Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Bu gün haqqında söhbərt açacağım şəxs Şirzad Əliyevdir, Ağdam sakinidir. “Niyə ondan danışacağam” sualına yazını oxuyanda özünüz cavab tapacaqsınız. Çünki bu şəxs haqqında danışılmasını haqq edibdir.
Öncə qəhrəmanımı onun öz dili ilə sizlərə təqdim edirəm.
Mən Əliyev Şirzad Məzi oğlu 1973 cü ildə Ağdam rayonunun Bağmanlar sovetliyinin Pirzatlı kəndində zəhmətkeş ailədə anadan olmuşam. 1980-ci ildə Pirzatlı kəndinin orta məktəbində 1-ci sinfinə getmişəm, həmin məktəbi 1990-cı ildə bitirmişəm.
Uşaqlıq illərimin ən əziz xatirəsi kimi həmişə yaddaşımdan silinməyən şirin xatirələrin çoxu Pirzatlı, İsmayılbəyli, Mərzili kəndləri və o yerlərin söhbətcil, şirin məzəli, maraqlı adamları ilə bağlıdır. Orada keçirdiyim hər günün xoş xaritələri yaddaşıma hopmuşdur. Hələ uşaq olarkən vətənimə çox bağlı olmağım, illər keçdikcə daha da möhkəmlənirdi, özümü vətən uğrunda hər an hər şeyə hazır hiss edirdim və həqiqətən də çox şükürlər olsun ki, hissimdə yanılmadım, vətən uğrunda gedən döyüşlərdə fəxrlə iştirak etdim. Hal hazırda ll qrup qaziyəm, ailəliyəm və 3 övladım var.
Gerisi cəbhə xatirələri ilə bağlı olacaq.
1992-ci il fevral ayının 1-i Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı 863N-li tədris batalyonunun ilk döyüşçüsü kimi xidmətə başlamışam. Onun bu batalyonunda getdiyim döyüşlərdə də Şirin Mirzəyevə olan inamım və sədaqətimdən, vətənə məhəbbətdən doğan döyüşmək ehtirası güclü olmuş və bu savaşlarda yüksək təcrübə qazanmışam. Komandir Şirin Mirzəyev Şəhid olandan sonra 3-cü Abdal Gülablı batalyonunda vuruşmağa başlamışam, həmin batalyona Filman başçılıq edirdi. 1993 cü il iyulun 4-ü düşmən Ağdam rayonunun Bağmanlar, Pirzatlı, İsmayılbəyli, Saybalı kəndlərini işğal etdi, daha sonra Novruzlu kəndini ələ keçirdilər, biz bu zaman əks hücum əməliyyatlarına başladıq və düşmən Novruzlu kəndindən geri çəkildi.
Həmin gecə biz 50-60 nəfər komandayla gizlicə Pirzatlı ilə Mərzili kəndlərinin arasında yerləşən Dərəbağ adlananan ərazidə toplaşdıq. Daha sonra 4 nəfər (mən, Əhmədov Səyyaf (Xanı), Qarayev Bəhruz, Bəhruzun köməkçisi) düşmənin arxasına keçməli olduq, düşmənlər tutduğu mövqeyi xeyli keçmişdik, kəndin lap dərinliklərindəydik. Daha sonra Xanı Əlifli kəndinə, biz isə İsmayılbəyli kəndinə keçdik. Bəhruzun dostu kəndin dərinliklərin tam tanımırdı deyə bizə çətinlik yaradırdı, kənddə də xeyli erməni var idi, mən Bəhruza dedim ki, gəl dostunu elə yerdə gizlədək ki, onu nə tapan olsun, nə də bizə maneçilik yaratmasın. Həmin oğlan dedi ki, bəs sizə nəsə olsa mən nə edəcəm, heç bir yeri tanımıram ki gedəm. Ona dedim ki, bizə hər an hər şey ola bilər, onu bilə- bilə çıxmışıq bu yola, amma ki, heç nə olmasa, mən nə olur olsun, səni gəlib burdan götürəcəyəm.
Daha sonra Bəhruzla oradan uzaqlaşdıq, biz dəqiqliklə tanıdığımız yerdə ermənilər post qurmuşdu, kəndin içərisində də evlərdə xeyli erməni var idi, kənd camaatından qalan azuqələrdən özlərinə qonaqlıq edirdilər, samavar çayı hazırlayırdılar, biz elə oldu ki, onların arasına düşdük, bizi gördülər, bu vaxtı atışma düşdü, düşmən bir neçə itki verdi...
Gerisində qəhrəmanımızı yaralayırlar...
Sonra məni pulemyotla ağzımdan vurdular, alt çənə sümüyüm, dilim parçalanmışdı, məni vurandan sonra elə bildilər ki sağ deyiləm, Qarayev Bəhruzun üstünə düşdülər.
Mən nəhayət toparlanıb qalxdım ayağa, gördüm ki, heç kim yoxdu, yenidən qayıtdım kəndin içinə, postda hələ də erməni var idi. Məni hələ görməmişdilər. Kənddən 200-300 metr getmişdim ki, məni gördülər, xeyli erməni arxamca düşdü, sağıma- soluma elə hey güllələr atırdılar, məni sağ tutmaq istəyirdilər. Mən də onlara qarşılıq verəndə, məni bir də vurdular, sağ çiynimdən vuruldum, bu vaxtı avtomat əlimdən düşdü yerə, sonra yaralı vəziyyətdə avtomatı götürüb qayıtdım kəndə tərəf. Bəhruzun dostunu da götürdük, getdik, Pirzatlıda Xanıyla görüşdük. Necə ayaq üstündə dururdum, necə hərəkət edirdim, möcüzəydi. Bu qədər ağır yaralar almış adam hesabla çoxdan ölməli idi.
Xanı mənim vəziyyətimin ağır olduğunu gördü, düşmən bizim kənddə olduğumuzu bildiyi üçün postdakı mövqelərini gücləndirmişdilər ki, biz kənddən çıxa bilməyək. Bu vaxt mən danışa bilmirdim, əlimlə Xanıya işarə elədim ki, Mərzili bağından gedək, mən oranın yolların çox yaxşı bilirdim. Amma həmin vaxt Xanı işarə etdi ki, başqa yolla gedək. Onu başa sala bilmirdim ki, düşmən ordakı mövqelərin çox gücləndirib, kənd erməniylə dolu idi, ordan keçməyimiz çətinlik yarada bilərdi.
Dayandığımız yerdən bir az uzaqlaşmışdıq ki, bir at tapdıq. Xanı məni atla aparmaq istəyirdi, ancaq qanım atın üstünə axanda at çox ürkdü, qaçdı. Orda Xanıya başa saldım ki, mənim vəziyyətim çox pisdi, sən məni burada qoy get, dedi, yox ikimiz də bir çıxacayıq buradan.
Bu qədər dözüm, iradə əlbəttə ki, yalnız bizim döyüşçülərimizdə ola bilər. Düşməndən kiminsə adicə əli sıyrılanda meydandan qaçıb özünü hospitala atmaq yolları axtarar.
Orada bir həyətə girdik, bir erməni ilə qarşılaşdıq, bizi vura bilmədi, elə oradan 150-200 metr gəldik qəbirstanlığa tərəf, erməni də arxamızca gəlirdi. O tək idi deyə bizə heç nə edə bilmirdi, elə bizi izləyirdi ki, hara getdiyimizi bilsin. Qəbirstanlığın yanından ötdük, kanaldan keçdik, o da geri qayıtdı. Bir az getmişdik ki, üstümüzə atəş yağdırıldı, sən demə, həmin erməni bizim yerimizi postdakılara bildirmişdi.
Kanaldan keçdik, gəldik neytral əraziyə, oradan da Novruzlu istiqamətində yola düşdük. Xanı gördü ki, mən artıq taqətdən düşürəm, yolu gedə bilmirəm, getdi bir şey tapa ki, məni onun üstündə aparalar. Nə yaxşı ki,kəşfiyyat bölüyünün uşaqları ilə rastlaşdıq, onlar məni götürüb gətirdilər Qaradağlı hospitalına, oradan da birbaşa Bakıya gətirdilər.
İş o yerə çatır ki, qəhrəmanımızın artıq şəhid olduğunu sanıb morqa qoyurlar...
Bakıya çatanda elə biliblər ki, Şəhid olmuşam, məni morqa qoyublar. Elə bu vaxt qardaşım Yasir xəbər tutub ki mən morqdayam, etiraz edib, gəlib morqa mənim nəbzimi yoxlayıb, sağ olduğumu görüb məni oradan çıxartdırıb, gətirdib Semaşko xəstəxanasına. Orada mənə qan vurmaq ehtiyac olanda həmin xəstəxananın məşhur həkimi Fərman doktor özü mənə qan verib.
Beləcə, qəhrəmanımıza ikinci həyat verilir. Və o, bu həyatında yenidən müharibəyə atılır...
Həmin xəstəxanada bir neçə ay qaldım.
Bundan sonra mən 1997-ci ilə qədər 13 mərhələli əməliyyat keçirmişəm. Ən sonda omba sümüyümdən 24 sm kəsilərək mənə çənə sümüyü qoyulub. Ağır yaralarıma görə mənim təkrar müharibədə iştirak etmək imkanım olmadı. İllər sonra, 2020-ci ilin sentyabr 27- də II Vətən müharibəsi başlayan zaman isə daha məni heç nə saxlaya bilməzdi. 48 nəfərlik könüllü dəstəmizi qurduq, həmin müharibədə də iştirak etdim. Biz bu savaşda düşmənin bir neçə hücumunun qarşısını cəsarətlə aldıq. Gənc döyüşçülərə öz döyüş təcrübələrimizdən lazımi tövsiyyələr verirdik. Bu döyüşlər də bizdə dərin izlər qoydu, könüllü dəstəmizdə iki əziz qardaşımız Şəhid oldu. Onlar Abbasov Müşfiq Qabil oğlu və Əliyev Elmir Süleyman oğlu idi, yaralı qazi isə Abbasov Mürsəl Həsən oğlu oldu.
Şükür Allaha ki, torpaqlarımız düşmən taptağından azad olundu.
Və qəhrəmanımızın yekun sözü.
Hər zaman vətən uğrunda canımdan keçməyə hazır olmuşam, yenidən vətən müharibəsi başlasa, yenə də düşünmədən iştirak edərəm.
Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
“Ədəbiyyat və incəsənət”
(30.04.2025)