Super User

Super User

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. 12 nəfərin həlak olduğu dəhşətli  terror hadisəsindən 16 il ötür.

 

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Terror aktı nəticəsində ölənlərin və yaralıların adlarını xatırladıram:

Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü

Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü

Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr:

Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü

Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü

Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

və Akademiyaya süd məhsulları gətirən:

Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü

Yaralananların siyahısı:

İsayev Kənan

Mustafa Məhəmməd

Rüstəmbəyov Faiq

Şirəliyev İlkin Azər oğlu (1989-cu il)

Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)

Axundov Rəhman

Cəmiyev Elvin Azər oğlu (1989-cu il)

Hüseyinli Zemfira

Daas Muavviyyə (Suriya)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bəli, anonsunu çoxdan vermişdik. Nəhayət, 30 aprel yetişdi. Aprelin 30-u Heydər Əliyev Sarayında dünyaşöhrətli italyan tenoru ALESSANDRO SAFİNA konsert verəcək. Onu Qara Qarayev adına Azərbaycan kamera orkestri müşayiət edəcək. Konsert zamanı dünya şöhrətli italyan tenoru, ona uğur gətirən yeni kompozisiyaları və bütün sevilən hitlərini ifa edəcək.

 

Dünya musiqisində tenorlar ən elit təbəqə hesab edilir, onlar tarixdə qalırlar, elə bu səbəbdən də, tutalım, pop ulduzlar yaddan çıxırlar, tenorlar isə yaddaşlara həkk olunurlar. Elə çağdaş dünyamızın ən ünlü tenorlarını – xüsusən hazırda bir nömrə olan ispan Plasido Dominqonu unutmaqmı olar?

Və bu sırada ünlü italyan tenoru Alessandro Safina da yer alır.

Bu ilahi səsə malik ifaçının tərcümeyi-halına baxanda nəyi görürük? Alessandro Safina hələ uşaqlıqda musiqi ilə maraqlanırdı. O, 17 yaşında Florensiyada konservatoriyaya daxil olur və bir neçə ildən sonra  Avropanın ən yaxşı musiqi teatrlarında solistlik edirdi. Safinanı dünya şöhrətli edən unikal bir səs, təbii cazibə və yaradıcı cəsarəti oldu. 

Böyük müvəffəqiyyət Safinaya Hollandiyada gəldi. Insieme a te albomundan olan Luna singlı, 14 həftə ərzində Hollandiyanın hit parad zirvəsində qaldı. Albom özü burada dördlü platinə çevrildi və daha bir neçə onlarla ölkədə buraxıldı. Alessandro dünyaya Sara Braytman, Elton Con, Yuen Makqreqor, Barbara Hendrix, Sumi Ço ilə gözəl duetlər hədiyyə etdi. Və mən əminəm ki, ilahi səslərin sehrinə düşmək üçün elə bu yazını oxuyub bitirən kimi oxucularım YouTube platformasında bu duetləri dinləyəcəklər.

Bundan əlavə, Safina kinoya da çəkilib və Baz Lurmanın "Moulin Rouge"-u da daxil olmaqla, filmlərin soundtrack-lərinin yazılmasında iştirak edib.

 

Bu gün Heydər Əliyev Sarayına gəlib onu dinləməməyə melomanlar üçün heç bir səbəb qalmadı məncə.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ziya Nurməmmədovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

    

 

ZİYA ZABİL OĞLU NURMƏMMƏDOV

(29.08.2001.-13.10.2020.)

 

Kürdəmirin Sığırlı kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,  Qarabağın azad edilməsi uğrunda  Vətən müharibəsinin şəhidi 

 

 

 

 SİZİN SAYƏNİZDƏ, ZİYA  

 

Zər qədrini zərgər bilər,

Döyüş nədir, əsgər bilər,

Əsgər dərdin  səngər bilər,

Olarmış həqiqət - xülya,

Sizin sayənizdə, Ziya.

 

İki bacının qardaşı,

Onların əziz sirdaşı,

Yurdun əsil  vətəndaşı,

Zəfərimiz gəlməz saya,

Sizin sayənizdə,  Ziya.

 

Sığırlıda doğulmuşdun,

Böyüyüb igid olmuşdun,

El-obaya vurulmuşdun,

Bayraq sancıldı Şuşaya,

Sizin sayənizdə,  Ziya.

 

Füzulidə  döyüşdün sən,

Qəhrəmantək vuruşdun sən,

Mələklərlə görüşdün sən,

Qanla alındı daş, qaya,

Sizin sayənizdə, Ziya.

 

Bir əsgərdin, ölməz oldun,

Səninlə fəxr edir yurdum,

Qələbə qazanıb ordum,

Düşmənlər düşdü təlaşa,

Sizin sayənizdə, Ziya.

 

Keçsə illər,  ötsə zaman,

Hər  vaxt  qalacaqsan cavan,

Unutmarıq səni bir an-

 Heyran qalıb bizə dünya,

Sizin sayənizdə, Ziya.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

 

 

28 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və dramaturq Xanımana Əlibəylinin 105 illiyinə və “Balaca həkim”, “Yaz Konserti” adlı 70 yaşlı yubiley kitablarına həsr olunan tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə şairənin qızı filologiya elmləri doktoru prof. Gülər Abdullabəyli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, 177 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri və müəllim kollektivi qonaq qismində iştirak ediblər.

Xanımana Əlibəyli yüzlərlə uşaq şeirinin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Xanımana Əlibəyli Azərbaycan uşaq ədəbiyyatının klassiki və uşaq dramaturgiyasının banisidir, Xanımana Əlibəyli oxucularla görüşlərində şeirlərini uşaqlara məxsus avaz, hərarət və təbiiliklə, həm də məlahətlə oxuyub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova Xanımana Əlibəylinin Azərbaycan uşaq ədəbiyyatında tutduğu mühüm mövqedən, onun yaradıcılıq istiqamətlərindən və milli ədəbi irsimizə verdiyi töhfələrdən ətraflı danışıb. Qeyd edib ki, Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş Xanımana Əlibəylinin “Balaca həkim”, “Yaz Konserti” və başqa şeir, poemalarında yüksək mənəvi keyfiyyətlər tərənnüm olunur. Şairənin əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət kimi kamil insana xas duyğular aşılayır.

Tədbirdə iştirak edən şairənin qızı Gülər Abdullabəyli və digər qonaqlar şairənin müxtəlif illərdə “Gözəllər gözəli”, “Nişanlı quş”, “Aycan”, “Dovşanın ad günü”, “Cunquş”, “Kənd həkimi”, “Durnalar lələk salır”, “Meyvələrin şahı” və s. dram əsərlərinin yazmış olduğunu və onların bir çoxunun gənclər və kukla teatrlarında tamaşaya qoyulduğunu qeyd etdilər. Həmçinin qeyd olundu ki, onun yaradıcılığında vətənpərvərlik, ana təbiətə sevgi və insanlıq əsas mövzudur. Sonra şairənin həyat və yaradıcılığına həsr olunan videomaterial və ənənəvi kitab sərgisi təqdim edilib.

Tədbirin bədii hissəsində məktəblilər sözləri Xanımana Əlibəylinin “Qonaqlıq” və “Günəş olaram mən də” adlı mahnılarını ifa ediblər, həmçinin “Tülkü və canavar” nağılından səhnəcik təqdim olunub, eləcə də şeirlər və rəqslər təqdim edilib.

Sonda uşaqlara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

Güllü Eldar Tomarlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Keçən yüzilliyin 70-90-cı illərində halal zəhmətiylə hamımızın tanıdığı adlı-sanlı əmək qəhrəmanı kimi məşhurlaşan Tərlan Musayeva yarım əsrdən çoxdur ki, Vətənimizdə, nüfuz sahibi olan, əməyindən, uğurlarından, mənəvi məziyyətlərindən həddən artıq çox yazılan, danışılan Azərbaycan xanımıdır. 

Bu günlərdə “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenli, 23 yaşında 10 il keçmiş SSRİ-nin ən gənc deputatı, müstəqil Azərbaycanın birinci çağırış Milli Məclisin üzvü Tərlan Musayevanın xatirə-memuar janrında yazdığı “Ulu Öndərə mənəvi borcum” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.

 

Tərlan xanım 70 illik həyatında mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev dövrünü xatirələr işığında oxucularına təqdim edir. Bu kitab həm də Azərbaycan tarixinin son yarım əsrlik dövrünün ictimai-siyasi hadisələrini, Ümummilli Liderlə Tərlan Musayevanın müxtəlif illərdə görüşlərindən doğan təəssüratlarını, Ulu Öndərin ona atalıq qayğısını, ona güvəndiyini, Tərlan xanımın onun etimadını doğrultmaq üçün əməyə məsuliyyətini, dövlətin, dövlətçiliyin, Vətənin iqtisadi qüdrətinin gücləndirilməsi üçün çalışdığını  çox maraqlı və yaddaqalan detallarla təqdimi kimi qiymətlidir

“Ulu Öndərə mənəvi borcum” xatirələr kitabı “Suverenlik və konstitusiya ili” çərçivəsində və Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Tərlan xanımın Ulu Öndərə böyük ehtiramının bariz nümunəsidir. Kitab Mirvarid Dilbazi Poeziya Məclsi İctimai Birliyinin mənəvi dəstəyi ilə nəşr olunub. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı, məsləhətçisi isə bəndəniz - İctimai Brliyin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlıdır.   

Kitab müəllifin 70 illik zəngin və mənalı ömrünə özünün bir baxış prizmasıdır.

“Ulu Öndərə mənəvi borcum” xatirələr kitabı respublikamızın müxtəlif bölgələrində oxuculara təqdim ediləcəyi nəzərdə tutulur. İlk təqdimatı 4 may 11: 00- da Naxçıvan MR, M.Səid Ordubadi adına Kitabxanada, 5 may 11:00- da Culfa Rayon Mədəniyyət Sarayında keçiriləcək.Odlar diyarının qədim elm, sənət, mədəniyyət, dövlətçilik mərkəzlərindən biri Naxçıvan Muxtar Respublikasında Tərlan Musayevanın 70 illik yubileyi də Tərlansevərlər tərəfindən qeyd ediləcək .

Tədbirin davamı 8 may 2025- cıildə 14:00- da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Silsilə tədbirlər Azərbaycanın bölgələrində ilboyu davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

 

Çərşənbə, 30 Aprel 2025 10:44

Heç kim unudulmur, heç nə yaddan çıxmır!

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Vətən sərhəddən başlayır - Sərhəd qəhrəmanı Şahin Hüseynquliyevin doğum günüdür.

 

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Şahin Hüseynquliyev 30 aprel 1991-ci ildə Şərur rayonunda anadan olmuşdur.  Heydər Əliyev adına Hərbi Lisey və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almışdır. O, Sərhəd Qoşunları Çevik Hərəkat Dəstəsinin mənsubudur. 

 

İştirak etdiyi döyüşlər 

 • Füzulinin azad edilməsi

 • Hadrutun azad edilməsi

 • Şuşanın azad edilməsi

 • Zəngilanın azad edilməsi

 

Təltifləri 

"Vətən Müharibəsi Qəhrəmanı" medalı

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

 

Vətənin qəhrəman oğluna Allah'dan xeyirli ömür, xidmətdə uğurlar arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

Çərşənbə, 30 Aprel 2025 10:15

Günün fotosu: Nizaminin büstü Çində

Günün fotosu: Nizaminin büstü Çində

 

Pekindəki Chaoyang parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulub. 

 

Chaoyang parkının seçilməsi təsadüfi deyil. Hər gün on minlərlə insan təbiətdən həzz almaq və dünya mədəniyyəti ilə ünsiyyət üçün buraya gəlir.

Büstün müəllifi Jintai İncəsənət Mərkəzinin direktoru professor Yuen Sikundur.

O, tarixdə iz qoymuş böyük şəxsiyyətlərə abidələr yaratmaqla tanınır. Heykəltəraşın sözlərinə görə, Nizami Gəncəvi dünya mədəniyyətinin əsas simalarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

Çərşənbə axşamı, 29 Aprel 2025 16:15

Beynəlxalq Rəqs Günü -Kimdir bu JAN JORJ NOVERR?

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. Bu gün peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. 

 

Gəlin bu günün tarixçəsinə nəzər yetirək. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

Niyə bəs Noverr?

Bu şəxs müasir baletin yaradıcısıdır. Əlbəttə, yaxşı olardı ki, onun doğum günü rəqs günü kimi deyil, balet günü kimi qeyd ediləydi. Amma nə etmək olar. Dünyanın mədəniyyət başbilənləri belə qərarlaşdırıblar. 

Təbii ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur.

Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz var və Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir: “Yallı”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı” və s.

Məşhur rəqs xadimlətimizdən isə

Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqalarını göstərə bilərik. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı ölkəmizdə rəqs sahəsinə olan diqqət və qayğının nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.

Bəli, bu gün rəqs günüdür. Son dəfə haçan rəqs etdiyinizi xatırlaya bilərsinizmi?

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

 

78-ci Kann Film Festivalının münsiflər heyətində dörd qadın və dörd kişi olmaqla 8 məşhur yer alıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, fransız aktrisası Jülyet Binoşun sədrlik edəcəyi münsiflər heyətinin tərkibi açıqlanıb.

Amerikalı aktrisa və kinorejissor Halle Berri, hindistanlı rejissor və ssenarist Payal Kapadia, italyan aktrisa Alba Rohvaşer, fransız-mərakeşli yazıçı Leyla Slimani, konqolu rejissor, sənədli film müəllifi və prodüser Honq Sanqsu, meksikalı rejissor və ssenarist Karlos Reyqadas və amerikalı aktyor Jeremi Stronq münsiflər heyətinin üzvləri seçiliblər.

Münsiflər heyəti müsabiqə üçün seçilmiş 21 filmi qiymətləndirəcək və mayın 13-dən 24-dək Kruazetdə keçiriləcək 78-ci Kann Film Festivalının “Qızıl Palma budağı” mükafatını təqdim edəcəklər.

 

Xatırladaq ki, ötən il festivalın münsiflər heyətinə amerikalı rejissor Qreta Qerviq (Barbi) sədrlik edib.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

Çərşənbə axşamı, 29 Aprel 2025 19:16

29 Aprel Türk tarixində

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu gün 29 aprel. Təqvimi vərəqləyək, görək, türk xalqlarının tarixində bu gün nə ilə yadda qalıb?

 

1. İstanbulun fəthi ərəfəsi – 29 Aprel 1453:

•Fakt:

29 aprel 1453-cü ildə Sultan II Mehmet (Fatih Sultan Mehmet) tərəfindən İstanbulun fəthi üçün başladılan top atəşi və hücumlar intensivləşdi.

•Ətraflı:

Bu gün Osmanlı ordusu Konstantinopol (Bizans) şəhərinin müdafiə divarlarını ağır toplarla bombalamağa başladı.

Ən mühüm hadisə Haliçdəki zəncirin aşılması planları idi:

Fatih Sultan Mehmet qurudan gəmiləri aşırmaq fikrini bu günlərdə reallaşdırdı — 70-ə yaxın gəmi yağlı taxtalar üzərindən sürüşdürülərək Haliçə endirildi.

•Tarixi əhəmiyyəti:

29 aprel günü İstanbulun müqavimət gücü ciddi şəkildə sarsıldı və şəhərin taleyi müəyyənləşməyə başladı.

Fəth 29 may 1453-cü ildə tamamlanacaq, amma 29 aprel onun strateji dönüş nöqtəsi hesab olunur.

 2. Kütül-Əmara Zəfəri – 29 Aprel 1916:

•Fakt:

29 aprel 1916-cı ildə Osmanlı Ordusu, İngilis generalı Charles Townshend-in başçılıq etdiyi 13.000 nəfərlik İngilis ordusunu İraqın Küt (Kut al-Amara) bölgəsində əsir aldı.

•Ətraflı:

Bu zəfər Birinci Dünya Müharibəsi dövründə Osmanlı ordusunun qazandığı ən böyük uğurlardan biri oldu.

Türk komandanı Halil Paşa (sonralar Halil Kut Paşa) rəhbərliyi ilə düşmən mühasirəyə alındı və 147 gün davam edən mühasirədən sonra İngilislər təslim oldu.

Bu hadisə İngiltərə tarixində böyük bir rüsvayçılıq kimi qəbul edilir.

•Tarixi əhəmiyyəti:

Kütül-Əmara zəfəri Osmanlı ordusunun son parlaq zəfərlərindən biri oldu və türk hərb tarixində "Kut Qəhrəmanlığı" kimi anıldı.

 3. Türk dünyasında inteqrasiya addımları – 29 Aprel 1992:

•Fakt:

29 aprel 1992-ci ildə yeni müstəqillik qazanmış türk dövlətləri (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) arasında əməkdaşlıq təşəbbüsləri üçün ilkin razılaşmalar əldə olundu.

•Ətraflı:

SSRİ-nin dağılmasından sonra müstəqil türk dövlətləri öz aralarında diplomatik əlaqələri qurmaq, ortaq dil, mədəniyyət, iqtisadiyyat sahələrində əməkdaşlıq üçün görüşlərə başladılar.

Bu proses sonralar Türk Şurası və Türk Dövlətləri Təşkilatı kimi strukturların yaranmasına yol açdı.

•Tarixi əhəmiyyəti:

Bu gün türk dünyasının siyasi və iqtisadi birliyinin təməli hesab edilir.

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

   

                                                   

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.