Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün - yanvarın 26-da Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 162-ci ildönümü tamam oldu. 

 

Firidun bəy Köçərli tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib fədai kimi qalıb.

1863-cü il yanvarın 26-da Şuşa şəhərində dünyaya göz açan Firidun bəy Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə böyük marağı və həvəsi oğlunun dövrünün ən yaxşı məktəblərində oxutmasına təkan verib. Atasının arzularına rəğmən Firidun bəy doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. O, 1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu olan Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydlər Firidun bəyə məxsusdur.

İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzunsürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.

Köçərli klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.

Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir. 

 

Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı. Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də rahat buraxmırdı. O, millətimizin uzaqgörən ziyalılarının olmasını heç vaxt gözügötürməyən ermənilərin məkrli əməllərinin qurbanına çevrildi. Düşmən 57 yaşlı aydının ömür çırağını söndürsə də, onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o nurun işığından Firidun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalanır.

Bir çox ziyalılarımız kimi Köçərlinin həyatını da Sovet hakimiyyəti bitirdi. 

1920-ci ilin mayında kommunistlər Köçərlini və digər "Müsavat” funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. 

Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir.

Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967-ci, 1972-ci və 2013-cü illərdə çap olunub.

Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Dostluq insan ruhunun ən incə toxunuşudur, həyatın qəlbinə işləyən, lakin gözə görünməyən bir bağdır. O, sevginin ehtirasından azaddır, lakin onun qədər dərin və təsirlidir. Dostluq, həyatın sükutunda baş verən bir dialoqdur – sözdən kənar bir danışıq, ruhların qarşılaşdığı və bir-birini tanıdığı bir haldır.

 

Dostluq, insanın dünyada tək olmadığını xatırladan bir təskinlikdir, lakin bu təskinlik zəiflikdən deyil, gücdən doğur.

Ümumiyyətlə insan həyatının əsas prinsipi sadəlikdir və dostluq bu sadəliyin ən saf təzahürüdür. Dostluq iki insan arasında açıq bir güzgüdür; lakin bu güzgü təkcə zahiri əks etdirmir, eyni zamanda, insanın ən gizli tərəflərini işıqlandırır. Dost sənə yalnız kim olduğunu göstərmir, kim ola biləcəyini də xatırladır. O, sənə qüsurlarını gizlətməyə imkan verməz, lakin bu qüsurları anlayış və şəfqətlə qarşılayar. Bu səbəbdən, dostluq, insanın özünü tanımasının və qəbul etməsinin ən gözəl yoludur.

 Dostun varlığı həyatın ağırlığını yüngülləşdirir, çünki onun səsi qəlbin ən dərin yorğunluğunu dindirən bir musiqidir. Onun gözləri qaranlıqda itmiş bir uşaqlığın qaytarılmasıdır. Dostluq, bəzən bir baxışda, bəzən bir susqunluqda öz mahiyyətini tapar. Çünki dostluq üçün danışmaq şərt deyil, bir yerdə olmaq, bir anı paylaşmaq kifayətdir.

Dostluq, insan varlığının zərif bir poeziyasıdır. O, həyatın axarında səssizcə boy verən, lakin heç vaxt tükənməyən bir çiçək kimidir. Sevgi bəzən ehtirasla qopar, parçalanar, lakin dostluq öz sakitliyində möhkəm qalar. Onun təbiəti, çayların axışına bənzəyir səthdə sadə, dərinliklərdə isə sirli və qəliz. Dostluq, həqiqi olduğunda, zamanın sərtliyinə tab gətirər. Fırtınalar onu əyə bilər, lakin onu sındıra bilməz.

 Bəzən dostluq sınar, həyatın sərt qumları onun incə toxumalarına dolanar. Amma dostluq təmizliyə deyil, anlayışa əsaslanır. O, insanın mükəmməl olmasını gözləmir, əksinə, qüsurları ilə sevməyi bacarır. Dost, insanın öz əksini görməkdən qorxmadığı bir güzgüdür – sən bu güzgüyə baxanda həm özünü, həm də başqasını görürsən. Və bu baxış, səni daha güclü və daha azad edir.

Dostluq, bəzən həyatın ən sakit fəsillərinə bənzəyir – payızın melankoliyası kimi. O, sənə bir itki hissi yaşadanda belə, bu itkini sükutla və ləyaqətlə qəbul etməyi öyrədir. Dostluq nə mükəmməllik axtarır, nə də tam təmizlik. O, həyatın öz çirkləri ilə qəbul edilməsini, lakin bu çirklərin qarşısında qalxmağı tələb edir.

Dostluq, insanın öz ruhunu başqasının ruhunda tanımasıdır. Bu, yalnız sözlərdə deyil, hərəkətlərin, baxışların, hətta susqunluğun içində baş verən bir hadisədir. Dostluq nə vaxt başlayır, nə vaxt dərinləşir, bunu bilmək olmur. Lakin bir gün anlayırsan ki, həyatını onsuz təsəvvür edə bilmirsən. O, sənin üçün təkcə bir münasibət deyil, eyni zamanda bir varlıq halına çevrilir.

Dostluq sadə, lakin dərindir. O, insanı insan edən ən təməl bağdır. Dost, səninlə deyil, sənin içindədir. O, sənin ruhunun bir hissəsidir – həm sənə aid, həm də səndən müstəqildir. Bu bağın sirri, bəlkə də, onun mahiyyətində deyil, onun zamansızlığında və davamlılığındadır. Və bu davamlılıq, insan ruhunun əbədi səyahətinin ən gözəl və ən sakit mənzilidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyinin müəllimi Təranə Əhmədova Şagirdlərimin təsviri incəsənətə olan marağı, vətənə millətinə olan sevgisi, vətənpərvər ruhda böyüməsi məni hər zaman ruhlandırır və qürurlandırır!

 

Əhmədova Təranə Cahid qızı 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003 cü ildə 246 saylı məktəb-liseyi bitirmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təsviri incəsənət” müəllimliyi ixtisası üzrə ali təhsilə yiyələnmişdir. Təranə Əhmədova həmçinin, Azərbaycan Rəssamlar İttifaqının rəngkarlıq şöbəsinin üzvüdür.

İlk pedaqoji fəaliyyətə Abşeron rayonunda yerləşən Laçın rayon M.Səfərov adına tam orta məktəbdə və Akademik Zərifə Əliyeva adına liseydə təsviri incəsənət müəllimi olaraq başlamışdır. Hal-hazırda isə pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyində təsviri incəsənət müəllimi olaraq davam etdirir.

Təranə Əhmədova daim öz üzərində çalışdığını, müəllim olaraq yeniliklərə və inkişafa açıq biri olduğunu, mütəmadi olaraq müxtəlif yerli və beynəlxalq pedaqoji təlimlərdə, layihələrdə iştirak etdiyini qeyd etdi.

Təranə Əhmədova pedaqoji fəaliyyəti zamanı “Qələbəyə gedən yol”, “Zəfərin rəngi”,“Xarıbülbülün sədası” kimi bir çox rəsm sərgilərinin, müsabiqələrinin, layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, Arif Hüseynov, Ağaəli İbrahimov, Səlhab Məmmədov kimi Azərbaycanın görkəmli xalq rəssamları ilə şagirdlərin görüşlərini təşkil etmişdir.

Təranə Əhmədova həm pedaqoji, həmdə yaradıcı fəaliyyətində bir çox diplom, fəxri fərman, təşəkkürnamələrə layiq görülmüşdür. O, bir müəllim olaraq öz şagirdlərini çox sevdiyini və təsviri incəsənət fənni vasitəsilə şagirdlərin estetik dünyagörüşünü, bədii istedadını inkişaf etdirdiyi və belə çətin, eyni zamanda şərəfli peşənin sahibi olduğu üçün özünü çox xoşbəxt saydığınıda vurğulayır.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

 

 

 

 

Bazar ertəsi, 27 Yanvar 2025 11:29

Yaşasaydı, 84 yaşı tamam olacaqdı...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Tanınmaq, ümumxalq məhəbbəti qazanmaq çox gözəldir. İnsanların gözündə ucalırsan, qəlbində yerin olur. Amma bu məşhurluğun şirinliyi qədər ağrı-acısı da olur. İctimai-siyasi proseslər dəyişir, kimisə nahaq yerə incidirlər, kimisə həbs edirlər və sən bu olaylara münasibət bildirməyəndə, susanda, adamlar səninlə üz-üzə gələndə ehtiram göstərsələr də, qəlblərində yerin daralır...

 

 

Heç vaxt siyasətdə görünməsə də, Aftandil İsrafilov bu baxımdan bəxti gətirən məşhurlardan idi. Heç kim heç zaman ondan siyasi proseslərə münasibət bildirməyini ummurdu. Çünki özünü siyasətə həsr etmiş, siyasi oyunlardan gah qalib, gah məğlub kimi çıxmış o qədər məşhurlar var ki… 

 

Bəli, əsl sənətkar sözüylə yox, sənəti ilə seçilməlidir. Onun da qismətinə elə bu düşmüşdü, Azərbaycan musiqi alətləri ailəsində əcnəbi sayılan qarmonu doğmalaşdıra, xalqa sevdirə bildi. Bu gün bir sıra ifaçılar var ki, qarmonun sayəsində ümumxalq hörməti qazanıblar, hamı onlara sevgiylə yanaşır. Amma bu sevginin ürəklərə yol tapması üçün cığırı ilk açanlardan biri də məhz, o, olub. Bütün ömrü el toylarında, tədbirlərdə keçdi. Çox insanlarla ünsiyyətdə oldu, görüb götürə bildi. Harada oldusa məzəli zarafatları, şirin söhbətləri ilə yadda qaldı…

 

Azərbaycan musiqi tarixində qarmonuyla göstərdiyi xidmətlərə görə hamımız ona borcluyuq, o isə barmaqlarına. O barmaqlar adi barmaqlar deyildi, elə ki, qarmonun şirmayi dillərinə toxunurdu, sədası insanı düşündürür, kədərləndirir və əhvalına təsir edirdi…

Aftandil İsrafilov- bu ad və soyad Azərbaycan musiqi sənəti tarixində əbədi yaşayacaq. Bəli, illər ötəcək, zamanələr bir-birini əvəz edəcək, ictimai-siyasi proseslər, hakimiyyətlər dəyişəcək, amma cismən dünyada olmasa da, Aftandil İsrafilov ruhən əbədi aramızda olacaq. Yüz il bundan sonra da, onun ifasının sədası gələndə insanlar zövq alacaqlar…

 

Bəli, yaşasaydı 3 gün öncə - yanvarın 24-də böyük sənətkarın 84 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizin mədəniyyət sferasında uğurla fəaliyyət göstərən “Simurq” assosiasiyasının yeni layihə icra etməsi barədə sizləri bilgiləndirmişdik. Layihə Azərbaycanın sosial-mədəni strategiyasının uğurlu həyata keçirilməsinə vətəndaş köməyinin göstərilməsi məqsədilə həyata keçirir, ona “Simurq”un İdarə Heyətinin məsul katibi Leyla Hacıyeva rəhbərlik edir.

Biz Leyla xanıma müraciət edərək layihə barədə daha ətraflı məlumat aldıq və məlumatı oxucularımızla bölüşürük.

Artıq Bakı şəhərində  “Simurq”un sözügedən layihəsi çərçivəsində Azərbaycan vətəndaşlarının yüksək mədəniyyətli olmasına dair ilk kulturologiya elmi üzrə dinləmələrə başlanılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə, altı hədəf qrupuna - dövlət məmurları, pedaqoqlar, müəllimlər və tərbiyəçilər, jurnalistlər, muzey və kitabxana işçiləri, gənclər və qadınlar üzrə qeyri-hökumət təşkilatları, tibb müəssisələri işçiləri üçün kulturologiya üzrə ustad dərsləri, mühazirələr və təlimlər təşkil etməyi nəzərdə tutur.

Layihə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-mədəni strategiyanın uğurlu həyata keçirilməsinə vətəndaş köməyi göstərilməsi məqsədini güdür və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

Bu strategiya, Azərbaycan xalqının ruhani - intellektual və mənəvi mədəniyyətinin yeni mərhələsinə çatmasını hədəfləyir, dövlət başçısının “yeni era” adlandırdığı dövrün başlanğıcından sonra ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsindən sonrakı inkişaf dövrünü nəzərdə tutulur.

Layihənin əsas məqsədi ölkə vətəndaşlarının yüksək mədəniyyətli fərdlər olaraq yetişməsinə və ölkənin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafının əsas təkan qüvvəsi kimi nəzərdə tutulan yüksək mədəniyyətli vətəndaşların formalaşdırılmasına kömək etməkdir.

Layihə iştirakçıları - ölkənin insan kapitalının əsas hissəsini təşkil edən mütəxəssislər və vətəndaşlar layihənin köməyi ilə mədəniyyət, sivilizasiya və mədəniyyətşünaslıq haqqında yeni elmi biliklər vasitəsilə intellektual potensiallarını artırmaq imkanı əldə edəcəklər. Onlar mədəniyyətin intelektual, etik, hüquqi, idarəetmə, siyasi, ekoloji, dini yönləri, iş mədəniyyəti, peşə etikası və məsuliyyət mədəniyyəti ilə bağlı daha geniş məlumatlar əldə edəcəklər. Layihə iştirakçıları, kulturologiyanın insan inkişafı, davamlı cəmiyyətin inkişafı və güclü dövlətin qurulması, təhsil sisteminin təkmilləşdirilməsi, zamanın dəyişən çağırışlarına uyğun olaraq davamlı kulturologiya transformasiyalarının həyata keçirilməsi sahəsində əvəzsiz yaradıcılıq rolunu anlamaq imkanı qazanacaqlar, bu da ki, əlbəttə çox vacibdir.

Layihə, Azərbaycan vətəndaşlarının özlərini təkmilləşdirmələrinə, həyatlarını yaxşılaşdırmalarına, düşüncələrini və hisslərini idarə etmələrinə, emosional intellektlərini inkişaf etdirmələrinə, çətinlikləri aşmalarına, sağlamlıqlarını qorumağa və vaxtı səmərəli idarə etməyə kömək etməyi hədəfləyir.

Dövlət məmurları, ictimai xidmətçilər və sahibkarlar qərarların qəbul edilməsində, dövlətçiliyin mədəniyyətində, iqtisadi inkişafda, liderlik və özünüidarə mədəniyyətində faydalı olan dünya ölkələrinin təcrübəsindən və ümumi idarəetmə texnologiyalarından faydalana bilərlər.

Təlimlərdə iştirakçıların kulturologiya biliklərinin səviyyəsini qiymətləndirmək və məşğələlərin yüksək keyfiyyətini təmin etmək məqsədilə mədəniyyətşünaslıq üzrə anket sorğusu da keçiriləcək.

Kulturologiya elmi oxumalarını uğurla bitirən iştirakçılara «Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı» sertifikatları və “Simurq” assosiasiyası  tərəfindən hazırlanmış yeni kulturologiya monoqrafiyası – “Yüksək mədəniyyətli insan” kitabı təqdim ediləcək.

Azərbaycanda daha çox vətəndaşı əhatə etmək məqsədilə layihənin 2025-ci il boyu davam etdirilməsi nəzərdə tutulur və yalnız Bakı şəhərində deyil, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında da həyata keçiriləcəyi planlaşdırılır. Ümumi kulturologiya biliklərinin yayılması prosesi bütün təhsil və tərbiyə müəssisələrinin, elmi təşkilatların, mədəniyyət və incəsənət müəssisələrinin, dövlət idarələrinin, Bakı şəhərinin və onun rayonlarının icra hakimiyyətinin, KİV-lərin, logistika təşkilatlarının, dini qurumların, biznes strukturlarının, istehsal və kənd təsərrüfatı müəssisələrinin, turizm təşkilatlarının, gənclər və uşaqlar üzrə qeyri-hökumət təşkilatlarının, habelə Azərbaycanın ağsaqqallar və veteranlar şuralarının əhatə edilməsini özündə ehtiva edir.

Kulturologiya elmi dinləmələri regional təhsil müəssisələrində və mədəniyyət mərkəzlərində, eləcə də xüsusi istedadlı uşaqlar və gənclər üçün, habelə ana və uşaq institutunun inkişafına dəstək olmaq məqsədilə xüsusi liseylərdə təhsil alan qızlar üçün keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru və əlbəttə ki, “Simurq” assosiasiyasının da prezidenti Fuad Məmmədov tərəfindən keçirilən kulturologiya ustad dərsi 35 illik fəaliyyət dövründə “Simurq”un elmi tədqiqatlarının nəticəsi olan 100-dən çox slayddan ibarət təqdimatla müşayiət olunur.

Dinləmələrdə habelə Azərbaycan Kulturoloji Cəmiyyətinin üzvü, tarix elmləri doktoru, professor Mini xanım Əsədli Azərbaycancan alimlərinin dünya kulturologiyasına verdiyi töhfələr haqqında maraqlı məruzə ilə çıxış edir. Siyasi mədəniyyətin, demokratiyanın və dövlət idarəçiliyinin xüsusiyyətlərini təhlil edən mühazirə isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov tərəfindən keçirilir.

Yüksək mədəniyyətli vətəndaşların formalaşması və inkişaf etdirilməsi prosesini motivasiya etmək məqsədilə layihənin növbəti mərhələlərində Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbərliyi altında, Mədəniyyət Assosiasiyası və “Simurq” Azərbaycan Mədəniyyətşünaslar Cəmiyyəti tərəfindən «Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı» xüsusi müsabiqələrinin keçirilməsi də nəzərdə tutulur.

Bir sözlə, “Simurq” çox nəcib bir işə başlayıb. Nəticəsi bütün cəmiyyətimizə fayda verməkdən ibarət olacaq. Belə ki, ən sivil cəmiyyətlərin birinci şərti onun vətəndaşlarının yüksək mədəniyyətli olmasıdır.

 

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evində həftə sonu dərsləri davam edir.

 

Avstriya Azərbaycanlıları Cəmiyyətindən AzərTAC-a bildirilib ki, uşaqların qış tətilindən sonra yenidən həftə sonu dərsləri bərpa olunub.

 

Bildirilib ki, burda uşaqlara Azərbaycan dili, riyaziyyat, alman dili və rəsm dərsləri keçirilir. Bu həftə uşaqlara Azərbaycan dili və alman dili dərslərindən sonra oxu saatı elan olunub. Uşaqların bu dəfə seçdikləri kitab görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin alman dilində tərcümə olunan “Azərbaycandan hekayələr” olub.

 

Əvvəlcə balacalara Mir Cəlal barədə geniş məlumat verilib, onun həyatı barədə geniş ekranda videorolik göstərilib. Bildirilib ki, müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyan tanınmış ədiblər nəslinə mənsub Mir Cəlalın əsərləri öz rəngarəngliyi- janr müxtəlifliyi, mövzu zənginliyi, ana dilimizin lüğət tərkibindən məharətlə istifadə bacarığı, bir sözlə, geniş üslub və bədii forma imkanları ilə seçilir.

 

Görkəmli nasirin qızı, ədəbiyyatşünas alim Ədibə Paşayeva, avstriyalı azərbaycanşünas xanım Liliane Qrimmin səyi nəticəsində ərsəyə gəlmiş “Azərbaycandan hekayələr” kitabında Mir Cəlalın yaradıcılığının müxtəlif dövrlərini əhatə edən incə yumor və kəskin satira, eləcə də dərin lirik hisslərlə yazılmış hekayələri toplanıb. Satirik hekayələrində ustad sənətkar yumor pərdəsi altında həssas oxucuya tipik obrazların timsalında ötən əsrdə Azərbaycanda hökm sürən sovet bürokratiyasını təqdim edir. Lirik notlarla qələmə alınmış hekayələrdə isə XX əsr zəhmətkeş Azərbaycan insanı, cəmiyyəti və dövrün aktual mövzuları bədii cizgilərlə təsvir olunur. Yazıçının bugünkü Avropa oxucusunun bədii zövqünə uyğun gələn, XX əsrdə Azərbaycan həyatının canlı mənzərəsini yaradan və yüksək bədii keyfiyyətə malik çoxsaylı hekayələrindən seçmə əsərlər kitaba daxil edilmişdir.

 

Oxu saatında “Azərbaycandan hekayələr”i oxuyan uşaqlar kitabdakı əsərləri çox bəyəndiklərini bildiriblər.

 

Sonda balacalara Mir Cəlalın alman dilinə tərcümə olunan “Azərbaycandan hekayələr” kitabı hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

Parisin “L’Arlequin” kino zalında 2024-cü ildə Nantda keçirilmiş “3 Qitə Festivalı”nın (Festival des 3 Continents) mükafatlarına layiq görülmüş azərbaycanlı gənc rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi nümayiş olunub.

 

AzərTAC xəbər verir ki, festivalın münsiflər heyəti tərəfindən “Kinomexanikin qayıdışı” filmi “Nant-Atlantik hava limanı” xüsusi mükafatı və “Gənc münsif” mükafatına layiq görülüb. Film ARTE ZDF və CNC tərəfindən dəstəklənib.

 

Nant və Luar–Atlantik şəhərlərindən sonra paytaxt Paris yanvarın 26-dək festivalın qalib filmlərini yerli kinosevərlərə təqdim edəcək.

 

Lənkəranda anadan olmuş Orxan Ağazadə 2006-2011-ci illərdə Bakı Slavyan Universitetində jurnalistika üzrə bakalavr təhsili aldıqdan sonra, 2015-2018-ci illərdə Böyük Britaniyada “London Film School”da magistratura üzrə təhsilini davam etdirib. O, hələ tələbəlik illərində çəkmiş olduğu qısametrajlı sənədli və bədii filmləri ilə nüfuzlu festivallarda iştirak edib. İlk filmi olan “Leninə məktub”un premyerası Almaniyanın “Leipzig İnternational Film” Festivalında baş tutub.

 

Qeyd edək ki, 1979-cu ildə yaradıldığı gündən “Üç Qitə Festivalı” beynəlxalq şöhrət qazanıb və fransız kino sevənləri arasında yerini təsdiqləyib.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

Bazar ertəsi, 27 Yanvar 2025 09:30

Bu gün Xalq artisti Zaur Rzayevin doğum günüdür

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir xatırlayın, sovet dönəmində məşhur bir xalq mahnısı var idi, “Dilbərim”. Onu oxumaqla gündəmə gəlmiş müğənni Zaur Rzayev necə sevilirdi. Elə bir dövlət konserti olmazdı ki, orda tamaşaçıların gur alqışı altında Zaur Rzayev bu mahnını oxumasın.

 

Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci ilin 28 yanvarında Qazıməmməd (indiki Hacıqabul) rayonunda, dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. O, ilk dəfə 8 yaşında Dəmiryolçular klubunun istirahət konsertində səhnəyə çıxıb. Bir müddət sonra Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülüb.

15 illik musiqi təhsili olan sənətçi Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəridir.

Zaur Rzayev 1998-ci ildə Əməkdar, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Tanınmış müğənnimizi təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

 

 

Bazar ertəsi, 27 Yanvar 2025 10:02

Xolokost, ilk televizor və Motsart

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

27 yanvar

Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq.

 

Beynəlxalq Xolokost Qurbanlarının xatirəsi günü

İnternational Holokaust Remembrance Day. 1933-1945-ci illərdə baş vermiş və Xolokost adı almış, bütün yəhudilərin üçdə birinin məhvinə səbəb olmuş antiinsan aksiyasına rəvac vermiş faşizm daha mövcud deyil, amma millətçilik, irqçilik meyilləri yenə də var. Və nə qədər ki, insanlar milli mənsubiyyətlərinə görə məhv edilirlər, Xolokost daim gündəmdə olmalıdır, insanlığa qənim kəsilənlərin ən böyük ittihamı kimi ona daim müraciət edilməlidir.

Tarixdə soyqırımları çox olub, amma yəhudi xalqına qarşı olan soyqırımı masştabında başqa birisi olmayıb.

Bu günü Xolokost Qurbanlarının xatirəsi günü kimi qeyd etmək barədə qərarı BMT-nin Baş Assambleyası 2005-ci ildə verib. Niyə bəs 27 yanvar? 1945-ci ildə Sovet qoşunları Osvensim həbs düşərgəsinə daxil olub oradakı yəhudi hərbi əsirləri azad ediblər, tarix buradan götürülüb.

Belə bir günü təqvimə salmaqla məqsəd təbliğat və təşviqat mexanizmini bütün gücü ilə işə salmaq, millətçi meyilləri dayandırmaq, faşizmin kökünü kəsməkdir. Hazırkı və gələcək nəsillər heç vaxt Xolokost dəhşətlərini unutmamalı, ondan lazımi nəticələr çıxarmalıdırlar.

Bu gün hər bir azərbaycanlı yəhudi xalqına başsağlığı verir, ölənlərin ruhları üçün dualar edir.

 

Rusların Hərbi Rəşadət günü

Hazırda Ukraynaya müdaxilə məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu və ya digər məsələlərə görə Rusiyanın hərb siyasəti aktualdır, bu mövzuda istənilən gəlişmə maraq dairəsindədir.

Bu gün Rusiyanın Hərbi Rəşadət günüdür. Bu günün tarixi 1944-cü ilin 27 yanvarına gedib çıxır. Leninqradın blokada mühasirəsindən çıxdığı günə.

 

Almanlar nasional-sosializmi pisləyəcəklər

Bu günü Böyük Britaniya ayrıca xolokost qurbanlarını yad edəcək bir gün kimi təqvimə salıb. İtaliyada faşizm və nasizm qurbanlarının xatirə günü qeyd ediləcək.  Təbii ki, Almaniya özü də əsas baiskar kimi beynəlxalq təqvimə gün saldığından neytral qala bilməz, bu gün Almaniyada Nasional-sosializm qurbanlarının xatirə günü qeyd ediləcək.

Gürcülərdə bu gün Gürcüləri maarifləndirənmüqəddəs apostol Nina günüdür, türkmənlərdə Vətənin müdafiəçisi günüdür, Serbiyada və Bosniyada müqəddəs Savva günüdür (bu günün bir adı da Məktəb günüdür). Monakoda ölkənin nimayədarı Devoutun günüdür. Amerikada isə Milli şokolad keksi günüdür.

 

Televizorun dünyaya gəlişi və Leninin mumiyası

2000-ci ilin bu günündə Misirdə qadına boşanmaq hüququ verilib. 1997-ci ildə Aslan Masxadov Çeçenistanın prezidenti seçilib. 1973-cü ildə Parisdə Vyetnam müharibəsinin sonunu gətirən sülh müqaviləsi imzalanmışdır.  1967-ci ildə ABŞ-ın Aya səfər edəcək “Apollon” kosmik gəmisi məşq zamanı yanıb, bütün ekipaj həlak olub.

1926-cı ildə Londonda şotlandiyalı ixtiraçı Con Beyrd televiziya görüntülərini qəbul edib nümayiş etdirən qurğunu – televizoru ilk dəfə nümayiş etdirərək tarixdə yeni bir eranın başlanğıcını qoyub. 1924-cü ildə Moskvada, xüsusi Mavzoleydə Vladimir Leninin cəsədini balzamlaşdırıb nümayişə qoyublar.

1918-ci ildə ABŞ kinoteatrlarının ekranlarına baş rolda Elmo Linkoln çəkilən “Tarzan – meymun qəbiləsindən” filmi çıxıb. 1880-ci ildə Tomas Edisson elektrik lampasını patentləşdirib. 1860-cı ildə Taras Şevçenkonun “Kobzar” külliyyatı çap olunub.

 

Kimlər gəldi, kimlər getdi

1944-cü ildə ingilis musiqiçisi, məşhur Pink Floyd qrupunun üzvü Nik Meyson, 1924-cü ildə Şimali Kiprin ilk prezidenti Rauf Denktaş, 1839-cu ildə Ukrayna himninin sözlərini yazmış folklorçu Pavel Çubinskiy, 1832-ci ildə “Alisa möcüzələr ölkəsində” romanını yazmış ingilis riyaziyyatçısı Lyuis Keroll, 1826-cı ildə rus yazışısı Mixail Sattıkov-Şedrin adanad olublar. Bunu isə xüsusi qeyd etməyə dəyər: 1756-cı ildə dünyaşöhrətli Avstriya bəstəkarı “Don Juan”, “Fiqaronun toyu” kimi 20 ölməz operalarla, 50 simfoniya ilə dünya incəsənətinin qızıl fondunu yaratmış Volfqanq Amadey Motsart dünyaya gəlib.

2008-ci ildə İndoneziyanın ən böyük dövlət xadimi Suxarto, 1983-cü ildə fransız kinoaktyoru Lui de Fyunes, 1732-ci ildə fortepianonu kəşf etmiş italyan ustası Bartolomeo di Françesko dünyadan gediblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

 

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Vaqif Şadlinski deyirdi: “Mənim uşaqlıqdan bir əqidəm var. Mən heç vaxt heç kəsin qarşısında sınmamışam. Özümdən qat-qat güclü adamlarla vuruşmuşam, amma sınmamışam. Dünyanın çox çaxnaşmalı dövründə anadan olmuşam. Yaşa dolduqca bu, belə də davam edib. 1940-cı ilin yanvar ayında Qərbi Azərbaycan adlanan məkanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşam. Ziyalı ailəsində doğulmuşam. Dərinlərə baxsaq, xan nəslindənik. Bir gün yadıma gəlir ki, atam gəldi. O, Vedi rayonunun mərkəzi məktəbinin direktoru idi. Atam anama dedi ki, yığışın... Bizi köçürdürlər...

Və 10 gün sonra evə bir Vartan gətirdilər ki, burada qalacaq. Biz də bir otağımızı ona verdik. Bir qərar qəbul edildi ki, 1948–51-ci illərdə haradasa 100 min əhali köçürülsün. Bu köçün ilk mərhələsinə biz düşdük. Ailədə 7 uşaq idik. Baxmayaraq ki, anam savadsız qadın idi, amma savadsız qadın 7 uşağı savadlı etdi."

 

Vaqif müəllim 1963-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub. 

O, bir çox vəzifələrdə çalışıb. 69 ildir ki, əmək fəaliyyətindədir.

V. B. Şadlinski 1964-cü ildə ADTİ-nin 3 saylı tələbə yataqxanası üzrə tələbə şurasının sədri, 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.

V. B. Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir. İctimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən V. B. Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, Vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla fəaliyyət göstərmişdir. V. B. Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin sədridir.

V. B. Şadlinski ölkəmizdə dərc olunan bir sıra nüfuzlu və beynəlxalq aləmdə tanınmış elmi jurnalların – o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" jurnalı, Azərbaycan Tibb Universitetinin "Sağlamlıq" jurnalının Redaksiya Şurasının üzvüdür. V. B. Şadlinski 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"-ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"-nın müəllifidir.

Hal-hazırda isə tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor. ATU-da İnsan anatomiyası kafedrasının müdiridir.

 

24 yanvar 2025-ci ildə Azərbaycan Tibb Universitetində Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi. Tədbirdə professor V. Şadlinskinin ömür yoluna və əmək fəaliyyətinə həsr olunmuş "Son məqsəd həqiqətdir" adlı sənədli film nümayiş etdirildi. Filmdə yubilyarın 85 il əvvəl dünyaya göz açdığı həyat yoluna işıq salınıb.

Vaqif Bilas oğlu Şadlinskinin  85 illik yubileyində göstərilən ehtiram və nümayiş etdirilən sənədli film də onun ömür yolunun, elmi nailiyyətlərinin və vətənpərvərliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli bir hadisədir. Onun kimi insanların elmi irsi gələcək nəsillər üçün əvəzsiz bir xəzinədir. 

Əlavə etmək lazımdır ki, vətənpərvərlik, el-obaya, doğma irsə bağlılıq akademik V. Şadlinskinin bütün fəaliyyətinin hər dövrdə qayəsini, strateji xəttini təşkil edir. Hər bir mühazirəni və təcrübə məşğələsini tutarlı dəlillərlə, konkret faktlarla klinika ilə nəzəriyyənin inteqrativ nümunəsinə çevirmək, hər mövzu üzrə bir deyil, bir neçə bilavasitə mövzunu işıqlandıran hadisələr, elmi arqumentlər nümayiş etdirmək – Vaqif müəllimin fitri istedadının nəticəsidir.

Vaqif müəllimə uzun ömür arzu edirəm. 100 yaşı onun üçün cavanlıq yaşıdır. 150 yaş və dahasını arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.