Super User

Super User

Thursday, 01 February 2024 10:00

Zəngin yurdun nağılı – Zahirə Cabir

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.

 

Biri vardı, biri yoxdu, gözəl bir yurd  vardı. Dağlar qoynunda yerləşən bu diyarın insanları xoşbəxt, firavanlıq içində yaşayırdılar. Buranın əsrarəngiz təbiəti ürəkləri oxşayırdı. Yamyaşıl sıx meşələri, ormanları, şip-şirin meyvəli bağları, səfalı bulaqları, çayları bu insanları daha da mehriban, istəkli etmişdi. Kəndin bağları, əkinləri başdan-başa düzən, hamar, həm də оlduqca münbit tоrpaqlarda idi.  Bu diyarda yaşayan insanlar hamılıqla işləmək lazım gələndə işləyir, dincəlmək lazımdırsa dincəlirdilər. Heç birinin evinin ağzında qıfılı olmazdı. Varlı kasıb söhbəti bu diyara aid deyildi. İnsanlar çayın suyu ilə əkin sahələrini, bağlarını sulayır, bol məhsul ilə firavan yaşayırdılar. Amma bir gün yurda gələn çay qurudu. Xəbər yayıldı ki, çayın üstünü bir əjdaha kəsdirib. Camaat bir-birinə dəydi. Meşələrə gedib gəlmək qorxulu oldu.

Kənddə Yusif adlı ağıllı bir oğlan vardı. O qərara gəldi ki, əjdahanı öldürsün və camaatı bu bəladan qurtarsın.  Odur ki, kənddə yaşayan nurani bir qocanın yanına məsləhətə getdi. Qoca dedi ki, əjdahanı öldürmək çox çətin olacaq. Çünki əjdahanın başında üç zınqırovu var, ona yaxınlaşmaq istəyəndə zınqırovlar tərpənir və əjdahanı xəbərdar edir. Həm də ki, zınqırovlar çalınanda elə bədheybət səslər çıxarır ki, insan o səsdən dəli ola bilər. Gün doğandan sonra isə zırqırovlar tamam başqa səs salır, bu səsə mal qara sehrlənmiş, ram olunmuş kimi gedir və əjdaha hər gün bu mal qaradan on dənə inək, öküz yeyib yatır. Əyər sən gün doğmadan zınqırovlar çalınmadan onları qırıb atsan, əjdahaya bəlkə qalib gələ bilərsən.

 Bəli, Yusif yolçu yolda gərək deyib, atın yəhərlədi və üz tutdu meşəyə. Dərələrdən yel kimi, badeyi sərsər kimi, axır ki, gəlib çatdı meşəyə. Hə, indi çayı keçib o üzgəki tərəfdə kəndə gələn çay yolunun üstündəki əjdahaya tərəf getməliydi. Amma gur axan çayı necə keçə bilərdi, fikir onu götürdü. Bu vaxt meşədə iki divbeçənin mübahisə etdiklərini gördü. Yaxınlaşıb soruşdu. Dedilər ki, bizə üç şey miras qalıb: xəncər, kilim və papaq. Amma aramızda nə qədər edirik, bölə bilmirik. Yusif dedi: Axı, bunlar nədir ki, ondan ötrü mübahisə edirsiz. Divbeçələrdən biri dedi ki, bunlar adi şeylər deyil, sehrlidir. Papağı başına qoysan görünməz olarsan, kilimin üstündə istədiyin yerə uçub gedərsən, xəncərlə bir zərbəylə hətta yeddi başlı əjdahanı öldürərsən. Yusif özünü axmaqlığa qoyub dedi, mən buna inanmıram. Divbeçə dilləndi: İnanmırsansa, götür özün bax. Yusif xəncəri əlinə götürüb o tərəf bu tərəfinə baxdı. Kilimin üstündə oturdu, papağı başına qoydu, gözəgörünməz oldu, tez kilimə əmr etdi. Kilim onu çayın o üzünə apardı. Divbeçələr nə qədər qışqırdılarsa, bir xeyri olmadı.

Bəli, Yusif artıq gün doğmamış əjdahanın yanında idi. Bir azdan gün doğacaqdı. Odur ki, fürsəti fövtə vermək olmazdı. Kilimin üstündə uçub əjdahanın düz başı üzərində dayandı Xəncəri ilə bir zərbə ilə üç zınqırovu qırdı. Zınqırovlar cingilti ilə yerə tökülməmiş, xəncəri əjdahanın düz ürəyinə sapladı. Əjdahanın ağzından od püskürdü, getdikcə qüvvədən düşüb od içində yandı.

Yusif  sevincək, kilimin üstdə, xəncər əlində, başında papaq öz yurduna gəldi.

Çay öz axarı ilə kəndə yenidən sevinc gətirdi. Kənd camaatı yığışıb Yusifin şərəfinə qonaqlıq verdilər. Yedilər, içdilər, şənləndilər. Siz də yeyin, için, həmişə şənlənin. Yurdunuzu sevin. Göydən isə üç alma düşmədi. Çünki, alma hələ yetişməmişdi. Yetişəndə gələrsiz, birlikdə yeyərik. Siz sağ, mən salamat. Təki yurdumuz salamat, bol ruzulu və zəngin olsun.

Danışdığım nağıldakı yurdun adamları bolluq içində yaşadılar. Tanrı bu yurda  o qədər ruzu, bərəkət verdi ki, insanlar buranı Zəngin yurd – Zəngilan adlandırdılar. Yusifin iti xəncəri neçə- neçə yurduna sahib çıxmaq istəyənlərin canını aldı. Zəngin yurd zənginlik içində yaşadı. Beləcə zəngin bir yurdun nağılı başa çatdı. İndi də belə zəngin yurdun yurdsevər qəhrəmanları var. Onlar yurdun insanlarının xoşbəxtliyi, firavanlığı üçün hər zaman əjdahalar, divlərlə döyüşə hazırdırlar.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

 

Thursday, 01 February 2024 16:00

QİRAƏT SAATInda “Eşq mələyi”

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

46-cı hissə

 

Sona doğru

 

Süleyman sürətdə onu qabaqlayan və son hissəni oxumaq üçün səbirsizlənən qızlara “Aparıb sonunu evdə oxuyacam, əl çəkin məndən” təpkisini göstərib evinə yollandı. Həyatı boyu Zərrinindən nəyisə gizlətməmişdi. Və indi onun nəyisə gizlətdiyinə tam əmin olan və incikliyini büruzə verən həyat yoldaşına hər şeyi birər-birər danışası oldu. Elgünün zorla otağına soxulması, onun saqqal saxlamasına iradı, gərginlik işində keçən bu son üç gün və Ülkərin taleyi – hamısını danışdı, Zərrin kitab oxuyan deyildi, hazırda əksər qadınlarımız kimi, onun da meyli teleseriallara idi. Bununla belə, Ülkərin taleyi onu maraqlandırmışdı. Xüsusən ərini “əsir-yesir” edən bu əhvalatı öz gözləri ilə oxumaq istəyirdi. Süleyman əvvəlki vərəqlərin işdə qaldığını deyib acgözlüklə əlindəki son vərəqləri oxumağa girişdi.

Fərqində də olmadı ki, yeməyini yemədi, çayını içmədi, kostyumunu çıxarıb pijamasını belə geymədi.

 

 

47-ci hissə

 

Bu da son qərar

 

Saat 11-ə işləmişdi, Ülkər qeyri-iradi eyvanda bitmişdi. Gəlib dayanan hər avtomobildən indicə Rüfətin düşəcəyini zənn edirdi.

İşə bax, Rüfət indicə gələcək. Amma o, hələ də qərarını verməyib. Belə olmaz. Əsla olmaz.

İçəri keçdi, otaq boyu var-gəl elədi, yenidən eyvana keçdi.

Qərar qəbul etmək lazım idi.

Saatın əqrəbləri irəlilədikcə həyəcandan ürəyi yerindən qopmaq həddinə gəlirdi.

Rüfətlə bir ömür xoşbəxt yaşayacağına əmin idi. Balasına da Rüfət atalıq edəcəkdi, doğma atadan daha doğma olacaqdı. Rüfət kişi etalonu idi, bu qədər gözəl xasiyyətli bir insanı Allah ən yaxşı halında dünyaya gətirmişdi, yəqin. Ömründə ədalətsiz iş tutmayacaq, qaba söyüş işlətməyəcək biri idi Rüfət. Yaraşıqlı, hündürboy, gülərüz, mehriban, mənəvi zənginlikləri aşıb-daşan birisi idi o. Üstəlik də, bu boyda sərvət yiyəsi idi.

İşə bax, tək idi, amma evlənmək istəmirdi, Ülkəri görən kimi evlənmək təklifi etdi. Demək, bütün bu illər ərzində qovuşacaqlarına bir inamı olubmuş onun. Bəlkə də Ülkəri axtarırmış, soraqlayırmış. Görürsənmi, Ülkər həyatını danışmaq istəyəndə dedi, danışma, özüm bilirəm.

Amma indisini yəqin bilməzdi, Ülkərin sirr kimi saxladığı fahişəlik həyatını, yəqin ki, bilə bilməzdi Rüfət. Heç ən yaxınları belə bunu bilmirdilərsə, o, haradan biləcəkdi? Bilsəydi, yəqin, evlənmək təklifini də etməzdi.

Bəs bundan sonra bilsəydi necə olacaqdı?

Bir gün elə işini atıb Nazanı tək qoyduğuna görə Naza ondan qisas ala bilərdi axı, Rüfətə deyərdi ki, arvadın filan yolun yolçusu olub. Onda necə olacaqdı?

Heç kimsə deməsəydi belə, Ülkər necə qəbul edəcəkdi bir ömür ən sevdiyi adamı aldatdığını? Ona dürlü sözlər deyən, onu öpüb-oxşayan, əzizləyən birisindən necə gizlədəcəkdi ki, bu dodaqlar murdardır, bu bədən murdardır, bu ürək murdardır?

Necə olacaqdı bunun axırı?

Yalnız indi, saat 10.44-də qəti qərar verdi ki, Rüfəti aldada bilməz.

Ən böyük həqiqət o idi ki, Rüfəti çirkaba bulaşdıra bilməzdi.

Qəribədir, insan ən sevdiyi birindən zorən ayrılmaq qərarı verir, halbuki bu qərarı verməyib bir ömür var-dövlət içində maska taxaraq xoşbəxt ömür yaşaya bilər. Amma vicdan deyilən bir məfhum var, vicdanı “hə” deməyə imkan vermirdi Ülkərə.

Fahişələr bu obraza uyğunlaşandan sonra özlərinə bəraət qazandırmağa başlayırlar, Ülkərsə bu obraza əsla uyğunlaşa bilməmişdi heç vaxt. Fahişə kəlməsi həmişə dilini yandırmışdı.

Gözlərindən yaş axıda-axıda telefonunu əlinə aldı, vatsapı açdı. Əlləri titrəyirdi, “Salam” yazdı, necə hönkürdüsə, xeyli özünə gələ bilmədi. Sonradan-sonraya anlayanda ki, yubanmaq olmaz, hər dəqiqə Rüfət qayıdıb gələ bilər, davamını yazmalıdır, yaza bilmədi.

Sonra çamadanını yığışdırdı. Bu çamadanla bir vaxt rayondan Bakıya gəlmişdi oxumağa. Küncləri artıq yeyilmişdi, gör neçə ilin çamadanı idi. Hətta əli pulla oynayanda belə onu dəyişməyə qıymamışdı. Ömründəki ləkəsiz, təmiz illərinin -- ata evində keçən illərinin qoxusu qalmışdı sanki bu çamadanda. Evlərinin, Leyliylə onun otağının, rəhmətlik anasının, məktəblərinin, Rüfətinin qoxusu qalmışdı, necə dəyişə bilərdi onu?!. Keçmişinin tək yadigarı bu çamadan idi. Bir də Rüfətin bağışladığı açarqabı. Açarqabını çıxarıb jurnal stolunun üzərinə qoydu. Düşündü ki, qoy ondan Rüfətə yadıgar qalsın.

Son dəfə mənzilə baxıb orada necə xoşbəxt günlər yaşayacağı xəyalını dəfn edərək çıxdı. Açarı rezin ayaqaltının altına qoyub gözündən sel kimi yaş axıdaraq üzüaşağı getməyə başladı. Əslində hara getdiyinin fərqində də deyildi.

Küçələricavan uşaqların səs-küyü bürümüşdü. Hər yerdən musiqi sədaları, qışqırıqlar beyninin içinə dolurdu. Fərqinə vardı ki, bunlar məktəblilərdir, qızlı-oğlanlı hamısı ağ köynəkdə, qızlar qara ətəkdə, oğlanlar şalvarda. Sinələri boyunca da qırmızı lentlər asılıb. Xatırladı, bu gün axı mayın 25-dir, son zəng günüdür.

Hamı deyib gülürdü. Bir Ülkərdən başqa.

Ülkər küçələri dolaşa-dolaşa axının ardına düşüb Dənizkənarı bulvara çıxdı. Başını qaldıranda saat qülləsində 11:30 rəqəmlərinigördü. Dubay--Bakı reysi on dəqiqədən sonra hava limanına eniş edəcəkdi. Sevimlisi Rüfəti Bakıya dönəcəkdi.

Dəniz kənarında iynə atsaydın, yerə düşməzdi. Məktəblilər, onların valideynləri, əvvəlki illərin məzunları...Yallı gedənlər kim, zarafatlaşanlar kim, bir-birinin köynəyinə ürək sözləri yazan kim…

“Mirvari” restoranının yanında dayandı. Həmin o uzaq, xoş xatirə yenidən onu əsirinə çevirdi. On birinci sinifdə oxuduğu zaman rəfiqəsi Leylagillə ailəliklə rayondan bura – Bakıya gəlmişdilər. Həmin an gözünün qabağından kino lenti kimi keçdi. Onda qış idi, dekabr ayıydı. 5 dekabr. Ülkər Leylaya öz ürəyindəki Rüfətə olan sonsuz sevgisindən danışırdı. Deyirdi, neynəsəm də, bu sevgini içimdən çıxara bilmirəm. Leyla da ona məsləhət görmüşdü ki, ona qardaş qədər yaxın olan Rüfətin xasiyyətini gözəl bilir, o, çox duyğusaldır, ona bir məktub yaz, sevgini izhar elə.

Leyla məsləhət görmüşdü ki, məktubu yazsın, qarağacın oyuğuna qoysun, o, Rüfətə deyəcək ki, götürüb oxusun.

Ülkər də Rüfətə olan bütün sevgisini, istəklərini həmin məktuba yazmışdı. Düzdür, məktubu ağacın oyuğundan kiminsə aşkarlayıb götürəcəyi qorxusu var idi, amma yaxşı ki, bu qorxu həqiqətə çevrilmədi, Leyla Rüfətə dedi, o da gəlib həmin o məktubu oxudu, qarağacın gövdəsinə də R + Ü = sevgi sözlərini və ürək rəsmini cızdı. Sonra bu sözlərin və rəsmin şəklini çəkib Leylaya verdi ki, Ülkərə göstərsin, o da göstərdi.

Sonradan neçə dəfə Ülkər buraya gəlmişdi, ən xoş və kədərli anlarında barmaqlarını ağacın gövdəsində -- Rüfətin iz qoyduğu yerdə gəzdirərək sanki Rüfətlə danışmışdı, sevincini, kədərini onunla bölüşmüşdü. Onsuz keçən bir ömrün acılarını dilə gətirmiş, göz yaşlarına hakim ola bilməmişdi…

Və birdən sövq-təbii hiss etdi ki, yenə də Rüfətinə məktub yazıb həmin bax bu oyuğa qoymalıdır.

Əl çantasındakı bloknotun ortasından qoşa vərəq qopartdı, diyircəkli qələmi də götürdü. Yazmaq dərhal alınmadı, əlləri əsir, hıçqırtıları, göz yaşları aman vermirdi. Xeyli müddət bu minvalla keçdi, nəhayət, toxtayıb yazmağa başladı.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

 

 

Thursday, 01 February 2024 15:00

“Titanik”in batmışlığı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1

QARA YUMOR

 

Xəbərlərdən:

Dünyanın ən böyük kruiz layneri olan “Dənizlər ikonası” Karib körfəzi suları ilə iki həftəlik reysə yollanıb.

Layner “Titanik”dən 5 dəfə böyükdür, qiyməti 2 milyard dollardır. Layner 7600 sərnişin qəbul edir, 20 göyərtəsi, 40 kafe-bar-restoranı, nəhəng idman meydançası, tropik bitkilər guşəsi, teatrı, karaokesi, attraksionu və akvaparkı var. 

 

Başqa bir xəbər:

Hardasa Antarktidada materikdən aysberq qoparaq irəliləməkdədir. Aysberq “Titanik”i batıran aysberqdən 5 dəfə böyükdür. 

 

ELAN

Sənaye Parkına 3-6-cı dərəcəli mühəndislər, texnoloqlar, çilingərlər, tokarlar, tornaçılar qəbul edilir. 

Diqqət! Cənab tiktokerlər, geymerlər, yutuberlər, kouçlar və alfa-betaçılar, sizlər üçün vakansiya yoxdur. 

 

KOMPLİMENT

Sizin nə gözəl ayaqlarınız var. Biri digərindən gözəl!

 

XATİRƏ

Bizim əmək müəllimi içməyi sevirdi. Ona görə də bizdə yarım dərs əmək, yarım dərs nəğmə olurdu.

 

TƏSNİFAT

Əgər aforizm çoxlu plyus qazandısa o yumordur, yox, əgər çoxlu minus qazandısa, onda satiradır.

 

AKSİOM

Əgər bir məsələ ümumxalq müzakirəsinə  çıxarılırsa, demək o artıq həll edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının poçtuna Azərbaycan Respublikası

Milli Məclisinin Mədəniyyət Komitəsinin görkəmli şair Əli Tudənin 100 illiyi münasibətilə yazdığı mətn daxil olmuşdur. 

Mətndə deyilir:

 

Bu gün  Əməkdar incəsənət xadimi,  

75 illik ömrünün 50 ildən çoxunu milli poeziyamızın inkişafına həsr etmiş

görkəmli Azərbaycan şairi, 

publisist, nasir və tərcüməçi

Əli Tudənin anadan olmasının 100-cü ildönümüdür (Əli Qulu oğlu Cavadzadə; 31.01.1924, Bakı – 26.02.1996, Bakı).

 

Güney Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından olan Əli Tudə, 

Təbrizdə ilk ana dili dərsliyinin müəlliflərindən biri, habelə İran tarixində ilk Milli Filarmoniyanın yaradıcısı 

(bu filarmoniyanın ilk və son müdiri) olub.

 

Şairin oğlu Natiq Cavadzadə onun 20 cildlik "Əsərləri"ni peşəkarlıqla nəşrə hazırlayaraq, nəfis şəkildə nəşr etdirib.

 

Əli Tudənin çoxşaxəli yaradıcılığında lirik əsərlər başlıca yer tutur. 

Nəsrdə də qələmini sınamış Əli Tudənin sağlığında gün üzü görmüş 30-dan çox kitabının 3-ü nəsr əsərlərindən ibarətdir. 

Şair özəlliklə Vətən mövzusunda çoxsaylı şeirlər yazıb. Vətənin birliyi, azadlıq arzusu əsas yer tutan bu şeirlərdə Güney həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə işlənib. 

Şairin şeirləri içərisində insanın sevgi duyğuları öz ülviliyi, müqəddəsliyi, tərbiyəvi özəllikləri ilə diqqət çəkir. 

Əli Tudənin uşaqlar üçün yazdığı şeirlərin də böyük tərbiyəvi önəmini vurğulamalıyıq. 

Onun yaradıcılığında ədəbiyyatşünaslıq məsələləri də diqqətdən qıraqda qalmayıb, yazdığı məqalələr ədbiyyatşünaslıq elminə verilən töhfələr hesab edilir. 

Əli Tudə mükəmməl tərcüməçilik fəaliyyəti göstərib, bir sıra əsərləri uğurla dilimizə çevirib. Onun şeirləri də bir çox xarici dilə çevrilib.

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

Azərbaycan Respublikası

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

 

Müharibə əlili Hüseynov Şəmistan Sabir oğluna təyin olunan sümük defekti diaqnozuna əsasən icra olunan “Sümükdən implantasiya edilən vasitələrin çıxarılması” əməliyyatının xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Yaşat” fondundan məlumat verilib. 

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Wednesday, 31 January 2024 10:26

Günün fotosu: Bu saatlarda, Novxanıda

 

Günün fotosu: Bu saatlarda, Novxanıda

Bu günün cəmi bir adı var: bu gün siyasi və ictimai xadim, publisist, şair, ədəbiyyatşunas, bütün şərqdə, türk-islam dünyasında ilk parlamentli demokratik respublikanın qurucusu, böyük mütəfəkkir, milli lider Məhəmməd Əmin Rəsulzadənin doğum günürdür, 140 illik yubileyidir.

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kubra Quliyeva hazırda Novxanıdadır və Məhəmməd Əmin Rəsulzadənin abidəsinə insan axınını müşahidə edir. Fotonu təqdim edir. 

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 140 İLLİYİNƏ NÖVBƏTİ YAZI

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Məhəmməd Əmin Rəsulzadə!

O, 1884-cü ilin 31 yanvarında Bakı quberniyasının Novxanı kəndində dünyaya göz açmışdır. Azərbaycanın ictimai-siyasi xadimi eyni zamanda cümhuriyyətin qurucularından biri, Azərbaycanın Milli Şurasının Rəyasət Heyətinin sədri olmuşdur.

Vəfatı 1955-ci ilin 6 martı.

 

Bir çoxları onu sadəcə wikipediyanın ilk abzasında qeyd olunan məlumatlar qədər tanıyır.

Əsrlər keçsə belə Azərbaycan Respublikasının ilk ulu öndəri olan Məhəmməd Əmin Rəsulzadə sadəcə ictimai-siyasi xadim və cümhuriyyəti elan edənlərdən biri olmamışdır. Məhəmməd Əmin Rəsulzadə 71 illik ömürünün 40ilini mühacirətdə, dəfələrlə həbsdə və sürgünlərdə keçirməsinə baxmayaraq daim azadlıq şüarları səsləyərək ilk dəfə milliyət və türkçülük anlayışını bir araya gətirmiş, qədəm basdığımız torpağı bizə Vətən deyə ərməğan etmiş və bu gün torpaq uğrunda can verən şəhidlərimizin daim mavi səmada dalğalandırdığı Azərbaycan bayrağını xanımı ilə birgə ilmək-ilmək işləmiş və müstəqilliyimizi əfəndilərə xitab edərək "Əfəndilər yarın cümhuriyyəti" elan etmişdir.

Hələ erkən yaşlarda təhsilini yarım qoyub siyasi fəaliyyətə keçmiş Rəsulzadə Fizuyat jurnalında, İrşad və Tərəqqi qəzetlərində siyasi azadlıqla bağlı məqalələr və elmi əsərlər nəşr etdirmişdir. Mövcud fəaliyyətindən dolayı dəfələrlə həbs edilən Rəsulzadə yaşadığı çətinliklərə baxmayaraq öz ideologiyasını irəli sürməkdən və yaymaqdan əsla boyun qaçırmamışdır.

1918-ci il 27may tarixində Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi və Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun böyük təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş, tarixi müstəqilliyimiz yolunda ilk addım atılmışdır.

"Vətəndaşlar! Üç rəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü (formada) qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

 

Bu sözləri ilə qəlbləri fəth edən ulu öndər fəailyyətini ilk olaraq təhsil sahəsinə yönəltmiş, ilk dəfə müstəqil əlifbadan istifadə edilməsinə icazə verilmişdir.

 

O, öz gündəliyində bayraq haqqında yazırdı ki, öz milliyyətini və dinini bilməyən xalq ayaqda qala bilməz, şəhidini unudanın torpağı Vətən olmaz. Tarix boyu hələ Göytürk dövlətindən bu yana mavi rəng türkçülüyü simvolizə etmişdir. Mavi rəngin ardından gələn qırmızı şəhid qanına işarə olmuş və ən sondakı yaşıl rəng islamı dayaq tutan ölkə olmağımızı simvolizə etmişdir. Hətta, o zaman yaxınlarından bir kəsin (adı qeyd olunmur) yaşıl rəngin ən sonda gəlməsinin səbəbini soruşmasına Rəsulzadə öz qeydlərində yazır ki:

"Qoy, bizim türkçülüyümüz və türk qanından olan şəhadətimiz islamı özünə dayaq bilsin. Lakin, biz dini yox dünyəvi dövlətik".

 

Azərbaycan Demokratik Respublikasının elan edilməsinin 35ci ilini qeyd edən zaman Rəsulzadənin çıxışından:

 

İstiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabitə və əmniyyət qüvvələri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı.

Xalqı öz ana dilində oxutmağa başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələrinə cavabdeh bir hökumət üsuli-idarəsi yaratdı. 

Hakimiyyət milli məclisin əlində idi. Parlamentdən etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. 

 

O, öz ömrünü damarlarında türk qanı axan xalqa kimliyini xatırlatmağa həsr etmiş, bu gün uğrunda can verənlərin yatdığı torpağın üstündə gəzən bizlərə odlar yurdunun hər diyarını, hər daşını Vətən etmişdir.

 

Məhəmməd Əmin Rəsulzadə hətta, sonuncu nəfəsində belə dilindən Azərbaycan sözləri süzülərək 1955ci ilin 6martında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişir.

Bu gün ondan bizə xatirə olaraq Novxanıda hal-hazırda baxça kimi fəaliyyət göstərən evi, heykəli, xatirələrini qeyd etdiyi gündəliyi və əsərləri qalmışdır.

Bu gün artıq Rəsulzadənin anadan olmasından 140 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi geniş qeyd ediləcək. 

Ey ulu öndər, bizlərə ərmağan etdiyin Vətənə sahib çıxacağımıza və əmanətinə gözümüz kimi baxıb səni əsla peşman etməyəcəyimizə ümidlərim hələ də, yaşayır. Biz səni və sənin ruhunun əziz xatirələrini qanımızın hər damlasında, sonuncu nəfəsimizə qədər yaşadacağıq. Nurlar içində yat!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Biz Cənubi Azərbaycanla bağlı hər bir xəbəri intizarla oxuyuruq, hər bir cənublu soydaşımız barədə məlumatları su kimi içirik. Ulu Şəhriyar və Səhənddən başqa cənubda bir çox yazarlar yetişiblər, onlardan biri də Əli Tudə olub. 

Azərbaycanın tanınmış şairi Əli Tudə 1924-cü ilin 31 yanvarında dünyaya gəlib. Və bu gün onun 100 illiyidir.

 

Əli Tudə

MƏN NƏ GƏTİRDİM...

 

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim.

 

Mən onu günəşdən təmiz saxladım,

Canımdan, gözümdən əziz saxladım,

Bu kiçik qəlbimdə dəniz saxladım

Bir xilqət görmədi, pünhan gətirdim

 

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

 

Ürək daş deyildir, bir parça ətdir

Bəs onu yaşadan hansı qüdrətdir?

Bir arzu, bir ümid, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim.

 

Qardaşım, illərlə istədin ki sən

Öz ana yurdumda azad olum mən…

Lakin cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman gətirdim.

 

Yenə Azərbaycan qan ağlayır, qan

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan zaman

Deyəm ki, təzə bir dövran gətirdim.

 

Hələ 13 yaşından onun şeirləri almanax və qəzetlərdə dərc edilib.

Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində müdir işləyən Ə.Tudənin ana dilində kitabların tərtib olunmasında böyük xidməti olub.

Əli Tudə İran tarixində ilk dəfə Təbriz Filarmoniyasının əsasını qoyub. O, milli hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb.

Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudə 40-a qədər kitab yazıb, əsərləri xarici dillərə tərcümə olunub. Ədib 1996-cı ildə vəfat edib.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

İstiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabitə və əmniyyət qüvvələri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı.

Xalqı öz ana dilində oxutmağa başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələrinə cavabdeh bir hökumət üsuli-idarəsi yaratdı. 

Hakimiyyət milli məclisin əlində idi. Parlamentdən etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. 

 

O, bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti yolunda xərclədi. Bu uğurda dəfələrlə doğma yurdundan didərgin düşdü, 71 illik ömrünün 40 ilini o çox sevdiyi vətənindən uzaqda mühacirətdə, mübarizələrdə keçirdi. Mühacirətdə də daim vətəninin, millətinin rifahı üçün çalışdı. Davası yolunda ən əzizlərini, ailə üzvlərini belə faciəvi şəkildə itirdi, istiqlal səadəti yarım qaldı. Lakin, o, yenə də son nəfəsində Azərbaycan söylədi. 

 

Bizim üçün o mayak kimi daim üfüqdə parlayıb millətinə yol göstərəcək olan Zöhrə ulduzu, işığı heç bir zaman sönməyəcək olan bir Azadlıq Günəşidir. Çünki bu yurdda azadlığın, istiqlalın, hürriyyətin günəşi onunla birlikdə, onun verdiyi qurbanlar, onun çəkdiyi zəhmətlər hesabına doğdu. 

 

Atatürk ona xitabında belə söyləyirdi: "Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!" 

 

Bu gün siyasi və ictimai xadim, publisist, şair, ədəbiyyatşunas, bütün şərqdə, türk-islam dünyasında ilk parlamentli demokratik respublikanın qurucusu, böyük mütəfəkkir, milli lider Məhəmməd Əmin Rəsulzadənin doğum günürdür. 

 

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Abşeronun Novxanı kəndində ruhani ailəsində dünyaya gəlib.

Sultan Məcid Qənizadənin rus-müsəlman məktəbində və Bakı texniki məktəbində təhsil alıb.

Gənc yaşlarından publisistik, ədəbi və siyasi fəaliyyətə başlayan Rəsulzadə 1903-cü ildə gizli fəaliyyət göstərən və əsas vəzifəsi gənclərdə milli hislər oyatmaq, rus məktəbində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq olan "Gənc İnqilabçılar Dərnəyi"ni yaradır.

Bu dərnəyin "Hümmət" adlı bir qəzeti də çıxmışdır.

Müxtəlif vaxtlarda "Şərqi-rus", "Həyat", "İrşad", "İqbal", "İstiqlal", "Qurtuluş", "Azərbaycan" və s. mətbu orqanlarında ictimai-siyasi, ədəbi məzmunlu yazılarla çıxış edilir, bəzilərində redaktorluq edir.

Çar Rusiyası tərəfindən təqib olunmağa başlanan Rəsulzadə 1909-cu ilin əvvəllərində təqiblərdən və həbs təhlukəsi səbəbindən vətəni tərk etmək məcburiyyətində qalaraq İrana üz tutur və bununla da onun mühacir həyatı başlayır.

İranda olduğu müddət ərzində Təbrizdə Səttarxanla görüşür, Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə "İran Demokrat partiyas"ını təsis edir, Tehranda "İrani-Nov" (Yeni İran) qəzetini yaradır. Və bu qəzet ilə birlikdə Rəsulzadə həm də İranda Avropa tipli jurnalistikanın əsasını qoyur.

1911-ci ildə Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran Məşrutə hərəkatının məğlub olması səbəbi ilə İranı da tərk edir.

İranı tərk etdikdən sonra gizli olaraq Astara-Lənkəran yolu ilə Bakıya gəlir və bir müddət burda qaldıqdan sonra Türkiyəyə  mühacirət edir. İstanbulda "Türk Yurdu" dərgisi və "Türk Ocaqları" təşkilatı ilə yaxından əməkdaşlıq edir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlanmadan sonra bir çox mühacir kimi Rəsulzadə də vətənə qayıdır.

"Müsavat" partiyasının fəaliyyətini gücləndirir, 1915-ci ildə Rəsulzadənin redaktorluğu ilə "Müsavat" partiyasının ideyalarını təbliğ edən "Açıq söz" qəzeti nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı olur. 

1917-ci ildə Bakı şəhərində "İsmailiyyə" binasında "Müsavat" partiyasının I qurultayı keçirilir və Rəsulzadə partiyanın sədri seçilir.

1918-ci il ildə Azərbaycan Milli şurasının sədri seçilir.

1918-ci il 28 mayda Rəsulzadənin sədri olduğu Milli Şura Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıldığını elan edir və Azərbaycan Milli İstiqlal bəyannaməsi qəbul edilir. 

Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti bütün Şərqdə həmçinin türk-islam dünyasında ilk demokratik hüquqi və dünyavi nümunəsi olmuşdur. 

Cəmi 23 ay yaşayan Xalq Cumhuriyyəti dövründə bir sıra vacib qərarlar qəbul edilir və icra olunur.  Ordu yaradılır, Azərbaycan dili dövlət dili elan edilir, İlk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti təsis edilir, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilir, Azərbaycan tarixində mətbuatın ilk hüquqi əsasları, mətbuat haqqında nizamnamə yaradılır. 

1920-ci ildə Bolşeviklərin Azərbaycanı işğalından və Azərbaycanda yenidən Sovet hökuməti qurulduqdan sonra bir müddət Lahıcda qalır. 1920-ci ilin avqustunda həbs edilib Bakıya gətirilir.

Rəsulzadə həbsdə olarkən Stalin Bakıya gəlir və onu həbsdən azad edərək özü ilə Moskvaya aparır.

Bununla Stalin bəlkə də XX əsrin əvvəllərində onun Bakının Bayıl həbsxanasından qaçırılmasında xüsusi rol oynamış Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirirdi. Lakin bir zamanlar dost münasibətində olmalarına baxmayaraq Stalin Rəsulzadənin ailəsini sürgünə göndərir. Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım 19 yaşında güllələnən oğlu Rəsulun ölümü ilə barışa bilmir və 1939-cu ildə sürgündə ürəyi partlayıb dünyasını dəyişir.  

Böyük qızı Lətifə xanım da övladları Firuzə və İşvə ilə birlikdə Qazaxıstana sürgünə göndərilir. 3-cü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılır. Lətifə xanım qızı İşvə ilə birlikdə 1943-cü ildə Qazaxıstanda sürgündə aclıqdan və soyuqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifə xanımın Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır, belə ehtimal edilir ki, o da xəstəlikdən dünyasını dəyişib.

Kiçik qızı Xalidə anasının ölümündən sonra Qazaxıstanda qala bilmir və həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, lakin sonra buranın nəzarətdə olduğunu hiss edib Şamaxıya üz tutur və ondan sonra ondan heç bir xəbər alınmır.

Böyük oğlu Rəsul 1937-ci ildə Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnir.

Rəsulzadənin ailəsindən sağ qalan yeganə kiçik oğlu Azər 1993 cü ildə Qazaxıstanda dünyasını dəyişib. 1946-cı ildə sürgündə Azər bəyin oğlu Rəis Rəsulzadə dünyaya gəlib. Rəis bəy Azərbaycanın əməkdar rəssamıdır.

Bir müddət Moskvada nəzarət altında yaşayan Rəsulzadə 1922-ci ildə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya gedir. 15 gün fin əsgərlərinin nəzarətində qalır. Bir müddət Helsinkidə yaşayır. Daha sonra Fransaya, Almaniyaya, oradan isə Türkiyəyə gedir.

1923-cü ildə İzmirdə Rəsulzadənin “Azərbaycan Cumhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı Atatürk mükafatına layiq görülür.

Lakin Türkiyənin Sovet dövləti ilə olan münasibətləri və ölkə daxilindəki siyasi vəziyyətlə bağlı olaraq Rəsulzadə 1930-cu ildə Türkiyəni də tərk etmək məcburiyyətində qalır və bir müddət Polşa, Almaniya və Ruminiyada yaşadıqdan sonra  bir də 1947-ci ildə qayıdıb Türkiyə vətəndaşlığı alaraq ömrünün sonuna qədər orada yaşayır.

2-ci dünya müharibəsi vaxtı Adolf Hitlerlə görüşməsə də Almaniya hökuməti ilə əlaqələr qurur. Və başlıca məqsədi sayı 70 000-ə qədər azərbaycanlı əsiri xilas etmək olur. 

Ankara universitetinin Cebeci xəstəxanasında şəkərli diabet xəstəliyindən müalicə alan Rəsulzadə 1955-ci il mart ayının 6-da uğrunda bütün ömrünü və ailəsini qurban verdiyi Azərbaycanın adını 3 dəfə söyləyərək vəfat edir və Ankaradakı Esri qəristanlığında dəfn olunur.

Martın 7-də Ankara radiosu təssüflə Azərbaycanın milli lideri Rəsulzadənin vəfat xəbərini yayır. 

 

"Səndən əvvəlki nəsil  yoxdan  bir  bayraq,  bir  müqəddəs  ideal  rəmzi  yaratdi. Onu min müşkülatla ucaldaraq dedi: Bir kərə yüksələn bayraq bir daha enməz" 

 

"Vətəndaşlar! Üç rəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü (formada) qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)

Şəhid Ağayev Asəf Abid oğlunun atası Ağayev Abid İsrəfil oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

 

Xatırladaq ki, bu günə qədər Fond 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla ümumilikdə 186 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsini təmin edib. Onlardan 180-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək.

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.