Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
-deyir şair və hiss edirsən ki, bu həsrəti ilə çox səmimidir. Yəqin, əslən kənddən olanlar bu şeiri oxuyub lap kəndləri üçün darıxacaqlar.
Xoş mütaliələr.
Elxan YURDOĞLU
KƏND MƏNZƏRƏLƏRİ
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
Təkcənə dolaşdım həyət-bacanı,
Gah alma dişlədim, gah əncir yedim.
Mənə ürkək baxan toyuq-cücəyə
Dən səpib bir neçə qımqıma dedim.
Arxın kənarında gilənarları
Budaq-budaq gəzib birini tapdım.
Elə bil 20 il bundan əvvəlki
Sevdiyim o qızın yerini tapdım.
Kirpi yuvasını boş gördüm bu gün,
Üzüm tənəyində sərçələr kefdə.
İndi qarğaların qoz mövsümüdü,
Səsləri kəsilməz 5-6 həftə.
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
“Ədəbiyyat və incəsənət”
(30.04.2025)