
Super User
Üfüqlər xəyaldı, sahillər gerçək... - Əkbər QOŞALI
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əkbər Qoşalının şeirləri təqdim edilir.
Şabranda və Nabranda yazılanlar...
*
"Hamı hamı ilə savaşır" sanki,
"Hər şey axır, heç nə yerində qalmır";
Yenə də "Karfagen məhv edilməli!"
Yenə də masada "nifaq alması"...
"Çörək və tamaşa" - Batıda söz var;
Biz Gündoğarlıyıq - istiqanlıyıq.
Gün varkən, "Yarasa olmaq, nə ola?"
"Dolabda müqəvva" saxlamamışıq...
Gün batar, ulu Göy yetimmi qalar?
Bu səfər Dolunay ya da Aypara...
Dövlətlər yaradan, dövlətlər yıxan
Əcdaddır onları tuğuna taxan...
Yadlarda işğal var, bizdə fəthlər,
Biz idik onaran şəhəri-kəndi...
Çıxan qan damarda durmaz deyiblər,
Çay coşsa basmazmı bərəni-bəndi?..
"Söz - adam ağzından, köz - qazan altdan",
"Sözümüz - imzamız qədər keçərli!"
Yanıla-yanıla öyrənən dünya,
Yenə də yanılır, yenə, nədəndi?..
Adam öz içindən sıxılır, şair,
Bal olsun, arısı Bağdaddan gəlsin...
Ağac öz səmtinə yıxılır, şair,
Bir arxdan min dəli atlı su içsin...
Şabran, 09.11.2024
*
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Könül qapısı var, pir qapısı var,
Yenə bəslənəsi ümid var, şair.
Bəlkə təkrar olur ömürlər bir-bir?
Biz ki "uzun, incə bir yolda" idik...
Hanı çıra yanan, it hürən səmt? -
Dar gündə Xızıra umudvar idik...
Hələ getmədiyi yol var hər kəsin,
Qanmayan da varar, qanan da varar;
"Ya yol tap, ya yol aç, ya yoldan çəkil",
Yeriyə bilməyən yola yük olar...
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Açıq qapılar var, sirr qapısı var,
Hər kəsi gözləyən biri var, şair.
Yoxsa təkrar olur ömürlər bir-bir?
Biz ki "uzun, incə bir yolda" idik...
Şabran, 10.11.2024
*
İki min il keçib İsa vaxtından
Kim görüb "İlk daş"ı atan adamı?
Yoxsa, balalayıb, çoxalıb o daş,
Mina vadisində yüz illər sonra
"Şeytan daşlama"da işə yaradı?..
Şeytana atılan daşları yığaq -
Evsiz olanların evi tikilsin;
Çiçək tək açılsın çatılan qaşlar,
Hamının ocağı, piri sevinsin...
Hər kəsə əlimiz yetişməsə də,
Beşi sevinməsə, beşi sevinsin...
İlk varsa, sonuncu daş da var, yəqin,
İki daş arası ocaq qalayaq;
Ocağın üstündə qazan asaq biz,
Onu bircə gün də boş qaynatmayaq...
"İki çay arası" başlayan adət,
Yaşasın, yayılsın, heç axsatmayaq...
Fateh İstanbulu alan gün dedi:
Heç kəs acqarına gecələməsin...
İnsanlar ibadət edir-etməyir? -
Tanrı özü bilər - onun işidir.
Müsəlman, xaçpərəst ya da musəvi -
İş olsun, aş olsun - bəndə bəndədir...
Bir də, bir "Ağlaşma divarı" vardır,
Və "Çin səddi" vardır çox-çox uzaqda...
O divar və o sədd arasındakı
Torpaqlar nə zaman dinclik tapacaq?..
Ey, məscid, kilsə və sinaqoqdakı
Eyni sözü deyən,
hardasan, harda?!.
Şabran, 11.11.2024
*
Dəniz üstdən ötür dolmuş buludlar
Kim bilir hirsini hara tökəcək...
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək...
Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr...
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək...
Üfüqlər xəyaldı, sahillər gerçək...
Sahillər qocalır, sular gəncləşir,
Görərsən yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək...
Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz...
Yerin qulağı var - belə deyiblər -
Yəqin ki buranı görüb deyiblər...
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək...
Nabran, 27.07.2024
*
Nabran...
Dəniz sahili...
O başdan bu başa gəlib-gedirik
Sahildə nə olur? -
Balıqqulaqları, narın qum
bir də
Dənizin qırağa atdığı nəsə...
Nə yaşıl orman var,
nə də göy çəmən
Bəs nədir
bizləri gətirən bura?
O yaşıl ormanlar
göy çəmənliklər
çox gözəl olsa da,
bir gün gəlir də
qaçmaq istəyirsən,
uzaqlaşırsan...
Bəzən özümüzdən qaçmaq istərik
Özgədən, özündən, hər yerdən qaçan
Gəlib soluğunu sahildə alar...
Bəs dəniz olmayan ölkələr neynir?..
Dənizə, sahilə özgələr neynir?..
Ancaq biz...
Və ancaq Xəzər sahili...
Balıqqulaqları, narın qum
bir də
Xəzərin qırağa atdığı nəsə...
Təsadüf olmayır dünyada heç nə...
Balıq tanımayır öz qulağını
Deyirlər balığın yaddaşı olmur;
Amma insanlarçün
bu balıqqulaqlı,
bu narın qumlu
sahillər
sahilsiz xatirə yığnağı olar -
O ya yaşanıbdı ya yaşanacaq...
Heç nə gərək deyil
Nə yaşıl, nə göy...
Boz sahil
boyunca yeriməyimiz,
Dənizi dinlərcə kiriməyimiz
Hopacaq sabahkı xatirələrə -
Bu balıqqulaqlı, bu narın qumlu,
heç yerə getməyən üzüboz sahil
Dünyanın ən əlvan yeri olacaq...
Ən rəngli yuxular qazanacaq o
Həsrətin əlçəkməz süsü olacaq...
Neynək, bu sahildə sadədil olaq,
Balıqqulağına tutunaq duraq;
Bu dəniz, bu sahil, bu qum nə deyir?..
Torpaqla dənizin öpüşdüyü yer,
Nəsə bir hikmətə sahib olmalı...
Gəl, hədiyyə verək bir-birimizə:
Bu bir cüt qızılı balıqqulağı -
Biri sənin olsun, biri də mənim;
Bizi bu sahilə gətirər yenə
Dəniz pıçıltılı balıqqulağı...
Nabran, 25.07.2024
*
Dəniz qovur istini
Öz istim yetər deyir
Nə Günəş yox olacaq,
Nə Xəzər itər - deyir.
Sahildə nə hikmət var? -
Fikirlilər axışar
hər axşam-səhər deyir;
Özüm də darıxıram
Adamdan betər deyir...
Hər sahilə gəlişim
Özümdən qaçışımdır;
Dodağımdı dalğalar -
Qara torpaq, ağ alın,
İzn ver, öpəm deyir...
Dəniz-Torpaq sevgisi
heç zaman bitən deyil.
Tanrı verib bu hökmü,
Qiyamət günündə də,
O höküm keçər deyir...
Nabran, 26.07.2024
*
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
Mən dağ dili bilirəm
Çöl dilini bilirəm
Çəməndə gül bilirəm
Dəniz dili bilmirəm
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
İnsan bilmədiklərni
Öyrənməyə aşina
Bəlkə ona görə də
Dəniz öyrədən olub
Dağlarsa dərd ortağım
Dağlardan qopan çaylar
Dinləyib dərdimizi
Yuxumuzu dinləyib
Nə ki gizlinimiz var
Sulara danışmışıq
Dərdimiz yüngülləşib
Necə dərdlər yüklənib
Nə yuxular eşidib
Dənizə qaçıb çaylar
Bizim bütün çayların
Son ünvanı Xəzərdi
Dədəmiz-babamız da
Hey axın eləyiblər
Dağlardan dənizlərə
Yoxsa öz sirlərinin
yoxsa yuxularının
ardınca at çapıblar
Atlarının ayağı
dənizə dəyməyincə
dinməyibdi ulular
Harda dəniz vardısa
Bir türk at çapıb ora
Bir çay dərd daşıyıbdır
O dənizə əminəm
Yuxumuzun dalınca
gəlmişik dənizlərə
Qabarırsa dənizlər
Yuxunu xeyrə yozub
Sakit ləpələyirsə
qaramatı itirir
Dəniz ana kimidir
Ata Dağlar sussa da
Ana gah layla çalar
Gah əsib-coşub susar
Dənizi dinləyirəm
Dinləyib-öyrənirəm
Yuxumuzun ardınca
sənə gəlmişik, dəniz!
Nabran, 25.07.2024
*
Sahil adam kimi dalıb dənizə,
Arabir qırağa çıxır yosunlar.
Dizini qatlasa sahil bir azca,
Sular bir qıraqda göl-göl balalar...
Hər sahilə gələn sahilmi bilir?..
Hər dənizə girən dənizçi deyil;
Göz torpaqdan doymur, dənizdən bezmir -
Yəqin, Nuhdan qalma bir adət olar...
Kimsə ocaq çatıb - günü ağ olsun,
Bir də ağ çadır var - quran sağ olsun!
Gündüz əlimizdə gur çıraq olsun,
Atalar sözüdür: arayan bular...
Hər su qırağına sahil deyilmir...
Nə dəniz, nə sahil söz bitirməyir...
Odur, könül alır ya könül verir,
Könlün qıt vaxtında
bu,
nə xoş bazar...
Arabir qırağa çıxır yosunlar...
Nabran, 28.07.2024
*
Atamın sözləri düşür yadıma:
Soyuğu yamandı, yaya aldanma...
Baxıram sıxlaşan, dolan buluda,
Yoxsa, göy üzündə qurultaymı var?..
Nabran, 28.07.2024
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Qədir bilinməsə də qadirlik bilinər - ESSE
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Çoxu deyir: Yer üzündə yoxdur qədir-qiymət. Bu mənə lap uşaqlıqdan bəllidir. Ürəyimdə həyat eşqi, sənət eşqi tükənməsə də özümdən ixtiyarsız vəcdə gəlirəm, şirin-şirin göz yaşları axıdıram, uşaqlıq, cavanlıq əyləncələrimi rədd edirəm, sənətdən kənar hər şeyə xor baxıram.
İlk addımım, ilk səfərim çətin, əzablı olsa da hər məhrumiyyətin üstündən keçirəm, qəhər dolu, gərginlik dolu zəhmətimlə gecə-gündüz yaratmağın sehrinə düşürəm, ən xoş, ən ülvi arzularla döyünən ürəyim şöhrət, ad-san həvəsində olmasa belə, sənətdə sevinc gəzirəm, həyatda səadət arayıram.
Doğma hisslərimin, duyğularımın yad nəzərlə, soyuq baxışla necə külə döndüyünü seyr edirəm. Sevdiyim, inandığım, bildiyim nə var, hamısı sonu görünməyən sənətdə səs-küysüz, könüllü əsirdir.
İndiyədək bilmirəm paxıllıq nədir. Bir kimsəyə yoxdur kinim, nifrətim. Dostların, tanışların şən gününə, həmkarlarımın xoş sədasına sevinirəm qəlbən, xeyir-dua diləyirəm ürəkdən. Qibtəkaram, ədalətə, həqiqətə möhtacam.
Barışmıram naşı, şərəfsiz cızmaqaraçı nimdaş, ucuz yazılarla sənəti hörmətdən salanda. Acıyıram o adama, sənətinə, adına layiq olmayanda.
Həyat sağalmaz yaratək qəlbimi göynətsə də, dörd bir yandan sıxsa da məni əyilmərəm əsla öz düşmənimə, dözərəm, gözlərəm bəlkə qismətim nə vaxtsa güləcək üzümə, sevinc bəxş edəcək taleyimə. Lakin bu bir gerçəklikdir ki, xoşbəxt, bəxtəvər sənətkarlar azdır, çox azdır.
Hamı sevsə ülvi sənəti, cılızlıqdan uzaq olardı, daşımazdı çiynində yaşamağın ucuz, miskin qayğılarını. Nəhayət, qoca dünyada qədir-qiymət bilinərdi, cənnət nəğmələri səslənərdi. Sözüm, əlbəttə ki, nakəslərədir. Bilsinlər ki, aylar, illər dolansa da, hamar olmayan yollar yora bilməz sənət fədailərini, cəfakeşləri. Kirli günləri ilə ləkələyə bilməzlər təmiz ömürləri. Xoş əməllər, saf duyğular yuyar, təmizlər kinləri, nifrətləri. Qədir bilinməsə də qadirlik bilinər!
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
MƏZARDA YATAN SEVGİ - Fidan və Fatehin nakam sevgi hekayəsi
İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
7-ci paylaşım
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Yol boyu qəhər onun köksünü boğurdu. Birdən-birə özündən asılı olmadan yanaqlarından axan göz yaşlarını hiss etməyə başladı. Ona görə, "kişi ağlamaz" sözü orada yanlış idi. Çünki kişi də, bir insandır. Onun da, digər insanlar kimi qəlbi, hisləri və mənliyi var. Eşq və sevgi isə həyatda kişi kimi möhkəm bir varlığı qırmağa, onu dizə çökdürüb ağlatmağa qadir olan bir həqiqətdir.
O, Fidanı hələ ibtidai sinifdə oxuduğu zamandan etibarən sevməyə başlamışdı. Sonra aralarında ayrılıq yaransa da, heç bir zaman Fidanı unutmamışdı. Həyatda üzləşdiyi uğursuz həyatın çətin anlarında belə hər zaman Fidanı yada salmışdı. İndi isə 30 illik bir sevgini tərk etməli, bu sevgiyə son nöqtəni qoymaqdan başqa çıxış yolu yox idi.
Fateh Fidanı həqiqətən sevsə də Fidan tərəfindən həqiqi mənada sevilmədi. Ürəkdən sevdiyi halda sevilmədi və qarşı tərəfdən sayğısızlıq və xəyanət gördü.
Fatehin yanaqlarına axan göz yaşları dayanmırdı. Çünki acı talehinə və vəfasız sevgisinə görə qəlbən ağlayırdı. Fatehin Fidanla bağlı bütün arzu və xəyalları nakam sevgisi ilə birlikdə gözündə yaşa çevrilərək axıb gedirdi...
Fateh Fidan üçün sevginin daha çox adi bir şeyə çevrildiyi və onun daha çox özünü düşünən bir eqoist olduğunu anlamışdı. Buna görə də, uzun illər boyu Fidana qarşı olan həqiqi sevgisində nakam qaldığı üçün kədər və qəm-qüssə dəryasına batmış, səhərə qədər yuxusuz qalıb qəm-qüssə, kədər və göz yaşlarına qərq olmuşdu...
Yerindən qalxaraq mobil telefonunu əlinə aldı və ilk öncə Fidanın mobil nömrəsini yaddaşdan sildi. Çünki onun sevgisinə xəyanət etmiş birisi ilə bundan sonra münasibət saxlamağa lüzum görmürdü. Daha sonra musiqi bölməsinə daxil olub Müslim Gursəsin ifasında "Bir ovuc göz yaşı" mahnısını dinləməyə başladı. Sənətkarın ifa etdiyi mahnının sözləri sanki Fatehin həyat hekayəsini tərənnüm edir, onun ağrılı-acılı həyatını özünəməxsus həzin səs və təsirli ifa tərzi ilə söyləyirdi. O, mahnını dinlədikcə diz çöküb hönkürtü ilə ağlamağa başladı. Orta yaşlı olsa da sanki azyaşlı uşaq kimi ağlayırdı. Onu bu tərzdə dizə çökdürüb ürəkdən ağladan nakam və uğursuz sevgi idi.
Fateh ağladıqca bura qədər sevgisi və xəyallarının əbəs olduğu, uzun illər qəlbində sevib göz bəbəkləri kimi qoruyub-saxladığı xanımın xəyanətkar və duyğusuz birisi olduğunu düşünürdü. O, məhv olmuş keçmişinə və naməlum olan gələcəyinə göz yaşı tökür, öz-özünə peşmançılıq hissi keçirir və Fidanın onun həyatına acılıq, həsrət, peşmançılıq və göz yaşından başqa heç nə gətirmədiyini fikirləşirdi...
Həmin gecə Facebook internet səhifəsində Fidanı dostluqdan silib, profilində sarı rəngli çiçək fotoları paylaşdı. Bu, həm də, dolayısı yolla Fidana olan sevgisinin sona çatdığını bildirmək üçün bir acı və üzücü mesaj idi.
Fidan Fatehə dəfələrlə zəng etsə də, bir neçə dəfə mesaj yazsa da, artıq Fateh bunların heç birinə cavab vermədi. Bu nakam eşq və natamam məhəbbətin səbəbkarı o özü deyil, əslində Fidanın sayğısız, qeyri-səmimi və xəyanətkar hərəkətləri idi.
Bu hadisə Fateh üçün ömründə çox ağır bir zərbə oldu. Həmin hadisədən sonra çox üzüldü və bir ildən sonra açıq ürək əməliyyatı keçirdi. Həkim ona əsəbləşməmək və sres keçirməməyi ciddi şəkildə tapşırmışdı. Bu, onun üçün çox ciddi həyat təhlükəsi idi. Amma dərdini kiməsə danışa bilmirdi. Çünki, hər bir zaman keçmiş sevgilisi Fidanın şəxsiyyətini qorumağı özünə kişilik borcu sayırdı. Həm də onu başa düşə biləcək və dərdinə şərik ola biləcək elə münasib bir adam yox idi.
Fateh ondan sonra heç bir qızı sevməyəcəyini özünə söz verdi. Bəlkə də, belə bir iş üçün özünə söz verməsinə heç ehtiyac da, yox idi. Çünki, həmin hadisədən sonra onun qəlbi sevgi və məhəbbətə qarşı tam şəkildə qapanmışdı. O, bir zamanlar eşq və məhəbbətin varlığına inansa da, bu gün artıq belə bir şeyin mövcud olmadığını düşünməyə başlamışdı. Fateh həqiqi eşq və məhəbbətin yalnız eşq hekayələri və romanlarda olduğuna inanırdı... Lakin əslində onun sevgi ünvanı yanlış olduğundan belə bir vəziyyətə məhkum olmuş və yanlış şəkildə ilahi sirr olan sevgi və məhəbbətin puçluğunu düşünürdü...
Bu acı olaydan bir müddət keçdi. Fateh Fidanı və ona olan sevgisini unutmağa çalışsa da, bu yolda ağır çətinliklər çəkir, əzablara qatlaşırdı. Həyatın bu qədər nakam, sevginin isə bu qədər yalançı və vəfasız olduğunu düşününcə əzabları artırdı. Buna görə gecə saatlarında yaşadığı binanın çardağına qalxıb intihara əl atmaq və beləliklə də, öz ömrü və dərdlərinə son qoymağa qərar verdi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
“Söhbət” - NOVELLA
“Ədəbiyyat və incəsənət” portalı tanınmış teatr xadimi, yazar Ağalar İdrisoğlunun nəsr nümunələri ilə sizlərin tanışlığını davam etdirir.
- Dədə hey!.. Ay dədə!.. Dədə!.. Nə yatıbsan? Oyan! Oyan, ay kişi. Ay tifağı dağılan kişi... Ay dağdan ağır kişi... Mənə sənsiz yaşamaq çox çətindi. Doyunca üzünü görə bilmədim, ay dədə. Başım qarışdı yeyib-içməyə, qumara, eyş-işrətə... Axı sən də nə yaşadın ki? Heç nə. Cəmi vur-tut səksən il. Nədir ki, bu yaş sənin kimi dağdan ağır, top kimi sağlam kişi üçün? Araq içmirdin, siqaret çəkmirdin. Axı sən hələ bir həştad il də yaşaya bilərdin. Niyə belə tez getdin bu dünyadan, ay dədə? Niyə məni sağır qoydun bu oğraş, zatıqırıq dünyadakı zatıqırıqların, simiclərin, insan qanına susayan oğraşların içərisində... Adama Allahın bir arağını da almırlar. Səninləyəm ey, ay kişi. Niyə məni eşitmirsən? Deyirəm məni niyə sağır qoyub getdin bu dünyada? Hə, nə olar. Cavab vermə. Sus, görüm nə qədər susacaqsan... Elə bu dünyada da belə idin. Səndən bir sözü maqqaşla da qoparmaq olmurdu. Elə-belə kirimişcə durub baxırdan. Əyyub peyğəmbərin səbri vardı səndə...
Bu sözlərdən sonra Məhəmməd susdu. Ətrafdakı qəbir daşlarına baxdı. Hava qaralmağa başlasa da, içdiyi arağın təsirindən Məhəmmədin göz qapaqları yavaş-yavaş yumulsa da, yaxınlıqdakı qəbir daşlarının üstündəki cavan oğlanların şəklini gördükdə, o, dərindən nəfəs aldı. Elə bil bir az ayılan kimi oldu. Yəqin ki, bu cavanların şəklini görəndə bir az toxdadı. Təsəlli tapdı. Və birdən təsəvvür elədi ki, özü də ölüb. Elə bu qəbir daşlarından biri də onunkudu. Bədəninə üşütmə düşdü. Elə bil içdiyi arağın təsirindən bir az ayıldı. Tez qulağını dartıb, dodağının altında nə isə pıçıldadı və ucadan bu sözləri dedi:
- Min şükür sənə ey göydəki kişi. Burda yatanların çoxu lap cavan-cavan, sütül uşaqlardı. Bu zatıqırıq zəmanədə mən hələ əlli il yaşamışamsa, buna da min şükür...
Sonra cibindəki yarımçıq araq şüşəsini çıxartdı. Şüşəni torpağın üstünə qoyub başqa cibindən bir parça çörək, bir baş soğan və pendir çıxartdı. Qəbrin ayaq tərəfində oturdu. Bir də qəbiristanlığa göz gəzdirdi. Şüşəni götürüb başına çəkdi. Bir neçə qurtum içəndən sonra sifətini turşudub araq butulkasını yerə qoydu. Sonra atasının qəbir daşındakı ağsaqqal şəklinə baxdı. Elə bil dədəsi bu şəkildə bir az da yaşından qoca görünürdü. Və elə bil birdən dədəsi Məhəmmədə göz vurdu. Məhəmməd gözlərini ovuşdurub, bir də şəkilə diqqətlə baxdı. O, bu şəkili gah bir, gah da iki görürdü. Və deyəsən doğrudan da atası ona gah göz vururdu, gah da gülümsünürdü... Məhəmməd o biri qəbir daşlarındakı şəkillərə də baxdı. Deyəsən onlar sakit-sakit ona baxırdılar. Məhəmməd fıkirləşdi ki, onu qara basır. Ona görə də tez danışmağa başladı.
- Əgər yaşasaydın, bu gün sənin yüz yaşın tamam olacaqdı. Əlli yaşlı mən bədbəxt oğlunu da görəcəydin. Axı bu gün mənim də əlli yaşım tamam olur. Həmişə səninlə mənim ad günüm bir yerdə keçiriləndə, evimizdə bayram olardı. Bacılarım başıma tovuz quşu kimi dolanardılar. Amma indi heç birinin məni görməyə belə gozü yoxdu. Evdə biz cəmi iki kişi idik. Yeddi bacıdan sonra mən anadan olmuşdum. Ona görə də məni ərköyün böyütmüşdün. Hər arzumu yerinə yetirirdin. Deyirdim dərs oxumaq istəmirəm, deyirdin oxuma. Deyirdim məktəbə getmək istəmirəm, deyirdin getmə. Deyirdim mənə pul ver xərcləyim, deyirdin götür evdən nə qədər istəyirsən. Sən kolxoz sədri idin. Pulunun da sayını-hesabını bilmirdin. Mən də həmin pulları xərclədim qumara, arağa, çaxıra, arvadlara... İndi nə savadım var, nə bir işin qulpundan yapışa bilirəm, nə də mənə pul verən var. Hər kəs öz kasıbçılığının hayındadı. Tənbəlliyimin, pulsuzduğumun ucbatından arvad da qoşuldu başqasıyla getdi. Sən tikən evi də satıb xərclədim. İndi qalmağa da yerim yoxdur...
Məhəmməd sözünün ardını deyə bilməyib qəhərləndi. Ağlamaq istədi. Bacarmadı. Şüşəni götürüb bir neçə qurtum da içdi. Pendir, soğan və çörəkdən bir tikə ağzına qoydu. Sonra o, havanın qaralmasına tamaşa elədi. Nəyisə xatırladı. Bığaltı gülümsündü.
- Vallah ay dədə, deyəsən axı sən həştad il yaşamaqla əməlli-başlı ömür sürübsən. Belə qarmaqarışıq həyatda, it yiyəsini tanıayan zəmanədə bundan sonra mən beş il də yaşaya bilsəm, min şükür...
O, yenə də atasının şəklinə baxdı. Bu dəfə atası başı ilə elə bil “niyə” sualını verdi.
- Demək istəyirsən niyə? Ona görə ki, ay dədə, bu gün səhər bazara getmişdim. Fikirləşirdim ki, əlli yaşımı qeyd eləməkçün bir yüngülvari bazarlıq eləyim. Bir az ondan-bundan borc pul tapmışdım... Bazar nə bazar. Çoxdan idi getmirdim. Nə istəyirsən var. Ancaq hamısı od qiymətinə. Ay kişi, o xiyar ki, var ey. Siz ona yerpənək deyirdiz. Kilosunu qəpik-quruşa satmaq istəyirdin heç kim almırdı. İndi o şoğəribin qiyməti bilirsən neçəyə olub?... Çəki balığı vardı ha. Sən gölməçədən səbətlə tutub evə gətirirdin. Kolxozçular da tutub sənə pay verirdilər. Hər gün polumuzun üstü dolu olurdu çəki balığı ilə. O qədər çox olurdu ki, özümüz də yeyirdik, qonşulara da verirdik, hətta itə, pişiyə də verirdik, yenə də qurtarmırdı. Qalıb xarab olurdu. Anam duzlayıb taxta boçkalara yığırdı. Çox vaxt heç duzdamağa duz da çatdıra bilmirdik. İndi kişisənsə o çəki balıqlarının lap əl boydasını al ucuz qiymətə görüm necə alırsan. Köpək uşaqları dədələrinin də qiymətini qoyurlar o balığın üstünə. Bayram günlərində isə təkcə dədələrinin yox, nənələrinin, uşaqlarının da qiymətini qoyurlar o əl boyda çəki balığın üstünə. Bayram günü balıq tapan elə sevinir ki, elə bil müharibədə itkin düşən dədəsini tapıb. Yağlı qoyun əti olardı ha o vaxtlar. Heç neçiyə. Şor qiymətinə. Tap indi görüm o ətdən tapırsan ya yox. Tapsan da gərək yarım aylıq əmək haqqını verərsən bir kilosuna. O vəzəri, şüyüd, turp vardı ey. Həyətimizdə çürüyüb qalardı. İndi elə matah olublar... Biz isə onları mal-qaraya verirdik. Mal-qara dedim yadıma düşdü, keçmiş naxırlar. Əvvəllər bizim kəndimizdə, otuz evdə bir sürü mal-qara olardı. Kəndimizdə dörd çoban, dörd naxırçı vardı. Hər sürüdə də üç yüz qoyun, iki yüz, iki yüz əlli baş mal-qara. İndi kəndimizdə heç otuz dənə qotur dana da yoxdur. İyirmi- otuz qoyun ola, ya olmaya. İndi deyəcəksən “niyə”? Sən bu sualı verməmişdən qabaq qoy mən cavabını deyim. Sən hələ sağ olan vaxdan örüş yerlərini elədilər üzümlük. Sonra da başladılar həmin üzümdən araq, çaxır çəkməyə. Elə bizim kənddə o vaxtlar iki çaxır zavodu vardı. Biri kəndin bu başında, biri də kəndin o başında. Kəndin bu başından gələndə də çaxır zavoduna girib yaxşıca içirdik, kənddən çıxıb köyşənə mal-qaranı otlağa aparanda, ya da onları örüşdə çobanlara təhvil verməyə gedəndə də “başımızı düzəldirdik”. Bu araq, çaxır da elə pulsuz idi deyən lümbəlüm vururduq. Bir də onda gördük ki, bu şoğəriblər bizi kişilikdən salıb... Sonra da üzümlükləri tar-mar eləyib, torpaqları satdılar camaata. Camaat da borc-xərcə o yerləri şumlatdırıb, taxıl, kartof, tərəvəz əkdi. Budur ha, nə illah eləyirlərsə xərci-borcunu ödəmir... Nə isə dərdimiz yaman böyükdü, ay dədə. Bu milləti yaman aldatdılar... Əvvəllər bir bazar dərdi çəkirdik, indi ölkə özü dönüb bazara. Bu ölkədə vicdandan tutmuş qeyrətə, namusa, şəxsiyyətə, medala, fəxri ada, alimlik dərəcəsinə, torpağa qədər hər şey satılır. Heç kim heç kimin kitabını oxumur bu ölkədə. Kişisən heç nəyə fikir vermədən yaşa görüm necə yaşayırsan bu torpaqda, bu məmləkətdə. Bax elə bilirsən mən kefdən içirəm? Yox. Səhvin var. Dərddən içirəm, dədə. Dərddən... Çünki heç bir sualıma cavab tapa bilmirəm…
Məhəmməd şüşəni götürüb içindəki olan-qalan arağı da başına çəkdi. Sonra yenə də sir-sifətini turşudub dodağının altında kiminsə qarasına bir biədəb rus söyüşü söydü. Məhəmməd əsgərlikdə olmamışdı. Lakin on gün Rusiyada yaşamışdı. Orada da ancaq rus söyüşlərini öyrənmişdi. Heç rusların özləri bu söyüşlərin çoxunu bilmirdi. Heç rus dilini yaxşı bilənlərin çoxunun da bu söyüşlərdən xəbəri yox idi. Ona görə də dostları bilərəkdən Məhəmmədi əsəbiləşdirirdilər ki, o, bu rus söyüşlərindən söysün. Özü də bu söyüşlər elə bil onda çox maraqlı, şirin alınırdı. O, söyüş söyəndə lap qaraqabaq adam olsa belə yenə də gülürdü. Çünki o, dörd-beş söyüşü elə ustalıqla bir-birinə calayırdı ki, hətta onun söyüşünü eşidən ruslar da maraqla qulaq asırdılar. Hə. Bu yeddi-səkkiz mərtəbəli söyüşdən sonra Məhəmməd yenə də atasının qəbir daşındakı şəklinə baxdı. Elə bil dədəsi dərindən “ah” çəkdi.
- Mənim bayaqdan sadaladıqlarıma görə “ah” çəkirsən? Ah çəkmək yox, ağlamaq lazımdı kişi. Belə də gün-güzəran olar biz düşmüşük?.. Sən sevin ki, öz ömrünü kefın istədiyi kimi sürübsən. Hər şeyin bol dövrünü, dövranını görübsən. Sən hətta rus yağının mağazadan camaat almadığından əriməsini, xarab olmasını, kolbasanın göyərməsini, qəndin su salmasını, taxılın kosarada qurd basdığını, balığın, ətin çox olmasından itə, pişiyə verildiyini görübsən. Daha niyə ah çəkirsən, ay kişi? Hər il Rusiyadakı sanatoriyalara gedib, kef eləyirdin... Nə isə. Bir sözlə əsl kişi kimi gen-bol yaşayıbsan. Bax, ona görə də burda rahatca yata bilərsən.
Bu vaxt baş daşındakı şəkil elə bil bir də “ah” çəkdi. Elə bu vaxt Məhəmməd araq butulkasının boş şüşəsini əlilə vurub, kənara itələdi. Səndirləyə-səndirləyə ayağa durdu. Ayağa durandan sonra da səndirlədi. Hətta az qaldı ki, yıxılsın. Baş daşından tutdu.
- Ay kişi, ağ eləmə. Dedim ki, həştad il ömür sürübsən, bəsindi. Rahatca öz kefinlə yat burda. Bir dörd tərəfinə bax. Hamısı cavan-cavan, yeniyetmə, sütül oğlanlardı. Araqdan vurub, nəşədən çəkib, miniblər dədələri verən maşınlara, basıblar qazı axıra kimi. Öz qazları, maşının qazı qarışıb bir-birinə və axırda da gəlib burda qazsız, filansız yatırlar... Sənsə min şükür ki, həştad il ömür sürüb öz əcəlinlə ölübsən. Daha nə istəyirsən? Elə bilirsən indi öz əcəli ilə ölənlər çoxdur? Yox. Öz əcəli ilə ölənlərin sayı indi çox azalıb. İndi öz əcəli ilə ölmək də böyük qoçaqlıqdı, ay dədə. Bu gün gəlmişdim sənin üçün ağlayam. Amma özümə, öz güzəranıma ağlayıb gedirəm. Ona görə də şaddığına şittik eləmə. İyirmi ildir necə yatıbsansa burda, eləcə də rahat yat. Heç nəyin də fikrini çəkmə. Allah sənə rəhmət eləsin. Özü də hələ bilmək olmaz mən də bu qəbiristanlığa qismət olacam ya yox. Bu hərrac bazarında qorxuram mənim ölümü də satın alıb, lazımlı bədən üzvülərimi çıxarıb satsınlar. Axı bu zəmanədə hər şey olar... Allah axırını xeyir eləsin. Hə. Sən rahat yat, dədə. Mən də öz günümə, güzəranıma ağlaya-ağlaya gedim. Görüm başıma haranın külünü tökürəm…
Məhəmməd səndirləyə-səndirləyə baş daşına yaxınlaşdı. Dədəsinin baş daşındakı şəklini öpmək istədi. Üzünü, dodaqlarını şəkilə yaxınlaşdıranda, birdən ilan vuran kimi geri çəkildi. Bir də gözlərini ovuşdurub baş daşındakı şəkilə baxdı. Diqqətlə baxdı. Bu onun dədəsinin şəkili deyildi. Höccələyə-höccələyə baş daşında yazılan adı oxudu.
- Mə-hə-m-m-əd-və-li...
O, bu sözləri bir neçə dəfə oxudu. Onun atasının adı isə Məhəmmədəli idi. Məhəmməd qəbiristanlıqda axırıncı dəfə üç il bundan qabaq olmuşdu. O vaxt da möhkəm içmişdi. Gəlib atasının qəbrinin üstündə çox ağlamışdı. Bu həmin vaxt idi ki, arvadı onu atıb, başqasına qoşulub qaçmışdı... Bu üç ildə isə qəbiristanlıq çox böyümüşdü. Bu müddətə burada çox adamları dəfn eləmişdilər. O, ətrafa göz gəzdirdi. Atasının qəbrini axtardı. Araq isə artıq öz işini görmüşdü. Məhəmməd artıq keflənmişdi. O, bir başdaşını iki-üç görürdü. Hava da artıq qaralmışdı. Məhəmməd sərxoş olsa da, bircə bunu başa düşürdü ki, bundan sonra daha atasının qəbrini tapa bilməyəcək. Ona görə də düşdüyü vəziyyətlə razılaşıb, səndirləyə-səndirləyə atasına oxşar, onun kimi ağ saqqallı kişinin qəbrindən uzaqlaşıb, başdaşlarından tuta-tuta qəbiristanlıqdan tozlu yola çıxdı. Kəndlərinə tərəf getməyə başladı. O, sərxoş vəziyyətdə, ayaqları tozlu yolda “səkkiz rəqəmi yaza-yaza” getdikcə yenə bayaqkı yeddi-səkkiz mərtəbəli rus söyüşlərini dodağının altında söyürdü... Amma bu söyüşlərin kimə aid olduğunu aydınlaşdırmaq çətin idi. Çətin idi... Çünki bu gün Məhəmmədin söymək istədiyi o qədər adam var idi ki... Birdən onun beyninə çox qəribə bir fıkir gəldi. Şahmat oyunundan sonra Şahı da, piyadanı da bir qutuya qoyurlar. O, özünün bu tapıntısına gülümsündü. Elə bil bu fıkir onun üçün bir təsəlli oldu...
(Lənkəran - Masallı, Digah kəndi. 15-17 mart 1993-cü il)
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
MƏŞHURLARLA ÜZBƏÜZ – Fərqanə Qasımovada şükranlıq nə qədərdir?
“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanmaqdadır. Rubrikanı Aysel Kərim aparır.
Hansısa arzunuzun gerçək olmamasına görə sonradan Tanrıya şükür etdiyiniz olubmu? Səhnə və alqış Fərqanə Qasımova üçün nəyi ifadə edir? Hər gurultu alqışda, hər tamaşaçı diqqətində o, yenidənmi doğulur?
Bəli elə dualarım olub ki, indi məsələn tövbə edirəm ki, mən gərək o duanı etməzdim. Hətta dua etmişəm ki, kaş belə olardı. Sonradan görmüşəm ki, mən dua etsəm də ancaq mənim bəxtimə, taleyimə bu yazılmayıb. Tövbə etmişəm ki, Allahım onu mən səndən israrla istəmişəm. Ancaq mən sənin verdiyin yazıyla razılaşıram. Çox şükür edirəm və səndən əff diləyirəm.
O ki qaldı səhnə və alqışa, səhnə və alqış bizim evimizdən, işimizdən yaşadığımız hər günki həyatımızdan tamamən çox fərqli yerdi və fərqli münasibətdir. Səhnə və alqış hər adama qismət olmur. Allahın qismətinə yazdığı insanlara nəsib olur. Çox şükür ki, mən onu həm böyük ustad, həm böyük sənətkar Alim Qasımovla paylaşmışam. Həm də tək halda da dəfələrlə yaşadığım olub. O, elə hissdir ki, onu orda yaşayan an hiss edirsən ki, sən hardasan və kimlərlə bir yerdəsən.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
“Ölülərim, dirilərim dolanır içimdə” - Vaqif Səmədoğlu üçün rekviyem
Varis, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Vaqif Səmədoğlunun anım günüdür. 10 il öncə - 2015-ci ilin 28 yanvarında Vaqif Səmədoğlu dünyaya əlvida deyib.
Onun barəsində rəsmi mənbələr belə məlumat verir: Vaqif Səməd oğlu Vəkilov; 1939-cu ilin 5 iyununda Bakıda, Səməd Vurğunun ailəsində dünyaya gəlib. Şair, dramaturq, publisist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Milli Məclisin deputatı (2000, 2005). Milli azadlıq hərəkatının liderlərindən biri olub. “İstiqlal” və “Şərəf” ordenləri kavaleridir, Humay və Nəsimi mükafatları laureatıdır.
Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən, Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Dövlət Konservatoriyasında təhsil alib. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri (1982–1985) vəzifələrində işləyib, "Oğuz eli" və “Cumhuriyyət” qəzetlərinin baş redaktoru (1992–1994) olub.
Poeziya, musiqi, teatr və kino sahəsinə yaddaşlarda qalan, dəyərli töhfələr verib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. İlk kitabı – “Yoldan məktublar” 1968-ci ildə işıq üzü görüb. Yüz minlərlə insanın pərəstiş etdiyi şeirlərin, “Bəxt üzüyü” kimi filmin, “Bir axşam taksidən”, “Sən uzaq yaşıl ada” kimi mahnıların, “Yaşıl eynəkli adam” kimi tamaşanın müəllifidir.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də uzun sürən ağır xəstəlikdən sonra Bakıda dünyasını dəyişib, Birinci Fəxri Xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında büstü açılıb.
Rəsmi məlumat bu qədərdir. Amma, məncə, burda heç nə yoxdur. Vaqif Səmədoğlu bu məlumatlara əsla sığmaz.
O, sanki bu dünyanın adamı deyildi. Onun dilini küləklər bilirdi, buludlar, yağışlar, Günəş, Ay bilirdi, insanlar isə ya bilmirdi, ya da bilməkdə çətinlik çəkirdi.
Qohumluq əlaqəmiz olsa da Vaqif əmiylə çox az-az görüşürdük, onun üçün darıxanda şeirlərini oxuyurdum. O şeirlər bizim qalaktikadan kənarda yaranıb göndərilirdilər bizim ixtiyarımıza.
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...
Bunu yalnız Vaqif əmi bu cür yaza bilərdi. Başqa heç kim.
Eləcə də bunu:
Bu payız da başlandı,
Bu yağış da...
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm...
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək.
Çox təəssüf ki, insan ömrü həqiqətən böyük vağzallara deyil, kiçik stansiyalara sığışır yalnız. Və ən böyük həsrət, ən böyük nisgil kiçik stansiyaların dayanmadan, sürətlə ötüb keçən ekspress qatarlara olan həsrətidir.
Ruhun şad olsun, Vaqif əmi.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Antarktida, İosif Brodski və 1-ci Pyotr
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - yanvarın 28-nə təsadüf edən əsas tarixi hadisələri “Ədəbiyyat və incəsənət” portal olaraq diqqətinizə çatdırırıq:
Antarktidanın kəşfi günü
Antarktida sözünün mənası bilirsinizmi nədir? “Ayının əks tərəfində”dir. Qədim yunanlar buzlu şimalı Böyük Ayı qübbəsinin şərəfinə Arktikos adlandırıblar, amma bura çox soyuq olduğundan orda əsl ayılar yaşamırlar. Antarktida da yunancada Arktikanın əksi mənasını bildirir.
1820-ci ilin 28 yanvarında “Vostok” və “Mirnıy” adlı iki gəmi ilə ruslar Bellinsqauzenin və Lazarevin başçılığı altında bu sirli materiki – sonuncu, altıncı materiki kəşf ediblər. Bu gün Antarktida heç bir ölkəyə aid deyil, ərazisi 13, 6 milyon kilometrə bərabərdir. Bura planetin ən soyuq və ən quru zonasıdır. Burda illik yağıntı cəmi 10 santimetrə bərabərdir. Planetin içməli su ehtiyatının 70 faizi Antarktidadadır.
Mütəxəssislər buranın iqlimini Marsın iqlimi ilə eyniləşdirirlər, təsadüfi deyil ki, NASA kosmik sınaqları burada həyata keçirir. Antarktidada ən soyuq hava 91,2 dərəcə şaxtanın qeydə alınması ilə müəyyənləşib, yayda burada 30-50 dərəcə şaxta olur. Burada cəmi iki bitki var – Kolobantuskito və Antarktida çəmənliyi. Heyvanlardan isə burada yalnız pinqvinlər yaşayırlar.
Qitə beynəlxalq qoruq hesab edilir.
Ciddi sözümdür, elə arzulayıram ki, kaş Antarktidada bir metereoloji stansiya qurulaydı, onu işlətməyi də mənə həvalə edəydilər. Pinqvinlərlə, kolobantuskito ilə yoldaşlıq edə-edə oradaca yaşayaydım.
Beynəlxalq Personal məlumatların qorunması günü
İnsanların konfidensial məlumatlarının qorunması, xüsusən indiki İKT-nin hədsiz yüksəlişi, robot casusların, dinlənmə aparatlarının, video kameraların tüğyan etdiyi zamanda vacib hesab edilir. Data Privacy Day – 1981-ci ildən etibarən 27 Avropa ölkəsində, ABŞ və Kanadada qeyd edilir, Avropada bu gün İnformasiyanın müdafiəsi günü adlanır.
Hər bir insan izlənilməməyə, gizlin məlumatlar saxlama hüququna malikdir, amma çox təəssüf ki, bu qaydalara əksərən əməl olunmur. Nə isə.
Ukraynada Dövlət bayrağının təsdiqlənməsi günü
Ukraynanın Ali Radası 1992-ci ilin bu günündə sarı-göy bayrağı rəsmi olaraq təsdiqləyib, odur ki, bu gün qardaş ölkədə Dövlət Bayrağının təsdiqlənməsi günü kimi qeyd ediləcək. Hər ilin 23 avqust tarixi isə Ukraynada Dövlət basyrağı günü kimi qeyd edilir.
Sovet imperiyasından qopan bütün xalqlar eyni acılar yaşayıblar, müstəqillik onlar üçün ağır itkilər bahasına başa gəlib. İndi bu xalqlar öz müqəddəs bayraqlarına sarılaraq müstəqilliklərini qorumaq uğrunda çabalar göstərməkdədirlər. Bu ukraynalılar üçün müqəddəs gündə hər bir ukraynalını, eləcə də Azərbaycan – Ukrayna dostluq və qardaşlığına töhfələr verən Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladıslav Kanevskini təbrik edir, jovto-siniy (sarı-göy) bayrağın daim dalğalanmasını arzu edirik.
Kazu günü
Amerikalıların bu nəfəs çalğı aləti 1840-cı ilin bu günündə kəşf edilib, dünya musiqisinə möhkəm daxil olub, xüsusi skiffl stili məhz bu alətlə yaranıb.
Odur ki, təqvimə ayrıca Kazu gününü salmaqla bu alətə rəğbət izhar edilir. Adi hakim fitinin böyüyünü xatırladan kazu ilə bağlı amerikalıların böyük planları var, yeni dünyanın özünəməxsus nələrisə çox az olduğundan, onlara dəyər verməyi vacib bilirlər.
Erməni ordusu
Nə deyirsiz deyin, amma bədxah qonşularımız bu gün Ordu gününü heç də alnıaçıq və üzüağ keçirə bilməyəcəklər. 44 günlük müharibədə onların ordusu necə pazlanıbsa, hələ də “dadı damaqlarından” getməyib.
Bolqarlarda bu gün Qavril Lesnovskinin xatirəsi günüdür. 11-ci əsrin məşhur din xadimi, Lesnovski məbədinin yaradıcısı olub bu şəxs.
ABŞ bu gün işdə şənlənmək gününü qeyd edəcək. Hamı iş yerində şənlənir, deyib gülürlər, yeyib içirlər. Burun sallayan əsla ola bilməz. Maraqlı təyinatdır, eləmi? Bu gün Amerikada həm də Milli Pediatr günüdür. Bəs mətbəx? Sualınız aydındır. Təqvimin hər gününə bir mətbəx bayramı salan amerikalılar bu gün də boş dayanmayacaqlar. Bu gün onlarda həm də Milli qarağatlı oladi günüdür.
Zəfər Tağı
1986-cı ilin 28 yanvarında havaya uçmasının 73-cü saniyəsində canlı yayımda Kanaveral burnu üzərində Amerikanın “Çellincer” kosmik gəmisi partlayıb. 1958-ci ildə Lego kompaniyası öz konstruktorunu üzə çıxarıb, hazırda dünya uşaqlarının bir nömrəli oyuncağıdır Lego konstruktorları. 1921-ci ildə Parisdə 1-ci dünya müharibəsində həlak olmuş naməlum əsgərə qoyulmuş abidənin açılışı olub. Bu abidə məşhur Zəfər Tağı adlanır. 1906-ci ildə Rusiya İmperiyasında qadınlar üçün ilk ali texniki məktəb – Sankt Peterburq qadın politexnik kursları yaradılıb.
Bu sonetlər əsla unudulmaz
1978-ci ilin 28 yanvarında biri İtaliyanın Toskana şəhərində, biri Azərbaycanın Sumqayıt şəhərində iki nəfər dünyaya gəlib, birincisi dünya futbol tarixində ən dahi qapıçı kimi ad çıxarmış Canluicci Buffon, digəri Azərbaycan ədəbiyyatşünaslığına və ədəbi tənqidinə layiqli töhfələr vermiş Elnarə Akimovadır.
1952-ci ilin bu günündə müğənni, xalq artisti Zaur Rzayev doğulub. Onun barəsində ayrıca yazı gedib.
1925-ci ilin bir mənbələrdə 27, bir mənbələrdə 28 yanvarı Azərbaycan şairi, sonetləri ilə məşhur olan Adil Babayevin doğum günüdür. İllər ötsə də bu sonetlər sanki indi yazılıbmış kimi canlıdırlar, ruh oxşayırlar, bu, fenomenal haldır.
Qoy yapışsın əlimdən günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfiqləri,
Çağlasın varlığımda işıq dolu bir ilham.
Mən ömür istəmirəm riya, xəyanət üçün,
Yurduma gərək olan söz üçün, sənət üçün,
Ömürdən doymamışam, həyatdan doymamışam.
Bu cür yazırdı Adil Babayev. Ruhu şad olsun!
1912-ci ildə abstrakt ekspressionizmin ilk görkəmli nümayəndəsi olan Amerika rəssamı Cekson Pollak, 1884-cü ildə isveçrəli alim, stratostat və batiskafları kəşf edən Oqyüst Pikar, 1706-cı ildə ingilis çapçısı, adına şrift olan Con Baskervill, 1693-cü ildə rus çaritsası Anna İvanovna, 1611-ci ildə Ayın ilk xəritəsinin müəllifi, polyak astronomu Yan Qaveliy dünyaya gəliblər.
İosif Brodskidən 1-ci Pyotradək
2015-ci ilin 28 yanvarında Vaqif Səmədoğlunu itirdik. Şairin xatirəsinə ayrıca yazı vermişik.
2010-cu ilin 28 yanvarında yazıçı Sabir Azəri, 2002-ci ilin 28 yanvarında “Balaca və Damda yaşayan Karlsson” və “Uzuncorab Peppi” kimi uşaqlar üçün şedevrlər yaratmış isveç yazıçısı Astrid Lindqren, 1996-cı ildə Nobel mükafatçısı, yəhudi əsilli şair, esseist İosif Brodski, 1980-ci ildə Azərbaycan peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı, 1944-cü ildə görkəmli maarifçi Qantəmir, 1725-ci ildə rus imperatoru 1-ci Pyotr vəfat ediblər.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
KİNOBƏLƏDÇİdə - Müqavimətin simvolu- “300 spartalı”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Haqqında bəhs edəcəyim “300 spartalı” filminin rejissoru və prodüseri Rudolf Matedir. Film 1962-ci ildə çəkilmişdir.
Eramızdan əvvəl 480-ci ildə Fars hökmdarı Kserks atası Daranın yaşadığı acı məğlubiyyətin heyifini çıxmaq məqsədilə Yunanıstana qarşı müharibə elan edir. Kserksin ordusu minlərlə idi. Lakin qarşı tərəfdə vəziyyət tamam fərqli idi. Femistokl və Spartalı Leonid 300 nəfər olmalarına, say və güc sarıdan düşməndən az olmalarına baxmayaraq geri çəkilməyib müqavimət yolunu seçirlər. Kserks ilk olaraq yunanların başçısı Femistokula qasid göndərərək təslim olmalarını və Leonidi onlara təhvil vermələrini istəyir. Ancaq yunanlar duruş göstərərək geri addım atmırlar. Nəticədə baş verən döyüş nəticəsində spartalılar qəhrəmancasına həlak olurlar.
Əslində bu bir duruşun, müqavimətin təmsilçisidir. Sənin qarşında minlərlə, on minlərlə ölçülməyəcək qədər böyük və güclü bir ordu var. Ancaq sən geri addım atmayıb düşmənə qarşı dirənirsən. Bu, qarşındakı ordu nə qədər çox və nəhəng görünsə belə daxildəki əsgərlərdə müəyyən dərəcədə psixoloji olaraq gərginlik və qorxu yaradır.
Siz, siz olun qarşınızdakı nə qədər güclü, sərt və nəhəng olursa olsun, geri çəkilməyin. Kim bilir bəlkədə qələbə sizin, sənin olacaq.
“Ədəbiyyat və incəsət”
(28.01.2025)
GAP Antologiyasında Mehdi Səhəndinin “Qan” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Urmiyada yaşayan Mehdi Səhəndidir
Mehdi Səhəndi
Urmiya
Gözlüklərə arxalandıq
Qarşımızdakı hər nəyi aydın görmək üçün.
Nə yazıq bizlərə!
Sanırdıq mat baxır bizə hər nə,
Ancaq mat kimi baxırdıq biz hər nəyə.
Çaşmış kimdir? Biz?
Yoxsa qarşımızdakı hər nə?
Mən Kor olmaq istəyirdim
Gördüyüm bütün şeylərə.
Bu ana, anlara və hətta analara
Burada analar hər gün qan udub,
Qan əmişdirdilər körpələrinə.
Onunçün hər gün, səhər kimi düşünə bilirəm dostum:
"Bizlər burada bir-birimizin yaralarını yalamaqla təsəlli tapırıq
Yara demişkən hələ də ağzımda qan dadı var."
Hələ də bizdə yalamağa tamarzı dil,
Hələ yalanmamış yaralar.
Hələ əmilməmiş qanlı döşlər
Hələ başlanmamış döyüşlər var
Və "igid qanı coşğun olar" - dedilər bizə
İgid, canını əlinə alıb
Qanını tavamıza tökdü.
Buyurun lütfən, qan aydınlıqdır
Dodaqlarınıza qırmızı yaxın xanım
Bir stəkan da siz için, ana özgə qanı deyil ki
Öz oğlunuzundur.
Siqaretimi söndürümmü yaralarınızda?
Biz
Üzgün,
Qırğın,
Darğın,
Bilmədən intiharlı şəhərin siqaret kimi bizi qanlı
Dodaqlarında alışdırmasını hiss edə bilmədik
Ancaq külünü yaralarımızda söndürdükcə çığırdıq.
Daha bizə mat kimi baxan yox
Və qarşımızda heç nə mat olmadan
"İgid qanı coşğun olar" - dedilər.
Olsun, qan aydınlıqdır deyə
Biz qorxaqların da
Gözlüklərinə qan səpdilər.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
PA – Kiçik ölkələrdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Birinci xatirə
«Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.
Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik».
Yasen Zasurski (professor, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı)
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)