
Super User
Berlində, "Komponistinnen Piano Marathon" layihəsində Azərbaycan musiqisi səslənib
Almaniyanın Detmold şəhərində fəaliyyət göstərən azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın əsərləri Berlində keçirilən “Komponistinnen Piano Marathon” (Qadın bəstəkarların piano marafonu) adlı beynəlxalq layihədə ifa olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniyada yaşayan pianoçu Fidan Ağayeva-Edlerin təşəbbüsü ilə gerçəkləşən layihədə 250-dən artıq qadın bəstəkarın əsərlərinə yer verilib. Dünya bəstəkarlıq məktəbinin nümayəndələri ilə yanaşı, azərbaycanlı bəstəkarların – Firəngiz Əlizadə, Xədicə Zeynalova və Rəhilə Həsənovanın əsərləri də proqramda təqdim edilib.
Tədbirdə Xədicə Zeynalovanın solo fortepiano üçün yazdığı "Fantasy" (Fantaziya), soprano və fortepiano üçün bəstələdiyi "Winter Gesänge" (Qış sərlövhələri) adlı əsərləri pianoçu Fidan Ağayeva-Edler, soprano Nina Guo və pianoçu Mareike Heinin ifasında səsləndirilib.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova 2005-ci ildən Almaniyada yaşayır. Onun bəstələdiyi "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig van Beethoven", beş hissəli "Qarabağ Suitası", "Qarabağ həsrəti", "Odlar ölkəsi" və digər əsərləri dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb. Bəstəkar Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
Fleyta ifaçımız Parisdə beynəlxalq mükafata layiq görülüb
Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq onlayn musiqi müsabiqəsindəazərbaycanlı fleyta ifaçısı Ağarahim Quliyev yüksək mükafata layiq görülüb.
Soydaşımız “Gabriel Fauré Dünya Musiqisi Müsabiqəsi”ndə ən ali mükafat – “Star Grand Prize” (Böyük Mükafat Ulduzu) ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hər il keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən olan tanınmış, peşəkar və istedadlı musiqiçiləri bir araya gətirərək onların yaradıcılığını yüksək səviyyədə qiymətləndirir.
Builki müsabiqədə Ağarahim Quliyevin çıxışı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Onun ifasında həm texniki ustalıq, həm də emosional dərinlik xüsusi vurğulanıb.
Qeyd edək ki, Ağarahim Quliyev 2022-ci ilin avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısı olub. O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan Şuşa səfərində də iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
Ədəbiyyat nəzəriyyəsi üzrə ilk qadın elmlər doktoru
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- “Yeni dərsliklərin yazılması üçün AMEA və universitetlərin birgə fəaliyyətinə ehtiyac var. Kimsə etiraz etməz ki, müstəqillik dövründə AMEA-da çox ciddi tədqiqatlar aparılıb. Ədəbiyyat tariximizin yenidən dövrləşdirilməsinin nəzəriyyəsi və tətbiqi gerçəkləşib. Universitet tələbələrinin isə demək olar ki, bundan xəbəri yoxdur. Əksər universitetlərdə qədim dövr ədəbiyyatı anlayışı sovet qadağalarına uyğun tədris olunur, orta əsrlərin tədrisində sufizmə qarşı ehtiyatlılıq, XIX əsrin yalnız maarifçi realizm üzərində qurulması ənənəsi davam edir. XX əsrin ilk onilliklərinin dünya ədəbiyyatı və milli intibah kontekstində öyrənilməsi, sovet ədəbiyyatının sənətkarlıq və ideologiya münasibətlərində yaşadığı ziddiyyətlər, formalaşdırdığı özünəməxsus poetika lazımi səviyyədə tələbələrə mənimsədilmir...”
O,1960-cı ilin iyun ayının 27-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Vayxır kəndində dünyaya gəlib. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində ali təhsilə yiyələnib. Bir müddət müəllimkimi fəaliyyət göstərib. 1983-1986-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olub. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi fəaliyyətə başlayıb və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilib. 1989-cu ildə"Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.2004-cü ildə isə "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib.2008-ci ildə disent, 2011-ci ildə professor elmi adına layiq görülüb. Onu da qeyd edim ki, o, Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur...
“Tələbələr dərslik tapmaqda çətinlik çəkirlər. Onlara Elmlər Akademiyasının son illərdə çap olunan ədəbiyyat tarixləri dərslik kimi tövsiyə olunanda başqa bir problem üzə çıxır. Akademik tədqiqata əsaslanan ədəbiyyat tarixləri bəzən məlumat genişliyi ilə tələbəni yorur. Onlar oradan özləri üçün zəruri məlumatı seçməkdə çətinlik çəkirlər.İnternet resursları da dərs hazırlığı üçün bir o qədər də əlverişli deyil. İnternetdə elmi təhlil və doğru faktlarla bərabər, çox vaxt yanlış məlumat və subyektiv təhlillərə də yol verilir. Bu halda tələbə yanlışla doğrunu seçməkdə çətinlik yaşayır. Bir universitetdə yazılan dərslikdən başqa bir universitetin xəbəri olmur. Yeni yazılan dərsliklər geniş müzakirə olunmalı, onların uğur və kəsirləri, yenilikləri, faydaları üzə çıxarılmalıdır.”- söyləyir.
Onun araşdırdığı problemlər az öyrənilməsi və aktuallığı ilə diqqəti cəlb edir. Tədqiqatlarının əsas istiqaməti ənənəvi poetik strukturların yeni dövr və müasir ədəbiyyatda təzahür xüsusiyyətləri üzrədir. XX əsrin başlanğıcı Azərbaycan ədəbiyyatında metod qarışıqlığı probleminin əsaslandırılması, Azərbaycan dramaturgiyasının poetikasının milli özünəməxsusluğunun və dramatik növdə sufizmlə bağlı element və motivlərin davamının müqayisələrlə müəyyənlişdirilməsi, ədəbiyyatda neosufizm konsepsiyası alimin əsas elminailiyyətlərindəndir. Araşdırdığı mövzular üzrə Beynəlxalq və Respublika konfranslarında maraqlı məruzələrlə çıxış edib. Nüfuzlu elmi dərgilərdə məqalələri çap olunub. 10 kitab müəllifidir (biri həmmüəlliflə, biri kollektiv monoqrafiya olmaqla). 160-dan yuxarı məqaləsi var. Məqalələri Respublikadan kənarda da elmi ictimaiyyətə təqdim olunub...
Deyir ki:- “Ali təhsildə ədəbiyyatın tədrisini müasirlik və müstəqillik dünyagörüşü səviyyəsinə gətirmək, dərslik və tələbə ünsiyyətinin psixoloji baryerini aradan qaldırmaq üçün bir sıra zəruri addımların atılması vacibdir: Onlardan birincisi- tədris proqramlarında nəzərdə tutulan mövzular müzakirə və koordinasiya olunmalıdır. İkincisi- tədrisin əsas layihəsi proqramdır və proqramlar keçən əsrin birinci yarısının çərçivələrindən çıxmalıdır. Üçüncüsü- AMEA-nın tədqiqatlarının nəticələri dərsliklərdə nəzərə alınmalıdır. Dərsliklərin yazılmasında AMEA və universitetlər birgə fəaliyyət göstərməlidir. Dördüncüsü- alternativ dərsliklər yazılmalı, onların elmi səviyyəsi və tədris üçün nə dərəcədə əlverişli olması, praktiki təsir imkanları nəzərə alınmalıdır. Beşincisi- dərs vəsaitlərinin sayı artırılmalıdır. Altıncısı isə- universitetlərarası münasibətlər və əlaqələr gücləndirilməlidir.
AMEA-nın əməkdaşı və universitetdə ədəbiyyat fənnini tədris edən bir professor kimi qarşılaşdığım mənzərədən çıxış edərək bu qənaətə gəlirəm. Ədəbiyyatşünas alimlərin, pedaqoqların bir araya gələrək tədris proqramlarını və dərslikləri müzakirə etmələrinə, birgə fəaliyyət göstərmələrinə ciddi ehtiyac var.”
O, elmi əhəmiyyətli bir sıra layihələrin yerinə yetirilməsində rəhbər və iştirakçı kimi yer alıb. Elmin İnkişafı Fondunun2013-cü ildə keçirdiyi əsas qrant layihəsi müsabiqəsinin nəticələrinə görə,onun "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri" mövzusunda təqdim etdiyi layihə qalib elan olunub.Pilot layihəsi kimi dəyərləndirilərək layihənin elmi nəticələri ikicildlik kitab halında çap edilib. Rəhbəri olduğu layihə üzrə 4 kitab, 30-a yaxın məqalə çap olunaraq elmi ictimaiyyətə çatdırılıb. Elmi rəhbəri olduğu onlarla doktorant uğurla dissertasiya müdafiə edərək müvafuq dərəcələrdə diplom almış və ya müdafiə ərəfəsindədirlər. Çox sayda elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının rəsmi opponenti olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Dissertasiya şurası sədrinin müavini, Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının da sədr müavinidir...
Sakit və emosional xanımdır. Qayğı göstərməyi, eləcə də insanlar tərəfindən qayğı görməyi xoşlayır. Çox romantik və bir o qədər də kövrək ruhludur. Keçmişə, milli dəyərlərə bağlı adamdır. Sirr saxlamağı, etibarlı dost olmağı bacarır. Ürəyi sevgi ilə doludur, necə deyərlər, xəsislikdən uzaqdır. Xeyirxahlıq etməkdən, əl tutmaqdan zövq alır. Qiybəti, paxıllığı sevmir...
Bəli, bu dəfə sizə filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməddən danışıram. Bu gün - iyunun 27-si onun yubileyidir, 65 yaşı tamam olur. Bu münasibətlə Tahirə xanımı təbrik edir, möhkəm can sağlığı arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
“Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib
25 iyun 2025-ci il– Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar və yazar Fərahim Sadiqin ideya müəllifi və təşəbbüsü ilə təşkil edilən “Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat Bakı şəhəri, Nizami Kino Mərkəzində baş tutub. Tədbir AVMVİB, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycan Maliyyə-İqtisad Kollecinin təşkilati dəstəyi və və “HAYAT Media” qrupun texniki dəstəyi ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat mərasimi 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr edilən silsilə tədbirlər çərçivəsində təşkil olunub. Mərasimdə şəhid Baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin şərəfli döyüş yolu əks etdirilmiş, onun timsalında Vətən uğrunda canından keçmiş bütün igidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Film, yalnız şəhidin xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasına, həmçinin tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Tədbir iştirakçıları sənədli filmin nümayişindən sonra şəhid Mübariz Xankişiyevin həyatına və döyüş yoluna dair xatirələrini bölüşüblər.
Eyni zamanda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən şəhidimizin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunub, tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi» kollektivinin iştirakı ilə təşkil olunan mini konsert proqramı ilə yekunlaşdırılıb. Konsertdə vətənpərvər mahnılar səsləndirilmiş, iştirakçılara duyğusal anlar yaşadılıb.
Tədbirdə Milli Məclisin üzvləri Ceyhun Məmmədov, Razi Nurullayev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev,
Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi üzrə böyük məsləhətçisi Abbaslı Abbas, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Bəxtiyar, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Karxulu kənd İƏD-si üzrə nümayəndəsinin müavini Sadıqov Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və üzvləri, dövlət qurumları, media nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimə geniş auditoriyanın qatılması, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin vətənpərvərlik ruhunu gücləndirmək məqsədini daşıyan bu cür tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirib.
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
Ordu gününə həsr olunmuş konsert
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Oğuz rayon İcra Hakimiyyətinin dəstəyi, Oğuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhərdəki Zərifə Əliyeva adına İstirahət Parkında "Qalib Xalqın, Müzəffər Ordusu" adlı konsert təşkil olunub.
Konsert Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Dövlət Himnimiz səsləndirildikdən sonra başlanmışdırib.
Konsertdə Bakı şəhərindən qonaq qismində iştirak edən müğənillərlə yanaşı, Oğuz rayon Xaçmaz kənd Diyarşünaslıq evində fəaliyyət göstərən “Zirvə” musiqi qrupunun musiqiçiləri və Şəki şəhərindəm gələn müğənillər tərəfindən Azərbaycan, Qarabağ mövzusunda vətənə aid, bayram əhval-ruhiyyəsində şən mahnılar, müğənillərin sevilən populyar mahnıları ifa olunub.
Oğuz rayon Zərifə Əliyeva adına İstirahət Parkında təşkil olunmuş, bayram konserti Oğuz sakinləri tərəfindən alqışlarla qarşılanıb, səsləndirilən musiqilərin, oxunan mahnıların sədası altında tamaşaçılar rəqslər edib, asudə vaxtlarını səmərəli keçirib, bayramı şən əhval -ruhiyyə ilə qeyd ediblər.
Yaşasın qalib xalqın müzəffər Ordusu!
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
Bir türbə, bir ruh, bir millət: Seyid Yəhya Bakuvi və daxili ədəbiyyatımız – ADƏM İSMAYIL BAKUVİ
Adəm İsmayıl Bakuvi, yazıçı, publisist, Vəhdət Partiyasının sədri
Türbə - daş deyil, dəyərdir
Bir türbə, sadəcə bir məzar yeri deyil. Türbə - xatirənin cismaniləşməsi, hörmətin arxitekturası, bir xalqın dəyərə çevirdiyi yaddaşdır. O torpaqda bir bədən uyuyur, lakin o məkan yalnız bioloji bir sonun deyil, mədəni və mənəvi bir başlanğıcın ünvanıdır.
Seyid Yəhya Bakuvi kimi bir şəxsiyyətin türbəsi təkcə bir övliya üçün tikilmiş memarlıq nümunəsi deyil. Bu məkan Azərbaycan ruhunun fəlsəfi, ədəbi, sufi və mədəni təzahürüdür. Onun ruhuna hörmət göstərmək - milli yaddaşa, mədəni kökə və insanın mənəvi aləminə hörmət göstərmək deməkdir.
Bakuvi ədəbiyyatı
Ədəbiyyat - xalqın dua formasında danışan ruhudur.
Bakuvi ədəbiyyatı - yalnız bir sufi poetikası deyil. Onun yazdıqları insanın içində baş verən mübarizələrin poetik xəritəsidir. Deyirdi ki, "Söz ruhun qanadıdır. Əgər söz yanlışdırsa, ruh da yerə enər."
O, ədəbi dili dua ilə fəlsəfənin qovşağında işləyib. Onun risalələri yalnız dini mətnlər deyil, ədəbi psixologiyadır, fəlsəfi poeziyadır, ruhani dramdır.
Azərbaycan cəmiyyətində bu sözlərin təsiri səssiz, lakin dərin olmuşdur. Onun "Əsraru'l-Əvliya" adlı əsərindəki ruhun mərhələləri barədə fikirləri Azərbaycan ədəbiyyatında və mənəviyyatında "kamil insan" idealının əsasını təşkil edib. Nəsimi, Füzuli, Xətai, Sabir kimi nəhənglər bu irfan və düşüncə məktəbinin irsinə əsaslanaraq millətin qəlbini ədəbiyyatla oyadıblar. Bakuvi - bir xalqın daxili romanıdır.
Əgər xalqın tarixi "xarici hadisələr toplusudursa", onun ədəbiyyatı daxili hadisələrin salnaməsidir. Bakuvi isə bu salnamənin ilk fəslini yazanlardan biri olub.
Onun yazdıqları yalnız təsəvvüf deyil, içimizin inşasıdır. Onunla biz:
- Sevgi nədir?
- Dövlət nə zaman ədalətlidir?
- İnsan nə vaxt kamildir?
- Varlıq nədir, yoxluq nə ilə başlayır?
- kimi sualları cavablandırmağa cəhd edirik.
Əgər bu gün Azərbaycan ədəbiyyatı bəşəri dəyərləri daşıya bilirsə, bu, Bakuvi irsinin mənəvi genetikası sayəsindədir.
Bakuvi irsi - dünyaya yazılmış Azərbaycan məktubudur.
Seyid Yəhya Bakuvi təkcə Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün də hikmət mənbəyidir. Hal-hazırda onun fəlsəfi və ədəbi fikirləri Afrika ölkələrində ruhi terapiya və kollektiv şəfa modellərində, Cənubi Amerikada sufi qrupların etik tərbiyəsində, Avropa fəlsəfəsində metafizik insan konsepsiyasının əsaslarında, İslam dünyasında şəxsiyyət və cəmiyyət münasibətinin tənzimində istifadə olunur.
Onun ardıcılları bu gün dünyada 100 milyona yaxın insanı əhatə edir. Bu artıq regional irs deyil, qlobal mədəniyyət hadisəsidir. Bakuvi Azərbaycanın dünyaya ünvanladığı ədəbi-fəlsəfi məktubdur.
İçərişəhər - sadəcə qala deyil, içimizdəki əbədiyyətdir
İçərişəhər Azərbaycan üçün yalnız memarlıq irsi deyil. Bu, daxili şəhərdir, xatirənin daşlaşmış formasıdır, bir millətin öz mədəniyyətinə etdiyi səcdədir.
İçərişəhərdə hər daş bir misra kimidir. Orada atılan hər addım bir fikrin üzərinə yazılıb. Seyid Yəhya Bakuvi məhz bu şəhərin divarları arasında:
- Səssizliklə danışmağı,
- Ruhla yazmağı,
- Ədəbi dili duaya çevirməyi
- öyrətdi.
İçərişəhər onun ruhunun məskənidir. Ora təkcə ziyarət yeri deyil - təfəkkür məkanı, mədəniyyət laboratoriyası, ədəbi və ilahi harmoniyanın vəhdət yeridir.
Hörmət: türbəyə yox, özümüzə
Türbənin yanında musiqi çalmaq və ya konsert keçirmək, əgər bu səslər əxlaqi ritmdən çıxıb, ictimai hörməti təhqir edirsə, bu, sadəcə bir mədəniyyət məsələsi deyil, bu, əxlaqi böhran, daxili nizamın pozulmasıdır.
Bu, bir övliyanı yox, öz ruhumuzu təhqir etməkdir.
"Əgər dəyərlərə sayğı duyulmazsa, zaman insanı yox, insan zamanı itirər." (Seyid Yəhya Bakuvi)
Nəticə əvəzinə: Bir türbə - bir fikir - bir məsuliyyət
Seyid Yəhya Bakuvi türbəsi təkcə bir şəxsin məzarı deyil. Ora mədəniyyətin məbədi, ədəbiyyatın sükutla oxunduğu məktəb, fəlsəfənin göy üzünə baxdığı bağça, dövlətin ruh axtardığı güzgüdür.
Əgər biz bu məkanı şouya çevirdiksə, dəyərlərimizi itirərik.
Əgər biz bu məkanı duaya çevirdiksə, xalq olaraq diriləriyik.
Ədəbiyyat - qəlbin danışığıdır.
Türbə - ruhun dincəldiyi yerdir.
Bakuvi - bu ikisini birləşdirən xalqın səssiz duasıdır.
Ona hörmət - keçmişə borc deyil, gələcəyə ümiddir.
Səssizlikdə Danışan Fəlsəfə: Seyid Yəhya Bakuvi və Mədəniyyətin İlahi Çəkisi.
Daxildən Başlayan Dövlətdir: Bakuvi Kimliyi və Ontoloji Dövlətçilik
XV əsrin bu günə əks-sədası olan şəxsiyyəti - Seyid Yəhya Bakuvi, yalnız dini elmlərin daşıyıcısı deyil, eyni zamanda ontoloji dövlət fəlsəfəsinin banilərindən biridir. Bakuvi üçün dövlət anlayışı, hüquqi və inzibati bir qurumdan daha artıqdır - o, insan ruhunun zahirdəki təcəssümüdür.
"Əgər içində nizam yoxdursa, çöldə qurduğun saray dağılacaq." (Seyid Yəhya Bakuvi)
Bu ideya Platonun "ideal dövlət" anlayışını xatırladır, lakin ondan fərqli olaraq Bakuvi dövlətin təməlini təkcə ağıl və əxlaqda deyil, ruhi mərifət və ilahi idrakla tənzimlənən daxili ölçüdə görür. O yazır ki, "Kamil insan dövlətdən əvvəl yaranmalıdır."
Bu isə bizə göstərir ki, Azərbaycan fəlsəfi ənənəsində dövlət sadəcə hakimiyyət aləti deyil, ruhani-mədəni bir missiyadır.
Bakuvi və Qərb Fəlsəfəsinin kəsişməsi: Susmaqla düşünmək
Avropa fəlsəfəsində Mistisizm, xüsusilə də Eckhart, Böhme, Hildegard von Bingen, daha sonra isə Kant və Heidegger kimi filosoflarda təsəvvüfə yaxın düşüncələr görünür. Xüsusilə Heidegger "varlığ"ın "səssizlikdə açıldığına" inanırdı.
Seyid Yəhya Bakuvi isə çox daha əvvəl yazırdı: "Səssizliyin içində Haqqın səsi duyular. Kəlmədən əvvəl hiss var, səsdən əvvəl nur."
Bu baxış tərzi, Qərb metafizikasında sonralar inkişaf edən "transsendental ideya" anlayışına paralel gəlir. Kantın "noumen" - ağılın tam dərk edə bilmədiyi, amma var olduğunu sezə bildiyi sahə, Bakuvidə "batini aləm" kimi mövcuddur. Fərq ondadır ki, Bakuvi onu təkcə sezmir, həm də mərifət və zikr vasitəsilə ona çatmağa çağırır.
Bu, Şərq təfəkkürünün Qərb fəlsəfəsinə verdiyi töhfənin nadir örnəyidir. Biz Qərbi öyrənirik, amma Qərb də Bakuvi kimi şəxsiyyətlərin vasitəsilə Şərqin fəlsəfi sakitliyindən bəhrələnmişdir.
İlahi Güc-Mədəniyyət-Dövlət üçbucağı
Seyid Yəhya Bakuvi dünyanı ilahi nizama əsaslanan bir mədəniyyət sferası kimi görürdü. O inanırdı ki, mədəniyyət - Tanrının yer üzündəki nəfəsidir, insan onu təcəlla etdirəndə dövlət mənəvi gücə çevrilir.
"Mədəniyyət - ruhun paltarıdır. Bu paltar cırıldıqda, cəmiyyətin həyası açılar."
Bu cümlə sadə görünsə də, dövlətlərin kultural təhlükəsizliyi və milli kimlik fəlsəfəsi üçün son dərəcə strateji bir düsturdur.
Bakuvi, Şirvanşah sarayında çalışarkən sarayla sufiliyi barışdırmış, zahiri hakimiyyətlə batini hikməti bütöv bir mənəvi konstruksiya halında yaşamışdır. Onun sarayda olması bu gün dövlətlərin mədəniyyət siyasəti üçün örnək ola bilər. Bugünkü hökumətlər də daxili hikməti dövlət mexanizminə daşımalıdır. Mədəniyyətin inkişafı: Təfəkkürdən Sənətə.
Bakuvi mədəniyyəti dekorativ sənət, rəssamlıq və poeziya ilə sıx bağlı görürdü. O, hər bir sənət formasında daxili təmizlik, ruhi kamillik və ilahi işıq axtarırdı. Məhz buna görə o, sənəti zikr formasına çevirir.
Bu gün Azərbaycan mədəniyyəti Bakuvi fəlsəfəsini yalnız yaşatmalı deyil, həm də inkişaf etdirməlidir. Biz onun fəlsəfəsini rəssamlıqda, ədəbiyyatda, teatrda, musiqidə - həqiqi estetik-tərbiyəvi səviyyədə yaşatmalıyıq.
Türbəsinin önündə konsert keçirilirsə, bu, ritual bir musiqi, ruhu oyadan nağara, sufilərin səması, estetik dramaturgiya olmalıdır. Çünki bu məkanda mədəniyyət - ibadətdir.
Tarixi irsin qiyməti: sadəcə qorumaq deyil, tanıtmaq
Seyid Yəhya Bakuvi yalnız bir şəxsiyyət deyil, fikir memarıdır. Bu memarlıq - yalnız türbəsində deyil, həm də xalqın yaddaşında, dövlətin ideologiyasında, millətin özünü tanımasında davam etməlidir.
Tarixi dəyərlərə hörmət - təkcə qorumaq yox, onu doğru təqdim etməkdir. Əgər Bakuvi dünyaya təqdim olunacaqsa, bu təqdimat onun təsəvvüfündən çıxarılan müasir multikultural fəlsəfə ilə, ruh-dövlət-mədəniyyət əlaqəsinin içində olmalıdır.
Son nəticə: Bakuvi, Azərbaycan və bəşəriyyət
Bu gün Azərbaycanda Seyid Yəhya Bakuvi irsi yalnız dini və milli kontekstdə deyil, beynəlxalq fəlsəfi və humanist diskursun bir hissəsi kimi tanıdılmalıdır.
Bu məqsədlə:
- Bakuvi İrs Mərkəzi yaradılmalı, Multikulturalizm üzrə Bakuvi Forumu Bakı və Avropa şəhərlərində təşkil olunmalı, onun fikirləri əsasında Azərbaycan dövlətçiliyinin fəlsəfi əsasları yenidən yazılmalıdır.
Fəlsəfi yekun
Seyid Yəhya Bakuvi bizə öyrədir ki, dövlətin qüdrəti tankda deyil, təfəkkürdədir. Mədəniyyət isə kitabxanalarda deyil, könüllərdə yaşamalıdır. İlahi hikmət isə göylərdə deyil, insan ürəyinin aydınlığındadır.
Bakuvi - bir sükutdur. Bu sükutun içində bir millət danışır. Sükutun hikməti və daxili İşıq: Seyid Yəhya Bakuvi irsinə hörmət, mədəniyyətə dəvət.
İçərişəhərin daşları danışsaydı, ən çox danışan türbələr olardı. Onlar sükut içində nəfəslənən zamandır - susurlar, amma öyrədirlər. Bu gün Şirvanşahların mirası olan İçərişəhərdə, konkret olaraq Seyid Yəhya Bakuvinin türbəsi önündə keçirilən konsert proqramı cəmiyyətdə müxtəlif reaksiyalara səbəb oldu. Bu, sadəcə bir tədbir deyildi; bu, tarixlə bu gün arasındakı körpünün hansı səviyyədə inşa olunduğunun göstəricisiydi.
Əvvəlcə bir sual: Bakuvi kim idi və nə üçün bu qədər həssaslıq doğurur?
Təsəvvüfün zirvəsi: Bakuvi Kimdir?
Seyid Yəhya Bakuvi - XV əsrdə yaşayan, Şirvanşah sarayının rəsmi alimi, sufi filosofu, metafizik düşüncənin, ruhani tərbiyənin və Azərbaycan-islam elminin qızıl çağının nümayəndəsi. Onun əsərləri sadəcə dini yox, insanın daxili aləmi, dövlət-millət münasibəti, kainatla insan arasındakı metafizik əlaqə üzərində qurulub. O, təfəkkürü ibadətə çevirən, düşüncəni ruhun mərtəbələrinə çevirən bir müdrikdir.
Onun "Şərh-i Qasida-yi Tuidə", "Risalə fi təvhid", "Əsraru'l-əvliya" və digər əsərlərində biz yalnız dini təlimlər yox, həm də multikultural dünyagörüşün, insan hüquqları fəlsəfəsinin, mədəniyyətin mənəvi dayaqlarının dərin analizini görürük.
"Haqqı tanıyan insan, heç bir canlının izzətini tapdalamaz." Bakuvinin bu fikri bugünkü dünyanın böhranlı sivilizasiya düzənində, irq, din və kimlik münaqişələrinin fonunda bəşəriyyət üçün dəyərlər sistemidir.
Müqəddəslərin məkanı: əyləncə deyil, əyləv (təfəkkür)
Türbə - təkcə qəbir deyil. Türbə daxili aləmin şəhadətgahıdır. Bura musiqinin yox, səmanın, təfəkkürün, xatirənin səsləndiyi yerdir. Orada Bakuvi yatır - bir övliya, bir arif, bir sufi-alim. Onun yanında təşkil edilən tədbirlər yalnız "ədəbi", "mədəni" yox, həm də ruhani baxışla hazırlanmalıdır.
Bu məkanlarda keçirilən tədbirlər səssizlikdə səslənməli, estetikada tərbiyələndirici, kamil insan idealına yönəlik olmalıdır. Musiqi əleyhinə deyilik, lakin ruhani məkanlarda musiqi ilahi ritmə çevrilməlidir, ifrat səs, texno-dinamikası, qeyri-kamil səhnələr bu məkanın ruhuna ziddir.
İçimizdəki İçərişəhər
Seyid Yəhya Bakuvi Azərbaycan dövlətçiliyinin əsaslarından sayılan milli-mədəni özünüdərk, əxlaqi təməllər və daxili inkişaf fəlsəfəsini formalaşdıran şəxsiyyətlərdən biridir. O yazırdı: "Dövlət - insanın zahiri nizamıdır. Amma bu nizamın əsl dayağı daxili əxlaqdır."
Bu, bugünkü dövlətçilik və vətəndaşlıq anlayışı üçün bələdçi olmalıdır. Bakuvi üçün dövlət - xalqın daxili dünyasının idarə formasıdır. Hər bir fərdin öz ruhunu tanıması dövlətin sabitliyinə, mədəniyyətin isə davamlı inkişafına zəmin yaradır.
Multikultural dəyərlərin əsasında - sufi düşüncə
O, yalnız bir müsəlman alimi deyil. O, bütün insanlıq üçün danışan bir dəyərlər məbədidir. Onun təsəvvüfü - qapalı deyil, açıqdır. O, fərqliliklərdə vahidliyi, dillərdə bir səmanı, mədəniyyətlərdə bir dərinliyi axtarır.
"Dil dəyişə bilər, amma həqiqət eyni qalar. Tanrıya gedən yol fərqlidir, amma məqsəd eyni." (Bakuvi)
Bu fikir, UNESCO-nun mədəniyyətlərarası dialoq strategiyasının ruhuna uyğundur. Bakuvi - Azərbaycanın dünyaya verdiyi multikultural irs nümunəsidir.
Bu gün nə etməliyik?
Seyid Yəhya Bakuvi türbəsi sadəcə ziyarətgah deyil. Bu, mədəni və fəlsəfi maarifləndirmə məkanı olmalıdır. Burada:
- İllik Bakuvi Fəlsəfə günləri,
- Sufi Poeziya gecələri,
- Multikultural Dialoq Platforması,
- Təsəvvüf və Dövlətçilik simpoziumları keçirilməli,
- Gənclərə ruhi maarifləndirmə yönəlik layihələr hazırlanmalıdır.
Bakuvi türbəsi bir sükut kitabxanasıdır - biz onun səssizliyində danışmağı öyrənməliyik.
Bəzən səsdən deyil, səssizlikdən həyəcanlanmaq lazımdır. Bəzən musiqidən deyil, dua ritmindən ilham almaq lazımdır. Və ən əsası, bəzən bir məkan təkcə daş deyil - bir fəlsəfədir.
Seyid Yəhya Bakuvi Azərbaycan tarixinin yalnız keçmişi deyil, bugünkü kimliyimiz, gələcəyimiz və bəşəriyyətə cavabımızdır. Onun türbəsinə hörmət yalnız bir alimə deyil, insanlığa hörmətdir.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)
Qərbi Azərbaycanda aşıq yaradıcılığı – SEYFƏDDİN RZASOY
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun Qərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” məqaləsi təqdim ediləcək.
Seyfəddin RZASOY
QƏRBİ AZƏRBAYCANDA AŞIQ YARADICILIĞI: MİLLİ YADDAŞ VƏ TARİX
Folklor – bütün tarix və zaman boyunca onu yaradan, yaşadan, qoruyan, nəsillərdən-nəsillərə ötürən xalqın yaddaşıdır. O, fərdin, etnosun, millətin və bütöv xalqın yaddaş səviyyələrindən təşkil olunan ənənəvi düşüncə sistemidir. Bir xalqın bütün söz və sənət kodları folklor yaddaşında inikas olunur. Folklor xalqın tale yoludur və hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından birbaşa asılıdır. Yaddaşını qoruyan və zamanla ona qayıda bilən xalq onu millətlər içərisində millət edən zirvəyə qalxa bilir.
Hər bir xalqın folklor yaddaşının daşıyıcı tipləri var: onlar yaddaşın qoruyucuları və yaşadıcılarıdır. Azərbaycan folklor yaddaşının daşıyıcıları içərisində əlahiddə yerdə duran, milli yaddaşın bütün poetik yükünü və tarixi-mədəni məsuliyyətini daşıyan sənətkar aşıqdır. Milli yaddaş sistemini bir orqanizmə bənzətsək, aşıq sənəti və yaradıcılığı həmin sistemin onurğa sütununu təşkil edir. Aşıqlıq ənənəsinin zəiflədiyi müasir qloballaşma şəraitində onun qorunması, qayğı göstərilməsi bizləri biz edən, millət edən, milli kimliyimizi itməyə qoymayan genetik yaddaş sistemimizin yaşaması deməkdir. Milli tarix, milli kimlik, milli özünüdərk, milli özünü yaratma kimi bütün dəyərlər aşığın varlığında kəsişməklə onu milli mövcudluğumuzun tarixi diskursu statusunda göz bəbəyimiz kimi qorumağı bizlərdən tələb edir. "Aşıq" demək – "millət", "xalq", "dövlət" və "milli tarix" deməkdir. Milli kimlik tariximizin banisi Şah İsmayıl Xətai Azərbaycan dövləti və kimliyini aşığın sazı və sözü ilə qurdu. O, milli dövlətçilik ideologiyasının xalqın ruhunu passionarlaşdıran bütün dəyərlərini insanlara aşıqların və el şairlərinin sazı, sözü, nəfəsi ilə çatdırıb onları vahid milli dövlətdə birləşdirə bildi. Azərbaycanın bir xalq kimi tarixi taleyinin "yazıldığı" həmin dövrdə Xətainin yanında bir tərəfdə əllərində qılınc tutmuş qazi-ərənlər, o biri tərəfində sinələrində saz və dillərində "Vətən" sözü olan aşıq-ərənlər durmuşdular. Məhz XVI əsrdə Şah babamızın sərkərdəliyi ilə aşıqlar, el şairləri ilahi-irfani dəyərləri tərənnüm edən sənətkar mərtəbəsindən milli kimlik və dövlətçilik ideyalarını tərənnüm və təbliğ edən, vətənçilik, yurdçuluq idealları uğrunda savaşan eşq ərənləri məqamına qalxdılar. Bu ruh, bu ali məqam əbədi olaraq aşıqların yaddaşında yaşamaqla xalqımızı tarixin ən çətin günlərində məhv olmağa qoymamış, milli varlıq və kimliyimizi qorumuşdur. Qafqaza ayaq açan rus işğalçıları və onların iyrənc xislətli nökərləri olan ermənilər hər vəchlə Azərbaycan-türk milli kimliyini məhv etməyə çalışanda aşıqların sözündə və sazında yaşayan milli yaddaş xalqımızın milli-mənəvi düşüncə sistemini dağılmağa, məhvə məruz qalmağa qoymadı. Saz və söz xalqımızın daim milli ruhunu oyatmış, ona milli kimliyini xatırlatmış, qanını və genini cuşa gətirərək milli kimlik savaşına ruhlandırmışdır. Heç təsadüfi deyildir ki, Qərbi Azərbaycanda ermənilər Rusiya imperiyasının çirkin demoqrafik siyasətini həyata keçirərək türk əhalini təcrid, inkar, deportasiya və s. antimilli təqiblərə məruz qoyanda aşıqlar erməni ideoloqlarına "güldən-bülbüldən", "aşiq-məşuqdan" nəğmələr oxuyan "təsirsiz", "zərərsiz" ünsürlər təsiri bağışlasa da, məhz onlar milli varlığımızı ayaqda saxlamağa nail oldular. Çünki ana etnosdan siyasi, inzibati, linqvistik, mədəni və s. cəhətlər baxımından ayrı düşmüş etnik toplumlarda etnoqrafik özünəməxsusluqlar milli özünüqoruma və özünüyaşatma mexanizmlərinə çevrilir. Bu cəhətdən, Qərbi Azərbaycan aşıqlarının yaradıcılığının bütün funksional-milli mahiyyəti məhz bu amilə – Azərbaycan-türk kimliyinin yaşadılmasına müncər olunmuşdur.
Qərbi Azərbaycan aşıq yaradıcılığı sənət göstəriciləri, mədəni-coğrafi ölçüləri, fəlsəfi-poetik dəyərlər sistemi, sənət və yaradıcılıq xüsusiyyətləri, funksional mahiyyəti ilə ümumtürk şifahi sənət və yaradıcılıq sisteminin üzvi tərkib hissəsidir. XX əsr sovet inzibati-siyasi ərazi bölgüləri onu Şimali və Cənubi Azərbaycan aşıq yaradıcılığından təcrid etməyə çalışsa da, Qərbi Azərbaycan aşıq sənəti və yaradıcılığı nə özünün tarixi köklərindən, nə də ümumtürk mədəni ənənələr sistemindən heç vaxt ayrı düşmədi. Bunun əsas səbəblərindən biri Qərbi Azərbaycanda XIX əsrdə parlamış Aşıq Ələsgər adlı sənət günəşi idi.O, Azərbaycan ozan-aşıq sənəti tarixinin bütün bədii-estetik, mədəni-milli yaradıcılıq və ifaçılıq ənənələrini öz varlığında təcəssüm etdirərək Qərbi Azərbaycan folklor arealını bütün Azərbaycan aşıq sənəti və yaradıcılığının ən mühüm ocağına çevirdi. Aşıq Ələsgər özünün ilahi-ecazkar istedadı sayəsində sənət möcüzəsi yaratmaqla öz yaradıcılığını, əslində, çox nəhəng fiziki və mədəni coğrafiyanı əhatə edən Azərbaycan aşıq sənəti və yaradıcılığının bütün qollarını vahid məcrada birləşdirən konsentrasiya mərkəzinə çevirməyi bacardı.
Aşıq Ələsgər sənətinin möcüzəsi həm də onda idi ki, onun cismində və ruhunda təkcə özünün sazı və sözü deyil, eyni zamanda sənətin bütün tarixi yaddaşı dilə gəlirdi. Ələsgərin sazında və sözündə Şah İsmayıl Xətainin ideoloji-mənəvi silahdaşı Miskin Abdalın, Göyçəli Ağ Aşığın, Aşıq Alının poetik ruhu səslənirdi. Bu, türkün milli-mənəvi və dini-irfani dəyərlərlə süslənmiş, dünyanı və insanı onu yaradan Allaha, Allahı isə yaratdıqlarına xatir sevən Azərbaycan türkünün milli ruhunun səsi idi. Aşıq Ələsgər "dünya binə olandan""Ələst" məclisindən yol alıb gələn türkün mənəvi varlığını tərənnüm edərək onu özünə və bütün dünyaya sevdirməyi bacarmışdır:
Ələstidən "Bəli!" deyən Sübhana baş endirir,
Məhəmmədə nazil olan "Quran"a baş endirir.
Özü birdir, adı min bir, vəhdətu əl-laşərik,
Əhli-mömin görə bilməz, Pünhana baş endirir.
Aşıq Əlsəgərin sənətkar taleyinin naxışı onda idi ki, o, Qərbi Azərbaycanın aşıq mühitlərinin nüvəsi, ocağı olan Göyçə "sənət məbədində" pərvəriş tapmışdı. Ona qədər bu mühitdə XVI əsrdən üzü bəri Miskin Abdal, Aşıq Əliqulu, Ağ Aşıq, Aşıq Alı kimi nəhəng sənət korifeyləri olmuş, aşıq sənəti və yaradıcılığı ənənələrini daim sənət inciləri ilə zənginləşdirmişlər.
Qərbi Azərbaycan aşıq sənəti və yaradıcılığı Göyçə, Dərələyəz, Qaraqoyunlu, Dərəçiçək-Loru-Pənbək, Ağbaba kimi mühit və mədəni-inzibati arealları əhatə edir. Göyçə aşıq mühiti sənət və sənətkarlıq miqyası, yaradıcılıq dinamikası və poetik ehtiyatlar sisteminin tutumu baxımından mərkəz rolunu oynamış, Qərbi Azərbaycanın və ümumən bütöv Azərbaycanın aşıq mühitləri arasında körpü funksiyasını həyata keçirmişdir. Bu mühitin yaranmasında böyük rol oynamış Miskin Abdalın yaradıcılığında tərənnüm olunan milli-irfani ideyalar əsrlər boyunca aşıq yaradıcılığının bədii-estetik ənənələrini qidalandırmışdır:
Məğribdən Məşriqə səf çəkib durub,
Qüdrətdən çəkibdi baş-başa dağlar.
Qoynunda mehmandı Şahi-mərdanım,
Yanaşı qarıyın siz, qoşa dağlar.
Şeirdə işlənmiş "qoşa dağlar" ifadəsi XVI əsrdə Azərbaycan milli yaddaş sisteminin ən mühüm bədii-estetik, ideoloji-poetik konseptini ifadə edir. Şeirdəki iki dağın – irfani "Şahi Mərdan" dağı (Həzrət Əli ə.) və Oğuz türkünün əcdad kimi sığındığı "qarşı yatan Qara dağın" əbədi yaşaması haqqındakı arzu-dilək sazı və sözü ilə dövlət quran ərənlərdən olmuş Miskin Abdalın öz xalqına və sənət sələflərinə etdiyi vəsiyyəti idi. Azərbaycan aşıq şeirinin bütün tarixinə nəzər saldıqda bu "qoşa dağlar" hər tərəfdən ən uca məqamlar kimi boy verir. Nə Azərbaycan xalq poetik yaddaşı, nə də Qərbi Azərbaycan aşıqları heç vaxt bu "qoşa dağlar"dan ayrı düşməmiş, hər zaman onu milli yaddaşlarında gəzdirmiş və saz-sözləri ilə günümüzədək yaşatmışlar. Azərbaycan xalqı məhz həmin qoşa dağların eşqindən irfanlandığı üçün özünü bir xalq, millət, dövlət olaraq günümüzə qədər yaşada bilmişdir. Təsadüfi deyildir ki, "torpaqdan yaranmışlıq" fəlsəfəsi "dünya binə olandan" fitrətində yaşayan, torpağı öz əcdadı sayan oğuz türkləri hər səhər günəş boylananda "qarşı yatan Qara dağ"a salam verdikləri kimi, Oğuz Xatunu Mahirə Nağı qızı da Qarabağda dağlara sığınan "mehmedciyə" salam verir:
Nağıqızı, az de, deyin,
Qardaş verər dərdə çiyin.
Kəlbəcərdə mehmedciyin
Salamına salam olsun.
Şah babamızın Miskin Abdalın dilindən bizlərə ünvanlanan "qoşa dağlar" vəsiyyəti, sadəcə, bir poetik bənzətmə olmayıb, türklüyün özünüqoruma, özünütəşkil və özünüyaşatma formuludur. Və çox maraqlı və çox əlamətdardır ki, türkün milli kimlik fəlsəfəsinin formulları Azərbaycan milli yaddaş sistemində həmişə poetik sözlə deyilib və qılıncla gerçəkləşib. Bu cəhətdən, Mahirə Nağıqızının "Qardaş verər dərdə çiyin" poetik kəlamı Miskin Abdalın "Yanaşı qarıyın siz, qoşa dağlar" kəlamının bütün yükünü özündə daşımaqla Şah babamızın dövlətçilik fəlsəfəsinin özəyini, mayasını, cövhərini təcəssüm etdirir. Məhz "qoşa dağlar" Qarabağda "çiyin çiyinə verərək", Azərbaycan kimliyinin qüdrəti və zəfərini əbədi olaraq təmin etdi. Bu, ilk baxışdan, bəlkə də, gözə dəyməsə də, milli zəfərimiz həm də aşıqların yaddaşında yaşayan milli kimlik ruhunun təcəssümü və təntənəsidir.
İri sənət və yaradıcılıq coğrafiyasına malik olan Göyçəni Aşıq Ələsgər dövründən günümüzədək Şair Məmmədhüseyn, Məhərrəm Alçalı, Aşıq Əziz, Aşıq Aydın, Musa Ağkilsəli, Aşıq Şirin, Çoban Məhəmməd, Nəcəf Daşkəndli, Usta Abdulla, Qurban Göyçəli, Aşıq Talıb, Aşıq Mehdi, Zodlu Aşıq Ağayar, Aşıq Savad, Mahmud Ardanışlı və s. kimi çoxsaylı aşıqlar və el şairləri təmsil edir.
Dərələyəz Qərbi Azərbaycanın nəhəng aşıq bölgələrindən biridir. Özünəməxsus sənət və ifaçılıq ənənələri ilə seçilən Dərələyəz mühiti XIX əsrin görkəmli sənətkarı Aşıq Cəlildən başlamaqla Aşıq Qəhrəman, Aşıq Nəbi Əhmədoğlu, Aşıq Xanlar, Aşıq Məhəmməd, Axtalı Aşıq Qafar, Qulu Bayramoğlu, Bəhmən Sallılı, Aşıq Fətulla, Aşıq Behbud, Aşıq Əli Fərmanoğlu, Aşıq Şükür, Aşıq Talıb, Aşıq Abdulla və başqaları kimi sənətkarlarla təmsil olunur.
Qərbi Azərbaycan aşıq sənəti və ifaçılıq ənənəsində görkəmli rol oynamış Sallı Aşıq Cəlilin şeirlərində ümumən Azərbaycan aşıq poeziyası üçün səciyyəvi olan ənənələr öz əksini tapdığı kimi, onun özünə məxsus olan poetik nəfəsi, bədii-estetik dünyaduyumu da təcəssüm olunmuşdur. Aşıq Cəlilin şeirlərində tərənnüm olunan Gözəl obrazı ilahi dəyərlərlə süsləndiyi kimi, dövrün milli-siyasi ədalətsizlikləri də öz əksini tapmışdır. Məsələn, sənətkarın "Hardasan" qoşmasında rus antitürk və antimüsəlman siyasətini amansızcasına həyata keçirən ermənilərə qarşı kəskin etiraz ifadə olunur:
Yapon bu yerlərdə meyvə sulayır,
Nijdə belimizdə ocaq qalayır,
Yurdumda-yuvamda bayquş ulayır,
Sönür od-ocağım, közüm, hardasan?
Sənətkarın bu şeiri milli yaddaşın poetik-fəlsəfi sistemi baxımından qatbaqat quruluşa malikdir. Şeirin üst qatında haray, fəryad, çağırış var. Aşıq Cəlil ermənilərin xalqımıza qarşı törətdiyi amansız və qanlı faciələri göz yaşları içərisində misralara çevirməklə milli yaddaş tarixi yaradır:
Kafir süngüsünə keçir qız-oğlan,
Arpa qayasından qan süzülür, qan!
Qalmadı mahalda ər, sənə qurban,
Şahid olur oğlum-qızım, hardasan?
Civə, Sallı, Ərgəz oda qalandı,
Leyliqaçan, Bülbülölən talandı,
Arpa qan ağladı, sular talandı,
Açılmaz baharım, yazım, hardasan?
Aşıq Cəlil yurdun talanmasını təsvir etməklə, əslində, oğuz türkünün yaddaşını oyatmağa çalışır. Bu cəhətdən, şeirin misralarında yağı düşmən, kafir tərəfindən talanmış yurdunun qarşında durub qız-gəlinin fəryadını gözləri qarşısında canlandıran, öz qəzəbini, nifrətini, qisas duyğularını haraylayan Salur Qazan da boy verir:
Kəsdilər yağılar bərəni-bəndi,
Odlara qalandı Əmağu kəndi.
Bütün Dərələyəz ağlayır indi,
Bu dərdə mən necə dözüm, hardasan?
Və son dərəcə əlamətdardır ki, sənətkar şeirin son bəndində "qoşa dağlar"ı – Xan Abbası, telli sazı səsləyir:
Cəlil deyər, gözlərimiz qan ağlar,
Viran oldu abidələr, saraylar,
Sinəm üstə gecə-gündüz haraylar,
Xan Abbasım, telli sazım, hardasan?
Şeirin son misrasındakı "Xan Abbas" özünün real kimliyindən asılı olmayaraq, adının "Həzrət Abbas" semantikası ilə "Şahi-Mərdan" dağını, telli saz isə "qarşı yatan Qara dağı" təcəssüm etdirir. Telli saz ulu əcdadla sənətkar, övliya ilə bəndə arasında mediativ vasitə, ilahi-kommunikativ ünsiyyət mexanizmi kimi çıxış etməklə milli yaddaşı oyadır. Aşıq Cəlil öz himayəçi əcdadlarını, mədətkar ruhları davulu ilə çağıran qam-şamanlar, qopuzu ilə səsləyən ozanlar kimi "Xan Abbas"ı telli sazı ilə səsləyir.
Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsi Əsəd Rzayev, Məhəmməd Rzayev, Cahad Qaraqoyunlu, Səlim Abdullayev, Kərəm Bəkiroğlu, İxtiyar Qocayev və bu kimi sənətkarlarla təmsil olunur.
Əlamətdardır ki, Qərbi Azərbaycan aşıq yaddaşı ozanların adlarını da qoruyaraq günümüzə qədər yaşatmışdır. Bu cəhətdən, XV əsrdə Dərəçiçək mahalının Ozanlar kəndində yaşayıb-yaratmış Ozan Heydərin, yenə də həmin kənddən olan Ozan İbrahimin (XVI əsrin sonu – XVII əsrin əvvəlləri) yaradıcılığından bəzi incilər hələ də Qərbi Azərbaycan folklor yaddaşında yaşamaqda davam edir:
Ozan İbrahim:
Sübh ikən Sübhana düşdüm,
Baş qoydum ocaq üstündə.
Dəryayi-ümmana düşdüm,
Şam gördüm çıraq üstündə...
Ozan İbrahim:
Bar İlahim, bu nə işdi,
Haqq işim divana yetməz?
Öz-özünü adil bilən
Günahsız qurbana yetməz...
Sufi-irfani dəyərlərlə süslənmiş bu poeziya nümunələri Qərbi Azərbaycan aşıq yaradıcılığının bütün hallarda ilahi dəyərlərə bağlı olduğunu, bədii-fəlsəfi sisteminin mayasında ilahi dəyərlərin durduğunu, bölgə insanı və onu təmsil edən sənətkarın dəyərlər dünyasının ilahi mizanlara söykəndiyini təsdiq edir.
Qərbi Azərbaycan aşıq yaradıcılığında Ağbaba bölgəsi sənətkarlarının da böyük rolu vardır. Bölgə Azərbaycan aşıq sənəti və yaradıcılığına Xəstə Hasan, Qarani, Çıldırlı Şenlik, Çorlu Məhəmməd və s. kimi sənətkarlar bəxş etmişdir. XVIII-XIX əsr sənətkarı Xəstə Hasan aşıq yaradıcılığının klassik poeziya ənənələrini, əsrlərin sınağından çıxmış bədii-estetik mizanlarını yaşatmaqla yanaşı, özünəməxsus poetik kimlik çalarlarını da şeirlərində təcəssüm etdirməyi bacaran sənətkar olmuşdur. O, bir el ağsaqqalı, el adabının qoruyucusu kimi, milli-mənəvi dəyərlərin də keşiyində durmuş, onların aşınmasına dünyanın ilahi nizamının pozulması kimi baxmışdır:
Geyinib-kecinib toya gedənlər,
Amandı, amanat qız oynamasın.
Cavandı, oynamaq ona xoş gələr,
Yüngüllük eyləyib tez oynamasın...
Bölgənin daha bir sənətkarı Çıldırlı Aşıq Şenliyin (1853-1912) şan-şöhrəti təkcə bölgə ilə məhdudlaşıb qalmamış, o, özünün yüksək estetizmə malik şeirləri və yaratdığı dastanlarla digər aşıq mühitlərində də tanınan və sevilən ustad aşıq olmuşdur. Səciyyəvidir ki, Aşıq Şenlik də başqa ustad sənətkarlar kimi, saz-söz vergisini ilahi aləmdən almış, bütün yaradıcılığı boyunca ilahi dəyərlərdən ayrı düşməmiş, dünyanı və insanı, Allahın yaratdığı bütün gözəllikləri dini-irfani ülgülər baxımından bədiiləşdirmiş və tərənnüm etmişdir:
Düşmüşəm qəm dəryasına, ümmanda üzən mənəm,
Röyada çərxi-aləmi dövr edib gəzən mənəm.
Dərsim aldım Pünhandan, əyana çıxmaz sirrim,
Əhli-mərifət, xoş nəsihət, cəvahir lisan mənəm...
Eşqin qəm dəryasına düşən, ilahi eşq ümmanında üzən, buta yuxusunda varlıq aləmini seyri-süluk edən Aşıq Şenlik dərsini Panhandan aldığı üçün sirrini hamıya bəyan edə bilmir. Şenliyin təsvir etdiyi bu hal "aşiqlikdən aşıqlığa" gedən yolun sxemi, düsturu, irfani-psixoloji mexanizmidir. İnsanda təcəlla edən Allaha "aşiq" olmadan "aşıq" olmaq mümkün deyildir. Aşıqlıq ilahi butadan başlanır. Bu cəhətdən, Qərbi Azərbaycanın ilahi vergili aşıqlarının yaradıcılığı başdan-başa ilahi dəyərlərlə süsləndiyi üçün əsrarəngiz gözəlliyə və intəhasız cazibəyə malikdir. Aşiqlərə dərs verən Pünhan ilahi aləmi təmsil edən varlıq – övliyadır. İlahi eşqə düşüb "çərxi-aləmi" seyri-süluk edən "Aşiq" elə ilahi sirlərə şahid olur ki, onları bəyan edib aşkara deyə bilməz. Bu – aşiqlik məqamıdır: Aşiq öz Məşuqunun camalında gördüyü ilahi sirri bir kimsəyə bəyan edə bilməz. Çünki eşqin sirri buta olaraq yalnız onun özünə verilmişdir. Bu məqamdan "aşiq"in "aşıq"lığı başlanır: Pünhandan dərs alan, sirrini bəyan edə bilməyən "aşiq" mərifət əhli, xoş nəsihət verən, danışdığı ləl-cəvahir olan "aşığ"a çevrilir. Ona görə də təkcə Qərbi Azərbaycan aşıq yaradıcılığında deyil, ümumən, Azərbaycan aşıq yaradıcılığında "dədə aşıqlar" ilahi aləmin qasidləridir. Onlar nə deyirlərsə, nə oxuyurlarsa, Pünhanın təlqini ilə oxuyurlar. Ona görə də sazları və sözləri sirli-sehrlidir; insanları ovsunlayır, onları ilahi mizanlardan yayınmağa qoymurlar. Bu – aşıqların insan, cəmiyyət, xalq, millət və ümumən, bəşəriyyət qarşısında ilahi-tarixi missiyalarıdır. Erməni faşistləri Qərbi Azərbaycan aşıqlarını yer-yurdlarından qoparıb didərgin salsalar da, onlar öz tarixi-mədəni missiyalarından ayrı düşməyib, vətən, yurd, el-oba, dövlət və dövlətçilik, insan sevgisini tərənnüm etməyə davam etdilər. Elə bu sevgi də bizləri yağı düşmən üstünə aparıb tarixi zəfərimizə qovuşdurdu.
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
Misilsiz potret ustası, tematik tabloların təkrarsız müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daha bir Xalq rəssamımızı xatırlayacağıq.
Azərbaycan SSR xalq rəssamı Tağı Tağıyevi.
Bu gün onun anım günüdür.
Tağı Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə Moskva Rəssamlıq İnstitutunda oxuyub. O, əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir.
Tağıyev portret ustası kimi daha məşhurdur. Yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri, əmək adamlarının obrazı və əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. "Koroğlu dəsgahı", "Poladəridən", "Qaynaqçı", "Göy-göl", "Qarlı yollar" kimi əsərlərini qeyd etmək olar.
Rəssamın ən yaxşı əsərləri "Uşaqlıq xatirələri", "Abşeron silsiləsi", "El gözəli", "Qarayanız qız" və bir çox digər rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. şəhərlərdə, "Qara Qarayev" və "Səttar Bəhlulzadə" tabloları dünyanın bütün böyük sərgi salonlarında uğurla nümayiş olunub.
O, 1954-cü ildə Avropa, Afrika ölkələrinə səyahətə getmiş, dinindən, dilindən asılı olmayaraq insanları, onların ideyalarını, arzularını bədii boyalarla təsvir etmişdi. Həmin səfərdən sonra yaratdığı "Afrikalı qız" və "Salam, yeni dünya" əsərlərinə bu gün də maraqla baxılır. Bu əsərlərdə zülmə, tabeçiliyə, əsarətə dözməyənlərin duyğuları ustalıqla təsvir olunub
Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə saxlanılır.
Mükafatları
- "Şərəf nişanı" ordeni
- "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR Xalq rəssamı" fəxri adı
Tağı Tağıyev 27 iyun 1993-cü ildə Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
“Kitabi-Dədə Qorqud”da milli birliyin tərənnümü
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və Incəsənət” portalının Oğuz təmsilçisi
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə türk dünyasınının ğn böyük mədəni miraslarından olan “Kitabi-Dədə Qorqud” barədə danışacağıq.
"Oğuznamə”lərdən birində İrqıl Xoca Oğuzun böyük oğlu Gün xana belə deyir: “Oğuz böyük padşah olmuş və dünyanın idarəçiliyini öz hakimiyyəti altına almış, böyük sərvət və saysız-hesabsız mal-qara toplamışdı. İndi bütün bunlar sizə məxsusdur. Siz altı qardaşsınız və Allahın iradəsilə hər birinizin dörd oğlu, cəmi isə iyirmi dörd nəsliniz vardır. Onların aralarında gələcəkdə münaqişələr baş verməsini Allah rəva görməsin... Bunu dövlətin sabitliyi və sizin qəbilələrinizin təmiz adı üçün etmək zəruridir”.
Dünyanın işlərini ağılla saf-çürük etməyi bacaran, döyüşkən ruha malik olan türkü siyasət və döyüş meydanında məhv etmək müşkül məsələ idi. Bunu bacarmayan düşmənlər öz məkrli siyasətlərini həyata keçirmək üçün, birinci növbədə, türk xalqlarının bütövlüyünü pozmağa, onları üz-üzrə qoymağa və ölkələrində sabitliyi pozmağa çalışıblar. Yaxşı bilirdilər ki, türk xalqlarının birliyini sarsıtmadan, ölkələrində qarşıdurma yaratmadan onları məğlub etmək mümkün deyil. Bu səbəbdən də türklərin ədəbi abidələrində milli birlik həmişə və hər şeydən üstün tutulmuşdur.
Dediklərimizi Azərbaycan türklərinin yazılı yaddaşı olan “Kitabi-Dədə Qorqud” dastanında da aydın müşahidə etmək mümkündür. Dastanda milli birliyin qorunması və möhkəmləndirilməsinə möhtəşəm çağırış ruhu hakimdir və bu, təkidlə tələb olunur.Qarşıdurmalar pislənilir, vətənin bütövlüyü, xalqnı həmrəyliyi və milli birlik ideyaları qırmızı xətlə keçir.
Dastanın ümumi məzmunundan aydın olur ki, oğuzların milli birliyi həm xarici, həm də daxili düşmənlər tərəfindən tez-tez təhlükələrə məruz qalır. Xarici qüvvələri ermənivə gürcü feodalları, slavyanlar və Bizans təmsil edir. Düşmənlərmüxtəlif türk qəbilələri arasında nifaq salır, onları öz əlləri ilə məhv etməyə çalışırlar. İstəklərinə çatmaq üçün qıpçaq türklərini (Şöklü Məlik və Qıpçaq Məlik bugünkü anlamda erməniləri təmsil edirlər)oğuz türklərinin üzərinə qaldırırlar. Ona görə də tanınmış türkoloq Nizami Cəfərov qeyd edir ki, dastanda cərəyan edən tarixi hadisələr “oğuz-qıpçaq qarşıdurması” fonunda baş veirir.
Bununla kifayətlənməyən xarici düşmənlər türk ölkəsində ixtişaş törətmək, sabitliyi pozmaq üçün hətta eyni qəbilədən olan türkləri də bir-biri ilə vuruşdurmağa, üz-üzə qoymağa çalışırlar. Məsələn, “Uşun Qoca oğlu Səyrək boyu”nda iki qardaşı – Səyrəklə Əyrəyi, “Salur Qazan tutsaq olub oğlu Uruz çıxardığı boy”da Qazan xanla Uruzu toqquşdurmağa səy göstərirlər. “Salur Qazanın evinin yağmalanması boyu”nda isə Qaraca Çobanı öz tərəflərinə çəkmək, Qazana qarşı qoymaq üçün ona bəylik təklif edirlər.
Amma oğuz türkləri heç vaxt düşmənlərin fitnə-fəsadına uymur, onların niyyətlərinin baş tutmasına imkan vermir, milli birliyi və vətənin bütövlüyünü qorumağı bacarırlar. El birliyi daxilində üsyan olanda, və ya da xarici düşmənlər el birliyini təhdid edəndə, təcavüzə başlayanda, bütün sancaq bəyləri bir nəfər kimi ölkə başçısı Bayandır xanın ətrafında sıx birləşirlər.Döyüş başlayır, qələbə qazanılır. Oğuzlar sübut edirlər ki, xalqın birliyi və vətənin bütövlüyü sarsılmazdır – İç və Daş Oğuz, adlı-sanlı igidlərin başçılıq etdikləri sancaqlarla Oğuz eli bir bütövdür. Onlar üçün Göyçə də, Ağcaqala da, Bərdə də, Gəncə də, Dərbənd də, Əlincə qalası da əziz və doğmadır.
Dastanın ümumi məzmunundan belə bəlli olur ki, ölkədə qarışıqlıq yaradan daxili düşmənlər daha qorxuludurlar. Necə deyərlər, xain içəridən olanda qapı kilid tutmaz. Eposda Dirsə xanın “igidləri”, bəzi saray adamları, Təpəgöz və Aruz Qoca daxili düşmənlərin ümumiləşdirilmiş obrazlarıdır. Şəxsi mənafeləri üçün Dirsə xanla oğlu Buğacı üz-üzə qoyanların, xalqı fiziki cəhətdən məhv edən, onu yeddi dəfə köç etməyə məcbur qoyan, alplar başı Qazanı, onun qardaşı Qaragünəni, Büğdüz Əməni zəbun edən, Aruza qan qusduran və Qıyan Səlcuqu həlak edənTəpəgözün, Qazana asi olub İç Oğuzla Daş Oğuzu bir-birinə düşmən etməyə çalışan Aruz qocanın xəyanəti və sui-qəsdi, ölkədə sabitliyi pozmaları məmləkətin dağılmasına, xalqın parçalanmasına və beləliklə, mülli müstəqilliyin məhv olmasına yönəlmişdir. Daxili çəkişmələr, iğtişaş və qiyamlar ölkəni qeyri-sabit içtimai-siyası duruma, anarxiya girdabına sürükləyir, vətəndaş qarşıdurmasına – vətəndaş müharibəsinə səbəb olur, siyasi və iqtisadi durumu çətinləşdirir, torpaqların xarici düşmənlər tərəfindən işğal olunmasına rəvac verir. Sadə vətəndaşların, görkəmli dovlət xadimi və sərkərdələrin fiziki məhvi ilə nəticələnir. Məsələn, dastanda daxili düşmənlərin hərəkətləri Bamsı Beyrək, Qıyan Səlcuq, Alp Rüstəm, Uşun Qoca oğlu, Dəmir donlu Mamaq kimi dövlət xadimi və sərkərdələrin faciəli ölümünə gətirib çıxarır.
Oğuzlar ölümü və zindanlarda can çürütməyi el birliyinə, vətənə və xalqa xəyanət etməkdən üstün tuturlar. Qaraca Çoban ona bəylik təkilf edən düşmənə deyir: “Boş-boş danışma, itim kafir! İtimlə bir yalaqdan yal içən, azğın kafir”. Yaxud qiyam törədən Aruzdan Qazana asi olmaq “təklifi” alan Beyrək xəyanətkara deyir: “Mən Qazana asi olmazam. Mən Qazandan dönməzəm, bəllü bigil. Qazandan dönməzəm, gərəksə, yüz para eylə”.
Dastan Vətənin bütövlüyü və milli birlik üçün təhlükə yaradan halların qarşısını almağın konkret yollarını da göstərir. Bu yol ölkənin müdafiə qabiliyyətini yüksək saxlamaq, sosial ədalətin təntənəsi, qanunçuluğa əməl etmək, vətəndaş həmrəyliyi, insanların hüquq və azadlıqlarının qorunması,xalqın mənafeyini hər şeydən üstün tutan rəhbərlərin ətrafında sıx birləşməkdir.
Dastanda xalqı üz-üzə qoymaq,qiyam və iştişaş törətmək və buna cəhdetmək ən ağır cinayət sayılır. Ən böyük fəlakət, dövlətin sabitliyinə, milli birliyə ən ağır qəsd hesab olunur.
Bu cinayəti törədənlər mənsəbindən və mövqeyindən asılı olmayaraq, ən ağır şəkildə cəzalandırılır. Xainə və xəyanətkara aman yoxdur. Beyrək son nəfəsində belə xəyanətkarın (Aruzun) cəzalandırılmasını tələb edir. Xalqın birliyinə qəsd edən Aruz Qazanın doğma dayısı olsa da, etdiyi cinayətə görə başı kəsilir. Basat xalqa düşmən kəsildiyinəgörə süd qardaşı Təpəgözü məhv edir. Buğac atası Dirsə xana xəyanət edib, onu “kafir ellərinə” əsir aparmaq istəyən qırx namərdlə açıq döyüşdə onların bir qisminin boynunu vurur, bir qismini isə həbs edir. Beləliklə, vətəndaş qarşıdurması aradan qaldırılır, ölkədə sabitlik yaradılır, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin olunur.
Keçmişimizi öz səhifələrində yaşadan və bunu gələcək nəsillərə çatdıran, xalqımızın 1300 illik dünyagörüşünü, mədəniyyət və mənəviyyatını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” bizə milli birliyimizin və həmrəyliyimizin necə böyük dəyər olduğunu göstərir. Bu birliyin və həmrəyliyin pozulmasının hansı faciələrə səbəb olduğunu anladır. Beləliklə, gələcək nəsillərə milli birliyi qorumaq və daxili çəkişmələrdən çəkinmək barədə vacib mesajlar ötürür. Ötürülən mesajları düzgün oxumaq, anlamaq və nəzərə almaq isə hamımızın borcudur. Əslində “Cılız və xırda hisslərdən, şəxsi mənafedən doğan daxili çəkişmələrin Oğuz icmasının dağılmasına gətirib çıxarması və bunun sonuncu boyda dərin məyusluqla, ağrı və sarsıntı ilə təsviri tarixin bizə xatırlatdığı acı ibrət dərsidir”.
“Kitabi-Dədə Qorqud” dastanı bizim heç vaxt dəyərini itirməyən dərsliyimizdir. Bu dərslik (dastan) “elə bir enerji mənbəyidir ki”, istəsək də, özümüzü ondan ayrı təsəvvür edə bilmərik. Onu oxumağa məcburuq. Çünki “Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir...Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq öyrənməli və bilməlidir”. (Heydər Əliyev)
"Kitabi-Dədə Qorqud"a qayıdış azərbaycançılığa ən böyük töhfədir, gücümüzə güc qatır. Azərbaycançılıq isə etnik mənsubiyyət olmayıb, ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumi mənafe ətrafında birləşdirməkdir. Onların mənəvi-əxlaqi və psixoloji birliyinin, birgəyaşam üsulunun ən gözəl formuludur.
Geniş missiya daşıyan dastan bizi başa salır ki, milli birlikistəniləntəxribatınqarşısınıalmaqiqtidarındadır. Milli müstəqilliyə qovuşmağımızda, 20 Yanvar hadisələrində və 1990-cı illərdə baş vermiş iğtişaşların aradan qaldırılmasında, müstəqilliyimizin möhkəmlənməsində və daxili sabitliyin qorunmasındakı həmrəylik, nəhayət, İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə milli birliyimizin və yekdilliyimizin misilsiz gücünün parlaq sübutudur. Birliyimizin təntənəsidir.
Bu gün birliyimizin qorunması və möhkəmləndirilməsi isə həmişəkindən daha çox vacibdir. Tarixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizliklər və ikili standartlar, türk ölkələrinin birliyinin yaranmasına və möhkəmlənməsinə olan siyasi qısqanclıqlar, revanş xəyalı ilə yaşayan erməni tör-töküntülərinin hələ də qalması, ölkəmizin indiyəcən məruz qaldığı çətin sınaqlar, hələ də Respublikamızda siyasi sabitliyi pozmağa can atanların olmasımilli birliyimizin və həmrəyliliyimizin, etnik-siyasi mütəşəkkilliyimizin möhkəmləndirilməsini həyati zərurətə çevirir. Zaman böyük qayıdış və quruculuq işlərinin uğurla başa çatdırılması, ölkəmizin gələcək inkişafı, “müstəqilliyimizin daimi və əbədi olması” üçün bizə birlik ideyası ilə yanaşı, vahid xalq olaraq güclü lider ətrafında sıx birləşməyi diktə edir.
Bu yolda Ana kitabımız “Kitabi-Dədə Qorqud” isə həmişəki kimi güclü stimul verməklə öz böyük missiyasını yerinə yetirməyə davam edir.Biz “Kitabı-Dədə Qorqud”un “xatırlatdığı acı ibrət” dərslərindən nəticə çıxarmalı, Mehmet Akifin “Girmədən təfriqə bir millətə düşmən girəməz” misrasını özümüzə şüar etməli, etnik mənsubiyyətimizdən, dünya görüşümüzdən, fərqli mədəniyyət, inam və etiqadlarımızdan asılı olmayaraq vahid Vətənimizin və dövlətimizin mənafeyi naminə birliyimizi daha da möhkəmlətməli, dövlətimizə bərk-bərk sarılmalı və güvənməliyik.
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)
İndi o cür gülüş yaradan aktyor nə gəzir? – SƏYAVUŞ ASLANI ANIRIQ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O həm danışığı, həm jestləri, həm mimikası ilə gülüş yaratmağı bacarırdı. Nəsibə Zeynalova və Hacıbaba Bağırovla birlikdə magik gülüş üçlüyü yaratmışdılar. Həqiqətən də indi onlar kimi təbii gülüş yaradan aktyor nə gəzir?
Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri, Azərbaycan komediyasının ən unudulmaz imzalarından olan Xalq artisti Səyavuş Aslanın bu gün anım günüdür. Səhnə həyatı uğurlu, şəxsi həyatı uğursuz olmuş böyük aktyoru fəxarət hissiylə anırıq. Həm də üzümüzdə təbəssüm. Axı onun adı çəkiləndə dərhal çöhrəmizə gülüş qonur...
Səyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. İndi Saray kəndi Abşerona baxır, mən bilmirəm, orda Səyavuş Aslanla bağlı nəsə bir xatirə izi varmı. Yoxdursa da, bu çox pisdir.
Akytor 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.
Filmoqrafiya
1. 100
2. Sabiqlərin yeni sərgüzəştləri
3. Sevdagül və Şarlotta
4. Sehrli çıraq
5. Ulduz
6. Ünvansız eşq
7. Üzr istəyirəm
8. Yaşıl eynəkli adam
9. Yaşıl eynəkli adam-2
10. Yaxşı qurtardıq
11. Yay gününün xəzan yarpaqları
12. Yeganə çıxış yolu
13. Yol əhvalatı
14. Yuxu
15. Həmyerlilər
16. Bizim qəribə taleyimiz
17. Metranpaj
18. Dəvətnamə
19. Evlənmək istəyirəm
20. Bəyin oğurlanması
21. Belə lazımdır
Mükafatları
- "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR Xalq artisti" fəxri adı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
- "Şərəf" ordeni
- "Şöhrət" ordeni.
2004-cü ildə Səyavuş Aslanın 70 illiyinə Əsgər Əsgərov tərəfindən 70-dən 1-ə… 1-dən 70-ə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.
Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)