
Super User
Füzulinin 530 illiyi bütün türk dünyasında qeyd ediləcək - AKTOTI RAİMKULOVA
“Ədəbiyyat və incəsənət” portalı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın fondun növbəti layihəsi olan "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabı barədə fikirlərini diqqətinizə çatdırır.
Türk ədəbiyyatının parlaq ədəbi incilərini yaratmış, türk dünyasının bədii irsini zənginləşdirmiş dahi şair Məhəmməd Füzuli hər əsrlə təzələnən, yeni-yeni mənalar qazanan, heç zaman köhnəlməyən əsərlər yaratmışdır.
Unudulmaz söz ustadının bədii irsi türk dünyasının ortaq ədəbi abidələrindəndir. Zaman keçdikcə biz həmin ədəbi irsin bənzərsiz nümunələrini təkrar-təkrar oxuyur və onların dünəndən bu günə və gələcəyə ünvanlanan dərin mənalı, hikmətli ismarışlar olduğunu anlayırıq.
Məhəmməd Füzuli orta əsr türk ədəbiyyatının ədəbi məktəb yaratmış sənətkarlarındandır və altı əsrdir ki, türk xalqlarının yenilənən nəsilləri onun əsərlərinə müraciət edirlər. Bu xoşbəxtlik dünyada çox az şairə nəsib olur. Ötən altı əsr müddətində dünyanın bir sıra yerlərində yaşayıb-yaratmış Füzuli ədəbi məktəbinin davamçılarının sayı yüzlərlədir və onlar dünyanın ayrı-ayrı coğrafiyalarında ölməz sənətkarın yaradıcılıq yolunu uğurla davam etdirirlər.
Bu il 530 yaşı tamam olan dahi şairin yubileyi Azərbaycanda və bütün Türk dünyasında, o cümlədən müxtəlif ölkələrdə təntənəli şəkildə qeyd ediləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 25 yanvar tarixində Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamın mətnindən aydın olur ki, mədəniyyətə və ədəbiyyata daim böyük diqqət göstərən cənab İlham Əliyev Füzuli yaradıcılığını olduqca yüksək qiymətləndirir və onun ədəbiyyat tarixindəki müstəsna rolunu xüsusi qeyd edir.
Eyni zamanda sərəncamda Azərbaycan Xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin Məhəmməd Füzulinin yaradıcılığının beynəlxalq müstəvidə tanıdılması, adının əbədiləşdirilməsi istiqamətində müstəsna xidmətlərindən bəhs edilir: "Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul edilmiş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur".
Biz də Türk Mədəniyyəti və İrsi Fondu olaraq daim türk dünyasının maddi və mədəni irsini təbliğ edir, görkəmli sənətkarların əsərlərinin beynəlxalq müstəvidə tanıdılmasına çalışırıq. Fondun növbəti layihəsi olan "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabı dahi şairin ədəbi irsinin tanıdılmasında, adının əbədiləşdirilməsində danılmaz xidmətləri olmuş görkəmli siyasi xadim Heydər Əliyevin bu yöndəki tarixi fəaliyyətinə həsr edilmişdir.
Kitaba Heydər Əliyevin Məhəmməd Füzulinin yubileyləri və adının əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamları, qüdrətli söz ustadının Bakı, Ankara, Moskva şəhərlərində keçirilən yubileylərindəki nitqləri, həmin tədbirlərə aid fotolar, həmçinin Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının iclaslarındakı çıxışları və digər materiallar daxil edilib.
Həmçinin nəşrdə Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlər haqqında elm xadimlərinin məqalələri yer alıb. Kitabdakı həmin məqalələri görkəmli rəssamların əsərləri müşayiət edir.
Fond tərəfindən Türk dünyasının əbədiyaşar söz sənətkarı Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilən bu kitab unudulmaz lider, görkəmli siyasi xadim Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
Sabah Mədəniyyət Nazirliyi tərəfindən təlim təşkil olunacaq
Sabah - 17 may tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün Mədəniyyət Nazirliyi tərəfindən təlim təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təlimdə iştirakçılar 70 nəfər olmaqla 6 qrupa bölünəcəklər. Təlim 15 saatlıq olmaqla 5 istiqamət üzrə -"İdarəçinin düşüncə tərzi", "Effektiv ünsiyyət", "Emosional zəka", "Liderin 4 xüsusiyyəti", "SWOT analiz və planlaşdırma" və "Vaxtın idarə edilməsi" mövzularını əhatə edəcək.
Təlim müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin güclü və zəif tərəfləri, imkanları və təhdidləri müəyyən etmək, təhsildə keyfiyyətin və digər mövzular üzrə bilik və bacarıqlarını artırmasını özündə ehtiva edir.
Təlim başa çatdıqdan sonra iştirakçılara sertifikat veriləcək.
Təlim Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.
Onu da qeyd edək ki, ilk analoji təlim mayın 13-də keçirilib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
Ötən gün gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
Mayın 15-də “Azərbaycan Bəstəkarlar İttifaqı - 90” silsiləsindən Bəstəkarlar İttifaqının Ü.Haclbəyli Konsert salonunda Gənc bəstəkarların yaradıcılığına həsr olunmuş plenumun açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bəstəkarlar İttifaqı plenumun ilk gününün gənc bəstəkarların kamera musiqisindən ibarət əsərlərinə həsr olunduğunu bildirib.
Açılış mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 2007-ci ildən etibarən gənc bəstəkarların yaradıcılığına həsr olunmuş doqquz plenumun keçirildiyini qeyd edib. Bununla yanaşı, Bəstəkarlar İttifaqında gənc bəstəkarların yaradıcılığına dair tədbirlərin, onların əsərlərindən ibarət konsertlərin təşkili, İttifaqın digər tədbirlərində fəal iştirakı, görkəmli sənətkarların yubileylərinin keçirilməsi və bu kimi məsələlərdən söhbət açıb. Firəngiz Əlizadə onu da vurğulayıb ki, gənc bəstəkarların təqaüdlərlə təmin olunması, Gənclər Günü ilə əlaqədar olaraq mükafatların verilməsi və bu işdə Bəstəkarlar İttifaqının gənclərə göstərdiyi qayğı və diqqət onların yaradıcılığının inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri plenumun iştirakçılarının fəal olmasını tövsiyə edib. Sonra plenumun proqramına uyğun olaraq gənc bəstəkarların əsərləri ifa olunub.
Proqrama İlahə Qismət-Abdullanın “Rəngli lövhələr” – fortepiano məcmuəsindən pyeslər, Sevinc Əliyeva-Qəmbərovanın “Payız gecəsində düşüncələr” romansı, 3 hissəli Sonata, Vəfa Bağırzadənin “Mərhəba” romansı, “Bir ümid işığı” violin və piano üçün pyesi, Fərid Fətullayevin “Ay üzlü nigarım” romansı, Tural Məmmədlinin “Ay işığında” piano üçün pyesi, Elvin Quliyevin Skertso-vals (tar, kamança və piano üçün) kimi kamera-instrumental əsərləri daxildir.
Gənc bəstəkarların musiqisini tamaşaçılar da rəğbətlə qarşılayıblar.
Üç gün davam edəcək plenumun növbəti günlərində “Gənc bəstəkarların yaradıcılığı” mövzusunda gənc musiqişünasların çıxışlarından ibarət elmi konfrans (Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans salonu) və gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert (M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) olacaq.
Mayın 20-də isə plenumun nəticələri ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında dəyirmi masada müzakirələr keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
Ölkəmizdə Bakı 2024 - Beynəlxalq incəsənət simpoziumu keçirilir.
AzərTAC xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil olunub.
Simpoziumda müxtəlif ölkələrdən olan rəssamlar iştirak edir. Tədbir rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal məkan olacaq, eləcə də ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edəcək. İştirakçılar tədbir boyu onları müşayiət edəcək yaradıcılıq və ilham atmosferinə qərq ola biləcəklər.
Mayın 24-dək davam edəcək simpoziumun başa çatması münasibətilə sərgi açılacaq. Sərgidə simpozium zamanı rəssamların yaratdığı əsərlər təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
Frankfurt sərgisində Azərbaycanın turizm potensialı təbliğ edilir
Almaniyada turizm peşəkarlarının ən böyük görüş yerlərindən olan “IMEX Frankfurt 2024” sərgisi keçirilir.
AzərTAC xəbər verir ki, Azərbaycandan olan bir qrup turizm şirkəti beynəlxalq sərgidə ölkəmizi təmsil edir.
“IMEX Frankfurt” beynəlxalq sərgisində ölkəmizin turizm potensialı və bu il Bakıda keçiriləcək COP29 barədə məlumatlar həmsöhbət tərəfdaşlara çatdırılıb.
“IMEX 2024” sərgisində dünyanın 200 ölkəsindən 2500-dən çox turizm şirkəti və digər təşkilatlar stend və pavilyonla iştirak edir. Mayın 16-dək davam edəcək sərgini 15 mindən çox beynəlxalq peşəkar turizmçinin ziyarət edəcəyi gözlənilir.
Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir.
Xatırladaq ki, MICE tipli sərgilərin məqsədi görüşlər, təşviqlər, konfranslar və sərgilərin təşkilidir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Təbrizi görməyincə"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Könlümdə tufan olar,
Könlüm boşalar,dolar,
Könlüm yollarda qalar
Təbrizi görməyincə.
Sazdan,neydən betərəm,
Nə susar,nə yataram.
Dərdli-dərdli ötərəm
Təbrizi görməyincə.
Bilin ey əzizlərim.
Yuxu görməz gözlərim.
Alov saçar sözlərim
Təbrizi görməyincə.
Sınasınlar kaş məni.
Bu torpaq doğmuş məni.
Yormaz yol,yoxuş məni,
Təbrizi görməyincə.
El dərdinə qalanam,
Hər gün oda qalannam.
Vüsal deyib dolannam.
Təbrizi görməyincə.
Sözlə doludur sinəm.
Şam deyiləm mən sönəm.
Bir dərdli quşa dönəm.
Təbrizi görməyincə.
Qırılmazdır qanadım.
Məni yaşadar andım.
Belə keçər həyatım
Təbrizi görməyincə.
Hələlik gəlmirəm mən,
Kamımca gülmürəm mən.
Ölmərəm,ölmərəm mən
Təbrizi görməyincə.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Abbas Əliyev Vətən müharibəsinə könüllü olaraq qatılıb. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənddə döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
“YAŞAT” Fondunun əməkdaşları şəhidimizin ailəsini ziyarət edib, övladının təhsil aldığı məktəbə baş çəkiblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” fondundan məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)
Minsk Şəhər İcraiyyə Komitəsinin sədri “ASAN xidmət”də olub
14 may 2024-cü il tarixində Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.
Qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.
Bundan əlavə, Belarus Respublikasının nümayəndəsi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)
Minsk Şəhər İcraiyyə Komitəsinin sədri “ASAN xidmət”də olub
14 may 2024-cü il tarixində Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.
Qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.
Bundan əlavə, Belarus Respublikasının nümayəndəsi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)
“Onun fitri istedadı olub” - RAUF HACIYEVİN 102 İLLİYİNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycanın Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 102 il ötür.
Onu ilk öncə klassik musiqimizin, operettamızın inkişafında mühüm xidmətləri olmuş bir şəxs kimi səciyyələndirə bilərik.
Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Keşməkeşli bir həyatı olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.
Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olub.
Bundan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edib. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanıb.
O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan xüsusən “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri” kimi məşhur filmləri göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.
Rauf Hacıyevin istedadı da daha çox məhz operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub, məşhurlaşan operetta 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.
Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır.
Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulub. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanıb. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırmışdı. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.
Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.
Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayıb. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür - “Ləzgihəngi” və “Yallı”nı bəstələyib. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir.
1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedib. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edib. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışıbkar.
R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.
Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)