Beynəlxalq Rəqs Günü -Kimdir bu JAN JORJ NOVERR? Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. Bu gün peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. 

 

Gəlin bu günün tarixçəsinə nəzər yetirək. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

Niyə bəs Noverr?

Bu şəxs müasir baletin yaradıcısıdır. Əlbəttə, yaxşı olardı ki, onun doğum günü rəqs günü kimi deyil, balet günü kimi qeyd ediləydi. Amma nə etmək olar. Dünyanın mədəniyyət başbilənləri belə qərarlaşdırıblar. 

Təbii ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur.

Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz var və Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir: “Yallı”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı” və s.

Məşhur rəqs xadimlətimizdən isə

Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqalarını göstərə bilərik. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı ölkəmizdə rəqs sahəsinə olan diqqət və qayğının nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.

Bəli, bu gün rəqs günüdür. Son dəfə haçan rəqs etdiyinizi xatırlaya bilərsinizmi?

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.