![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
7 min illik qatığın sirri necə faş oldu
“Efsane” türk komediyasının qala gecəsi lap əfsanəvi idi
Könül, “Ədəbiyyat və incəsənət”
Bu komediya barədə kim eşitməyib ki? Nəhayət, gördük də. Dünən “CinemaPlus” kinoteatrlar şəbəkəsində bu türk komediyasının qala gecəsi keçirildi. Bəli, söhbət əfsanəyə dönmüş “Efsane”dən gedir.
Türkiyədən gəlmiş qonaqlar qırmızı xalıdan keçdilər, pərəstişkarları ilə şəkil çəkdirdilər. Ürək sözlərini söylədilər, zəmanət verdilər ki, film hər kəsi qəşş eləməyə məcbur edəcək.
Rejissoru və ssenari müəllifi Selçuk Aydemir olan ekran əsərində baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar. İlin ən iddialı komediya filmi olaraq kinosevərləri həqiqətən də ürəkdən güldürmək məqsədi güdən filmin baş rol ifaçısı Ahmet Kural ekran əsərindəki əkiz qardaşları canlandırır. Bəzi səhnələrin çəkilişi zamanı yanğın və fırtınanın olduğu hissələr həm Ahmet bəy üçün, həm də digər heyət üzvləri üçün çox çətin keçib, bunu baş rol ifaçısı etiraf etdi.
Digər baş rol ifaçısı Cemile Canyurt isə əksinə, çətinliklərdən deyil, filmin çox hərəkətli, gülməli və həyəcanlı olduğunu səbəbindən filmin çəkilişləri zamanı çox əyləndiklərini bildirdi.
Aktrisa Tuana Tezsoy çəkilişlərdən sonra ilk dəfə filmi izləyərkən çox gözəl hisslər keçirdiyini dedi. O, sevdiyi dostları ilə bu filmdə rol aldığı üçün xoşbəxt olduğunu diqqətə çatdırdı.
Ekran əsərinin prodüseri Aytaç Aydağ və baş koordinatoru Ediz Kentkuran filmin tam ailə komediyası olduğunu qeyd etdilər. Yəni ki, bir ailə rahatlıqla uşaqlı-böyüklü filmə birlikdə baxa bilər.
FİLMİN MƏZMUNU:
Film 7 min illik qatığın sirrini əyləncəli şəkildə izah edir. Belə ki, Çorumda yaşayan Sadık və ailəsi qatıq hazırlayır. Bu qatıqlar dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır. Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir. İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu dəyərli sirri əldə etmək istəyir. Və bir-birini təqib edən gülməli və dramatik səhnələr ardıcıl düzülür, tamaşaçını həm güldürür, həm gərgin saxlayır.
Bir sözlə, həzz alaraq baxdıq.
Bu arada, şit gülüşə istinad edən əksər yerli komediyalarımızın müəllifləri, gəlin siz də baxın “Əfsanə”yə.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Həmyerlimiz Türkiyədə beynəlxalq festivalın ən yüksək mükafatına layiq görülüb
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi Nuray Əliyeva Türkiyənin Çukurova Universitetində keçirilən “Adana Rapsodi” beynəlxalq piano festivalı və yarışmasının Qran-Pri mükafatına layiq görülüb.
AzərTAC xəbər verir ki, yarışmada ölkəmizlə yanaşı Türkiyə, Türkmənistan, Rusiya, Qırğızıstan, Polşa, Almaniya kimi dünyanın müxtəlif ölkələrindən 300-dən artıq gənc pianoçu iştirak edib.
N.Əliyeva festivalda Qran-Pri mükafatı ilə yanaşı, öz yaş qrupu üzrə də birinciliyə layiq görülüb.
Həmyerlimiz bu ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən 2024-2025-ci illərdə Çukurova Universiteti Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solo konsert verməyə dəvət alıb. Eyni zamanda, o, Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək 26-cı “Bellapais” Beynəlxalq Musiqi Festivalında çıxışı etməsi üçün Kiprə dəvət edilib.
Hisslərini AzərTAC-la bölüşən Nuray olduqca həyəcanlı və qürurlu olduğunu ifadə edib. O, ölkəmizin adının dünyada səsləndirilməsində iştirak etmək, bu qədər iştirakçı arasında ən yüksək mükafata layiq görülməklə yanaşı bu mükafatı dünyaca məşhur pianoçu Gülsüm Onayın ona təqdim etməsinin qürurunu yaşadığını deyib.
Nuray müəllimi, professor Kəmalə Neymanovaya təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Vaqif Bayatlı Odər yaradıcılığı Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Litpriçal” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi, Əməkdar incəsənət xadim Vaqif Bayatlı Odərin rus dilinə tərcümə edilmiş “Qəribik, şairim, qəribik, sözüm” şeirinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin rus dilinə tərcümə müəllifi – tanınmış rus tərcüməçisi İqor Taraseviçdir.
Geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Aleksandr Puşkin, Marina Svetayeva, Anna Axmatova, Bulat Okudcava, İosif Brodski kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
Vaqif Bayatlı Odər “Ulduz” jurnalının şöbə müdiri, “Xəzər” jurnalının baş redaktoru vəzifələrində çalışıb. “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” və “Bəy atlı şeirlər” kimi kitabların müəllifidir. Tanınmış şair “Mirzə Cəlil” və “Vladimir Mayakovski” mükafatları laureatıdır.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Xanəndə, pedaqoq, bəstəkar - UNUDULMAZ ƏLİBALA MƏMMƏDOV
Könül, “Ədəbiyyat və incəsənət”
5 fevralda dünyaya dünyaşöhrətli bəstəkarımız Qara Qarayev, dünyaşöhrətli kinodramaturqumuz Rüstəm İbrahimbəyov gəliblər. Amma tək onlarmı? 5 fevral həm də Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Xalq artisti Əlibaba Məmmədovun da doğum günüdür.
Dünən iki korifey barədə danışdıq, birini isə bu günə saxladıq.
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.
Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonunadək həmin ansambla rəhbərlik edib. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Bu ilkinlik ona böyük sənət uğurları bəxş edib. “Humayun” onun ifasında mükəmməllik qazanıb. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə edib: “Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülüb. Sonra isə 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan düz 26 il sonra – 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb.
Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşıb, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb.
Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüb.
Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. Əlibaba Məmmədov bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələyib. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan musiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir.
Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.
Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Şəhidlər barədə şeirlər – İbrahim İbrahimov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün İbrahim İbrahimova həsr edilmiş şeirlə tanış olacaqsınız.
İBRAHİM ABDULLA OĞLU İBRAHİMOV
(10.10.1999.-09.11.2020.)
Binəqədi kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
SƏN, BİZİM FƏXRİMİZSƏN
Binəqədi kəndinin mərd, igid qəhrəmanı,
Candan artıq sevirdin bu eli, bu obanı,
Hünərinlə sən yazdın, bir ölməzlik dastanı,
Vətən üçün döyüşdün, canını verdin qurban,
Dedin, təki yaşasın anamız Azərbaycan!
İbrahim tək oğullar Vətən edir torpağı,
Əməliylə gətirir xoş günü, xoş sorağı,
Qanıyla xilas edi ryağıdan Qarabağı,
Gətirir hünəriylə doğma yurda şöhrət, şan,
Dedin, təki yaşasın anamız Azərbaycan!
Sən bizim fəxrimizsən, qoçaq qardaşımızsan,
Həmişə bizimləsən, əziz sirdaşımızsan,
Unudulmazsan heç vaxt, sadiq yoldaşımızsan,
Fizulidə, Şuşada düşmənə uddurdun qan,
Dedin, təki yaşasın anamız Azərbaycan!
.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Xocavənddə Tağlar mağarası – Zahirə Cabir
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.
Çox-çox əvəllərdə bir kənddə ata-anasını itirmiş iki qardaş vardı. Bir qarın yeməkdən ötrü onun, bunun mal qarasını, qoyun-quzusunu otarardılar. Bir gün sürünü otararkən dağın başından güclü sel gəlir, mal- qaranı aparır. Bunu görən iki qardaş sağ qalmaq ümidi ilə dağa tərəf qaçırlar. Sən demə bunu edən sel əjdahası idi. Qardaşlardan böyüyü çox ağıllı və güclü idi. Digəri isə tez özündən çıxan, dəlisov idi, hirsləndisə qarşısında heç kim dura bilməzdi. Həmin dediyim dəlisov qardaş, əjdahanı yerə yıxır, əlindəki çomax ilə başın əzir. Sonra iki qardaş əjdahanın mağarasını tapıb, mağarada yaşamağa başlayırlar. Dağlarda yaşayan heyvanlar mağarada yaşayanın əjdaha olduğunu bilib burdan uzaq qaçırlar. Qardaşlar meşədəki ağaclardan cır meyvə yeyir, çaydan balıq tutur, vəhşi dağ keçisi, maral tutub əhliləşdirib mağarada saxlayırdılar. Saxladıqları heyvanlara hər gün bir qardaş gözətçilik edirdi. Bir gün ağıllı qardaş təzəcə gözünü yummuşdu ki, mağarada iki siçanın söhbətini eşitdi. Biri o birinə deyirdi ki, bəs neçə vaxtdır ki, əjdahanın qorxusundan xəzinəni apara bilmirdik. Əjdaha öldü, indi isə dəli qardaşdan qorxmuruq, amma ağıllı bilsə xəzinəmizin axırına çıxar. Ağıllı qardaş bunu eşidən kimi, siçanları tutub qəfəsə saldı. O yeri qazıb xəzinəni çıxartdı. Yetimçiliklə böyüyən iki qardaş ömürlərinin axırına kimi o mağarada yaşadılar. Mağaranı tağlarla böldülər, hər qardaş bir tağda kefi kök, damağı çağ yaşadı.
İndi də Tağlar mağarasının üstündən quşlar uçanda tük salırlar. Dəlisov qardaşıın əjdahanı öldürməsindən hələ də xəbər tutmayıblar.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
QİRAƏT SAATInda “Eşq mələyi” - SON
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin eşq romanı ilə tanışlığınız bu gün sona çatacaq.
“Eşq mələyi” sizi bir başqa dünyaya apardı. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparırdı. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabı roman bitərkən aşkar oldu!
***
Süleyman ürək döyüntülərinin intensivliyi, gözləri yaşarmış halda Elgünün nömrəsini yığdı, ona tezcə “Mirvari” kafesinə gəlməyi tapşırdı. Roman bitmək üzrəydi, son iki vərəqi qalmışdı.
Özü isə mətbəxə keçib qurumuş boğazını yaşlamaq üçün bir stəkan su içdi və əlindəki son iki vərəqi elə mətbəxdə oxuyub tamamladı.
***
Bir müddət hələ Ülkərin nəfəsi gəlib-gedirdi, şor su həmlələri ona basqı etsə də, birtəhər özünü qoruyurdu. Bu an gözləri açıq idi, masmavi görməyə alışdığı Xəzər boz-bulanıq rəngdəydi. Sonra bu rəng lap tündləşdi, nəfəsi kəsilməyə başladı. Onda qeyri-ixtiyari ağzını açdı, su ağzına dolmağa başladı.
Real dünyayla xəyali dünyanın arasında çarpışırdı, son an və əbədilik. Bir qədər sonra həyatı əbədi sükuta qərq olacaqdı.
İnsan ölüm ayağında həqiqətən məkanı, zamanı qarışdırır, üstəlik, iki dünyanı da qarışdırır, hansında olduğunu dərk edə bilmir. Ondan yapışan, onu çəkən qollar, Rüfətin siması, onun “Rüfətim, burdadamı məni gəlib tapdın?!” pıçıltıları da, çox yəqin ki, xəyali dünyadan idilər.
Dənizin altı get-gedə zülmətə bürünürdü. Qara rəng bütün digər rəngləri amansızlıqla udurdu.
Amma yuxarılarda günəş bərq vururdu, son zənglərini keçirən məktəblilər deyib-gülürdü. Yuxarılarda həyat sevgi və gözəlliklərlə büsbütün dolu idi.
***
Süleyman son kəlmələrini oxusa belə, gözlərinə inanmır, vərəqin haralarındasa daha bir cümlə, barı bir söz axtarırdı. Necə yəni son?
Artıq “Mirvari” kafesinin yanında idi. Heç cür toxtaya bilmirdi, Ülkəri hiss edir, duyur, iniltilərini, ahlarını belə eşidirdi. Gör bir zalım oğlu necə təsirli yazıb, hər kəs sözləri yanaşı düzməklə bu effekti ala bilməz.
Həm də zalım oğlu çox acımasız yazıb. Qansız, imansız sayaq yazıb.
Elgün ona yaxınlaşdı, durumundan romandan hədsiz təsirləndiyini sezdi. Bu, yaxşımı idi, pismi idi? Təsirlənmişdisə, demək, bəyənmişdi. Amma Süleyman kimilər orta statistik adama bənzəməzlər, öz qeyri-adilikləri ilə daim fərqlənərlər. Azmı olub bədii əsərdə sevdiyin qəhrəmanın ölümünə görə müəllifə ölüm arzulamısan?
Elgünün ona uzalı əli havada qaldı. Gəncin əlini sıxmaq əvəzinə vərəqləri az qala gözünə soxurmuş kimi söylədi:
-- Sən bilirsən ki, bu romana görə ailən səndən üz döndərəcək? Qonum-qonşu sənə şəbədə qoşacaq? Səni hətta oxuduğun universitetdən də qovacaqlar, bilirsən bunu?
Elgün əlinin havada qalması pərtliyini gizləyərək qısa və səlis cavab verdi:
-- Əgər mən üç-beş adama kömək edə biləcəyəmsə, özümü xoşbəxtlərin xoşbəxti sanaram.
Süleyman başını tərpədir. Nəsə deyir, mızıldanır, nəsə tərəddüd edir. Yenə təkrarlayır ki, romanın adını dəyiş, “Eşq mələyi” qoy. Deyir, Ülkər fahişə deyil. Sonra bir daha Elgünü “Sən niyə qəhrəmanı öldürürsən?” deyə ittiham edir.
Elgün kitabını xəyalında çox canlandırmışdı, tünd-qırmızı cild, üzərində qırılmış şriftlə ağ “Fahişə” yazısı. İndi Süleymanın durumundan belə anladı ki, bu kişi kitabın çapına pul verməyəcək. Və xəyalında ağır-ağır kitablar göydən başına yağıb onu altında qoydular.
Çevrilib getmək istədi, bir addım atmışdı ki, qulağına dəyən sözlər onu dayanmağa vadar etdi. Süleymanın səsində bayaqkı qəzəbdən əsər-əlamət qalmamışdı, oda su çiləyən səs idi sanki.
-- Mən hazıram çap etdirməyə. Qoy camaat oxusun. Qoy törənən səhvlər düzəlsin bundan sonra. Amma bir şərtim var. Get ardını yaz! O əhvalat o yerdə bitə bilməz. Davamı hamı üçün lazımdır. Bu, birinci kitabdır, qoy ikinci kitab da olsun. Eşq mələyi əsla bir kitaba sığmaz.
SON
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Mütləq kitablarla dostluq edin
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq.
Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.
Bu hissədə kitablar barədə danışacağam, sizə kitab oxumaqdan, mütaliə etməkdən ibarət ev tapşırığını məhz motivasiya kitablarına, uğur yolunu göstərən kitablara istinadən verəcəyəm.
Uğur yolunu göstərən kitablar
Birinci Top 10
1. Henri Ford «Mənim həyatım, mənim nailiyyətlərim»
2. Riçard Brenson. «Çılpaq biznes».
3. Riçar Brenson «Hər şey cəhənnəmə, giriş və elə!»
4. Robert Kiyosaki. «Varlı ata, kasıb ata».
5. Ayn Rend «Atlant çiyinlərini düzəltdi».
6. Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək».
7. Qay Kavasaki «Startap».
8. Napoleon Hill «Düşün və varlan».
9. Ceyms Allen «Düşünən insan».
10.Stiven Kovi. «Yüksək effektli insanların yeddi vərdişi».
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
“Duamı buludlar saxladı göydə...” – TURAL CƏFƏRLİNİN ŞEİRLƏRİ
Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc yazar Tural Cəfərlinin şeirlərini diqqətinizə çatdırmaqdadır. Bu gün sizlrə növbəti 2 şeir təqdim ediləcək.
Hamını aldatmaq olar, özünü əsla...
Təzyiqim yenə qalxıb,
Əhvalım düşüb amma.
Dəqiq xatırlamıram,
Kimi saldım yadıma.
Yudum xatirə qabın,
Həsrət bıçağı qaldı.
Süzüb yaşıl çay içdim,
Kofe xəyala daldı.
Baxdım saat işləmir,
Divardan asıb özün.
Bir yandan yağış yağır,
Kəsib küləyin sözün.
Kefimə duz atmışam,
Axşam qonaq gələcək.
Gündüz yatmış olsa da,
Gecə oyaq gələcək.
Qəzetdən oxudum ki,
Adamlar daş olacaq.
Dənizlər buludların-
Gözündə yaş olacaq.
Saxlamaq olmur, getmək istəyəni...
Sənin Həvvadan fərqin nədir ki?
Yedin ömrümün almasını beləcə.
Cənnət bildim sənlə fani dünyanı,
İstədim bu bəxtin qalmasını beləcə.
Duamı buludlar saxladı göydə,
Yağışla endirdi təzədən yerə.
Adını zikr etdim uzun gecədə,
Düşündüm köməyim olacaq vərə.
Doğulan andaca danışan İsa,
Susdu ömür boyu çarmıxa kimi.
Mənim də qollarım bağlanıb sənə,
Mən sənə batmışam topuğa kimi.
Mən zahid deyiləm, etinama bax,
Musanın çomağı nə gəzir məndə?!
Olsa bir qələmdi cibimdə qalan,
O da İlahidən nəzirdi məndə.
Buyur, hüzürunda dayanmışam mən,
İstəsən “gedənlər” pürdü qəlbimdə.
Görmədi şadlığın hökmünü ruhum,
Əzablar ömrünü sürdü qəlbimdə.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
Azərbaycan musiqisi Özbəkistanın populyar “Avtoradio” radio kanalında səsləndiriləcək
Qardaş Özbəkistanda Azərbaycan mədəniyyətini təbliğ edən bir ünvan var: Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Mərkəz özbək mətbuatı, televiziya və radio kanalları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb və hazırda milli mədəniyyətimizin, musiqimizin təbliği ilə bağlı birgə layihələr reallaşdırılır.
Dalabadal ən müxtəlif layihələr gerçəkləşdirən bu mərkəzin növbəti addımı musiqimizin təbliği ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət” portalı mərkəzə istinadən xəbər verir ki, bu missiya ilə əlaqədar, media şirkətləri ilə əldə olunan razılıq əsasında Özbəkistanın yerli radio kanallarında müxtəlif verilişlər çərçivəsində Azərbaycan incəsənət ustalarının ifalarının yayımlanması həyata keçiriləcək.
Beləliklə, Mədəniyyət Mərkəzinin təqdimatında Özbəkistanın 102.0 FM tezliyində yayımlanan populyar “Avtoradio” radio kanalı müasir Azərbaycan estrada nümayəndələrinin ifalarının yayımına başlayıb.
İlkin olaraq müasir Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Röya Ayxan, Brilliant Dadaşova, Aygün Kazımova, Eyyub Yaqubov, Faiq Ağayev, Əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Ədalət Şükürov, İlkin Əhmədov, müğənnilər Çinarə Məlikzadə və Almaxanım Əhmədlinin ifa etdikləri musiqi əsərləri seçilərək “Avtoradio” kanalına təqdim edilib.
Musiqi nömrələri özbək tərəfinin qaydaları əsasında seçilib və gələcəkdə növbəti mərhələlərdə digər Azərbaycan incəsənət ustalarının ifaları da radio kanallarına təqdim olunacaq.
“Avtoradio” kanalında “Azərbaycan musiqisini kəşf et” adlı radioveriliş çərçivəsində müasir Azərbaycan estradası nümayəndələrinin ifaları Novruz bayramına qədər efirdə səsləndiriləcək. “Azərbaycan musiqisini kəşf et” adlı I mərhələ başa çatdıqdan sonra gələcəkdə bu ənənə həm “Avtoradio” kanalı, həm də Özbəkistanın digər populyar radio kanalları ilə daimi olaraq davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)