Nə qədər çalışsan da ömrü-ömrə, günü-günə, qəlbi bir başqa qəlbə calaya bilmirsən - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Əgər təməl zəifdirsə o təməl üzərində qurulan bina əvvəl-axır çökməyə məhkumdur. Kənardan hər nə qədər bəzək vurmağa çalışsan da, kənardan hər nə qədər xoşbəxt görünməyə çalışsan da,  almanı qurd içindən yediyi kimi bəzək vurub örtməyə çalışdığın həqiqətlər də eyni ilə bir qurd kimi səni yavaş-yavaş  içindən gəmirəcək.

 

Üstünü torpaqlayıb çiçək əkərək örtməyə çalışdığın o məzarqlıqlar isə hər gün xəlvətdə ən az bir damla göz yaşını içəcək.

Və itirəcəyini ağlına belə gətirmədiyin insanları faydasız peşmanlıqlar geri gətirməyəcək.

Ömürdən ötüb keçən upuzun illərin xatirəsini oturub vərəqləmək bir günə sığarkən, bir günü ilə bərabər olan insanlardan uzaq illər ötür..

Nə qədər çalışsan da ömrü-ömrə, günü-günə, qəlbi bir başqa qəlbə calaya bilmirsən...

Onsuzda bunun belə olacağı əvvəldən bəlliydi deyə öz-özünə mən sənə demişdim ədasıyla tənə vurub, məyusluğunu çiyninə atıb ünvanı ayaqlarına həvalə edirsən. Yorğun ruhunda baş qaldıran barışmaq duyğusu artdıqca mübarizə duyğusu azalmağa başlayır. Və sən yavaş-yavaş hissizliyin, laqeydliyin əsirinə çevrilirsən.

Halbuki bir dəfə ayaq basdınsa o laqeydlik bataqlığında boğulacağının özündə fərqindəsən əslində. Özün belə nə istədiyini heç bir zaman bilmirkən, daim insanların səni  anlamasını təmənna edirsən.

Hər nə qədər beynin sənə reallıqları diqtə etsə də, qəlbin də bir yandan qırıqlarının onu incitməsinə rəğmən ümid deyə çırpınmaqdan vaz keçə bilmir.

Sən də öz növbəndə bu iki əks qütb arasında qalıb küncə sıxışdıqca və üfüqdəki o məchulluq dumanı israrla çəkilmədkcə, sanki intihar arzusuyla dalğaları qovub özünü boz qayalıqlara çırpan sərgərdan küləklər kimi hara gəldi əsirsən.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.