Super User

Super User

29 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq və Koreya Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Moon Jong Hyun ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Qonaqlara "ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 70 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

 

Görüş zamanı xidmətlərin göstərilməsində ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

 

Sonra “Koreya Respublikasının 2023-cü il üzrə Kiçikhəcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində həyata keçirilən “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” layihəsi çərçivəsində avadanlıqların verilməsi haqqında qəbul və təhvil-təslim protokolunun imzalanma mərasimi baş tutub.

 

Layihə müvafiq avadanlıqlar vasitəsilə “ASAN xidmət”in 108 Çağrı Mərkəzində azərbaycanlı mütəxəssislərin hazırladığı süni intellektin tətbiqi əsasında xidmətlərin daha da təkmilləşdirilməsini, qlobal standartlara uyğunlaşdırılmasını hədəfləyir. Sözügedən avadanlıqlar tapşırıqların avtomatlaşdırılmasına, çoxsaylı zənglərin eyni anda qəbuluna və gözləmə müddətinin azaldılmasına imkan verəcək. Çağrı Mərkəzinin fəaliyyəti 24 saat ərzində təmin ediləcək, insan resurslarına və digər xərclərə qənaət ediləcək. Eyni zamanda toplanmış məlumat analitikası vasitəsilə xidmətlərin fərdiləşdirilməsi və optimallaşdırılması mümkün olacaq.

 

Qonaqlar “ASAN xidmət”in, “Bilim Bakı”nın, ASAN İnnovativ İnkişaf Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin,  “ABAD”ın fəaliyyəti ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Wednesday, 31 January 2024 14:30

Hava Mahal

Rubrikanı Nihad Alimoğlu aparır

 

 

Hindistan. Hava Mahal -1799-cu ildə Krişna tacı şəklində çəhrayı qumdaşından tikilmiş Jaipur Maharaja Savai Pratap Singh saray kompleksinin beş pilləli hərəm qanadıdır.

Binanın fasadı isti havalarda daxili havalandırmanı təmin edən 953 kiçik pəncərə dəliyi ilə deşilmişdir. 

Beləliklə, məhz buna görə binanın adının tərcüməsi “Küləklər Sarayı"dır.

Mənbə: НКМПЗ

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Kimlər gəldi, kimlər getdi… 

Adil Mirseyid - impressionist rəssam, postmodernist şair - təpədən dırnağa istedadlı və büsbütün bəxtsiz, talesiz insan…

Bu gün onun qızı Ayana ithaf etdiyi “Ayan üçün daha bir nəğmə” şeirini sizlərə təqdim edirəm. 

Heyif ki, bu dünyada şairlər xoşbəxt ola bilmirlər…

 

allah elə bilirdim

ömür uzun bir yoldu

gözümü yumub açdım

bu dünyaya nə oldu

 

nə oldu birdənbirə

göyüzündə qaçdı ay

qaranlığın qoynunda

uçdu uçdu uçdu ay

 

bilmədi ayrılqdan

dəli olacaq könlüm

mənim izimə düşüb

gəlir qanadlı ölüm

 

ilahi yorub məni

bu enişlər yoxuşlar

nə şairlər xoşbəxtdi

nə ağaclar nə quşlar

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Poetik Qiraətdə bu gün sizlərlə İntiqam Yaşarın “Şəkil” şeirini təqdim edirik. Şeir unudulmaz Qənirə Paşayevaya ithaf olunur. 

 

Sən, ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib-keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı?

 

Bir gəlib tozunu silənin də, yox.

Sən kimdin, nəçiydin - bundan kimə nə?

Bəlkə, bir istəyin, bəlkə, arzun var,

Utanma, çəkinmə, buyur, de mənə.

 

 Əvvəllər bir qadın görərdim hərdən,

Gəlib dayanardı sənlə üzbəüz.

Deyəsən, heç o da baş çəkmir daha,

Nə dedin, xətrinə dəydi hansı söz?

 

 Bəlkə, o qadın da köçüb dünyadan,

Köçübsə, görəsən, hardan boylanır?

Yəqin, başqa yerdə dəfn eləyiblər,

Yəqin, bir şəkil də ordan boylanır.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Wednesday, 31 January 2024 09:00

Kəramət Böyükçöl kitab mağazası açıb

İstedadlı yazıçı, tanınmış bloger və statusman Kəramət Böyükçöl uzun müddət idi ki, öz kitablarını parklarda, inzibati binaların qarşısında satırdı.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xeyirxah inaanların sayəsində yazıçı öz şəxsi kitab mağazasını açıb. Texniki universitetlə üzbəüz - Cavid prospektində açılan yeni kitab mağazası “Kerazon” adlanır. “Kerazon” - yəni Kəramətin zonası. 

Uğurlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

23-26 yanvar tarixlərində Azərbaycanda - Bakı şəhərində Özbəkistan Elm və Mədəniyyət Günləri çərçivəsində bir çox görüşlər keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Özbəkis- tanda Azərbaycan ədəbiyyatının da yer aldığı “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasının təqdimatı keçirilib. Qeyd edək ki, Özbəkistanda bu möhtəşəm layihənin yaradılmasında 200-dən çox tərcüməçi, 100-dən çox ədəbiyyatşünas və mətnşünas, yazıçı, redaktor və rəssam iştirak edib.

Təqdimatda Anar, Akmal Saidov, Qeyrət Məcid, İqbal Mirzə, Gulbahar Said, Mahmud Tahir, Erkin Əzəm və bir çox tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri iştirak və çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Wednesday, 31 January 2024 11:45

Gülnarə Cəmaləddinin yubileyi qeyd olunub

Sumqayıtda növbəti sözlü-nəğməli tədbir keçirilib. Şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinin yubiley gecəsi təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı yazıçı Hafiz Ataxanlı və Sumqayıt MKS-in direktor əvəzi Natəvan Axundzadə Gülnarə Cəmaləddinin yaradıcılığından maraqlı detalları diqqətə çatdırıblar. Sonra təbrik üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin əməkdaşı Fərman Kazımov şəhər icra hakimiyyəti başçısının imzası olan Diplomu yubilyara təqdim edib. 

Təbrik üçün gələn qonaqlardan AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB katibi Səlim Babullaoğlu çıxış edərək yibilyarın Sumqayıt bölməsinin inkişafındakı xidmətindən danışıblar və ona  AYB-nin sədri Anarın adından Diplom təqdim olunub.

Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Nizami Gəncəvi adına kitabxana- klububun oxucuları Gülnarə Cəmaləddinin şeirlərini söyləyiblər.

Sumqayıt MKS uşaq bölməsinin müdiri Yeganə Hüseynovanın hazırladığı yumoristik səhnə də maraqla qarşılanıb.

Şəhər icra hakimiyyəti yanında İctimai Şuranın sədri, yazıçı Hümbət Qüliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Rauf Sərdarov, professor-şair Rafiq Yusifoğlu, professor Turan İbrahimov, Sumqaylt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, rejissor Etibar Bənnayev, şairə Kəmalə Abıyeva, tənqidçi Bəsti Əlibəylinin təbriklərindən sonra Rövşən Nicatın ifasında Gülnarə Cəmaləddinin şeirlərinə bəstələnən mahnılar səsləndirilib. 

Mahmud Qaşqari Fondunun mükafat komissiyasının üzvü, şair İbrahim İlyaslı Gülnarə xanıma fondun mükafatını təqdim edib.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar isə yubilyarı qurumun adından Diplomla təltif edib. 

Monitordan Türkiyəli dostların təbrikləri də verilib. Ünlü qələm adamları Fethi Akın, Fethat Livaneli, Çinar Arıkan, Fatma Arıkan və Mustafa Doğan Gülnarə xanımın Azərbaycan- Türkiyə ədəbi- mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışıblar.

Gülnarə xanımın ustadı, şair Zirəddin Qafarlı isə çıxışında bu günkü səmimi tədbiri, əslində Gülnarə xanıma olan sevginin təzahürü kimi qiymətləndirib.

Həmçinin Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova təbriklərə qoşulub. 

Sonda Gülnarə Cəmaləddin təşəbbüsə görə yazıçı, ssenarist Hafiz Ataxanlıya, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə, bu təklifə dəstək olan Abşeron -Xızı Regional Mədəniyyət İdarəsinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Növbəti yubileylərədək, Gülnarə xanım!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Türk dünyasının dəyərli folklorşünası, professor Sədnik Paşa Pirsultanlının “Şeirin özündən yurdu şirindir” sözündən yola çıxaraq “Şeirin yurdu” toplusu hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.

Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır. 

Kitabın tərtibçisi Şəfa Vəli, redaktoru isə Xanım Aneladır.

Oxucular kitabı “Mücrü” nəşriyyatından və şəhərin bir çox kitab mağazalarından əldə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

(Qulu Ağsəsin özü və şeirləri haqqında)

 

Qəşəm Nəcəfzadə, “Ədəbiyyat və incəsənət”in təqdimatında

 

Qulu Ağsəs iri salonların şairi deyil, “tək”lərin şairidir. Deyək ki, beş-on  nəfər adam.  Bəlkə də əsl poeziya bu. Həmin beş-on nəfər adam da Qulunu böyük salonlara daşıyacaq nə vaxtsa, bəlkə bu gün, bəlkə də sabah… Qulu pıçıltı şairidir, hay-küy, pafosdan min ağac uzaqdı.  Şeir bir nəfərə deyilir, o bir nəfər də on nəfərə, on nəfər də yüz nəfərə, yüz də minə, milyonlara. Qulu belə oxunur əslində. Oxunmağın ən gözəli belə olur. Onun şair, təfəkkür stixiyası bu.

 

Bunu ancaq sənə danışıram -

Bircə balama

Kasıb evində bağlanmış

Turşu bankasıdı atan.

Ağzı hərdən açılır-bayramdan bayrama.

 

Qulunun qələminin altından çox kağızlar sürüşüb. Qulu qol qoymayıb. Hər misranın arxasında dayanıb özünü gözləyib. Özünü görən kimi  “salam” yazıb, özünü belə qarşılayıb, şeirlərini belə başlayıb Qulu. Qulu heç vaxt deməz ki, bu gecə təzə şeir yazmışam, deməz ki, romanı sabaha bitirirəm, deməz ki, bir mövzu məni yaman narahat edir. Deməz, deməz, deməz, yenə deməz! Elə onu deyər ki, dədə, dünən axşam Mənsum İbrahimovla, ya da Firuz Səxavətlə bir yerdə idik. Əlavə edər ki, dədə, Firuzun bir dostu var, o nə qədər danışır. Sonra deyər ki, dədə, jurnalımızın təzə sayı çap olunub, mətbəədədir hələ, rəngi quruyur.

Beləcə danışar Qulu, sanki söhbəti qəsdən yazdığı şeirlərdən yayındırar, hər danışdıqca əl atar balaca çantasına, bir siqaret qoyar damağına, hərdən əyilər adamın qulağına, nəsə deyər, guya sirr açır. Elə bir sirr açar ki, bütün televiziyalar üç aydır həmin sirr deyilən şeydən danışır. Nəyə görə belədir? Qulu üçün söz-söhbət köhnəlmir. Həmişə təzə qalır, həmişə sirr qalır. Yazmaq üçün əsas stimuldur bu. Hər şair üçün hər şey təzə-tər qala bilmir. Bu dünya Qulu üçün təptəzə, yepyenidir. Aşağıdakı şeirlərdə gizlənən sirr Qulunu təzə saxlayır. Həm şeirini, həm də özünü. Səhərin ertəsində bu qarışıqlığı yaşamaq elə şair olmaqdır.

 

Bu da axır…

bu da xilas…

Son gecə…

səhər ertə…

Qoşulub göyün quşuna

Üstündən saat ötər…

 

Və yaxud:

 

De görək, neynəyək,

neynəyək, de görək?! -

Nə ölək, nə olaq,

nə olaq, nə ölək…

 

Qulunun ironiyasının gözlərində yaş var. Zaman qarışığı, fikir xətlərinin bir-birinə keçməsi, paralellikdən yaranan asiossativ məqamlar, şeirin yarandığı vəziyyət - yer Qulunun şair səciyyəsini, daha doğrusu, “kələfin ucunu” açır.

 

Hərdən

anamdan xəlvət

bir xeyir iş

görmək istəyirəm,

yığıb

bütün dul arvadları

ərə vermək istəyirəm.

Heç olmasa birini…

Özü də elə kişiyə ki,

sonra nə aldığını peşman eləsin,

nə də özünü.

Bəlkə də inanmazsız,

bircə onda

xatırlaya bilirəm

rəhmətlik atamın

heç vaxt görmədiyim üzünü…

 

Qulu getdiyi yerdə qəfil dayanar, balaca çantasını açar, bir siqaret qoyar damağına, sonra gedər.  Bir şeyə məəttələm. O çanta elə tez açılır,  siqaret elə tez tapılır, hər şey operativ, cəld, çevik, oğulsan çat, birini sən al qoy damağına. Quludan siqaret alıb çəkmək adama ləzzət eləyir, siqaret çəkən deyiləm, amma həmişə Quludan siqaret istəmək adama sevinc gətirir. Sən demə, Qulunun o böyük Allahdan umduğu böyük bir sevinc də varmış.

 

Sağ-salamat ölsəydim-

üst-başını

cığır basmış yol kimi…

Qəfil bir söz eşitsəydim-

dil açan lalın ilk dəfə

dediyi «sakit ol» kimi…

Kefim ala buludda kövrəlsəydim,

şimşək qurutsaydı gözüm suyunu.

Atamdan xeyir-dua almaq üçün

qiyamət gününə salsaydım toyumu…

 

Qulu şeirlərinə məğlub olan şairdir. Mətnin qələbəsi şairin məğlubiyyətindən başlayır. O qədər məğlub olub ki, məclisdə şeir oxumaq sevincindən uzaqdır. Hələ bir dəfə onun öz şeirləri haqqında danışdığını görmədim. Bir də görürsən yeni  şeirlər çap olundu. Oxuyursan, oxuduğun anda Qulunu tapmaq istəyirsən. Düşünürəm  ki, bu şeirlər Qulunun niyə dilini açdırmayıb, niyə dilləndirməyib. Daha bilmirik ki, bu şeirlər Qulunu qatlayıb dizinin altına alıb.

 

Süfrəmdə haram var -

dinmirəm,

İki ac balam var -

dinmirəm.

Dinmirəm

gül ağzı açılanda heyrətin:

«Vətəni qorudun, bəs öz qeyrətin?!»

… Üzdü ayaqlarımı Vətən yolu

bu da mənə «sağ ol»u…  (Əlil arabası)

 

Mən olsam, şeirim çap olunmamış isti-isti bir neçə adama oxuyuram. Amma Qulu... Bəlkə Qulunu sakitləşdirən çantasıdır, ağzını açmaq, nəsə axtarmaq, bir siqaret damağına qoymaq, sonra səbrlə bağlamaq... Belə şeylər bəzən içindəki gərginliyin ildırımötürəni olur. Əldə çəlik də belədir. Damaqda qəlyan, siqaret və ya   maşın açarını fırlatmaq insanın sinir sistemini tənzimləyir.

 

Balamın canına,

Atamın goruna,

İşğal gününə...

- gör, nəyə and içirəm:

- səni çox sevdiyimdən

Şeir yazmadım şəninə...

«Qarabağ şikəstəsi»

 

O günü Qulu deyir, yox, deməmişdən qabaq əlini ağzına tutur, xeyli gülür, bizi də güldürür, həmişə sözün gülüş tərəfindən tutur: Dədə, səhərdən maşını saxlamağa yer tapa bilmirəm... Biri də yapışıb ki, mənim şeirlərim “Ulduz”da nə vaxt çıxır?

 

Mənə elə gəlir ki, Qulunun göylərlə işi yoxdur, o nə deyirsə yerə deyir, yeriyə-yeriyə deyir və Qulunun göyü də elə yerdir (Sənsən hər yer).  Onun indiyə kimi bir dəfə də olsun göyə baxmağını təsəvvür edə bilmirəm. Ona görə də Qulunu gözü həmişə ayağının altını yaxşı seçir. Hələ ayağının altında bir şey qalmayıb. Bir dəfə də olsun büdrəməyib.

 

Qulu şəhərdə elə gəzir, elə bil çöldə gəzir, nə maşın, nə adam, heç nə eyninə deyil, elə gedir, elə gedir, elə bil yolu süzür. Kim qarşısına çıxırsa, hökmən salam- kəlamdan sonra dünən başına gələn bir əhvalatı üyüdəcək qulağına. Adam inana bilmir ki, Qulu şeiri uzun yaza bilər. Qısa və konkret. Aforizmli, zərb-məsəlli, bitkin, lakonik şeirlər yazır. Onun obrazları şəkil kimidir. Aydın görünür. Mənə elə gəlir ki, obrazları qarabuğdayıdır.

 

Mən

Onun qucağını sevindirə bilmədim

O

Məni ata eləmədi

Tanrı gördü

Dinc bəndələrik

bizə baş “ağrısı” əta eləmədi.

Mən

Onu itiyim kimi sevdim

O

Məni tapdığı qədər .

Arabir fişəng atırıq 

Aramızdakı sərhədə.

Mən 

Onu atıb gedərəm

Zatım qırıqdı, bilir.

Başını qaldırıb soruşuram:

- Sən necə?

Gözünün yaşıyla 

Eynəyimi silir...

 

Qulunun hadisələri nəzərdən keçirib sonra şeirlərində təqdim etdiyi həyat mətn kimi maraqlıdır. Deyim ki, Qulu bunun fərqindədir? Əsla yox. Heç vecinə deyil. Deyək ki, külək əsdiyinin fərqində  olmadığı kimi. Qulu da belə.

Qulunun ədəbiyyata gəldiyi illər elə bir dövr idi ki, hələ bərkiməmiş yaradıcılıq, üslublar plastilin kimi hər tərəfə əyilirdi. Elə şair var ki, indiyə kimi beş-altı üslub dəyişib, yenə axırda gəlib Ramiz Rövşən kimi yazır. Özü də elə gözəl yazır ki, Ramiz Rövşən olmasaydı, bu zalım oğlu şair kimi çox sevilərdi. Həyat çoxunu belə bədbəxt elədi. Nə qədər Ramiz Rövşən havasına oynayan şair var. Belələrinin  şeirinin qeydiyyatı yoxdur. Ramiz Rövşən üslubunun bir güncündə hələ ki, kirayə yaşayır.

Qulu müdrik adamdı. Əvvəla, təfəkküründən gələn şeir stixiyası, muğam intonasiyası onu büdrəməyə qoymadı. Bir də Qulu seçim edə bilən bir adamdı. Günlərin bir günü yolun ortasında dayandı, balaca çantasını açdı, damağına siqaret qoydu, o saat yolu sola buruldu. Qulu yolu sola dönərkən qarşısında bir şeir dayanmışdı. Bəlkə də onu düz yoldan bu şeir döndərib xilas eləmişdi.

 

...Bu qədər, balası.

Gecdir, uyu.

Gör göy üzü nə qədər qayğıkeşdir,

gecənin kürəyinə

ulduzdan piltə qoyur...

 

Çox təəssüflər olsun ki, bu gün ədəbi gündəmdə olanlar hələ ki, düz gedirlər. Dönmək-zad, filan yoxdur. Dayanmaqları da yoxdur. Ədəbiyyatda dayanmaq, əslində yazmaq deməkdir.  Dönmək, burulmaq axtarış deməkdir. Amma çoxu... Heç bir  yola-izə baxmadan gedirlər yox e, qaçırlar. Qarşıda uçurum var amma. 

Qulu düz xətləri artıq qırmışdır. Hər qırılan xətdə cücərən mətnin işığında Qulu balaca çantasında nəsə axtarır. Qulunu çantasız və eynəksiz təsəvvür edə bilmirəm. Özü demiş, bəlkə də eynəklə doğulub. Çantanı da mən əlavə edirəm. 

Qulu mənə “Fillər mənim dostumdur” filmindəki həkimi xatırladır. Qayğılı və eynəkli. Sahibinin uşağı xəstələnir, fil gəlir ki, həkimi aparsın, di gəl həkimi başa sala bilmir. Əlacsız qalan fil həkimin çantasını xortumuna alıb xəstənin yanına qaçır. Həkim də çantanın dalınca yüyürür. İndi Qulunun da balaca çantası var, asta-asta yeriyir, heç hara tələsmir. Hərdən götürüb qaçmaq istəyirəm onun çantasını. Aparıb qoymaq istəyirəm Ağdama. 

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdın növbəti təqdimatımıza başlayırıq. Direktorumuz Canpolad Rüstəmov, şagirdimizsə Gülay Bağırlıdır.

 

DİREKTOR

Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru Rüstəmov Canpolad Müseyib oğlu. 27.01.1960 -cı ildə Şahbuz rayonu Kənd Şahbuz kəndində anadan olmuşdur. 1968 -ci ildə Şahbuz kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 1977 -ci ildə həmin məktəbin 10 -cu sinifin bitirmişdir. 1982 -ci ildə Nax DPİ -nin riyaziyyat və Fizika fakültəsinə qəbul olmuş, 1987 -ci ildə institutu bitirmişdir. 1988 -ci ildə məktəbdən kənar müəssəsədə dərnək rəhbəri işləmişdir. Həmin ildən Kosmik tədqiqqatlar elm istehsal birliyi "Araz" Naxçıvan bölməsində aparıcı mühəndis vəzifəsində çalışmış, 1992 -ci ildən Naxçıvan peşə litseyində tədris işləri üzrə direktor müavini işləmişdir. 2002 -ci ildən Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə təlim -tərbiyə işlər üzrə direktor müavini vəzifəsini daşımış, 2011 -ci ildə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Hal - hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam etdirir.

 

ŞAGİRD

Mən Bağırlı Gülay Ramiz qızı 15 iyun 2010-cu ildə Naxçıvan şəhərində dünyaya göz açmışam. 2016-cı  ildə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşam. 2018-ci ildən Naxçıvan şəhəri 13 nömrəli tam orta məktəbində təhsilimi davam etdirmişəm. Hazırda Naxçıvan şəhəri 13 nömrəli tam orta məktəbin 7-ci sinifində təhsilimi alıram. Məqsədim Azərbaycan Tibb Universitetinin tələbəsi olmaqdır. Riyaziyyat, Kimya, Biologiya elminə xüsusi marağım var. Məhz bu maraqlarıma görə bu mövzularda esse yazmağı cox sevirəm.

 

ESSE

“Nəsrəddin Tusi”

Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda Tus şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimləri – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.

1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaq-i Nasir" əsərini tamamlamışdır, lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq Xaşxaşilərin Ələmut qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir.

1259-cu ildə Tusi  Marağa Rəsədxanasının  tikintisinə başlayır. Rəsədxananın tikintisi Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Almaniyanın Drezden şəhərində saxlanır.                                                                                                                                                              Tusi 25 iyun 1274-cü ildə Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərində, Kazımiyyə məscidində şiələrin 7-ci imamı İmam Museyi-Kazımla onun nəvəsi, on iki imam şiələrinin 9-cu imamı İmam Məhəmməd Təqinin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.