Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik.
“Mənə yüz il ömür arzulamayın” - şairin ən populyar şeirlərindən biridir. 

Mənə yüz il ömür arzulamayın -
Xəzan yarpağıtək qovmasın külək,
Gözlərim görsə də, ayağım - əlim
Əsalı olanda dayansın ürək.

Mən yüz il ömür arzulamayın –
Bu qədər yaşayan hansı çiçəkdir?!
Mən yaşda qalmırsa taytuşum-tayım,
Qurdnan qiyamətə qalmaq deməkdir.

Mən yüz il ömür arzulamayın
Yerişim, gülüşüm, səsim itməsin,
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.

Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı - pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.

Tanrıdan bir ömür diləyin mənə,
Taleyim sevgiylə baxsın üzümə,
Görsün yad payına şərik deyiləm
Gərək olmayanda özüm-özümə,
Deməli heç kəsə gərək deyiləm!

Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.

Mənə yüz il ömür arzulamayın -
Ləyaqət, təmiz ad atıb getməsin
Dünyaya qalacaq malı dünyanın -
Karvanın lənətə batıb getməsin
Mənə yüz il ömür arzulamayın...


“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Poetik Qiraətdə bu gün sizlərlə Arzu Hüseynin “Ona deyin” şeirini təqdim edirik. 

“Ona deyin yiyəsizəm mən onsuz” - sizcə ayrılığın gətirdiyi əzabı bundan gözəl ifadə etmək olarmı? 

 

Qara çətir, yalın ayaq gecələr,

Ala gözlü o sevdaya xəbər ver.

De ki, onsuz yiyəsizdir küçələr,

De ki, onsuz sevinclərim qəhərdir.

 

Bakı yolu bağırışan maşınlar,

O bilir ki, xoşlamıram səs küyü.

Az deyil e, özüm boyda yaşım var,

Yaraşarmı yollarına göz döyüm?...

 

Qaya dedi, ürəyimə daş dedi,

Heykəl oldum, buza döndüm anında.

Toxunmazdın nəfəsimə kaş dedi,

Bir də baxdım üşüyürmüş yanımda.

 

Qucaqladım, uşaq kimi ağladı,

Kiprikləri titrədikcə əridim.

İkimizdən bütöv dünya olmadı,

Tez anladım, tez yoruldum, kiridim.

 

Özüm mətin, məhəbbətim qürürsuz,

Səbrim hər gün biraz daha incələr.

Səpələyib saçlarına ay-ulduz,

Qara çətir, yalın ayaq gecələr.

 

Ona deyin yiyəsizəm mən onsuz,

Ona deyin yiyəsizdi küçələr...

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin  şeirlərini təqdim edir.

 

Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.

 

SÜLH

 

Keşkə səsini dağlara, 

Nəfəsini bağlara

Gözəlliyini göy qurşağına paylaşaydım. 

İsti əllərini sevgililərin ilk görüşünə

Ürəyini

Oğlu savaşda yubanmış ananın

Sap-sarı astanasına. 

Maviliyini dənizlərə qoşaydım

Səni dalğalarla bağlaşaydım. 

Ahaaaaay

Mahnılarımın Sarı gəlini

Buludlardan uzaldaydın yağış əlini. 

Ulduzlardan göz vuraydın, 

Gülümsəyən heykəlini

Calanaydın qaraqançıl kürəmizin

Qsır dodaqlarına. 

Səs-səsə verib oxuyaydıq

Ozaylar uzunu. 

Saçın ucun hörməzlər

Gülü qönçə dərməzlər…

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Fevralın 3-dən Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayır.

 

Muzeyin yaydığı məlumata görə, nümayişi şənbə və bazar günləri muzeyin kinozalında keçiriləcək.

Fevralın 3-4-də rejissor Şamil Nəcəfzadənin “Üfüqü ötənlər” tammetrajlı bədii-sənədli filminin nümayişi olacaq. İki hissədən ibarət film beş tanınmış avanqard rəssam – Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevdən bəhs edir. 2011-ci ildə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş filmin ssenari müəllifi Sara Oğuz Nəsirova, operatoru Nizami Abbas, prodüseri Cavid İmamverdiyev, koordinatoru Şirin Məlikovadır.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Qeyd etdiyimiz kimi, bu gün Şuşa Dövlət Musiqili Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

 

Tamaşa teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.

Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.

Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Friday, 02 February 2024 16:00

QİRAƏT SAATInda “Eşq mələyi”

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

48-ci hissə

 

Son məktub

 

“Rüfət.Əzizim, canım, padşahım, sultanım, ən çox istədiyim insan, istədim sənə telefonda yazım göndərim, amma dedim, yox, qoy sənə ovaxtkı kimi yenəkağız məktub yazım, həmin hissləri yenə yaşayım. Çünki bu yazımda sənə çox şeyləri anladacam, hansı ki, göz-gözə anlada bilməmişdim.

Sən bilirsən kimsən? Sən mənim ən ülvi hisslərimin təcəssümüsən deyərdim, ancaq bu, azdır. Sən mənim xoşbəxtlik arzularımsan deyərdim, ancaq bu da azdır. Sən mənim döyünən ürəyimsən, aldığım nəfəsimsən.

Növbəti gündə günəşin doğmasını səninlə görmək istəyərdim. Ləpələrin sevgi dolu sahilə çırpılmasının səsini səninlə dinləmək istəyərdim. Günəş doğanda istəyərdim başımı çiyninə qoyum, qoxunu hiss edim. Əlim qollarını tutub kişi əzələlərini hiss etsin. Sən də mənim saçlarımı nəvazişlə sığallayasan, mənim sultanım. Eh, sən bilirsən bu anlara yetişmək üçün nə qədər göz yaşları axıtmışam?

Amma sabah olmayacaq daha mənimçün. Əsas odur, mənim son məktubumun son sözlərini sən oxuyacaqsan. İlk xəyallarım, ümidlərim səninlə olub, əzizim. Son xəyallarım və ümidlərim də səninlə olacaq.

Sənə bu sözləri yazıram. İnan ki, qısa yazmaq istəyirdim, ancaq alınmır. Bir fikir mübadiləsi də etmək istəyirəm. Biz qadınlar siz kişiləri sevərkən öz sevdiyimiz, fəxr etdiyimiz, güclü saydığımız atalarımıza oxşadırıq. Sizi Allah sevgisi ilə sevirik. Bəs siz? Sizin də sevginiz belə ülvidirmi? Əksər halda yox. Bir dəfə hansısa romandan oxumuşdum, sevgi -- qadın ömrünün qalın romanı, kişi ömrünün qısa hekayəsi. Kişilər qadınlarla münasibətə əksərən əyləncə, eyş-işrət kimi baxır, bu bəsitlikdən çıxa bilmirlər.

Sadəcə əsl kişi olmaq lazımdır. İstəyirsən çoban ol, istəyirsən xan. Qadını kişilərə tərəf sözlər yox, hisslər çəkir. Hər qadın xanım olmadığı kimi, hər kişi də ərən deyil.

Təbii olan hər şeyə biz cəmiyyət çirkin obraz verməyi sevirik. Küçə qadını ilə ev qadını arasındakı sərhəd, incə xətt hardadır? Axı küçədəsizin seçdiyiniz, hədiyyələrə, şirin dillərə, yalvarışlara tutduğunuz qadınlar var, onlara qarşı bu cür münasibət göstərsəniz də, evinizdəki öz halal xanımınızla kobud rəftar edirsiniz, qışqıra-qışqıra, təhqirlərlə danışırsınız. Siz kimi seçirsiniz axı, küçə qadınını?

Əzmək, alçaltmaq siz kişilərə zövq verir. Əməl əxlaqın ölçüsüdür. Əxlaq isə cəmiyyətin. Cəmiyyət sütunu sayılan siz kişilər cinsəl olaraq acsınız, doymamısınız. Doymazlıq və aclıq birləşəndə hər qadını siz kişilər fahişə qismində görürsünüz.

Siz kişilər maariflənmək istəmirsiniz. Ancaq lağa qoymaq, ən pis sözlər söyləmək bizim cəmiyyətdə dəbdir. Küçə sözlərini elm, maarif kimi qəbul edirsiniz. “İstəmirik maariflənmək” deyirsiniz.

Kütləşmək səviyyəsi cəmiyyəti aciz qoymaqdadır. Pozğunluq, əxlaqsızlıq, oğraşlıq toxumu bizi bu günə qoyub”.

Fikirləri ara-sıra pozulurdu, mətləbdən-mətləbə keçirdi. Bəzən dayanır, nədən yazacağını unudurdu. Beləcə, son məktubunu yazmaqda idi. Ətrafdakı insan axını isə hərəkətində-sözündə olmayan, daşın üzərinə əyləşərək dizinin üstündəki çantasını özünə masa edib göz yaşları axıda-axıda nəsə yazan bu qadını maraqla, bəziləri təəccüblə süzməkdə idi.

“Hər kəsin cinsəl həyatı cəmiyyət üçün maraqla qarşılanır. Hamı hamını güdür, söz aparıb gətirir, şəbədə qoşma, şər atma dəbdən düşmür.

Ən dəhşətli xəyanət insanın özünə, öz ruhuna, öz prinsiplərinə, yaşadığı həyatına xəyanətidir.

“Milli fahişə”. Bu sözə ara-sıra rast gəlməkdəyəm. Siz kişilər bu yarlığı biz qadınlardan çoxdan asmısınız.Bəs biz qadınlar milli oğraş, milli alçaq, milli nakişi sözlərini niyə işlətməyək? Axı bunlar da kişi fahişəliyidir.

İllər boyu biz qadınlara uşaqlıqdan “qızım, ağıllı ol” nəsihəti verilir, bir az böyüdük, bizə“özünü ailəyə uyğun apar” deyirlər, “ərə gedərsən, necə bilirsən, elə hərəkət edərsən” deyə qulağımızdan əriştə asırlar. Ərə gedəndən sonra isə “səbirli ol, döz” deyirlər, “ərin zülm verdi, qayınanan incitdi”, “gələn il hökmən yaxşı olacaq” deyib başımızın altındakı balışı rahatlayırlar, illər də belə bitir. Sual edirəm. Həyatımızı kim puç edir?

Bir saniyəyə insan öz xoşbəxtliyini itirə bilər. İnsanın içi boşluqla dola bilər.Bir səhv insan həyatını sona çatdırır.

Dünyanı sevgi və aclıq idarə edir. Əgər sən maddiaclığa qalib gəldinsə,onda mənəvi aclığa yenilməyəcəksən, sevgiyə gələcəksən.

Məni kim fahişə etdi? Cəmiyyət, ailəm, ərim, sevgim, oxuduğum kitablar, baxdığım teleseriallar və ya şou proqramlar? Yoxsa elə fahişəlik mənim içimdə yatmış idi?

Yoxsa genimdə var idi?

Mənim günahımı kim boynuna götürəcək?

Nə olur-olsun, hər günah sahibi mənəm. Mənə nə bu dünyada, nə o dünyada məhkəmə bəraət verə bilməz.

Qəbrimi daha dərin qazın. Və adsız, balaca başdaşı qoyun ki, heç olmasa mənə də kimsə kim olduğumu bilmədən dua oxusun. Qoy itim bu dünyadan. Övladım utanmasın nə vaxtsa.

Hər murdarlığı gördüm. Bilirsən, ürəyim, canım, Rüfətim, bu söz sənə şamil edilə bilməz, amma siz kişilər hər yerdə eynisiniz.Sadəcə, rənginiz, diliniz başqadır. Düşüncəniz və psixi durumunuz eynidir. Yazıqlar olsun sizlərə ki, hələ də biz qadınlara qiymət verə bilməmisiniz.

Birvaxtkı məsum Ülkərdən daha əsər-əlamət yoxdur. Gözəlliyim, paklığım --hamısı puç oldu.

Rüfət, qəlbimdə həmişə sənə olan sevgimi illər boyu varlığımla qorumuşam. İndiyədək ruhumda, içimdə, düşüncəmdə mənimlə birgəsən. Hara baxmışam, həmişə səni görmüşəm.

Pul ilə qadının bədənini almaq olar, sevgisini yox. Bəzən sevgi bədbəxt eləyir, bütün sevənlər çox da xoşbəxt olmurlar. Sən vicdanı, ruhu təmiz bir insan olduğunçün hər bir insanı təmiz və pak görürsən. Sanki pak bir uşaqsan. Sənə yalvarıram, diz çöküb qarşında təvəqqe edirəm, bu cür qal, onda cəmiyyət yaşayacaq. Sən tək deyilsən, Rüfət, sənin kimi ərən kişilər az da olsa, var.

Bizim kimi pula satılan qadınlar hər dəfə yatağa girdikdə bilirsən necə əzab çəkir, cizmən əriyib külə dönürük?

Dünya həssas insanlar üçün cəhənnəmdir, bil. İnsan yaşayarkən insan kimi yaşamalıdır. Sevgiylə, xoşbəxt. Sən mənim əlçatmaz ulduzumsan, Rüfət. Həyasızda vəfa axtardıq, əxlaqsızda iman.Sən mənim həyatımda ən dəyərli kitabsan. Heyif ki, mən onu axıradək oxuya bilməyəcəyəm.

İndi məni ən çox bilirsən nə düşündürür? “Qiyamət günündə mən kim olacam” sualının cavabı. Fahişə, yoxsa ana?

Əməl əxlaqın ölçüsüdür. Mən hər bir qadın kimi sevgi yaşamaq, yaşatmaq istədim. Gözəl həyat yoldaşı, ər sahibi, xanım olmaq istədim. Amma mənim dünyam mənə zindan oldu. İnsanlığım cəhalət quyusunda öldü.

Mənim indi bir dostum var, o da Allahımdır. Sənə olan sevgidən uzaqlaşmaq istəyirəm. Çünki Allah bilir ki, səni nə qədər sevirəm.

Həmişə qəlbimdə olan sevgini bütün varlığımla qorumuşam. Yeganə insansan ki, mənimlə mehribanlıqla, sevgi diliylə, təmiz danışdın. Dedim axı, çünki sən özün təmiz və paksan.Mən Allahdan sevgi istəyirdim, o da sənin qismində verdi. Bir arzum var idi: sevmək, o da oldu. Səni gördüm. İnamım, imanım artdı. Mənim gözüm kor idi bu vaxta qədər. Sən açdın gözümü.

Səni ləkələyə bilmərəm. İstəmirəm ki, mən sənin yanında gedəndə kimsə barmaqla göstərsin ki, fahişə saxlayana bax.

Rahat ölməyimi istəyirəm, Allahın günahlarımdan keçməsini istəyirəm.

Övladıma baxmağını səndən xahiş edəcəyəm. Bu qısa müddətdə sən mənə yaşadığım rəzillikləri unutdurdun. Göz yaşlarım indi kədər deyil, sevinc yaşlarıdır, sevgi yaşlarıdır. Bir saniyəlik olsun belə sevginin dadını mənə göstərdin.

Məndən narahat olma, ölümümə çox da təəssüflənmə, mən kim, sən kim!.. Sən daha layiqli xoşbəxtliyə sahib olmalısan.

Bir saniyəlik sevgim mənə illərlə verilən əzab-əziyyəti unutdurdu, mənim əzizim, balım, canım.

Sənin saf sevginə layiq deyiləm. Mənim gözlərim kor, dilim lal, ürəyim möhürlü olub. Mən cəhənnəm odunda yanmağa layiqəm. Mənim həyatım və qəlbim illərlə günahlarla, küfrlə, suçlarla dolu idi, mən zəlil, ruhu ölmüş bir cəsədəm.

Rüfət, əzizim, ancaq bütün bunlarla belə, dünyanın ən böyük xoşbəxti mənəm ki, kəfənimin üstünə sənin sevgi dolu göz yaşların axacaq. Bir xahişim də var. Mənə həmişə qızılgül hədiyyə edərdin. Məzarımda qızılgül əkərsən ki, həmişə sənin ətrini hiss edim, ey mənim əbədi, hər iki dünyadakı sevgilim”.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Varlanmaq istəyən oxucularım, mövzumuz davam edir. Bu gün iki xırda bölümə baş vuracağıq.

 

Mənbələr və tələb olunan vəsaitin həcmi

 

Bu bölümdə siz aşağıdakı məqamlarla bağlı mülahizələrinizi təqdim etməlisiniz:

·        Tələb olunan vəsaitlərin həcmi;

·        Bu vəsaitləri haradan, hansı şəkildə və hansı müddətə almaq  ehtimalı;

·        Vəsaitin qaytarılma müddəti.

 

Maliyyə planı və risklərin analizi

 

Biznes-planın bu bölümünün vəzifəsi əvvəlki materialları ümumiləşdirmək və onların rəqəmli, daha doğrusu, dəyər ifadəsini təqdim etməkdir. Rəqəmlərdə sehrli və təhlükəli heç nə yoxdur. Onlar əvvəlki bölümlərdə yazılı ifadə etdiyiniz qərarları əks etdirir. Əgər siz hər həftə əmtəənizin reklamını yerli KİV-də yerləşdirmək qərarına gəlmisinizsə, sizin maliyyə planınızda bu qərarı əks etdirən rəqəm mütləq olmalıdır. Əgər siz əmtəənin bir hissəsini ucuz qiymətə satmaq istəyirsinizsə, müvafiq rəqəm bunu biznes-planda əks etdirəcək.

Hər bir işgüzar qərar rəqəmlə müşayiət olunur. Bir yerdə götürülmüş bu rəqəmlər isə sizin maliyyə planınızın əsasını təşkil edir. Bu rəqəmləri  «havadan» götürmək olmaz. Çünki bütün maliyyə formaları bir-biri ilə əlaqədardır və buraxılmış bir səhv digərini doğurur. Buna görə də sizin rəqəmlər həmişə dəqiq hesablamaların nəticəsi olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Ötən illərin 2 fevralında nələr olub? Baxdım və bu tədbiri seçdim, düşündüm ki, oxucularım üçün də xatırlamaq maraqlı olar.

Azərbaycanda növbəti dəfə Gənclər günü qeyd edilməkdədir.

Sabunçu Gənclər Evində 125 gəncin iştirakı ilə keçirilən “Gənclərin karyera və motivasiya forumu”nun spikerləri öz sahələrində kifayət qədər uğur qazanmış, karyeraları ilə gənclərə motivasiya ötürən şəxslər idi: dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktoru Cəfər Nəcəfov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Avrasiya Materikinin ədəbiyyat üzrə 3-cü LiFFT festivallar festivalının qızıl laureatı, yazıçı Varis Yolçuyev, Azərbaycanda ilk ayaqqabı brendi "Danilov"un yaradıcısı İlyas Danilov və nitq mədəniyyəti, yüksək etik protokol qaydaları üzrə bir çox dövlət və özəl qurumların təlimçisi, Etika Akademiyasının rəhbəri Günel İbrahim. 

“Ədəbiyyat və incəsənət” portal Sabunçu Gənclər Evinin İctimaiyyətlə əlaqələr üzrə katibi Nərmin İbrahimovaya istinadən məlumat verir ki, məqsədi gəncləri yeni ilə öz karyeraları üçün motivasiya ala biləcəkləri spikerlərlə görüşdürərək ilhamlandırmaq olan forumu Sabunçu Gənclər Evinindirektoru Samir Mehralıyev açaraq 2021-ci il ərzində fəaliyyətlərinə görə Sabunçu Gənclər Evinin ən fəal könüllülərini təltif etdi.

Daha sonra hər bir spiker olduqca maraqlı çıxışlar edərək gənclərə faydalı məsləhətlər verdilər, onların çoxsaylı suallarını cavablandırdılar.

Sonda forum iştirakçıları “Ailə fotosu” çəkdirdilər.

Forumdan sonra gənclər üçün “Gənclər partisi” təşkil olundu. Gənclər həm əyləndilər, həm də müxtəlif yarışlarda iştirak edərək Sabunçu Gənclər Evindən hədiyyə qazandılar.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirməkdir, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Keçirdiyi layihələrin keyfiyyəti, onlara gənclərin böyük həvəslə qoşulması belə deməyimizə əsas verir ki, Sabunçu Gənclər Evi qarşısına qoyulan vəzifələrin öhtəsindən layiqincə gəlir, ölkənin gənclər siyasətinə layiqli töhfələr verir.

Fürsətdən istifadə edərək gəncliyimizi Gənclər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

 

 

 

                                                        

 

 

Şuşa Dövlət Musiqili Dram Teatrının fevral repertuarı bu gün “Solğun çiçəklər tamaşası ilə açılacaq. 

Sənət ocağının fevral repertuarını təqdim edirik:

 

2 fevral- “Solğun çiçəklər”

3 fevral - “Balaca və Karlson”, “Lənkəran xanın vəziri”

4 fevral - “Dovşanın ad günü”

9 fevral - “Anamın kitabı”

10 fevral - “Göyçək Fatma”, “Ölməz sevgi”

11 fevral - “Qırmızı papaq”

14 fevral - “Sən həmişə mənimləsən”

16 fevral - “Ana”

17 fevral - “Nağıllar aləmində”, “Dəli Domrul”

18 fevral - “Danışan gəlincik”

23 fevral - “Müsyo Jordan və Dərviş Məstəli şah”

24 fevral - “Balaca və Karlson”, “Lənkəran xanın vəziri”

25 fevral - “Balaca və Karlson”

26 fevral - “Xocalım, biz qayıtmışıq!”

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında keçirilən hekayə müsabiqəsinin mükafatlandırma mərasimi bu gün - 2 Fevralda, Gənclər günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı Müsabiqənin Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir. 

Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.

Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi. 

 

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

 3-CÜ YER

Xan Abdulla

 2-Cİ YER

Orxan Cuvarlı

 1-Cİ YER

Cavid Babayev.

 

Mükafatçılara tutduqları yerə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim ediləcək. 

Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı və “Şirvan” cəmiyyətidir. 

Mükafatlandırma mərasimi saat 14-də başlayacaq. 

Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə isə yaxın günlərdə elan ediləcək. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər. 

 

“Ədəbiyyat və İncəsənət"

(02.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.