Super User

Super User

Azərbaycan xalqının Ümummilli Lideri, Müasir Azərbaycan Ordusunun qurucusu Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım idi. Artıq beşinci ildir ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü fərqli əhvalda - Qələbə ovqatında qeyd edilir.

 

“Ədəbiyyat və incəsənət” portalına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından verilən məlumata görə, kitabxanada 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar  virtual və ənənəvi sərgi, videoçarx və “Qalib və müzəffər Azərbaycan ordusu” adlı daycest hazırlanmışdır.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterialda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat verilir. Materialda AXC dövründə Milli ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra  Azərbaycan ordusunun inşafındakı rolunu əks etdirən maraqlı məlumatlarla yanaşı, müasir Azərbaycan ordusunun görüntüləri də yer alır.

Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/qalib-azerbaycan-ordusu  yerləşdirilib.

26 iyun Silahlı Qüvvələr Günü haqqında qələmə alınan dövrü mətbuat məqalələrinin biblioqrafik təsvirini, annotasiyasını və keçid linkinı özündə cəmləyən daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini qalib və müzəffər Azərbaycan ordusu haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest  yerləşdirilmiş vəsaitdə bir sıra rəsmi sənədlərin və “Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi ilə qurulan ordu” adlı məqalənin tam mətni təqdim edilir. Əsasən 2021-2025-ci illəri əhatə edən məqalələr toplusu vəsaitdə illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.

 “26 iyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi kitab sərgisində isə Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini əks etdirən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsait sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında Azərbaycan digərlərindən seçilir. Əvvəla, heç bir şübhə yoxdur ki, Azərbaycan TDT-nin yaratmağa çalışdığı və formalaşmaqda olan ticarət dəhlizində həlledici mövqe tutmaqla yanaşı, Qazaxıstanla birlikdə Avropadan Asiyanın bir neçə mühüm regionuna əsas tranzit marşrutuna nəzarət edir və bu, onun rolunu əvəzsiz edir. Bu nəhəng bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur.                            

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “Budapeşt bəyannaməsi və Türk Dövlətləri Təşkilatı” başlıqlı məqaləsində yazıb.

TDT-nin fəaliyyətinə həsr olunan məqalədə diqqətə çatdırılıb ki, təşkilatın dünya liderlərinə, xüsusən də Avropa liderlərinə ünvanlanmış “Budapeşt Bəyannaməsi”ndə qlobal sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində TDT-nin mühüm rolu vurğulanıb. Bəyannamə türk dövlətlərinin Avropanı Asiya ilə birləşdirən etibarlı nəqliyyat və kommunikasiya dəhlizi yaratmaq, bu yolda sülh və inkişafa töhfə vermək öhdəliyini bir daha təsdiqləyib. Sənəddə əsas mesaj beynəlxalq ixtilafların aradan qaldırılması və Avropadan Çinə qədər uzanan sabit və təhlükəsiz regionun qurulmasına çağırış olub.

Məqalə “Budapeşt bəyannaməsi”ndə türk xalqlarını təkcə ortaq keçmişlə deyil, həm də bu gün və gələcəyə ortaq baxışla birləşdirməyin dəyərini təsdiqləyən “Türk Dünyası Baxışı”nın əks olunduğuna diqqət çəkib. Sözügedən baxış irqçi ideologiyaların açıq şəkildə rəddi ilə yanaşı, multikulturalizmi ehtiva edən ortaq türk kimliyinə, tarixinə, mədəniyyətinə və adət-ənənələrinə əsaslanan əməkdaşlığın təşviqidir. “Türk dövləti” anlayışının bəyannamədə geniş şəkildə şərh olunduğunu qeyd edən müəllif Macarıstanın təşkilatda müşahidəçi statusunu bunun birbaşa təsdiqi kimi qələmə verib.

Həmçinin bildirilib ki, son bir neçə ildə Azərbaycan tədricən Avrasiya regionunda əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Ölkəmizin bu statusunu tanıyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan neftinin ixracının artırılmasında göstərilən maddi-texniki dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə təşəkkürünü ifadə edib. Habelə bütün türk dövlətləri arasında ən böyük sərmayədar olan Azərbaycan həm iqtisadi cəhətdən təşkilatın ən sabit üzvü, həm də hərbi potensial baxımından ən güclü dövlətlərindəndir.

Yazıda Azərbaycanın Türkiyə ilə yanaşı son on ildə faktiki hərbi əməliyyatlarda iştirak edən yeganə TDT üzvü olduğu diqqətə çatdırılıb. Ermənistanla münaqişənin ölkəmizin hərbi büdcəsinin artmasına və yüksək hazırlıqlı ordu formalaşdırmasına vəsilə olduğu vurğulanıb. Habelə Azərbaycanın “qardaş ölkə” adlandırdığı Türkiyə və müxtəlif sektorlarda əməkdaşlıq etdiyi Qazaxıstanla müstəsna sıx əlaqələrə malik olduğuna diqqət çəkilib. Politoloq bu amillərin birlikdə Azərbaycanı iqtisadiyyat, təhlükəsizlik və diplomatiya baxımından ən perspektivli TDT üzvü kimi səciyyələndirdiyini qeyd edib. “Azərbaycan təşkilatda ən dominant və nüfuzlu oyunçulardan biridir”-deyə müəllif əlavə edib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2025/06/18/budapest-declaration-and-ots/

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində bloger Jaroslav Maleçin Azərbaycan haqqında hazırladığı qısametrajlı filmin və videoçarxın təqdimatı olub. Tədbir “Land of Fire” Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İ. Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Çexiya vətəndaşı olan Jaroslav Maleç Azərbaycanın müxtəlif bölgələrinə dəfələrlə səyahət edərək maraqlı videolar çəkib və həmin videoları öz “YouTube” kanalı vasitəsilə geniş auditoriyaya çatdırıb. O, Vətən müharibəsi zamanı da fərqli beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin yayılmasında fəallıq göstərib.

Bloger, həmçinin Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbində Azərbaycan dili dərslərinə mütəmadi olaraq qatılır.

Cəmiyyətin üzvləri və Çexiyada yaşayan soydaşlarımız ölkəmizə göstərdiyi diqqət və verdiyi dəstəyə görə Maleçə təşəkkür ediblər.  

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

Cümə axşamı, 26 İyun 2025 14:44

“Baş”a ictimai baxış keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, səhnə əsəri tarixi metafizik dram janrındadır.


Yeni tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

Əsər XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Rejissorun əsas məqsədi birləşə bilməyən Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.

“Baş”da rolları Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov və digər aktyorlar ifa edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

Cümə axşamı, 26 İyun 2025 17:00

AMEA-da Vaqif Aslanın 75 illik yubileyi qeyd edildi

 

 

BakıŞəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalına M.Ş.Vazeh adına Mərkəzi Kitabxanadan verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını salamladı. İsa Həbibbəyli Vaqif Aslanın yaradıcılığı haqqında geniş məlumat verdi. Onun Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Ədəbiyyat İnstitutunun fəxri dostu” Fəxri diplomu ilə təltif etdi. O qeyd etdi ki, Vaqif Aslan şeir yazanların sırasında poeziyada ictimai fikrin əks etdirilməsinə, aparıcı olmasına üstünlük verən sənətkarlardandır və onun yaradıcılığını Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə müqayisə etdi. Vaqif Aslanın poeziyasında ictimai lirikanın milli-mənəvi cəhətdən dərk edilməsi, çox qabarıqdır. Milli-mənəvi dəyərlərə qayıdış baxımından Vaqif poeziyası əvəzedilməzdir. Onun “Ruhlarla söhbət” poemasında Vaqifin bütün cəmiyyətə, dünyaya baxışı əks olunur, Vaqifdə milli-mənəvi özünüdərk dünyanı dərk etdirməyin bir parçasıdır. Vaqifin poeziyasında lirika, sevgi, məhəbbət mövzusu var, amma onun aparıcı tərəfi yeni nəsillərə Vaqif Aslanın təqdimatında Azərbaycan poeziyasını tanıtmaqdır. Akademik V.Aslanın ədəbi tənqidçilik fəaliyyətini də qeyd etdi. Daha sonra İ.Həbibbəyli vurğuladı ki, Vaqif publisistikası elmi publisistikadır. V.Aslan haqqında görkəmli alimlər Yaşar Qarayev, Aydın Məmmədov, Kərim Şükürlü, Cavanşir Feyziyev, Asif Rüstəmli elmi məqalələr yazıblar. Şair bu gün ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edir. Akademik Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə təşkil olunan Vaqif Aslan yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirdi.

Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, professor Birol Akgün tədbirə dəvətə görə təşəkkürünü bildirdi, Vaqif Aslanı salamladıqdan sonra Türkiyə Cumhuriyyətindən Vaqif Aslana ərməğan olunan mötəbər təltifi – “Türk dünyası Elmlər Akademiyasının Fəxri professoru” Diplomunu və mantiyanı yubilyara təqdim etdi. Səfir bu günlərdə AMEA və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda Beynəlxalq simpoziuma diqqət çəkdi, bu kimi elmi-mədəni əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdi. O qeyd etdi ki, bizim “bir millət, iki dövlət” ifadəmizə şairlər də, yazarlar da, alimlər də ortaqdır. B.Akgün Vaqif Aslanla bağlı fikirlərini bölüşdü və bildirdi ki, şairlərə, yazarlara, sənətkarlara qayğı, diqqət, hörmət göstərmək bizim vacib işimizdir. Şairlər haqqın sözünü haqq adına söyləyirlər. Vaqif Aslan Ə.Cavaddan, B.Vahabzadədən V.Aslana kimi bütün şairlərin yaradıcılığının əsas mövzusunun insan və şəxsiyyət olduğunu vurğuladı. B.Akgül şairi yubiley münasibəti ilə təbrik etdi, qələminin iti olmasını arzuladı.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirdi ki, Vaqif Aslan çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri  və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm adamıdır. Poetik düşüncəsi, zəngin erudisiyası, özünəməxsus dünyabaxışı, istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərində insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına məxsus humanizm, fəlsəfilik, psixoloji dərinlik Vaqif Aslan imzasını geniş oxucu auditoriyasına sevdirmiş, xalq ədəbiyyatından rişələnən bu böyük yaradıcılıq ədəbi-elmi ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. Vaqif Aslanın həm bədii, həm elmi yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. O, şair, alim, publisist və dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanan bir sənətkardır.

Vaqif Aslan poeziyası çağdaş türk şeirinin  ədəbi hadisələrindən sayılır. XX əsrin 70-ci illərindən başlayaraq özünəməxsus yaradıcılıq yolu, stixiyası ilə Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, ritorikadan, pafosdan, təsvir və tərənnümün kütləviliyindən uzaqlaşdırmağa nail olmuş Vaqif Aslan həm də bu fəaliyyətləri ilə poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdir. Şairin poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi səciyyələnməkdədir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırdı.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Fəlahiyyətli Səfirinə və AMEA-nın prezidentinə dəyərli vaxtlarını ayırıb tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. L.Məmmədova qeyd etdi ki, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş "Ruhlarla danışan adam" kitabı nəşr olunub. L.Məmmədova “Ruhlarla danışan adam” kitabında elm, ədəbiyyat və mədəniyyət adamlarının, həmçinin ictimai xadimlərin şairin zəngin yaradıcılığı ilə bağlı məqalələrinin yer aldığını bildirdi. L.Məmmədova məlumat verdi ki, daha iki kitabın – Qadir Hüseynovun “Mənim dünyam” və Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabları Fondun dəstəyi ilə nəşr olunmuşdur. Daha sonra L.Məmmədova Q.Hüseynovun “Mənim dünyam” kitabı haqqında məlumat verdi.

Tanınmış yazıçı, şair Seyran Səxavət çıxış edərək qeyd etdi ki, Vaqif Aslan son dərəcə gözəl qələmi olan şairlərdəndir. S.Səxavət şairi yubiley münasibətilə təbrik etdi. O, çıxışını “Ay ilk məhəbbətim, son məhəbbətim” şeiri ilə yekunlaşdırdı.

Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd etdi ki, doktorluq dissertasiyasını yazarkən, V.Aslanın yaradıcılığını araşdıraraq şairin “Dədə Qorqud” motivləri ilə bağlı müsahibə və çıxışlarını gördüm. “V.Aslanla yaradıcılıq ünsiyyəti yaradanda ona monoqrafiyamı da göndərdim”, – Y.İsmayılova bildirdi. Qazaxıstanda “Türk dili” jurnalında Vaqif Aslanla bağlı məqalə ilə çıxış etdiyini də vurğuladı.

Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov V.Aslana yaradıcılıq uğurları arzuladı. Həm özünün, həm V.Aslanın kitabının işıq üzü görməsi ilə əlaqədar təbrik etdi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevə dərin təşəkkürünü  bildirdi. Q.Hüseynov Vaqif Aslanın yubileyinə həsr etdiyi şeirini oxudu.

Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov qeyd etdi ki, Vaqif Aslanı tanımamışdan əvvəl onun şeirlərini oxuyub tanımışıq. Şairə yaradıcılıq uğurları arzuladı. E.Hümbətov Türk Ağsaqqalları İctimai Birliyi adından Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Vaqif Aslana Fəxri diplom təqdim etdi.

Neft və Qaz İnstitutunun professoru Mahir Rəsulov çıxışında vurğuladı ki, bu gün Vaqif Aslanın yox, Azərbaycan ədəbiyyatının yubileyidir. M.Rəsulov V.Aslana yaradıcılığında müvəffəqiyyətlər arzuladı.

BDU-nun kafedra müdiri, professor İsmayıl Əliyev şairi 75 illik yubileyi münasibətilə təbrik etdi. Professor vurğuladı ki, Qobustandan Balakənə qədər Qafqaz sıra dağlarının ətəklərində, qədim Şəkinin Kiş kəndində yaşayıb yaradan Vaqif Aslanın şərəfinə respublikamızın ən mötəbər elm məbədi olan AMEA-da yubileyinin keçirilməsi əsası 1969-cu ildə Ulu Öndər tərəfindən qoyulmuş, Ali Baş Komandan, Qarabağ Fatehi İlham Əliyev tərəfindən davam etdirilən siyasətin bariz nümunəsidir. O qeyd etdi ki, V.Aslan şair, tərcüməçi, publisist olmaqla yanaşı, həm də müəllimdir. Bu tədbirin keçirilməsi onun yaradıcılığına dövlətimizin diqqət və qayğısının nümunəsidir.

172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova V.Aslanı 75 illik yubileyi münasibətilə təbrik etdi. Şairin yazdıqlarının gənc nəslə tərbiyəvi əhəmiyyətini,  öyrədici və düşündürücü təsirlərini vurğuladı.

Şair Tural Adışirin çıxışında Vaqif Aslanın onlarla yetirmələrindən biri olduğunu vurğuladı. V.Aslanın 75 illik yubileyinə həsr olunan kitabda yazısının olduğunu bildirdi. Çıxışının sonunda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın Vaqif Aslanın yubileyi ilə bağlı ünvanladığı təbriki oxudu.

Tədbir iştirakçıları türkiyəli şair Hasan Kallimcinin şair Vaqif Aslana tədbirikini video formatında dinlədilər.

Türkiyəli yazar, ədəbiyyatşünas-alim Süheyla Karaca Hanönü Şəkinin gözəlliyindən söz açdı və Vaqif Aslanın təbiri ilə Şəkidə şair olmamağın günah olduğunu vurğuladı. Süheyla Karaca V.Aslanı təbrik etdi, ona daim yazıb yaratmağını arzuladı.

Türkiyəli yazar, ədəbiyyatşünas-alim Selvigül Şahin çıxışında Vaqif Aslanı təbrik etdi, qələminin iti olmasını arzuladı. Selvigül Şahin şairə çəkdiyi tablonu təqdim etdi.

V.Aslanın ailə üzvlərindən Yeganə Aslanova və Abdulqədir Lətifov tədbirin təşkilinə görə minnətdarlığını bildirdilər. Şairin qələminin heç zaman yorulmamasını, yeni-yeni əsərlər yazmasını arzuladılar.

Şair Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirdi, bu əlamətdar gündə göstərilən diqqət və ehtirama görə təşəkkür etdi.

Tədbirin bədii hissəsində respublika və Beynəlxalq müsabiqələr laureatı, magistr, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu İslam Qasımovun ifasında sözləri Nəbi Xəzrinin, musiqisi Müslüm Maqomayevin “Azərbaycan”, sözləri Əhməd Cavadın, musiqisi Emin Sabitoğlunun “Şükriyyə” mahnıları, tanınmış muğam ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova “Çanaqqala Müzəffər”, “Mehriban olaq” mahnılarını və muğamlar ifa etdi. Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov, Aysu Qululu, Tunar Əzizov muğamlar ifa etdilər. İfaçıları kamançada Xətayə Cəfərova, tarda Famil Məmmədov, nağarada Sabir Həsənov müşayiət edirdi.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası Həlimət Sultan “Eşq” bədii-musiqili kompozisiyasını təqdim etdi.

Tanınmış pedaqoq Zenfira Nusalova Vaqif Aslanın “Sən niyə bu qədər gözəlsən axı?”, bədii qiraət ustası Bəhiyyə Nağıyeva “Səndə şair olmamaq da günahdır”, “Şəki” şeirlərini səsləndirdilər.

Tədbirdə alimlər, şair və yazıçılar, geniş ictimaiyyət və KİV nümayəndələri, oxucular iştirak edirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

Azərbaycanda ilk və yeganə ödənişsiz əsaslarla Əməkdar artist Ramil Qasımovun yaratdığı, dahi Bülbülün miras qoyduğu Azərbaycan vokal məktəbinin ənənələrini daşıyan, gələcək nəsillərə ötürən Bülbül Vokal Məktəbi ilk məzunlarını yola salıb.

 

“Ədəbiyyat və incəsənət” portalına məktəbdən verilən məlumata görə, 2023-cü ildə fəaliyyətə başlayan məktəbə bu günədək yüzlərlə müraciət olunsa da yalnız müsabiqədən keçən tələbələrə 2 il ərzində mütəmadi olaraq vokal dərsləri tədris edilib. 

Bu müddət ərzində Bülbül Vokal Məktəbinin tələbələri bir sıra tədbirlərdə, konsert proqramlarında, festivallarda çıxış ediblər. 

Bülbülün Memorial Muzeyində baş tutan təqdimat mərasimində məktəbin təsisçisi və direktoru Əməkdar artist Ramil Qasımov və müəllim, Əməkdar artist İnarə Babayeva tələbələri təbrik edərək diplomlarını təqdim edib. 

Ramil Qasımov bildirib ki, bu məktəb tələbələr üçün böyük bir uğur yolunun başlanğıcıdır. Eyni zamanda o, yeni tələbələrin seçimi üçün yaxın günlərdə müsabiqənin elan olunacağını qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

Qırğızıstanın İssık-Kul gölünün sahilində Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qırğız Respublikası Azərbaycanlılarının "Birlik" İctimai Birliyinin təşkilatçılığı ilə Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib. Düşərgədə hər iki ölkədən nümayəndələr, o cümlədən Qırğızıstan Xalq Assambleyasının üzvləri yer alıblar.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, bu düşərgənin əsas məqsədi Azərbaycan və Qırğız xalqlarının tarixini, dilini və adət-ənənələrini tanıtmaq, interaktiv fəaliyyətlər vasitəsilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək və çoxdilli, yaradıcı mühitdə ortaq layihələrə zəmin yaratmaq olub.

Düşərgədə qırğız, Azərbaycan və rus dillərində ünsiyyət imkanları genişləndirilib. İştirakçılar xalq rəqsləri və musiqidən tutmuş müasir incəsənət layihələrinədək müxtəlif sahələrdə birgə yaradıcılıq fəaliyyətinə cəlb olunublar.

Tədbirin proqramı “Rux-Ordo” kompleksinə səfər, tonqal ətrafında keçirilən axşamlar, rəqs yarışları və göl sahilində təşkil olunan gəzintiləri əhatə edib.

“Biz gənclərin bir-birinin mədəniyyətinə böyük marağına, ünsiyyət üçün səmimi istəyinə şahid olduq. Gənclərin belə həvəslə iştirakı millətlərarası harmoniyanın möhkəmləndirilməsi və humanitar əlaqələrin inkişafı üçün bu cür layihələrə ehtiyac olduğunu təsdiqləyir",- deyə Qırğız Respublikası Azərbaycanlılarının "Birlik" İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev bildirib. O, həmçinin Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinə, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinə, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasına və Qırğızıstan Xalq Assambleyasına tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Panel iclasında mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliyev, Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Baytalov çıxış ediblər.

İssık-Kul sahilində reallaşan bu layihə iki ölkənin yeni nəslinin gələcək görüşləri, yaradıcı əməkdaşlığı və uzunmüddətli münasibətləri üçün sağlam zəmin formalaşdırıb.

Təşkilatçılar bu təşəbbüsün ənənəyə çevriləcəyinə və gələn il daha geniş miqyasda keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılara Təşəkkürnamə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumunda iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Agentliyə istinadən xəbər verir ki, Ceyhun Salmanov iştirakçı dövlətlərin nazirlərinin qatıldığı dəyirmi masa müzakirələrində ölkəmizin dövlət xidmətləri sahəsindəki uğurları və “ASAN xidmət” modeli barədə ətraflı məlumat verib.

Ölkəmizdə dövlət xidmətlərində tətbiq edilən innovasiyalar, “ASAN xidmət”in inkişaf yolu, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının önəmi və fərqli texnoloji həllər beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Bosniya və Herseqovina, Cibuti Respublikası, Solomon Adaları, Mali Respublikası və Namibiya Respublikasının müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında görüşlər keçirilib, mümkün əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə dair geniş müzakirələr aparılıb.

Bununla yanaşı “Yeni nəsil dövlət xidmətləri: vətəndaş yönümlü yeniliklər, texnologiyalar və həllər”, eləcə də “2030-cu ilə 5 il: dayanıqlı gələcək üçün dövlət xidmətlərinin sürətləndirilməsi” adlı vorkşoplarda ölkəmizin və “ASAN xidmət” brendinin uğurları iştirakçıların nəzərinə çatdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

Cümə axşamı, 26 İyun 2025 14:01

Xaqan ünvanlı LİDER

Aida Eyvazlı Göytürk,

jurnalist, “Ədəbiyyat və incəsənət” portalının redaktoru, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İB-nin sədri.

 

2020-ci ilin zəfərindən bəri yazmaq istədiyim ürək sözlərim var. O düşüncələrim, ürək sözlərim Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlıdır. Və məhz bu gün – Silahlı Qüvvələr Günüdə bu sözlərin işıq üzü görməsi qismət imiş…

 

2020-ci ilə qədər O, dünyada yaşayan azərbaycanlıların Prezidenti və Lideri idi. Vətən torpaqları onun taktiki gedişləri və göstərişləri ilə düşmən tapdağından azad olunandan sonra, bütün dünya siyasətçiləri onun siyasi şahmat taxtasında ŞAH olduğunu gördülər.

Mənim düşüncələrimdə daha kimdir İlham Əliyev?!

Hər şeydən əvvəl, onu deyim ki, İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti üçün proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir.

Bu gün  cənab Prezidentin: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”-fikri bütün zamanlarda hər birimizin aforizmə, lozunquna və inamına çevrilib. Biz artıq əminik ki, O, nəyi necə, və nə zaman həll edəcək. Bu fikri və əməli ilə ilə bir çoxumuzun “Qarabağı nə zaman azad edəcəyik?”- ritorik sualımızı, eləcə də bütün şübhə və müəmmalarımızı bir kənara atdı. Bu gün Azərbaycan xalqının inandığı Öndəri və LİDERi vardır.

Elə  bu xüsusiyyətlərinə görə türk dünyasında  xalqı öz ətrfafında birləşdirən, onu mübarizələrə səsləyərək 30 illik işğala son qoyan, 200 il ərzində itirilmiş torpaların qaytarılması yolunun əsasını qoyan Ali Baş Komandan obrazı yarandı.

Ötən illər ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti və  xidmətləri sayəsində ölkəmizi  mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrildi.  Bu gün onun dəqiq hesablamaları və hədəfləri görə bilmək bacarığına görə dünya siyasətçiləri, siyasi liderləri də hər hansı mühüm problemlərin həlli üçün Azərbaycana gəlir, qlobal dünyanın problemləri Xəzərin sahillərində öz həllini tapır. Azərbaycan geopolitik aləmdə Böyük İpək Yolunun qovşağına çevrilib. Bu gün dünyanın bütün yolları Azərbaycandan keçir.

İlham Əliyevin ən böyük nailiyyətlərindən biri Azərbaycan xalqının tam birliyinə nail olmasıdır. Azərbaycan xalqı onun ətrafında yumruq kimi birləşib. Qeyri-stabil regionda yerləşən Azərbaycanın gücünün təməlində həm də  xalqın bu birliyi dayanır. Azərbaycandakı tolerantlıq səbəbindən milli və ya irqi, tayfa ayrı-seçkiliyi yoxdur. Ali Baş Komandan İlham Əliyevin torpaqları düşməndən azad etmək haqqında çağrışına ölkəmizin eynihüquqlu  vətəndaşları olan talış da, tat da, ləzgi də, rus, ukrain, udin də həvəslə qoşuldu. Azsayılı xalqlar ilə bütövləşmiş  Azərbaycan xalqı onun ətrafında yumruq kimi birləşdi. 

Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər edəndə xalqın nümayəndələrinin onu və ailəsini necə məhəbbət və şadyanalıqla qarşılamasının sübuta ehtiyacı yoxdur. O, xalqının məhəbbətini qazanan LİDERdir! Uşaqla uşaq kimi, böyüklə qardaş kimi, ata kimi danışır, şəhidi xatırlayanda gözləri dolur, torpaq uğrunda canından keçənlərin xatirəsini əziz tutur,  xalqın səsini-sözünü dinləyir. Siz sonuncu dəfə hansısa dövlət başçısını bir müəllimin, bir sadə insanın evində, süfrəsinin başında oturub çay içdiyini, çörək yediyini gördünüzmü?  Bunların hamısı onun ürəyindən keçənlərdir, könlünün istədiyidir, öz xalqına olan etibarı, inamı və sevgisidir.

Siz azad olunmuş torpaqlarda Xaqan İlham Əliyevin necə rahat və gülərüzlə, şadyanalıqla gəzib, sadə xalq ilə  həmin yurdun adi adamı kimi söhbət etdiyini yəqin ki, izləmisiniz. Əsil həqiqət odur! Burada heç bir boya, heç bir rəng yoxdur. O yerlərdə elə həmin təbiətin rənglərinə uyğun həqiqətlər var. Bu gün azad olunmuş torpaqlardan seyr etdiyimiz mənzərənin  hər biri başda Sərkərdə İlham Əliyev olmaqla, onun əsgərlərinin yaratdığı möhtəşəmliyin panoramı və tablosudur.

İlham Əliyevin rəbərlik etdiyi Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, həm də yaşıl enerjiyə böyük yatırımlar edir. İşğaldan azad olunmuş ərazilərdə yaradılan yaşıl enerji zonaları bunun göstəricidir. Azərbaycanın “yaşıl” enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasın iqlim tədbiri (COP29) ötən il Bakıda keçirildi. Həmin tədbirlərdə AzTV-nin yaradıcı jurnalisti kimi mən də iştirak edirdim. COP-29 tədbirinin keçirildiyi günlərdə planetimizin hər yerindən gələn insanların da Azərbaycana necə ümidlə gəldiyini gördüm. Panel sessiyalarında  İqlim dəyişikliklərinin fəsadları ilə bağlı aparılan hesablamalara uyğun əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi, kasıb dövlətlər üçün isə 2035-ci ilə qədər 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan hədəflər müəyyənləşdirildi. Həmçinin, COP29 sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bu sənədləri və qərarları konfransda iştirak edən 150 tərəf təsdiq etdi. 

İlham Əliyev ev sahibi kimi  sessiyada çıxış edərkən dedi: “ Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maaliyə və humanitar yardım göstərmişik”.

COP29 tədbirinin keçirildiyi sessiyalarda mən bir də cənab Prezidentin ailəsinin hər bir üzvünün dünyanın hər yerindən gələn qonaqlara, yerli media nümayəndələrinə münasibətinin canlı şahidi oldum. İrqindən və milliyyətindən asılı olmayaraq hər bir qonağa yaxınlaşıb, onlarla səmimi görüşən, tədbirdə iştirak edən ölkələrin  təşkil etdikləri panel sessiyalarda iştirak edən Leyla xanım və Arzu xanım Əliyevalar, eyni zamanda biz jurnalistlərin işlədikləri  Yaşıl zonaya da tez-tez baş çəkir, bizi dinləyir, hər birimizlə şəkil çəkdirirdilər. Bu müşahidə etdiklərimiz də prezident ailəsinin daxilində olan səmimiliyin güzgüsü idi.

Mən niyə İlham Əliyevə daha çox “Xaqan” deyə müraciət edirəm?!

Ona görə ki, İlham Əliyev bizim  doğuluşdan genetik kodlarımızda yaşayan “Türk dünyasının Birliyi” modelinin həyata keçirilməsində mütləq addımlar atır.  “Bizim ailəmiz Türk dünyasıdır” -deyən Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının(TDT) yaranması və yeni inkişaf mərhələsinə keçməsində xüsusi rolu vardır. Prezidentin Türkiyə və  Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərləri, həmin ölkə rəhbərlərinin Azərbaycana səfərləri TDT-nın genişlənən əlaqələrinin göstəricisidir. Bu gün türk dünyası ölkələri  təkcə siyasi deyil, həm də iqtisadi, humanitar və digər sahələrdə birləşiblər. Azərbaycanın Türkiyə ilə münasibətləri türk tarixinin ən yüksək səviyyəsindədir və 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi ilə rəsmən strateji müttəfiqlik kimi təsbit olunub.

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Azərbaycan-Türkiyə münasibətləri etibarlı əməkdaşlığın yeni modeli olmaqla yanaşı, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün törəsi Naxçıvandan başlanan Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Heç bir hərbi-siyasi bloka üzv olmayan, böyük dövlətlərin maraqlarının və siyasətinin girovuna çevrilməyən Azərbaycan İlham Əliyevin rəhbərliyi və fəhmi ilə  müstəqilliyini qoruyub saxlamağı və gücləndirməyi bacardı.  Arzu edirəm ki, Müstəqilliyimiz əbədi olsun!

Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan tarixdə ilk dəfə olaraq işğal altında olan torpaqlarını geri almağa müvəffəq oldu. Buna rəhbərlik edən İlham Əliyevin adı isə Fateh dövlət başçısı kimi, Xaqan kimi, Sərkərdə kimi, Türk dünyasının Cahangiri kimi Azərbaycan və Türk  tarixinə silinməz izlərlə yazılmışdır.

Müxtəlif münaqişələrin baş verdiyi, təlatümlərin əskik olmadığı müasir dünyada Azərbaycan daxilində sabitliyin qorunması, dünyanın ən təhlükəsiz ölkələrindən birinə mevrilməsi  məhz İlham Əliyevin yüksək liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur.

Dünən bizə hədyanlar yağdıran, Zəngəzur dəhlizi açılarsa, “Qırmızı xəttı” keçmiş olarıq, deyən fars-molla rejiminin laxlaması zəminində baş verən istəmədiyimiz bu müharibədə, biz yenə də humanistliyimizi  və səbrimizi qoruyub saxlaya bilirik. Ölkəmizə pənah gətirən, bizdən yol götürən hər kəsi  doğmamız kimi qarşılayıb, yola saldıq.  İlham Əliyevin hər zaman deyib və əməl etdiyi “Sozümüz imzamızdır” – kəlməsi dövlətimizin bütün inkişafı sahəsində özünü təqsdiq etdi. Bu gün onun apardığı humanist və uzaqgörən siyasət səbəbindən artıq, “Var millətimin İMZASI  imzalar içində!”.

İnsanın fəaliyyətinə və  necə yaşamasına ən böyük dəyər verən TARİXdir. İlham Əliyevin son illərdə siyasi arenada göstərdiyi diplomatik gedişləri, addımları tam bir dünya lideri kimi formalaşmasını göstərdi. Səriştəsiz dövlət başçılarının rəhbərliyi altında tənəzzülə uğrayan dövlətlərdən fərqli olaraq, beynəlxalq arenanın hər kəsimi tərəfindən etiraf edilən ən uğurlu siyasətçilərindən biri olan İlham Heydər oğlu Əliyevin dəyərini dövlət və millət olaraq anlamalıyıq.

Əlində qələmlə savaşan bir mətbuat nümayəndəsi olaraq  mən də, məhz bu şərəfli missiyanı yerinə yetirməyi özümə borc bilirəm.

"...Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm.”.  –deyən cənab Prezident İlham Əliyev biz jurnalistlərə 2020-ci ilin payız günlərində əsil master –klass və ustad dərsləri keçdi. O, ölkəmizə xoş və bəd niyyətlə gələn xarici ölkə jurnalistlərinin hər birnin sualını yerindəcə cavablandıraraq, həm də dərin zəkası və əzmini, necə bacarıqlı diplomat, sərrast söz adamı və  həm də peşəkar jurnalist olduğunu göstərə bildi.

İlham Əliyev bizim dostumuzdur. Hər dəfə xalqa söz demək lazım olanda ölkənin öndə gedən televiziyalarının aparıcı jurnalistlərini başına toplayıb, onlarla dostcasına söhbət edir, məsləhətlərini və göstərişlərini verir.

Mən Azərbaycanın ZƏFƏR və XAQAN ünvanlı övladı  İlham Heydər oğlu Əliyev haqqında daha  sadə bir yazı da yaza bilərdim. Lakin Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində qələmə aldığım bu xatirə yazısı ilə JURNALİSTLƏRİN DOSTUNUN siyasi və sadə insan  portretini çəkə bildiyimə əminəm.

Onun digər portreti isə Şuşaya, Kəlbəcərə, Ağdama köçən yerli sakinlərin, ali məktəblərdə dövlət hesabına oxuyan şəhid övladlarının, bayrağımız dalğalanan yerdə övladları şəhid olan anaların və ataların qəlbindədir. “Azərbaycan”- adını eşidəndə qarşısındakı şəxsi heyrətlənən görən, Azərbaycan pasportu daşıyan vətəndaşlarımızın ürəyindədir.

Bir də ki, mənim Tanrıya açılan ovuclarımdadır İlham Əliyevin adı… Hər dəfə evimdən işə, işdən evə gələndə  Xəzərdən açılan möhtəşəm və gözəl mənzərəni seyr edəndə özümü dünyanın xoşbəxti sayıram. Bu sevinci və əminliyi bir jurnalist kimi mənə bəxş edən Prezident  İlham Əliyevə minnətdaram. Mən fərəhli könüllə, şad ürəklə onun mənə hədiyyə etdiyi mənzildə yaşayıb-yaradıram. Yazıram ki, yazdıqlarım türk tarixinin unudulmayacaq səhifəsi olsun.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Məşhur rəssamlarımız çoxdur, amma lap məşhurlarının adları bəzən digərlərinin adlarına kölgə salır. Halbuki, bu digər dediklərimizin hər biri də özlüyündə mükəmməl və möhtəşəm yaradıcılıq yolu keçiblər, gözəl işlər ortaya qoyublar.

Bu gün Azərbaycanın Xalq Rəssamı Nadir Əbdürrəhmanovun anım günüdür.

 

Nadir Əbdürrəhmanov 925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

 

Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyəti də olub, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak edib. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışıb. Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub.

 

Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilib.

 

Tanınmış fırça ustası Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Müstəqil respublikamızın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülməsi sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.

 

Rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq rəssamı fəxri adlarını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

 

 

69 -dən səhifə 2341

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.