Super User

Super User

Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc yazar Tural Cəfərlinin şeirlərini diqqətinizə çatdırmaqdadır. Bu gün sizlrə növbəti 2 şeir təqdim ediləcək.

 

Hamını aldatmaq olar, özünü əsla...

 

Təzyiqim yenə qalxıb,

Əhvalım düşüb amma.

Dəqiq xatırlamıram,

Kimi saldım yadıma.

 

Yudum xatirə qabın,

Həsrət bıçağı qaldı.

Süzüb yaşıl çay içdim,

Kofe xəyala daldı.

 

Baxdım saat işləmir,

Divardan asıb özün.

Bir yandan yağış yağır,

Kəsib küləyin sözün.

 

Kefimə duz atmışam,

Axşam qonaq gələcək.

Gündüz yatmış olsa da,

Gecə oyaq gələcək.

 

Qəzetdən oxudum ki,

Adamlar daş olacaq.

Dənizlər buludların-

Gözündə yaş olacaq.

 

 

Saxlamaq olmur, getmək istəyəni...

 

Sənin Həvvadan fərqin nədir ki?

Yedin ömrümün almasını beləcə.

Cənnət bildim sənlə fani dünyanı,

İstədim bu bəxtin qalmasını beləcə.

 

Duamı buludlar saxladı göydə,

Yağışla endirdi təzədən yerə.

Adını zikr etdim uzun gecədə,

Düşündüm köməyim olacaq vərə.

 

Doğulan andaca danışan İsa,

Susdu ömür boyu çarmıxa kimi.

Mənim də qollarım bağlanıb sənə,

Mən sənə batmışam topuğa kimi.

 

Mən zahid deyiləm, etinama bax,

Musanın çomağı nə gəzir məndə?!

Olsa bir qələmdi cibimdə qalan,

O da İlahidən nəzirdi məndə.

 

Buyur, hüzürunda dayanmışam mən,

İstəsən “gedənlər” pürdü qəlbimdə.

Görmədi şadlığın hökmünü ruhum,

Əzablar ömrünü sürdü qəlbimdə.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

 

 

 

 

 

 

Qardaş Özbəkistanda Azərbaycan mədəniyyətini təbliğ edən bir ünvan var: Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Mərkəz özbək mətbuatı, televiziya və radio kanalları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb və hazırda milli mədəniyyətimizin, musiqimizin təbliği ilə bağlı birgə layihələr reallaşdırılır. 

Dalabadal ən müxtəlif layihələr gerçəkləşdirən bu mərkəzin növbəti addımı musiqimizin təbliği ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət” portalı mərkəzə istinadən xəbər verir ki, bu missiya ilə əlaqədar, media şirkətləri ilə əldə olunan razılıq əsasında Özbəkistanın yerli radio kanallarında müxtəlif verilişlər çərçivəsində Azərbaycan incəsənət ustalarının ifalarının yayımlanması həyata keçiriləcək.

Beləliklə, Mədəniyyət Mərkəzinin təqdimatında Özbəkistanın 102.0 FM tezliyində yayımlanan populyar “Avtoradio” radio kanalı müasir Azərbaycan estrada nümayəndələrinin ifalarının yayımına başlayıb.

İlkin olaraq müasir Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Röya Ayxan, Brilliant Dadaşova, Aygün Kazımova, Eyyub Yaqubov, Faiq Ağayev, Əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Ədalət Şükürov, İlkin Əhmədov, müğənnilər Çinarə Məlikzadə və Almaxanım Əhmədlinin ifa etdikləri musiqi əsərləri seçilərək “Avtoradio” kanalına təqdim edilib.

Musiqi nömrələri özbək tərəfinin qaydaları əsasında seçilib və gələcəkdə növbəti mərhələlərdə digər Azərbaycan incəsənət ustalarının ifaları da radio kanallarına təqdim olunacaq.

“Avtoradio” kanalında “Azərbaycan musiqisini kəşf et” adlı radioveriliş çərçivəsində müasir Azərbaycan estradası nümayəndələrinin ifaları Novruz bayramına qədər efirdə səsləndiriləcək. “Azərbaycan musiqisini kəşf et” adlı I mərhələ başa çatdıqdan sonra gələcəkdə bu ənənə həm “Avtoradio” kanalı, həm də Özbəkistanın digər populyar radio kanalları ilə daimi olaraq davam etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

Tuesday, 06 February 2024 15:00

Moruq qoxan dodaqların vəsfi

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Ötən günlərdə mədəniyyət sferasında çalışan insanlardan birinin də ad günü idi. Həyatda görüşməsək də, onu "sehirli güzgüdən" tanıyıram. Yəqin ki, "Qərib Axşamlar" verilişini unutmamısınız. Yadınızdadırsa, bu verilişi AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Yusif Günaydın (Yusif Cavad oğlu Bağırlı) aparırdı...

 

Ad günü münasibəti ilə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq. Haqqında geniş məlumatımız olmadığı üçün, axtarıb əldə etdiyimiz bir şeirini sizə təqdim edirik. Necə deyərlər, şairi bir misrasından da tanımaq olur.

Çox yaşayın, Yusif bəy!

 

Dodaqların moruq qoxur,

Tamarzıyam bu qoxuya.

Uzaq yollar yorğunuyam

Qoynunda gedim yuxuya...

 

Moruq ətrinə oyanıb,

İsa Məsih diriləndə

Bu qoxudur bizi üzən,

Odu bizi dirildən də!

 

Bu həyatın nəfəsidir,

Ülvi bir adın qoxusu.

Kişi qanını qaynadır

Odlu bir qadın qoxusu.

 

Ömür mum kimi əriyir,

Günlər, aylar dığırlanır.

Topuqlarıma dolaşır

Payızın boz cığırları.

 

 Tanrım mənə rəhm eləsin,

Azca möhlət versin barı,

Axı yenə moruq qoxur

O gözəlin dodaqları...

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Tuesday, 06 February 2024 14:00

Lüksemburqda velosiped turu

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1

Nümunəvilik və düzgünlük çox bahalı hədiyyələrdir. Və onları ucuz insanlardan gözləməyə dəyməz! 

2

-Mən ilk dəfə öz azadlığımı 6 yaşımda itirmişəm.

-Bu necə ola bilər axı?

-Bir banka mürəbbəni yemişdim, atam məni 2 saatlıq küncə qoymuşdu. 

3.

Ata uşağının riyaziyyat dəftərinə baxıb soruşur:

-Sən bu qarmaqları niyə əyri-üyrü çəkmisən?

Uşaq deyir:

-Bunlar qarmaq deyil ata, inteqraldır. 

4.

Tur Lüksemburq velosport turnirində təşkilatçılar velosiped sürənlərə xəbərdarlıq edirlər ki, döngələrə ehtiyatlı girsinlər, əks təqdirdə Almaniyaya, yaxud Belçikaya düşə bilərlər. 

5.

Ruslar arağı ona görə stəkandan içirlər ki, vedrədən içmək narahatdır, çoxu töküləcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)

Poetik Qiraətdə bu gün sizlərə Naxçıvanda yaşayıb yaradan gənc şairə Gülay Tahirlini   təqdim ediləcək. Əbədi mövzu - ana! 

 

Anam köksündən bibər acısı ilə ayırmışdı məni,

Yuvam yıxılmışdı bir anda.

Özü də yerə-yurda yox, ürəyimə…

Yaşamağı öyrəndiyim,

Güvənməyi öyrəndiyim yuvam yıxılmışdı.

Mənim körpə duam yıxılmışdı,

Ağzımdan çıxdı ki, göylərə çatsın?!

Ağzımı açdığım anda yanıb-yaxılmışdı.

 

Sonra nə illah elədim,

Yada sala bilmədim ana südünün şirinliyini,

Neyləsəm də, getmir,

Damağımda elə o kökü kəsilmiş bibərin acısı.

 

Ayrılmağı ilk dəfə anam öyrətmişdi mənə,

Anam öyrətmişdi bütün başlanğıcların şirin,

Bütün ayrılıqların acı olduğunu.

 

Yandıran nə varsa, pərvanəsiyik, divanəsiyik…

 

Anam öyrətmişdi müqəddəsləşdirməyi də!

Acını…

Ayrılığı…

Sevgini…

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

 

YAŞAMINI YAŞADIQLARINLA DEYİL, GÖZLƏNTİLƏRİNLƏ ŞƏKİLLƏNDİR. 

                                       Bernard Şou

Bilirsənmi, özünə inanmağın ən yaxşı yolu, uğursuzluğa imkan verməyəcək qədər gözəl çalışmaqdır. Bilirəm, zaman-zaman yaşadıqların yaşamına kilid olub, səni həyat yolunda düzgün irəlləməkdən geri qoydu. Yoruldun, usandın, niyələrlə gününü gün etdin. Amma bir düşünsənə, kimə bu həyat qızıl məcməidə gəlmişdi ki, sənə də gəlsin? Vardır əlbət, hər kəsin özünə yetəcək qədər dərdi, ağrısı, acısı. İnanmaq deyə bir kəlmə var və bu, ilk öncə özündə başlasa gözəl olar, əziz dost. Güvənə biləcəyin, dəstəyin olmağını istədiyin tək insan yenə sən özünsən. İnan ki, gözləntilərin səni  "yaxşı ki" yerinə, "kaş ki" dedizdirməsin. Çalış, heç bir zaman yetərincə yaxşı olmadığını  düşünmə. Çünki insanlar sənə, sənin özünə dəyər verdiyin qədər dəyər verərlər. Səhvlərinlə, yalnışlarınla sev həyatını. Özünə olan inamını bir an belə unutsan, bir zamandan sonra duyduğuna inanacaqsan təəsssüf ki.

Bu həyat bizlərə ritmini tutub da, mənasını  bilmədiyimiz musiqi kimidir. Sevərik, amma niyəsi heç kimə məlum olmaz. Bəlkə bu günə qədər çox insan, hətta yaxınım dediyin dostların belə səni yalnışlarına görə günahlandırıb, sən də özün olmaqdan daha çox, bəzək olmağı seçmisən. Amma fərqində belə olmadığın bir şey var, insanlar heç zaman razı qalmazlar. Dəyərmi, kimlər üçünsə ruhunu incitmək, incə qəlbinə acı çəkdirmək? Dəyməz, əzizim.

Və unutma, özünəinanan, qəlbinə güvənməyi bacaran hər kəs güclü və xoşbəxtdir. Çalış, xoşbəxt olmaq üçün ömürdən bir gün daha istəmə. İnan ki, qoy, inanmayanlar belə inandığına inansın.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Göbələk küküsünün hazırlanması qaydasını şərh edəcəyik. 

 

ƏRZAQLAR:

§ Göbələk – 131 qr

§ Kartof – 103 qr

§ Soğan – 26 qr

§ Kəvər – 57 qr

§ Yumurta – 40 qr

§ Yağ – 20 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Soğan yağda qızardılır, üzərinə xırda-xırda doğranmış göbələklər əlavə edilir, bir qədər tovlanır. Ardınca xırda dördkünc doğranmış kartof, bir az tovlandıqdan sonra doğranmış kəvər əlavə olunur, qarışdırılaraq vam odda bişirilir. Yağa düşənə yaxın üzərinə bol yumurta vurulur.

 

Ədəbiyyat və incəsənət”

(06.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Şəhram Qolkarın şeirlərini təqdim edir.

 

Şəhram Qolkar 1973-də Muğanda doğulmuşdur. Baklavra qədər orada olub oxuyubmuş. Universitet illərini şirkət yönətimi sahəsində davam etmək üçün Tehrana yol almışdır. Orada olub Muğanda olmayan azcıq olanaqlar uşaq çağlarından başlayan ədəbiyyat həvəsini daha da qabartmışdı. Az zamanda gəlişməsinin yapdırtdığı açıq ara az sonra əsgərlikdəki və daha sonra yaranan geniş bol boş işsizlik vaxtları ona şeir, hekayə, araşdırma və məqalələr üzrə yazı, köçürmə, çevirilər, ayrıca genəl mədəni ortamda qəzet, jurnal, sanalda ədəbi sitə, axaq və quruplarla çalışma zəmini yaratmışdı.

 

 

YORĞUN DÜŞ

 

Həmişə yorğun olanda

Bir quş kitab olur uçur köosümdə

Qolum alnımda

Gözlərim qapalı

Az açıq dodağından

Hortlatma su içirəm

Cəhəngimdən

Şəlalələr axır çılpaq döşünə...

 

 

ONLAR

 

Onlar cəbhədə döyüşüb

Qoymadılar `namusumuz`a kimsə toxunsun

İllər sonra

Gerçəkdən də qoymadılar

Namusumuza kimsə toxunsun...

 

 “Ədəbiyyat və incəsənət”

(06.01.2024)

Tuesday, 06 February 2024 10:30

Bir il keçdi o məşum gündən…

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Yenicə qayıtmışdım Qardaş Türkiyədən Azərbaycana.

Bir ömür unudulmayacaq xatirələrlə dolu böyük sevinc və coşqu içində. Amma bu sevincimin kədərlə əvəzlənəcəyini hardan bilə bilərdim ki...

Təqvimlər 06.02.2023 göstərərkən hər kəs kimi mən də səhəri böyük bir hüznlə açmalı oldum. Mobil telefonumu əlimə alarkən gördüklərimin sadəcə bir yuxu olmasını arzulamış, dilim söz tutmayacaq qədər yerimdə donub qalmışdım. Yer yerindən oynamış, dağlar silkələnmişdi o gecə...

 

Amansızcasına zəlzələ bağrımıza xəncər vurmuşdu saatlar 04.17-ni göstərərkən. Kahramanmaraş, Hatay, Adana, Gaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbakır, Şanlıurfa ve Osmaniye titrəyərkən ruhumuz da sarsılmışdı, qan ağlamışdı gözlərimiz... Onminlərlə qardaşımız can almışdı canımızdan. Hər ürəkdə min arzu yox olmuşdu, hər arzuda min xəyal...

 Nə biləydik saatlar sonra, daha dəqiq 13.24-də bir daha titrəyəcəkdi yer, yenidən artacaqdı şəhidlərimizin sayı...     

              

  Kim deyir ki, aramızda yoxdu onlar,

  Yox olarmı Sonsuzadək qəlbimizdə yaşayanlar...

  Başın Sağ Olsun Türkiyəm! 

  Başın Sağ Olsun Türk Dünyası!

  Biz vardıq, biz varıq, biz olacağıq...

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Ağız pis-pis danışandan sonra onu bərk-bərk yummağın xeyri yoxdur.

 

2.Sevib qarşılığını ummayan xoşbəxtliyi həmişə özü ilə gəzdirəndir.

 

3.Bu dünyaya insan kimi gəlmisən, çalış, bu dünyadan da insan kimi gedəsən.

 

4.Ağılların toqquşmasından elm, hisslərin toqquşmasından sevgi yaranıb.

 

5.İnsan geri qaçsa belə, həyat onu irəli aparır.

 

6.Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır.

 

7.İnsana qulaq as ki, onunla danışıb-danışmamağa qərar verə biləsən.

 

8.Buraxmayacağına əmin olmadığın əlləri tutma.

 

9.Vaxtını uzanmaqla keçirənin ömrü uzun olmur.

 

10.Paxıllıq öskürək kimidir, istəməsən də, üzə çıxır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.