Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

                                      Üçüncü xatirə

«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».

Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»

İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.

Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»

Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)

 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

XI əsrin ortalarında türk dünyasının taleyini dəyişdirən bir hökmdar vardı – Sultan Alparslan. O, yalnız bir sultan deyil, həm də fateh idi. Səlcuq İmperiyasının güclənməsində mühüm rol oynayan Alparslan, cəsarəti, ədaləti və döyüş dahiliyi ilə tanınırdı.

 

 Sultan Alparslan 1029-cu ildə anadan olmuş və gənc yaşlarından hərbi və siyasi bacarığını sübut etmişdi. 1063-cü ildə əmisi, Böyük Səlcuq hökmdarı Toğrul bəy vəfat etdikdən sonra taxta çıxan Alparslan ilk növbədə imperiyanın daxili sabitliyini təmin etdi. Dövlətin sərhədlərini qorumaq və daha da genişləndirmək üçün ciddi tədbirlər gördü.

Onun siyasəti yalnız döyüş və fəthlərdən ibarət deyildi. O, idarəetmədə ağıllı və ədalətli bir hökmdar kimi tanınırdı. Əyalətlərə təyin etdiyi vəzirlər və valilər xalqın rifahını düşünən şəxslərdən seçilirdi. Xüsusilə, vəziri Nizamülmülk ilə birlikdə qurduğu idarəçilik sistemi Səlcuq dövlətinin əsas sütunlarından biri oldu.

 Malazgird döyüşü – Türk tarixinin dönüm nöqtəsi:

 Alparslanın adını əbədi olaraq tarixə yazdıran hadisə 1071-ci ildə baş verən Malazgird döyüşü idi. Bizans imperatoru IV Romanos Diogenes Anadoluya axın edən türkləri dayandırmaq üçün nəhəng bir ordu topladı. Lakin Sultan Alparslan ağıllı strategiyası və ordusunun gücü ilə bu döyüşdə böyük bir zəfər qazandı.

Döyüşdən əvvəl Sultan Alparslan əsgərlərinin qarşısına çıxaraq belə demişdi:

 “Əgər şəhid olsam, bu mənim üçün bir şərəfdir. Qalib gəlsəm, bu da Allahın lütfüdür.”

 O, ordusunu dua edərək savaşa apardı və düşməni darmadağın etdi. Malazgird zəfəri ilə Anadolu qapıları türklərə açıldı və bu torpaqlar gələcəkdə Osmanlı dövlətinin əsas təməlini təşkil etdi.

 Sultan Alparslan yalnız bir döyüşçü deyil, həm də yumşaq qəlbli, ədalətli bir hökmdar idi. Onun şəxsiyyətində mərhəmət və sərtlik birləşirdi. O, hər zaman xalqına və əsgərlərinə qarşı qayğıkeş davranmış, ədalətsizliyi bağışlamamışdı.

 1072-ci ildə Xorasan səfəri zamanı bir qala hakimini cəzalandırmaq istəyərkən o şəxs gizli bir xəncərlə ona hücum etdi. Alparslan bu yaradan sağ çıxmadı və həmin il 43 yaşında vəfat etdi.

 Lakin onun izi tarixdə silinməz qaldı. O, Anadoluya türklərin yerləşməsinin əsasını qoydu, Səlcuq İmperiyasını qüdrətli bir dövlətə çevirdi və gələcək nəsillərə unudulmaz bir miras buraxdı.

 Sultan Alparslan yalnız bir fateh deyil, həm də bir millətin taleyini dəyişdirən lider idi.

 

 Malazgirddə görünən kölgə

 

Sultan Alparslan gənc yaşlarından igidliyi, cəsarəti və ədaləti ilə tanınırdı. Amma onun həyatı yalnız döyüşlərdən və fəthlərdən ibarət deyildi. Tarixin kölgəsində qalan bir rəvayət var ki, bu böyük sərkərdə haqqında az adam bilir…

 Deyirlər ki, Sultan Alparslan taxta çıxmamışdan əvvəl, bir gecə düşərgədə dərin düşüncələrə dalmışdı. Sabah mühüm bir yürüşə çıxacaqdı və qəlbində qəribə bir sıxıntı vardı. Birdən çadırın qarşısına bir dərviş gəldi. O, uzun səfərlərdən gələn bir yolçu kimi toz içində idi. Gözlərində dərin hikmət var idi.

Sultan ona yaxınlaşaraq soruşdu:

— Ey dərviş, niyə gecə vaxtı yol gəlmisən?

Dərviş gülümsəyərək dedi:

— Mən yolçuyam, amma bu gecə sənin üçün gəlmişəm, Sultanım.

Alparslan təəccübləndi:

— Mən hələ Sultan deyiləm.

Dərviş başını yellədi:

— Sən artıq taleyini yazmısan. Böyük bir imperiyanın hökmdarı olacaqsan. Amma unutma, sənin ən böyük zəfərin də, ən böyük imtahanın da qılıncınla deyil, qəlbinlə olacaq.

 Alparslan fikrə getdi. O, hər zaman qılınca güvənmişdi. Amma dərvişin bu sözləri ona qəribə gəldi.

 İllər keçdi. 1071-ci ildə Sultan Alparslan ordusunu Bizansa qarşı Malazgird döyüşünə apardı. Döyüşdən bir gecə əvvəl yenə narahat idi. Çadırında tək oturarkən birdən kölgə kimi bir qoca gördü. Bu, illər əvvəl gördüyü dərviş idi.

Dərviş yavaşca pıçıldadı:

— Sabah qılıncını çək, amma unutma, qələbə təkcə dəmirin gücü ilə gəlməz. Əgər sən qəlbindəki mərhəməti unutmasan, adın min illər yaşayacaq.

 Səhəri gün Alparslan savaş meydanında möhtəşəm bir zəfər qazandı. Bizans imperatoru IV Romanos əsir düşdü. Amma Sultan onu öldürmədi, ədalətlə davrandı, ona hörmətlə yanaşdı və sərbəst buraxdı. Bu, türk tarixindəki ən böyük mərhəmət nümunələrindən biri oldu.

 İllər sonra Sultan Alparslan bir qalanın fəthi zamanı xain bir düşmən tərəfindən yaralandı. Ölümlə çarpışarkən çadırında bir dəfə də o dərvişi gördü.

— Qılıncın çox zəfər qazandı, amma adını əbədi edən sənin qəlbin oldu, — deyə dərviş pıçıldadı.

Sultan Alparslan gözlərini yumaraq pıçıldadı:

— Qəlb qalib gələndə, qılınc gerçək bir fateh olar…

O gün Alparslan həyatdan köçdü, amma onun adı və mərhəməti tarixə əbədi həkk olundu.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

Cümə axşamı, 30 Yanvar 2025 14:07

Səssiz sətirlər - ESSE

 “Ədəbiyyat və incəsənət” sizlərə növbəti gənc imzanı təqdim edir. Nərmin İsmayılova. Simurq təxəllüsü ilə yazan bu xanımın bir essesini diqqətinizə çatdırırrıq.

 

 

+Yaşadığın həyata qarşı vecsiz davranışlarının səni uçuruma sürükləyəcəyini bilə-bilə səhv addımlarla irəliləmək sona çatmaqdır. Bunu artıq anla.

 

-Sənin səhv adlandırdığın hər hadisə mənim yaşam sevincimi alovlandıran ilk qığılcımdır. Sahildəki dalğalar, meşəlikdəki ucsuz-bucaqsız budaqlar, saçımı darayıb narincə salamlaşan əsintilər mənim tək sirdaşımdır. Ona görə sona çatan təkcə səhvlər olmayacaq. Əsl sən  anla... 

 

+Bəzən doğru sandığımız, "mükəmməl" dediyimiz həyat altını üstünə çevirdikcə daha çox sarar yaralarımızı.

 

-Əgər həyatımızın altını üstünə gətirən insanlar olmasa, anlayacaq zamanımızda oğurlanmaz. Yalnız və əksik qalmarıq. 

 

+Hər küldən bir həyat doğar, hər sona bir başlanğıc gizlənir. İnsanın gücü, küllərindən yenidən doğmasında və yaşamasında gizlidir...

 

 

 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

“Xarabalıqdan çıxan milyonçu” filmi rejissor Denni Boyl tərəfindən lentə alınmışdır. Film Hindistanlı yazıçı Vikas Svarupun  “Q&A”  romanı əsasında 2008-ci ildə Böyük Britaniyada çəkilmişdir. 

 

Hindistanın Mumbay şəhərində yoxsul bir ailədə dünyaya gələn Camal Malik adlı gənc oğlanın həyatı elə də uğurlu alınmır. Həm uşaqlıq dostunu, həm də sevgilisini itirən Camal Böyük Britaniyaya üz tutur. Burda  da elə də xoş hadisələrlə rastlaşmayan qəhrəmanımız daha sonra məhşur “Milyonçu” şousuna qatılaraq 2 milyon rupi qazanaraq insanları heyrətləndirir.

Məsələnin ən örnək götürüləsi məqamı isə Camal Malikin mübarizə apararaq dibdən zirvəyə yüksəlməsidir. Hər nə qədər oğru damğası vurulsa belə Camal mübarizədən vaz keçmir və sonda bütün arzularını reallaşdırır.

Məncə, hər birimizin içində bir Camal Malik var. Yetər ki, onu doğru şəkildə yönəltməyi bacaraq.

Heç vaxt mübarizədən əl çəkməyin. Çətinliklərlə üzləşməyi və onunla savaşmağı bacarın.  İnanın, qarşımızdakı əngəllər içimizdəki mübarizə əzmindən böyük və güclü deyil. 

 

“Ədəbiyyat və İncəsənət”

 (30.01.2025)

 

 

Ötən gün yazıçı, dramaturq, tənqidçi, satirik, publisist, dövlət xadimi, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu Xeyrəddin Qocanın 75 illik yubileyi tamam oldu. 

 

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında nasirin həyat və yaradıcılığından, ictimai və siyasi fəaliyyətindən bəhs edən “Xeyrəddin Qoca – 75. Yazdıqlarım... Yazılanlar...” adlı virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisində Xeyrəddin Qocanın Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri, Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi, ictimai-siyasi fəaliyyəti, bədii yaradıcılığı sayəsində layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat verilir. Kitabxananın rəsm saytında yerləşdirilən https://ryl.az/multimedia/xeyreddin-qoca virtual kitab sərgisində Xalq yazıçısı Anarın Xeyrəddin Qoca haqda söylədiyi xatirələr, yazıçının səhnələşdirilən dram əsərləri haqqında məlumat da təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xeyrəddin Qocanın müəllifi olduğu və ona xalq sevgisini qazandıran “Biz bizə bənzərik”, “Yazdıqlarım, yazılanlar”, “Ömür belə keçir”, “Xeyrəddin Qocanın gülüşü” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Səhəndi

Urmiya

 

 

TƏBƏSSÜMÜN QAÇIB SƏNİN

 

Baxışların ögey baxır,

Təbəssümün qaçıb sənin.

Bədbəxtini dindirmisən,

Bəxti qapın açıb sənin?

 

Sevgimizi qıydın sına,

Çöp uzaltdın arasına,

Bəlkə deyim başqasına,

Boş ürəyin uçub sənin.

 

Xırda-iri ölü də var,

Diri-diri ölü də var,

Cismin bəlkə diri yaşar,

Ruhun bəlkə köçüb sənin.

 

Bizdə ayrılar birisi,

Gerçəyin yoxdur gerisi,

Daş ürəksən, daş gülləsi,

Ürəyinə keçib sənin.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

Cümə axşamı, 30 Yanvar 2025 09:34

ZƏNGƏZUR: tarixin və ədalətin milli simgəsi

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

Zəngəzur… Bu ad artıq sadəcə coğrafi məkan deyil, ulusumuzun tarixi yaddaşı, mübarizə iradəsi və beynəlxalq hüququn məğzidir. 

 

Azərbaycan Prezidenti Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki (28.01.2025) nitqində Zəngəzur dəhlizi ilə bağlı danışarkən, əslində, tarixə, hüquqa və gələcəyə dair bir manifest təqdim etdi. Zəngəzur yalnız bir dəhliz deyil; bu, ulusun birləşdirici damarlarının açılması, ayrılıq üzərində qurulmuş hər bir haqsızlıq divarının çökdürülməsi deməkdir.

 

Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsindəki mərkəzi mövqeyini təsvir edərkən, bir həqiqət gün kimi aydındır: Azərbaycanın müstəqillik illərində atdığı strateji addımlar onu bölgənin siyasi, iqtisadi və logistik cazibə mərkəzinə çevirib. Gündoğar-Günbatar, Quzey-Güney nəqliyyat dəhlizlərinin keçdiyi bu məkan artıq təkcə yüklərin deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların və inteqrasiyanın keçid qapısıdır. Prezidentin vurğuladığı kimi, rəqəmsallaşma və ortaq layihələr Azərbaycanda işbirliyi mədəniyyətini yeni zirvələrə qaldırır.

 

Amma tarixin digər bir üzü də var. Bu üz, Zəngəzur üzərindən gedən yolda Ermənistanın qərəzli, qeyri-konstruktiv siyasəti ilə kölgələnir. Ermənistanın Zəngəzur dəhlizi məsələsində beynəlxalq hüququ ayaqlar altına ataraq manipulyasiya oyunları oynaması, əslində, məğlubiyyətin və təcridin ifadəsidir. Prezidentin bir daha açıq şəkildə səsləndirdiyi mövqe isə sadə, ədalətli və beynəlxalq hüquqa əsaslanır: Azərbaycandan Azərbaycana keçid təmin edilməlidir. Bu, məlum 10 noyabr razılaşmasının öhdəliyi və Azərbaycanın haqlı tələbidir.

 

Zəngəzur dəhlizinin önəmi yalnız iqtisadiyyatla məhdudlaşmır. Bu dəhliz eyni zamanda tarixi ədalətin bərpa simvoludur. Sovet hakimiyyətinin 1920-ci ildə Günbatar Zəngəzuru Azərbaycandan ayırması ilə başlayan faciəvi tarixi xronologiya Prezidentin nitqində bir daha xatırlanır. Çar Rusiyasının erməniləri Qarabağa köçürməsi, Qarabağ xanının qətli, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması və Xocalı Soyqırımı kimi tarixin qanlı səhifələrini unutmamışıq.

 

Bu gün Azərbaycanın gücü yalnız iqtisadi inkişafında və beynəlxalq nüfuzunda deyil, həm də tarixin ədalətini qorumaq iradəsindədir. Zəngəzur dəhlizi bu iradənin simvoludur. Ermənistan rəhbərliyi bu gerçəkliyi nə qədər tez qəbul etsə, bir o qədər də öz təcridini yüngülləşdirər. Əks halda, Ermənistan dalan bir ölkə olaraq qalmaya davam edəcək, Azərbaycan isə öz tarixi yolunda irəliləyəcək.

 

Azərbaycan Prezidenti müşavirədəki nitqi ilə bir daha göstərdi ki, bu torpağın, bu mədəniyyət iqliminin övladı yalnız tarixini bilmir, həm də gələcəyini qurmağa qadirdir. Zəngəzur dəhlizi gələcəyin yol xəritəsidir – qlobal inteqrasiyanın, tarixi ədalətin və milli suverenliyin birləşdiyi xəritə! Bu xəritədə iki ad var: ancaq onun biri Azərbaycan, digəri Ermənistan deyil! Yol bizi Azərbaycandan- Azərbaycana götürəcək! Necə deyərlər, ha Gündoğar ha Günbatar - Zəngəzur Zəngəzurdur! Qarabağa Ar(t)sax, Zəngəzura Sünik deməklə deyil - çün elə o tapıntılar da erməni kökündən gəlmir, illa türk kökənli yer adlarıdır. 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Turan Rəhimlinin qəhrəman stüardessa Hökümə Əliyevanın əziz xatirəsinə həsr etdiyi şeiri təqdim edir. 

 

Dünyadan qədimdi söz, 

İnsandan ucadı səs.

Hər adam sözdə qalmaz,

Hamı səsinə yetməz.

 

Kim bilir hansı yaşda

Aləmə səs salacaq.

Kim bilir  bu  dünyaya

Son sözü nə olacaq.

 

Həmin gün göydən qopdu, 

Yerə gəlib çatdı söz.

Ömür cümləyə sığdı,

Bir tarix yaratdı söz.

 

Səssiz qızın son səsi

Dünyaya haray saldı.

Qoy "hamı sakit olsun!" -

Səs kövrəldi, səs doldu.

 

"Hər şey yaxşı olacaq."

Göydən yerə  nidamı?

O qızın titrək səsi

Mələklərdən sədamı?

 

Əcəl meydan oxuyur,

Həyat ölüm göz-gözə.

Hamı nəsə gözləyir...

Son uçuş -- son möcüzə.

 

Bir təyyarə insanın

Qorxudan solmuş üzü...

Bir yandan ümid verir

Hökümənin son sözü.

 

"Hər şey yaxşı olacaq!" -

İşıq sarır havanı.

"Allahu əkbər" səsi 

Dəlib keçir tavanı.

 

Dünyanın çiyni qopur,

Sözdən ağır yük yoxmuş.

Ölüm vaxtı verilən 

Ümid Allaha yolmuş.

 

Alovlarır  təyyarə,

O ümid itmir hələ. 

Dastan yazır bu millət.

Son nəfəsində belə.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr zamanıdır, sizlərə Pərvanə Bayramqızının özüylə söhbəti və essesi təqdim edilir.

 

 

 

 

özüylə söhbəti…

 

…söhbətə hardan başlayacağını bilməmək mənəvi yoxsulluğun adamı ələ verməsidir. Demək, narahat olduğun mövzu, bölüşmək istədiyin fikir, ötürmək istədiyin ideya, yerinə yetirəcəyin missiyan yoxdur.

Ağlından keçən hər xırdalığı sözün boğazına bağlamaq da söhbət etmək sayılmaz.

Söhbət etmək nəfəs almaq, qidalanmaq qədər vacibdir, ruhun ehtiyacıdır, baxır kimlə nədən danışmağına.

Özünlə söhbət etmək özgəni yormaqdan yaxşıdır.

Yaxşı həmsöhbəti də hər istəyəndə tapmaq olmur. Yaxşı həmsöhbəti axtarmırlar da. Rastına qəfil çıxır. Küçədə, parkda, avtobusda on dəqiqəlik yolda kəlmə kəsdiyin adamların arasında özünə həmsöhbət tapanda məmnun olursan. Danışdığın hər kəslə deyil, yalnız biri ilə sözün tutur. Bircəciyi sənin kimi düşünür. Sənə doğmalaşan da o olur. Beş-altı fikrin uyğun gələn adamı az qalırsan bağrına basıb “yaxşı ki, səni tapdım” deyəsən. Biz özümüz kimi adamları sevirik. Ona görə dostu pis olanlardan qaçırıq. Onun da öz mənəviyyatına uyğun adam tapdığını düşünürük.

Dövrümüzdə söhbət canlı halından xeyli uzaqlaşıb. Adamlar bir-biri ilə daha çox virtual  söhbət aparırlar. Fərq etmir videozəng, ya da inboks söhbəti, məqsəd fikir mübadiləsi aparmaqdır. 

Ən geniş dialoq statuslardır. Nə olsun ki, onu şəxs təkcə yazır, yalnız profilindən paylaşır. Bu da öz fikrinə ətrafdakıları cəlb eləyib söhbət yaratmaq niyyətidir.

Söhbətə nöqtə ilə başlayanda bitmirmiş... Uzanırmış... dərinləşirmiş... adam özünə həmdəm tapırmış. Nöqtə axırda qoyulanda sonluq anlayışı kimi qəbul edilsə də, əvvəldə qoyulanda nəyinsə başlanğıcı olur.

Həmsöhbətlər bir-birində özünü axtarmağa başlayır. “Hansı fikrimiz üst-üstə düşür”, “eyni hadisə haqqında o necə düşünür”, “düşüncələrimlə razılaşırmı?” suallarına cavab axtarır. Cavab tapılanda münasibətlər ona uyğun olaraq ya istiləşir, ya da buza dönür.

         Söhbətdən doğma insan tapmaq xoşbəxtlikdir. Doğma o kəsdir ki, özünü onda görürsən, onu da özündə.

Bəzən də adamın bir-birini gözü tutanda söhbət eyni yola çıxmaq üçün istiqamət olur.

Söhbətcil deyiləm. Ən çox söhbətləşdiyim özüməm. Nə sözümü kəsirəm, nə də üstümə acıqlanıram. Heç mənim mənimlə razılaşacağımı da ummuram. Gözümü yumub ağzımı da açmıram. Asta-asta, aramla danışıram.

Özümə sualım çoxdur, amma əksər vaxt susuram. Özgəyə sual vermirəm. Mənə verdikləri sualın cavabını da adamların özlərindən soruşmuram. Səmimi olmayacaqlarını bilirəm. Ürəyindən gələni danışmayanla kəlmə kəsmək mənə çətindir. Əsl fikrini dəyişib vəziyyətin tələb etdiyi şəklə salan adamla dialoqa ayrılan vaxta heyfim gəlir. 

Sənlə danışmağı, səndən danışmağı sevirəm.

Həmsöhbətim, həmdəmim, həmfikrim sənsən.

Sən olmayan şəhərdə yaşaya bilmərəm, sən olan şəhərdə də səni görmürəm. Ayrılıqların məskənidir şəhərimiz.

Hərdən özümdən soruşuram: yadındadır?

... məndəki mən bu sualı sevmir. Deyir, keçmişi unut. Nə qədər ki orda qalacaqsan, yaşaya bilməyəcəksən.

Amma bu gün bir keçmiş xatirə özünü söhbətin arasına zorla pərçimləyir.

Bu şəhərdə baş vermişdi o hadisə…

Mehdi Hüseyn küçəsi. Uşaqlıq illərimdə bu ünvanı efirdə aparıcıdan eşidib həmin ünvanda yerləşən telestudiyaya məktub yazmışdım. Böyüyəndə həmin ünvana özüm getdim. Elə oralarda  xatırlamaq istəmədiyim, xatirimdən çıxmayan xatirəm oldu. Acı bir xatirə...

         Qış idi…ya da yazmıram.

Hindlər həyatımdan kino çəksəydilər, yəqin ki, əvvəlcə küçədəki o hadisəni ekranlaşdırar, ardınca da ötüb keçmiş iyirmi ildən sonrakı məni həmin yerdə bir qədər yaşa dolmuş vəziyyətdə göstərərdilər. Tamaşaçılar indi əvvəlkitək itaətkar yox, bir az cəsarətlənmiş qadın görərdilər.

Bu payız həmin yerdən keçdim. Amma həmin adam deyildim. Keçmişi yaxasından qoparıb atmaq istəyən, təzədən həyata bağlanan, ağrı-acıları unutmaqla mübarizədə qalib çıxmağa çalışan mən vardım. Deyəsən, bacarıram. Addımlarımı yanımla addımlayanın addımlarına çatdırmaq istədikcə hiss etdim, keçmiş artıq mənə çata bilmir. Keçmək istəyirdim... ömrün narahat günlərini çınqıl, toz-torpaq kimi ayaqlayıb ötmək istəyirdim.

Hamıdan uzaqlaşıb öz dünyana çəkiləndə görürsən, orda hər kəsdən gizlətdiyin, balan kimi qoruduğun nəsə qalıb. O, sirdir. O sənindir. O sənsən. Elə duyğular var, onu ağıl qoruyur. Beyin düşüncənin qəfəsidir. Ürəyin sağı-solu olmur. İstəyəndə sevir, istəyəndə nifrət edir. Beyin onun işinə qarışmasa, bəlkə də, gündə bir oyun çıxarar. Kimi qəlbi, kimi də ağlı ilə yola getmir. Bunların hamısını bir yerdə taraz saxlaya bilənlərin əzabı çox olur.  Nümunəvi insan kimi cəmiyyət onları qəbul edir, nələr çəkdiklərindənsə heç kəsin xəbəri olmur.

Xoşbəxtliyimizin dəmir barmaqlığı – “adama nə deyərlər” ifadəsi cümlənin (həyatımızın) əvvəlinə, ortasına möhkəmcə qaynaqlanıb. “Axırında” yazmadım. Ümid... hə, ümid...

Qandalladığımız, buxovladığımız hisslərdən bizi qələm xilas etməyə çalışır, ağılsa ruha göz verib işıq vermir.

Adam daima xəyal etdiyi məqamı yaşayanda gerçəyi xülyadan ayıra bilmir. Beyin o anları fikrən hər gün yaşadığından əmələ dönəndə anlamır. Elə bilir, sahibi yenə xəyala dalıb.

Xəyala oxşar gözəl günlər üstünə payız xəzəli kimi tökülə... belə payızı sevməzsənmi?

Payızdır. O payız ki, həmişə gəlişindən qəribsəmişəm. Amma bu dəfə payız elə sakit, elə mehriban idi, utandığımdan başımı qaldırıb üzünə baxa bilmirdim. Başımı qaldırıb üzünə baxmağa cürətim çatmayan daha bir varlıq vardı. Varlığına şükür oxuduğum varlıq. O, payızdan güclü idi. Saralan yarpaqlara olan qüssəmi gözəlliyə çevirmişdi. Ömrümün bütün fəsillərini mənə sevdirmişdi. O məni payızdan keçirirdi.

Mənə elə gəlirdi, yanımdakı da mənəm. Özüməm. Yox, mənə elə gəlmirdi, o elə məndir... mən də o.

         Sevəndən sonra özünə özgələşirsən. “Öz” anlayışı sevənədək aktualdır.  Sevəndə adam özündən çıxır, ona çevrilir.

Çoxdan çıxmışam özümdən. “Mən artıq mən deyil, mən sən olmuşam” Dinləməkdən doymuram.

Sənə bir sirr açım, uşaqlıq illərindən üzü bəri həmişə böyük hisslərlə yaşasam da, nədənsə qəlbimdə bir boşluq hiss etmişəm... Əzizlənərək böyüməyimə baxmayaraq, nisgil duymuşam. Kiminsə yolunu gözləyirmiş kimi gözüm uzaqlara dikilirdi. Bilirdim, yanlış yerdəyəm, hiss edirdim... Gəldin. Qəlbimdəki o boşluq sənlə doldu. Əsl məni sən tapdın. Qəlbimin dərinliklərinə qəvvas kimi baş vurdun, hisslərimi inci kimi sən çıxardın. Mirvari dənələritək duyğularımı sən topladın. Nə vaxtsa “Mənim qəvvasım” adlı kitab yazsam, o kitab sən olacaqsan.

Musa Yaqubun fəsli – payız görüşdürdü bizi...

Bilmirəm, nə vaxtsa payız qovuşdurarmı bizi???

Hələlik payızdan ilk dəfədir sənlə keçirəm.

Qanadım oldun – məni bu payızdan keçirtdin. İndi üzü qışa doğru getməkdən qorxmuram. Bir gün günəş doğacaq, qar utanıb yerə girəcək. Sənlə söhbətimsə bitməyəcək. Axı nöqtəni əvvəldə qoymuşam.

 

 

…və essesi

 

OĞURLANAN ŞAMDANLAR, “DİRİLƏN” ADAMLAR...

 

Mətnə başqa bir ad da vermək olar – ““Mumu”dan dərs almayanlar...”

Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərinin “Karokep” hissəsində adamı riqqətə gətirən epizod var. Həmin hissəni oxuyanda oxumağa fasilə verir, düşü­nürsən: “İlahi, vicdan hissini oyatmağın necə gözəl yolları varmış. Vicdanlısansa, oxuduğun qəlbini təzədən gözəlləşdirəcək, düşüncənin dərin qatlarına enəcəksən”.

Finlandiyada quldurluğu ilə insanları həyəcanlandıran Karokep adlı şəxs cina­yətkarlıqda ad çıxarır. Onu ruhi xəsətəxanaya salsalar da, oradan qurtula bilir. Uşaqlıqda olduqca məsum, həssas olan qulduru cinayətlər törətməyə təhrik edən cəmiyyətin çirkabı olur. Yanında işlədiyi tacirin malını kəndlilərə paylayıb özünü də kötəkləməyinə səbəb tacirin tərəzidə fırıldaq edib insanları aldatmasıdır. O, insanların tamahkarlığını, ədalətsizliyini, yalan danışmaqlarını qəbul edə bilmir. Qəzəb, nifrət hissi onu qatilə çevirir. Sonda isə keşişin təsiri ilə cinayətdən çəkinib doğru yola qayıdır. L.Tolstoyun təbirincə desək, dirilmə bir gecənin içində baş ve­rir.

Quldur ruhi xəstəxanadan qaçıb yaraladığı keşişin yanına gəlir. Keşiş onu içəri buraxanda ona sual verir ki, sizi yenə öldürə biləcəyimdən qorxmursunuzmu? “Qorxmuram”, – deyir keşiş. Quldur səbəbini soruşanda verdiyi cavab oxucunu tə­sirləndirir: “Gözləri belə olan insanlar heç vaxt kimisə öldürməzlər”.

Quldur:

– Mənim gözlərim necədir?

Keşiş:

– Hüznlü. Dərin kədər var içində.

Keşiş rəftarı ilə quldurun içində közərən işığı üzə çıxarır, üfürüb alovlandırır. Quldur ağlayır, diz çöküb üzr istəyir. Keşişin təsiri ilə yenidən uşaqlıqdakı kimi saflaşmağa can atır. Nəticə həssas oxucuların ürəyincədir. Cinayətkar üç övladına mükəmməl təhsil verən ataya çevrilir.

Toyuğun cücələrini qanadı altına yığıb saxladığını görəndə qatilin qolları boşa­lıb silahı əlindən düşərsə, dünyanın düzələcəyinə inamımız artar. Onda müharibə də olmaz. Neçə ki bu mənzərə laqeyd qarşılanıb, sadəcə ev quşunun adi günlərin­dən biri kimi dəyərləndiriləcək, bəşəriyyət çox bəla çəkəcək.

Kədərin hikməti var. Həddən çox eyforiya vecsizliyə aparır. Kefcillik milləti özünüdərkdən uzaqlaşdırır. Kədər insanı özünü dərk etməyə sövq edir.

Mahiyyəti eyni olan başqa bir əsərdən göstərəcəyim nümunə də hissiyyatsız insanlarda bayılmış vicdan üçün naşatır spirti effekti verəcək.

Oğurluğa düşən kişi ilə ev sahibi qadının dialoqu:

Qadın:

– Bir az da qalın, söhbət edək. Elə maraqlıdır ki, istəyirəm, izah edəsiniz nə üçün oğurlamaq – sizə çatası şeyi götürməkdir?

Oğru səmimiyyətlə həyatını danışır. Oxucuya məlum olur ki, o, əslində, öz haq­qı olanı istəyir. (Əhatəli yazmayacağam, əsəri tapıb oxuyun. Aşağıda adını qeyd edəcəyəm). Qadın dinləyir. Qəfildən xidmətçilər otağa daxil olurlar. Oğru Lyük qa­dından nə vaxt zəng etdiyini soruşur. O, zəngin düyməsinin stolun altında oldu­ğunu deyir. Özünün səmimiyyəti, qadının hiyləgərliyi onu təəssüfləndirir. Əslində, yardım istəmək zərərçəkənin haqqıdır, amma oğrunun izahına və rəftarına görə bu hərəkəti tədbir yox, hiyləgərlik saymaq olar. Qadın tapançanı onun əlindən almağa nail olsa da, öldürə bilmir. Oğrunun sözlərinin təsirindən cəsarətini itirir. İnsanı mənən öldürmək cismən məhv etməkdən asandır. Qadının hiyləsi artıq oğrunu mənən öldürür, səmimiyyətə inamını itirir. Yazıçı cismani ölümü ona qıymır. Bəlkə də, qadını qatil etmək istəmir. Cek London “Martin İden”də qadının bir kişini mə­nən öldürdüyünün əvəzini burada – “İnsan öldürmək” hekayəsində çıxmağa çalı­şır. Ruf Martini mənəvi boşluğa itələmişdi. Oradan xilas ola bilməyən Martinin inti­harı seçməsində əsl günahkar Ruf idi, amma ona cinayət işi açmaq mümkün deyil. Mənəviyyat qatilləri məsuliyyətdən azaddırlar, ona görə istədikləri şəraitdə qur­banlarını istədikləri rəftarla, sözlə məhv edə bilirlər. Yazıçı hekayədə qadına cəsa­rətsizlik verib oğrunun səmimiyyətinə təslim edir. İnsanı mənən diriltmək, yenidən həyata qaytarmaq onu öldürməkdən çətindir. Lev Tolstoyun “Dirilmə”si də möv­zuya gözəl nümunədir. O qədər böyük əsərdir ki, özünü ayrıca təhlil etməyə ehti­yac var. Orada kişi keçmişdə buraxdığı səhvi düzəltməklə özü özünü dirildir, qadı­nı da xilas edir. Jan Valjanı xatırlamaq da təbiidir. Yepiskopun gümüş şamdanını oğurlasa da, şamdan sahibi onu bağışlayır. Bundan sonra Valjan tövbə edib ləya­qətli insan olur.

Xatırlamağa çalışaq: neçə gözə kədər, neçə qəlbə ümid, inam vermişik? Hesa­batını aparıb, xəcalət çəkib, yaxud məmnun olmuşuqmu? Neçə qulduru bağışlayıb vicdan hissini oyatmışıq? Neçə səhv sahibini cəmiyyətə qaytarmışıq? Bir insanı doğru yola qaytarmaqla müqayisədə nəinki gümüş, heç qızıl şamdanın da dəyəri yoxdur. Sağlam mənəviyyata zərbə vuranların sayının azalması üçün ən gözəl əsərlərin oxunması, yazılması vacibdir. Ədəbiyyatın tərbiyəedici funksiyasına ina­nıram. Şamdanımız oğurlansa da, təki kimisə mənən dirildək. Onda bütün əşya­larımız özümüzdə qalacaq.

Elə buradaca öz fikrimi təkzib edən ötənilki paylaşımımı xatırladım: ““Mu­mu” Putinin ölkəsində yazılıb”.

Pessimistlik olmadı ki?

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

 

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Bəşəriyyətin qanla, savaşla, düşüncə ilə yoğrulan tarixi var. Hər dövr öz titanik şəxsiyyətlərini doğurur—bəziləri fateh, bəziləri inqilabçı, bəziləri dahi, bəziləri isə qurban… Lakin bir ortaq cəhət var: Onlar tarixin üzərində iz qoyurlar. Yandırılan kitablar, qırılan heykəllər, ləkələnən adlar… Bunların heç biri həqiqətin unudulmasına yetərli deyil. Çünki tarix bir yaddaşdır və yaddaşı öldürmək mümkün deyil.

 

Bax, bu yaddaşın içində bəzi adlar var ki, onları daşıyanlar sadəcə bir insan deyildilər, bir ideya idilər. Bir inamın, bir gücün, bir faciənin rəmzi idilər. Və mən—bütün seçimlərimlə, düşüncələrimlə, kimliyimlə—məhz onlara baxaraq böyüdüm. Bu adlar mənim yolumu işıqlandıran məşəllərdir.

 

İsgəndər—cavan yaşında dünya sığmadı ona. Qılıncının ucunda şəhərlər tikildi, dillər qarışdı, mədəniyyətlər doğuldu. O, sadəcə döyüşmürdü, bir anlayışı formalaşdırırdı: Sərhəd yoxdur. Hökmdar olmaq üçün doğulmamışdı, o, özü hökmranlığı yaratmışdı. Lakin bir həqiqət var: Dünyanı fəth etsən belə, öz içindəki boşluğu fəth edə bilməzsən.

 

Napoleon—o, təkcə Fransa üçün döyüşmürdü, o, taleyini özü yazmağa çalışan bir insan idi. O, yeni qanunlar gətirdi, inqilabı bir addım irəli apardı, bəlkə də, bəşəriyyəti oyatdı. Amma nə qədər böyük olursan ol, tarixdə bir səhv hər şeyin sonu ola bilər. O səhv Moskvanın qışında dondu, St. Helenanın sahillərində unudulmağa üz tutdu.

 

Hitler— (bu adamı xüsusilə sevirəm. Uşağlığdan kəkələyən biri idim. Və məni o müalicə etdi demək olar ki.) Bir millətin qisasını almaq istədi, amma nəticədə bəşəriyyətə unudulmaz bir yara vurdu. Tarix onu unutmayacaq, çünki o, ya tarixin ən böyük nifrət, ya da ən böyük iradə simvoludur. Xəyal etdiyi dünya qurulmadı, amma qaranlıq xəyalların belə bir reallığı dəyişdirə biləcəyini göstərdi.

 

Onların həyatı mənə bir şeyi öyrətdi: Güc sadəcə qılıncda deyil, qəlbin və ağlın içindədir..

 

Dostoyevski—insan ruhunun dərinliklərini araşdıran bir səyyah. O, sadəcə yazmırdı, sanki yaşadığı hər ağrını kağıza tökürdü. Hər bir qəhrəmanı insanın qaranlıq tərəfini açırdı. O, bəşəriyyətin ən çirkli düşüncələrini işıqlandırırdı, çünki bilirdi ki, qaranlığa göz yummaq onu yox etmir. Mən onun əsərlərində öz ruhumu tapdım.

 

Da Vinçi—bəlkə də bu dünyaya səhv dövrdə gəlmiş bir adam. Rəsmlərinin içində elm, elmin içində isə sənət gizlənirdi. O, kainatın sirrini açmağa çalışırdı və biz hələ də onun yazdığı kodları tam anlamamışıq. O, insan ağlının sərhədsizliyini sübut etdi. Onun dahiliyi mənə göstərdi ki, həqiqi qüvvə bilikdədir.

 

Onlar mənə fikir azadlığının və yaradıcı düşüncənin gücünü göstərdilər. Onların varlığı mənim dünyagörüşümü formalaşdırdı.

 

Amma tarix yalnız fatehlərlə, dahilərlə yazılmır. Bəzən tarix qurbanların qanı ilə yazılır. Azərbaycan tarixində bir qanlı səhifə var—1937-ci ilin qara günləri. O günlərdə qələmi qılıncdan iti olanları susduruldular, qaranlığın qarşısında dayananları sındırdılar.

 

Mikayıl Müşfiq—şeirinə görə öldürüldü. O, sadəcə qafiyə düzən bir insan deyildi, o, millətin ruhunu oyadan bir səs idi. Amma zülmə dözə bilmirdi. Onu susdurdular, amma hər misrası, hər sözü ilə hələ də bizimlədir.

 

Hüseyn Cavid—"Mənə ölüm asan, siz insana azadlıq verin" deyən bir filosof. Onun günahı nə idi? Düşünməkmi? Yazmaqmı? Həqiqəti söyləməkmi? Onu sürgündə, soyuqda, kimsəsiz bir yerdə öldürdülər, amma fikirlərini öldürə bilmədilər.

 

Əhməd Cavad—milli şair. "Çırpınırdı Qara dəniz" dediyi üçün güllələndi. O, Azərbaycan bayrağını yazdı, amma ona Azərbaycan torpağında yaşamaq çox görüldü.

 

Onlar mənə düşüncənin gücünü və azadlığın dəyərini öyrətdilər. Onların hər biri mənim üçün bir məşəldir. Onlar sönmədi, onlar mənim ruhumda, sözlərimdə, düşüncələrimdə yaşayır.

 

Mən kiməm? Mən haradan gəlmişəm? Mən nəyə inanıram?

Mən, bu tarixi simalara baxaraq böyümüşəm. Onların qərarlarını, düşüncələrini, faciələrini oxuyaraq formalaşmışam. Mən İsgəndərin qılıncından, Napoleonun strategiyasından, Dostoyevskinin insan ruhuna baxışından, Müşfiqin şəhid ruhundan öyrəndim. Mən onlarla düşündüm, onlarla mübarizə apardım, onlarla ruhlandım.

Hər dövr bir İsgəndər doğurur. Hər əsr bir Napoleon yetişdirir. Hər cəmiyyət bir Dostoyevskiyə ehtiyac duyur. Amma ən vacibi—hər millət öz Müşfiqini, Cavidini, Cavadını qorumalıdır. Çünki bir millət öz qələm adamlarını qoruyanda həqiqətən qalib olur.

Bəlkə də tarixin ən böyük dərsi budur: Güclü olmaq yetmir, doğru olmaq lazımdır. Ölüm qələbə deyil, xatırlanmaqdır. Xatırlanmaq isə gerçək ölümsüzlükdür.

 Mən onları unutmuram. Çünki onlar məni mən edən insanlardır.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.