![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Gəl səninlə Turan bağında Müşfiqin şeirində görüşək... - SEVGİ MƏKTUBLARLNDAN
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Gəl ən başından başlayaq...
Hələ Hərcayi kimi verilən vədlərə xilaf çıxılmamış,
Qardələninki kimi saf və sadiq sevgilər vəfasızlığın xəyanət xəncəri ilə yaralanmamış olsun.
Gəl ən başından başlayaq...
Hələ Adəm əlini o məşum meyvəyə uzatmamış, Qabil qardaşı Habilə qıymamış, Məryəm günahlandırılmamış, İsa qeybə çəkilməmiş olsun.
Gəl ən başından başlayaq...
Hələ sadiqlik xəyanətə, güvən vəfasızlığa uduzmamış, nəfs insana hökmran olmamış, yalan həqiqətin paltarlarını oğurlamamış olsun.
Gəl ən başından başlayaq...
Hələ Enil dünyanın ilk sevgi məktubunu yazmamış, inək yer kürəsini buynuzundan yerə qoymamış, Janna Darkı yandıran tonqal qalanmamış olsun.
Gəl ən başından başlayaq...
Leyliylə Məcnun hələ bir-birini görməmiş, İnnokendi cənnəti pulla insanlara satmamış, sevgiylə nifrətin arasındakı məsafə bir addım qədər qısalmamış olsun.
Gəl ən başından başlayaq...
Nəsiminin dərisi hələ soyulmamış, Çaldıranda qardaş qırğını qopmamış, Araz həsrətə körpü atmamış, Rəsulzadənin səadəti yarım qalmamış, Şəhriyar ulduzları saymamış, qırmızı mühit turan ziyasını boğub söndürməmiş, Şükriyyənin önünə o məşum kağız hələ qoyulmamış olsun.
Gəl ən başından başlayaq...
Ana hələ buzdan heykələ çevrilməmiş,
Qərənfillərin taleyi dəyişməmiş, Fərizə günahı başına çəkməmiş, torpaq hələ Çingizi bağrına basmamış olsun.
Gəl ən başından başlayaq...
Ərtoğrullar, Ülvilər, Müşfiqlər dünyadan nakam köçməmiş, əlyazmalar yarım qalmamış, hələ intizar ədəbiyyatı yaranmamış olsun.
Gəl ən olmazlara toxunaq.
Məsələn, talenin bizim üçün yazdıqlarına qarşı gələk.
Zamanın belə silə bilmədiyini silməyə çalışaq, məsələn hələ xəyallara xülya adı verməmiş olaq, ya da boş ver çalışmayaq.
Tünd rəngli bir qələm götür, yazılanın üzərindən təkrar keçək.
Gəl yenidən doğulaq səninlə, əl-ələ böyüyək, əsalara deyil, bir-birimizə yaslanıb qocalaq.
Ya da gəl bu səfər itirdiklərimizi unutmaq üçün çalışaq.
Gəl ən başından yenidən başlayaq...
Gəl mən bütün ulduzları sayıb bitirməmiş gəl,
Gəl səninlə Turan bağında Müşfiqin şeirində görüşək, gəl...
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Azərbaycn COP29-a ən yüksək səviyyədə hazırlaşır
“Əsas hədəfimiz hər zaman olduğu kimi, bu il də hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsidir. Cari ildə bu, xüsusi əhəmiyyət daşıyır. Çünki COP29 tədbiri çərçivəsində ölkəmiz çox mötəbər qonaqları qarşılayacaq və biz də buna ən yüksək səviyyədə hazır olmalıyıq”.
Bu sözləri AzərTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Baş icraçı direktor bildirib ki, COP29 tədbirinin hotellər üçün tələbləri minimal standartları əhatə edir. Təmizlik, hotelin ümumi vəziyyətinin yaxşı olması, peşəkar işçilər, “Wi-Fi”, 24 saat qəbul servisi, otaq servisi, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün əlçatanlıq və ən vacibi dayanıqlıq prinsipinə uyğun standartlar, onların arasında su və enerjinin qənaətli istifadəsi, plastikdən olduqca az istifadə olunması nəzərdə tutulur.
“Bakı şəhəri, Abşeron və Sumqayıtda yaxın zamanda hotellərin və bütün yerləşmələrin tam monitorinqi həyata keçirilib. Bəzi hotellərdə müəyyən boşluqlar var və sahibləri tərəfindən təkmilləşdirmə işləri görülməlidir. Bizim tövsiyəmiz təkmilləşdirmə işlərinin tez bir zamanda aparılmasıdır.
Həmçinin hotel sənayesinə dəstək planlarını hazırlayırıq. Təlim planı hazırlanır və yaxın zamanda vacib amilləri cəmləşdirən, peşəkar ekspertlər tərəfindən hotellərə özəlliklə xidmət, qonaq məmnuniyyəti, təmizlik xidməti, minimum standartlar və dayanıqlılıq əsasları mövzularında təlimlər keçiriləcək”, - deyə o vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Qırxbuğum küküsü
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qırxbuğum küküsünün hazırlanması qaydasını şərh edəcəyik.
Qırxbuğum küküsü
ƏRZAQLAR:
Qırxbuğum – 100 qr
Sarımsaq (və ya göy sarımsaq) – 5 qr
Yumurta – 40 qr
Kərə yağı – 30 qr
Un – 10 qr
Qatıq – 15 qr
Sarıkök – 0,1 qr
Zəncəfil – 1 qr
Duz – 4 qr
İstiot – 0,05 qr
Xörək əlavəsi:
sarımsaq – 2 qr, qatıq – 50 qr
HAZIRLANMASI:
Göyərti doğranır və dərin qaba yığılır. Üzərinə yumurta, xırda doğranmış sarımsaq, qatıq, un, duz, istiot, ədvalar əlavə olunur və yaxşıca qarışdırılır.
Tavada yağ qızdırılır. Qarışıq tavaya əlavə olunur və bərabər yayılır. Bir az saxlanır və sobaya qoyulur. Bişmə müddəti 200°C-də 20-25 dəqiqə təşkil edir.
Hazır olduqda təxminən 3 dəqiqə saxlanır və soyudulur. Taxtanın üzərinə yığılır, pay və ya bütöv doğranmış şəkildə süfrəyə verilir. Yanında qatıq və ya sarımsaqlı qatıq verilir.
QEYD:
Qırxbuğum dağ tərəsidir. Həmçinin acı pencər, çobanyastığı, quşəppəyi, pərpətöyün, qızılbaldır, ciriş, gəlinbarmağı, qızılot, salmanca, yemlik dağ-meşə tərələri sayılır. Bu bitkilərdən müxtəlif növ kükülər, yeməklər, salatlar, kətələr və s. yeməklər hazırlamaq olar
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Səni itirmək qorxusu - HEKAYƏ
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Mən unudulmaq üçün yaradıldım. Bəlkə də əbədiyyət üçün unuduldum bu fani dünyada. Bütün fədakarlar əbədiyyətdə unudulmazdır.
1.
...Sevinc yıxılmışdı. Ancaq bunu heç kim görmürdü. İnsanlar onu həmişə şən, gülərüz görmüşdü. Sevinc yıxıldığını heç kimə hiss etdirməmək üçün yenə də həyata gülümsəyir, insanları sevindirməyə çalışırdı. Sevincin də diqqətə, qayğıya, sevgiyə ehtiyacı var idi. O, yaralarının sağalacağına ümid edirdi.
2.
Bir gün təsadüfən Ümidlə qarşılaşdı. Ümid Sevincə ayağa qalxmasında kömək edəcəyinə söz verdi.
Ümidə rast gələndən Sevincin həyatında yeni dönüş nöqtəsi başladı. Yaraları yavaş-yavaş sağalmaqdaydı…
3.
Bir gün Ümidlə Sevinc parkda görüşmək üçün vaxt təyin etdilər. Sevinc parka necə gedəcəyini düşünürdü. Axı yıxılandan sonra Sevincin ayaqları sözünə baxmırdı, o, yaxşı yeriyə bilmirdi.
Ümid Sevinci inandırdı ki, o öz ayaqları ilə parka gələ biləcək.
Sevinc o qədər inamlı, ümidli idi ki. Özü də bilmədi parka necə gəldiyini. Hətta görüş vaxtından yarım saat əvvəl çatmışdı parka. Sanki dünyaya yenidən gəlmişdi. Ümid "dünya Sevinclə daha gözəldir", deyib, Sevincin bu dünyaya nə qədər lazım olduğuna onu inandırmışdı. Sevinc görüş yerində Ümidi gözləyirdi. Ümid də söz verdiyi kimi Sevincin görüşünə tələsirdi. Yolda Hiylə ilə rastlaşdı. Hiylə Ümidə yalan söylədi: "Kimsəsiz, ahıl bir qadının ayağı sınıb, onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Lap yaxındadır".
Ümid həyəcandan Sevincə xəbər etməyi unutdu. Yaşlı qadına kömək etmək üçün Hiylənin ona göstərdiyi yollarla irəlilədi. Hiylə yalandan “yaxındır” dediyi yerə onlar günəş batanda gəlib çatdılar. Onları gözləyən kimsə yox idi. Hiylə bununla da kifayətlənməyib Ümidə növbəti yalan danışdı:
-Ona söz vermişəm. Qadını mütləq tapmaq lazımdır. Biz onu tək qoya bilmərik. Bəlkə xəstəxanaları axtarıb tapaq.
Ümid Hiylə ilə razılaşdı. Bir-bir xəstəxanalara gedir, yaşlı qadının orada olub-olmadığını öyrənməyə çalışırdılar. Görüş yerində Ümidi gözləyən Sevinc gah saata, gah da havaya baxırdı. Saat irəliləyir, hava qaralırdı. Birdən güclü külək əsməyə başladı. Əsən küləklə bərabər qar yağmağa başladı. Ay işığında Göydən Yerə düşən soyuq qar dənələri ulduz kimi parıldayırdı. Sevinc gah titrəyir, gah əllərini bir-birinə sürtüb isinməyə çalışır, gah da soyuq kəsən əlləri ilə Ümidə zəng edib harada olduğunu öyrənməyə çalışırdı. "Ümid vəfasız ola bilməz. Ümid etibarsız, yalançı ola bilməz. Yəqin başında bir bəla var. Yoxsa nədən telefona da cavab vermir?"
Sevinc həyacandan boğulur, soyuqdan titrəyir, artıq Yerlə əlaqəsinin kəsildiyini hiss edirdi. Donan barmaqları ilə Ümidə mesaj göndərdi: "Səni tanıyanda dünyanın necə gözəl olduğuna vuruldum. Yeriməyən ayaqlarım yeriməyə başladı. Bu gözəl dünyada hamıdan fərqli sən idin, Ümid. Sən olan yerdə həyat da, arzu da, sevinc də var idi. Sən olmayan yerdə dünya özü bir dar qəfəsmiş. Səni soyuq qar altında gözləmək də gözəlmiş. Mənim azadlığım, qürurum, fərəhim, yaşama səbəbim də sən oldun". Mesajı Ümidə göndərib Allaha dua edirdi: "Sonuncu dəfə Ümidi görə bilsəm".
4.
Ümid telefonuna mesaj gəldiyini hiss etdi. Sevincdən idi. Mesajı oxudu. Üzünü çevirdi ki, Hiyləyə vacib getməli olduğunu söyləsin. Hiylə yox idi. Ümid hiylənin onu aldatdığını anladı. Özünü Sevincə çatdırmaq üçün qaçır, yol boyu Sevincin sağ-salamat qalması üçün dua edirdi. Görüş yerinə çatanda Sevinc tamamən donmaq üzrə idi, ömrünün son dəqiqələrini yaşayırdı. Ümidin gəlişini hiss etdi: "Niyə gec gəldin, Ümid? Harada idin? Niyə zənglərimə cavab vermirdin? Şükür sağ-salamatsan. Sən zənglərimə cavab vermədikcə elə qorxurdum ki. Məni insanların yalanı, ikiüzlülüyü, hiyləsi öldürə bilmədi. Məni Səni itirmək qorxusu öldürdü, Ümid!”
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
“Mənliyimizdən uzaqlaşdıqca başqalarını yamsılamağa alışırıq”
ELTƏN TÖRƏÇİDƏN DƏYƏRLİ FİKİRLƏR
“Ədəbiyyat və incəsənət” portalı “Çölçü” hərəkatının yaradıcısı Eltən Törəçinin dəyərli fikirlərini təqdim edir.
Yaşamımızda düzən dilimizdən gələcək. Toplumu yönləndirən anlayış, qavram və düşüncə biçimlərinin adı özümüzünküləşmədən oğey düşüncələrin basqısından qurtula bilməyəcəyik, ilk addım bu gərçəyi aydınların mənimsəməsidir.
Törəli adamlar bir-birinə gərəkli dəyəri versələr, ortada dibsizlərə, yolaverənlərə yer qalmaz! Birlik olmadığı üçün meydan gədə-güdəyə qalıb...
Öz işindəki bütün xırdalıqları doğma dilində adlandırmadan, üst biliklərə tam yiyələnə bilməzsən...
Adətən izlədiyimiz, dinlədiyimiz və bəyəndiyimiz paylaşımlar bizim düşüncələrimizi, seçimlərimizi, davranışlarımızı, istəklərimizi dəyişdirir və yönləndirir.
Özümüzdən kimliyimizdən uzaqlaşaraq dəyişirik.
Mənliyimizdən uzaqlaşdıqca başqalarını yamsılamağa alışırıq. Sonunda özəlliyimizi, öz baxışımızı itiririk, yaradıcı bacarıqlarımız korşalır və başqalarından aslı qalmağa başlayırıq. Başqalarının yeniliklərini izləyərək, onların yaradıcılığından bəslənərək, yaydıqları yaşam biçiminə uyğunlaşaraq yaşayırıq. Yaşamdakı yerimizi itirir, bəlli bir dönəm sonra gücsüzlüyümüzü anlayaraq, özgüvənsizcəsinə gərəksizliyimizi alqılayır, içsəl sıxıntıların içində boğularaq yox olmağa başlayırıq.
Bunların olmaması üçün Törəmizi öyrənməli, ona uyğun yaşamaqla öz köklərimizə bağlı qalaraq irəliləməliyik.
Seçilmək, öz ad-sanımızla ucaltmaq, yaşam gücümüzü artırmaq üçün özümüzə dönməliyik.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
“Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab çıxıb
Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab işıq üzü görüb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Qulu Ağsəs məlumat verib.
“Təhsil" nəşriyyatında çıxan kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır. Kitabın məqsədi müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır.
Kitab geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanıb.
Kitabın redaktoru Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır. Üz qabığında isə rəssam Ədalət Həsənin "Qulu Ağsəsin portreti" əsərindən istifadə edilib.
“Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Palitramızın yeni rəng yaradan qarışığı - ESSE
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Hər rəng bir məna ifadə edir və daşıyır.
Palitranızda olan bəyaz və qırmızı rənglərin bir araya gəlməsindən "çəhrayı", narıncı və mavi rənginin birləşməsindən isə "qara" rəngi əldə etmək mümkündür.
Bəzi rənglərin qarışığından açıq, bəzilərindənsə tünd tonlar əldə edilir. Bəyaz və qırmızı rənglərin birləşməsindən "qara", narıncı və mavi rənginin qarışımından isə, "çəhrayı" rəngi əldə etmək mənasız və mümkünsüzdür. Biz nə qədər istəsək də, tünd rəngin açıq, açıq rəngin tünd tonlarda olmasını istəyə və gözləyə bilmərik.
Rənglər palitrada yer aldığı kimi, dünyada da var olan iki tərəf var - sən və qarşı tərəf. Birləşəndə uyğun, bəzən uyğunsuz...
Uyğun olarsa, hər şey yolundadır. Bəs uyğunsuz olanda?
İki insan bir-biri ilə uyğun deyilsə, mütləqdirmi ki, onların hər hansısa biri günahkar adı daşısın? Bəzən ayrı-ayrılıqda bir rəngi təmsil edən insanlar, bir araya gəlməyə çalışanda, ortaya onların istəmədiyi və gözləmədiyi ton çıxır. Rənglərin birləşməsinin yaratdığı ahəngi dəyişə bilmədiyimiz kimi, bəzən də uyğun düşündüyümüz insanla aldığımız nəticəni dəyişə bilmərik. Palitradaki hər rəngin, hər rənglə uyğun olmadığı şəksizdir və istədiyimiz rəngi əldə etmək üçün iki rəngi nə qədər birləşdirib, bir-birinə qarışdırmağa çalışsaq, yenə istədiyimiz nəticə əldə edə bilməyəcəyik, rəng eyni qalacaq və dəyişməyəcək.
İstisna olaraq, bəzən rəng tonunu dəyişə bilərik. Lakin həmin tonun daşıdığı "adı" istədiyimiz nəticə ilə əvəzləyə bilmərik. Əksinə bu, palitraya zərər, rənglərə ziyan verməkdən başqa bir şey olmaz.
Həmçinin iki insanın kimyası uyğun gəlmirsə, ya onu, ya da özünüzü dəyişməyə çalışmaq, sadəcə onun və özünüzün sahib olduğunuz xarakterinizə verdiyiniz ziyan və yarada biləcəyiniz travmalardan ibarət olacaq, başqa qazanacağınız bir şey olmayacaq. Nəticəyə təsir etməyəcəksə, səbəbi və ya səbəbləri dəyişmək, dəyişməyə çalışmaq, bir rəngin əslini qəbul etməmək kimidir.
Bəzən düşünər və qəzəblənərək özünüzə "mən belə olacağını necə təxmin etmədim?" deyə bilərsiniz. Lakin hekayəyə başlamadan sonunu bilə bilməzsiniz axı, sonunu biləndə isə niyə bunu oxudum deyə özünüzə qəzəblənə bilməzsiniz əlbət ki.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
“İsveç nəsr antologiyası” işıq üzü görüb
Dövlət Tərcümə Mərkəzi yeni nəşrini – zəngin ədəbi ənənəli İsveç ədəbiyyatının seçmə nümunələrinin toplandığı “İsveç nəsr antologiyası” kitabını ərsəyə gətirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tərcümə Mərkəzinin məlumatına görə antologiyada İsveç nəsrinin Avqust Strindberq, Ernst Alqren, Selma Lagerlöf, Verner Fon Heydenstam, Per Hallström, Yalmar Syöderberq, Albert Enqström, Yalmar Berqman, Dan Anderson, Per Lagerkvist, Vilhelm Muberq, Eyvind Yonson, Harri Martinson, Lüdviq Nordström, Artur Lundkvist, Astrid Lindqren, İnqmar Berqman, Stiq Dagerman, Tumas Tranströmer, Ulf Stark, Marqareta Ekström, Eva Qabrielsson, Niklas Rodström, Stiq Larsson, Oke Edvardson, İnger Edelfeldt, Tove Alsterdal, Sesilya Davidson, Melker İnqe Qaray kimi dünyaşöhrətli yazıçılarının və müasir müəlliflərinin əsərləri
daxil edilib.
Nəfis tərtibatlı kitabın layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi, yazıçı Etimad Başkeçid, əsərlərin tərcümə müəllifləri – tanınmış yazıçı və bədii tərcümə ustaları – Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Bəhlul Abbasov, İlqar Əlfi, Mahir Qarayev, Səməd Qaraçöp, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa, Selcan Məmmədli, redaktoru Mahir Qarayevdir.
Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya”, “Baku Book Center”, “Çıraq”, Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi və digər kitab evi mağazalarından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Şəhidlər barədə şeirlər – Fərrux Hüseynov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Fərrux Hüseynova həsr edilmiş şeirlə tanış olacaqsınız.
FƏRRUX BAXIŞ OĞLU HÜSEYNOV
(29.04.1995.-09.11.2020.)
Kürdəmir rayonunun Şilyan kəndindən olan, Azərbaycan Ordusunun Quru Qoşunlarının tankçı baş leytenantı. Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.
FƏRRUX
Uşaqlıqdan arzusu orduda olmaq idi.
Kafirləri yurdumdan biryolluq qovmaq idi.
Hərb elminin sirlərin öyrənib zabit oldu.
Eli-obanı sevən cəsur bir igid oldu.
Üz-gözündən yağırdı qalibiyyət, cəsarət.
Qarabağ uğrunda o, göstərdi çox şücaət.
Tankçı komandiridi, sevirdi sənətini,
Qazanmışdı orduda hamının hörmətini.
Əsgərlərinə arxa, böyük bir qardaş idi,
Onların hər birinə dost idi, sirdaş idi.
Döyüşərkən düşmənlə yaralansa da ağır.
Dedi, dayanmaq olmaz, Vətən məni çağırır.
Yenə cəbhəyə getdi, döyüşlərə atıldı.
Müqəddəs savaşlara qətiyyətlə qatıldı.
Şəhidliyə qovuşdu, ölməz qəhrəman oldu.
Düşməni məhv eylədi, intiqam yaman oldu.
Fərrux, biz hünərindən duyuruq bir fəxarət.
Göstərdin döyüşlərdə gör, nə qədər rəşadət.
Matəmə bürünübdür, bil, qan ağlayır yağı,
Fərrux kimi oğullar Vətən etdi torpağı!
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
“Hədis” qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibi olub
Azərbaycan istehsalı olan “Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının (PIAFF, Paris International Animation Film Festival) “Tamaşaçı mükafatı”nı (“Audience Award”) qazanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.
Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. “Hədis” 38 beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır. Film Türkiyə, Almaniya, İtaliya, Fransa, Qazaxıstan, Gürcüstan, Azərbaycan beynəlxalq kino festivallarında mükafatlar qazanıb.
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-ində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub.
Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir.
“Animafilm studio”sunun istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)