Super User
Qərbi Azərbaycan bədii irsi - Məhərrəm Təvəkküloğlu
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Qərbi Azərbaycan tək adət-ənənəsi və yallısı ilə məşhur deyil. Qərbi Azərbaycanın bənzərsiz ədəbi irsi və geniş yaradıcıllığa malik şair və yazarları olmuşdur. Bunlardan biri də babam Məhərrəm Təvəkkül oğlu Allahverdiyevdir. O, Vedi nahiyəsi Şitti kəndində Nəğmə və Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyət göstərmişdir. 1988-ci ildə doğma yurdundan ayrı düşmüşdür. Şuşa rayonunda və Bakı şəhərində pedoqoji fəaliyyətinə davam etmişdir. O, pedoqoji fəaliyyəti boyunca bədii yaradıcıllıqla da məşğul olmuşdur. Doğma yurdundan ayrı düşdükdən sonra isə bədii yaradıcıllığında vətən həsrətini aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki , babam 21 ildir ki, aramızda yoxdur. Və bədii irsinin çox cüzi hissəsi bizə məlumdur.
Sizə onun bədii irsindən nümunələr təqdim etmək istərdim.
Şitti
Sol yanın Boralan, Sinən Ağrıdı,
Günün toy-bayramla keçirdi, Şitti.
Güllü yaylaqlarda, buz bulaqlarda
Suyunu ləzzətlə içirdim, Şitti.
Başından aşırdı varın, dövlətin,
Vedi mahalında vardı hörmətim,
Halal yaşamaqdı sənin niyyətin,
Xeyir-şəri ölçüb-biçirdi Şitti.
Kasıba, yoxsula olurdu kömək,
Qərib adamlara verərdi yemək.
Dolanıb firavan, bilməzdi ölmək,
Süfrəni kasıba açırdı Şitti.
Məhərrəm qəm yemə, ümidlə yaşa
Artıq yetmiş yaşı vurmusan başa.
Dərdin, qəmin getsin dağlara, daşa,
Qisas almaq üçün köçübdü Şitti.
(Məhərrəm Təvəkküloğlu.
“Ulus” qazeti 2002-ci il 13 dekabr №89(244).
Bunu da qeyd etmək lazımdır ki, 1988-ci ilin noyabr-dekabr aylarında (son deportasiya- 1988-1991-ci il) Şitti (Şidli) kəndində yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Ulucay Akif Prezident Mükafatına layiq görülüb
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə Prezident mükafatları verilib. Şair Akif Səmədin oğlu Ulucay Akif də Prezident mükafatı ilə təltif olunub.
Akif Səmədin ruhu şad olsun.
Ulucay Akif oğlu Məmmədov 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Tələbəlik illərindən “Ədalət “qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib. 2021-ci ildə Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru təyin olunub.
Ulucay iki kitab müəllifidir.
2016-cı ildə "Günəşə atılan mərmilər", 2021-ci ildə "Gizlənqaç" adlı şeirlər kitabı işıq üzü görüb.
Gənc şairi səmimi qəlbdən təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Prezident gəncləri mükafatlandırıb
2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalaylb.Sərəncamı təqdim edirik:
2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024 cü il Gənclər üçün Prezident mükafatları verilsin:
Abdullayeva Gülnar Rizvan qızı
Ağamirova Rəvanə Seymur qızı
Ağazadə Taryel İsa oğlu
Allahverdiyev Ayxan Elman oğlu
Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı
Məhərrəmova Zərifə Hüseyn qızı
Məmmədov Ulucay Akif oğlu
Məmmədova Dinara Bəxtiyar qızı
Məmmədova Fatimə Nizami qızı
Mirələmli Pərviz Atamalı oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2024-cü il
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
“YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanov Azər oğlunun Bakı şəhərində doğulan övladı Humayın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
"Onlar bizə əmanət" layihəsi indiyədək 116 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Türkiyəli nazir “ASAN xidmət”də
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” və digər fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Türkiyəli nazir “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onda yüksək təəssürat yaratdığını bildirib.
Qonaqlar “ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzi ilə tanış olublar. Mərkəzin məqsədi 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Nümayəndə heyəti ASAN İnnovativ İnkişaf Mərkəzində, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində də olub.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Özbəkistanda ölkəmizə dair müsabiqənin nominasiyaları elan edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mərkəzdən məlumat verilib. Məlumata görə, müsabiqədə müxtəlif aktual mövzular üzrə nominasiyalar müəyyənləşdirilib. Nominasiyalar arasında Azərbaycan-Özbəkistan, Türk dünyası arasında tarixi dostluq, əməkdaşlıq, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu yer alıb və bu mövzularda məqalələrə üstünlük verilməsi nəzərdə tutulub.
Qeyd olunan mövzular üzrə “İlin televiziya verilişi”, “İlin tərcümə əsəri layihəsi”, “İlin sənədli filmi”, “Dostluq əlaqələrini təbliğ edən ilin ən fəal azərbaycanlı və özbək xadimi”, Özbək mətbuatında dostluğumuz, Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan, həmçinin Özbəkistanda Azərbaycan dilinin tədrisi və təbliği, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid ilin layihəsi və başqa mövzular üzrə qaliblər müxtəlif nominasiyalarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar mərkəz müsabiqədə mətbuat üzrə COP29 Beynəlxalq ekoloji təşkilatda Azərbaycanın rolu, ətraf mühitin mühafizəsi və onu necə xilas etmək, tullantısız mühit və texnologiyalar, yaşıllıqların qorunması və artırılması, iqlim dəyişiklikləri mövzularını təşviq edən məqalələrə üstünlük verəcək və bu mövzular üzrə nominasiyalar daxil edib.
ICESCO tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Sözügedən hadisə ilə əlaqədar “Şuşa – İslam dünyasının Mədəniyyət paytaxtı” adlı nominasiya müsabiqədə yer alıb. Bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, rəşadətli Azərbaycan Ordusunun Şuşanı azad etməsi, Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi barədə məqalələr əsas götürüləcək. Eyni zamanda, Özbəkistanda 2024-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “Gənclərə və biznesə dəstək ili” elan edilməsi ilə əlaqədar builki müsabiqədə xüsusi nominasiya elan edilib. Nominasiyada gənclərin milli dəyərlərə əsaslanaraq intellektual inkişafı, onların elm və texnologiyalara yiyələnməsi, güclü iqtisadiyyatın qurulması, biznesin, innovasiyaların dəstəklənməsi mövzularına önəm veriləcək.
Müsabiqədə qalib gələn özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan media-turda iştirak etmək imkanı qazanacaqlar.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu media-tur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqə haqqında əlavə məlumatı Azərbaycan Mədəniyyət Mərkəzinin saytında “Müsabiqələr” bölməsindən əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət naziri Adil Kərimli xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslərlə görüş keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, görüşün məqsədi xaricdə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslər arasında dialoq və şəbəkələşmə üçün münbit şərait yaradılması, eyni zamanda, xaricdə təhsil almış şəxslərin bilik və bacarıqlarından istifadə olunmaqla ölkəmizin mədəni inkişafına töhfə verməkdən ibarətdir.
Görüşdə çıxış edən mədəniyyət naziri ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, gənclərimizin müxtəlif ixtisaslar üzrə xaricdə təhsil alması istiqamətində ardıcıl addımlar atılır: “Sizlərin bir çoxu 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində mədəniyyətin müxtəlif sahələri üzrə təhsil almışsınız. Ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinin inkişafı ilə bağlı qarşımızda qoyulan vəzifələrin və tapşırıqların həyata keçirilməsində beynəlxalq təcrübəyə əsaslanan biliklərə, yanaşmalara ehtiyac var”.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən də gənclərimizin mədəniyyət sahəsi üzrə xaricdə təhsil almalarına mütəmadi dəstək göstərilir.
Daha sonra görüşdə iştirakçıların maraqlı fikirləri dinlənilib, mədəniyyətin ayrı-ayrı sahələri üzrə diskussiya keçirilib.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
“Domates, bibər, patlıcan…” - Ondan ilk eşitdiyim mahnı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sovetlər dönəmində Türkiyəni bizdən uzaq salmışdılar. Etibar adlı bir jurnalistin Türkiyə sənətçiləri barədə proqramı türk musiqisi barədə bizlərçün yeganə bələdçi idi. Və Barış Mançodan da ilk dəfə “Domates, bibər, patlıcan…” nəqarətli bir mahnı eşitmişdim və təəccüblənmişdim, eşməbığ bir kişi pomidora, badımcana niyə mahnı oxuyur deyə.
Amma zaman keçdikcə bu eşməbığ kişini hamı kimi mən də sevdim. “Hatırlasana” və “Gülpəmbə” isə ruhuma necə qida verdisə, hələ də bu mahnıları sevə-sevə dinləyirəm.
Bu gün rok, pop və müasir türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Mançonun anım günüdür. Barış Manço 25 il bundan əvvəl fevralın 1-də infarkt keçirib və dünyasını dəyişib.
Barış Manço 1943-cü il yanvarın 2-də Üsküdar əyalətində Konyalı Karamanco tayfasına məxsus ailədə anadan olub. Barışın üç yaşı olanda valideynləri ayrılır. Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi – anası ilə tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayır. Bu maraq onu Belçika Kral Akademiyasına aparır. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir....
Barış Belçikada Andre Soulac adlı bir şairlə tanış olur və ondan fransız dilini mükəmməl öyrənməyə çalışır. Sonra dostlar yaradıcılıqlarını birləşdirmək qərarına gəlirlər. Andre Barışın musiqisinə şeirlər yazır. Barış kiçik konsertlər verərək fransızca oxumağa başlayır. Bir gün Barışı fransız radiosu pop musiqi məzmunlu bir proqramına dəvət edir. O, öz mahnılarını radio vasitəsilə yayımlayır. Lakin Fransanın məşhur bir sənətçisi aksentlə oxuduğuna görə Barışın mahnılarının səsləndirilməsinə qadağa qoyur.
Avropadakı musiqi karyerasının bitdiyini düşünən Barış, yenidən İstanbula dönür. Uzun saçlı, qalın bığlı, dərviş çuxalı, çarxlı, qolbaqlı dərviş Barış Manço türk musiqisini rok və cazla qarışdıraraq, tamamilə yeni musiqi altında, sevimli bir səslə oxuyurdu. Onun epik mahnılarının hər birində bir əfsanə, bir insan taleyi, bir dərviş əhvalatı yatırdı. Lakin mühafizəkar Türkiyə cəmiyyəti onun qeyri-adi imicini, uzun saçlarını qəbul eləyə bilmirdi. Hətta buna görə, Barışın həyatı dəfələrlə təhlükə altında qalıb.
Barışın həyatında üç qadın olub. İlk yaşadığı xanımla Belçikada təsadüfən tapışırlar. Bir neçə ildən sonra Barış, Türkiyə gözəllik yarışmasının kraliçası seçilmiş Əzra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur. Üçüncü dəfə Lalə Çağlar ilə baş-başa verib yaşayan Barış, ömrünün sonuna qədər ondan ayrılmır. Bu evlilikdən onların Batıxan və Doğuxan adlı iki oğlu dünyaya gəlir. Sənətçinin qızı olsa da, təəssüf ki, cəmi bir neçə ay yaşayıb. Barış onun adını Gülpəmbə qoyubmuş. Dərvişin "Gülpəmbə” mahnısındakı yanğı da bundan imiş!
Barış şeirləri özü yazır, musiqini özü bəstələyir, nəğmələrini özü oxuyurdu...
Barış Mançonu dünyanın hər yerində sevirdilər. Onun oxuduğu nəğmələrdə Şərqlə Qərb birləşir, qaynayıb-qarışırdı. Barış şair idi, bəstəkar idi, oxuyan dərviş idi. Barış uşaqlar və böyüklər üçün kültür-əyləncə proqramı olan "7-dən 77-yə” adlı son dərəcə maraqlı bir verilişin yaradıcısı və aparıcısı idi. Barış "Milliyyət” qəzetində "Oku, bakalım!” rubrikası altında gündəlik həyatdan yazılar yazırdı. Barış həm də bugünkü ev-muzeyini zənginləşdirən əntiq əşyalar toplayırdı... Barış siyasətçi deyildi, heç bir partiyanın da üzvü olmayıb. Lakin bir dəfə prezident olmaq arzusunu dilinə gətirib. O, Türkiyə ictimai-siyasi həyatına yeni çalar, rəng, ritm gətirmək üçün bu arzuda olduğunu bildirib. "Xalq seçməli olsaydı, bilirəm ki, bütün Türkiyə məni seçər!” deyib.
Barış Manço 1991-ci ildə xalq sənətçisi adına layiq görülüb. Ölümündən sonra sənətkarın 18 il ailəsilə birgə Moda küçəsində yaşadığı ev muzeyə çevrilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
“Məncə, insanın ən böyük sərvəti təcrübələridir” - Türkiyəli yazıçı Elif Ünal Yıldızla müsahibə
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin daha bir dəyərli yazıçısı ilə müsahibəni sizlərə təqdim edirəm. Qonağımız Elif Ünal Yıldız xanımdır.
Buyurub oxuya bilərsiniz...
-Salam Elif xanım! Zəhmət olmasa öncə özünüz haqqında Azərbaycan oxucularına məlumat verərdiniz.
-Mənim Elif Ünal Yıldız. 1986-cı ildə İstanbulda anadan olmuşam, 6 yaşımdan paytaxt Ankarada yaşayıram. Dövlət idarəçiliyi məzunuyam. “Umuda Yolculuk” kitabının müəllifiyəm. Bundan əlavə, sizin də yazıçı heyətində olduğunuz “fisildayankalemler.org” saytının qurucusu və yazarıyam.
-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.
-Uşaqlıqdan ədəbiyyata, yazıya marağım olduğunu deyə bilərəm. Özümü tanıyandan bəri mən öz üslubumda məqalələr, bəstələr, hekayələr yazıram. İlk nəşr olunan əsərim “Umuda Yolculuk” adlı kitabımdır.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-“Umuda Yolculuk” gənc yaşda evləndirilən Yağmur adlı qadının evliliyindən qaçaraq özünə yeni həyat qurmaq üçün Ankaraya köçməsi haqqında dram kitabıdır. Eyni zamanda özündə detektiv də ehtiva edir; Qadın hüquqlarına, ədalətə, feminizmə də çoxsaylı istinadlar etdiyini söyləmək mümkündür. Yağmur obrazını güclü qadınların təmsilçisi olaraq diqqətlə yaratdım; Yağmurun həyatı boyunca müşahidə etdiyim və bildiyim bir çox gender bərabərsizliyi və qadın hüquqları məsələlərinə toxunaraq, onu bütün çətinliklərə baxmayaraq yıxılmayan, dimdik duran bir şəxsiyyət kimi yazdım. Ümid edirdim ki, bu, bütün qadınlarımız üçün bir ilham ola bilər.
-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr nələrdir?
-Məncə, təxəyyül insanın şüurunda və hətta şüuraltında olan dərin baxışın ən aydın əksidir. Düşünürəm ki, xəyal qurmağı və təsəvvür etməyi bacarmayan yazıçı öz karyerasında o qədər də uğurlu ola bilməz. Təbii ki, müəllif əsərində reallıqdan ilham almalı və gündəlik həyata toxunmalıdır, lakin bu reallıqla müəllif mesajının qarışdığı yer təxəyyüldür. Ona görə də təxəyyül və yaradıcılığı olmayan yazıların oxucu üçün çox darıxdırıcı və monoton ola biləcəyindən narahatam. İnsan təəssüratını nəyə heyran olursa, nədə işıq görürsə onunla qidalandırır. Bu mənim üçün də tam olaraq belədir. Şəxsən mən, xəyallarımı oxuduqlarımdan, yaşadıqlarımdan, gördüklərimdən aldığım ilhamla qururam. Bu xəyallar həyatımın hər qarışına və təbii ki, yazılarıma da sirayət etdi. Məncə, insanın ən böyük sərvəti təcrübələridir. Yaşadığım ən kiçik hadisənin belə mənə necə xəyallar qurdurduğuna və ideyalar formalaşdırmasına səbəb olduğunu eşidəndə təəccüblənərsiniz. İş o yerə çatıb ki, bəzən küçədə gördüyüm pişik belə ağlımın dərinliklərində məni bir başından o biri ucuna uçurub, yeni ideyalarla aydınlandıra bilir. Ona görə də xəyallarım reallığımı daha fantastik şəkildə əks etdirir.
- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq vərdişi çox dəyərlidir. Xüsusilə yazıçı üçün vazkeçilməzdir. İnsan oxuduğunu yazır. Təbii ki, hər kəsin üslubu, ahəngi var, amma yaradıcı yazının əsasları şübhəsiz ki, əvvəllər oxunmuş hər cür yazılardan az-az bir araya gələrək formalaşır. Yalnız bumu? Oxumaq insanın həyata baxışını dəyişdirir, hadisələri qavramaq qabiliyyətini artırır və tamam başqa daxili aləmlərə qapı açır. Bu səbəbdən də yazıçı olmayanların mütaliə vərdişi qazanması çox vacibdir. Oxumaq vərdişi olmayanlar üçün bir neçə saat kitab, jurnal və ya xəbər məqaləsinə bağlı qalmaq çox çətin ola bilər; Bununla belə, məncə, kitab oxumaq vərdişini qazanmaq çətin deyil. Həmişə düşünürəm ki, oxumağı sevməyənlər sevəcəkləri şeyləri oxumurlar. Məncə, ilk iş insanın oxumaqdan həzz alacağı əsəri tapmasıdır. Ağır, klassik kitabları hamının bəyənəcəyi bir qayda yoxdur. Arzu edən hər kəs istədiyini oxuya bilər və ona ən çox həzz verəni və faydasını hiss etdiyi birini seçə bilər. Bundan əlavə, hər gün oxuma vaxtını bir az da artıraraq, zamanla daha möhkəm oxu modelini qurmaq mümkündür.
- Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?
-Zaman mənim üçün bir fürsətdir. Yeni şeyləri sınamaq, yeni yerləri ziyarət etmək, yeni insanlarla tanış olmaq zamanın vədidir və şübhəsiz ki, zaman hər şeyi bilən yeganə şeydir. Özümü zamanın öhdəsinə buraxıram, yazılarımı özümü ən canlı hiss etdiyim zamanlarda yazıram, fikir və ilhamla dolub-daşarkən narahat hiss etdiyim zamanlarda... Bu vaxt adətən gecələr olur. Hər şeydən çox qaranlıqda işləməyi və yazmağı sevirəm.
-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?
-İnternetdə hazır məlumatların çoxalması kitab alışlarında oxucu nisbətinin azalmasına səbəb olmaqdadır.
Bundan əlavə, ölkəmizdə imtahan sisteminin çox olması səbəbindən sual banklarına tələbat artdığı halda, ədəbi əsərlərə tələbat əvvəlki illərlə müqayisədə azalmaqdadır.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Təbii ki, mənim də qardaş ölkəmiz Azərbaycanın ədəbiyyatını öyrənmək imkanım oldu. Qəzetinizi, portalınızı araşdırarkən çoxlu müxtəlif yazılara, əsərlərə rast gəldim. Fürsət tapanda daha ətraflı araşdırma aparmaq istərdim. Əldə etdiklərimdən demək olar ki, sizin zəngin və dolğun ədəbiyyat tarixiniz var. Ümidvaram, bundan sonra da daha da uğurlu əsərlər yaranacaq.
-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?
-Hələlik bir kitabım və hər cür məqalənin yazılaraq paylaşıldığı “fisildayankalemler.org” adlı bir müəllif platformam var. Gələcək məqsədim yeni əsərlərimi yazmaqla yanaşı, hazırda böyük bir yazar heyəti ilə xidmət edən saytımı institutlaşdıraraq daha geniş auditoriyaya çatmaqdır. Ölkənin, hətta dünyanın hər yerindən insanlara qələmimlə pıçıldamaq istəyirəm.
-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?
-Məncə, e-kitab mədəniyyəti əsl fiziki kitabı heç vaxt əvəz edə bilməz. Təbii ki, daha praktik olduğuna görə üstünlük verilə bilər, axı texnologiya əsrində yaşayırıq, amma kitaba əlimlə toxunub vərəqlərinin qoxusunu almaq başqa şeydir. Qələmlə məni heyran edən sətirlərin altından xətt çəkə bilməsəm, vərəqlərin kənarlarına qeydlər apara bilməsəm, qaldığım yerdən səhifəni qatlaya bilməsəm, oxumağın nə mənası var?
– Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Bir yazıçı olaraq digər yazıçılara ən böyük tövsiyəm odur ki, əsərlərini yazmazdan əvvəl çoxlu araşdırma aparsınlar. Mətn oxucunu istiqamətləndirir. Yalan məlumatlara və ya real olmayan ssenarilərə əsaslanan məqalənin oxucuya xeyirdən çox ziyanı olacaq. Şəxsən mən dərindən araşdırma aparmadan ən kiçik məqaləmdə belə qələmi əlimə almıram. Ən xırda detallara qədər skan edir və oxucuya ən dəqiq və etibarlı məhsulu təqdim etməyə çalışıram.
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)
“Bulağ”ın çeşməsini gurlandıran magik realist
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün Yardımlı rayonuna üç istiqamətdən daxil olmaq mümkündür. Ya gərək Cəlilabadın ərazisindən rayonun “Ucarud” bölgəsindəki yuxarı kəndlərdən keçərək, ya Lənkaran yolundan ayrılıb, Lerikin daşlı-kəsəkli yolları ilə, “Pornayım” bölgəsindən, ya da ki, Masallı ərazisindən üzü “Sivdaş”a doğru irəliləməlisən. Nədənsə bu üç yoldan biri, Masallıdan rayona uzanan şose yolu daha rahat yol sayılıb.
Yəni Yardımlıya yolu düşənlər, Masallı mənzərələrini seyr etməmiş, masallılarla ünsiyyətdə olmamış rayona getməzdilər. Hətta masallılılar öz aralarında yardımlıları “dağlı” da adlandrırdılar. Sovetlər birliyi dağılandan sonra rayonlar arasında postlar qoyulanda da, arada həmişə dostluq və mehribanlıq olub. Niyə söhbətimə bir az uzaqdan başladım? Qəhrəmanımın mənə nə qədər doğma olduğunu öncədən anlatmağım üçün. Darıxmayın, kim olduğunu söyləyəcəm. Amma icazə versəydiniz, əvvəlcə Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin onun haqqında söylədiklərindən başlayardım:
“Adını ilk dəfə məşhur "Bulaq" verilişində eşitmişdim. Onda yaşadığı Masallı rayonunda eşitdiyi-bildiyi folklor nümunələrini, el əhvalatlarını yazıb bu verilişə göndərirdi. Daha sonra onun barəsində bir yazıçı kimi rejissor dostum Rövşən Almuradlı mənə danışmışdı. Böyük rejissor hələ 20-25 il əvvəl onun "Azərnur" romanını oxuyub vəcdə gəlmişdi, "kino üçün əla dramaturji material var bu romanda, vəsait tapılsaydı əla film çəkərdim" demişdi. Onun sözü ilə "Azərnur"u ("Qanlı ocaq") tapıb oxumuşdum və insanın özündənkənar baş verən hadisələrin bilavasitə onun mənəvi dünyası ilə ruhi bağlılığını magik realizm üslubunda təsvir etmiş müəllifin ədəbi istedadını çox bəyənmişdim. Maraqlı hadisələrlə oxucunu cəlb edən bu romanda yazıçının bir obanın timsalında bəşəri əxlaq problemini qabartması onun bədii təfəkkürünün dərin qatlarından xəbər verirdi. Sonralar onun postmodernist üslubda yazdığı və ötən əsrin qaynar 90-ci illərində Bakıda, döyüş bölgələrində baş verən olaylardan bəhs edən "Qara sarmaşıq" romanını oxuyanda da eyni zövqü aldım. Əsərdə humanizmi təbliğ edən müəllif, siyasi intriqalardan əziyyət çəkən, haqsızlıqlara üsyan edərək öz haqqı uğrunda mübarizə aparan bir xalqın dolğun bədii obrazını yaratmağa nail olmuşdu.”
Elədir, düz tapdınız, söhbət yazıçı, jurnalist Nurəddin Ədiloğludan gedir. 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. Beş il Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. Ötən əsrin 90-cı illərində "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərində cənub bölgəsi üzrə müxbir işləyib. 1995-2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2004-cü ildən Bakı şəhərində yaşayır. 2004-2008-ci illər "Mars" ədəbi-bədii jurnalında məsul redaktor, 2005-2008-ci illərdə "Qarabağa aparan yol" qəzetində baş redaktor müavini işləyib və eyni zamanda "Humanitar", "Yeni dirçəliş", "İki sahil" qəzetləri ilə əməkdaşlıq edib. Hazırda "Yurd" jurnalının redaksiya heyətinin üzvüdür. Otuzdan yuxarı kitabın müəllifidir...
Artıq iyirmi ildir ki, Bakıda məskunlaşıb, amma necə deyərlər, bir ayağı Masllıdadır. Doğma yurdu- Xırmandalını gəzib dolaşmaqdan mənəvi güc alır.
Deyir ki,- “Doğma kəndimizə tez-tez gedirəm. Hər dəfə ürəyim ya həyəcandan, ya da sevincdən quş kimi çırpınır. Dogma adamlarla, məktəb yoldaşlarımla, yaxın - uzaq qohumlarla görüşürəm. Əvvəlcə, adətim üzrə kənd qəbiristanlığına gedib valideynlərimin məzarlarını ziyarət edirəm. Kəndin içinə doğru irəlilədikcə uşaq vaxtı getdiyim yolları, çığırları xatırlayıram. Amma o vaxtkı xəndəkləri indi hündür dəmir və daş hasarlar əvəz edir. Yol-yolaqda darısqallıq yaradan bu hündür yaraşıqlı daş hasarlar və dəmir çəpərlər ÇİN SƏDDİ kimi uzanıb gedir. Qonşu-qonşunu belə görmür. Qonşu qonşunu görmürsə, yoldan ötən adamı neçə görə bilər? Elə bil hündür darvazalar, daş hasarlar, dəmir çəpərlər insani münasibətlərin üstünə də kölgə salıb. Yaxın qonşusunun maşın yolunu, hətta piyada yolunu kəsən adamlar nə ağsaqqal sayır, nə qarasaqqal...”
İnsanlar arasında yaranan bu soyuqluq onu çox narahat edir. Ah çəkərək gileylənib:
“Mənə ağır gələn budur ki, bəzən böyüklər nifrət bəslədiyi adamlar barədə gənc övladlarının, məktəbli nəvə-nəticələrinin yanında söhbət salırlar. Beləliklə də öz qəlbiərndəki kin-küdürəti “estafet” kimi onların yaddaşlarına köçürürlər. Söz-sözü çəkir, fikir-fikrə calanır. Ləziz xörəklər düzülmüş süfrə başında çənələr şaqqıldayır, ağızlar köpüklənir. Köhnə palanların içi tökülür. Gərək Əhmədi-Biqəm olasan ki, heç nəyi vecinə almayasan. Mən heç kəsin tərəfini saxlamadan BARIŞ yaratmaq missiyasını həm özümün, həm də bir-birinə qan qohumu olan adamların mənəvi rahatlığı üçün vacib sayıram. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Belə məqamda SUSMAQ qızıla yox, qəlbimin RƏFİNƏ yığılan DAŞA dönür. Daş ağır olsa da, getdikcə qəribə bir aləmə - çəkisizlik şəraitinə düşürəm. Və bu çəkisizliyin içində özüm özümə elə ya daş, ya quş olmağı arzulayıram. Kövrək duyğuların qanadında uşaqlıq çağlarımı xatırlayıram. O zaman hamı, nənəm demişkən, biri-birinə can deyib, can eşitdiyi dövrdə yaşayırdı. Heç kim, heç kimin toyuğuna kiş deməzdi. Küsənləri də ağsaqqallar, ağbirçəklər toyda, bayramda barışdırardılar. O rəhmətliklər milçəkdən FİL düzəltməyiblər, “Yağ dağıldı, palaz batdı” deyə hər sözün başına İP salmayıblar. Nə isə, əfsus ki, bizim cəmiyyətimizdə şirin arzular, xoş diləkər tarixin nə gedişatını, nə də məzmununu dəyişməyə qadir deyil...”- söyləyir.
Milli mənəvi dəyərlərə bağlı adamdır. Köhnə kişilərə xas olan xüsusiyyətləri çoxdur. Yalan danışmağı xoşlamır. Sözü vaxtında, yerində üzə deməyi bacarır. Mehribanlığı da öz yerində, heç vaxt kiminsə qəlbinə toxunmağa səy göstərmir. Çalışır ki, bütün məqamlarda səbrini, təmkinini, sadəliyini qoruyub saxlaya bilsin. Doğrudur, söhbətim boyu onun yaradıcılığı haqqında demək olar ki, heç bir söz demədim, axı bu barədə qələm dostları çox deyib, çox yazıblar. Məqsədim onu fevralın 1-də tamam olan yeni yaşı münasibətilə təbrik etmək, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulamaqdır.
Çox yaşa, eloğlu!
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)