![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Bizim STANİSLAV(ski)
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- "2008-ci ildə kulinariya haqqında bir neçə kitab ərsəyə gətirməliydim. Düşündüm ki, Azərbaycana gedim və Azərbaycan mətbəxi ilə bağlı bildiklərimi yeniləyim. Axı mən Özbəkistanda yaşayır və daha çox özbək yeməkləri hazırlayırdım. Düzdü, qohumlarımız vardı, onlardan öyrənirdim, arada Azərbaycana qonaq gedirdik. Lazım olan hər şeyi götürüb, TV çəkiliş qrupu ilə birgə Azərbaycana yollandıq. Azərbaycanı qarış-qarış gəzdik. Hər şəhərdə 2-3 gün qaldıq, həmin bölgəyə xas yeməklərin hazırlanmasını çəkirdik. Azərbaycanın unikallığı ondadır ki, hər bölgədə fərqli nəsə hazırlanır, amma bu, yenə də Azərbaycana aiddir. Əhalisi də maraqlıdır, aksentləri də. Mən utanıram ki, Azərbaycan dilində elə də yaxşı danışa bilmirəm. Özbək dilində yaxşı danışıram, ingilis dilində ondan da yaxşı. Rus dili doğma dilimdir. Amma bu o demək deyil ki, mən Azərbaycanlı deyiləm?! Axı qan su deyil, onu dəyişə bilməzsən...”
Bu dəfə sizə mətbəx mədəniyyətindən bəhs edən bir neçə kitabın müəllifi Stanislav(Stalik) Xankişiyevdən söhbət açmaq istəyirəm. Rusiyada fəliyyət göstərdiyi üçün daha çox orada məşhurdur. İştirak etdiyi televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. "Bazar, qazan və dəstərxan" kitabı iyirmi beş ildə mətbəxə həsr olunan kitablar arasında "Ən yaxşı kitab" nominasiyasına layiq görülüb. "Böyük İpək Yolu" mükafatını qazanıb...
“Etiraf etmək lazımdır ki, başqa xalqların mətbəxini tanıdıqca, öz mətbəxini daha yaxşı tanıyırsan. Başqa xalqların mətbəxə bağlılğını araşdırdıqca, onun tarixini, inteqrasiyasını başa düşürsən. Məsələn, bir çox xüsusiyyətlər var ki, şərqdə formalaşıb, amma Fransada öz təsdiqini tapıb. Qatlama şirniyyatının oxşarı Fransada kruassan adlanır. Azərbaycan həmişə digər ölkələr üçün açıq ölkə olub, qədimdən bəri. Bu mübadilənin nəticəsində, Azərbaycan mətbəxi daha da zənginləşib. Xalqımızın qonaqpərvərliyi, süfrələrimizin açıqlığı boş sözlər deyil. Bizim xalqımız bölüşməyi sevən xalqdır."- söyləyir.
Onun "Qazan, kulinariya dərsliyi" kitabı 2015-ci ildə "Qurman" kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. "Plov, kulinar tədqiq" kitabı isə 2016-cı ildə həmin müsabiqənin "Milli mətbəx haqqında ən yaxşı" nominasiyasında qalib gəlib…
Stalik 1962-ci ildə Özbəkistanın Fərqanə şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə alman millətindəndir. Çox alicənab, milli kimliyinə önəm verən adamdır, azərbaycanlı olduğundan qürur duyduğunu heç vaxt, heç yerdə gizlətmir…
Deyir ki,- "Bir azərbaycanlı olaraq milli mətbəximizin beynəlxalq aləmdə qəbul olunması, başqaları tərəfindən mənimsənilməməsi üçün əlimdən gələni edirəm, edəcəyəm də..."
Başqa ölkədə doğulub böyüsə də, ürəyi bizimlə döyünən Stalikin fevralın 2-də doğum günüdür, 62 yaşı tamam olur. Teatr sahəsində Stanislavski necə ad çıxarıbsa, elə bizim Stanislav da kulinariya sənətinin Stanislavskisidir!
Onu doğum günü münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub
Sumqayıtın mədəni həyatında əhəmiyyətli yer tutan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub. Postuna ayaq basandan bəri tetar və kino sahəsinin inkişafı üçün əhəmiyyətli addımlar atan mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bundan sonra teatrın direktoru vəzifəsini Samir Şəfiyev icra edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Samir Şəfiyev şəhərin mədəni həyatına töhfələr vermiş bir mədəniyyət xadimidir. Onun tərcümeyi-halına baxdıqda bu xətt aydın görünür.
Samir Nizaməddin oğlu Şəfiyev 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində anadan olub. O, 2003-cü ildə Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir çox görkəmli sənətkarlardan, habelə mərhum teatr rejissoru, Azərbaycanın Xalq artisti Azərpaşa Nemətovdan dərs alıb.
S.Şəfiyev 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışmaqla, bir neçə tamaşanın rejissoru və quruluşçu rejissoru kimi fəaliyyət göstərib.
2009-cu ildə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Sumqayıt şəhər 4 saylı kluba müdir vəzifəsinə təyin olunub. 2012-ci ildən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Evinin, 2015-ci ildən bu günədək isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Sumqayıt şəhərində təşkil olunan bir sıra mədəni-kütləvi tədbirlərin ssenari müəllifi və rejissoru kimi fəaliyyət göstərib.
Bir neçə il Rusiyada və Türkiyədə keçirilən beynəlxalq festivallarda iştirak edib və müxtəlif diplomlara layiq görülüb. Çalışdığı illər ərzində səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub.
Xatırladaq ki, S.Şəfiyev mərhum kinoaktyor, Əməkdar artist Səyavuş Şəfiyevin və Əməkdar mədəniyyət işçisi, mərhum Gülçöhrə Şəfiyevanın nəslindəndir.
Ailəlidir, iki övladı var.
Portalımız adından Samir Şəfiyevə böyük yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.
Azərbaycan gənclərinə təbriklərini çatdıran Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: “Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün təşəbbüslərində uğurlar diləyirəm!”.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
YAP Mərkəzi Aparatında “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının nümayəndələri ilə görüş keçirilib
Fevralın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yaradılmış “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının nümayəndələrini qəbul edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına koalisiyadan məlumat verilib.
Koalisiyanın həmtəsisçiləri – “D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı, həmçinin ekspertlər – sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi fevralın 7-də keçiriləcək prezident seçkilərinə ölkəmizdə və beynəlxalq müstəvidə böyük maraq olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, koalisiya prezident seçkiləri kampaniyasının gedişini paytaxtla yanaşı, bölgələrdə də yaxından izləyir. Sonra koalisiya tərəfindən indiyədək görülmüş işlər və yekun hesabat tərtib olunana qədər nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərinin Azərbaycan xalqı və dövləti üçün çox mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Seçki kampaniyasının uğurla davam etdiyini söyləyən Tahir Budaqov vurğulayıb ki, ölkəmizdə seçkilərin azad, şəffaf və demokratik qaydada keçirilməsi üçün bütün şərait mövcuddur.
Daha sonra koalisiya nümayəndələrininin sualları cavablandırılıb.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Robin Qudun gülməcəsi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Müəllim:
-Robin Qud kasıblara havayı nə paylayıb?
Şagird ehtiyatla:
-Vayfay?
2.
İsrail. Avtobus gedir. Birdən polis avtobusu saxlayıb bütün sərnişinlərə buz kimi qarpız paylayır.
Sərnişinlərdən biri deyir:
-Bu da sənə İsrail. Polis adamlara pulsuz qarpız paylayır.
Digəri isə onun qulağına pıçıldayır:
-Sən bir-iki tindən sonra astronomik qiymətə olan ayaqyoluna atılanda biləcəksən, əsl İsrail nədir.
3.
-Sənin ərin nədir?
-Buğa.
-Bəs qoroskopa görə?
4.
Tez-tez özündə çıxma. Elə olar, geri qayıtmağa qoymazlar.
5.
Allah dünyanı yaratdı. Qalan hər şeyi çinlilər yaratdılar.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Şüyüdlü paxla küküsü
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Şüyüdlü göy paxla küküsünün hazırlanması qaydasını şərh edəcəyik.
ƏRZAQLAR:
§ Şüyüd – 100 qr
§ Paxla – 35 qr
§ Kərə yağı – 30 qr
§ Yumurta – 40 qr
§ Qatıq – 15 qr
§ Un – 5 qr
§ Mərzə (təzə və ya quru) – 8 qr
§ Sarıkök – 2 qr
§ Zəncəfil – 2 qr
§ Darçın – 1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ sarımsaq – 2 qr, qatıq – 50 qr
HAZIRLANMASI:
Göyərti təmizlənir, yuyulur, xırda doğranır. Göy iri paxla qabığından təmizlənir, dənələnir, yarı bişmış vəziyyətə gətirilir. Bunlar dərin qabda qarışdırılır. Üzərinə yumurta, qatıq, un, duz, istiot, ədvalar əlavə olunur və yenidən qarışdırılır. Tavada yağ əridi- lir, hazırlanmış qarışıq əlavə olunur. 200°C-də 25-30 dəqiqə bişirilir. Əgər kürədə, təndirdə bişirilərsə, 20-25 dəqiqə ərzində bişir. Hazır olduqda doğranır, süfrəyə verilir. Yanında qatıq və ya sarımsaqlı qatıq verilir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Unudulmaz sevgi şeirləri: Əli Kərim, “İki sevgi”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Əli Kərim. Ötən əsrin sosializm realizmi çərçivəsinə sığmayan, sərbəst şeirin yeni sərhədlərini müəyyənləşdirən bir şair. Azərbaycan poeziyası tarixinə bir şeiri ilə düşüb - “Qayıt” şeiri ilə. Bu sevgi şeiri lap əfsanəyə dönüb. Xüsusən Flora Kərimovanın ifa etdiyi mahnıya çevrildikdən sonra. Amma şairin unudulmaz sevgi şeirləri bir neçədir. O cümlədən də “İki sevgi”
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, - Kabab üstdən sərin su pis olmaz - deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
Bu gün “Amerikalı kürəkən” səhnədə görünəcək
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan "Amerikalı kürəkən” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.
İki hissədən ibarət olan səhnə əsərinin quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Biletləri şəhərin kassalarından və “İticket.az” saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Mənə yüz il ömür arzulamayın”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. “Mənə yüz il ömür arzulamayın” - şairin ən populyar şeirlərindən biridir. Mənə yüz il ömür arzulamayın - Xəzan yarpağıtək qovmasın külək, Gözlərim görsə də, ayağım - əlim Əsalı olanda dayansın ürək. Mən yüz il ömür arzulamayın – Bu qədər yaşayan hansı çiçəkdir?! Mən yaşda qalmırsa taytuşum-tayım, Qurdnan qiyamətə qalmaq deməkdir. Mən yüz il ömür arzulamayın Yerişim, gülüşüm, səsim itməsin, Məndən cavan olan, gümrah olanlar Çiynimdə dünyadan köçüb getməsin. Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim, Qapı - pəncərəni öz evimdəki Özüm aça bilim, bağlaya bilim. Tanrıdan bir ömür diləyin mənə, Taleyim sevgiylə baxsın üzümə, Görsün yad payına şərik deyiləm Gərək olmayanda özüm-özümə, Deməli heç kəsə gərək deyiləm! Sağlıqlar deyəndə hərdən şənimə, Nə özüm kövrəlim, nə sizə gülüm, Tanrıdan bir ömür diləyin mənə, Hər vaxt sevə bilim, sevilə bilim. Mənə yüz il ömür arzulamayın - Ləyaqət, təmiz ad atıb getməsin Dünyaya qalacaq malı dünyanın - Karvanın lənətə batıb getməsin Mənə yüz il ömür arzulamayın...
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)
POETİK QİRAƏTdə Arzu Hüseynin “Ona deyin” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə Arzu Hüseynin “Ona deyin” şeirini təqdim edirik.
“Ona deyin yiyəsizəm mən onsuz” - sizcə ayrılığın gətirdiyi əzabı bundan gözəl ifadə etmək olarmı?
Qara çətir, yalın ayaq gecələr,
Ala gözlü o sevdaya xəbər ver.
De ki, onsuz yiyəsizdir küçələr,
De ki, onsuz sevinclərim qəhərdir.
Bakı yolu bağırışan maşınlar,
O bilir ki, xoşlamıram səs küyü.
Az deyil e, özüm boyda yaşım var,
Yaraşarmı yollarına göz döyüm?...
Qaya dedi, ürəyimə daş dedi,
Heykəl oldum, buza döndüm anında.
Toxunmazdın nəfəsimə kaş dedi,
Bir də baxdım üşüyürmüş yanımda.
Qucaqladım, uşaq kimi ağladı,
Kiprikləri titrədikcə əridim.
İkimizdən bütöv dünya olmadı,
Tez anladım, tez yoruldum, kiridim.
Özüm mətin, məhəbbətim qürürsuz,
Səbrim hər gün biraz daha incələr.
Səpələyib saçlarına ay-ulduz,
Qara çətir, yalın ayaq gecələr.
Ona deyin yiyəsizəm mən onsuz,
Ona deyin yiyəsizdi küçələr...
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)