Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onu cəmi bir dəfə görmüşdüm. AzTV-nin sədr müavini mərhum Vaqif Ağayevin yas mərasimində. Üstündən iki ildən bir az çox vaxt keçmişdi ki, özünün də ölüm xəbəri yayıldı…

 

Haqqında söhbət açmaq istədiyim Zakir Sadatlı 1961-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində dünyaya gəlib. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirib. 1979-1981-ci illərdə hərbi xidmətini Əfqanıstanda yerinə yetirib. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində ali təhsilə yiyələnib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində, 1990-1993-cü illərdə Qarabağda döyüşlərin ön cərgəsində olub. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda işləyib.

20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, “Aydınlıq” layihələrinə rəhbərlik edib...

 

Deyirdi ki,- “İmzalar və kitablar tünlüyündə adamlara bir az mərhəmət göstərmək lazımdır”.

Çox alicənab, mərhəmətli, necə deyərlər, istiqanlı adam idi…

“Rəssam gəmi şəkli çəkəndə bu o demək deyil ki, o, okeanın o tayına üzüb getmək istəyir. Yazıçı da əsərini müsabiqə və mükafat müstəvisində qurmur. Onun bir borcu var: Yaxşı yazmaq!… Yazdıqlarının sonradan ona gətirəcəyi divident artıq taleyin işidir. Böyük sənət əsərləri və sənətkarlar olub ki, tale onlarla hüdudsuz ölçüdə sərt və amansız davranıb. Bəzən də əksinə olub. Taleyin nə qəddarlığı, nə də həlimliyi bizimçün izah olunan deyil. Bir şeyi yadda saxlamaq lazımdı – müsabiqələr, mülahizələr, mükafatlar və başqa “…lar”lar və ”…lər”lər zamanın bir köks ötürməyi qədərdir. Hər şey çıxıb gedəcək və gedəndə bizim qazandıqlarımızı da öz yükünə qatıb aparacaq. Yeganə təsəlli budur ki, ümidlərimizi və sevgilərimizi bağladığımız yaradıcılıq bu Yer üzündə bir ləpir kimi qalacaq”, -söyləyirdi.

Və özü də sonda Azərbaycan jurnalistikasında bir iz kimi qaldı…

Zakir Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış edib. İlk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc olunmuşdur. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap olunub.

2008-ci ildə Zakir Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutmuşdur. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilib, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilib.

“Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest), “Salam, baça” (hekayə) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanan Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin də müəllifidir.

O, həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömür boyu mühacirətdə yaşamış Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük əks-səda doğurub və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olunub.

2013-cü ilin yanvar ayında Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatı sahəsində ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olub. Belə ki, 28 avqust 2012-ci il tarixindən start götürən və 5 iyun 2013-cü ildə yekunlaşan müsabiqəyə 241 əsər daxil edilərək, sonda ədəbi mükafatın qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanı elan olunub.

Zakir Sadatlı həmçinin Xanlar Bayramovla birlikdə yazılmış “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir.

2015-ci ildə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr edilib.

Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü olub. Yazarın adıçəkilən əsərləri və şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb.

Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib.

Zakir Sadatlı 2013-cü ilin fevral ayının 5-də 51 yaşında ikən vəfat edib. Məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir. 

Və bu gün onun anım günüdür.

Xatırlatdım ki, ruhu şad olsun və ruhuna rəhmət diləyək…

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2024)

Monday, 05 February 2024 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

İnsan özündə nə qədər göz yaşları gəzdirərmiş. Ağlayırdı, hönkürürdü, hıçqırırdı, köynəyinin sinəsi büsbütün yaş idi.

Rüfətə mesaj yazdı ki, sənə məktub yazmışam, həmin yerdədir.

Dərhal Rüfətdən cavab mesajı gəldi. Mesajı açıb oxumadı.

Durdu, bir qədər irəlilədi.

Təkrarən, sonra təkrarən mesaj səsi gəldi, sonra uzun-uzadı zəng gəldi. Hamısı Rüfətdən idi. Bunun xəbərsiz-ətərsiz, onu gözləmədən çıxıb getməyinə, deyəsən, çox qızmışdı. Özgə nə istəyirdi axı o? Vacib idimi ki, bu halında Ülkərə söysün, ağzından çıxanı da desin?

Zənglər və mesajlar kəsilməyəndə əlləri əsə-əsə telefondakı Rüfətdən gələn axırıncı mesajı oxumaq istədi. Amma yenə də dişini dodaqlarına sıxıb oxumadı. Oxuyardı, nəsə dəyişərdi. Lazım deyildi nəyisə dəyişmək.

Başı panamalı, yüngül yay pencəyi geymiş yaşlı bir kişi yaxınlaşıb nə baş verdiyini soruşdu, dedi, sənə necə kömək edə bilərəm.

Nə cür kömək edə bilərdi ki, bu kişi ona? İndi ona heç kəs kömək edə bilməzdi. O öz taleyini bu günə qədər yazmışdı, elə yazmışdı ki, keçmişi bugününü və gələcəyini artıq müəyyənləşdirmişdi. Yazıya pozu yoxmuş. Yoxmuş yazıya pozu.

Kişiyə qəhərli səslə dedi ki, heç nəyə ehtiyacım yoxdur, çox sağ olun.

Kişi cibindən bir qalaq pul çıxardı, dedi, sən də mənim qızım, utanma, bir çətinliyə düşmüsənsə, götür pulu, get işini həll elə. Dedi, qorxma, təmənnasız verirəm sənə bu pulu. Dedi, başqasının dərd çəkməsinə heç vaxt biganə qala bilmirəm.

Dünya yaxşı insanlardan xali deyilmiş. Amma indi heç bir milyonlar, milyardlar Ülkərin keçmişini yuyub təmizləyə bilməzdi.

Kişiyə minnətdarlıq edib bir qədər ondan aralandı, bulvarın bu biri hissəsində özünə yer eləyib qıy vuran qağayıların müşayiəti altında yenidən sularda Rüfətin əksini axtarıb tapdı.

Bu dəfə özünü daha çox yamanladı, təkcə özünü bədbəxtliyə sürüklədiyinə görə yox, Dubaya apardığı, varlı əcnəbilərin yatağına saldığı qızlara görə də vicdan əzabı çəkdiyini Rüfətin əksinə pıçıldadı. Dedi, mən günahlarımın bədəlini həbsxana həyatı ilə ödədiyimi sanırdım, amma yox, demək, ödəməmişəm. İndi bir ömür səni bədbəxt etməkçün deyil, ani bir ölümlə günahlarımı yumaq üçün yaşamalıyam. Üstümə hopmuş ləkəni, bir də üstümə hopmuş günahı yumalıyam.

Rüfət durmadan zəng edir, mesaj yazırdı. Bu dəfə ucadan hönkürdü. Onun əzizi, canı, ciyəri, gözlərinin işığı, ömrünün yaraşığı, bir dənəsi, sevimli Rüfəti...

“Sənə qurban olum, ayaqlarının altında ölüm, ay Rüfət” deyib hey təkrarladı.

Birdən sanki günəşin üstünü qara buludlar aldı. Parlaq, işıqlı bir hücrədən sanki qaranlıq zülmətə düşdü.

Rüfət onu bağışlayardı, “qəbulumsan” deyərdi, bu, hədsiz bir qəhrəmanlıq idi, cəsarət idi, amma əslində, həm də özünüfəda idi. Rüfət onu ləkəli halda qəbul edirdisə də, öz gələcəyini zərbə altında qoyur, öz rifahına, əmin-amanlığına təhlükə yaradırdı. Rüfət onlarca kişinin arxasınca söylədiyi ittihamlara duruş gətirməli olacaqdı, bu sözlər arxasınca deyilsə, kürəyinə xəncər kimi saplanacaqdı. Bəziləri hətta hansısa məqamda onu aşağılamaq istəyəndə, hansısa bir rəqabəti xeyirlərinə həll etməkdə bulunanda onun üzünə də bunu deyə biləcəkdi, bu da Rüfəti ya özünü eşitməzliyə vurmağa sövq edəcəkdi, ya da Rüfət qürurunun sınmasına dözməyib həmin adamın üstünə hücum çəkəcəkdi, onunla süpürləşəcək, yaxud onu vuracaqdı. Bilmək olmazdı, ani qəzəbdən doğan bu basqı bəlkə ölüm-itimə də yol aça biləcəkdi, Rüfətin, iraq olsun, ya özü xəsarət alacaqdı, ya o, kiməsə xəsarət verəcəkdi. Xəstəxana, həbsxana, qara torpaq – bu cür mücadilənin sonu hara qədər desən gedib çıxa bilərdi.

Amma, lap tutalım, heç kəs heç nə deməsin, bunlar ailəlikcə harasa gedəndə bir vaxtlar altlarına yıxıldığı kişilərlə üzləşəndə Ülkərçün onların istehzalı baxışlarına tuş olmaq məgər ölümə bərabər deyildimi?

Ayaqları onu gətirib sahilə çıxarmışdı. Beton çıxıntının üzərinə çökdü, masmavi sulara tamaşa etməyə başladı. Dalğalar gəlib sanki sahildə intihar edirdi. Düşündü, dalğa intiharı çox qəribədir. Bu başda intihar edirsən, o başda yenidən doğulursan. İnsansa intihar qərarı verəndə əbədilik gedir, qayıdışsız.

Onu gördü ki, sularda Rüfətin əksi tərpənir, dalğalar irəlilədikcə bu əksi ləngərlədir, sola-sağa tərpədir.

Bir də gördü, Rüfətlə danışır. Onu dedi ki, çox peşmanam, həddindən artıq peşmanam. Göz yaşları imkan vermədi dalını deməyə.

Xeyli susub azacıq toxtayandan sonra çantasını açdı, həbləri qablarından çıxarıb ovcuna yığdı, Rüfətlə xəyalən danışığına davam etdi. Dedi: “Bəli, peşmanam. Yüzlərlə qadın həyat yoldaşını müharibədə itirdi, dul qaldı, bəziləri çörəklə sınağa çəkildi, övladını dolandırmaqda min bir zillət yaşadı. Amma onlar sınmadılar, başlarına qara örpəklərini bağlayıb hətta ən məşəqqətli işlərə gedib də həyat yoldaşlarının adlarını uca tutdular, balalarını böyütdülər. Mənsə bunu bacarmadım, namusumu, ləyaqətimi qoruya bilmədim, gücüm çatmadı bunu etməyə, sənin sevginə belə xəyanət etdim, Rüfətim...

Yenə göz yaşları onu boğdu, yenə gözlədi ki, toxtasın.

Rüfətin əksi suların içindən sakitcə ona tamaşa edirdi, onu dinləyirdi.

Ülkər dedi ki, sənə olan ülvi məhəbbətim o qədər böyükdür, ömrümün sonunadək səni sevəcəyəm, amma sən bu dünyada, mən o dünyada, uzaqdan-uzağa, sənə yaxınlaşmadan, sənə toxunmadan.Dedi, səni heç kəsin yanında başıaşağı edə bilmərəm, səni qüruru sınmış görə bilmərəm. Sənin bundan sonrakı həyatını zəhərləməyə haqqım yoxdur mənim, bircəciyim.

Dəniz tərəfdən meh əsməyə başladı, lacivərd sularda günəşin şüaları parladıqca göz qamaşdıracaq dərəcədə işıltı yaratdılar.

Həyatı gəlib kino lenti kimi Ülkərin gözünün önündən keçdi bu an. İlk aldanışlar, ilk büdrəmələr, zərbələr...

Səssizcə ağlamağa başladı. Bir də gördü hıçqırır.

Necə yuyacaqdı ləkəsini, bunu dəqiq bilirdi. Müqəddəsləri çirkaba batırmağın da bir həddi var. Həvəsdi, bəsdi!

Bu dəfə hönkürdü. Əlləri ona uzanan Rüfətin əllərini itələyirmiş kimi bir jest etdi. Dubay hotelində görüşləri, kəlmə kəsmələri, sonra doymadan bir-biri ilə ünsiyyətə girmələri, Bakıya birlikdə dönüşləri, birlikdə keçirdikləri o möcüzəli anlar, saatlar, günlər... Hamısı bir qəhər kimi sinəsində toplandı, onu boğdu. Qəribədir, xoşbəxtlik bir addımına gəlir, əl uzatsan, onu tutarsan, amma əlin sanki quruyub, hərəkətsiz qalmısan.

Göz yaşları sel kimi axırdı, köynəyinin sinəsini yamyaş etmişdi.

Pıçıltıyla bir neçə dəfə “Əlvida, mənim Rüfətim” kəlmələrini söylədi.Ovcunda sıxdığı bir ovuc həbi ağzına doldurdu, öyüyə-öyüyə uddu. Sonra özünü dənizə -- suların qoynuna atdı. Heç bir qorxu-hürküsüz, tərəddüdsüz etdi bunu.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

 

Tanınmış şair Vaqif Bəhmənlinin “Vaqif Bəhmənli. ƏSƏRLƏR" çoxcildliyinin 7-ci cildi işıq üzü gördü. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1 - 6-cı cildlərə Azərbaycanın qüdrətli ədibləri, parlaq qələm sahibləri - Bədirxan Əhmədli, Rahid Ulusel, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Elnarə Akimova, Qulu Ağsəs və Qulu Məhərrəmli ön söz yazmışlar. 

7-ci cild isə tənqidçi Bəsdi Əlibəylinin "Vaqiflərlə dünya dolu..." adlı hədsiz dəyərli məqaləsi ilə açılır. Kitabda şairin lirikasına geniş meydan verilib. Kitabın ilk iki şeirini təqdim edirik. Gəncilyi xatırlamaq da bir səyahətdi - ömrə səyahət!

 

Barmağını qatla görüm

 

Ürəyim gül parçasıdı;

hər nə edib, dilim edib.

İnsaf kimi seçəsidi,

kim kimə çox zülüm edib? –

Barmağını qatla görüm.

 

Hicran ki, var şükür yenə...

Bu da bir növ ərmağandı.

Dağ sinəmdə çatıb minə,

Əllərində barmaq ondu –

Barmağını qatla görüm.

 

Mənə yağan, məndən yağan

acı qalsın, şirini say.

Uşaqlığı qoy qırağa,

on yeddidən birini say –

Barmağını qatla görüm.

 

Qəm düzündə xışı çəkən

yaddan çıxıb dönüb yada.

Dərdi məndən yaxşı çəkən

adam varmı bu dünyada? –

Barmağını qatla görüm.

 

Aramızdan nə yel əsib

namərd olub duymamışam?

Yar yolunda indiyəcən

kim özünü qurban kəsib,

mən canıma qıymamışam –

Barmağını qatla görüm?

 

 

Üzük

 

O vüsal günləri ha yana düşdü,

Var imiş könlümü qırmağın sənin?!

Nə vaxtdan bu üzük payına düşdü –

Alışıb yanaydı barmağın sənin!

 

Səni bəxş etdilər nə bilim kimə,

Mənim sevməyim də bir günah imiş.

Həsrətin zəhərli gülləymiş, demə,

bu təmiz ürəyim nişangah imiş...

 

Nəfəsim alışıb gör necə yandı,

Yalvarram, o qızdan aralan, üzük!

Bəxtimə dolanan qızıl ilandı

Sənin barmağında saralan üzük.

 

Oyur ürəyimi min ağrı, giley

Qəm yüküm dəyirman daşı boydadı...

Yığılıb, kiçilib gözümdə hər şey

Yer üzü üzüyün qaşı boydadı!

 

Köçdüm gözlərinə günün birində

Varlığım qəlbində durmadımı bəs?

Sənin o nişanlın bəbəklərində

Mənim nişanəmi görmədimi bəs?

 

Bu sənin barmağın, üzük də baha -

İşıqlı var-dövlət qarmağın oldu.

Məni barmağına doladın daha,

Ən böyük düşmənim barmağın oldu!

 

Həsrətə çırpılıb əzilmişəm mən,

Ağrı qatar-qatar əzikdən keçər.

Soyulub qatbaqat nazilmişəm mən

Qamətim sap kimi üzükdən keçər...

 

Gün sürüb fərəhlə yaşardım yüz il

Bir an sıxılsaydım qucağına mən.

O sənə bəxş etdi bir parça qızıl,

Günəşi taxardım barmağına mən.

 

Bir sual bənd olub yaş boğan gözə

Niyə saf eşqimi günah sayıblar?

Səni bir oğlana, bir könülsüzə,

Məni də həsrətə nişanlayıblar!..

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə İspanaqlı balıq küküsünün hazırlanması qaydasını şərh edəcəyik. 

 

ƏRZAQ:

§ İspanaq – 100 qr

§ Göy və ya baş sarımsaq – 3 qr

§ Cəfəri – 15 qr

§ Mərzə – 8 qr

§ Quru forel balığı – 35 qr

§ Kərə yağı – 15 qr

§ Yumurta – 40 qr

§ Un – 10 qr

§ Sarıkök – 1 qr

§ Zəncəfil – 1 qr

§ Zirinc – 3 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr

 

HAZIRLANMASI:

Göyərtilər təmizlənir, yuyulur, xırda doğranır, dərin qaba qoyulur. Üzərinə qatıq, yumurta, əzilmiş sarımsaq, didilmiş təzə bişmiş və hisə verilmiş forel balığı, duz, istiot, ədva, zirinc əlavə olunur və yaxşı qarışdırılır. Tavada yağ əridilir, qarışıq tavaya əlavə olunur. 

Özünü tutduqdan sonra 200°C-də 20-25 dəqiqə isti sobada bişirilir. Hazır olduqda doğranır, pay (pors) və ya bütöv halda süfrəyə verilir. 

Qatıqla yemək daha münasibdir.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Hüseynbala Mirələmov, “Ədəbiyyat və incəsənət” üçün

 

Cümə günü Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında təşkil olunan hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. 

Tədbir Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutdu. Tədbirə tanınmış yazarlar, ədəbiyyat funksionerləri qatılmışdılar. Münsiflər heyətinin sədri olaraq mən də mükafatlandırma mərasimində iştirak etdim, müsabiqəyə qatılan və final mərhələsinə adlayan gənclərin yaradıcılığı barədə fikirlər səsləndirdim. 

 

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edirdi və müsabiqənin məhz Gənclər Günündə yekunlaşaraq qaliblərin təltif olunması ədəbi gənclik üçün bir stimul xarakteri daşıyırdı. 

Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.

Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi. 

Bir daha bu adları xatırladım: 

HƏVƏSLƏNDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, “Sehirli danaxor” hekayəsi;

Səma Quliyeva, “Bilinməyən həqiqət və şəkər malyariyası”.

 3-CÜ YER

Xan Abdulla, “Yazgülün nəvəsi”.

 2-Cİ YER

Orxan Cuvarlı, “Daş”.

1-Cİ YER

Cavid Babayev, “Üçnəfərlik motosikletlər”

Tədbiri açan Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis müsabiqənin məramı və məqsədi barədə, mükafatçılar barədə məlumat verdikdən sonra sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Anara verdi, Anar ədəbi gəncliyə güvəndiyini izhar etdi, istededadlı gənclərə ustad məsləhətlərini çatdırdı, qalibləri təbrik etdi. 

Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid, müsabiqənin münsiflərindən olan Təranə Vahid, “Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs çıxış edərək çağdaş nəsrimizdə gəncliyin rolundan, müsabiqəyə qoşulan gənclərin istedadından söz açdılar, ədəbiyyatımızın gələcəyinə olan inamlarını dilə gətirdilər. 

Mütləq şəkildə qeyd edim ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı, “Şirvan” cəmiyyəti və “Kəpəz” hospitalı idi. 

8 finalçının hekayələrində əsas tendensiya nədir? Odur ki, gənclər dövrün hekayəçilik tələblərinə bələddilər, nəyi necə yazmağı bilirlər, təhkiyələri də yetərincə bişib, mövzuları da maraqlıdır. 

Bəşir Niftəliyevin “Sehirli danaxor” hekayəsində yeniyetmə oğlan onu balıq tutmağa aparmağa söz verən və sözünü tutmayan atasına öz inadı ilə sanki dərs verir, təkbaşına gedib böyük bir balıq tutur, oğluna laqeyd olan ata da tutduğu hərəkətdən peşiman olur. Əlbəttə ki, dövrümüz üçün çox aktual mövzudur. 

Səma Quliyevanın “Bilinməyən həqiqət və şəkər malyariyası” kədərli bir sevgi tarixçəsidir, sanki çox gənc - cəmi 17 yaşı olan müəllif oxuculara deyir ki, həyat qısa, ömür fanidir, günlərin qədrini bilin. 

Xan Abdulla özünün “Yazgülün nəvəsi” hekayəsi ilə qarşımızda tam cilalanmış, əsl peşəkar bir mətn qoyur, ömrünü puça verən insan taleyinin acı hekayəti Yazgülün simasında oxucuların diqqətinə çatdırılır.

Artıq ədəbiyyatımızda kifayət qədər ciddi imza olaraq tanınan Orxan Cuvarlı imzasının təqdimatında verilən “Daş” hekayəsi Xocalı faciəsinin bir növ məcazvari ifadəsidir, belə ki, hekayənin qəhrəmanı Xocalıda uçulub dağıdıımış bir evin divarlarıdır. 

Ən nəhayət, müsabiqənin baş mükafatını qazanan Cavid Babayevə keçək, əslən Kəlbəcərdən olan, Gəncədə məcburi köçkünlük həyatı yaşayan bu gənc sözün həqiqi mənasında öz “Üçnəfərlik motosikletlər” hekayəsi ilə hamını təəccübləndirdi. Qeyri-adi nəqletmə, qəfil variasiyalar, öldürücü dərəcədə maraqlı mövzu - Cavidin hekayəsində hər şey var. 

Hər bir müsabiqənin səviyyəsini orda mükafat qazanmış əsəsrlər göstərir. Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsi bu sarıdan alnıaçıq, üzüağdır. Müsabiqə ədəbiyyatımıza yeni və çox uğurlu imzalar bəxş etdi.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Poetik Qiraətdə bu gün sizlərə ilk dəfə şairə Xuraman Muradova təqdim ediləcək. Oxucular sevgi şeirlərini böyük maraqla oxuyurlar, Xuraman xanımdan təqdim edilən şeir də sevgi şeiridir. 

Darıxmağın rəngi nə cürdür? Ağmı, qaramı? Bəlkə al-əlvan? 

 

 

DARIXMAQ…

 

Darıxmağın rəngi olmur, əzizim.

Darıxmaq şeh tutan gülə bənzəyir.

Yandırar qəlbini, gözə görünməz.

Ocağında sönmüş külə bənzəyir.

 

İnsana ayrılmaz bir yoldaş olar,

Sığınar dərdinlə bir sirdaş olar,

Darıxmaq qəlbində dərin iz salar.

Tufanla sovrulan yelə bənzəyir.

 

Çox dayaz görsənər, amma dərindi,

Həsrəti ömürlük qəlbdə yerindi,

Üşüyər hər zaman, yeri sərindi,

Darıxmaq bir çaya, gölə bənzəyir.

 

Yaralar adamı öz can evindən,

Əridər, məhv edər, saça salar dən,

Susarsan, ürəyin dolar kədərdən.

Darıxmaq lal olmuş dilə bənzəyir.

 

Eyləyər qəlbini lap oyuq-oyuq,

Hərdən qaynar olar, hərdən də soyuq,

Eyləməz özünü heç nəyə layiq

Darıxmaq, səhraya, çölə bənzəyir.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Elə insanlar var ki, aramızda olmasalar da heç zaman unudulmurlar. Biz onları ehtiramla yad edir, sevgiylə xatırlayırıq. Bu il onlardan birinin- ölməz sənətkar, xalq yazıçısı İsmayıl Şıxlının 105 illiyidir...

 

Son dərəcə dinamik, enerjili, özünə güvənən, müstəqil düşüncəli, azad bir insan idi. Şəxsi keyfiyyətləri o dərəcədə yüksək idi ki, xalq içində bir şəxsiyyət kimi böyük nüfuz qazana bilmişdi. Dostları üçün çox işlər görmüşdü. İnsanlara yardımçı olmağı və onların problemlərini bölüşməyi sevərdi. Göstəriş almaqdan xoşlanmaz, inadcıl, öz sözündən dönməzdi. Yeri gələndə sərt çıxışları ilə auditoriyanı lərzəyə gətirə bilirdi...

 

1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat etdi, ruhu şad olsun! 

 

O, dünyaya gələndə Azərbaycan Demokratik Respublikası cəmi bir il idi ki, qurulmuşdu. Ölkədə güclü ictimai-siyasi proseslər gedirdi. Atası Qəhrəman kişinin halal müəllim süfrəsində gələcək şöhrətindən xəbərsiz böyüyürdü. Və bir gün, on doqquz yaşında ikən ilk "Quşlar" şeiri "Ədəbiyyat" qəzetində dərc olundu. Bu onda böyük həvəs yaratdı. Başı müharibəyə qarışsa da qələbədən bir il sonra "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə mükəmməl ədəbi yaradıcılığa başladı. O vaxtdan başlayaraq son nəfəsinədək özünü ədəbiyyata həsr etdi...

 

Başladığı işi sona çatdırmağı xoşlayardı. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib idi. Həllini tapmamış problemlərə nifrət edirdi. Davamlı olaraq yenilik arzusunda olması onun ən diqqət çəkən xüsusiyyətlərindən biri olub. Heç zaman özünü məhdudlaşdırmağa çalışmazdı. Ona nəyisə bəyəndirməyə cəhd etmək mənasız olsa da olduqca həssas insan idi...

 

Ərsəyə gətirdiyi əsərlər çox olub. Amma ona ümumxalq məhəbbəti gətirən əsəri isə “Dəli Kür” oldu. Müəllifi olduğu bu əsərdə “Cahandar ağa” adlandırdığı baş qəhrəmanının obrazı, bəlkə də onun daxili dünyasının təzahürü idi.  Biz onun vasitəsi ilə Cahandar ağanı sevdik, qəlbimizdə, yaddaşımızda yuva qurdu. Nə qədər ki, Cahandar ağa yaşayır, haqqında söhbət açdığım xalq yazıçısı İsmayıl Şıxlı da yaşayacaq…

 

Bəli, qırx altı gündən sonra, yəni martın 22-də Azərbaycan ədəbiyyatının zirvələrindən biri- İsmayıl Şıxlının 105 illiyi tamam olur. İnanmaq istəyirəm ki, ismayılşıxlısevərlərin təşəbbüsü ilə mədəniyyət nazirliyi bu məsələni diqqətdə saxlayıb, unudulmaz yazıçının yubileyinin dövlət səviyyəsində keçirilməsinə səy göstərəcəkdir...

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Monday, 05 February 2024 11:00

“Şəkil albomu” - Portret-esse

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

 Hər kəs bir az ədəbiyyatdır. Hər kəs bir az musiqi.

Bu günki yazımın baş qəhrəmani Xalq artistimiz Siyavuş Kərimidir.

Öz köklərinə sadiq bir adam. Musiqınin bütün növlərinin dərin bilicisi kimi, bütün musiqi alətlərində ifa etmək bacarığına malik olduğu üçun ona "orkestr adam" da deyirlər.

Kövrək ürəyinin səsi həmişə ifa etdiyi musiqilərdə duyulur. O, daim sakit və təmkinli görünür.

Araşdırmalarım məni yanıltmadı. Hər şeydən qabaq uşaqlıq illərindən danışanda gözlərində nisgil olduğunu hiss etdim. Bunu çözməyə çalışdım. Bir az söhbət etdik. Verilişlərin birində ona uşaq çağlarından, qayğısız illərindən sual veriləndə, əksinə, qayğılanıb belə deyib: "Mən kınostidiyada böyümüşəm".

Bu söz məni uzaqlara çəkib apardı. Mənim də ailəm Kinostdudiyaya bağlıdır.

Atam Kinostudiyada baş redaktor olub, qardasim erkən yaşlarından kinostudiyada işləyib. Mənim də göz önümə Kinostudiyanın uzun dəhlizləri və sıx ağaclarla əhatə olunmuş həyəti gəldi. Və bu uzun dolanbac dəhlizlərdə gələcəkdə Azərbaycan musiqisi, incəsənəti üçün gərəkli sənətkar olacaq balaca Siyavuş.

Söhbəti asta səslə davam edir: "Mən kinostudiyada böyüdüm və orda böyük sənətkarlar mənə xeyir-dua verib, başıma sığal çəkib".

O, tez- tez Rafiq Babayevin adını çəkib, "Əlvida adamı" fikrə gedərkən xatırlayardı. Rafiq Babayev dövrünün musiqi aləmində yenilik, inqilab edən bir sənəkar idi. Yaratdığı musiqi ilə cazın vəhdəti o dövürdə musiqiçiləri ovsunlamışdı. Siyavuş Kərimi də bu möcüzənin ardıyca gedirdi və bu sevgi hələ də onun üçün böyük dəyərdir. 

Bəstəkar kimi ən çox teatr və kino üçün musiqilər yazmağa önəm verir.

Hər gün yenilik yaratmaq eşqini görürəm. Siyavuş Kərimi dostunu və sənətinə vurğun olduğu Rafiq Babayevi gözəl xatırlayır. Çox böyük araşdırmalarımda yenə müqayisələr aparıram.

Atalar da bir-birinə bənzəyir. Həmişə yaxşı kişilər yaxşı ataların övladı olur. Siyavuş müəllim atası haqqında danışanda gözlərində ümid, sevgi doğuldugunu gördüm. "Anamı bir az erkən itirdim - 30 yaslarında. Anam zəhmətkeş evdar qadın idi". Gözlərində nisgil tumurcuqlanir. "Sonra uzun müddət atamla tək qaldıq, onun üçün hər sey etməyə çalışdım". Söhbəti dəyişməyə çalışıram ki, kövrəklik bitə. “Övladlarım? Üç oğul övladım var". Söhbət əsnasında  Əşrəf  zəng edir. Əşrəf Siyavuş Kəriminin ortancıl oğludur. Ona atasının adını verib. Böyük oğlu gözəl musiqiçi Emin Kərimi indi Amerikada yasayir. Kiçik oğlu Rüstəmin danışığında atası, Siyavuş Kərimiyə oxşarlığı daha çox  duyulur. Siyavuş müəllim fəxrlə söhbətinə davam edir. Əşrəf son dərəcə ağıllı cavablar verir. Siyavuş müəllim övladlarına tələbələrə olduğu kimi şəxsiyyət qısmində yanaşır. Siyavuş Kəriminin bəstələdiyi əsərlərin hər biri də ondan bir parça, ona övlad kimidir. Siyavuş Kəriminin öz musiqi əsərləri üçün seçdiyi şeirləri dönə dönə oxudum. Bunların hər biri mənim sevdiyim şeirlərdir. Sözlərə baxın. Şair Baba Vəziroğlunun "Hicranın gözündən gözyaşı axaydı, kaş… Mənalı gözlərin təkliyə dözməyib bir dönüb baxaydı, kaş".

Musiqi əsərinin adı da “Kaş”dır. 

Və ya Cabir Novrizun o məşhur “Gecikmiş məhəbət”i, "Səni xəyallarda itirəcəyəm"... Və ya "Həzin bulaq kimi, sönməz çıraq kimi sevgim gələr dilə, yar” - “Ömrümün istəyi” əsəri. Hər üç bəstəsi nisgil və ayrılıq əsəridir. Bir çox ifaçıların ifasında dinlədiyim bu gözəl əsərlərin hər biri bəstəkarın ürəyinin səsindən cavab verir. Siyavuş Kərimi yaradıcı iç dünyasıyla paralel olaraq bütünlükdə özünü Azərbaycan Milli Konservatoriyasına bağlaya bilmişdir. Onun tələbələrə, müəllimlərə olan münasibəti son dərəcə səmimi və doğmadır. Yadima öz təhsil aldığım ali məktəb düşür. Mən bes il ərzində, bir dəfə də olsun, rektoru görmədim. Rektor o qədər əlçatmaz idi ki, biz onun yalnız bir qüvvə kimi hiss edirdik və içimizdə izaholunmaz qorxu var idi. Azərbaycan Milli Konservatoriyasında isə tamamilə ayrı abu-hava hiss edilir. Məsələ budur ki, həmsöhbətim musiqiçi olmaqla yanaşı Azərbaycan Milli Konservatoriyasının rektorudur. Suyavuş Kərimi fədakar insandır. Heç yoxdan gözəl bir universitet yaratmağı bacarıb. Burda olan nizam-intizama söz ola bilməz. Başqa gözəlliklərdən hələ danışmıram. İllər əvvəl Heydər Əliyev Siyavuş Kərimini yanına çağırır və musiqiylə nəfəs alan istedadlı adama Azərbaycan musiqi təhsili üçün önəmli bir tapşırıq verir. O gündən böyük çətinliklərlə addımlayan Siyavuş Kərimi indi də o missiyanı yerinə yetirməkdə usanmadan davam edir. Azərbaycan Milli Konservatoriyasını bu həddə gəlib çıxması üçün böyük keşməkeşli bir yol keçdi. Kafedralar yaratdı. Azərbaycan misiqisini yaşatmaq naminə çox böyük yeniliklərə imza atdı. Ətrafina topladığı sənətkarların hər biri bu amala xidmət etməyi bacardı. 

İndi səliqə səhmanlı dəhlizlərdə nizamli müəllimlər və istedadlı tələbələr, bir də musiqi sədalarına rast gəlirsən. İnsan sadəcə bu dəhlizlərdə dolanmaq istəyir, bu ayrı-ayrı milli musiqi alətlərimizdən, piano səslərindən sanki bir əsər dinləyirmiş kimi valeh olur. Heyf, sözlərin qoxusu və eşidilməyi ovqata bağlıdır. Mən sanki eşidirəm onları. O, bayaqdan bəri söhbət açdığım Rafiq Babayevin musiqi ənənəsini bu kiçik sənət qaynayan təhsil ocağına gətirə bilmişdi Siyavuş Kərimi. Səhnə mədəniyyəti, insanlıq, dərslərə maraq, məsuliyyət bir təhsil ocağının əsas şərtləridir. 

O, düşünür ki, yaradıcılıq bütün cəhətlərin önündə dayanır. Belə düşünməklə bu qədər böyük işlər görmək olar.

Ömrünün ikinci baharında sevib seçdiyi xanımı Günayına da bu gözəl təhsil ocağında rast gəlib. Bu sevgidən iki ağıllı balaları olan sənətkar, bütün övladları barədə danışarkən eyni təbəssümlə gülümsəyir. Tələbələri və musiqisi, ailə dəyərləri, valideynləri, ömür yolu - hər addımı gözəl anladır və fərəhlənir. Ondan valideynlərini soruşanda: "Mən atama çox bağlı idim" dedi. Nə üçünsə müsahibimin anasına bağlı olduğunu düşünürdüm. Yalnız o, atasından onun səhnəyə gəlməsində səbəbkar olan bir insan kimi danışdı. 

Onunla söhbət şəkil albomuna baxmağa bənzədi. Bu şəkillərin hamısında o gülümsəyir. Ömrümüz bir neçə şəkildir əslində.

Siyavuş Kərimi bu şəkillərə solmayan bir sənət ceşməsidir. Bir də görürsən, tələbələri üçün müşayiət edir. Bir dəfə bir səhnə məni çox kövrəltdi. Görmə qüsurlu tələbəsini qucaqlayib kövrəlmişdi. 

Bir dəfə də caz ifaçı tələbələrin konsertində birdən susub kövrəldiyini hiss etdim. Bu dünya  bir neçə şəkildən ibarətdirsə, o, mənim üçün bu iki şəkildə insan kimi aydınlaşır. Bu albomun vərəqlərində  

Siyavuş Kərimi və onun musiqisi, Siyavuş Kərimi və onun sevgisi,

Siyavuş Kərimi və sevdiyi, yaratdığı Azərbaycan  Milli Konservatoriyası,  

Siyavuş Kərimi və övladları, ona bənzəyən üç kübar oğlan uşağı, Siyavuş Kərimi və atası və məni düşündürən şəkil - balaca Siyavuş  və əlindən tutduğu anasını görmək olar.  

Bu şəkillər ömür səhifələridir. Mən onu vərəqlədikcə paralel olaraq öz ömür səhifəmi və yaxud indiyə qədər esse yazdığım onlarla sənətkar ömrünü vərəqlədim.

Bu gün vərəqlədiyim bu sənətkar ömrü nə qədər təmiz və pak dünyadan idi - musiqi dünyasından.

Azərbaycanın zəngin musiqisi olduğunu hər kəs bilir. Rafiq Babayev yeni ənənə gətirdiyi Muğam-Caz sintezini qəbul edən o dövrkü  gənclik bu günün Musiqi ənənəsini daşıyır. Onlardan biri də Siyavuş Kərimidir. Sənətkarları qorumaq lazımdır. Onlardan öyrənmək və gələcəyə ötürmək lazımdır.

Esseni yazıb bitirincə bir çox ifalarda “Ömrümün istəyi” əsərini dinlədim. Bu nisgil dolu əsəri hamı, hər kəs özününkü kimi oxuyub. Çünki hər bir insanın içində önun daxili səsi var, hansı ki, təkcə musiqi vasitəsiylə  eşidilir. Səsin sehri isə ayrı bir mövzudur. Hər kəs bir az ədəbyyatdır, hər kəs bir az musiqi. Bu gün mən sizə "musiqi adam"dan danışdım. 

Səsdə, Sədada olun.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Ölkənin nəşriyyat-pliqrafiya sektorunda əhəmiyyətli rol oynayan Azərbaycan Nəşriyyatlar Assosiasiyasının  2024 il üçün ilk Ümumi yığıncağı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı qurumun sədri Şəmil Sadiqdən tədbir barədə ətraflı bilgilər alib. Beləliklə, yığıncaqda:

1. Yeni struktur təsdiqlənib;

2. Aprel ayında keçiriləcək Azərbaycan Naşirlərinin I Forumunun detalları müzakirə edilib;

3. 2024-cü il üçün Fəlaliyyət planı təsdiqlənib;

4. Yeni üzvlük haqqı formatı müəyyənləşdirilib.

 

Şəmil Sadiq “ANAİB -in yaranması Azərbaycan nəşriyyatçılığına nə qazandırdı” sualını da cavablayıb:

1. Regionlarımıza sərgilərlə kitab getdi, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Xırdalan…;

2. 30-dan çox Azərbaycan nəşriyyatı bir bayraq altında birləşib ümumi mənafelər naminə fəaliyyət göstərdi;

3. Naşirlərin peşəkar inkişafı üçün xeyli tədbirlər keçirildi;

4. Nəşriyyat problemlərini birlik adından yüksək kürsülərə çıxara bildik;

5. Beynəlxalq tədbirlərdə birgə iştirak edə bildik;

6. Kitab mağazaları ilə nəşriyyatların əməkdaşlığına töhvələr verdik;

7. Məhz son illərdə 4-5 yeni nəşriyyatın yaranmasında birliyin rolu oldu;

8. Ən əsası - bir-birimizi yaxından tanıdıq, əməkdaşlıq etdik! 

9. Ölkəmizdə ilk dəfə olaraq Uşaq kitab festivalı təsis etdik;

10. Daha saymadığım və ya unutduğum çoxlu maraqlı işlərlə yadda qaldıq!

 

İkinci ayını yaşadığımız 2024-cü ildə ANAİB yenə də kitabın və kitabçılığın inkişafında müstəsna fəaliyyətlə yadda qalacaq. Quruma uğurlar arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Monday, 05 February 2024 15:00

Xeyli vaxtdır ki, yol gedir...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Kim deyibsə düz deyib, həqiqətən də insanlar işdə, vəzifədə, fəaliyyətdə bir-birini əvəz edə bilsələr də, fərd olaraq heç kim əvəz olunmur.  Barmaq izləri bir-birini təkrarlamadığı kimi, insanlar da bir-birini təkirarlamır, fərqli təyinat icra edirlər. Onun da öz təyinatı vardır, varlığına biçilən, taleyinə yazılan təyinat…

 

1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində doğulandan üzü bəri çox uzun yol keçib. Dörd ali təhsilə yiyələnib. Muzey işçisi də olub, redaktor da işləyib, dövlət qulluğunda da çalışıb. Üstəlik, dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunub. Filologiya elmləri namizədidir…

 

Deyir ki,- “Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.

Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insanlığa yönəlmiş təbliğat olsun”…

 

Haqqında söhbət açdığım şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adamdır. Yaşı yetmiş ikini keçsə də bir yerdə dayanmağı xoşlamır. Necə deyərlər, civə kimi qaynayır. Son illər özünü Azərbaycan musiqisinin şahı- muğama həsr edib. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edir. Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra edir, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirir. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil edib. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirib…

 

1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görüb. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələyib. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa edib…

Marqlı insandır. Səyahət etməyi xoşlayır. İndiyədək otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olub. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alır. Muğamın vurğunudur. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarır. “Muğam mənim yaralı yerimdir”- söyləyir.

Arzuları çoxdur. İstəyir ki, ata-baba yurdu Cəbrayıla rahat gedib gələ bilsin...

Deyir ki,- “Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiniz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orada qalıb. İnanın ki, Cəbrayıl, eləcə də doğma kəndim Kavdar məndən ötrü Məkkə-Mədinə qədər müqəddəsdir...”

 

Bəli, hər kəs varlığına biçilən taleyi yaşayır və öz təyinatını icra edir. Gülhüseyn Kazımov da öz taleyinin yolçusudur. Xeyli vaxtdır ki, yol gedir. Bu yolda onu heç kim əvəz edə bilməz...

 

Onun növbəti ad günüdür, 73 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, ağrı-acısız günlər arzulayırıq.

Yeni yaşınız mübarək, Gülhüseyn müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.