Super User

Super User

Monday, 29 January 2024 12:00

Gəl! - SEVGİ MƏKTUBLARINDAN

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Gəl ən başından başlayaq. 

Qumlu sahilə dalğa vurmamış, 

payız yarpaqlarını xəzana əmanət etməmiş, 

günəşin şüaları pəncərəmizi qovurmamış olsun. 

Gəl ən olmazlara toxunaq. 

Məsələn, talenin bizim üçün yazdıqlarına qarşı gələk. 

Zamanın belə silə bilmədiyini silməyə çalışaq, ya da boş ver, çalışmayaq. 

Tünd rəngli bir qələm götür, yazılanın üzərindən təkrar keçək. 

Gəl bu səfər itirdiklərimizi unutmaq üçün çalışaq. 

Qarşılıq gözləmədən, qarşılıqlı olduğunu bildiyimiz bir yol nə qədər qorxuducu ola bilər ki?! 

Gəl bu dəfə özümüz olmağı unudaq.

Ən azından bölünməz, möhlətsiz, sıxıcı həyatımızda ilk dəfə üzərimizdəki ağır ruhlardan xilas olaq.

Külək günəşə,

günəş mehə mane olmasın. 

Bu dəfə gəlmək üçün gəl! 

Bu dəfə gəlmək üçün get!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Misirdə 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Kitab sərgisinə 70 ölkədən 1200-dən artıq nəşriyyat qatılıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Misirdəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin əməkdaşları və şair-yazıçı Aqşin Yeniseyin olduğu nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərdə iştirak edib. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilib.

Qahirə Beynəlxalq Kitab Sərgisi fevralın 6-dək davam edəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Monday, 29 January 2024 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

43-cü hissə

 

Həbsxana həyatı

 

Məhkəmə ona altı ay iş kəsdi.

İstintaq təcridxanasında qalanda bayırdan tam xəbərdar oldu.

Onu televizorda hamı görmüşdü, görməyənlər də YouTube-dan xəbər tutmuşdular. Bütün Bakıda, rayonda bədnam olmuşdu. Qardaşı onu öz əlləriylə boğub öldürməsə, kişi oğlu olmadığını bildirmişdi, Leylini əri döyüb evdən qovmuşdu, Nazəndə xanımın halı pisləşmiş, evə təcili yardım gəlmişdi. Və ən faciəlisi anası ilə baş vermişdi. Onu televizorda gördükdən sonra anası ürəktutmasından vəfat etmişdi.

Kameraya gələndə ağlamaqdan gözləri şişmişdi. İçəri kifayət qədər işıqlı idi, amma nədənsə Ülkərə zülmət kimi göründü. Spesifik qoxu var idi, içəridəki insan bədənlərindən, tualet otağından və tozdan birləşərək əmələ gəlmişdi, adamı necə bir mühitə düşməsi barədə xəbərdar edirdi sanki bu qoxu. Bəli, bura həyatın dibi idi, öz ayaqları ilə gəlib özünü bura salmışdı. Ürəyindən bircə kəlmə “Allah sənin evini yıxsın, Naza” kəlmələri keçdi bu dəm.

İçəridə vəziyyətə baxan Batya ləqəbli şişman, əzələli qadın Ülkəri sinəsindən itələdi:

-- Ağəz, nə gününə ağlayırsan? Bu göz yaşlarını bizimçün tökürsən ki, sənə rəhm edək? Ay ləçər. Mama Rozalıq edib ana-bacılarımızı pis yola çəkən sən deyilsən? Tvar!

“Tvar” murdar demək idi, Batya Ülkərə bu adı qoyduğunu elan edib hamıya da onunla pis rəftar etmək göstərişi vermişdi. Əlində döşəkağı, adyal və can dəsmalı ilə qapının ağzında quruyub qalan Ülkərə yerbəyerdən hamı tikanlı sözlər söyləyirdi, hətta “tfu” edənlər də var idi.

Batya Ülkərin gələcək taleyini bu cür fitvalamışdı:

-- Necə ki qız zorlayıb zona düşən kişiləri ki petux edirlər, Mama Rozalıq da zorlamanın qadınlar üçün maddəsidir. Sənin burda xoş günün olmayacaq, bil!

Ülkər “paraşa” adlandırılan tualetin yanında yatmalıydı, “kubrik” adlandırılan kameranı və tualeti o vaxta kimi məhbuslar növbəli qaydada təmizləyirdilər, Batya qanunların dəyişdiyini elan etmişdi, demişdi ki, bu gündən sonra təmizlik işlərini yalnız Tvar görəcək.

Ağır idi, çox ağır idi. Bura kimi həyatını zülm və məşəqqət sanmışdı, amma indi azadlığını itirib bu bəzisi lap vəhşiləri xatırladanlarınarasına düşəndə, bu təqib və təhqirlərin içində başa düşürdü ki, əvvəlki həyatı indikinin yanında toya-bayrama gedəsiymiş.

Əlacı yalnız göz yaşlarına çatırdı. Hər bir jestə, hərəkətə ağlamaqla cavab verirdi. Burada mübarizə aparmaq, haqqı və nahaqı sübut etmək istəyi yersiz idi, bu qədər məhbus ona qarşı birləşmişdi, o, tək canına neyləyə bilərdi axı.

Cinayət məcəlləsi, mülki məcəllə, ədliyyə qanunları – bütün bunlardan bixəbər idi, bilmirdi, düzmü etmişdilər, yoxsa qanunsuzluq etmişdilər, onu Batya kimi residivistlə eyni kameraya salmışdılar. Ərinin qatili idi Batya. Sözləri düz gəlməmişdi, on iki illik ömür-gün yoldaşını baltalamışdı. Səbəbi bilinmirdi. Batyanın sağ əli Anuş da qatı cinayətkar sayılırdı, Masazır, Saray və Novxanıda yüzə yaxın ev qarəti var idi ayağında. Ülkəri marıtlayan Çapa deyilən narkoman qadın lap qorxulu idi, narkotiklərin satışı və istifadəsi ilə tutulmuşdu. Sifətində qadına xas bircə cizgi belə yox idi. Kobud, zəhmli kişiydi sanki.

İlk gündən Batyanın ardınca Ülkərin üstünə gələn Zorayda adlandırılan qadın Ülkərə gün verməyəcəyini bəyan etmişdi, deməzsənmiş, Zoraydanın bacısı fahişəlik eləyirmiş, buna görə də, Zoraydanın fikrincə, Ülkər kimi “mraz”lar, -- Tvara oxşar bir söz idi bu da, -- cavab verməli olacaqdılar.

İlk gecə Ülkərin gözünə yuxu getmirdi, xorultular, sayıqlamalar, papiros qoxusu, bir də üfunət qoxusu bir-birinə qarışmışdı. Gecənin bir vaxtında gördü ki, bir qadın gəlib onun yatağına soxuldu. Çapa idi. Onu qucaqlayıb üz-gözünü öpüşlərə qərq eləməyə başlayanda Ülkər diksinərək yataqdan yerə atıldı.

-- Neynirsiz? -- nidasının ardınca Çapanın pıçıltısı gəldi:

-- Anqırma, camaatı oyatma. Sən mənimkisən. Mənimlə sevişməlisən. Mənə kayf yaşatmalısan.

Ülkər dəhşətə gələrək onu rədd etdi.

-- Bir elə o qalıb.

Çapa ehtiraslanmışdı, yenə Ülkərə əl atdı, onu ələ almaq üçün bu dəfə yalvar-yaxara keçdi, bir şey hasil olmayanda Ülkəri ölümlə təhdid etdi, yenə də rədd edildi. Ülkər səsini qaldırır, “rədd ol” deyə onu özündən kənarlaşdırırdı. Kişi kimi əzələli olan Çapa heç cür Ülkəri ram edə bilmirdi. Nəhayət, kamerada kimsə öskürdü, kimsə “Nə səs-küydür, qoyun yataq” dedi, Batyanın “Ey, nə məsələdir orda” qışqırtısı isə olaya nöqtə qoydu.

Çapa pıçıltıyla “Səni s...m əl çəkən deyiləm” deyə vulqar ifadə işlədib yerinə keçdi. Ülkərsə işıqlaşana kimi göz yaşı axıtdı.

Hər yandan, hər kəsdən təhlükə duyulurdu, bilinmirdi hansı səmtdən müdafiə olunsun.

Günlər beləcə keçirdi.

Bir dəfə məhbuslardan kimsə “Bu, bizim Rəşidin də altına yıxılıb. Kişini tora salmışdı, kişi buna navastroykadan ev almışdı, salon açmışdı. Arvadı, uşaqları bilib mərəkə qopardılar, bu fahişəni saçladılar. Bu bilirsiz nə murdar məxluqdur?” sözlərini dilə gətirdi, sən demə, Çapa Ülkərin dosyesini öyrənib ona əlaltıları vasitəsilə hücum təşkil etmişdi.

Yerbəyerdən Ülkərə təhqirlər, söyüşlər gəldi.

Tvar!!!

Mraz!!!

Fahişə!!!

Mama Roza!!!

Evyıxan!!!

İşverən!!!

Cındır!!!

Tualetdə suçəkənin altında kimsə lezva gizlətmişdi, Ülkərin gözü tutdu həmin lezvanı. Damarlarını kəsib özünü öldürmək. Daha yaşamağa nə lüzum qalsın ki? İçəridə ümumi istifadə üçün bir əzik-üzük dama-dama dəftər, bir də göy yazan diyircəkli qələm var idi. Götürüb qızına məktub yazdı. Anası öləndən sonra qızını Nazəndə xanım saxlayırdı. Nə yaxşı ki, o qadın var idi. Yoxsa qızının axırı nə olacaqdı? Ürəyində Nazəndə xanıma alqış edə-edə göz yaşları içində hərfləri yanaşı düzməyə başladı:

“Doğma balam, məni həyata bağlayan yeganə varlığım. Bu yerə kimi sənin xətrinə dözüm göstərib yaşadım. Bilsən səni böyütmək üçün hansı çətinliklərdən, dərdlərdən, ağrı-acılardan keçmişəm, nə qədər təhqir, böhtan yemişəm, nə qədər tapdanmışam. Çirkablara batmış, rəzalətlərdən keçmişəm ki, təki səni yaşadım. Amma daha bacarmıram. Məni -- günaha batmış ananı bağışla”.

Məktubu yazıb vərəqi dəftərdən qopardı, dörd qatlayıb balışının altına qoydu. O öləndən sonra mütləq bu məktubu kimsə görəcəkdi, insaflı çıxıb qızına çatdıracaqdı.

Tualet deyilən yerə qapı qoyulmamışdı, kimsə ora girəndə, xüsusən ağır iş görəndə qoxudan bağır çatlayırdı. Ülkər neçə dəfə lezvanı götürüb işini görmək istədi, amma oraya girən kimi kimsə kandarı kəsdirib növbə gözlədiyini bildirirdi. Beləcə, planladığı işi heç cür görə bilmirdi.

Bir dəfə də “şmon” adlı proses baş verdi, zabit və iki poqonuna DQ yazılmış əsgər kameranın altını üstünə çevirərək şübhəli bir şey axtarışına çıxanda Ülkərin məktubu ələ keçdi. Onu həbsxana rəhbərliyinin yanına apardılar, cəza olaraq həbs müddətini artıracaqları ilə hədə-qorxu gəldilər.

Beləcə, Ülkər yenə də intihar eləyə bilmədi.

Nahara dəmir boşqablarda balanda adlanan qatı yemək və bir dilim qara çörək verilirdi. Hamısı masa arxasında yeyirdi, Ülkəri yaxına qoymurdular, o, tualetin qarşısındakı çarpayısında, dizi üstündə yeyirdi. Kəsif qoxudan ödü ağzına gəlirdi.

Məhbus qadınlar deyib-gülürdülər, kiməsə evdən “padaça” gəlmişdi, ev azuqələrini bölüb yeyirdilər. Qəfildən Zorayda onun yanına gəldi, bir dənə peçenyeni onun boşqabına atdı ki, sənsiz boğazımdan keçmir, ye. Ardınca da Ülkərin qabına tüpürdü.

Bura kimi nə yığmışdısa, Ülkər hiss elədi ki, daha sondur. “Miska” deyilən dəmir qabı Zoraydanın sifətinə yapışdırdı. Tutaşdılar, aləm qarışdı, Zoraydanın rəfiqələri ortaya düşüb Ülkəri vurmağa, təpikləməyə başladılar.

Batya sakitcə mənzərəni seyr edirdi. Yalnız nəzarətçilər səs-küyə içəri daxil olub sakitlik yaratdıqdan sonra münaqişə bitdi. Ülkər qana bulaşmış burnunu biləyi ilə silə-silə hıçqırırdı.

Zabit rütbəli nəzarətçi Batyadan nə baş verdiyini soruşdu. Batya Ülkərə işarə elədi:

-- O təzə gələn, heç adını da bilmirik, psixiki pozğunluqlu imiş, qəfildən atıldı bu yazıq (Zoraydaya işarə elədi) binəvanın üstünə, nə yemisən, turşulu aş deyib yazığı çırpdı. Bu yazıq binəva da özünü müdafiə etmək üçün bu debili kənara itələyəndə, bu debilin burnu kravatın tininə dəyib qannadı.

Bir az sonra Ülkər barədə qərar verildi, onu karsa saldılar.

Kars zorla tərpəndiyin buz kimi soyuq, qaranlıq bir məkan idi, çarpayıdan, masadan söhbət belə gedə bilməzdi, betonun üstündə don ki, donasan. Amma bu cəhənnəm Ülkərdən ötrü o vəhşilərdən qurtulduğu üçün cənnət təsiri bağışlayırdı. Özü ilə təklikdə qalıb bir daha macəra dolu həyatını xırdalıqlarına kimi gözü önünə gətirdi. Qurtuluş və mübarizə yollarını düşündü. Nəsə onun öz əlində idimi? Əsla yox. Tam olaraq başqalarından asılı vəziyyətdə idi. İndi onun həyatının bir qara qəpik qiyməti belə yox idi. Onu burada sakitcə boğub öldürərdilər, heç kəs də bundan ötrü nə məsuliyyət, nə cavabdehlik daşıyardı.

Kameraya qayıtdıqda əvvəlki “bezpredel” hiss edilmirdi, Zorayda ilə olaydan sonra artıq onu aşkar təhqir etmək nəzərə çarpmırdı. Təmizlik işləri də əvvəlki kimi növbə ilə görülməyə başlanmışdı.

Bir qadın vardı, yaşlı qadın idi, Müşkinaz adında. Əzəl gündən Ülkərlə işi olmayan, ona dəyib-dolaşmayan tək-tük məhbuslardan idi. Bir gün yaxından tanış oldular, yerli çıxdılar. İlk dəfə Ülkər başına gələnləri göz yaşı içində Müşkinaza danışdı.

Müşkinazın kamerada hörmətini tuturdular, ağbirçək idi deyə. O, Batya ilə Ülkər barədə danışdı, dedi:

-- İlk gəlişində hansı statya ilə tutulmasına görə mən də Ülkərə nifrət edirdim. Amma həyatı barədə məlumatlı olandan sonra yanıldığımı duydum. Bu bədbəxt özü də Naza adlı MamaRozanın qulu olub, onun əmrlərini həyata keçirib ki, xəstə anasına, balaca qızına çörəkpulu qazansın. Başına çox zillətlər gəlib. Ata-anası sevmədiyi birinə zorla ərə veriblər onu. Birinci əri narkoman çıxıb, onu uşaqla atıb, Rusiyətə gedib. İkinci dəfəsində bir matuşka ilə evlənəsiymiş, o da bunu anasının qorxusundan atıb. Sonra yaşlı kişiylə nikaha girib, kişinin ailəsi xəbərsizmiş, hücum çəkib yazığı aləmdə xar ediblər. Sonra daha bir uğursuzluq. Bir imanlıyla ailə qurub, o da vəhhabi imiş, gedib Suriyada döyüşüb həlak olub. Bu yanda yazığa biri təcavüz etmək istəyib, o yanda o birisi. Kişilər qənim kəsiliblər bu biçarəyə. Gün verib, işıq verməyiblər. Özü də mənim yerlimdir. Çox duyğusal, mərhəmətli, alicənab qadındır.

O gündən Batyanın əmriylə Ülkərə münasibət tam dəyişdi. Məhbuslar ona qaynayıb-qarışdılar, dostlaşdılar. Hətta Çapa da daha onun üstünə gəlmədi.

Bir gecə -- cəza müddətinin artıq tən yarısını çəkmişdi, bura çətin də olsa, öyrəşmişdi, yenə yuxusu ərşə çəkilmişdi, nə yaxşı da ki, yatmırdı, onu gördü kimsə oğrun-oğrun onun çarpayısına tərəf gəlir. Zorayda olmasını yöndəmindən tanıdı, cəld toparlandı, qaranlıqda bıçağın gümüşü tiyəsi parıldadı, Zorayda bıçağı ona saplamaq istəyəndə dik atılıb kənara çəkildi, bıçaq döşəyə sançıldı. Zoraydanın xirtdəyindən yapışıb gücü gəldikcə çığırmağa başladı.

Bu qadın ondan əl çəkə bilmirdi, sanki bacısını pis yola məhz Ülkər çəkmişdi.

Həmin hadisədən sonra Zoraydanı başqa kameraya keçirtdilər, Ülkər növbəti günlərini nisbətən sakit tərzdə yaşadı.

Günləri sayırdı ki, buradan tez çıxsın, burnunun ucu göynədiyi balasını gedib görsün, bir də anasının məzarına baş çəkmək istəyirdi.

Elə həbsxanadaca onun da mahiyyətinə vardı ki, atası öləndən bəri bir dəfə də olsun onun məzarına getməmişdi. Bunların ata-balalığı gör necə qəribə, anlaşılmaz olmuşdu.

Nəhayət ki, üç gün gecikmə ilə -- 2017-ci ilin aprelində Ülkər həbsxanadan çıxdı. Ömrünün ən qara səhifəsi beləcə çevrilmiş oldu.

 

 “Ədəbiyyat və incəsənət”

(29.01.2024)

 

 

Monday, 29 January 2024 15:00

Nağıl dolu sandıq

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

İnsanlar müxtəlifdirlər. Biri kökənin bir parçasını istəyir, digəri reseptini.

 

2.

Onlar ayrılana qədər uzun və xoşbəxt bir ömür sürdülər. Sonra isə daha uzun və daha xoşbəxt yaşadılar. 

 

3.

Pul insanın nəinki bugününü və sabahını, hətta keçmişini də dəyişir. İmkanlıların avtobioqrafiyasını onları tanıyan ətrafları oxuyanda təəccüb şoku yaşayırlar. 

 

4.

Qadın sirr dolu mücrüdürsə, kişi nağıl dolu sandıqdır. 

 

5.

-Mən vətənpərvərəm.

-Sənin Mayamidə evin var?

-Yox.

-“Maybax”ın var?

-Yox əşi. 

-Məzuniyyətdə Monte-Karloya gedə bilirsən?

-Təbii ki yox.

-Onda sən necə vətənpərvərsən? Sən adi vətəndaşsan. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Ayşən Rəhim, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünya Gənc Türk Yazarlar Birliyinin və  Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistanın “Şöhrət” medalı laureatı, şair, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmlə görüş keçirilib.

 

Görüşdə MŞ-nın İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış jurnalistlər və yazarlar iştirak ediblər.

Tədbir mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinin bir dəqiqəlik sükutla  yad olunması ilə başlanılıb.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid X.Rüstəmin bioqrafiyası ilə iştirakçıları tanış edib.

"1971-ci ildə Özbəkistanın Nəmənqan şəhərində anadan olmuş X.Rüstəm jurnalist təhsillidir, eyni zamanda, Ali Ədəbiyyat Universitetinin məzunudur. 2015-ci ildən isə nüfuzlu “Kitab dünyası” qəzetinə rəhbərlik edir.

X.Rüstəm  Azərbaycanla sıx əlaqədə olan jurnalist və yazardır.  Onun 44 günlük müharibə dönəmində yazdığı “44 gün” kitabı  çap olunub. 2020-ci ilin oktyabrında X.Rüstəmin təşəbbüsü ilə dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyat tənqidçilərinin Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanlamaqları əlamətdar məqamlardan biridir".

MŞ sədri sözügedən şairin müharibə zamanı qarabağlıların dərdini ifadə edən “Adı Lalə idi o qızın” adlı poema yazdığını və bu yaradıcılıq nümunəsinin 2020-ci ilin oktyabrında kitab kimi nəşr olunduğunu da diqqətə çatdırıb.

R.Məcid özbək jurnalist-yazara rəhbəri olduğu qurumun diplomunu təqdim edib.

"Yeni Müsavat" media qurumunun rəhbəri Rauf Arifoğlu çıxışı zamanı X.Rüstəmin Özbəkistanı ədəbi cəhətdən Azərbaycanlaşdıran ziyalı kimi təsnif edib: "Xasiyyət xanımla Turan qurultaylarında görüşmüşəm, onun evində qonaq olarkən əsl ziyalı mühiti görmüşəm".

R.Arifoğlu Turan ellərində növbəti görüşlərin keçirilməsini arzulayıb. 

Tədbirdə  iştirak edənlər arasında "Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Əli Kərim adına Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslı, Əməkdar  jurnalist Zemfira Məhərrəmli, MŞ idarə heyətinin üzvü, jurnalist Ceyhun Musaoğlu, şair İlqar Türkoğlu, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, DGTYB idarə heyəti üzvü Yusif Nazim Ərəbsoy, yazar Gülşən Behbud, gənc türkoloq Məleykə Mirzəli, gənc yazarlar Rübabə Sahib, Həsən Kür, Ayşən Rəhim,  Banu Məhərrəm, "Vision TV” internet televiziyasının rəhbəri Şöhrət Eldəniz və başqaları yer alıb.

Çıxış edənlər özbəkistanlı yazarın yaradıcılığındakı xarakterik məqamları dilə gətiriblər. Onlar X.Rüstəmin türk xalqlarını bir-birinə yaxınlaşdırmaq amalını və bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndiriblər. 

Qeyd olunub ki, Xasiyyət Rüstəmin yaradıcılığında Azərbaycan, Qarabağ mövzusu xüsusi əhəmiyyət daşıyır. İştirakçılar dünyada Azərbaycana qarşı güc nümayiş olunduğu bir zamanda onun Türk birliyinin qorunmasına xidmət etməsini təqdirəlayiq olduğunu vurğulayıblar.

Tədbirin sonunda X.Rüstəm ədəbi fəaliyyətinə və gördüyü işlərə verilən yüksək dəyərə görə tədbir iştirakçılarına minnətdarlığını dilə gətirib. Azərbaycanda olmasından və tədbirdə iştirak etməsindən dolayı məmnunluğunu ifadə edib.

O, bu dəyərin və haqqında səslənən xoş fikirlərin onu daha da ruhlandırdığını bildirib. Azərbaycanı özünə ikinci vətən hesab etdiyini vurğulayan qonaq müəllifi olduğu şeirlərdən nümunələr səsləndirib.

Tədbirin sonunda X.Rüstəm tərəfindən Rəşad Məcid və İntiqam Yaşara rəhbəri olduğu qəzetin fəxri diplumları təqdim olunub. Xatirə fotosu çəkilməklə tədbirə yekun vurulub. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vida Heşmətinin  şeirlərini təqdim edir.

 

Vida Heşməti

 

Vida Heşməti, 1968-ci il oktyabr ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, uşaqlıq dövründən ədəbiyyata marağı olduğu üçün Təbriz universitetində fars dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Onun “Ağ qanadlı kəpənək” və “Ulduzların nəğməsi” adında uşaq kitabları çap olunmuşdur. Kitabın rəsimlərini şairənin bacısı Lida Heşməti çəkmişdir. Şairənin “Tanrı boyalı saçlarım” adlı şeir kitabı da 2021-ci ildə Təbriz şəhərində çap olunmuşdur.

 

TANRI BOYALI SAÇLARIM

 

Saçlarım...

Doğu yellərin qançıllığı

Buludların manifesti

Batı qızlarının yağış lirikası

Gözü yaşlıdı tellərim.

 

Saçlarımda yellər ulayır kəndımi

Və hörükləyir çaylaqları

Su tökür qadınlar əlimə.

Bu mənəm “Vida”

Bu mənəm...

Bu mənəm türkün şeir qızı!

 

Saçlarım...

Günəş kölgəli saçlarım.

 

Mürgü döyür

Röyasında məni Təbriz

İndi şənbədi birçəklərim

Və bir sərçə yuva qurur

Mənim

Tanrı boyalı saçlarımda...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Monday, 29 January 2024 11:15

Ötən ay ən çox oxunanlar

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalında ötən ay ən çox oxunan yazıların sıralanmasını təqdim edirik. 

Xəbərlər və müsabibələr yenə də ən çox oxunanlar arasında üstünlük təşkil edir. Bədii ədəbiyyat nümunələri, reportajlar və resenziyalar yenə də oxunma sayında bir qədər uduzurlar. 

 

1.Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkilərinin elan edilməsi haqqında Sərəncam (07.12) Gündəm

 

2.”Cümə günü Əbülfəzqızının 10 sualı”nda İqbal Nəhmət (08.12) Ədəbiyyat

 

3.”Bu gün müəllimlərin qurultayıdır” - Habil Yaşarın yazısı (15.12) Və digər

 

4.Ho amato persino la pietra - italyancadır, xəbər (12.12) Ədəbiyyat 

 

5.Faiq Balabəyli:”Dənizə oxşamışam” - müsabibə (30.12) Ədəbiyyat 

 

6.”Müasir gənclik artıq zet mərhələsini keçərək Siqma nəslidir” - Xatirə Həsənova ilə müsahibə (21.12) Və digər

 

7.”Cümə günü Əbülfəzqızının 10 sualı ilə”də Əkbər Qoşalı (15.12) Ədəbiyyat

 

8.”Ədəbiyyat və incəsənət” portalı Türk dünyası media mükafatına layiq görüldü -xəbər (10.12) Gündəm

 

9.AYB Lənkəran Bölməsində ədəbi müzakirələr keçirilib (25.12) Ədəbiyyat

 

10.”Dar ağacı kimi xatirələrdən asılırsan” - Aygün Fikrət Hüseynzadənin şeirləri (14.12) Ədəbiyyat

 

11.”Cümə günü Əbülfəzqızınln 10 sualı ilə”də Musa Ələkbərli (01.12) Ədəbiyyat

 

12.”Biri ikisində”də Günel Balakişi Ağayevanın şeirləri (13.12) Ədəbiyyat 

 

13.”Məncə kitabın bədəni var…” - Esra Karagülle ilə müsahibə (13.12) Ədəbiyyat 

 

14.Fransız şairi Hamid Larbinin kitabı Londonda nəşr olunub - xəbər (30.12) Yeni nəşrlər

 

15.”Beyləqanın yovşan qoxusu” -Aygün Bayramlının şeirləri (18.12) Ədəbiyyat

 

16.”Zəlzələ olanda o, əlinə kitab götürüb qaçıb” - Gamze Bargın Bulmuşla müsabibə (27.12) Ədəbiyyat

 

17.”Bəyazlar içində” - Leyla Ümidin yazısı (08.12) Və digər

 

18.Habil Yaşardan Türkiyə mediası müsahibə alıb - xəbər (30.12) Türksoy

 

19.Komitə sədri Fazil Mustafa təltif olunub - xəbər (24.12) Gündəm

 

20.”Üç şagirdim şəhid, otuzdan artığı qazidir” - Tural Nəbiyevlə müsahibə (12.12) Və digər

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir axşam taksidən düşüb payıza

Bilmədik haraya, hayana gedək...

Bahar həsrətiylə payız axşamı

Yenə həzin-həzin titrədi ürək.

 

Yağışın əlindən qaçıb bir küncə,

Dayandıq üzümüz dənizə sarı.

Yenə tapılmadı payız gəlincə

O uzaq günlərin itmiş açarı…

 

Bu şeirdə payız vəsf olunub. Yayda doğulan və qışda vəfat edən Vaqif Səmədoğlu ən çox elə yayı sevib, amma ən çox payızı vəsf edib. Ömrünü payıza bənzətdiyi üçün. Payız qədər qəmli, kədərli, həm də müdrik olduğu üçün…

 

Xalq şairi Vaqif Səmədoğlunun vəfatından 9 il keçdi. Bu il iyunda anadan olmasının 85-ci ildönümünü də qeyd edəcəyik. Bəli, 2024-cü il onun yibiley ilidir. 

Azərbaycan poeziyasında öz yolu, öz dəst-xəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açdı. Şairlər diyarı Qazağın poeziya ruhu damarlarında axan qana qarışdı. 

İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.

 

Ömrümə duman gəlib,

Deyəsən, yaman gəlib,

heç kəsə demə…


Bu dumana qapımdan,

çıxan kimi azmışam 

yenə şeir yazmışam,

heç kəsə demə…


Daş evlər arasında

neyləyər duman mənə?

Gülüm, diriyəm yenə,

heç kəsə demə…

 

Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.

Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.

Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.

Ruhu şad olsun!

 

Bu payız da başlandı,

Bu yağış da…

Ölülərim,

Dirilərim dolanır içimdə,

Xatirələr səyriyir gecəmdə,

Təkliyimi minib at tək

Yanır

sönür

ötür ömrüm…

Ekspreslər dayanmayan

Kiçik stansiyalar tək…

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyi  Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində dahi Azərbaycan şairi və mütəfəkkiri  Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərlidən verilən məlumata görə, bölgə  yazarları və ziyalıların iştirak etdiyi tədbirdə böyük Füzulinin həyat və yaradıcılığı barədə məlumat verilib, əsərlərindən qiraət edilib.

Dahi şairə həsr olunan şeirlər və əsərlərinə yazılan təxmislər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Tədbirin sonunda Bölmənin tədbirlərində fəal iştirakına görə şair-qəzəlxan Məmməd Əvəzoğluna AYB Lənkəran Bölməsinin Fəxri Fərmanı təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

Monday, 29 January 2024 10:30

Özümdən özümə məktub –ESSE

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

Salam, əzizim. Necəsən? Bilirəm ki, məndən incimisən. Amma sənə yazdığım məktublar hamısı cavabsız qalmış, mənimlədir. O məktublar sənə çata bilməzdi, əsir idin. Bil ki, gözəlim, mən o məktubları sənə göz yaşlarım, ürəyimin qanıyla yazmışdım. Sənin necə də qəribə taleyin var?! Ömrümüzə qara yazılan İllərdə hara getdimsə səni axtardım, aradım... Gecələr ulduzların arasında, çiçəkli yamyaşıl yamaclarda, dərələrdə, bulaqların şırıltısında, əsən küləklərdə, dağların zirvəsində, sevən könüllərdə, dərdli-qəmli ürəklərdə axtardım səni. Tapmadım...

Gözəlim! Sən mərdliyinlə, qürurunla öyünürdün. Sənin gözəlliyinə kimlər məftun olmamışdı?!  Yadlar gəldi, səni məndən almaq istədilər, ala bilmədilər. Səni sıldırım, əlçatmaz yerlərə apardım. Döyüşdüm. Nə  qədər səni sevənlər qanlarını tökdülər, qoymadılar ki, Azərbaycan gözəli yadlar əlinə keçsin.

Qaşı qara, gözü qara, gözəllər gözəlim! İlk baxışdan sənin qara gözlərin, baxışın yağının gözündən qaçmadı. Səni əldə etmək üçün qəsdinə durdular. O müdhiş qaranlıq gecədə Şeytan mələk biçimində hiyləyə əl atdı. Yer titrədi, göy guruldadı, əcaib əjdaha sifətlilər səni əsir götürüb igidlərin tikdiyi qalada saxladılar. O qala şüşədən idi. Ona görə elə qala tikilmişdi ki, bir gün şüşə sınarsa o şüşələr Gözəlimi oğurlayanların üstünə tökülüb onları məhv etsin. Amma onlar səni məhv etmədi, əsir saxladı, tabe olmadığını görüb sənə zülm etdilər. Əllərin əlimdən uzaq düşdü. Ruhumu ruhuna bağladım, sənin həsrətinlə ağladım, ah-fəğan etdim. Leylini sevən Məcnun tək tənhalığa üz tutdum. Sevdiyin çiçəyi axtardım, şehsiz çiçəklərə rast gəldim. 

Qəmdən, kədərdən uzaq yaranmış mələklər də ağladı, göz yaşı tökdü o gecə.

Sənin iniltini hər gecə eşitdim. Səsin həmişəki səs deyildi, zəngulə vurmurdu.  o mehriban və səmimiyyət dolu səsində indi ağrı, kədər, inilti vardı,  xəstə olduğunu duydum - sən heç vaxt bu əzabları mənə deməzdin, bildirməzdin!

Ölmək istədim, ölə bilmədim. Gözlər gəldi gözlərimin önünə. Hara gedirsən, özünü unudub hara gedirsən. Özünə kənardan baxa bilməyən o gözləri kor et əvvəlcə. Qəlbim parçalanıb muma döndü. Sənə olan sevgim sönməyən şama dönüb illərlə yandı. Qanlı göz yaşları axdı yanaqlarımdan.  Məni yaşadan  yalnız sənə olan sevgim oldu.

Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya-duya yaşadım. Yer xəcalətindən bir daha ətirli gül bitirmədi ki, gözəlim o gülün ətrini duymayacaq. O gülün yerində tikanlar bitdi yalnız.

Tanrım mənə dözüm verdi. Tanrıya güvəndim, möcüzə gözlədim. Sevginin məhv olduğu yerdə nifrət daha da güclənər deyirlər.  Üzümüzə nurlu sabahın açıldığı bir yaz səhərində dedim: Daha bəsdir! Hayqırdım...Dağlar bu səsdən diksindi, yer, göy yandı, töküldü.. Yenə də sənə çata bilmədim. Yağı sənin qarşında çal-çağır edib mənə yanğı verdi. Bu dərdə necə dözdüm. Qanlı qaladan səni necə geri alacağımı fikirləşdim, fikir yollarında azıb qaldım, bir an keçənləri unudaraq yenə yaşamaq istədim. Bacarmadım. Necə yaşamaq olar? Günəşə həsrət qalan kor insan kimi yalnız bu kəlmələrlə özümü sakitləşdirdim: Gözlə, gələcəyəm!  Mütləq səni azad edəcəyəm! Əllərimi uca tanrıya uzadıb möhlət istədim. Tanrıdan bir səs gəldi: - Səbr et, o gün gələcək. Səbr etdim, səbrimə “qorxdu” dedilər.

Bir nur üzlü pəhləvan peyda oldu,  bəyan etdi ki, mən Azərbaycan gözəlini o əjdahanın əlindən qurtaracağam. Ağ atlı pəhləvan çox çətin bir yola çıxdı. Vətən torpağını sevənləri öz ətrafına topladı, onları qanlı döyüşə səslədi. “Allahu əkbər”- deyib, yağı üstünə atıldı. Qeyrətli, namuslu, Azərbaycan gözəlini onların əlindən aldı.  O zəfər günü Şiş dağlarda sənin xilasına gələnlərə Tanrı da kömək etdi. Duman dağlara üz tutan xilaskarlarını düşməndən gizlətdi. Nəhayət sən əsirlikdən xilas oldun.

Ey, Azad Azərbaycanın məğrur gözəli! Üzündən xəcalət rübabını götür. Qoy bütün dünya bilsin ki, Sən azadsan! Yaralarını sağaldacaq məlhəmlərin hazırdır. Tez bir zamanda sağalacaq, yenə də mənə qayıdacaqsan. Artıq Vətənsevənlər od nəfəsləriylə sənə uzanan xain əlləri yandırdılar, kül etdilər. Həmin anda sən od saçan gözlərə, qaynar nəfəslərə baxıb, zənciri qırılan qollarını irəli, mənə uzatdın:- “Mən səni gözləyirdim, inanırdım ki, gələcəksən. Sənin eşqinə, sevginə inanırdım. Sən, qanqal dolu yollarla ayaqyalın gəldin yanıma,  mənim xilaskarım. İndi əllərimi sənə uzadıram, tut əllərimdən məni ayağa qaldır. Mən azadam, sənə qayıdıram. Bizləri ayıran yollar artıq bir ünvandadır. Biz birlikdəyik!”

Zülmət dolu acılı günlər sevinclə əvəz olundu. İçimdən bir səs gəldi, bağırdım:- Daha yanındayam, səni heç kəsə bir daha vermərəm!

 Uşaq kimi sevinib, qədəmlərinə “qurban” dedim. 

Hörmətlə: Səni sevib, gözləyən

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.