Super User

Super User

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Müəyyən dönəmlər olur ki, həyatın stresi, yorğunluğu çökür üzərimizə və evləri yıxılmış, özümüzü altında qalmış kimi hiss edirik. Belə vaxtlarda çıxış yolunu kitabxanalarda, balaca, amma səmimi kafelərdə, oyuncaq mağazalarında axtarıram. Bu gün yenə özümü axtarırdım…

 

Özümü, yorulub məndən belə qaçan ruhumu. Onu çox məcbur edirəm, deyəsən uğur qazanmağa, uğurlu olmağa. Ən çox da gözəl və pak olmağa... Və bugün onu axtararkən məntiqimi tapdım. 

Bəzi melodiyalar var. Heç bir sözü yox, amma o qədər dərin mənalar ifadə edir ki. Dinlədikcə insanın gözləri dolur, düşüncələr məzarlığına qərq olur. Bugün o melodiyalardan birini eşitdim təsadüfən. Adını bilmirəm, kimindir, hansı ölkəyə, hansı millətə məxsusdur, heç bir fikrim yoxdur. Amma melodiya sanki insana "gerçəklər" deyə bağırırdı. Bəzi anlar olur, yaşayırıq. Elə bil özümüzü film səhnəsindəki kimi hiss edirik. Əgər mən bir filmin ulduzu olsaydım, xəyanətə uğradığımı öyrənəndə o melodiya çalardı yəqin ki. Ya da tam əksinə, artıq hər şeyin yoluna girdiyi zamanda çıxdığım uzun yol səyahətimin arxa fonunda olardı. 

Bir xəyal qurun. Bir film ulduzusunuz. Rolunuz nə olardı? Mən çətinlikləri aşıb çox güclü şəkildə ayaqda qalmış bir qadını canlandırmaq istəyərdim, məsələn. Yəni əsl həyatda tanıdığım, güzgüyə baxdıqda gördüyüm, görmək istədiyim o şəxsi. Hər kəs hədəfləri üçün çalışır bu həyatda. Bəzilərinin hədəfləri sadəcə xoşbəxt yaşamaqdır, bəzilərininki o xoşbəxtliyə layiq olmaq, onu qazanmaq. Bəziləri sadəcə kiçik bir dünya yaradır özünə. Bəziləri isə bütün dünyanı istəyir. 

Mən bugünlərdə xeyli düşündüm. Elə bilirdim ki, mən də kiçik dünya yaradanlardanam, amma deyilmişəm. Xəyallarım, planlarım, qayğılarım... Mən əslində çoxdan bütün dünyanı, layiq olduğumu düşündüyüm hər şeyi əldə etmək üçün səfərə çıxmışam, sən demə. Və bugün o səfərdəki dinləyəcəyim melodiyanı tapdım. Keçmişdən qaçmaq olmur. Keçmiş elə keçmişdə qaldıqda yararlı olur. Dərs olur, örnək olur. Məsələn, keçmişdən çıxardığım ən böyük dərs depressiyaya düşüb dərslərimə yaxşı diqqət etməməyin nəticəsində xəyalımdan bir addım geri düşməyim oldu. Nəticəsi nə oldu? Daha çox çalışıb 10 addım irəli getdim. 

Mən heç vaxt vazkeçənlərdən olmadım, amma, bir gün "vaz keçsəm nə olar?" deyə çox düşündüm həmişə. Bugün isə bir qərar verdim. Mən hər şeyi yoluna qoyub o uzun yol səfərinə çıxacağam. O melodiyanı tapıb öz maşınımda dinləyərək, həm də. Bir melodiya insana nə qədər təsir edə bilər? Bax bu qədər...  Sağlıcaqla qalın. Bir gün televiziya kanallarında görüşmək diləyi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

Qəhrəmanlar arasında Diana Arbenina, Nikolay Baskov, Arthur Pirojkov, Zivert, Danya Miloxin də var idi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrika üçün seçdiyim xəbər bu dəfə musiqi barəsindədir. Möhtəşəm bir proektdən söz aşılacaq, o proektə şəxsən mən böyük maraqla vaxmışam.

2023-cü ilin mart ayında "Muz-TV" telekanalının yeni "Nəsillərin Savaşı" şousunu buraxacağı xəbəri portalımızda ötən ilin 1 fevralında paylaşılmışdı. Xəbər belə idi:

"Birinci dərəcəli Ulduzlar - freşmenlər və ustalar musiqi döyüşündə eyni səhnədə görüşəcək və canlı ifalar, hitlərin gücü, xarizma və yaradıcı ekspromte kimi qüvvələrlə üz-üzə qalacaqlar",- yayımçının mətbuat xidmətindən bildirib.

Qəhrəmanlar arasında Diana Arbenina, Nikolay Baskov, Arthur Pirojkov, Zivert, Danya Miloxin kimi ulduzlar olacaq.

Telekanalın baş direktoru Zaxar Babinin sözlərinə görə, "Biz ustaların aktual ola bilməyəcəyi, gənclərin isə heç vaxt usta səviyyəsinə çatmayacağı barədə stereotipləri pozmağa çalışacağıq".

Hər həftə müxtəlif nəsillərin iki nümayəndəsi hit, lirik track, yenilik və rəqib hit haqqında çıxış edəcək. Çıxışları gənc artistlərdən, blogerlərdən, şou-biznesin məşhur nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Aparıcıların adları hələlik açıqlanmır, lakin mətbuat xidmətindən qeyd edildiyi kimi, onlar da ümumi ideyanın təcəssümü olacaq: biri 90-cı illərin artistlərinin tarixini, miqyasını və uğurunu xatırladacaq, ikincisi isə müasir musiqidən yaxşı xəbərdardır.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

 

 

Thursday, 01 February 2024 11:30

Boyu qısa, özü böyük kişi...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki,- “Yevlaxda böyümüşəm, səmimi sözümdür, uşaqlıq illərindən populyar olmuşam. Dərnəklərə gedirdim, o qədər sevilirdim ki, hətta mənə məxsusi çıxışlar yazırdılar. Bütün dövlət tədbirlərinə mütləq dəvət edirdilər. Hətta tamaşaçılarımın çox olduğunu görüb, mənim üçün pullu tamaşalar təşkil etmək istədilər, sonra dedilər, “bu, uşaqdır, olmaz, istismar sayılar.” Sovet dönəmi idi. Orta məktəbi bitirəndə raykom qəbuluna çağırıb, mənimlə söhbət etdi, dedi, sən incəsənət sahəsinə getməlisən, göndəriş verdi, gəldim İncəsənət Universitetinə. Riyaziyyatı yaxşı bilirdim, əslində, riyaziyyatçı, ixtiraçı olmaq istəyirdim. Əvvəl qəbul eləmək istəmirdilər. Axı aktyor boylu-buxunlu, yaraşıqlı olmalıdı. Məndə isə boy yox idi. Kurs rəhbərim vardı, Möhsün Mürsəlov, rejissor idi. O, məni teatra gətirdi, amma işdən çıxan kimi məni də uzaqlaşdırdılar. Teatr sehrli dünyadır, bir dəfə qədəm basdınsa, daha ayrıla bilmirsən. Elə bil, narkoman kimi alışırsan ona, unutmaq olmur. Uzun müddət bu səbəblə iş tapmaqda çətinlik çəkmişəm. Hətta qəzetlərin birində məsul katib işlədim. Depressiyadaydım. Bir il sonra mərhum rejissor Hüseynağa Atakişiyev məni işə dəvət etdi və burada işə başladım. Mənim üçün xüsusi rollar yazılırdı. Rəhmətlik məktəb idi. Neçə-neçə sənətkarın yetişməsində rolu olub. Ruhu şad olsun!..”

 

Boyunun ölçüsü əvvəllər onu çox narahat edib. Tələbə vaxtı günlərlə otaqdan çölə çıxmırdı, düşünürdü ki, barmaqla göstərib güləcəklər, tay-tuşları nəsə xoşagəlməz söz deyəcəklər. Və bu hisləri yaşaya-yaşaya bacardıqca cəmiyyətdən uzaq dolanırdı. Sonra taleyi ilə barışıb, ailə qurdu, oğul-uşaq sahibi oldu. Oğlu orta məktəbdə oxuyanda bir gün görür ki, anası ilə nəsə danışır. Həm də məktəbdən üstü-başı cırılmış halda gəlib. Kiminləsə dalaşıb. Səbəb isə, hansısa uşağın ona atasının boyu ilə bağlı acı sözlər deməsi olub. Səhəri gün oğlunun əlindən tutaraq məktəbə yollanıb. Oğlunun dalaşdığı uşağın valideynlərini də çağırtdırıb. Sinifə girəndə bütün uşaqlar onu tanıyıb, sevgi ilə qarşılayıblar. Üzünü uşağın valideyninə tutaraq deyib,- “Gördünüzmü, sizin hörmətiniz böyükdür, ya mənim?..”

 

Elə vaxtlar da olub ki, küçədə valideyninin əlindən tutub gedən uşaq onu göstərərək “liliput” deyə çığırıb, valideyni də baxıb gülüb. Bu istehzalı gülüşə dözə bilməyib. Həmin valideynə yaxınlaşaraq deyib ki,- “Sonda kimin necə olacağını Allahdan başqa kimsə bilməz. Mən bu görünüşü özüm seçməmişəm. Allah məni belə yaradıb...”

 

“Mən bacımla əkiz doğulmuşam. Onun boyu 1 metr 90 sm olar. Görünür, mənim payımı o alıb. Əkizliyin gətirdiyi defektdir. Səkkiz yaşımda güclü sarılıq keçirmişəm. Həkim də səhv müalicə yazıb. Hətta bu səbəblə az qala həbs olunurmuş, valideynlərim bağışlayıblar. Ondan sonra boyumun inkişafı lap dayandı. Bir metr idi boyum. Dəfələrlə Moskvaya müalicəyə apardılar. Müalicələrdən sonra bir qədər boyum uzandı. Amma 145 santimetrdən o yana inkişaf getmədi. Əvvəllər çox narahat olsam da, artıq buna alışmışam.”- söyləyir.

 

Həyatı maraqlı hadisələrlə zəngindir. Orta məktəbdə oxuyarkən bir qıza aşiq olub. Qız da bu sevgiyə biganə deyilmiş. Tez-tez qızın yaşadığı Yevlaxın Ermənikənd deyilən qəsəbəsinə gedib, qızgilin evlərinin həndəvərində gəzib dolaşırmış. Bir gün axşamüstü ona bir nəfər yaxınlaşaraq soruşub ki, sən kimsən, bura toyuq, hindquşu oğurlamağa gəlmisən? O da, cavabında deyib ki, yox e, mən filankəsin oğluyam, burada adam gözləyirəm. Həmin adam ona inanmayıb, cibindən bıçaq çıxararaq böyrünə dirəyib. Vurmaq istəyəndə- yaxında bir tanış yaşayır, gedək onlara, mənim kim olduğumu sənə desin- söyləyib. O da, palçıqda onu sürüyə-sürüyə, darta-darta aparıb dediyi ünvana. Üst-başı it günündəimiş. Ev sahibi onu tanıyandan sonra, o adam, heç nə demədən çıxıb gedib...

 

Haqqında söhbət açdığım Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olub. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrının aktyorudur. Bu teatr 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlanır. Ona yaxın filmdə çəkilib, iyirmidən çox tamaşada əsas rolları ifa edib...

 

Arzuları çoxdur, bitib-tükənməz. Həm sənəti ilə bağlıdır və həm də şəxsi həyatı ilə...

 

Deyir ki,- “Hamıya hüzur, sevinc, ailə xoşbəxtliyi, oğul-uşaq toyu arzu edirəm, mən də onların içində...”

 

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyevin 62 yaşı tamam olur. Ona möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

Azərbaycan Dövlət Kukla Teatrı fevral repertuatını açıqlayıb. Teatr bu ay maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrın fevral repertuarını təqdim edirik:

 

2 fevral- “Ələddinin sehrli çırağı”, “Çipollino”

3 fevral- “Maşa və ayı”

4 fevral- “Üç donuz balası”, “Qoğal”

9 fevral- “Cırtdan”, “Üç cəsur”

10 fevral- “Qar kraliçası”, “Durna balığı”

11 fevral- “Düyməcik”

16 fevral- “Leyləyin hədiyyəsi”, “Pişiyin evi”

17 fevral- “Ağca və yeddi cırtdan”, “Maşa və ayı”

18 fevral- “Melissa”, “Qoğal”

23 fevral- “Əlibaba və qırx quldur”, “Düyməcik”

24 fevral- “Məlikməmməd”, “Üç cəsur”

25 fevral- “Yeddi nar çubuğu”, “Çipollino”.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Tudə təxəllüsünü

Xalq özü verdi mənə.

Mərd, fədai olmağı

Məsləhət gördü mənə. 

 

Ötən gün siyasi, ictimai xadim, mühacir Azərbaycan şairi, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından, ilk ana dili dərsliyinin müəlliflərindən biri, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış, əməkdar incəsənət xadimi, əmək veteranı Əli Tudənin doğum günü - 100 illiyi idi. 

 

Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçmüşdür. Atası neft mədənində fəhləlik etmiş və buruq ustası vəzifəsinə qədər yüksəlmişdir. Kiçik yaşlarında hər iki valideynini itirən Əli nənəsinin himayəsində böyüyüb. 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, həmçinin radioda səsləndirilib.

1938-ci il represiya dövründə 7-ci sinifdə oxuyarkən Cənubi Azərbaycan mənşəli olduğu üçün şair nənəsi ilə birlikdə İrana sürgün olunur və təhsili yarımçıq qalır. İranda ata yurdu olan Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Ərdəbildə fəhləlilik edir. Ağır həyat tərzi keçirir, lakin, bir gün belə olsun qələmini yerə qoymur, daim yazıb-yaradır. 

1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri də Əli Tudə olur.

1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır. 

Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. Təbrizin "Şairlər məclisi" ndə müdriklər tərəfindən Əliyə Tudə, yəni Xalq təxəllüsü verilir.

O zaman şairin hələ sadəcə 22 yaşı var idi və ilk şeirlər kitabı da çap mərhələsində idi.

Lakin, min bir əzabla qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrilir. Şairin kitabı mətbəədəcə yandırılır. Şah tutulduğu anda məhkəməsiz flansız qətlə yetirilməsi haqqında fərman verir. Şair yenidən şimali Azərbaycana üz tutur və ömrünün sonuna qədər siyasi mühacir pasportu və vətən həsrəti ilə yaşayır.

Sovet pasportu daşımır və bir çox yüksək titul və mükafatlardan məhrum olur.

Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Burada həmçinin şairə ali təhsil almaq imkanı yaranır və o Bakı Dövlət Universitetinin filologiya fakuktəsini fərqlənmə diplomu ilə bitirir. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilir.

Əməkdə fərqləndiyinə görə medalı ilə mükafatlandırılır, Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunur.

O, həmçinin "əmək veteranı", "əməkdar incəsənət xadimi" adlarına da layiq görülmüşdür.

Şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Onun əsərləri özbək, qırğız, hind, ukrayna, rus, inglis və s dillərə tərcümə olunmuşdur. 

O, 1996-cı ildə fevralın 26-da Bakıda vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur.

Ruhu şad olsun.

Və dünən Azərbaycan Yazıçılar Birliyi şairi andı, birliyin Cənubi Azərbaycan bölməsi şairin məzarının ziyarətini təşkil etdi, Milli Məclisin Mədəniyyət Komitəsi Əli Tudə barədə paylaşım etdi. Bunlar çox gözəldir. Demək, şair unudulmur!

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevral repertuarını açıqlayıb. Teatr fevralda maraqlı səhnə əsərləri ilə çıxış edəcək. 

Teatrın fevral repertuarını təqdim edirik:

 

2 fevral- “Balaca kişilər”

3 fevral- “Buratinonun macəraları”, “Yarımçıq qalmış”

4 fevral- “Çirkin ördək balası”, “Mehmanxana sahibəsi”

9 fevral- “Dəlinin qeydləri”

10 fevral- “Qızıl balıq”, “Dəli yığıncağı”

11 fevral- “Qulliver cırtdanlar ölkəsində”, “Şeyx Sənan”

16 fevral- “İstədiyim kimi yaşamışam”

17 fevral- “Qoğalın sərgüzəştləri”, “Leyli və Məcnun”

18 fevral- “Tıq-tıq xanım”, “Antiqona”

24 fevral- “Kod adı V.X.A”

25 fevral- “Şən Elf və Cadugər”.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

Thursday, 01 February 2024 10:30

“Kölgələr” - KİÇİK HEKAYƏ

Fuad Hacızadə, “Ədəbiyyat və incəsənət” üçün

 

Qaranlıqda iki kölgə yol gedirdi. Biri o birindən bir az enli, bir az hündür. Bəstəboy kölgə elə bil o hündür kölgədən tutub irəliləyirdi. Bir az da külək qovurdu kölgələri, üzü səkiyə sarı. Heç kim görünmürdü ətrafda. Sanki küləkdən qorxub çəkilmişdi hər kəs öz yuvasına. Döngələri keçdikcə uğultu bir az da güclənirdi. Arada bəstəboy  kölgə müvazinətini  itirir və səndirləyirdi. İri kölgə tez əl atıb yanındakı kölgənin  qolundan yapışırdı. Balaca kölgə yanındakı kölgəyə qısılırdı. Hərdən başındakı papağı da başına möhkəmcə basırdı ki, külək alıb qaçmasın. Beləcə qaranlığı yara-yara, tin-tin, döngə-döngə irəliləyirdi bu iki kölgə.  Küçələrin qırağındakı projektorların işığı üzlərinə düşürdü aradabir. Gülümsəyirdi kölgə adamlar bu vaxtı. 

İşığa gülümsəyirdilər göy üzünə baxıb. Binaların pəncərəsindən nöqtələr boylanırdı küçələrə. Ağ, qara nöqtələr. Pərdələr əl yelləyirdi kölgələrə. Beləcə yol gedirdi iki kölgə qaranlığın içində. Bu küçədən o küçəyə keçirirdi külək onları. Gecə qaçırdı başlarının üstündə. Töyşüyürdü kölgələr. Üşüyürdü kölgələr. Hərdən ucaboy kölgə əllərini bəstəboy kölgənin çiyninə qoyurdu. Qaməti dikəlirdi balaca kölgənin. Uzanırdı kölgə, böyüyürdü kölgə. 

Sonra gün çıxdı, səhər açıldı. Kölgələr bir-birindən tutmadı daha. Çoxaldı kölgələr, artdı kölgələr. 

Aralarına çəlik girdi bir gün. Yollara çəliyin kölgəsi də düşdü. Bir çəliyə söykənə-söykənə yeridi yavaş-yavaş ucaboy kölgə. Əyilə-əyilə küçə-küçə, yol-yol kiçilə-kiçilə yeridi. Və bir gün... 

Bir gün daha görünmədi yollarda çəlik kölgə. Yollar uddu kölgəni deyəsən. Bəstəboy kölgənin yanında daha xırda-xırda kölgələr yeridi üzü sabaha. Kölgələr çoxaldıqca boyları uzandı yolçuların. Hamısı da çəliyin kölgəsindən tuta-tuta uzandı.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

İnvestisiyalar biznes-plana deyil, konkret insanlar üçün ayrılır. Buna görə bu, ən vacib bölmələrdən biridir.

 

Bölmə rəhbər qrupun necə təşkil olunduğunu və onun hər bir üzvünün  əsas rolunu təsvir etməlidir. Böyük olmayan bir firmanın inkişafının ilkin mərhələsində kifayət dərəcədə  balanslaşdırılmış komanda toplayacağı az ehtimal olunandır. Bu səbəbdən də sizin rəhbər qrupun həm güclü, həm də zəif tərəflərinə diqqət etmək düzgün olardı.

 

Bu bölmədə sizin partnyorlar, onların imkan ve təcrübəsi haqqında da məlumat olmalıdır.

 

Partnyorların nailiyyətlərinin siyahısını tərtib edin, bu, onların biznes-planda nəzərdə tutulmuş məqsədləri əldə etmək qabiliyyəti haqqında qənaətə gəlməyə imkan verər.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(01.02.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Hakim Bəşirov həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

HAKİM NİZAM OĞLU BƏŞİROV

(02.0.1989.-20.10.2020.)

İmişli rayonunun Əlyetməzli kəndindən olan, SOCAR-ın ”Kompleksqazmaişləri” trestinin əməkdaşı Nizam Bəşirovun oğlu,  Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

LEYTENANT   HAKİM

 

Arzuları ürəyində nə qədər,

Xəyalları çiçək kimi təzə-tər,

Mələk xeyir, şeytan elə şərdi, şər,

Şeytanı məh vedən,  bilək, kimdir, kim?

-Qorxmaz, mərd, qəhrəman leytenant Hakim.

 

Uşaqlıqdan dürüst, çalışqan idi,

Zəhmətə, əməyə alışan idi,

Vaxtilə, zamanla yarışan idi,

Deyirdi, çiynimdə var ağır yüküm,

Qorxmaz, mərd, qəhrəman leytenant  Hakim.

 

Ailədə var idi  nizam-intizam,

Atasın tanıyaq, neftçidir Nizam,

“Qarabağ qayıdar” – qəlblərdə inam,

Burada əbədi olmuşuq sakin,

Qorxmaz, mərd, qəhrəman leytenant Hakim.

 

Xeyirxahlıq onun xisləti idi,

“Vətən azad olsun”, niyyəti idi,

Tutduğu halal yol sərvəti idi,

Düşmənə qəlbində vardı nifrət,  kin,

Qorxmaz, mərd, qəhrəman leytenant Hakim.

 

Vaxt gəldi, düşmənə cavabın vaxtı,

Yağı qovulmalı, savabın vaxtı,

İldırım oynadı, şimşəklər çaxdı,

Odlu silahlarla verilir höküm,

Qorxmaz, mərd, qəhrəman leytenant Hakim.      

 

Hakim də döyüşdə bir şirə döndü,

Bax, budur, düşmənin ocağı söndü,

Yurdu övladına baxıb öyündü,

Düşündü, başına bəlkə, əl çəkim?

Qorxmaz, mərd, qəhrəman leytenant Hakim.

 

El-oba ayırır, yaxşı-yamanı

Qubadlı uğrunda döyüş zamanı,

Cənnətə qovuşan o qəhrəmanı,

Tanıdıq, qırıldı qəlbimdə bir sim,

Qorxmaz, mərd, qəhrəman leytenant Hakim.

 

Ucaldı zirvəyə rəşadətiylə,

Sevildi Vətənə sədaqətiylə,

İki övladıyla, əmanətiylə

Yaşayır əbədi, -yazdı qələmim,

Qorxmaz, mərd, qəhrəman leytenant Hakim.

 

 “Ədəbiyyat və incəsənət”

(01.02.2024)

   

 

Thursday, 01 February 2024 10:00

Zəngin yurdun nağılı – Zahirə Cabir

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.

 

Biri vardı, biri yoxdu, gözəl bir yurd  vardı. Dağlar qoynunda yerləşən bu diyarın insanları xoşbəxt, firavanlıq içində yaşayırdılar. Buranın əsrarəngiz təbiəti ürəkləri oxşayırdı. Yamyaşıl sıx meşələri, ormanları, şip-şirin meyvəli bağları, səfalı bulaqları, çayları bu insanları daha da mehriban, istəkli etmişdi. Kəndin bağları, əkinləri başdan-başa düzən, hamar, həm də оlduqca münbit tоrpaqlarda idi.  Bu diyarda yaşayan insanlar hamılıqla işləmək lazım gələndə işləyir, dincəlmək lazımdırsa dincəlirdilər. Heç birinin evinin ağzında qıfılı olmazdı. Varlı kasıb söhbəti bu diyara aid deyildi. İnsanlar çayın suyu ilə əkin sahələrini, bağlarını sulayır, bol məhsul ilə firavan yaşayırdılar. Amma bir gün yurda gələn çay qurudu. Xəbər yayıldı ki, çayın üstünü bir əjdaha kəsdirib. Camaat bir-birinə dəydi. Meşələrə gedib gəlmək qorxulu oldu.

Kənddə Yusif adlı ağıllı bir oğlan vardı. O qərara gəldi ki, əjdahanı öldürsün və camaatı bu bəladan qurtarsın.  Odur ki, kənddə yaşayan nurani bir qocanın yanına məsləhətə getdi. Qoca dedi ki, əjdahanı öldürmək çox çətin olacaq. Çünki əjdahanın başında üç zınqırovu var, ona yaxınlaşmaq istəyəndə zınqırovlar tərpənir və əjdahanı xəbərdar edir. Həm də ki, zınqırovlar çalınanda elə bədheybət səslər çıxarır ki, insan o səsdən dəli ola bilər. Gün doğandan sonra isə zırqırovlar tamam başqa səs salır, bu səsə mal qara sehrlənmiş, ram olunmuş kimi gedir və əjdaha hər gün bu mal qaradan on dənə inək, öküz yeyib yatır. Əyər sən gün doğmadan zınqırovlar çalınmadan onları qırıb atsan, əjdahaya bəlkə qalib gələ bilərsən.

 Bəli, Yusif yolçu yolda gərək deyib, atın yəhərlədi və üz tutdu meşəyə. Dərələrdən yel kimi, badeyi sərsər kimi, axır ki, gəlib çatdı meşəyə. Hə, indi çayı keçib o üzgəki tərəfdə kəndə gələn çay yolunun üstündəki əjdahaya tərəf getməliydi. Amma gur axan çayı necə keçə bilərdi, fikir onu götürdü. Bu vaxt meşədə iki divbeçənin mübahisə etdiklərini gördü. Yaxınlaşıb soruşdu. Dedilər ki, bizə üç şey miras qalıb: xəncər, kilim və papaq. Amma aramızda nə qədər edirik, bölə bilmirik. Yusif dedi: Axı, bunlar nədir ki, ondan ötrü mübahisə edirsiz. Divbeçələrdən biri dedi ki, bunlar adi şeylər deyil, sehrlidir. Papağı başına qoysan görünməz olarsan, kilimin üstündə istədiyin yerə uçub gedərsən, xəncərlə bir zərbəylə hətta yeddi başlı əjdahanı öldürərsən. Yusif özünü axmaqlığa qoyub dedi, mən buna inanmıram. Divbeçə dilləndi: İnanmırsansa, götür özün bax. Yusif xəncəri əlinə götürüb o tərəf bu tərəfinə baxdı. Kilimin üstündə oturdu, papağı başına qoydu, gözəgörünməz oldu, tez kilimə əmr etdi. Kilim onu çayın o üzünə apardı. Divbeçələr nə qədər qışqırdılarsa, bir xeyri olmadı.

Bəli, Yusif artıq gün doğmamış əjdahanın yanında idi. Bir azdan gün doğacaqdı. Odur ki, fürsəti fövtə vermək olmazdı. Kilimin üstündə uçub əjdahanın düz başı üzərində dayandı Xəncəri ilə bir zərbə ilə üç zınqırovu qırdı. Zınqırovlar cingilti ilə yerə tökülməmiş, xəncəri əjdahanın düz ürəyinə sapladı. Əjdahanın ağzından od püskürdü, getdikcə qüvvədən düşüb od içində yandı.

Yusif  sevincək, kilimin üstdə, xəncər əlində, başında papaq öz yurduna gəldi.

Çay öz axarı ilə kəndə yenidən sevinc gətirdi. Kənd camaatı yığışıb Yusifin şərəfinə qonaqlıq verdilər. Yedilər, içdilər, şənləndilər. Siz də yeyin, için, həmişə şənlənin. Yurdunuzu sevin. Göydən isə üç alma düşmədi. Çünki, alma hələ yetişməmişdi. Yetişəndə gələrsiz, birlikdə yeyərik. Siz sağ, mən salamat. Təki yurdumuz salamat, bol ruzulu və zəngin olsun.

Danışdığım nağıldakı yurdun adamları bolluq içində yaşadılar. Tanrı bu yurda  o qədər ruzu, bərəkət verdi ki, insanlar buranı Zəngin yurd – Zəngilan adlandırdılar. Yusifin iti xəncəri neçə- neçə yurduna sahib çıxmaq istəyənlərin canını aldı. Zəngin yurd zənginlik içində yaşadı. Beləcə zəngin bir yurdun nağılı başa çatdı. İndi də belə zəngin yurdun yurdsevər qəhrəmanları var. Onlar yurdun insanlarının xoşbəxtliyi, firavanlığı üçün hər zaman əjdahalar, divlərlə döyüşə hazırdırlar.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.