
Super User
Yusif Nəğməkarla ünsiyyət dastanının boyları
Rəfail İncəyurd, “Ədəbiyyat və incəsənət” üçün
Birinci boy
Yusif Nəğməkar...
Çox şairlərin şəninə yaraşan, yaradıcılığına yanaşan “nəğməkar” epiteti Yusifin adına vəsiqələndi.
Səsələnən, eneryili, uğurlu, cazibədar ad, ədəbi təxəllüs... Bu, Allahın bir lütfü!
İkinci boy
Hər ikimiz İTV-nin “Ozan məclisi”nə dəvətliydik. İlk dəfə bir araya gəlirdik. Ona qədər mətbuatda, mediyada, virtual aləmdə tanış idik, yaradıcılığına bələdiydim aralıdan aralıya. “Ozan”da el şairi Qurban Musayev haqqında danışmalıydıq. Studiyada yanaşı oturanda əyani tanışlıq məqamına elə başladı ki, görən deyərdi ki, min ilin dostlarıdı bunlar. Onda Qurban müəllimin ədəbi müstəvisinin və şəxsiyyətinin portretini mühitin, məkanın fonunda elə fərqli bir dəst-xəttlə cızdı ki, gördüm standartlardan deyil, maraqlı adamdı, mətləbə öz yanaşmaları var. Şairin adına bağladığı kitabın qurluşu da maraqlıydı. Səhifələr boyu yan haşiyələrdə ömürlükdən fraqmentləri səpələmişdi ustalıqla. Bu, Yusifin barəsində üzbəüz, yanbayan ilk, müfəssəl təəssüratım oldu.
Üçüncü boy
Sumqayıta gedirdik Yusifin arabasında. İbrahim İlyaslının 50 illik yubiley törəninə yönlənib yol almışdıq. Yol bu nəğməkar şairin mənəvi dünyasının hər kəsə bəlli(açıq) olmayan 40-cı otağının qapısı qismən üzümə açıldı. Ədəbi cameyə gəlişində və sonrakı dostluq əlaqələri zamanı Bəxtiyar Vahabzadənin haqqında təsnifatının incə məqanlarını agah elədi. Ustada deyəndə ki:
Qızılgülün budağında tikan bitib,
Qaratikan kolunda yaşıl sığallı yarpaq.
Gözəlliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən zərifliyə bax!..
Bəxtiyar müəllim əllərini göyə açıb: “Allah, sənə şükür, Allah! Ədəbiyyatımızın sabahı var”. Bax, bu bir kəlmə, bütün xeyir dualardan, uzun-uzadı ön sözlərindən ötə deyilmi?!
Yolboyu ən önəmli yenilik Yusifin səsində, zümzüməsində muğam parçalarını eşitməyim, eşidib heyrətlənməyim oldu. Süleyman Abdullayevin nəfəsini, ləmsini xatırladan unikal oxusu hələ də huşumda səslənir. Görünür, Allah istedad verdiyi adamlara istedadını nümayiş etdirmək üçün fərqli qabiliyyətlər də verir.
Dördüncü boy
Ötən yay sevgimizin ortaq ünvanı olan Şuşaya rəsmi səfər-ziyarət zamanı yenə qoşalaşdıq. Seçkin qələm dostlarımızın yerləşdiyi avtobusda yan-yana oturduq. Orda da həmişə olduğu kimi yenə hamıdan fərqləndi, mikrafon götürüb aparıcılıq elədi. Öz-özünə, təbii şəkildə koordinatorumuz oldu. Şeir şeir söylətdi, şeir söylədi:
Arxa-arxayadı silsilə dağlar,
Üstünə gürşadlar tökülsün, nə qəm!
Zirvələr buludu başına bağlar,
Bir daşı tərpənməz titrəsə aləm.
Sellərin ağzında yallar yalansa,
Təmkinli gədiklər baxar, sarsılmaz.
Şimşəyin qılıncı qızıl ilansa,
Qayalar kirpiyə dönər, basılmaz.
Ağaclar hörülər biri-birinə,
Helləşən kəllərin buynuzu kimi.
Mat qalıb dağların bu hünərinə,
Mələr təbiət də bir quzu kimi.
Dağları əbədi yaşadan belə
O dağın bu dağa kömək əlidi.
Əl-ələ verməyi, birliyi hələ
İnsanlar dağlardan öyrənməlidir!
Yusif Nəğməkarın onda səsləndirdiyi yerinə, məqamına düşən bu şerini dinləyib əl çalanlara mən də böyük məmuniyyətlə qoşulmuşdum.
Yolboyu yenə yaxşı bir coğrafiya dərsi keçdi yolçulara. Yusif Aran Qarabağdan(Beyləqan) olduğu və oraları ağac-ağac, daş-daş tanıdığı üçün Arandan Aran Qarabağa, Aran Qarabağdan Dağlıq Qarabağa keçid yerlərini və keçid yerlərində təbiət dəyişkənliklərini əyani şəkildə göstərir və yenə hər kəsin bilgisinə, marağına vəsilə olurdu. Şuşada qaldığımız üç gün müddətində davranışı ilə xarakterini də hir daha sərgilədi. Deyirlər ki, yol, səyahət adamı göstərib tanıtmağın ən yaxşı güzgüsüdü. Düz deyirlər.
Beşinci boy
Sonralar bizim Qazax Xeyriyyə İctimai Birliyinin bir sıra tədbirlərinə dəvət aldı, elə qaynadı-qarışdı ki, sədrimiz prof. İlham Pirməmmədov Birliyimizin fəxri üzvlüyünə qəbul etmək üçün ona zəmanət verdi. Görüşlərimiz intensivləşdi. 70 yaşımın tamamında digər yaxın dostlarin, həmkarların sırasında həm Atatürk mərkəzində rəsmi törəndə, həm də “Xarı Bülbül”də süfrəli, sazlı-sözlü ikinci hissədə də bir yedəydik. İncəli ola, İncəli məclisi ola, aşıx tünlüyü olmaya. Heç ağıl kəsən şey deyil. Aşıq Şaiq, aşıq Avdı meydan sulayırdılar. Onları əvəzləyənlər də olurdu. Sifarişlər davanbasaraq gəlirdi. Söz şair Yusif Nəğməkara veriləndə, dübarə aşiq Yusif Nəğməkar da peyda oldu. “Yanıq Kərəmi”si ustad aşıqların havacatları yanında heç sıxılıb-zad eləmədi. Şeirinə tuş gələn alqışlar, sazına da tuş gəldi.
Yusifin solo-saz ifaçılığı yarışmasının qalibi olmasını, çalğısında impirvizəli gedişlərini, özünün təbirincə desək sinə kamanının da (sikripka) mahir ifaçısı olmasını hamı bilir. Bir daha xridarların meydanına sazla girməsi (girib yarıtması) isə ayrı mətləbin nişanıydı.
Altıncı boy
AMEA-nın bağında Beynəlxal Kitab sərgisi düzənlənmmişdi. Möhtəşəm panellər həm paralel səsləşir, həm də bir-birini əvəz edirdi. Əraziyə girəndə kitablarını stollara düzənlər yalan oldu, Yusif gerçək. Tanyanların əhatəsində yenə də haylı-haraylı, eşqli-enerjili dialoqlar, söz-söhbətklər... Mənə də söz verdilər və mən təbrikimi və şair dostumun gözüm alan bu şeirini dedim:
ÖMÜR YOLU KİMİ...
Gör dünyanın harasında
Yar-yarğanlar arasında
Gözlərimin qarasında
Axan bulud xəyalımdır.
Heyrətim-ahım, amanım,
Fikrim-çəhlimli dumanım,
Qıjov çay-sazım, kamanım,
Sel-çağlayan royalımdır.
Yermi, göymü, heç bilmirəm,
Barı sən bax, seç, bilmirəm,
Yal aş, keçid keç, bilmirəm,
Yamac yaşıl boyalımdır.
Əlvan, sərgin tüllərə bax,
Kövrək, zərif tellərə bax,
Döşdə gəlin güllərə bax,
Qız qönçələr həyalımdır.
Bulaq təbim süvarlanan --
Dərya dərə avarlanan...
Axşamüstü yuvarlanan;
O gündöyən Ay alımdır.
Sərt kahalar daş küməli;
Yaradanın rahim əli...
Dağ sükutu vahiməli --
Nağılım, röya halımdır...
Yolu sağa, sola əyin,
O sıldırım sınmaz deyin.
Güzarımın bəxti yeyin,
Qədəmlərim sayalımdır.
Dağlar ucadır, uludur,
Ərzin bükülməz qoludur...
Keçdiyim ömür yoludur --
O da daşlım, qayalımdır...
Yeddinci boy
Tarix saatını durdurdu birdən,
Ümid baharımız qandan qışladı...
Zaman buzlaq kimi donduğu yerdən
İsinib, sındığı andan başladı.
Üşüyən torpağa isti qan töküb,
Çoxdan ər səsləyən meydana girdik.
Ürəyi qeyrətə, hünərə büküb,
Qarabağ səbrinin üstünə sərdik.
Qırx dörd gün içində hesab qanunu
Pozuldu hesabsız illərə rəğmən;
Otuzun cəmindən kəm gördük onu -
Məğzi kəmiyyətin dəyişdi həmən...
Atəşlər önündə leş qalaq-qalaq...
Bəlkə od yağdıran Tanrı əliydi.
Vətən sevgisinin yağmuruna bax -
Axışan əsgərmi, ya ruh seliydi?!
Məkrin qərinəcə çatılan qaşı
Ya şər, xəyanətin qəfil qəsdi ya...
Otuz il - torpağın əsarət yaşı,
Qırx dörd gün -
"məhbus"a şok "amnistiya"...
Sinə sipərimiz - çətən arzular...
Səda Rəbbimizdən, can özümüzdən.
Doğdu günəşimiz - Vətən arzular
Şəhidlik, qazilik danüzümüzdən.
...Otuz il sıxıldıq yaytək, sonunda
Dəli nərə kimi açıldı ünüm;
Haqqa süvar oldu heyrət donunda
Dünyanı mat qoyan o qırx dörd günüm!..
Boylarımız boy verə-verə irəliləməkdə… Yusif Nəğməkar ömrünün müdrik çağının müdrik şeirlərini yazmaqda… Hər yerdə, hər zaman görünrülü və sevilən bir ömür hekayəsi yazmaqda… Gələcəyə, görəcəyə Salam olsun!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
TÜRK QƏHRƏMANLAR - “Türk tarixinin böyük hökmdarı Çingiz xan”
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk və dünya tarixində dərin iz buraxmış hökmdarlardan biri, böyük dövlət qurucusu və sərkərdə Çingiz Xandır. Onun adı yalnız türk xalqları arasında deyil, bütün dünya tarixində bir dönüş nöqtəsi kimi qəbul edilir. Çingiz Xan sarsılmaz iradəsi, mükəmməl strateji düşüncəsi və böyük idarəetmə bacarığı ilə tarixə damğasını vurmuşdur.
Çingiz xanın uşaqlığı və yüksəlişi
Çingiz Xan doğulanda “Timuçin” (“Təmuçin”) adı ilə tanınırdı. 1162-ci ildə Onon çayı yaxınlığında bir türk-monqol ailəsində dünyaya gəlmişdir. Həyatının erkən çağlarından çətinliklərlə üzləşmiş, atasının öldürülməsindən sonra ailəsi ilə birlikdə tənhalığa məhkum olmuşdur. Bu çətinliklər onu daha güclü və inadkar etmiş, liderlik qabiliyyətlərini inkişaf etdirməsinə səbəb olmuşdur.
Dövlət quruculuğu
Timuçin müxtəlif tayfaları bir araya gətirərək 1206-cı ildə böyük bir dövlət qurdu və “Çingiz Xan” titulunu aldı. Bu, “Dünyanın hökmdarı” mənasını verirdi. Onun rəhbərliyi altında Monqol-Türk İmperiyası qısa müddətdə Asiyanın böyük bir hissəsini, daha sonra Avropanın bəzi bölgələrini əhatə edən geniş bir əraziyə çevrildi. Çingiz Xan sadəcə torpaq fəth etməkdə deyil, o torpaqlarda güclü bir idarəetmə qurmaqda da misilsiz idi. O, sərt qanunlar hazırladı və “Yasaq” adlı hüquq sistemi ilə ərazilərində sabitliyi təmin etdi.
Hərbi dahi və strateq
Çingiz Xanın hərbi bacarığı onun ən güclü tərəflərindən biri idi. O, sürətli və çevik ordular quraraq düşmənlərini çaşqın vəziyyətdə qoyurdu. Onun ordusundakı dissiplin və strategiya dövrünün digər hökmdarlarının heç birində görülməmişdi. Ən çətin şəraitlərdə belə, Çingiz Xan ətrafındakı döyüşçülərə ruh yüksəkliyi verir, onlara qalib gəlmək üçün yol göstərirdi.
Mədəniyyət və idarəetmə
Fəth etdiyi ərazilərdə Çingiz Xan yalnız dağıntı yaratmaqla kifayətlənməmiş, mədəniyyətlər arasında əlaqələr qurmuşdur. Ticarət yollarını, xüsusilə İpək Yolunu qorumuş və yenidən canlandırmışdır. Onun dövründə mədəniyyətlər arasında bilik mübadiləsi daha da artmışdır. İdarəetmə sistemində dini dözümlülük prinsipinə böyük əhəmiyyət verilirdi. Fərqli dinlərin nümayəndələri onun dövründə azad şəkildə öz inanclarını ifadə edə bilirdilər.
Mirası və əsiri
Çingiz Xan yalnız fəth etdiyi torpaqların ölçüsü ilə deyil, yaratdığı dövlət sistemi ilə də tarixdə iz buraxmışdır. Onun qurduğu imperiya təkcə ərazi deyil, həm də idarəetmə prinsipləri baxımından uzun müddət dayanıqlı qalmışdır. Çingiz Xanın ölümündən sonra imperiya dörd əsas xanlığa bölünsə də, onun mirası uzun illər boyunca qorunmuşdur.
Türk tarixində Çingiz Xan böyük bir dövlət xadimi və sərkərdə kimi xatırlanır. Onun qurduğu imperiya türk-monqol mədəniyyətlərinin birləşməsinə, ticarət yollarının inkişafına və mədəni əlaqələrin artmasına böyük təsir göstərmişdir. Həyatı boyu yaşadığı çətinliklərdən, qazandığı zəfərlərdən və yaratdığı mirasdan öyrəniləsi çox şey var.
Çingiz Xan türk dünyasının böyüklüyünü və gücünü dünya miqyasında nümayiş etdirən hökmdar olaraq hər zaman xatırlanacaqdır. Onun adı əbədiyyətə qədər yaşayacaq, irsi isə tarix səhifələrində əbədi qalacaq.
“Çingiz Xan və inamın gücü”
Bir gün Çingiz Xan öz ordusunu geniş çöllərdən keçirirdi. Qazandığı qələbələrin sayı-hesabı yox idi, amma o, heç vaxt qələbəyə arxayın olub ehtiyatı əldən verməzdi. Bir axşam ordu qısa bir fasilə üçün dayanmışdı. Çadırlar qurulmuş, döyüşçülər atəş ətrafında yığılmışdılar. Çingiz Xan təkbaşına öz çadırında oturub düşüncələrə dalmışdı. Qəribə bir hiss onu narahat edirdi – sanki bir şey əskik idi.
Səhər çağı Çingiz Xan öz yaxın məsləhətçilərini yanına çağırdı. O dedi:
— Bizim qələbələrimiz çoxdur, amma mən qorxuram ki, bu zəfərlər bizi arxayınlaşdırıb zəiflətsin. İnanclarımızı və gücümüzü yoxlamaq üçün bir imtahan keçirəcəyəm.
O, sadiq döyüşçülərindən birini çağırdı və ona belə bir tapşırıq verdi:
— Gecə olunca bu çölün o biri tərəfindəki dağa tırman və ordakı müqəddəs mağaradan bir ovuc torpaq gətir. Amma bunu təkbaşına etməlisən.
Döyüşçü baş əyib yola çıxdı. Gecənin zülməti, çölün sərt küləyi və dağın çətin yolları onu gözləyirdi. Mağaraya çatmaq asan deyildi. Döyüşçü irəlilədikcə yol daha da çətinləşirdi. Amma o, Çingiz Xanın əmrinə olan inamını itirmədi. Hər dəfə dayanmaq istəyəndə öz-özünə deyirdi:
— Mənim hökmdarım məni bu yola göndərdisə, onun bir səbəbi var.
Nəhayət, döyüşçü mağaraya çatdı. Oradan bir ovuc torpaq götürdü və gecə boyunca geri döndü. Səhər çağı o, Çingiz Xanın qarşısında dayanıb torpağı təqdim etdi. Çingiz Xan döyüşçünün üzündəki yorğunluğu və çətinliyə baxmayaraq işini yerinə yetirməsinin qürurunu hiss etdi.
O dedi:
— Bu bir ovuc torpaq bizim zəfərlərimizdən daha qiymətlidir. Çünki o, inamın gücünü göstərir. Sənin yol boyunca qarşılaşdığın hər çətinlik bizim dövlətimizin qarşısına çıxacaq maneələrdir. Amma bu maneələr yalnız inam və sədaqətlə aşılır. Bizim gücümüz qılınclarımızın itilində deyil, qəlblərimizdəki inamda və birliyimizdədir.
Bu rəvayət Çingiz Xanın yalnız bir sərkərdə deyil, həm də böyük bir lider olduğunu göstərir. O, təkcə torpaqları fəth etmirdi, həm də öz ətrafındakı insanlara inamı, sədaqəti və birlik ruhunu aşılamağı bacarırdı. Bu, onun imperiyasını uzun müddət möhkəm saxlayan sirrlərdən biri idi.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir
24 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "Demo Day" tədbiri təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portallna Agentlildən verilən məlumata görə, “İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə reallaşdırılan 6 aylıq inkubasiya proqramının yekunlarına, eləcə də illik hesabatın təqdimatına həsr olunub.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Bilişim Vadisi”nin direktoru Erkam Tüzgen, ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Öncə rəsmilər startap komandalarının layihələrinin təqdim olunduğu stendlərə baxıblar. Ardınca Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə rəsmilərin çıxışları baş tutub və layihə çərçivəsində həyata keçirilmiş işləri əks etdirən videoçarx nümayiş olunub.
10 startap komandasının layihə təqdimatından sonra münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yaxşı 5 layihə “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunub.
Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdan keçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququ qazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindən müxtəlif sahələrdə təlimlər təşkil edilib.
2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.
Layihə müddətində 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilib, 2 mindən çox tələbə tərəfindən 181 startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. İnkubasiya proqramlarının yekunu olaraq 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilmə nəticəsində 3 komanda mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Sərdar Aminin “Qorxma, mən səninləyəm”i UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN növbəti təqdim edəcəyim şeir bu yaxınlarda sosial şəbəkədə rastıma çıxan və məni həqiqətən də gözəlliyi, orijinallığı və coşğun lirizmi ilə ovsunlayan “Qorxma, mən səninləyəm” şeiridir. Şeirin müəllifi Sərdar Amindir.
Sən baxan qara daşlar
çırpınar, leylək olar.
Sən baxmasan, leyləklər
bir topa lələk olar.
Tanrım, necə də gözəl deyir.
Xoş mütaliələr!
Qorxma, mən səninləyəm
Həm də burda, yel atım.
Sən çap yarımçıq qalsın
üç misralıq bayatım...
Bibimin bişirdiyi
şirin ləzgi qoğalı
Gecəmin Ay işığı,
əlimin portağalı.
Sən od-alov qızısan
bir əlcə ürəyində
o sərçə ürəyində
pulemyotların səsi...
Saçlarını oynadır
fərarilik nəğməsi.
Sən böyük sevinclərin,
ən böyük sevinclərin,
gülüşlərin qəmzəsi.
Qayıdan durna səsi.
Şəlaləsən, şəlalə
tanrıdan yerə axan...
Bitməyən su sərgisi…
Sən baxan qara daşlar
çırpınar, leylək olar.
Sən baxmasan, leyləklər
bir topa lələk olar.
Əlini gözünə qoy,
gözünü dik səmaya,
Sən ki müqəddəslərin
saman qoxan ağımtıl
kətan çantalarından,
nar qoxan heybələrdən
doğulmusan dünyaya.
Mən də səni süzürəm,
yaşadığın adanı.
Bu tənhalıq, sakitlik,
Məst eləyir adamı.
Hər gün susub baxıram,
Səmadakı rənglərə
Yerini göstərməkçün
atdığın fişənglərə.
Sən canın, elə baxma
pislik gəlmir əlimdən
Tənha adan gözəldi
mənim miskin gəmimdən.
Sənə əlim toxunsa,
Günəş çıxar bir anlıq
İtər uçan fişənglər
Bitər atəşfəşanlıq.
Nə olar, əl yelləmə
qaranlığında qalaq.
Portağalsan əlimdə
sıxsam, Günəş doğacaq.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
“Tatlı, gözəl röyalərə bürünsün” - Tahir Rasizadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə 20-ci əsrin əvvəllərində yazıb yaratmış Tahir Rasizadənin şeirləri təqdim edilir.
Günəş doğarkən
Afaqa əlin yendiriyorkən dəli ruzgar
Birdən-birə silkindi fəza, axdı buludlar.
Sıyrıldı qaranlıq gecələrdən,
Qurtuldu səma bilməcələrdən.
Parlarkən üfüqlərdə doğan qırmızı halə,
Yüzlərdə gülümsərdi əməllər bu xəyalə.
Güllər küləklərlə sərazad,
Daldan-dala bülbüllər ötər şad.
Ətrafə fərəh nəşə saçarkən...
...
Dağlar, dərələr, güldü çəmənlər
Birlikdə bahar ömrü içənlər...
Orman dərənin köksünə yaslanmış uyurdu,
Qızğın günəşin nurunu içmiş kibi durdu.
Seyr etdi, gülümsündü uzaqdan,
Çıldırdı könüllər bu maraqdan.
Şairin xülyası
...Uzaqlarda sirr oxudu füsunlu gecə,
İncə bir tül buluddan endi gizlicə.
Qaplayınca qumaşlı bir örtü sahili,
Mavi səndal heyran oldu böylə doğuşa,
Atlas donlu dəniz aldı bizi ağuşa.
Ayın hüsnünü əmərkən sevdalı ada
Bir qətrə su oldu sandal içrə dəniz.
...Şəbnəmli dodaqlar haman başladı sözə.
"Bən bir sevda dənizində tənha yaşar bir inciyəm,
Şairlərin xülyasına ilham saçar əfsunçuyam.
Gecələri bürünərək ayın sirmə tellərinə
Uzadaram əllərimi o məhəbbət ellərinə".
Göyün parlaq çiçəkləri xəyalıma dastan yazar,
Qızğın günəş üfüqlərə yayılınca həmən pozar.
Dolaşaraq sevda coşan könüllərin dənizində
...Ansızın bir fırtınayla sarsıldı oda,
Dışarıda sızlardımı ruzgarın neyi?
Şair, xülya baharından şu xəzan eyi.
01.07.1928
Ona
Gül, sevdiciyim, gülməmizin əsl zamanı,
Təzyin edəlim eşq ilə gəl, biz də bu anı.
Gənclik... buna vabəstə həyatın həyəcanı
Təzyin edəlim eşq ilə gəl, biz də bu anı.
Doğmaqda günəş, əsmədə meh, ötmədə bülbül,
Bin dürlü bəşaşətlə gülümsər bizə hər gül.
Gül, sevdiciyim, nazlı gülüşlərlə sevin, gül,
Təzyin edəlim eşq ilə gəl, biz də bu anı.
Olsun
İstərəm sevgili dilbər mənə canan olsun,
Qul olum mən ona, ancaq mənə sultan olsun.
Eşidim əmrini hər ləhzə böyük minnətlə,
Qurban etməkçin ona cismdə min can olsun.
Taleyə şükr edərəm, vallahi, ömrüm uzunu,
Şövq ilə qönçə dodaqlar mənə xəndan olsun.
Raziyəm vəslinə ancaq yetişim bir ləhzə,
Sonra istər əbədi hicr ilə zindan olsun.
Söylə, bir hurimisən, yoxsa, mələksən, dilbər?
Heç inanmam bu gözəllikdə də insan olsun.
Toplaşıb başına həp türfə gözəllər nə ki var,
Hüsnünə Misr Züleyxası da heyran olsun.
Ölürəm, eşqin ilə rəhm elə bir an, ey qız,
Olma razı ki, hüzurunda nahaq qan olsun.
Tahirəm, dünyada bir başqa məramım yoqdur,
İstərəm bircə gecə yar mənə mehman olsun.
Mən istərəm
Mən istərəm, sevda qoqan pərilər
Mənim büllur kaşanəmə dizilsin.
Gökyüzində inci sərpən nəzərlər
Pərilərin baş ucunda süzülsün.
Mən istərəm, əlvan güllər, çiçəklər
Pəncərəmin qoğuşunda açılsın.
Tatlı günəş camlarında doğunca,
Kaşanəmə rəngli nurlar saçılsın.
Mən istərəm, hər şey dalsın sükutə
Solğun məhtab işığını sərpərkən.
Mən istərəm, bülbül ötsün, gül açsın
Səba yeli alınları öpərkən.
Mən istərəm, ömrün incə bir tül
Geyinərək sevda ilə görünsün.
Əsrarəngiz təxəyyüllər içində
Tatlı, gözəl röyalərə bürünsün.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Əvəlik dolması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Əvəlik dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ət – 117 qr
§ Əvəlik – 50 qr
§ Düyü – 55 qr
§ Soğan – 20 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr, sarımsaq – 2 qr
HAZIRLANMASI:
Içlik üçün soğanla çəkilmiş ətə duz, istiot, düyü əlavə olunur və qa- rışdırılır. Əvəlik yarpaqları yuyulub pörtlədilir, içərisinə içlik qoyulur və bükülür. Dolmalar qazana yığılır, üzərinə işgənə əlavə olunur və bişi- rilir. Əgər ətin yağı az olarsa, yağ da əlavə oluna bilər. Bişdikdən sonra süfrəyə sarımsaqlı qatıqla verilir.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Nizaminin “Sirlər xəzinəsi” əsəri türkcə Ankarada çapdan çıxıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) zəngin ədəbi irsinin tədqiqi və beynəlxalq aləmdə təbliği sahəsində diqqətəlayiq addımlar atılır. Bu məqsədlə ölkəmizin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir.
“Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Mərkəzin növbəti layihəsi ilə türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması Ankarada çapdan çıxıb. Əsəri Ərzurum Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım türkcəyə çevirib.
Kitabın ön sözündə qeyd olunur ki, Nizaminin hər bir poeması mükəmməl və təkrarsız sənət əsəridir. “Sirlər xəzinəsi” əsəri isə dahi şairin ilk məsnəvisi olmaqla, müdrik fikirlərlə zəngin bir hikmət xəzinəsi, həyatın ayrı-ayrı sahələrini əhatə edən, yeni ideya və qənaətləri ifadə edən və hekayətlərdən ibarət bir poemadır.
Qeyd edək ki, 2024-cü ildə Türkiyədəki AMM-in layihəsi ilə Nimet Yıldırım tərəfindən Nizaminin “İskəndərnamə” əsəri türk dilinə tərcümə olunaraq Ankarada işıq üzü görmüşdü.
Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal tərəfindən “Xəmsə”yə daxil olan beş əsərin hər biri orijinaldan özbək dilinə tərcümə edilərək çapdan çıxıb.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
Hekayə janrının və ədəbi tənqidin görkəmli nümayəndəsini şərəflə anırıq
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün çağdaş Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri olan yazıçı, tənqidçi, pedaqoq, mətbuat və mədəniyyət xadimi Seyid Hüseynin (Seyid Hüseyn Sadiqin) doğum günüdür.
Çağdaş Azərbaycan nəsrinin, xüsusilə hekayə janrının inkişafı və XX əsrin əvvəllərində ədəbi tənqidin yaranması Seyid Hüseynin adı ilə bağlıdır.
Şirin hekayə ustası kimi şöhrət qazanmış Seyid Hüseynin nəsri çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biri sayılır.
Hüseyn Mirkazım oğlu Sadıqzadə 25 yanvar 1887-ci ildə Bakıda dünyaya gəlib.
Atasını erkən itirən yazıçı babasının himayəsində böyüyüb.
O, əvvəl Mollaxanada, daha sonra isə dörd ilə yaxın dövrünün görkəmli maarif xadimlərindən biri olan Mahmud bəy Mahmudbəyovun müdiri olduğu Rus-tatar məktəbində təhsil alıb.
Azərbaycan, rus və fars dillərini mükəmməl öyrənib.
XX əsrin əvvəllərində babsının vəfatından sonra əmək fəaliyyətinə başlayan Seyid Hüseyn 1904-1914-cü illərdə müxtəlif qəzet redaksiyalarında ədəbi işçi kimi fəaliyyət göstərib.
O, ilk öncə "Kaspi" və "Təzə həyat" qəzetlərinin mətbəəsində mürəttiblik etmiş, "Bəhlul", "Kəlniyət" və "Qurtuluş" jurnallarının naşiri olmuş 1913-1914-cü illərdə "İqbal" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Bakıda orta məktəb və texnikumlarda müəllim kimi fəaliyyət göstərmiş,
"Kommunist" qəzeti, "Şərq qadını" jurnalı redaksiyakarında çalışmış, "Azərnəşr" in bədii ədəbiyyat şöbəsinin redaktoru olnuşdur.
Yazıçı bədii yaradıcılığa 1907-ci ildə başlamış qəzet və jurnallarda məqalə və felyetonlarla çıxış etmişdir.
Çağdaş Azərbaycan nəsrinin, hekayə janrının və ədəbi tənqidin inkişafında Seyid Hüseynin xüsusi rolu olmuşdur.
1927-ci ilə qədər müvəqqəti-mühərrir kimi şöhrət qazanmış yazıçı mədəni-maarif cəmiyyətlərinin işlərində fəal iştirak etmişdir.
O, 1934 -cü ildə Azərbaycan yazıçılar ittifaqının üzvü olmuşdur. Lakin, Ziyalılarımıza qənim kəsilmiş Stalin represiyası adlı ölüm maşını təəssüf ki, Seyid Hüseyndən də yan keçməmişdir. O, 1936-cı ildə yazıçılar ittifaqının üzvlüyündən kənarlaşdırılmış, əsərləri kəskin tənqid olunmuş və ona xalq düşməni damğası vurulmuşdur.
Seyid Hüseyn 1937-ci ildə həbs edilmiş 1938-ci ilin yanvarında güllələnmişdir.
Həmçinin yazıçının həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə onun həyat yoldaşı şair Ümmügülsüm хanım da xalq düşməninin həyat yoldaşı damğası ilə həbs edilərək Bayıl həbsхanasına göndərilmiş və bir müddət sonra 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslah əmək Düşərgəsinə göndərilmişdir.
Onu da qeyd edək ki, Ümgülsüm xanım Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olmuşdur və Seyid Hüseynlə Ümgülsüm xanımın Oqtay, Toğrul və Qumral adlı üç övladı olmuşdur.
Seyid Hüseyn ədəbi yaradıcılığa başladığı ilk illərdə ara- sıra sonralar isə müntəzəm olaraq qəzet və jurnallarda "Kazımoğlu", "Hüseyn Sadiq", "Seyid Hüseyn", "Seyid Hüseyn Sadıqzadə", "Mühərrir" imzaları ilə ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. Müəllifin müxtəlif illərdə "Ağ valideyn yaxud zavallı Məşədi Zaman", Qaçaq oğul yaxud ata məhəbbəti", "Yeni həyat yollarında" kimi bir çox kitabı işıq üzü görmüş, "Gələcək həyat yollarında", "Şirinnaz", "İki həyat arasında", "Yatmış kəndin qış gecələrində", "Gilan qızı" və s. kimi hekayələri, "Altun", "Yalan", "Gözləllik nədir" və s. kimi məqalələri xüsusi oxucu rəğbəti qazanmışdır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
ТMİF-in Baş qərargahında Fondun Şurasının iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü keçirilib
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
23-24 yanvarın tarixlərində Тюрк Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən Baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü baş tutub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xarici işlər və mədəniyyət nazirlərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.
Öncə Fondun prezidenti Aqtotı Raımkulova qonaqları salamlayıb və 2024-cü ildə Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. O, Fond tərəfindən 74-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Aqtotı Raımkulova bir sıra mühüm layihələri qeyd edib: Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, "Türk Dünyası 2040-a baxış" sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk Mədəniyyəti İrsinin Kataloqunun hazırlanması, Beşinci Dünya Köçərilər Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyət irsinin idarə olunması sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının keçirilməsi, "Türk Dünyasının Məşhur Şəxsiyyətləri", "Türk ədəbiyyatının Zərgərləri", "Türk Dünyasının Elmi Xəzinələri" adlı kitab seriyalarının nəşr edilməsi, Bakıda "Türk Dünyası tarixi və mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması" mövzusunda beynəlxalq konfransın təşkili, Parisdəki UNESCO qərargahında türk dünyasının görkəmli alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazılmış "Divani Lüğət at-Türk" adlı ilk Türk dilləri ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsi.
İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb. Dövlət orqanlarının nümayəndələri və Fondun əməkdaşları təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıb, 2025 və 2026-cı illər üçün Fondun fəaliyyət planlarına daxil edilmiş Türk Dünyasının zəngin irsinin populyarlaşdırılması, qorunması və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb.
Qeyd etmək lazımdır ki, cari ildə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir və Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəyi 2-ci Şura iclası 2025-ci il fevralın 7-də Astana şəhərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)
UNUDULMAZ FİLMLƏR - “Fəryad”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Hər dönəmin öz çətinlikləri, ağrısı olur. Bu çətinliklər müstəqilliyini yenicə əldə edən Azərbaycandan da yan keçmədi. Bir tərəfi vətəndaş müharibəsi ilə üz-üzə dayanmış, bir tərəfi isə qonşu deyib yanına adlığı ermənilər tərəfindən işğal edilən Azərbaycan səsini dünyaya heç cür eşitdirə bilmirdi. Öz dediyimizi elə özümüz də eşidirdik. O dönəmlərdə “səsimizi eşitdirməyin yolu film çəkməkdən keçir” sözü işlədilsəydi həmin adama gülərdilər. Ancaq çoxunun gülüb keçə biləcəyi bu fikir reallaşdı. Ssenari müəllifi Vaqif Mustafayev, rejissoru və baş rolunun aktyoru Ceyhun Mirzəyevin olduğu “Fəryad” filmi 1993-cü ildə çəkildi.
Filmdə Xçaturyan rolunu o qədər yaxşı oynamışdı ki, aktyor Məlik Dadaşovu, deyilənə görə, Ermənistanda milli qəhrəman deyə ananlar da var idi.
Filmin daha real bir şəkildə olması üçün o dönəm işğal zamanı Naftalanda məskunlaşan Xocalı sakinlərinin də köməyi olub. Hətta söylənənlərə görə Ceyhun Miirzəyev çəkilişlərdən o qədər təsirlənib ki, filmin operatoru Kənan Məmmədova “zülmdən sağ qurtulan insanları yenidən öldürməyək” deyib ağlayıb.
O dönəm yaşadıqlarımızı göz önünə gətirəndə həm millət olaraq, həm də insan olaraq necə çətin və sarsıdıcı ortamdan keçdiyimiz gözlər önünə sərgilənir. Qarabağımız hər nə qədər azadlığına qovuşsa belə o dönəmi unutmaq ağlımızdan, beynimizdən çıxarmaq qeyri-mümkündür. Həmd olsun ALLAHA, qisas günümüz qiyamətə qalmadı.
ALLAH şəhidlərimizə rəhmət etsin, qazilərimizə ŞAFİ ismi ilə şəfa versin.
“Ədəbiyyat və İncəsət”
(25.01.2025)