olunub.

 

Əlində qələm var, ürəyində nur,

Saysız könüllərə paylarsan ziya.

Ruhunda var gözəl, şərqvari qürur,

Sənintək alimdən dərs alır dünya.

 

Ömrün elm üçün bir bəxşiş olub,

Sanki iynə ilə qazmısan quyu.

Ulu ustadların ətəyin tutub,

Eldə dəyər tapıb göstərdin boyu.

 

Səni ovsunlayan sözlər sevinci,

Qəlbində bir gözəl cununi heyrət.

Neçə əsrlərdir nurlu bu inci,

“Sənə” nəzər salmış Nəvai Həzrət.

 

Fəxrisən - qardaşım Azərbaycanın,

Qədərsizdir hətta özbəyin mehri.

O orden bəzəyi məğrur yaxanın,

Mehrin, məhəbbətin gözəldir yeri.

 

Gənclər ürəyində çatıb ocaqlar,

Yüksək uçuşlara olmusan qanad.

Sənintək ustadalar nə qədər ki var

Daim gül açacaq bu köhnə həyat.

 

Yaxşılıq qalibdir meydan içində,

Düz söz əbədidir, ölməz heç zaman.

Səni adi sözlə tərif etsəm də,

Həqiqi almazsan, qəlbi - “Almazsan!”

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 11:28

Kamyon gəlir, yan gəlir... – İKİNCİ YAZI

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

General Sisianova sərkərdə əzəməti, müdhiş ölümü ilə belə dərs verən Cavad xan büküldüyü Bayraq, girov götürülüb Tiflisə aparılan Gəncə qalasının qapısı, Qalanın açarları, düşməni dizə çökdürən Qılıncı qədər əzizdi. Odlar Yurdu Azərbaycanın adı, əzəməti, əyilməzliyi qədər əzizdi.

 

1918-ci ilin iyununda Gəncəyə köçürülən Cümhuriyyətin yolları Bakıya bağlı idi. Tomsonun, Rasselin, Çar Rusiyasından qalanların, İnqilab Komitəsinin üzvlərinin erməni daşnaklarının, Antanta dövlətlərinin maraqları Xəzər hövzəsində kəsişirdi. Cümhuriyyətin paytaxta gəlişi isə ölkənin ərazi bütövlüyü üçün şərt idi. Cümhuriyyət qurucularının Qazi Mustafa Kamal Paşa Atatürkə ünvanladığı çağırış məktubu XI Qafqaz İslam Ordusunun, Nuru Paşanın xilaskarlıq missiyasının yerinə yetirilməsi isə yekunlaşdı. Batumdan Tiflisə, Oradan Gəncəyə varan Osmanlı əsgərləri üçün səslənən ilk bayatılar Nigar Rəfibəylinin yaddaşına məhz bu günlərdə yazıldı:

                      Kamyon gəlir yan gəlir,

                      Gəncəliyə can gəlir,

                      Gəncənin oğlanları

                      Bakı üçün can verir.

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın, onun igid əsgərlərini Gəncədə Rəfibəylilər, Bakıda Hacı Zeynalabdin Tağıyev öz mülkündə, malikanəsində yerləşdirdi. Onların bütün ehtiyaclarını, texniki təchizatını öz üzərinə aldı. Xudadat bəy Rəfibəyovun klinikasında döyüşlər zamanı yaralanan türk əsgərlərinin müalicəsi təşkil olundu. “İstiqlal Bəyannaməsi”nə imza atan Milli Hökumətin nazirləri, Parlamanın üzvü, Gəncə Dumasının qlasnısı kimi tarix yaradan Rəfibəylilərlə yanaşı, sərvətini Cümhuriyyət yolunda fəda edən qüdrətli simalar istiqlaldan şirin nemətin, azadlıqdan böyük sərvətin olmadığını sübut etdilər. Gəncə şəhər Dumasının üzvü, maarifçi və xeyriyyəçi, 1920-ci ildə Azərbaycanda bolşevik işğalına qarşı baş tutan “Gəncə üsyanı”nın təşkilatçılarından biri, eyni zamanda şəhidi, şair, yazıçı, publisist, dilçi alim Mikayıl Rəfilinin atası Hacı Həsən Rəfiyev, Ali Gildiyalı Tacir, Hacı Zeynalabdin Tağıyevin, Mirzə Nəsrulla bəy Əmirovun, Hacı İrahimxəlil bəy Mahmudbəyovun yaxın dostu, Gəncənin elmi-mədəni mühitinin inkişafına töhfələr verən, nüfuzlu mesenat, toxuculuq fabrikləri, sənaye müəssisələri ilə Yaxın və Orta Şərqdə, Avropada məşhur olan, Təbrizdə, Tiflisdə, İstanbulda, Tehranda, Nijni Novqorodda xalça mağazalarına, ticarət obyeklərinə, karvansaralara malik olan Xudadat bəy Rəfibəyovun təməlini qoyduğu Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Ələkbər bəy Rəfibəyovun Əhməd bəy Ağaoğlu, Kərim bəy Mahmudbəyovla birlikdə qurduğu Difai Partiyasının üzvü, Gəncə Şəhər Dumasının qlasnısı Hacı Məhəmmədhüseyn Rəfibəyov, nüfuzlu mesenat, Cümhuriyyətin və Milli Ordunun himayədarlarının biri, tanınmış iş adamı və sənayeçi xalça-palaz karvanları Gəncədən Yaxın və Orta Şərqə, Türküstana işləyən, karvansaraları Böyük İpək Yolunda məşhur olan, 1920-ci ildə Azərbaycanda bolşevik işğalına qarşı baş tutan “Gəncə üsyanı”nın təşkilatçılarından və iştirakçılarından biri kimi güllələnən Abbas Rəfiyev, Xudadat bəy Rəfibəyov və Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyətinin qurucusu, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifələrini tutan, Cümhuriyyət Qızıl Ordunun qırmızı terroru ilə üzləşərkən Gəncə üsyanına rəhbərlik edənlərdən biri kimi sinəsini düşmənə sipər edən, antiterror əməliyyatında ittiham olunan, üsyan iflasa uğradıqdan sonra mühacirəti qəbul edib Osmanlıya köçən Musa bəy Rəfibəyov, nüfuzlu mesenat, iş adamı, Gəncə Şəhər Dumasının qlasnısı, Türk Ədəmi – Mərkəziyyət firqəsinin üzvü, Musavat Partiyasının Gəncə təşkilatının sədri, Cümhuriyyət zamanı Dövlət Bankının Gəncə şöbəsinin müdiri, 1920-ci ilin Aprel qiyamı, üsyanı zamanı bolşeviklərin qorxulu röyasına, ölüm mələyinə çevrilən, üsyan yatırıldıqdan sonra Türkiyə Cümhuriyyətinə köçüb mühacirəti qəbul edən, Cümhuriyyət Tiflisdən Gəncəyə köçürülərkən, bolşeviklərin hücumları ilə üzləşəndə məşhur “Şamxar hadisələri” zamanı şəhid olan Məhəmməd Rəfiyevin atası Məşədi Əli Rəfiyev, Gəncə Şəhər Dumasının üzvü, ictimai-siyasi xadim Kərim bəy bəy Rəfibəyov, Azərbaycan Xalq Cümhuriyyəti zamanı Şəki qəzasının rəisi Əyyub bəy Rəfibəyov, Azərbaycan Xalq Cümhuriyyəti Parlamanının üzvü Abuzər bəy Rzayev və adlarını sadalamadığımız onlarla Rəfibəyli soyadının daşıyıcıları Xasməmmədovlarla, Cümhuriyyətin digər ünlü simaları, tarixi şəxsiyyətləri ilə birlikdə milli kimlik və milli mənlik uğrunda mücadilənin mücahidləri kimi tarix yaratdılar, milli məfkurədən milli dövlətçiliyə yol gəldilər. Nigar xanım Xudadat bəy qızı Rəfibəyli belə bir əzəmətli soyun davamçısı, şəcərinin daşıyıcısı idi.

 

Sanmasınlar ki, öldük, bir başqa bahar üçün yarpaq tökdük

1920-ci ilin apreli Azərbaycana Qızıl ordunun Qırmızı terroru ilə qədəm qoydu. Cümhuriyyətin də, Cümhuriyyət qurucularının da başının üstünü qara buludlar aldı. Fətəli xan Xoyski, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli daha təhlükəli simalar hesab olunaraq Əliheydər Qarayev kimi milli xainlərin üzündən elə ilk günlərdən “Gəncə qiyamı”nın təşkilatçıları kimi ölümün ağuşuna atıldı. Mənəvi terrorun, mühacirətin dalıyca isə qanlı repressiyalar tüğyan etdi.

                 Səndən ötrü can verməyə cümlə hazırız,

                 Səndən ötrü qan tökməyə cümlə qadiriz.

-deyən, millət Musavat Partiyasının Cümhuriyyətdən sonrakı Baş katib Cəfər Cabbarlıya qoşulub söylədi:

                   Qaranlıq gecədə səni gözləyib,

                   Durmaqdan yoruldum, ey dan ulduzu!

                   Uzaq üfüqlərə göz gəzdirməkdən,

                   Az qala kor oldum, ey dan ulduzu!

Gəncənin ilk türk və müsəlman general-qubernatoru, ilk səhiyyə naziri Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun qoluna qandal vurulub zindana aparıldığı gün Gəncədə yer yerindən oynadı. Gəncə qalasında Cavad xanın kürəyinə xəncər saplandığı vaxtlarda olduğu kimi. Xudadat bəy milli kimlik və milli mənlik mücahidi adında bolşevik terroruna məruz qaldığı gün Cavad xanın Şəhidlik zirvəsinə ucaldığı gündən 116 il 149 gün ötürdü. Gəncənin general-qubernatoru sıradan bir şəxsiyyət, dövlət xadimi deyildi. İkinci paytaxtda Cümhuriyyətin döyünən ürəyi, vuran nəbzi idi. General-qubernator təyin olunan gün ona Mərkəzdən bir görəv verilmişdi: “Əmin-amanlıq yaratmaq!” Xudadat bəy istintaqa verdiyi izahatda bu barədə yazırdı: “Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur dəstələri təmizləndi”. 30-cu illərin dəhşətli repressiyaları başlamamış qeyd etdiyimiz kimi 20-ci illərin mənəvi terroru başladı. Cümhuriyyətin əsas sütunları onun qurbanına çevrildi. Firudin bəy Köçərli qapısına gələn bolşevikləri ac-yalavac bilib çörək və çıraqla, Xudadat bəy Rəfibəyov isə xəstə zənn edib həkim çantası ilə qarşıladı. Tarixi mənbələr, arxiv sənədləri də sübut edir ki, həbs etdikdən sonra Gəncənin qana boyanacağından nigaran olan bolşeviklər gecəylə onu qatara mindirib Bakıya yola salırlar. Bütün Gəncə ayağa qalxır. Dəmiryol vağzalına qədər Cümhuriyyətin general-qubernatorunu, Cavad xanın və Ələkbər bəy Rəfibəyovun vərəsəsini, özünün bəylərbəyini yola salır. Üsyan çıxmasın deyə Xudadat bəy əhalini “anlaşılmazlıq olduğuna, istintaqdan sonra tezliklə görüşəcəklərinə inandırır”. Şamxarun məşhur atlı diviziyası (Onlar tarixdə Cümhuriyyəti Tiflisdən Gəncəyə köçürən Milli Ordunun əsas qvardiyasının tərkib hissəsi idilər. Ş.C.) 500 atlı cəngavərlə vağzala qədər gəlir və Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun tək bir canı üçün bir anın içərisində 200-dən çox bolşevik əsgərini ot kimi biçib yerə sərirlər. Onlar yalnız ”Xudadat bəydən günahsız olduğunu, tezliklə bəraət alıb Gəncəyə dönəcəyini eşitdikdən sonra geriyə çəkilirlər”.

1918-ci ilin yazında Gəncəyə iki Kamyon gəlmişdi. Biri Tiflisdən, biri Osmanlıdan. Biri Cümhuriyyət qurucularını və özgürlüyün rəmzi olan Al Bayrağı, digəri isə Cümhuriyyətin və Azərbaycanın xilaskarı, erməni daşnaklarının, Xəzər hövzəsini əldən vermək üçün Bakının qapısını Cümhuriyyətin qurucularının üzünə bağlayan cəlladların qorxulu röyası XI Qafqaz İslam Ordusunun komutanı Nuru Paşanı gətirmişdi. Məğrur, müdrik, əyilməz gəncəlilər onu adına şeirlər, bayatılar ad etmişdi. “Kamyon gəlir yan gəlir, Gəncəliyə can gəlir!” deyib qürur hissi keçirmiş, ayaqlarının altında qoçlar, qurbanlar kəsmişdilər. Kədərli olsa da, qeyd edək ki, bu gedən kamyonun da, varlığı ilə ölüm karvanını şərəfləndirən Sarvanın da geri dönüşü yox idi. “Nəsimi” filmində incə bir məqam var: Şeyxin qızı Şəmsin qəlbini ələ ala bilməyən Miraşah Dövlət bəyin başını döyüş meydanında bədənindən ayırır, gətirib Sevdiyinin qabağına atır. Sarsılan, ancaq qara sevdasının eşqinə sınmayan Şəms: “Dövlət bəyin ölüsü də, gözəldir!” nidası ilə Miranşahın dünyasını tari-mar edir.

Yükü ağır kamyonun, Gəncədən gecə qopan qatarın möhnəti də, zinəti də Cavad xanın nəticəsi, Ələkbər bəy Rəfibəyovun varisi, Cümhuriyyətin ilk paytaxtının səlahiyyətli nümayəndəsi – general-qubernator Xudadat bəy Rəfibəyov idi.

İstintaqdakılar onun gəncəlilərə inamla söylədiklərini demədilər. Bəraətinə, geri dönüşünə də yer qoymadılar. Xudadat bəyin üzünə duran, əleyhinə izahat verənlərin əksəriyyəti erməni daşnaklarının içərəsindən seçilmişdi. Babakev Xyants adlı erməninin XI Qızıl Ordunun xüsusi müstəntiqinə verildiyi ifadədə deyilirdi: “Xudadat bəy xristian kəndlərini talan edən silahlı birləşmələr təşkil edərək onların qətlə yetirilməsinə çalışırdı”... Bu yersiz, həqiqətdən uzaq ifadəni oxuyan Xudadat bəyin müstəntiq Şafikyana cavabı onun bir dövlət xadimi, sərkərdə kimi əzəmətini sübut etməklə yanaşı, həm də şahzadə, vərəsə qüdrətini, Qacarlar sülaləsinə məxsus iradəsini nümayiş etdirən amillərdəndir. “Mənim fəaliyyətim barədə rəyi yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər, digər millətlərdən olanlar və Qızıl Xaç kimi təşkilatlar verə bilər. Qatı daşnak olduğu üçün dəfələrlə həbsxanaya salınmış Babakev Xyantsın ərizəsi həqiqətə uyğun deyildir”.

Xudadat bəy Rəfibəyov bu dünyaya qüdrətli şəcərənin daşıyıcısı, mənsub olduğu millətin, məmləkətin siyasi taleyini həll edən, Cümhuriyyətin aparıcı simalarından biri, neştərini süngüyə, süngüsünü qələmə çevirib təbabətdən siyasətə yol gələn Lider, Kəlamla Qələmin vəhdətində Rəfibəyli soyadının yasaq olduğunu, yarpaq tökümü yaşadığı dönəmlərdə Mövlana Cəlaləddin Rumiyə qoşulub: “Sanmasınlar ki, öldük, bir başqa bahar üçün yarpaq tökdük!” nidası ilə poeziyanın həbibi, ala gözlü nigarı kimi şöhrətlənən, adı, soyadı, imzası ilə qəvi düşməndən öc alan, Əbədi İstiqlala inamını, ümidini itirməyən Nigar Rəfibəylinin atası kimi gəlmişdi. 42 yaşında köçə karvan haqqa sarvan dünyanın hicran kəcavəsinə minib Qorqut ata misalı sulara qərq oldu. Daha doğrusu qərq edildi. O gün 1920-ci il iyunun biriydi. O gün al gözlü Xəzər Qacarların, Əfşarların, Osmanlı sultanlarının al qanına boyanmışdı. O gün tarixə sonralar 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi daxil olacaqdı. O gün nigaran Nigar Rəfibəylinin cəmi-cümlətanı yeddi yaşı vardı. Onun körpə qəlbinə dəymişdilər, sevdiyini, güvəndiyini sulara qərq etmişdilər...

 

Mülkü, malikanəsi müsadirə edildi...

Şura hökumətinin, bolşevik Rusiyasının Xudadat bəy Rəfibəyova kini, qəzəbi soyumadı. Onu Nargin adasında güllələyib Xəzərin sularına qərq edən rejim üzü Cavad xandan üzü bu yana miras olaraq qalan mülkünü, malikanəsini, əmlakını müsadirə etdi. Ailəsini, övladlarını Gəncədən, Gəncə qalasından, Xan bağından çıxardı. Sürgünə yolladı. Sarayda yaşamaq hüququnu əlindən aldı. Qacarların, Əfşarların, Osmanlı sultanlarının bu torpaqlardan izini silmək üçün mümkün olmayanları mümkünə çevirdi. Gözəllər gözəli Cəvahir xanıma Qaçaq Nəbinin Həcərinə, Mikayıl Müşfiqin Dilbərinə gələn xəbərlərdən gəldi. Cəllad Əliheydər Qarayev “Onunla evlənəcəyi təqdirdə” Xudadat bəyin ölüm hökmünü sürgünlə əvəz etdirəcəyinə söz verirdi. Cəvahir xanım əsilzadə idi. Bir yandan Xasməmmədovlara, o biri yandan Rəfibəylilərə bağlı idi. Bir Qacar törəsi üçün hər bir kəlmənin öz hökmü vardı. O, qatil Əliheydər Qarayevə, “sapı özümüzdən olan cəllad Baltasına”, 30-cu illərdə baltası ilə öz başını kəsən “bolşevik məmuruna” xəbər yolladı: “Atın yerinə, eşşək bağlaya bilmərəm”. Bu bir qüdrətli xatunun əzəməti idi. Ondan Nadir şah Əfşara, Əfşarlar İmperiyasının qurucusuna, oğulları Sam Mirzənin və İsmayıl Mirzənin atasına belə qardaşı Şah Təhmasibin, qardaşı oğullarının qanını belə bağışlamayan Səfəvi Şahbanusu və Naibəsi Raziyə Sultanın, Cavad xanı və oğlu Hüseynqulu xanı xəyanətin nəticəsində Şəhid edən general Sisianovun Gəncə qalasının işğalından iki gün sonra təzminat olaraq məcməyidə gətirdi iki kisə qızılı onun üzünə “Osmanlı tokatı” olaraq çırpan Bəyim xanımın iyi ətri gəlirdi. Bəyim xanım Cavad xanı Çar cəlladına dəyişmədiyi kimi, Cəvahir xanım da onun törəsini- Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovu Bolşevik cəlladına – Əliheydər Qarayevə tay tutmadı...

Cəvahir xanımın bu tarixi qərarından, özü də bir Qacar Şahbunusu kimi hökmlə səslənən qərarından sonra Xudadat bəy güllələnir, ailənin sürgün illəri başlayır. Sürgündə keçən müdhiş illər Cəvahir xanımın sinəsinə dağları dağ üstə çəkir. Oğlu Kamil mühacirətin sərt üzünü ömrü boyu Osmalıda yaşayır. Təbib atasının mələk libasını əynindən yerə qoymur. Rəşidin taleyi Şimalda buz bağlayır. Geoloq kimi Rusiyada nüfuz qazansa da dağılan tifaqının acısını unuda bilmir. Nigarın nigaran günləri, qəmli “Bakı Gündəliyi” onu 30-cu illərin Şükriyyəsinin kədər dastanının ünvanına çevirir.

30-cu illərin müdhiş repressiyaları zamanı Əhməd Cavaddan sonra Şükriyyə xanımı övladları ilə birlikdə zindana salırlar. İstintaq zamanı erməni müstəntiq tərəfindən incidilən Şükriyyə xanımın acısına dözə bilməyən azərbaycanlı müstəntiq Şükriyyə xanıma deyir: “Sizə kömək etmək istəyirəm. Soyadınızı dəyişin. Bu sizin Orta Asiyaya deyil, Şimalı Qafqaza sürgün edilməyinizə şərait yaradar”.

Qürurun, ləyaqətin, “Azərbaycan himni” qədər əzəmətin rəmzi olan Şükriyyə xanım cavab verir: “Oğlum, mən bəy titulumu Axundzadəyə dəyişdim. Əhməd Cavadı kimə dəyişim? Bu tarixi cavabdan, daha doğrusu bir əsilzadəyə layiq cavabdan iki gün sonra o, övladları ilə sürgün qatarına mindirilib Türküstana göndərilir. Yolda övladlarının birini itirir. Sürgün illərinin əzabını yaşasa da, bəraət illərinə qədər dözür, tablayır. Firudin bəy Köçərli Gəncə təcridxanasında güllələnəndən sonra Badisəba xanım da bolşevik terrorunu yaşamışdı. Köçdən köçə qoşulmuşdu. Firudun bəyin əlyazmalarını, çırağını, gümüşü alışqanı, külqabını, stəkanını və qaşığını yanından ayırmamışdı. Ömrünün sonuna kimi yolunu gözləmişdi, dönəcəyinə ümidini, inamını itirməmişdi. Cəvahir xanım da belə olmuşdu. O, Xudadat bəyin sevgisini güzgü kimi qırılan taleyində yaşatmışdı. Gözünün nurunu, anadan olanda bacısı Suğranın adını verdiyi – Nigarını qorumuşdu. Nigar Rəfibəyli kimi yetişdirib Cümhuriyyətin qatillərinə göz dağı olmuşdu. Gəncədən Bakıya sürgün edilən gün onu ala gözlü Xəzərin sahilinə, qırağına aparmışdı. Atasının kəfəninin, mədfəninin ünvanını göstərmişdi...

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Qardaşım Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb. Kitab, dövrünün siyasi həyatına fövqaladə təsir göstərmiş Salyanlı Qəbulə xanım haqqındadır. Salyan naibi Həsən bəyin həyat yoldaşı Qəbulə xanım I Pyotrun müasiri olub. I Pyotr özünün say- secmə generallarından olan Matyuşinə Qəbulə xanım haqqında “…Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxlik üz verməsin” deyə təlimat verirdi.

 

Dünyaya hökm edən I Pyotr Qəbulə xanımdan niyə bu qədər ehtiyat edirdi ki? Tezliklə bu ehtiyatın səbəbi məlum olur. 1729-cu ilin sentyabr ayında, “…Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təbəəliyin qəbul etdi. Bir neçə gündən sonra rus ordusunun podpolkovniki Zambulatovun süvarı batalyonu tərəfindən Kür çayının sahilində, naib Həsən bəyin malikanəsinin qənşərində qərargah quruldu. Bir gün Zambulatov səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafərə qatıldı. Ziyafət zamanı otağa silahli adamlar girdi və Zambulatov da daxil olmaqla, Salyandakı bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdıqlarına görə xususi amanslzlıqla törədildi”.

Rus tarixçilərinin yekdil qənaətlərinə və şahidlərin ifadələrinə görə ” .. bu qanlı hadisənin başında Həsən bəy deyil, onun xanımı Qəbulə xanım dayanırdı”.

Bu qətl hadisəsi hansı səbəbdən baş vermişdi? Dəqiq,etibarlı və təkzibedilməz qaynaqlar əsasında yazılmış “Qəbulə xanım və I Pyotr” kitabında Azər, bu və digər suallara tam aydınlıq gətirir.
Qəbulə xanım heç şübhəsiz ki,
təkcə Azərbayçan tarixinin deyil,ümumtürk,hətta dünya tarixinin ən önəmli,qəhrəman simalarındandır. Qəbulə xanım haqqında rus ədəbiyyatının ən məşhur və önəmli isimlərindən olan Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkin I Pyotr haqqında yazdığı kitabda Qəbulə xanımı “Knyagina” titulu ilə qiyaslandırıb. I Pyotr zamanında yaşayan tarixçilər də, rus tarixşünaslığının sonrakı görkəmli şəxsləri də Qəbulə xanım haqqında yazıblar. Azər öz kitabında həmin müəlliflərdən də yeri gəkdikcə, öz kitabının əsas qayəsinə xidmət edən sitatlar gətirir.
Azər bu tarixi hadisəni haqlı olaraq “Rus işğalına qarşı ilk böyük qiyam” kimi dəyərləndirir. Kitabdakı faktlar da Azərin yazdıqlarını təsdiq edir.

Azərbaycanda ilk dəfə Qəbulə xanım haqqında məlumatı Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstanı İrəm” əsərində verib. O vaxta qədər isə, elə Pyotrun zamanında Qəbulə xanımın əfsanəvi qəhrəmanlığını unutdurublar. Nəinki qəhrəmanlığını, hətta bu qəhrəman xanımın adını da unutdura biliblər. Hər halda tariximizdə Qəbulə xanımdan sonra Azərbaycanda kimsə öz qız övladına Qəbulə adını verməyib.
Bu cazibədar qəhrəman xanım haqqında Azər ilk dəfə 2012-ci ildı çap etdirdiyi “Darülmömün” kitabında yazıb. Amma bu mövzu daima Azərin diqqət mərkəzində idi. Nəhayət bu ilin 31 yanvarında Azərin “Əbəbiyyat qəzeti”ndə Qəbulə xanım haqqında yeni bir yazısı çap olundu. Yazı çap olunan günü, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Azərin həmin yazısını oxuyub. Həmin ərəfələrdə Sakit müəllim “teleqraf informasiya agenliyi”nə verdiyi müsahibədə jurnalıstin “Əsərlərinizi yuxuda görürsünüzmü?” sualına belə cavab verib:
” -Yuxuda gördüyüm əsərlər çox olub. Dostum Azər Turan Qəbulə xanım haqqında bir yazı yazıb. Mən həmin yazını oxudum .Sonra arzu etdim ki, kaş gözümün qarşısına gələydi. Yatdım, yuxuda Qəbulə sarı paltarda gözümün qarşısına gəldi. Qəbulə haqqında rəsm çəkdim…
Azər Turan bu yaxınlarda mənə zəng edib dedi ki, bir alman səyyahı Qəbulə haqda yazıb ki, ”qızıl sapdan toxunmuş paltar geyərdi”.
Bu sözü mənə portreti çəkdikdən sonra dedi”.

Həmin ərəfələrdə Azər dəSakit müəllimin çəkdiyi portret haqqında yazıb:
“-…Qəbulə xanım haqqında məqaləm qəzetdə çap olunandan sonra,
yəni ertəsi gün,günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərdi, “bu qadın kimdir?”- deyə soruşdu. “Qəbulədir- dedim.Qəbulənin metafizik bir aləmdən baxan obrazıdlr”…Sakit müəllim: “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm”-dedi. Qəbulə 300 ildən sonra,bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi.Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi. Özü də yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi. Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam”.
Sakit müəllim “Qəbulə xanımın portreti”ni bir aya çəkib tamamlayır. Bu bir ay ərzində Azər də “Qəbulə xanım və I Pyotr” kitabını yazıb bitirir. Azərin və Sakit müəllimin bu duygusal iş birliyi heç şübhəsiz ki, Azərbaycan Təsviri sənətinə və içtimai fikir tariximizə iki möhtəşəm əsər qazandırdı.
Azərin “Qəbulə xanım və I Pyotr” kitabının üz qabıgındakı rəsm Xalq rəssamı Sakit Məmmədovun haqqında söhbət açdığımız “Qəbulə xanımın portreti” əsəridir.
“Qəbulə xanım və I Pyotr” kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru,
Milli Məçlisin üzvü Elnarə xanım Akimovadır.

Sizlərə isə bu kitabı oxumaq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Çərşənbə axşamı, 24 İyun 2025 11:16

"Saza könül verən ustad" adlı poeziya gecəsi

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

İyunun 23-də Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin 12 nömrəli Tayıflı, 23 nömrəli Xaçmaz, 7 nömrəli Xalxal, 4 nömrəli Bucaq kənd kitabxana filiallarının birgə əməkdaşlığı ilə 13 nömrəli Kərimli kənd kitabxana filialında "Müasir oxucu: Kitab və inkişaf" adlı maarifləndirici və inkişafyönümlü layihə çərçivəsində Azərbaycan aşıq ədəbiyyatının görkəmli simalarından olan Aşıq Alının 225 illik yubileyi ilə əlaqədar " Saza könül verən ustad" adlı poeziya gecəsi keçirilib.

 

Çıxışlarda qeyd olunub ki, Aşıq Alı ədəbi irsi bizə məhdud kəmiyyətdə gəlib çatsa da, o, Azərbaycan aşıq sənətinin ən böyük nümayəndələrindən biridir.

Tədbirdə iştirak edən kitabxanaçılar mövzu ilə bağlı çıxış edərək, Aşıq Alının yaradıcılığından bəhs etmiş, onun şeirlərini səsləndiriblər.

Kərimli kənd kitabxana filialının fəal üzvləri Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsini səhnələşdirib, şeirlərini söyləyiblər.

Aşıq Alının 225 illik yubileyi ilə əlaqədar "Saza könül verən ustad" adlı sərgi təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

                                                                                          

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 11:00

“Daşqın” – XXI yüzilin metafizik tufanı

 

(Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayevin eyniadlı romanı üzərinə bir neçə söz)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Qırğızıstanın görkəmli yazıçısı Sultan Rayevin “Daşqın” romanı türkdilli ədəbiyyatın çağdaş ruhu ilə metafizik əndişələrini birləşdirən, dini, mifik estetik-fəlsəfi səviyyədə onun yenidən bədii tanıtımına çevrilən önəmli əsərlərdən biridir. Əsər İlahi fəlakətin ədəbiyyatdakı dərin yorumu kimi qəbul görməyi haqq edir.

 

Adıkeçən romanda Nuh Tufanı arxetipi vasitəsilə qlobal əxlaqi süqut və mənəvi yaddaşsızlıq problemi ustalıqla güncəlləşdirilir. Bu motiv, dini mətnlərə dayanan süjet axını ilə yanaşı, çağdaş dünyanın İlahi dəyərlərdən uzaqlaşmasının bədii təcəssümüdür:

“İslam alimləri Dünya daşqınına qədər olan bəşər əxlaqı ilə bugünkü mənəvi düşkünlük arasında birbaşa paralel aparırlar” (s. 16). - Rayev bax bu paralelə əsaslanaraq oxucunu yalnız keçmişin hekayəsinə deyil, həm də gələcəyin güman edilən faciəsinə yönəldir. Tufan – həm ilahi cəza, həm də metaforik saflaşma, yenilənmə fürsəti kimi təqdim olunur.

Fəlakət və vicdan dilemmasını qabardan ustad yazar sanki açıq sualla çıxış edir: İnsanlıq harda yanlış etdi?

Əsərin əsas personajları Kxe və Man obrazlarıdır. Onlar daşqından sonra sağ qalan yeganə ailənin üzvləridir. İki uşaqları – Etix və Duna ilə birlikdə yeni dünyanın, necə deyərlər, yeganə sakinlərinə çevrilirlər. Lakin bu “qurtuluş” özlüyündə yeni bir faciəyə yol açır: yaddaşsızlıq və anlamsızlıq!..

“Kxe yaddaşının “o biri dünya” haqqındakı qopmuş səhifələrini yenidən vərəqləməyə başladı, …o, ruhunun nəzərləri ilə baxaraq keçmişin hadisələrini görə bilirdi” (s. 25). - Bax, bu “o biri dünya” çağdaş insanlığın simvolik modelidir – süni ağıl, əxlaqsızlıq, genetik manipulyasiyalar və Tanrısızlıq!.. İnsanlar unudur - öz Yaradanını unudur:

“İnsan günah işlətməkdə həddini aşıb, indi o hətta Tanrını belə tanımır!” (s. 26). - Əsərin elə bu bölümündə yazıçı çağdaş dünyanın mənəvi iflasını konkret dini dillə deyil, əxlaqi fəlsəfə ilə yorumlayır.

Haşiyə:

Bəli, yaddaşsızlıq – böyük, yeri gələndə, bəlkə ən böyük fəlakətdir! Trampın BMT Nizamnaməsini və digər beynəlxalq hüquq normalarını “yadından çıxararaq” Yaxın Doğunu yenidən qan çanağına doğru sürükləməsi fəlakət deyilmi?

Fars-Molla rejimi, ondan irəli Pəhləvi Şah rejimi bizim Güneyli soydaşlarımızı, ümumən türkləri öz ana dilində təhsil hüququndan, doğma dildə məktəbdən, daha neçə və necə haqdan məhrum edərkən öz Anayasaları, beynəlxalq hüquqlar bir yana, ən, ən adi insan haqlarını “yaddan çıxarıblar”…

Ukraynaya “zerkalnı gün”də (22.02.2022) hücum edən Rusiyanın elə özünün Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı öhdəliklərini, ikitərəfli, çoxtərəfli anlaşmaları, beynəlxalq hüququ “yaddan çıxarması” necə - fəlakət əlamətidir ya yox?..

Bu “yaddaşsızlıqlar”ın hamısından daha betəri - bizim öz canımızdan keçən, ömrümüzü-günümüzü yeyən 30 illik Ermənistan işğalı guya “yaddaşsızlıq” və yaddaşsızlıq bəlası deyildimi? Ermənilər beynəlxalq hüququ, keçmiş SSRİ Anayasasını, “Almatı Bəyannaməsi”ni (21.12.1991), habelə tarixi həqiqətləri və Azərbaycanın əvəziödənməz yaxşılıqlarını “yaddan çıxarıb” bizim başımıza nə oyunlar açdılar?!. Və biz də yaddaşsızlıqdan… (bir neçə havadara arxalanan, rahatca qucaq dəyişdirən) Ermənistanın 90-cı illərdəki işğallarına hazırlıqsız yaxalandıq və sanki bir müddət onu da yaddaşdan tapıb dövriyyəyə daxil etmədik ki, işğalçının bütün ərazisi bizimdir, bütün!..

Uzun sözün qısası,

Yaxın Doğuda, Geney Qafqazda, emumən Yer üzünün müxtəlif bölgələrində baş verən bir sıra qanlı siyasi-hərbi proseslər də yaddaşsızlığın, hüquqsuzluğun və Tanrıdan uzaqlaşmanın başqa növ çağdaş təzahürləridir…

Hə, desəniz ki, o yaddaşsızlıqla bu “yaddaşsızlıq” tam eyni kateqoriya deyil, mən də deyərəm, gərək tufan illa suların qabarması, iqlimin dəyişməsi ilə ola? Siyasi-diplomatik pozuntularla meydana çıxan hərbi tufan daha betər deyilmi məgər? Məgər mədəniyyət, əxlaq iqliminin pozulması necə bəs?!.

Nuh dönəmində Nüvə silahı və ona sahib dövlətlər yoxuydu, ondan neçə min illər dəxi yoxuydu… Ayrıca, İlahi tufanı İlahi özü yaradarkən, vurğuladığımız indiki tufanları bəndələr törədir, bəndələr!.. Tanrının tufanında bir nizam vardısa, bəndə tufanlarında xaos var ancaq, xaos!..

(Haşiyənin sonu)

Yenidən “Daşqın”a qayıdaq:

Bəli, romanın əsas estetik-fəlsəfi mövzusu yaddaşdır. Yalnız fiziki deyil, mədəni və mənəvi yaddaşın da daşqında məhv olması, bəşəriyyətin yenidən doğulması problemini doğurur. Kxe övladlarına sadə anlayışları izah edə bilmir:

“…Kxe …Ayın, Torpağın, dalğanın, şimşəyin nə olduğunu, az qala, çeynəyib uşaqlarının ağzına atsa da, uşaqlar heç nə başa düşmürdülər” (s. 21). - Bu səhnə həmçinin dilin məhvini – mədəniyyətin daşıyıcısı olan ana simvolun itirilməsini göstərir. Tanrısızlıqla yox, sözsüzlüklə başlayan yeni epoxa – bu, Rayevin təklif etdiyi bəşəri sualdır.

“Daşqın”da süni insan və Tanrısız toplumun tənqidi var.

Əsərdə süni insanlara qarşı münasibət sərtdir. Kxe “gen mühəndisliyi”nin yetirmələrini “ruh və vicdanı olmayan” varlıqlar kimi qınayır:

“Əgər bu cür süni insan meydana çıxsa, onu İnsan adlandırmaq mümkün olmayacaq. Süni insanın sinəsinin altı boşdur, onun ruhu, daxili aləmi, vicdanı yoxdur! Bu xüsusiyyətləri insana yalnız Tanrı verir!.. Süni insanın yaradılması vicdan anlayışına sığmır, bu, əxlaqsızlıqdır…” (s. 79). - Sövq-təbii meydana çıxmış bu haqlı tənqid süni intellekt və biotexnologiya ilə yaranmış yeni etik problemlərə bədii reaksiyadır. Rayev təkcə dini baxışla deyil, humanizm mövqeyindən çıxış edir.

Gəlin bir qədər də türklük və mənəviyyata vurğu edək. “Bəşər üçün ümid varmı?” - bu isə bizim sualımız olsun.

Romanın alt qatında türkcə bir ruh dolaşır. Kxe – qədim türk inanc sistemi ilə Tanrıya bağlanır, insanı mənəviyyatın mərkəzinə qoyur. Qlobal fəlakətə baxmayaraq, insan ruhunun qurtuluş potensialı yalnız yaddaş və vicdanla mümkündür.

“Kxe də hər şeydən əvvəl Yaradanın – Böyük Xilaskarın müqəddəs Adını öz övladlarının qəlbinə həkk etməli, Onu övladlarının ruhunda qurğuşun kimi əritməli idi” (s. 32). - Bax, elə bu ideya türklüyün qədim mifoloji inancından qidalanır: kainatın mənəvi başlanğıcı Tanrıdır və insan onunla rabitədə olduğu müddətcə qurtuluş mümkündür, mümkündür.

Romanın fəlsəfi sonucuna diqqət edək:

Tufan yalnız su deyil, susqunluqdur.

Tanrının adını unutmaq,

dili itirmək,

ruhu sükuta qərq etmək – bütün bunlar insanı suya qərq olmaqdan daha böyük fəlakətlərə aparır. Sultan Rayevin romanı bu anlamda çağdaş dünyaya ədəbiyyat (Türk ədəbiyyatı!) dili ilə ünvanlanan xəbərdarlıqdır.

Beləliklə,

“Daşqın” romanı çağdaş türk ədəbiyyatında fəlsəfi simvolizmə əsaslanan və belə demək olarsa, qiyamətsonrası (postapokaliptik) bədii təfəkkürlə yazılmış önəmli mətndir (əsərdir). Sultan Rayev bu əsəri ilə yalnız dini metaforanı dirçəltmir, həm də çağdaş insanın yaddaşsızlığına, ruhsuzluğuna, Tanrısızlığına qarşı bir ədəbi etiraz formalaşdırır.

Bu cür romanları oxumaq – yalnız daşqını deyil, öz içimizdəki sükutları, unutduğumuz Tanrını, itirdiyimiz sözü və kölgəyə çəkilmiş vicdanı da dərk etmək imkanıdır…

Ulu Manasın kötücələrindən, Çingiz Aytmatovun çağdaşından, başqa sözlə, Qırğız və Türküstan ruhi energetikasından belə bir əsər gözləniləniydi…

Sayın TÜRKSOY başqanımıza - “Daşqın”ın yazarı Sultan Rayevə, kitabı azərbaycanca nəşr edən Türk Mədəniyyəti və İrsi Fonduna, azərbaycanca nəşrin redaksiya heyətinə, könül gözüylə oxuyan hər kəsə sevgi-sayğılar! 

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Çərşənbə axşamı, 24 İyun 2025 10:44

“İgidlərin Sözü”nün yeni buraxılışı da olacaq

Vətən Müharibəsi Qələbəsinin 5 illiyi münasibətilə məşhur "İgidlərin Sözü" layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsi iştirakçılarının şeirlərindən ibarət yeni antologiyanın nəşri planlaşdırılır.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına layihənin rəhbəri Nigar Həsənzadə məlumat verib.

Bu layihəyə qoşulmaq və "İgidlərin Sözü" layihəsinin yeni iştirakçısı olmaq istəyən İkinci Qarabağ müharibəsi veteranlarından 3-5 şeir göndərmələri xahiş olunur.

 

Materialları aşağıdakı ünvana göndərmək lazımdır:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Son qəbul vaxtı 15 İyuldur. 

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Çərşənbə axşamı, 24 İyun 2025 10:33

BÖYÜK ZİYALININ - Şirməmməd Hüseynovun anım günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

  

Azərbaycanın ictimai fikir tarixində, elmində, mətbuatında bir ad vardır ki, o, heç vaxt silinən deyil. Bu ad böyük ziyalımız Şirməmməd Hüseynpvun adıdır. Bu gün onun anım günüdür. Onun ərsəyə gətirdiyi layiqli işlər çoxdur, mən tək birini xatırlatsam, kifayət edər – O, Məhəmməd Əmin Rəsulzadə irsinin ən böyük tədqiqatçısıdır.

 

Şirməmməd Hüseynov 17 dekabr 1924-cü ildə Şəkidə anadan olub. Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

 

1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. BDU, filologiya fakültəsinin dekan müavini,  jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, Jurnalistika fakültəsinin dekanı vəzifələrində çalışıb.  BDU, mətbuat tarixi kafedrasının dosenti, mətbuat tarixi kafedrasının müdiri, 1988-ci ildən isə BDU mətbuat tarixi kafedrasının professoru olub.

 

Kitabları

 

1. Məhəmməd Əmin Rəsulzadə əsərləri (5 cild)

2. Azərbaycan legionerləri

3. Milli haqq və ədalət axtarışında

4. Mənəvi irsimiz və gerçəklik

5. Azərbaycan dilində ilk bolşevik nəşrləri

 

Mükafatları

 

- Nizami təqaüdü

-  "Əməkdar jurnalist" fəxri adı

-  Zərdabi adına mükafat

-  Y. Məmmədəliyev adına mükafat

-  Məhəmməd Əmin Rəsulzadə adına mükafat

-  "Şərəf" ordeni

 

Şirməmməd Hüseynov – bu yorulmaz insan 24 iyun 2019-cu ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

23 iyun 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib.

 

 “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca, kitabxana əməkdaşları uşaqlara 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı barədə məlumat verərək, mövzuya dair mütaliə üçün müxtəlif kitablar tövsiyə ediblər.

 

Uşaqlar oxuduqları kitablar haqqında fikirlərini bölüşüb, qəhrəmanlıq və vətənpərvərlik mövzularına toxunublar. Müzakirənin sonunda mövzu ilə bağlı sual-cavab aparılıb, uşaqların düşüncə və təəssüratları dinlənilib.

Tədbirin sonunda Milli Qəhrəman Xudayar Yusifzadəyə həsr olunmuş videoçarx nümayiş olunub. Uşaqlar qəhrəmanımızın göstərdiyi şücaət və vətən sevgisi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin əsas məqsədi uşaqlarda vətənpərvərlik hissini oyatmaq, onlara Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq tarixini tanıtmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 24 İyun 2025 10:03

Müşahidə Nərimanova "Qələm tutan incə əllər"də...

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Həmin layihə çərçivəsində tanış olacağınız növbəti qələm adamı şair Müşahidə Nərimanovadır.

 

Qısa təqdimat:

Nərimanova Müşahidə İsgəndər qızı: 1967-ci ilin dekabr ayının 17-də Cəlilabad rayonun Seyidbazar kəndində bir zəhmətkeş ailədə dünyaya göz açıb. İbtidai və orta təhsilini doğulduğu kənddə alıb. Onun ilk müəllimi doğma diyarımızın tanınmış tarixçi-tədqiqatçı və toponimist alimi Mahmudağa Qasımov olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1988-ci ildə sabiq Nadejda Konstantinovna Krupskaya adına Bakı Mədəni-Maarif Məktəbinə (Kitabxanaçılıq Texnikumu) daxil olmuş və 1990-cı ildə həmin məktəbi qırmızı diplomla bitirmişdir.

Bir müddət Cəlilabad rayonun Seyidbazar kəndində fəaliyyət göstərən Mədəniyyət Evində metodist vəzifəsində işləsə də ailə həyatı qurduqdan sonra Sərhədəbad kənd Klubunun müdirəsi vəzifəsinə keçmişdir. 2017-ci ildən etibarən isə Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində metodist vəzifəsində çalışır. Ailəlidir, 2 övladı (bir qızı və bir oğlu) var.

Müşahidə xanımın şeir və poeziya sahəsinə gəlişi orta məktəb illərinə (VII-VIII siniflərdə oxuyan illərə) təsadüf edir. Onun ilk iki şeiri o vaxtlar Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair mərhum Abbasağa Azərtürkün dəstəyi ilə "Yeni gün" qəzetində işıq üzü görmüşdür. Sonrakı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində tanınmış şair Məmməd İsmayıl tərəfindən onun haqqında böüyk həcmli məqalə çap olunmuş və həmin məqalədə Müşahidə xanımın şeirlərindən birinə də istinad edilmişdir.

Müşahidə xanım hal-hazırda Cəlilabad MKS-də metodist vəzifəsində çalışsa da,  poeziya sahəsini tərk etməmiş və mərkəzdə təşkil edilən müxtəlif mədəni, ədəbi və ictimai tədbirlərin aparıcılığı ilə yanaşı, həm də müxtəlif şeirlərin bacarıqlı qiraətçisi kimi tanınır.

 

Bədii ədəbiyyat nümunələri:

Müşahidə Nərimanova Cəlilabad ədəbi mühitinin bacarıqlı şairlərindən və şeir qiraətçilərindən biri olsa da təvazökarlıq göstərərək özünü kənara çəkir və başqalarının ona şair deyə müraciət etməməsini xahiş edir. Onun bu barədə nəzmə çəkdiyi məşhur şeiri belədir:

 

Nə olar siz mənə şair deməyin,

Məhsəti inciyər, Natəvan küsər.

Nə olar siz mənə şair deməyin,

Böyuk Nizaminin xətrinə dəyər...

 

Lakin hər şeyə rəğmən o, Cəlilabad ədəbi mühitinin bacarıqlı xanım şairlərindən biridir. Müşahidə xanım qələmə aldığı "Dindirmə" adlı mənalı və təsirli şeirində belə deyir:

 

Dindirmə aglaram mən zarı-zarı,

Simləri qırılmış kaman kimiyəm.

Əriyib tökülləm mən yarı-yarı,

Daglardan sürünən duman kimiyəm.

 

Açmadan tez solan çiçək olmuşam,

Bir çiçək ömrünə həsrət qalmışam.

Yağışlı buludam, yaman dolmuşam,

Yanan umidlərə yağan kimiyəm.

 

Dindirmə açılar qasnaq yaralar,

İçimdə hamısı qan verər indi.

Cücərmək istəyən körpə arzular,

Yanaraq büzüşər can verər indi…

 

Son olaraq doğma elimizin dəyərli şairi Müşahidə xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Onun barəsində ən dolğun məlumatı yazıçı Varisin “Qırmızı ləçəklər” romanından almaq olar. Dövlət sifarişi ilə 2019-cu ildə yazılmış, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası vasitəsilə təbliğ olunan bu roman bizə Vətən uğrunda canını verən əsl azərbaycanlı kişisinin obrazını canlandırır.

 

1953-cü ilin isti yayında – iyun ayının 24-də Qarabağın gözəlliklər beşiyi olan Xocalıda bir oğlan dünyaya gəldi. Onun adını Əlif qoydular. Uşaqlıqdan cəsarəti, dik duruşu, ədalətə olan meyli ilə seçildi. Sonralar bu uşağın adı Azərbaycanın yaddaşına şərəf, igidlik və şəhidlik simvolu kimi yazılacaqdı. O, həm Milli Qəhrəman kimi, həm də Şəhidlər Xiyabanında uyuyan ilk Qarabağ müharibəsi şəhidi kimi tarixə düşəcəkdi.

 

"Həyat və xidmət yolu"

 

Əlif 1970-ci ildə orta məktəbi bitirdikdən sonra Xankəndidə sürücülük kursu keçib və 1971–1973-cü illərdə Sovet Ordusunda xidmət etdi. Hərbi xidmətini Belarusda – Minskdə başa vurub. Hərbi nizam-intizam və ciddiyyət onun xarakterində əsas yer tutmağa başlayıb.

Geri döndükdə öz torpağında yad kimi qarşılanıb, Dağlıq Qarabağa yiyiələnmiş ermənilər ona nə iş veriblər, nə də təhsil almasına imkan. Belədə, Əlif yenidən Belarusa qayıdası olub.

1974-cü ildən etibarən daxili işlər orqanlarında fəaliyyət göstərməyə başlayıb. Həm təhsil alıb, həm milis sıralarında fəaliyyət göstərib. Frunze adına Xüsusi Milis Məktəbində və daha sonra SSRİ DİN Akademiyasında qiyabi təhsil alıb. Hüquq-mühafizə sahəsində peşəkarlaşdı və ciddi uğurlar qazanıb. Bundan sonra Əlif Xocalıya qayıdıb, Əskəranda milis işləyib. Haqqları pozulan azərbaycanlıları erməni basqısından qoruyub, tezliklə adı dillərdə dolaşıb. Lakin onun bu uğurları bəzi dairələri narahat edib.

Əlif Hacıyev Qarabağda erməni millətçi dairələrinin gizli fəaliyyətini ifşa etdiyi üçün əsassız ittihamlarla 10 il azadlıqdan məhrum edilib. Bu saxta ittihamlar onun iradəsini sındıra bilməyib. 1987-ci ildə cəzası 6 ilə endirilib və 1989-cu ildə o, azadlığa buraxılıb.

 

Lakin Əlif üçün sakit həyat yoxdur. O, yenidən vətənin çağırışına səs verib. 1990-cı ildə Daxili İşlər Nazirliyinə qayıdıb və doğma Xocalı Aeroportunun komendantı təyin olunub. Onun rəhbərliyi ilə hava limanı erməni silahlılarından geri alınıb. 1991-ci ilin sonlarında o, mayor rütbəsi alıb.

 

"Ailəsi və Qalina Hacıyeva ilə tanışlığı"

 

Əlif Hacıyev xidməti illərində Belarusda yaşadığı dövrdə Qalina Hacıyeva ilə tanış olub. Qalina ilə onların münasibəti dərin hörmət və sevgi üzərində qurulub. Milliyyət fərqi, mədəniyyət fərqi onların arasında maneə ola bilməmişdi – çünki onları birləşdirən ürək, insanlıq, ədalət sevgisi və mənəvi bağlılıq idi.

Onların bu sevgisi 1981-ci ildə ailə qurmaqla rəsmiyyət qazanıb. Bu evlilikdən iki qız övladları – Zərinə və İradə dünyaya gəldi. Qalina xanım, Əlifin Azərbaycan vətəninə olan bağlılığını həmişə dəstəkləyib, onun çətin və məsuliyyətli həyat yolunda arxa olub. Bu ailə, çətin illərdə də möhkəm qalıb, vətənin taleyinə biganə qalmayıb.

 

"Xocalı faciəsi və Qəhraman ölüm"

 

1992-ci ilin fevralı. Qarlı, sərt və qara xəbərli gecə… 25-dən 26-na keçən gecə Xocalıya erməni silahlı qüvvələrinin amansız hücumu başladı. Dinc əhalinin üzərinə tanklar, toplar və avtomatlarla gəlirdilər. Əlif Hacıyev həmin gecə tam silahlı vəziyyətdə, başında dəbilqə, əlində avtomat – öz vəzifə borcunu yerinə yetirirdi.

O, yüzlərlə insanı Şelli kəndinə, meşələrə yönəldərək ölüm təhlükəsindən uzaqlaşdırmağa çalışdı. Silaha sarılıb öndə döyüşdü, əsgərlərinə ruh verdi. Lakin, düşmən çox və amansız idi. O, avtomat darağını dəyişərkən düşmənin atdığı güllə ona tuş gəldi. Əlif Hacıyev şəhid oldu – amma geri çəkilmədi, qorxmadı, əyilmədi. Onun meyiti beş gün sonra meşədən tapılaraq Bakıya gətirildi. Şəhidlər Xiyabanında dəfn olunub.

 

 "Təltifləri və əbədi xatirəsi"

 

1992-ci il, 6 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlif Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, “Qızıl Ulduz” medalı ilə təltif edilib. Onun adı Bakının Nizami rayonunda bir küçəyə verilib. Onun haqqında sənədli filmlər çəkilib– “Xocalının Əlifi” kimi yaddaşlara yazılıb. Hər il doğum və şəhidlik günlərində anım mərasimləri keçirilir, məktəblərdə onun haqqında danışılır. Qalina xanım və övladları isə bu gün də onun adını yaşadır, onun döyüş yolunu gələcək nəsillərə çatdırmaq üçün çalışırlar.

 

"Əlif Hacıyev - ölümü ilə də yaşamağı öyrədən qəhrəman. Qəhrəmanlar ölməz… Vətən səni unutmayacaq, Əlif!"

 

O, təkcə bir mayor, bir komendant deyildi. O, Xocalının qalası, millətin vicdanı, vəfa və igidliyin simvolu idi. Həm döyüş meydanında, həm ailəsində, həm də xalqının qarşısında o, məsuliyyətli və fədakar duruş sərgiləyib. O, bu torpağın oğluydu və bu torpaqda şəhid oldu. Onun qəlbi Xocalı üçün döyündü, son nəfəsinə qədər…

İndi Xocalı azaddır. Və Əlif Hacıyevin də ruhu şaddır.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

78 -dən səhifə 2345

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.