Super User

Super User

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumunda iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Agentliyə istinadən xəbər verir ki, Ceyhun Salmanov iştirakçı dövlətlərin nazirlərinin qatıldığı dəyirmi masa müzakirələrində ölkəmizin dövlət xidmətləri sahəsindəki uğurları və “ASAN xidmət” modeli barədə ətraflı məlumat verib.

Ölkəmizdə dövlət xidmətlərində tətbiq edilən innovasiyalar, “ASAN xidmət”in inkişaf yolu, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının önəmi və fərqli texnoloji həllər beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Bosniya və Herseqovina, Cibuti Respublikası, Solomon Adaları, Mali Respublikası və Namibiya Respublikasının müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında görüşlər keçirilib, mümkün əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə dair geniş müzakirələr aparılıb.

Bununla yanaşı “Yeni nəsil dövlət xidmətləri: vətəndaş yönümlü yeniliklər, texnologiyalar və həllər”, eləcə də “2030-cu ilə 5 il: dayanıqlı gələcək üçün dövlət xidmətlərinin sürətləndirilməsi” adlı vorkşoplarda ölkəmizin və “ASAN xidmət” brendinin uğurları iştirakçıların nəzərinə çatdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

Cümə axşamı, 26 İyun 2025 14:01

Xaqan ünvanlı LİDER

Aida Eyvazlı Göytürk,

jurnalist, “Ədəbiyyat və incəsənət” portalının redaktoru, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İB-nin sədri.

 

2020-ci ilin zəfərindən bəri yazmaq istədiyim ürək sözlərim var. O düşüncələrim, ürək sözlərim Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlıdır. Və məhz bu gün – Silahlı Qüvvələr Günüdə bu sözlərin işıq üzü görməsi qismət imiş…

 

2020-ci ilə qədər O, dünyada yaşayan azərbaycanlıların Prezidenti və Lideri idi. Vətən torpaqları onun taktiki gedişləri və göstərişləri ilə düşmən tapdağından azad olunandan sonra, bütün dünya siyasətçiləri onun siyasi şahmat taxtasında ŞAH olduğunu gördülər.

Mənim düşüncələrimdə daha kimdir İlham Əliyev?!

Hər şeydən əvvəl, onu deyim ki, İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti üçün proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir.

Bu gün  cənab Prezidentin: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”-fikri bütün zamanlarda hər birimizin aforizmə, lozunquna və inamına çevrilib. Biz artıq əminik ki, O, nəyi necə, və nə zaman həll edəcək. Bu fikri və əməli ilə ilə bir çoxumuzun “Qarabağı nə zaman azad edəcəyik?”- ritorik sualımızı, eləcə də bütün şübhə və müəmmalarımızı bir kənara atdı. Bu gün Azərbaycan xalqının inandığı Öndəri və LİDERi vardır.

Elə  bu xüsusiyyətlərinə görə türk dünyasında  xalqı öz ətrfafında birləşdirən, onu mübarizələrə səsləyərək 30 illik işğala son qoyan, 200 il ərzində itirilmiş torpaların qaytarılması yolunun əsasını qoyan Ali Baş Komandan obrazı yarandı.

Ötən illər ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti və  xidmətləri sayəsində ölkəmizi  mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrildi.  Bu gün onun dəqiq hesablamaları və hədəfləri görə bilmək bacarığına görə dünya siyasətçiləri, siyasi liderləri də hər hansı mühüm problemlərin həlli üçün Azərbaycana gəlir, qlobal dünyanın problemləri Xəzərin sahillərində öz həllini tapır. Azərbaycan geopolitik aləmdə Böyük İpək Yolunun qovşağına çevrilib. Bu gün dünyanın bütün yolları Azərbaycandan keçir.

İlham Əliyevin ən böyük nailiyyətlərindən biri Azərbaycan xalqının tam birliyinə nail olmasıdır. Azərbaycan xalqı onun ətrafında yumruq kimi birləşib. Qeyri-stabil regionda yerləşən Azərbaycanın gücünün təməlində həm də  xalqın bu birliyi dayanır. Azərbaycandakı tolerantlıq səbəbindən milli və ya irqi, tayfa ayrı-seçkiliyi yoxdur. Ali Baş Komandan İlham Əliyevin torpaqları düşməndən azad etmək haqqında çağrışına ölkəmizin eynihüquqlu  vətəndaşları olan talış da, tat da, ləzgi də, rus, ukrain, udin də həvəslə qoşuldu. Azsayılı xalqlar ilə bütövləşmiş  Azərbaycan xalqı onun ətrafında yumruq kimi birləşdi. 

Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər edəndə xalqın nümayəndələrinin onu və ailəsini necə məhəbbət və şadyanalıqla qarşılamasının sübuta ehtiyacı yoxdur. O, xalqının məhəbbətini qazanan LİDERdir! Uşaqla uşaq kimi, böyüklə qardaş kimi, ata kimi danışır, şəhidi xatırlayanda gözləri dolur, torpaq uğrunda canından keçənlərin xatirəsini əziz tutur,  xalqın səsini-sözünü dinləyir. Siz sonuncu dəfə hansısa dövlət başçısını bir müəllimin, bir sadə insanın evində, süfrəsinin başında oturub çay içdiyini, çörək yediyini gördünüzmü?  Bunların hamısı onun ürəyindən keçənlərdir, könlünün istədiyidir, öz xalqına olan etibarı, inamı və sevgisidir.

Siz azad olunmuş torpaqlarda Xaqan İlham Əliyevin necə rahat və gülərüzlə, şadyanalıqla gəzib, sadə xalq ilə  həmin yurdun adi adamı kimi söhbət etdiyini yəqin ki, izləmisiniz. Əsil həqiqət odur! Burada heç bir boya, heç bir rəng yoxdur. O yerlərdə elə həmin təbiətin rənglərinə uyğun həqiqətlər var. Bu gün azad olunmuş torpaqlardan seyr etdiyimiz mənzərənin  hər biri başda Sərkərdə İlham Əliyev olmaqla, onun əsgərlərinin yaratdığı möhtəşəmliyin panoramı və tablosudur.

İlham Əliyevin rəbərlik etdiyi Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, həm də yaşıl enerjiyə böyük yatırımlar edir. İşğaldan azad olunmuş ərazilərdə yaradılan yaşıl enerji zonaları bunun göstəricidir. Azərbaycanın “yaşıl” enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasın iqlim tədbiri (COP29) ötən il Bakıda keçirildi. Həmin tədbirlərdə AzTV-nin yaradıcı jurnalisti kimi mən də iştirak edirdim. COP-29 tədbirinin keçirildiyi günlərdə planetimizin hər yerindən gələn insanların da Azərbaycana necə ümidlə gəldiyini gördüm. Panel sessiyalarında  İqlim dəyişikliklərinin fəsadları ilə bağlı aparılan hesablamalara uyğun əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi, kasıb dövlətlər üçün isə 2035-ci ilə qədər 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan hədəflər müəyyənləşdirildi. Həmçinin, COP29 sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bu sənədləri və qərarları konfransda iştirak edən 150 tərəf təsdiq etdi. 

İlham Əliyev ev sahibi kimi  sessiyada çıxış edərkən dedi: “ Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maaliyə və humanitar yardım göstərmişik”.

COP29 tədbirinin keçirildiyi sessiyalarda mən bir də cənab Prezidentin ailəsinin hər bir üzvünün dünyanın hər yerindən gələn qonaqlara, yerli media nümayəndələrinə münasibətinin canlı şahidi oldum. İrqindən və milliyyətindən asılı olmayaraq hər bir qonağa yaxınlaşıb, onlarla səmimi görüşən, tədbirdə iştirak edən ölkələrin  təşkil etdikləri panel sessiyalarda iştirak edən Leyla xanım və Arzu xanım Əliyevalar, eyni zamanda biz jurnalistlərin işlədikləri  Yaşıl zonaya da tez-tez baş çəkir, bizi dinləyir, hər birimizlə şəkil çəkdirirdilər. Bu müşahidə etdiklərimiz də prezident ailəsinin daxilində olan səmimiliyin güzgüsü idi.

Mən niyə İlham Əliyevə daha çox “Xaqan” deyə müraciət edirəm?!

Ona görə ki, İlham Əliyev bizim  doğuluşdan genetik kodlarımızda yaşayan “Türk dünyasının Birliyi” modelinin həyata keçirilməsində mütləq addımlar atır.  “Bizim ailəmiz Türk dünyasıdır” -deyən Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının(TDT) yaranması və yeni inkişaf mərhələsinə keçməsində xüsusi rolu vardır. Prezidentin Türkiyə və  Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərləri, həmin ölkə rəhbərlərinin Azərbaycana səfərləri TDT-nın genişlənən əlaqələrinin göstəricisidir. Bu gün türk dünyası ölkələri  təkcə siyasi deyil, həm də iqtisadi, humanitar və digər sahələrdə birləşiblər. Azərbaycanın Türkiyə ilə münasibətləri türk tarixinin ən yüksək səviyyəsindədir və 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi ilə rəsmən strateji müttəfiqlik kimi təsbit olunub.

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Azərbaycan-Türkiyə münasibətləri etibarlı əməkdaşlığın yeni modeli olmaqla yanaşı, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün törəsi Naxçıvandan başlanan Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Heç bir hərbi-siyasi bloka üzv olmayan, böyük dövlətlərin maraqlarının və siyasətinin girovuna çevrilməyən Azərbaycan İlham Əliyevin rəhbərliyi və fəhmi ilə  müstəqilliyini qoruyub saxlamağı və gücləndirməyi bacardı.  Arzu edirəm ki, Müstəqilliyimiz əbədi olsun!

Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan tarixdə ilk dəfə olaraq işğal altında olan torpaqlarını geri almağa müvəffəq oldu. Buna rəhbərlik edən İlham Əliyevin adı isə Fateh dövlət başçısı kimi, Xaqan kimi, Sərkərdə kimi, Türk dünyasının Cahangiri kimi Azərbaycan və Türk  tarixinə silinməz izlərlə yazılmışdır.

Müxtəlif münaqişələrin baş verdiyi, təlatümlərin əskik olmadığı müasir dünyada Azərbaycan daxilində sabitliyin qorunması, dünyanın ən təhlükəsiz ölkələrindən birinə mevrilməsi  məhz İlham Əliyevin yüksək liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur.

Dünən bizə hədyanlar yağdıran, Zəngəzur dəhlizi açılarsa, “Qırmızı xəttı” keçmiş olarıq, deyən fars-molla rejiminin laxlaması zəminində baş verən istəmədiyimiz bu müharibədə, biz yenə də humanistliyimizi  və səbrimizi qoruyub saxlaya bilirik. Ölkəmizə pənah gətirən, bizdən yol götürən hər kəsi  doğmamız kimi qarşılayıb, yola saldıq.  İlham Əliyevin hər zaman deyib və əməl etdiyi “Sozümüz imzamızdır” – kəlməsi dövlətimizin bütün inkişafı sahəsində özünü təqsdiq etdi. Bu gün onun apardığı humanist və uzaqgörən siyasət səbəbindən artıq, “Var millətimin İMZASI  imzalar içində!”.

İnsanın fəaliyyətinə və  necə yaşamasına ən böyük dəyər verən TARİXdir. İlham Əliyevin son illərdə siyasi arenada göstərdiyi diplomatik gedişləri, addımları tam bir dünya lideri kimi formalaşmasını göstərdi. Səriştəsiz dövlət başçılarının rəhbərliyi altında tənəzzülə uğrayan dövlətlərdən fərqli olaraq, beynəlxalq arenanın hər kəsimi tərəfindən etiraf edilən ən uğurlu siyasətçilərindən biri olan İlham Heydər oğlu Əliyevin dəyərini dövlət və millət olaraq anlamalıyıq.

Əlində qələmlə savaşan bir mətbuat nümayəndəsi olaraq  mən də, məhz bu şərəfli missiyanı yerinə yetirməyi özümə borc bilirəm.

"...Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm.”.  –deyən cənab Prezident İlham Əliyev biz jurnalistlərə 2020-ci ilin payız günlərində əsil master –klass və ustad dərsləri keçdi. O, ölkəmizə xoş və bəd niyyətlə gələn xarici ölkə jurnalistlərinin hər birnin sualını yerindəcə cavablandıraraq, həm də dərin zəkası və əzmini, necə bacarıqlı diplomat, sərrast söz adamı və  həm də peşəkar jurnalist olduğunu göstərə bildi.

İlham Əliyev bizim dostumuzdur. Hər dəfə xalqa söz demək lazım olanda ölkənin öndə gedən televiziyalarının aparıcı jurnalistlərini başına toplayıb, onlarla dostcasına söhbət edir, məsləhətlərini və göstərişlərini verir.

Mən Azərbaycanın ZƏFƏR və XAQAN ünvanlı övladı  İlham Heydər oğlu Əliyev haqqında daha  sadə bir yazı da yaza bilərdim. Lakin Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində qələmə aldığım bu xatirə yazısı ilə JURNALİSTLƏRİN DOSTUNUN siyasi və sadə insan  portretini çəkə bildiyimə əminəm.

Onun digər portreti isə Şuşaya, Kəlbəcərə, Ağdama köçən yerli sakinlərin, ali məktəblərdə dövlət hesabına oxuyan şəhid övladlarının, bayrağımız dalğalanan yerdə övladları şəhid olan anaların və ataların qəlbindədir. “Azərbaycan”- adını eşidəndə qarşısındakı şəxsi heyrətlənən görən, Azərbaycan pasportu daşıyan vətəndaşlarımızın ürəyindədir.

Bir də ki, mənim Tanrıya açılan ovuclarımdadır İlham Əliyevin adı… Hər dəfə evimdən işə, işdən evə gələndə  Xəzərdən açılan möhtəşəm və gözəl mənzərəni seyr edəndə özümü dünyanın xoşbəxti sayıram. Bu sevinci və əminliyi bir jurnalist kimi mənə bəxş edən Prezident  İlham Əliyevə minnətdaram. Mən fərəhli könüllə, şad ürəklə onun mənə hədiyyə etdiyi mənzildə yaşayıb-yaradıram. Yazıram ki, yazdıqlarım türk tarixinin unudulmayacaq səhifəsi olsun.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Məşhur rəssamlarımız çoxdur, amma lap məşhurlarının adları bəzən digərlərinin adlarına kölgə salır. Halbuki, bu digər dediklərimizin hər biri də özlüyündə mükəmməl və möhtəşəm yaradıcılıq yolu keçiblər, gözəl işlər ortaya qoyublar.

Bu gün Azərbaycanın Xalq Rəssamı Nadir Əbdürrəhmanovun anım günüdür.

 

Nadir Əbdürrəhmanov 925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

 

Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyəti də olub, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak edib. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışıb. Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub.

 

Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilib.

 

Tanınmış fırça ustası Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Müstəqil respublikamızın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülməsi sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.

 

Rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq rəssamı fəxri adlarını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

 

 

Fariz Əhmədov,

Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi.

 

Atilla Öztürk,

siyasi şərhçi, AISEDA İctimai Birliyinin həmtəsisçisi, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi

 

Həzrəti Hüseynin mübarizəsi insanların yaşam tərzində illər boyu özünəməxsus şəkildə yer edib. İnsanlar bu ayda İslam şəriətinin qadağası olmasa da, ehtiram əlaməti olaraq, əyləncə məclislərindən uzaq durar və toy etməz, güzgülərin üzərinə örtük çəkər, qadınlar saçlarına xına yaxmaz, hətta yeni qiyafətlər geyinməkdən uzaq durardılar. 1400 ildir ki, davam edən bu haqq mübarizəsi haqqında Ulu Öndər Heydər Əliyev deyirdi: “Aşura günü biz dinimizə və adət-ənənələrimizə sadiq olaraq məscidə toplaşırıq və haqq-ədalət uğrunda şəhid olan İmam Hüseynin əziz xatirəsini yad edirik”.

Əsrlər boyunca məşəl rolu oynamış Kərbəla faciəsi təkcə Həzrəti Hüseynin dövrü ilə məhdudlaşmayaraq bütün zamanlarda ibrət götürüləcək mükəmməl bir fədakarlığa çevrilmişdir. Sovet hökumətinin inanclara qarşı repressiya illərində insanlar inanclarını qoruyub saxlamaq üçün Hüseyn və tərəfdaşlarının adlarını müxtəlif formalarda zikr edərək yaşatmağa çalışıblar. Ayağa qalxarkən “Ya Əli”, “Ya Hüseyn”, analar isə “Ya Zəhra”, “Ya Zeynəb” zikrlərini çəkərdilər. Balası ölən analar balası ilə birgə Həzrəti Hüseynə də ağlayardılar.

Azərbaycan xalqının tarixinin müəyyən məqamları ilə Kərbəla faciəsi arasında bir bağlılıq var: zülmə düçar olmuş peyğəmbər ümməti və zülmə məruz qalmış Azərbaycan xalqı. 30 il davam edən Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının öz dədə-baba yurdundan didərgin salınması zülmə qarşı olan, haqqı hər zaman üstün tutan Azərbaycan xalqına qarşı zülm idi. Qəddar düşmənin soydaşlarımızın şərəf və ləyaqətini alçaltmağa çalışdığı belə bir zamanda yatmış vicdanları oyadıb, duyğuları coşduracaq böyük bir fədakarlıq örnəyinə çevrildi Həzrəti Hüseyn mücadiləsi. Heç təsadüfi deyildir ki, “Vətən sağ olsun!”, “Vətən uğrunda irəli!”, “Yaşasın Azərbaycan!” – deyə ölümə atılan igidlərimizin döyüş meydanındakı şüarlarından biri də “Ya Hüseyn!” idi. İşğaldan azad edilmiş el-obamıza ordumuz ilk qədəm basdığı an üçrəngli bayrağımızı zirvələrə sancmaqla yanaşı, şövqlə azan sədalarını da yüksəltdi. Düşmənin viran qoyduğu, bu gün isə dövlətimizin yüksək dini ehtiram əlaməti olaraq bərpa edib dindarların istifadəsinə verdiyi məscidlərimizdə Həzrəti Hüseyn rituallarla, həm də adil dövlətimizə şükranlıqla yad edilir.

Həzrəti Hüseynin mübarizəsini və onun matəmini məzhəb kimi qəbul etmək ağla və məntiqə sığmır, Həzrəti Hüseyn məzhəblər üstü mübarizənin simvolu, İslam nəzəriyyəsinin cismləşmiş əyani sübutudur. Bu simvol özündə insani və ülvi hisləri ehtiva edən əsrlərin köhnəldə bilməyəcəyi “karvan”la hər il Məhərrəm ayında bizlərə tərəf gəlir. Kərbəla hadisəsindən təxmini 1200 il sonra sonuncu Qarabağ xanın nəvəsi Xurşidbanu Natəvan ürəyinin qələmə axıtdığı hüzn və kədərlə o günləri yaşayır kimi deyirdi:

Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,

Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.

Sınıq qəlbləri fəth etmiş Məhəmməd Füzuli İmam Hüseynin hərəmində, sadəcə, çıraqları yandırmır, hər alovlanan çıraqda Həzrəti Hüseynə qarşı məhəbbətini alovlandırırdı. Eyni zamanda dünyanın hər yerindən gələn zəvvarların qəlbində də İmam Hüseynin eşqini alovlandırırdı. Bu alovun nəzmə çevrilmiş tüstüsündə Füzuli deyirdi:

Mahi-Məhərrəm оldu, şəfəqdən çıхıb hilal,

Qılmış əza, tutub qədi-хəm qərqi-əşki-al.

Övladi-Mustəfaya mədəd qılmamış Fərat,

Kеçirməsinmi yеrlərə anı bu infial?!

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmiş Abbasqulu ağa Bakıxanov Kərbəla vaqiəsini belə ifadə edirdi:

Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi,

Verirəm çünki əmanət sənə gülpeykərimi.

Hürufi ədəbiyyatının və irfan şeirinin ənəlhəq siması İmadəddin Nəsimi həzrəti Hüseynlə eyni taleyi paylaşaraq yazırdı:

Səhrayi Kərbəladə sənə qıldılar cəfa,

Ol əhli zülm ləşgəri küffar, ya Hüseyn.

Azərbaycan ədəbiyyatına silinməz izlər qoyan Məmməd Arazdan da yan keçmədi Kərbəla istəyi:

İmam Hüseyn, haqqın carçısı,

Qanlı şəhid, ədalətin qisası.

Güney Azərbaycanın Quzey nisgilli şairi Məhəmməd Hüseyn Şəhriyar Heydərbaba dağından hayqıraraq deyirdi:

Hüseynə yerlər ağlar, göylər ağlar

Bətulü Mürtəza, Peyğəmbər ağlar...

Kor olmuş gözlərin qan tutdu Şimrin

Ki, görsün öz əlində xəncər ağlar

Bundan ziyadə Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Əliağa Vahid, Səməd Vurğun, Cavid Əfəndi, Abbas Səhhət, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Mirzə Hüseyn bəy Salar, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Əli Kərim, Baba Pünhan, Əbdülhəsən Raci və adlarını sadalamadığımız daha onlarca şair və yazarlar həzrəti Hüseynə nohə yazıb o hüznlü tarixə çıraq tutublar.

Həzrəti Hüseynin Aşurası, sadəcə, matəm deyil, özündə heç bitməyəcək bir sevinci də gətirir, kədərin sevincə qarışmış halını özündə birləşdirir. Mərhum Hacı şahinin dili ilə desək: “Məsələ sevgi söhbətidir, ona görə bitmir bu hekayə. Ox, nizə söhbəti deyil bu hekayə, ox, nizə bu qədər adamı bir araya yığa bilməz. Hekayə sevgi hekayəsidir. Eşqin üzərindən pərdə çəkilib. Hansı eşq? İmamın ümmətə olan eşqi. Ona görə halımız bu ayda dəyişir”.

Hüseynin karvanı o gündən bu günə hər gün bizi saf, ülvi niyyətlərə səsləmək üçün yorulmadan, usanmadan gəlir, peyğəmbər ətrini özü ilə birlikdə məmləkətlərə gətirir. Bu karvanın isə qiyməti çox bahadır. Təsəvvür edin ki, bu karvanın yola çıxması üçün peyğəmbər nəvəsi böyük oğlu Əli Əkbərin tikə-tikə doğranmağına, altı aylıq körpəsi Əli Əsgərin oxlanmasına, bacısı Zeynəbin balalarının öldürülməsinə, Xanım Zeynəbin ah-fəğan etməsinə qardaşı Əbəlfəzl Abbasın qollarının kəsilməsinə, qardaşı oğlu İmam Həsənin yadigarı Qasimin atlara bağlanaraq cisminin parçalanmasına şahidlik etdi. Hüseynin bizləri haqqa səsləyən karvanının qiyməti ona görə də çox bahadır. Bu ağır səfər, bu misli görülməmiş fədakarlıq və bu əzəmətli şəhadət, heç şübhə yoxdur ki, din, əqidə uğrunda olub. Həzrəti Hüseyn bütün mömin, inanclı insanların yolunda şəhid olub. İnsanlar Kərbəla hadisəsini yalnız qəlb gözü ilə görüb imanını artıra bilər. Buna görə də hər il Aşura gününü mərhəmət və insanlıq, milli-mənəvi, dini birlik, əqidə, məslək, Vətən yolunda şəhadətin böyüklüyünü dərk etməklə qeyd etməliyik.

Ümummilli Lider Heydər Əliyev bu hadisəyə toxunaraq deyirdi: “Bizim yolumuz Allah yoludur, Məhəmməd Peyğəmbərin yolu və İmam Hüseynin yoludur”. Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyip Ərdoğan bu hadisəyə işıq tutaraq deyirdi: “İmam Hüseyn və əhli-beyt öncə susuzluğa məhkum edildilər, sonra insanlığın ən dəhşətli qətliamı həyata keçirərək şəhid edildilər”. Kimlər örnək götürmədi ki, bu hadisəni. Mahatma Qandi deyirdi: “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim”.

Həzrəti Hüseynin haqq mübarizəsi dünya siyasi xadimləri, mütəfəkkirləri, şair və yazıçıları tərəfindən də yüksək qiymətləndirilib. Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Çarlz Dikkens, Edvard Braun, Tomas Karlayl, Boris Dokberi, Marbini, Lev Tolstoy, Rajendra Prasad, Pyer Durtgi, Rabindrant Taqor, Cəvahirləl Neyru, Ceyms Korn, Radra Krişnan, İqnaz Qoldziher, həmçinin Edvard Qibbon, Tomas Musark, F.Gibon, Corc Cordan, Tamlas Tun Dun, Savargani Nayd, Corc Zeydan, Nikelson, Muris Dokapri, Viktor Hüqo, Bules Salamə, L.M.Boyd, Qabril Dankiri, Antuan Baro, Freya Madelin Stark, Roberto Bolano və adlarını bilmədiyimiz onlarca dahilər Həzrəti Hüseynin tutduğu yola fikir bildirməkdən bir an olsun çəkinmədilər.

Cənab Prezidentin dəyişməz, stabil siyasəti nəticəsində ölkəmiz bütün dinlər üçün isti qucaq açaraq tolerant siyasət formalaşdırıb, məzhəb ayrı-seçkiliyi, demək olar ki, tarixin arxivinə gömülüb. Bu siyasətin nəticəsində İslami dəyərlər milli-mənəvi dəyərlər sırasında yer tutur. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “...Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir”.

Kərbala faciəsindən 1400 il keçsə də hadisənin əsl mahiyyəti yavaş-yavaş dərk olunur fanatiklikdən həqiqətə doğru, haqqa doğru yol alır. İmam Hüseynin Kərbala çölündə öz tərəfdarları ilə qanı bahasına apardığı haqq mücadiləsi bu gün qanvermə aksiyası ilə vüsət tapır. Artıq aram-aram başa düşülür ki, həzrəti Hüseyn haqqa susamışdı, bizə isə onun yalnız suya susadığını dedilər. Bu bitməyən eşq hekayəsi hər il Məhərrəm ayında bizə doğru yol alır və mahiyyətini hər il bir az daha da açaraq bizə həqiqəti göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Nəsrəddin Tusi — XIII əsrin görkəmli Azərbaycan alimi, filosofu, astronomu, riyaziyyatçısı və teoloqu olmuşdur. O, elmi dühası ilə təkcə Şərqin deyil, bütün bəşər tarixinin ən parlaq simalarından biri hesab olunur.

Bu gün onun anım günüdür.

 

"Həyatı və Mənşəyi"

 

Əbu Cəfər Mühəmməd ibn Mühəmməd ibn Həsən Tusi 1201-ci ildə (597 hicri) Tus şəhərində (indiki İranın Xorasan vilayəti) anadan olub. Atası hüquqşünas və dini elmlərdə mütəxəssis idi. Elə bu səbəbdəndir ki, Tusi hələ kiçik yaşlarından zəka və təfəkkürü ilə diqqət çəkib, ciddi elm yoluna qədəm qoyub.

O, əvvəlcə Tusda, sonra Nişapurda təhsil alıb, burada fəlsəfə, məntiq, astronomiya və riyaziyyat elmləri ilə məşğul olub. Onun müəllimləri arasında məşhur alimlər, sufi şeyxləri və şərq filosofları da olub.

 

"Elmi Fəaliyyəti və Əsərləri"

 

Tusi müxtəlif elmlərdə dərin bilik sahibi idi. Əsərlərində fəlsəfə ilə astronomiyanı, riyaziyyatla əxlaqı ustalıqla birləşdirirdi. Ən məşhur əsərlərindən biri “Əxlaqi Nasiri” adlanır. Bu əsər İslam əxlaq fəlsəfəsinin klassik nümunəsidir və yüz illərlə Şərqdə dərslik kimi oxunub. Burada insanın ruhani saflaşması, əxlaqi dəyərlərin təbliği, cəmiyyət və ailə arasındakı münasibətlər çox yüksək səviyyədə təhlil olunur.

O, həm də riyaziyyat və astronomiya sahələrində böyük ixtiralar edib. Onun “Təhriru’l-Məcisti”, “Zici İlxani” və “Şəklül-qita” kimi əsərləri əsrlərlə elm tarixində mühüm yer tutub.

 

"Marağa Rəsədxanası"

 

1256-cı ildə Hülakü xanın himayəsi ilə Tusi Marağa şəhərində böyük bir rəsədxana yaratdı. Bu, o dövr üçün elm mərkəzi sayılırdı. Rəsədxana elmi tədqiqatların aparıldığı, müxtəlif ölkələrdən alimlərin toplandığı bir ocaq idi. Burada astronomiya, coğrafiya, optika və riyaziyyat elmləri inkişaf etdirilirdi. Tusi burada hazırladığı “Zici İlxani” adlı astronomik cədvəllərlə Avropada Kopernikin nəzəriyyəsinə zəmin yaradıb.

 

"Elmə və Bəşəriyyətə Təsiri"

 

Tusi Qərbdə də tanınmış və əsərləri latın dilinə tərcümə edilib. Onun elmə gətirdiyi sistematik yanaşma, məntiq və riyazi düşüncə sonrakı dövrlərdə Avropa intibahına belə təsir göstərmişdir. Məşhur alimlər – Kopernik, Kepler, hətta Nyuton onun əsərlərindən ilham alıb.

 

"Fəlsəfi Görüşləri"

 

O, fəlsəfədə həm Aristotelçi, həm də İslam fəlsəfəsinin davamçısı idi. O, insanın mükəmməlləşməsini, ağıl və əxlaq harmoniyasını ön plana çəkirdi. Ona görə, elm yalnız başla deyil, qəlblə də qavranmalıdır.

O, bir millətin deyil, bəşəriyyətin alimidir. O, təkcə göyləri öyrənmədi — insanın daxilini, əxlaqını, ağlını da ucaltdı. Onun elmi, zəkanı işıqlandıran bir çıraq kimi, sönmədən insanlıq yolunu aydınlatmağa davam edir.

 

Böyük şəxsiyyət 1274-cü il 26 iyunda Bağdadda vəfat edib. Lakin onun elmi irsi minillikləri aşaraq bu gün də yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam əziz izləyicilərimiz!

Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir deyib V.Q.Belinski.  "Ədəbiyyat və İncəsənət" portalı ədəbiyyatımızın gözəl nümunələrini yayımlamaqla oxucuların zövqünü oxşamaqdadır.

Sevilən "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasında bu dəfə yay mövsümü boyunca bir müddət öz əməkdaşlarımıza müraciət edəcəyik. İlk olaraq qonağımız portalımızın Oğuz rayonu təmsilçisi İmran Allahverdi oğlu Verdiyevdir. İmran bəy Əməkdar müəllim, dörd kitab müəllifidir.

 

İMRAN VERDİYEV:

Ülviyyə xanım, salam. Ən çox xoşuma gələn şeir Qabilin “Səhv düşəndə yerimiz” şeiridir. Bu, bəlkə də, mənim müşahidələrimə, onlardan çıxardığım nəticələrə uyğun gəldiyinə görədir. Yerləri səhv düşənləri gördükcə hər dəfə bu şeiri xatırlayıram. Onların bir günahı özlərindədirsə, digər günahı onları səhv salanlardadır. Hər iki halda səbəb nə olur olsun, insanların cəmiyyətdəki yerlərinin səhv düşməsi və ya səhv salınması təbiətdəki zaman və məkan dəyişikliklərindən doğan fəlakətlərlə uzlaşır.

Bu şeir düz 56 il öncə çap olunub. Amma yerlərimizin səhv düşməsi hələ da davam edir. Hətta bəzilərimiz yerlərimizin səhv düşməyindən sevinir, qürrələnir və lovğalanırıq. Bu da məni çox incidir, qəribə gəlir.

Niyə başa düşməyirik ki, “səhv düşəndə yerimiz” müsibət, dözümsüz, gərəksiz, qeyrətsiz olur, korşalır və xaric səslənirik biz. Bu bizə lazımdırmı?! Başımıza gələn fəlakətlərin  mənbəyi, əsas səbəbi də elə yerlərimizin səhv düşməyidir, məncə.   Ona görə də hər dəfə yeri səhv düşənləri gördükcə 6 bəndlik həmin şeirin bəndlərini ya kimlərəsə söyləyib, ya da öz-özümə pıçıldayıb təsəlli tapıram sanki.

 

 

QABİL,

”SƏHV DÜŞƏNDƏ YERİMİZ”

 

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,

 

Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq  biz,

Səhv düşəndə yerimiz.

 

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz. 

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Opera sənətini sevənlər, xüsusən opera sənətimizin tacı olan “Leyli və Məcnun” vurğunları bir ifanı heç zaman unutmazlar. Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyevanın ifasını. Bu gün görkəmli sənətçimizin anım günüdür.

 

Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub.  Azərbaycan Dövlət Musiqi Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alıb və onun sənətini təkmilləşdirib.

1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaradıb.

Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olub, Azərbaycan muğam sənətini inkişaf etdirib. Xanəndənin repertuarına muğam dəstgahları və təsniflər daxildir. Onun ifasında "Xaric Segah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamlarının səsyazıları AzTV Fondunda saxlanılır.

Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilib.

Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamatdan dərs deyib.

 

Filmoqrafiya

 

- Qəzəlxan

- Bu səs Qədirin səsidir

 

Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva uzun illər ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. O, 2017-ci ilin fevral ayından sonra infarkt və 3 dəfə insult keçirmişdir.16 iyun 2017-ci ildə Qəndab xanım səhhətindəki problemlərə görə Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan sənətkar süni nəfəs aparatına qoşulub. Aparılan müəlicələrə baxmayaraq, Qəndab Quliyeva 26 iyun 2017-ci ildə vəfat edib.

Xalq artisti vəsiyyətinə görə, Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

Cümə axşamı, 26 İyun 2025 10:26

Oğuzda Silahlı Qüvvələr Günü qeyd edilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyətin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və digər çıxışçılar qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.

Bu gün ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri indi regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına 30 ildən artıq işğal altında olan 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.

Qələbə hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Prezident İlham Əliyevin dediyi kimi: "Bundan sonra əgər düşmən bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin bir sıra əməkdaşına və "Vətən Müharibəsi" iştirakçısı, ehtiyatda olan “Qarabağ” ordenli polkovnik- leytenant Famil Şəfiyevə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025).

 

 

Onun adı çəkiləndə dərhal mükəmməl, maraqlı tamaşalar yada düşür. Azərbaycan teatr rejissoru, Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyov! Və bu gün onun doğum günüdür, ömrünün 76-cı baharına qədəm qoyur.

 

Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu il tarixində Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizodik rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib.

Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib.

Əlbəttə ki, onun mükəmməl teatr rejissoru kimi yetişməsində atdığı bax bu addım həlledici rol oynayıb. O, ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhərinə) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970–1975) seçdiyi ixtisasın incəliklərini öyrənib. Diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüartın və bəstəkar Cerri Germanın "Hello Doli" müzikl-operettasını tamaşaya hazırlayıb.

Bundan sonra isə bütün yaradıcılığı boyu bir daha operetta janrına müraciət etməyib, yalnız dram teatrında tamaşalar hazırlayıb. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. Mövcud təyinat qaydasına əsasən iki il bu teatrda quruluşçu rejissor işləyib.

Bu təcrübəli kollektivdə Tennessi Uilyamsın "Arzu tramvayı" dramına, Jan Batist Molyerin "Tartüf" komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası" psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti", uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan" nağılına maraqlı səhnə quruluşları verib.

Azərbaycan teatrında parlaması Sumqayıt Dövlət Dram Teatrındakı fəaliyyəti ilə başlayıb. İstedadlı rejissorun kino sahəsində özünü sınaması isə xüsusən yadda qalıb. Ortaya gözəl filmlər çıxıb.

 

Filmoqrafiya

 

1. Bizim qəribə taleyimiz

2. Canavar balası

3. Doğan Günəş

4. Qəm pəncərəsi

5. Qırmızı qar

6. Mənim ağ şəhərim

7. O dünyadan salam

8. Sən həmişə bizimləsən

 

Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" və "Ləyaqət" pyeslərini tamaşaya hazırlayıb.

1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın "Təkan" ("Köksüz budaqlar"), Tofiq Kazımovun tərcüməsində Qarsiya Lorkanın "Qanlı toy", Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikitinin "Abşeronda bir gecə" pyeslərinin tamaşalarını oynayıb.

Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. Daha sonra öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib.

2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorudur.

 

Mükafatları

- Azərbaycan Respublikasının Əməkdar artisti

- Azərbaycan Respublikasının Xalq artisti

- Şöhrət ordeni

- "Heydər Əliyevin 100 illiyi" yubiley medalı

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

26 İYUN AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ GÜNÜDÜR

 

Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün dünyada müşahidə olunan gərgin geosiyasi vəziyyət yeni tip müharibə üsullarının tətbiqi, iqtisadi sanksiyalar, separatizm, etnik və dini qarşıdurmalar, terrorizm və digər destabilizasiya cəhdləri region ölkələrinin hərbi və milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Bu proseslər bir daha təsdiq edir ki, mövcud təhlükəsizlik sistemləri bu təhdidlərin qarşısını almaqda yetərincə səmərəli deyil. Azərbaycan isə geosiyasi, geoiqtisadi və geostrateji baxımdan olduqca əlverişli mövqedə yerləşdiyindən həm regional, həm də beynəlxalq güclərin diqqət mərkəzindədir. Ölkənin zəngin təbii sərvətləri, mühüm tranzit imkanları, sabit siyasi idarəçiliyi və artan iqtisadi potensialı onu regional gücə çevirir.

 

 Lakin bütün bu üstünlüklər eyni zamanda ciddi təhlükəsizlik risklərini də artırır. Bu səbəbdən Azərbaycan milli təhlükəsizlik strategiyasını daim yeniləmək və dinamik mühitə uyğunlaşdırmaq zərurəti ilə üz-üzədir. Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Göründüyü kimi, Azərbaycanın yaxın gələcəkdəki regional və qlobal mövqeyi onun necə bir xarici siyasət yürüdəcəyindən ciddi şəkildə asılı olacaqdır. Qlobal güclərin Cənubi Qafqazdakı maraqları və bu maraqlar uğrunda gedən mübarizədə Azərbaycanın öz milli maraqlarını maksimum qorumaq və hərbi təhlükəsizliyini möhkəmləndirmək üçün strateji addımlar atmasını zəruri edir. Bu səbəbdən ölkəmizin xarici siyasəti xüsusilə Ermənistanla olan keçmiş münaqişə fonunda hərbi-siyasi kursun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsini nəzərdə tutur.

 

 Hazırkı mərhələdə prioritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir. Azərbaycan ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır.Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur. 26 İyun – Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi ilə qeyd olunur. Bu əlamətdar gün həm də xalqımızın gücünün, həmrəyliyinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Milli Ordumuzun formalaşması isə şanlı və zəngin bir tarixə əsaslanır. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir. Azərbaycan Ordusunun bünövrəsi 1918-ci il iyunun 26-da qoyulmuşdur. Bu gün tariximizə ölkəmizdə ilk müntəzəm hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün kimi düşmüşdür. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. İlk hərbi nazir vəzifəsinə Xosrov bəy Sultanov təyin olundu, daha sonra bu vəzifədə general Səməd bəy Mehmandarov və general Əlağa Şıxlinski kimi peşəkar hərbçilər fəaliyyət göstərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri isə 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycan Milli Ordusunun birlikdə Bakını işğaldan azad etməsi oldu. Bu, müasir dövlətçilik tariximizdə ilk böyük hərbi zəfər kimi yadda qaldı. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, ölkə sovet işğalına məruz qaldı. Milli Ordu ləğv olundu, onlarla general və zabit repressiyaya məruz qaldı, çoxu şəhid edildi. Hərbi nazirlik ləğv olundu və Azərbaycan uzun illər müstəqil hərbi qüvvəyə malik olmadı. Milli Ordunun yenidən dirçəlişi yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra baş verdi. Bu dövrdə Azərbaycanın öz milli ordusunu qurmaq imkanı yarandı. Lakin bu proses çətin və keşməkeşli oldu. Müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi xaos, komandanlıq böhranı və fərarilik kimi hallar hökm sürürdü. Bu zəiflikdən istifadə edən Ermənistan torpaqlarımızı işğal etməyə başladı. 

 

Azərbaycan Ordusunun real və sistemli quruculuğu yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa müddətdə ordu sıralarını vahid komandanlıq altında birləşdirdi, nizami ordu formalaşdırıldı və ordu quruculuğuna əsaslı şəkildə start verildi. Füzuli istiqamətində keçirilmiş uğurlu əks-hücum əməliyyatları da məhz Ulu Öndərin birbaşa komandanlığı ilə baş tutdu və bu əməliyyatlar zamanı bir sıra ərazilərimiz düşməndən azad edildi. 1994-cü ildə onun siyasi iradəsi ilə Ermənistanla atəşkəs razılaşması imzalandı. Bu mühüm qərar Azərbaycan ordusunun möhkəmləndirilməsi və genişmiqyaslı, planlı quruculuq işlərinə başlamaq üçün strateji şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində ardıcıl qanunvericilik və struktur islahatları həyata keçirildi. 1998-ci il 22 may tarixli sərəncamla 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu tarixdən etibarən 26 İyun hər il dövlət səviyyəsində qeyd edilir, hərbçilərimizin qəhrəmanlığına dərin ehtiram ifadə olunur. Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, 2001-ci ildə isə Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilər Məktəbi təsis olundu. Bunlar Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşdırılması istiqamətində atılmış mühüm addımlar idi. Beynəlxalq hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoydu. 

 

2001-ci ildən etibarən Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat" planına qoşuldu, hərbçilərimiz sülhməramlı əməliyyatlarda iştirak etdi. Azərbaycan hərbçiləri İraq, Əfqanıstan, Kosovo kimi bölgələrdə beynəlxalq missiyalarda uğurla xidmət etdilər. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırırdı. Onun bu sahədə tarixi fikirlərindən biri belə idi:"Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır." Bu fikirlər müasir Azərbaycan əsgərinin mənəvi dayaq nöqtəsinə çevrilmişdir. Ordu sıralarında vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbçilərdə milli qürur və dövlətçilik şüurunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin siyasətində əsas istiqamətlərdən biri olmuşdur. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirir, onu daha da zənginləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırmaqdadır. Onun diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda peşəkarlığın artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də Silahlı Qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atılmışdır.

 

 Qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilmişdir. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizin müdafiə qabiliyyəti daha da möhkəmləndirilmiş, milli təhlükəsizlik sistemimiz yüksək səviyyəyə çatdırılmışdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf strategiyası müasir ordu quruculuğuna mühüm dəstək vermişdir. Müdafiə sahəsinə ayrılan maliyyə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təmin olunmuş, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmışdır. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılmış, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilmişdir. Azərbaycan Ordusunun qüdrəti müxtəlif döyüşlərdə əyani şəkildə nümayiş etdirilmişdir. 2011-ci ildə Bakıda keçirilən hərbi parad, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı bu qüdrətin bariz sübutudur. Aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi də daxil olmaqla, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisini işğaldan azad etdi. 

 

Günnüt əməliyyatı zamanı isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Günnüt kəndi düşməndən təmizlənərək strateji mövqelər Azərbaycanın nəzarətinə keçdi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci ildə Bakının Azadlıq Meydanında keçirilən təntənəli hərbi paradda Prezident İlham Əliyevin dediyi bu sözlər hər bir azərbaycanlının qəlbində əbədi iz buraxdı: "Biz mütləq torpaqlarımıza qayıdacağıq!". Bu qətiyyətli bəyanat cəmi iki il sonra gerçəyə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində analoqu olmayan bir qəhrəmanlıq dastanı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı ilə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbirdə iştirak etdilər. Paradda düşməndən qənimət kimi götürülmüş texnikalarla yanaşı, işğaldan azad edilmiş torpaqlarda ucaldılmış üçrəngli bayraqlar nümayiş etdirildi. Bu müharibə zamanı 2900-dən çox əsgər və zabitimiz şəhidlik zirvəsinə ucaldı. 

 

Onların müqəddəs qanı ilə yazılan bu Zəfər bizim milli fəxrimizə və əbədi qürur mənbəyimizə çevrildi. Vətən uğrunda canlarından keçən igidlərimizin qəhrəmanlığı dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. 2020–2021-ci illərdə imzalanmış sərəncamlarla 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olunmuş, onlarla hərbi qulluqçuya ali rütbələr verilmişdir. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz ordusuna inanır, güvənir və bu birlik qarşısında heç bir düşmən dayana bilməz. Məhz bu inamın nəticəsi idi ki, Ali Baş Komandanın daim təkrarladığı “biz öz torpaqlarımıza qayıdacağıq” vədi döyüş meydanında gerçəyə çevrildi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət böyük sərkərdəliklə və xalq-ordu birliyi ilə təmin olundu. Prezident İlham Əliyev 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə görüşdə bu tarixi Qələbə barədə belə deyirdi: “Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır.” Post-müharibə dövründə də həm Silahlı Qüvvələr, həm də təhlükəsizlik strukturları təkmilləşdirilir. Komando briqadalarının sayı artırılır, Hərbi Qənimətlər Parkı kimi layihələrlə tarixi zəfər gənc nəslə aşılanır. Bu gün Azərbaycan Ordusu təkcə sərhədləri deyil, xalqın ləyaqətini və dövlətin suverenliyini qoruyur. Azərbaycan təhlükəsizlik xidmətləri isə istər sərhəd boyu təxribatların qarşısının alınmasında, istərsə də kiber-mühitdə informasiya təhlükəsizliyinin təminində, eləcə də əks-kəşfiyyat əməliyyatlarında daim çevik və peşəkardır. Xüsusi qeyd edilməlidir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılmış Xüsusi Təyinatlı QüvvələrAzərbaycan Ordusunun ən çevik və döyüş qabiliyyətli bölmələrindəndir. 

 

Bu qüvvələr Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında formalaşdırılmış və son 25 ildə Ordumuzun modernləşməsində mühüm rol oynamışdır. Bu tarixi Qələbəni mümkün edən əsas amillərdən biri xalqın öz ordusuna olan sonsuz inamı və etibarı, digəri isə peşəkar və texnoloji cəhətdən müasir silahlarla təchiz olunmuş ordunun yüksək döyüş qabiliyyəti olmuşdur. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan hərbçisi qarşısına qoyulan hər bir tapşırığı dəqiqliklə və şərəflə yerinə yetirməyə qadirdir. Bu, xalq–ordu birliyinin, milli həmrəyliyin və güclü dövlət quruculuğunun parlaq təntənəsidir. Bu gün Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə sülhün və sabitliyin keşikçisi olmaqla yanaşı, ölkəmizin suverenliyinin və müstəqilliyinin qəhrəman müdafiəçisidir. Qalib Azərbaycan xalqı və Müzəffər Ordusu bir daha sübut etdi ki, ordu olmadan dövlət olmaz və yalnız güclü orduya sahib olan xalq öz gələcəyini etibarlı şəkildə təmin edə bilər. Dövlət başçısının təşəbbüsü ilə əldə edilən tarixi qələbə münasibətilə Azərbaycan Respublikasının yeni orden və medalları təsis olunmuş, igid əsgər və zabitlərimiz “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı da daxil olmaqla 15 yeni orden və medalla təltif olunmuşlar. Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi çevik və effektiv hərbi taktika Qərb və ABŞ-ın aparıcı hərbi mərkəzləri tərəfindən yüksək qiymətləndirilmiş, bir çox ekspertlər Azərbaycan Ordusunun qarşısında heç bir dövlətin dayana bilməyəcəyini qeyd etmişlər. Ordunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılmasıdır. 

 

Bu məqsədlə 2022-ci ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Milli Müdafiə Universiteti yaradılmışdır. Ordunun türk modeli əsasında yenidən qurulması onun döyüş qabiliyyətini daha da artırmışdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi təlimlər isə orduya əlavə güc və təcrübə qazandırır. Bundan əlavə, Azərbaycan dövləti İsrail, Rusiya və Pakistan kimi qabaqcıl ölkələrdən ən müasir silah və texnoloji sistemləri əldə edərək Silahlı Qüvvələrin texniki imkanlarını daha da genişləndirmişdir. Bu gün hər bir gənc güclü və qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi böyük şərəf sayır. 26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün hərbçilərimizi və ümumilikdə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik.

Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan əsgəri!

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025) 

72 -dən səhifə 2343

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.