Super User

Super User

Cümə, 24 Yanvar 2025 15:12

Simurq quşunun hekayəti - ESSE

Təqdim etdiyimiz yazının müəllifi tovuzlu məktəblidir: Nurtac Yolçu qızı Zeynalova. Onun 17 yaşı var. Adil Qasımov adına Tovuz rayon tam orta məktəbinin 11-ci sinif şagirdidir. 3-cü qrup üzrə hazırlaşır. İncəsənət və Ədəbiyyata xüsusi marağı var.

 

Ədalət, bəzən bir xəncərin ucunda, bəzən bir sözün kölgəsindədir. Amma hər zaman bir bədəlin ödənməsini tələb edir.

 

Ədalət, hər kəsin dilində, amma heç kimin ürəyində deyil. Ədalət çox zaman xalq ac ikən ziyafət süfrəsindən qalxmayan kralların; özü qatil, günahkar olsa da, qarşısındakının haqqını yeyərək “ədalət” deyə qışqıran qatillərin; və pulu, gücü çox olanların tərəfindədir. Ədalət dediyimiz şey, çox vaxt həqiqi ədalətdən uzaqdır.

 

Bəziləri bu haqsız düzəni seyr etməyi seçir, bəziləri isə qaranlığın içində bir işıq yandırmağa cəsarət edir.

Amma heç kim qaranlığın içindəki həqiqətləri görə bilmir. Çünki zəfərin işığı nə qədər parlaq olarsa, kölgələr o qədər böyüyər və həqiqəti gizləyər. Ədalət bəzən yalnız güclülərin qalxanı olur, zəiflərin fəryadı isə küləkdə yox olub gedir. Halbuki həqiqi ədalət qılıncla deyil, vicdanla təmin edilir.

Və bu arzusu, bu mübarizəsi səbəbindən işığı sonsuzadək söndürülənlər var.

 

Amma məni sönmək qorxutmur, çünki mən hər dəfə külümün içindən yenidən doğuluram, yıxılsam da, dizimin qanına məhəl qoymadan təkrar-təkrar ayağa qalxıb yoluma davam edirəm.

Məni yandıra bilərlər, kül edə bilərlər, amma bilmədikləri bir şey var: külüm təkrar küləkdə sovrularaq can tapar və bu dəfə onların içini yandırar. Amma bunu da unutmuram: işıq nə qədər parlaq olsa, kölgəsi bir o qədər dərin olar. İnsan nə qədər çalışsa da, ona bir əl uzadılmadıqca yıxılar, dizləri qanayar.

 

Və qaranlığın içindəki hər ürək öz savaşını verir. Bəziləri bu savaşda keçmişin yükünü daşıyır, bəziləri isə gələcəyin vədi üçün hər şeyi riskə atır. Amma heç kim qaranlığın nə qədər dərin olduğunu təxmin edə bilməz.

Bəziləri üçün bu, bir azadlıq mübarizəsi idi, bəziləri üçün isə sadəcə güc savaşı. Amma hər kəsin unutduğu bir şey var idi: qaranlığın içindəki işıq belə hər zaman təmiz deyildi. Və o işığın kölgəsi, keçmişdə edilən səhvləri, bu gün verilən qərarları sonsuzadək ləkələyəcəkdi.

Bu gün töküləcək tər və qan bəlkə də yalnız bir neçə nəfərin vicdanını təmizləyəcək. Amma bu mübarizə, səssiz qalanların səsi olacaq.

Tarix həmişə məğlubları yazır deyirlər, amma mən bunu qəbul etmirəm. Bu gün yalnız məğlublar yazılmayacaq o sətrlərə. Kimin haqlı, kimin günahkar, kimin qalib, kimin məğlub olduğunu tarix deyil, biz müəyyən edəcəyik, o qələmi biz tutacağıq.

Bu gecə tarix yazılmayacaqdı. Bu gecə yalnız sağ qalanların hekayəsi danışılacaqdı. Xəyanət, sədaqət, qorxu və cəsarət bir-birinə qarışacaq, həqiqətlər yalanlarla mübarizə aparacaq və hər seçim bir sonrakı xaosun toxumlarını əkəcəkdi.

Bu gecə qılınclar çəkiləcək, planlar qurulacaq, həyatlar dəyişəcəkdi. Bəziləri azadlıq üçün mübarizə apararkən, bəziləri bu mübarizəni öz maraqları üçün istifadə edəcəkdi. Amma hamının yolu bir nöqtədə kəsişəcəkdi. Çünki nə müharibə, nə də ədalət, qərəzsiz bir oyun oynayır. Hər addımın bir bədəli, hər zəfərin bir qurbanı var idi.

Və hər iki tərəfin ortaq nöqtəsi bu yolda onlarla qurban vermək olacaqdı.

Bu, ədalətin deyil, insanlığın sınağa çəkildiyi bir gecə idi. Çünki ədalət, hər kəs üçün fərqli bir məna daşıyırdı. Kimisi üçün bir haqqın təslimi idi, kimisi üçün isə sadəcə intiqam vasitəsi. Bəs, bu gecə silahlar susduqda geridə nə qalacaqdı? Cəsur ürəklərin dirənişi, yoxsa qırılmış xəyalların dağıntısı?

Cavab yalnız səhərin ilk işıqlarıyla ortaya çıxacaqdı. Amma o vaxta qədər hər nəfəs bir mübarizə, hər addım bir meydan oxuma, hər baxış bir sirr daşıyacaqdı. Çünki gecə yalnız qaranlığı deyil, həqiqi simaları da üzə çıxarırdı.

Və o an gəldikdə, heç kim geri dönüb baş verənləri dəyişdirə bilməyəcəkdi. Qan töküləcək, sirrlər açılacaq, dostlar düşmənə, düşmənlər isə gözlənilməz xilaskarlara çevriləcəkdi. 

Gecə qaranlıq idi, amma əsl qaranlıq insanların ürəklərində idi.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Mikayıl Azaflının şəxsiyyəti, yaradıcılığı, irsi, mühiti, çağırışları duyğulu, qanadlı, üfüqötəli, bir o qədər də dərin məzmunludur.

 

Azaflı özündən öncəki milli sənət ustadlarının ləyaqətli davamçısı - ümumiləşmiş obrazı və çağdaşlarına, özündən sonrakılara örnək ustaddır. Xalq ruhunun cəsarətinin və sanki dərin dövlət bilgilərinin daşıyıcısı, müstəqilliyin illa olacağına daxili inamın sahibi kimi təqdim olunmağı haqq edən sənətkardır Mikayıl Azaflı. Ustadın vəfatından sonra da, öz cazibədarlığını itirməməsi, sanki yeni mistika qazanması maraqlı hadisədir.

 

Ağsaçlı ustad deyirdi: 

 

“Qoca Azaflıyam, dilim var, lalam.

Təbrizdə qardaşım, Sibirdə balam.

Elə dərd varmı ki, çəkməmiş olam,

Bax onlar ağartdı saçımı mənim”. 

 

- Ağsaçlı ustadın həyat təcrübəsi, vətən sevgisi, bütövlük həsrəti və çəkdiyi əzabların dərin ifadəsi əks olunub. Ustad “Dilim var, lalam” ifadəsi ilə dilinin olmasına baxmayaraq, bəzi hallarda sözsüz qaldığını, dərdlərini açıq-açığına deyə bilmədiyini göstərir. Təbrizdə qardaş, Sibirdə bala olması isə milli kədərimizin coğrafiyasını, ayrılığın və faciənin simvolunu göstərir.

Mikayıl Azaflı yalnız bir ədəbiyyat ustadı deyil, həm də xalq ruhunun və milli kimliyin daşıyıcısı olub. Mikayıl Azaflı özündən öncəki ustadların dərin bilik və sənət gələnəklərini öz yaradıcılığında yaşatmaqla yanaşı, onlara yeni çalarlar qatıb, bu gələnəkləri çağdaş dönəmin çağırışlarına uyğunlaşdırıb.

Azaflını həm də çağdaşlarına örnək və gələcək nəsillərə xəlqi iradə simvolu kimi təqdim etməkdə haqlıyıq. Azaflı, sanki xalqın daxili səslərini duyaraq, müstəqilliyin üfüqdə göründüyünü fərq edir və onun əbədi bir dəyər olduğuna inanır, bunu öz əsərləri ilə ifadə edirdi. Bu inam onun yaradıcılığına dərindən nüfuz etmiş ki, əsərləri müstəqillik və milli özünüdərk ruhunu daşıyıcısı olub.

Azaflının vəfatından sonra onun irsinin tədricən yeni bir mistik auraya bürünməsi, oxucular və araşdırmaçılar tərəfindən müxtəlif yönlərdən öyrənilərək yeni anlam qatlarının açılması xoşdur. Azaflının xalq ruhunun güzgüsü olması və yaradıcılığının digər məziyyətləri, onun zaman və məkan sınırlarından kənar bir təsir gücünə malik olduğunu vurğulayır.

Mikayıl Azaflını anmaq azdır, eyni zamanda onun irsinin bugünkü və gələcək nəsillər üçün nə qədər dəyərli olduğunu təbliğ və tərənnüm etmək gərək. 

Azaflı poeziyasının duyğulu, lakin intellektual məzmunla zəngin olması, ustadın yaradıcılığının gələcəkdə də təsirli olacağına zəmin yaradır.

Ruhuna alqış!

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bizə Şadlinski soyadını Abbasqulu ağa sevdirib. Biz onun obrazında Azərbaycan kişisinə xas olan bütün xüsusiyyətləri tapdıq. Və yaddaşımıza Azərbaycan kişisinin nümunəsi kimi əbədi həkk oldu. 

 

Ümumiyyətlə mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərən əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Kübarlığı, alicənablığı ilə fərqlənən bu şəcərə Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərləri gələcək nəsillərə örnək və nümunədir. Bəli, Şadlinskilər nəslində elə bir insan yoxdur ki, bu şəcərəyə xas olan keyfiyyətləri özündə ehtiva etməsin. Necə deyərlər, hər biri görkəmli şəxsiyyət, Azərbaycan kişisinin bariz nümunəsidir…

Professor Vaqif Şadlinski də bu şəcərənin davamçısıdır, vücudunda bu soyun genini, damarlarında isə qanını daşıyır. Onunla cəmi bir dəfə- tibb elmləri doktoru, professor Vəli Əsmətovun illər öncə dəvət etdiyi övladının toyunda ünsiyyətdə olmuşam və hiss etmişəm ki, üz-üzə dayandığım şəxs sözün əsl mənasında əzəmətli, görkəmli kişilərdən biridir…

Deyir ki:- “Vətəndaş olmaq – Vətəninə sevgisini əməli ilə sübut etmək, Vətənin maraqlarına xidmət göstərmək, onun güclü dövlətə çevrilməsinə töhfə vermək deməkdir. Bir də deyir ki, vətəndaş olmaq – doğulduğun Vətəni, vətəndaşı olduğun dövləti, mənsub olduğun milləti sevmək deməkdir. Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevməyən adam vətəndaş sayıla bilməz!..”

Soyuqqanlı görünsə də, rəftarında nə qədər ciddi olsa da əslində sevgi dolu və şəfqətli ürəyi var. Ağıllı və etibarlıdır. Ətrafında baş verənləri məntiqlə müşahidə edib, düzgün dəyərləndirməyi bacarır. Sakit və sadə insandır. İnsanlarla ünsiyyətdə mehriban, dostluqda isə çox diqqətlidir. Özünü reklamı xoşlamır, öhdəliklərini səbir və qayğı ilə yerinə yetirir- heç bir nümayişkaranəlik etmir...

Haqqında söhbət açdığım Vaqif Şadlinski 1940-cı ildə qədim Azərbaycan torpağı olan Vedi rayonunda dünyaya gəlib. 1948-1950-ci illərdə deportasiya nəticəsində ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşıb. 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra, 1963-cü ildə müvəfəqiyyətlə qəbul imtahanlarını verərək, Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olub və oranı uğurla başa vurub. 1970-ci ildən isə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlayıb. O vaxtdan indiyədək bu tədris ocağında I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996-2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla fəaliyyət göstərib. Hazırda İnsan anatomiyası və tibbi terminalogiya kafedrasının professorudur...

“Müəllim tədris müəssisəsində təlim- tərbiyə prosesini yaradıcılıqla təşkil edə, həyata keçirə bilirsə, deməli, o, gənc nəslin gələcəyin nümunəvi vətəndaşı kimi yetişməsində üzərinə düşən ən ağır, məsuliyyətli və şərəfli bir peşəni ləyaqətlə yerinə yetirə bilir. Lakin pedaqoji fəaliyyət zamanı bu missiyanı reallaşdırmaqda çətinlik çəkirsə, tələbələrə qayğını güzəştdə görürsə, necə deyərlər, yaxşı ilə yamana eyni gözlə baxırsa, onda  təlim-tərbiyə prosesinin səmərəliliyi barədə danışmağa, yüksək uğurdan, müsbət nəticədən söhbət açmağa dəyməz. Ümumiyyətlə, pedaqoji proses elə qurulmalıdır ki, tələbə müəllim qarşısında daim gələcəyin ləyaqətli mütəxəssisi kimi öz məsuliyyətini dərk edə bilsin...”- söyləyir...

2009-cu ildən Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü və həmin akademiyanın qızıl medalına layiq görülüb. BMT-nın təltiflər şurası tərəfindən "I dərəcəli Hippokrat ordeni" ilə təltif olunub. Elə həmin il Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib və həmin akademiya tərəfindən Albert Şveytser adına Gümüş medala layiq görülüb.

2010-cu ildə Avropa Elmi Cəmiyyətinin rəyasət heyəti tərəfindən elm sahəsinə avəzsiz töhfəsinə görə Hannover şəhərində "Avropanın Fəxri Alimi" diplomuna və "Robert Kox adına medal"la təltif olunub. Yeri gəlmişkən, o həm də Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür.

2010-cu ildə prezidentin sərəncamı ilə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. 2020-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. 2022-ci ildən Prezidentin fərdi təqaüdünü alır...

Deyir ki:- “Mən DNK analizimi ABŞ-a göndərdim. Oradan cavab aldım ki, Şəddadi nəslinin nümayəndəsiyəm. Təkcə mənim məktubumla əlaqədar 5 nəfər bizim nəslin nümayəndəsi üzə çıxıb. İndi görün dünyada bu nəsildən olan nə qədər adam yaşayır. Bununla mən sübut etdim ki, Əyyubilər sülaləsinin ilk hökmdarı Səlahəddin Əyyubi bizim nəsildəndir. Bununla bağlı tarixi faktlar da var. Mən istəyirəm ki, öz kökümü, keçmişimi dərindən öyrənim. Mənim övladlarım, nəvələrim də öz köklərini bilsinlər. Burada heç bir millətçilik və ya qohumbazlıq yoxdur. Hər kəs öz əcdadını, kökünü tanımalıdır...”

Bəli, bu gün - yanvarın 24-ü işıqlı bir şəcərənin davamçısı, ləyaqəti, mərdliyi, kişiliyi, insanlığı ilə könüllərdə yuva quran profüssor Vaqif Şadlınskinin 85 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, ağrı-acısız günlər arzulayıram.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Cümə, 24 Yanvar 2025 14:04

Türklüyün zirvəsi TURAN

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Hər bir millətin, hər bir toplumun bir simgəsi,  bir məqsədi və bir xəyalı olur. Türkün və türkçülüyün də xəyalı və amalı ta əzəldən TURAN olub. Tarixə baxdıqda bu təşkilatın, bu toplumun, bu ordunun qurulması üçün müəyyən addımlar atılsa da, sonralar müəyyən qüvvələr tərəfindən bunun qarşısı alınıb. Lakin bu sarsılmaz birliyin qurulması üçün qarşıda hər hansı önəmli bir əngəl görülmür. 

 

Türk Dövlətləri Təşkilatı və ya əvvəlki adı ilə desək, Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Türkiyə,  Azərbaycan,  Qazaxıstan və Qırğızıstan dövlətləri arasında qurulmuş olan beynəlxalq bir təşkilatdır. Özbəkistan dövləti də 30 aprel 2018-ci ildə təşkilata qatılmaq niyyətində olduğunu bildirmiş və 14 sentyabr 2019-cu ildə təşkilata qəbul olunmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülmüşdür. 2018-ci ilin sonlarından bu yana isə Macarıstan dövləti şuranın müşahidəçi funksiyasını yerinə yetirir. 

Macarıstanın baş naziri Attilanın soyundan gəldiklərini və türk olduqlarını bəyan edib, xatırlayırsınızsa. 

Getdikcə böyüyən və günü-gündən inkişaf edən bu təşkilatın yaxın gələcəkdə Türkün nələrə qadir olduğunu göstərəcəyini düşündükcə xəyallarımızın və hədəflərimizin çox da uzaqda olmadığı aşkar görünür. Bu millətə, bu ulusa, bu topluma elə birləşmək yaraşır. 

YAŞASIN TURAN!!!

Tezliklə sizlərə sıra ilə türk dünyasının ən böyük qəhrəmanlarından, cəngavərlərindən, sərkərdəıərindən danışacağıq. 

 

“Ədəbiyyat və İncəsət”

(23.01.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

Yabanı kimdir? Roz, yoxsa bizə uyğun olmayan hər şey? 

Hərfi mənasında  “yabanı”  əhlilləşməmiş olandır. Kimin/nəyin əhlilləşmiş olub-olmaması isə bizim yanaşmamızdan, daha doğrusu, idrakımızdan asılıdır. Başqa sözlə, öz təbiətimizə, düşüncəmizə uyğun olanlar bizimçün əhlilləşmişdir, uyğun olmayan isə yabanı… 

 

Təsəvvür edin, bir çəmənə giririk və orada düyməsini yeyə biləcəyimiz əmənkömənçi (əbəgüməci)  komu görürük. Yeyə bildiyimiz üçün əmənkömənçi girir əhlilləşmiş kateqoriyasına. Amma onun düz böyründəcə batbatı var, yemək olmaz, toxumlarını azacıq çeynəyən kimi, adam  havalanır. Və bizimçün batbatı olur yabanı bitki. Başqa yerdə nə deyirlər bilmirəm, biz göyçəlilər batbatıya ayama da qoşmuşuq: “dəli batbatı”. Yaxud hamımızın tanıdığı əvəlikdən danışaq: yeyə bildiyimiz, tünd rəngli növ “əvəlik”dir, yeyə bilmədiyimiz, üstündə qırmızı xalları olan, açıq rənglisi isə “dəli əvəliyi”. 

Bu misalları ona görə çəkdim ki, yabanılıqla mədəniliyin arasındakı sərhədin qeyri-müəyyən, qeyri-dəqiq olmadığını anladım. Çünki indi haqqında danışacağım cizgi filminin adı belədir: “Yabanı robot”. 

 

Amerikalı uşaq yazıçısı, illustrator Piter Braun`un yaratdığı obrazdır yabanı robot. Mətn-müəllif arasındakı qarşıdurmalardan yaranan obrazlar dünyanı heyrətə salmağı bacarır. Ədəbiyyat tarixini, ədəbiyyatın kulisini bilənlər üçün bu obrazlar da iki yerə ayrılır: “doğma obrazlar”, “ögey obrazlar”. Mətn-müəllif qarşıdurmasında mətn dominantdırsa, “ögey”lər yaranır, müəllif dominantdırsa, “doğma”lar yaranır. Bu da ədəbiyyatın əbədi mübahisələrindəndir. 

Piter Braun`un yabanı robotunu tanımağa cəhd etdikcə, mətnin qalibiyyətinin şahidi oluruq. Müəllifin “Yabanır robot”, “Yabanı robot qaçır”, “Yabanı robot qoruyur” adlı əsərləri ““Nyu-York Times” bestsellerləri” siyahısındadır.  Uşaq yazıçısı kimi tanınan Braun`un bu əsərlərini də dünya ədəbiyyatı uşaq ədəbiyyatı nümunələri kimi qəbul edəcəkdi, “Yabanı robot” cizgi filmi çəkilməsəydi. 

2024-cü ildə təqdim edilən  ekran əsərinin büdcəsi 78 milyon dollar idi. Kassada 324,9 milyon toplamağı bacardı. Və hamımız bilirik ki, bu pulu uşaqlar deyil, böyüklər xərclədi. 

Bundan sonra  başlandı “Yabanı robot” haqqınday azılmağa… Məsələn, elle.in`in yazarı Ekta Sinha`nın 14 oktaybr 2024-cü il tarixli yazısında bu qeydləri oxuyuruq: “2024-cü il cizgi filmlərinin yalnız uşaqlar üçün olmadığını sübut etdi. Rejissor Kris Sanders bunu açıq-aşkar dünyaya göstərdi”. 

Linet Nikolas parents.com-da yazdığı məqalədə deyir: “Məhz Rozun obyektivindən biz dünyanı, onun təcrübələrini görməyə başlayırıq. Onun həssaslığı, mərhəməti ətrafındakı canlı heyvanlara da təsir edir”. 

Hə, “Yabanı robot”u meydana çıxaran qarşıdurmada müəllifin məğlubiyyətinin sirri elə bundadır: emosiyaları olan robotun mövcudluğunda. Hətta Braun əsərində oxuculara, (Sanders də tamaşaçılara) onu ötürür ki: “Dost sayı az ola bilər, əsas odur ki, sən o dostlarla xoşbəxt olmağı bacarasan”.  

Digər tərəfdən,  bizə “vəhşi təbiət” deyə anladılan/öyrədilən hər şeyin mif olduğunu anlayırıq.  Mifologiya heç vaxt dağıdıla bilməyən, eyni zamanda da, divarları gözlə görünməyən qəsrdir. Onu yaradan insanın həyatı öyrənmək cəhdləri, qazandığı təcrübələr, qorxularıdır.  Mif varsa, orada sevgidən, mərhəmətdən söhbət gedə bilməz. Lakin ROZZUM Unit 7134 nömrəli robotu yaradan yaradıcılıq eşqi, düşüncə sistemi bizə anladır ki, sevgini, mərhəməti tapmaq, ona həyatın-təbiətin hər anında yaxınolmaq üçün mifi elə mif kimi qəbul etməliyik-nəsrin yarpaqları kimi… Və o yarpaqları suyun üstündə saxlayan incə bağların suyun dərinliklərində bir kökə bağlı olduğunu da unutmamalıyıq. 

Piter Braun öz bloqunda qeyd edir ki, “Yabanı robot” uyazmaq onun 8 ilini alıb. 

Bu qeydlərinin sonunda o yazır: “Yuxudan oyanan və vəhşi adada tək olduğunu görən robot. Roz ora necə gəldiyini, haradan gəldiyini bilmir; o, yalnız sağ qalmaq istədiyini bilir”. 

Tanış situasiyadır, hə?  İlkinlik, sağ qalmaq instinkti… Və Roz neyləməliydi?  Braun yazır: “Robotik şəkildə ətrafını öyrənərək bilməsi lazım olan hər şeyi öyrənir… Lakin Rozun öyrəndiyi ən vacib dərs odur ki, xeyirxahlıq sağ qalmaq bacarığı ola bilər”.

Hə, məğlub olan yazıçının zəfəri elə buradan başladı - dünya onun “ögey” obrazının diliylə demək istədiyini anladı… 

Sonda, kimsə gəlib mənə  “Wild robot”un Azərbaycan dilində qarşılığının “Vəhşi robot” olduğunu söyləməsin. Roz vəhşi deyildi... Uzaqbaşı, ona “yabanı” deyə bilərik.  Mənimlə razılaşmaq üçün cizgi filminə bircə dəfə belə, baxmağınıza dəyər, əziz böyüklər! 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

 

                              Günay Müzəffər üçün

 

Günlərin bir günü uğur böcəyi çobanyastığına qonaq gəlir. Çobanyastığı başını əyib onu salamlayır və deyir:

-O düzdür ki, kimin barmağına qonsan, uğur gətirirsən?

Uğur böcəyi qanadlarını yığır və ağır-ağır dillənir:

-Sənin sonuncu ləçəyin “sevir”  çıxanda sevənlər qovuşurmu?

Çobanyastığı susur, dərindən “ah” çəkir və deyir:

-Axı sonuncu ləçəkdən sonra insanlar məni unudur... Heç vaxt gəlib hekayənin sonunu danışan olmur... 

Uğur böcəyi gülümsəyir:

-Hə... Elə mən də qonduğum barmaqdan uzaqlaşan kimi unuduluram... Sonunu bilmədiyimiz hekayələrdir həyat... Bəlkə də sonları bilsək, bir anlamımız qalmazdı... 

(2019) 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi məqsədi ilə gənc rejissor Fuad Cavadzadənin quruluşunda, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni pyesi əsasında hazırlanan “Xeyir Xəbər” tamaşası Sumqayıt Dövlət Dram Teatrında təqdim olundu. 

 

Ötən mövsüm çox uğurla premyerası keçirilən tamaşa Sumqayıt ictimaiyyətinə, teatrsevərlərə, müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə təqdim edildi.

Növbəti dəfə tamaşa Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilən “Bölgə Teatrlarının Bakı Premyeraları” layihəsi çərçivəsində Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə və tamaşaçılara təqdim olundu. Tamaşa, eyni zamanda, Mədəniyyət kanalı vasitəsilə canlı yayımlandı.

Bu dəfə isə ölkənin əsas teatrlarından olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə, ziyalılara və tamaşaçılara uğurla təqdim edildi.

Bir hissəli qəhrəmanlıq dramı olan “Xeyir Xəbər” tamaşasının bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Qrafik işləri Sahil Nəzərov tərəfindən hazırlanıb.

Rollarda Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov və Əmrah Cəbiyev çıxış edirlər.

Tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranlarına və qazilərimizə ithaf olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

 Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR :

 

Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir. 

2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.

2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir. 

2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 

2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.

Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı  bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.

Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.

Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında  “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.

Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.

 

 

ŞAGİRD

 

Rüstəmli Fateh Asim oğlu 10 dekabr 2009-cu ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 2016-cı ildə E. Şirəliyev adına 274 nöməli tam orta məktəbdə birinci sinfinə daxil olmuşdur, 2019-cu idən etibarən təhsilini Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hazırda 9-cu sinif şagirdidir.

2024-cü ildə kimya fənni üzrə Respublika Fənn Olimpiadasında iştirak etmiş, uğur qazanmışdır. 2024-cü ildə “Xəzər İntellektual Gənclər Klubu” və "3sual.az" platformasının təşkilatçılığı ilə keçirilən “Məktəblilərin İntellekt Liqası” layihəsində iştirak etmiş, uğur qazanmışdır. 

2024-2025 illərdə davam edən, İsrail və Azərbaycanın birgə layihəsi olan "Beynalxalq Kosmos Olimpiada"da iştirak edir. Eləcə də 2024-2025 illərdə davam edən “Bil, Bacar” yarışının iştirakçısıdır.

Məktəbdaxili kompüter və informatika yarışlarında iştirak etmiş və yer tutmuşdur. Bu kimi bir çox məktəbdaxili və məktəbdənkənar  müxtəlif intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirməkdədir. Asudə vaxtlarında musiqi dinləməyi, film izləməyi və xüsusən detektiv əsərlər oxumağı çox sevir.

 

ESSE

Kosmosda insan həyatı

 

Kosmos insanın həmişə xəyal etdiyi bir sirr və hüdudsuzluq dünyasıdır. Yer kürəsindən uzaqda həyatın mövcudluğu fikri bir vaxtlar fantastika kimi görünsə də, bu gün elm və texnologiyanın inkişafı sayəsində kosmosda insan həyatı reallığa çevrilib. Lakin bu reallıq çoxsaylı çətinliklər və çağırışlarla müşayiət olunur.

Kosmosda həyat, ilk növbədə, insanın yaşaması üçün əsas şərtlərin təmin olunmasını tələb edir. Oksigen, su, qida kimi zəruri ehtiyacların qarşılanması Yer kürəsindən fərqli üsullarla həll edilir. Beynəlxalq Kosmik Stansiya (ISS) bu istiqamətdə ən böyük uğurlardan biridir. Burada kosmonavtlar üçün oksigen istehsal edən, suyu təmizləyən və qida təmin edən sistemlər mövcuddur. Ancaq bu kifayət deyil. Çəkisizlik şəraiti insan bədəninə ciddi təsirlər edir. Uzun müddət çəkisizlikdə olmaq əzələ zəifliyinə və sümük kütləsinin azalmasına səbəb olur. Bu problemlərin qarşısını almaq üçün kosmonavtlar hər gün xüsusi fiziki məşqlər etməlidirlər.

Kosmosda yaşamanın digər bir böyük problemi radiasiyadır. Yer kürəsinin atmosferi bizi Günəşdən gələn zərərli radiasiyadan qoruyur. Kosmosda isə belə bir təbii qoruma yoxdur. Buna görə də kosmik geyimlər və xüsusi qoruyucu texnologiyalar istifadə olunur. Bununla yanaşı, psixoloji çətinliklər də əhəmiyyətli rol oynayır. Kosmosda uzun müddət dar məkanlarda olmaq, yaxınlarından uzaq qalmaq insan psixologiyasına təsir edir. Kosmonavtların ruh sağlamlığını qorumaq üçün müntəzəm ünsiyyət, əyləncəli fəaliyyətlər və psixoloji dəstək təşkil edilir.

Gələcəkdə kosmosda həyatın daha geniş imkanlar yaradacağı gözlənilir. Marsda koloniyaların yaradılması, Ayda baza qurulması kimi layihələr artıq planlaşdırılır. Bu layihələr insanlığın Yer kürəsindən kənarda yeni dünyalar kəşf etməsinə şərait yaradacaq. Ancaq bu, yalnız elmi-texniki nailiyyətlərlə deyil, həm də insan iradəsi və əzmi ilə mümkündür.

Nəticə olaraq, kosmosda insan həyatı hələlik çətin və məhdud olsa da, bu istiqamətdə atılan addımlar insanlığın nə qədər böyük potensiala malik olduğunu göstərir. 

Kosmos, insanın özünü və kainatı daha dərindən dərk etməsi üçün yeni üfüqlər açır. Bu üfüqlər, bəlkə də, bir gün insanlığın yeni yurduna çevriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Anonim müəlliflər cütlüyü, “Ədəbiyyat və incəsənət” üçün

 

QIZ:

Mən səni yaxşı tanımasam da, ruhum ruhunu yaxşı tanıyır. Mən səndən uzaqda olsam belə, kədərinə ortağam. Mən sənin kədərinlə tanışam, çünki mənim kədərim sənin kədərini tanıyır. Səni bilməsəm də, səninlə öpüşməsəm, səni qucaqlamasam da, yatmasam da dizlərində, ruhum sənin ruhunu çoxdan öpüb, qucaqlayıb, hətta ruhum sənə əsir düşüb. Səni cismən bir dəfə görmüşəm, amma ruhən illərdir sevmişəm.

 

OĞLAN:

Sən bir dəfə demişdin ki, “ruh qocalmır.” Amma ağrını ən çox ruhən hiss edir insan. Bilirsən də, ruh yorulur, ruh sevir, ruh kədərlənir... Amma bir şey də var: ruhun kədəri də, sevgisi də əbədidir. Bax, mən də sənə bu əbədiyyətin içində həmsöhbət olmaq istəyirəm. Səninlə kədərlənib, yorulub, sevinə bilərik — sonsuzadək. Mən səni tanımasam da, sənə aşiq olmasam da, ruhum ruhunu yaxşı tanıyır.

 

QIZ:

Sənin gözlərinin dərinliyinə baxmasam da, qəlbinin dərinliyindəki yaraları görə bilirəm. Sənin saqqalını oxşamasam da, siqaret tüstüsündən rənginin dəyişdiyini anlayıram. Sənin dostlarının çox, doğmalarının isə az olduğunu, hisslərindən qaçdığını bilirəm. Bilirəm ki, özünlə üzləşsən, zəifliklərini qəbul edəcəyindən qorxursan, buna görə də beynini susdurmağa çalışırsan. Əslində insanlara dəyər verirsən, amma bunu onlara hiss etdirmirsən.

 

OĞLAN:

Sənin kitabları fasiləsiz oxuduğunu, atan kimi olmamaq üçün mübarizə apardığını, darıxanda ulduzlara baxdığını, əsəbləşəndə otağına çəkildiyini bilirəm. Gecələr uzun yürüyüşlər edərək özünlə barışmağa çalışırsan. Güləndə qıyılan gözlərin, dodağının kənarındakı qəmzən, gözünün üstündəki sağ küncdə yerləşən ən uzun kirpik... Mən səni tanıyıram.

 

QIZ:

Sən mənim ruhumun sevgisi, qəlbimin qırıntısısan. Sən mənim ümidlərimin sonu, ehtirasımın sonsuzluğusan. Sən bir qədər mənsən, amma bir xeyli də məndən artıqsn...

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Bəzən qələbə insanın həyatında unudulmaz bir hadisəyə çevrilir, bəzən isə qələbənin özü ağır bir yük olur.

Məğlubiyyətə bərabər qələbə-insanın zəfər anında belə, içindəki boşluqla üzləşdiyi, itkilərinin ağırlığını qələbənin sevincindən daha çox hiss etdiyi anlara deyilir.

Bu, döyüş meydanında qazandığın zəfərdən sonra sevdiklərini itirdiyini öyrənmək kimidir. Döyüş başa çatır, səssizlik çökür, lakin sükutla birlikdə ətrafa dağılan talan, göz yaşları və yoxluq görünür. Həmin anda, qılıncın itiliyi, qalaların fəthi, bayraqların yüksəlişi mənasız görünür. İnsan öz-özünə soruşur: “Bütün bunlar nə üçün idi?”

Bir ananın öz övladını qorumaq üçün hər şeyi itirib qalib gəlməsi, amma o qələbədə övladını itirdiyini anlaması da belə bir məğlubiyyətdir. Bir alim düşün, illərlə bir məqsədə çatmaq üçün çalışır, lakin uğur qazandığı gün sağlamlığını, sevdiklərini və özünü itirdiyini görür. Bu cür qələbələr bəzən gerçək məğlubiyyətdən daha ağır olur.

Məğlubiyyətə bərabər qələbələr insanın həyatı boyu unutmayacağı dərslərdir. Onlar bizə öyrədir ki, hər mübarizə qələbə üçün deyil, bəzən dəyər üçün edilməlidir. Çünki ən böyük zəfərlər ruhun, vicdanın təmiz qaldığı zəfərlərdir. Əgər insan qazandıqlarına görə ən vacib olanları itirirsə, bu artıq qələbə deyil, həyatın bizə verdiği ən çətin sınaqlardan biridir.

 Həyat belə qələbələrlə doludur. İnsan bəzən qazanır, amma qəlbində məğlub olur. Həqiqi qələbə isə, yalnız qazanmaqla deyil, həm də özünü itirməməklə mümkün olur. Çünki itkilərin yükü ilə gələn qələbə heç vaxt gerçək zəfər deyil.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.