Super User
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin iclası keçirilib
Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin ofisində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə şairlər, nasirlər, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin, Jurnalistlər Birliyinin üzvləri, o cümlədən Afaq Şıxlı, Əliş Əvəz, Mirabbas Ağdabanlı, Nəsib Nəbioğlu, Samid Ağayev, Sultan Mərzili, İntiqam Kazımov iştirak ediblər.
AYB Moskva bölməsinin sədri Abuzər Bağırov şair İlham Bədəlbəylini ad günü münasibətilə təbrik edib. A.Bağırov bölmənin fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib, 2024-cü il üçün nəzərdə tutulan prioritet layihələri diqqətə çatdırıb. O bildirib ki, bu il bir neçə yubiley və yaddaqalan tarixlərlə, o cümlədən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə əlamətdardır.
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov çıxışında təşkilatın fəaliyyət proqramında Azərbaycan dili və ədəbiyyatının inkişafı ilə bağlı bir sıra prioritet layihələrin yer aldığını deyib. O, ədəbiyyat xadimlərinin yaradıcılığına dəstək verməyə hazır olduğunu bildirib, birgə tədbirlərin keçirilməsini təklif edib.
İştirakçılar Nəsib Nəbioğlunun doğma yurdu Kəlbəcərə səfəri barədə söhbətini maraqla dinləyiblər. Sonda gənc şair İntiqam Kazımov öz şeirlərini oxuyub.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
“ABADDON” - Rövşən Abdullaoğlunun kitabı Misirdə çapdan çıxıb
Tanınmış yazıçı, psixoloq, “Bu şəhərdə kimsə yoxdur” romanı ilə böyük auditoriya qazanmış Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı “Abaddon” romanı Misirdə “Jusur Publishing” nəşriyyatında ərəb dilində nəşr olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ədibin naşiri olan “Qədim Qala” nəşriyyatından məlumat verilib.
Roman Azərbaycanda ilk dəfə 2018-ci ildə işıq üzü görüb. Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-ın “Readers Favorite” beynəlxalq kitab
müsabiqəsində münsiflərin rəyi əsasında “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib.
Müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” qurumunun üzvüdür. İngilis dilinə tərcümə olunmuş əsərləri “IndieReader", “Kirkus", “Readers”, “Favorite" və “Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb.
Əsərin qısa məzmunu:
Hadisələr İrlandiyada cərəyan edir. Məşhur “Titanik” gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.
Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.
Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
OSSİ Dİ SEPPİA - Azərbaycanlı şairənin İtaliya uğuru
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Azərbaycanlı şairə Təranə Turan Rəhimli İtaliyada Taggia Kommunasında "Ossi Di Seppia" Beynəlxalq Poeziya Müsabiqəsində B Seksiyası üzrə birinci yerin qalibi olub.
Avropanın ən böyük və nüfuzlu şeir müsabiqələrindən olan "Ossi di Seppia" 30 ildir ki, İtaliyada keçirilir. Bu ədəbi müsabiqə rəsmi olaraq Liguriyada dünyaya göz açan, 1975-ci ilin Nobel mükafatçısı, görkəmli şair Eugenio Montalenin adı ilə bağlı olub, onun 1925-ci ildə nəşr edilən ilk kitabı, inqilabi məzmunlu fundamental əsər "OSSI DI SEPPIA"-nın (italyancadan tərcümədə "Mürəkkəb balığının skeleti") adını daşıyır. Təranə Turan Rəhimli Avropanın belə bir mötəbər şeir müsabiqəsində birinci olmağın, Azərbaycanı bu şəkildə təmsil etməyin qürurunu yaşadığını bildirir. O, müsabiqənin təşkilat komitəsinə, Mükafat Komissiyasının prezidenti, Taggia Kommunası Mədəniyyət Müşaviri Kyara Cerri xanıma, Mükafat Komissiyasının katibi cənab Lamberto Qarsiaya, müxtəlif qitələrdən müsabiqəyə ünvanlanan şeirlər içərisində onun şeirlərini birinci yerə layiq görən münsiflər heyətinə dərin təşəkkürünü ifadə edir. Ənənəvi olaraq qaliblərin şeirlərinin nəşr olunduğu antologiyanın və 1-ci yer diplomunun ona göndərildiyini vurğulayır. Antologiyada müsabiqənin A və B seksiyaları üzrə müxtəlif nominasiyalar üzrə 8 yerin qalibi olan şairlərin şeirləri nəşr edilmişdir. Həmin şairlər Azərbaycandan Təranə Turan Rəhimli, Hindistandan Neelam Saxena Çandra, ABŞ-ın Kaliforniya ştatından Neal Vhitman, Çindən Ceyms Tian, Mavrikiy Respublikasından Sveeki Anoauçeka Gangabissoon, Cənubi Koreyadan Kyunq Ku Moon, Yeni Zellandiyadan Yuhang Liu, Gürcüstandan Tetri Kalmıs Anonimuridir.
Avropada ən mötəbər Poeziya Müsabiqələrindən biri sayılan, İtaliyada 2024-cü ildə sayca 30-cusu keçirilən bu mötəbər müsabiqədə bütün qitələrdən beynəlxalq ədəbi mühitdə tanınan şairlər iştirak etmişdir. Hər bir şair müsabiqəyə üç şeirlə qatılmışdır. Azərbaycanlı şairi müsabiqə qalibi edən şeirləri görkəmli hind şairi və bir çox dillərdə bədii tərcüməyə hakim olan Anit Roy ingilis dilinə tərcümə etmişdir. Həmin şeirlər bunlardır: "Arzular ölə bilmir", "Ad günü bir addım daha ölümə yaxınlaşmaqdır", "Məktub yazmısan".
Qeyd edək ki, Təranə Turan Rəhimli 2020-ci ildə də bu müsabiqəyə qatılmış, "Ossi Di Seppia"nın A Seksiyası üzrə " Ən yaxşı əcnəbi şair" nominasiyasında "Xüsusi rəğbət mükafatı"na (Premie Menzioni Speciali) layiq görülmüşdür. Həmin müsabiqə "Ossi Di Seppia"nın sayca 26-cısı idi.
Təranə Turan Rəhimli 17 fevral 2024-cü ildə Taggia Kommunasında keçiriləcək təntənəli mükafatlandırma törəninə dəvət alıb.
Ümumiyyətlə, azərbaycanlı şairənin İtaliya ilə ədəbi əlaqələri 2016-cı ildə İtaliyanın Puliya kommunasında qatıldığı beynəlxalq ədəbiyyat festivalından sonra daha da genişlənmiş, bir çox italyan şairlərini - Mariya Miraqlia, Klaudia Piççinno, Lidia Çiarelli, Emmanuella Rozzo və başqalarını Azərbaycanda tanıtmaqla, eləcə də Təranə Turan Rəhimlini əsərlərinin müntəzəm olaraq italyanca dövrü mətbuatda yayımlanması, haqqında italyan tənqidçilərinin məqalələr yazması və italyanca şeir kitabının nəşri ilə nəticələnmişdir.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Bir Kərəm ağlayır pərdələr üstə və ya doğulduğu gündə ölən adam
Fəridə Ləman, “Ədəbiyyat və incəsənət”in təqdimatında
Qazax mahalının sazlı-sözlü İncədərəsi ustad aşıqlar - Aşıq Avdı, Aşıq Cəlal, Aşıq Şəmistan, Aşıq Sadıx, Aşıq Məhəmməd, Aşıq
Kərəm və başqalarının gözəl dünyamıza göz açdığı bir məkandı.
Saz-söz sənətində onların qoyduqları nəzəri və təcrübi ənənələr gənc aşıqlar - Aşıq İlham, Aşıq Şaiq, Aşıq Həsən, Aşıq Hüsən, Aşıq İnsafə və başqaları tərəfindən ləyaqətlə davam etdirilir. Bunlardan
bəziləri ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıqdır. Söz açacağım Aşıq Kərəm məhz ifaçı və yaradıcı idi.
Adını çox eşitmişdim, özü ilə şəxsən 1993-cü ildən yaxından tanış oldum. Həmin illərdə
həyat yoldaşım Nurəddin Qaybalıyev Xanlıqlarda yerləşən ağır artilleriyada zabit idi, mən isə bölgə müxbiri işləyirdim. Tez-tez əsgərlərlə görüşə gedirdik, belə görüşlərdə Qazax rayon mədəniyyət işçilərinin xidməti danılmazdır. Bir-birindən gözəl musiqi nömrələri əsgərlərdə gərginliyi azaldır, ümidli sabahlara, qələbəyə səsləyirdi.
Aşıq Kərəmlə də görüşümüz əsgərlərimizin yanında oldu. Sazın simlərini göynədən barmaqlar nə biləydi ki, sahibinin ömrü belə
qısa olacaq, bu pərdələr «köçdü Kərəm-deyib» - qəm sızıldayacaq, dərd söyləyəcək. Bir vaxt:
Mən bəxtiyar bir aşığam,
Əlimdədir hələ sazım,
Yerə-göyə sığışmaram,
Sən gələndə dilə, sazım! -
deyən aşığı qara əcəl yaman susdurdu. Amma onun susmayan nəğmələri, misra-misra nəğmələşən, könül pıçıltısına çevrilən şeirləri qaldı. Bu şeirlər əbədiyyət nəğmələridi. Bu nəğmələrin üstündə bir
Kərəm möhürü, Aşıq Kərəm imzası var. İndi ürəyinin istisi, qəlbinin səsi dil açan bu şeirlər toplumu əlimin altındadır.
Onun şeirlərində el-obasına sevgi, dosta sədaqət, inam, etibar, saflıq, duzluluq gördüm.
Mərd oylağına yaxşı sal nəzər,
Qaçaq İsmayılı dillərdə əzbər.
Sorağı İranda, Turanda gəzər,
Bir vətən həsrəti, gəl, İncədədir.
Aşıq Kərəmin mayası saflıqdı, onu həyatda nə var-dövlət, nə mənsəb, vəzifə maraqlandırmır. O, köksündə elə bir ucalığa layla deyir ki, namərdin, müxənnətin hiyləsi əməl sahibinin öz ayağına dolaşa bilər.
İstər çoban olsun, istər hökmdar,
Birdi mənə əgər varsa etibar.
Hər kəsin yazılı öz qisməti var,
Axtarıb getməyə tova demişəm.
Aşıq Kərəm yaz arzulu, yaz diləkli, vətənpərvər bir insan idi. Zalımdan, zalımın zülmündən hər kəsə amanda olmağı arzulayırdı.
Arzulayırdı ki, əmin-amanlıq, bolluq olsun, həsrətlər qovuşsun, vətənin dar günündə xalq bir olsun.
Vətənin dar günü xalqım bir ola,
Birləşə hər sözü, işi bir ola,
Yol göstərə alim ola, pir ola,
Arxa dura, bir-birinə göz ola.
Bu misralar vətəndaş çağrışıdır, Vətənin dərdlərinə həmdəm bir insanın istəkləridi. Və o, Vətən oğullarını «qeyrət eylə»-deyə tor-
paqlarımızı işğaldan azad etməyə çağırır.
Bu torpağı satmaq olmaz,
Ar-namusu atmaq olmaz.
Bir bu qədər yatmaq olmaz,
Vətən oğlu qeyrət eylə,
qeyrətə gəl!
Müxənnətlərə fürsət verən, adam kimi yaşamağa beşcə gün möhlət verməyən, yapalağa zinət verib başa çəkən, iki üzü də qara dünyada Kərəmin də çox arzuları ürəyində qaldı.
Səndən düzlük umanları,
Nəs ağızı yumanları,
Laçınları, tərlanları,
Doydurursan sara dünya.
Aşıq Kərəm ədəbiyyatımız, qədirbilən oxucularımız üçün bir xəzinə, bir əbədi irs qoyub gedib. Aşıq şeir növünün müxtəlif növlərində özünü ustalıqla sınayan sənətkar bir-birindən gözəl şeir-sənət nümunələri yaradıb.
Gəl güclüdə öz gücünü sına sən,
Əl qaldırma bir gücsüzə sına sən.
Düz demirsə gəl Kərəmi qına sən
Yarışmaqdan yarışmamaq yaxşıdı.
Sənətkarın şeirlərinin çoxunda onun insani xarakteri, humanizmi, vicdani saflığı, ustadına ehtiramı, öyüd və nəsihətləri açıqlanır.
Özgəsinə tələ quran,
Özü düşər, özü düşər,
Hər məclisdə mərd igidin,
Sözü düşər, sözü düşər,
Sevincli, kədərli günlərində yeganə həmdəmi telli sazı olub Aşıq Kərəmin. Dil bilən, hal qanan olub telli saz. Coşub, çılğınlaşıb, kövrəlib, zilə, bəmə qalxıb telli saz. Sahibinin köksündə ona həmdəm,
sirdaş olub. 1990-cı il 20 yanvar günündə rayondan bir dostunun qızının toyuna gələrkən qanlı faciə ilə üz-üzə gəlmiş və sazına üz tutaraq haqsızlığa qarşı üsyan səsini qaldırmışdı:
Qışa döndü bahar, yazım,
Qəfil söndü xoş avazım,
Şəhid oldu oğlum, qızım,
Ağla, telli sazım, ağla.
Bu nağıllaşan dünyaya kimlər gəldi, kimlər getdi?! Əslinin düymələrindən alışıb od tutan bir Kərəm vardı. Bir Aşıq Kərəm də vardı, Vətən dərdlərindən ürəyi çat-çat olan
Kərəm. Özü bu vəfasız ürəyin onun yarı yolda qoyacağını bilirmiş.
Şair Barat Vüsala yazdığı «Ürək ağrım» şeirində yazır:
Şair Barat, vermir aman,
Ürək ağrım, ürək ağrım.
Hərdən məni edir peşman,
Ürək ağrım, ürək ağrım.
Hər kəs kimi o da baharı, gül nəfəsli yazı çox sevirdi. Güllər fəslinin gəlişilə ürəyi coşur, telli sazı dil-dil ötürdü.
Kainata nəfəs verən,
Novruz gəldi, Novruz gəldi,
Ürəklərə nur çiləyən,
Novruz gəldi, Novruz gəldi.
Gəlişiylə ellər gülür,
Çəmən gülür, çöllər gülür.
Telli sazda tellər gülür,
Novruz gəldi, Novruz gəldi.
Əllinci baharı əbədi susdu, telli saz kədərə büründü, zümrüd ormanlar gözündə qaraldı, kəkliklər qaqqıldaşmadı, bənövşələr sevgi
nağılı pıçıldamadı. Xoş avazı dağlara, daşlara dəyib çilikləndi.
Amma, Kərəmsevərlərin qəlbində əbədi bir sevgi yuvalandı. Sazının simləri üstündə bir kədər ağladı… Telli saz sahibinin yoxlu-
ğuna ağlayırdı…
Ay da keçər, il də Kərəm,
Sözün qalar dildə, Kərəm,
Hörmət qazan eldə, Kərəm
Elin səni ucaldacaq!
Azərbaycan Aşıqlar Birliyinin Azərbaycan Dövlət İncəsənət muzeyində Aşıq Kərəmin həyat və yaradıcılığına aid keçirdiyi təntənəli mərasim elinin onu ucaltdığından və unutmadığından xəbər verirdi.
P.S: O, 1945-ci il martın 11-də dünyaya gəlmişdi, Qazağın Aslanbəyli kəndində. 1995-ci il martın 11-də Mərdəkanda haqq dünyasına qovuşdu. Bu, 50 yaşının ona «töhfəsi» oldu.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Balet ecazkar incəlik, plastika və gözəllikdir - “VƏKİLOVA” SƏNƏDLİ FİLMİ TƏQDİM OLUNDU
Könül, “Ədəbiyyat və incəsənət”
Sizə dünən Nizami Kino Mərkəzində baş tutan bir film təqdimatı barədə danışacam. Bəli, yanvarın 29-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli balerinası, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın 95 illiyi münasibətilə “Vəkilova” sənədli filminin təqdimat mərasimi keçirildi.
Ən çox sevdiyim mədəniyyət xadimlərindən olan Leyla Vəkilova barədə bildiklərim indiyə qədər yalnız ensiklopedik məlumatlar idi. Bu məlumatlatdan əxz etmişdim ki, Leyla Məhəd qızı Vəkilova Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından biridir, Azərbaycan SSR Xalq Artisti, SSRİ Xalq Artisti, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri, Lenin ordeni və "Şöhrət" ordeni ilə təltif olunmuş böyük şəxsiyyətdir.
Leyla xanım İlk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir.
1927-ci il yanvar ayının 29-da Bakıda doğulan Leyla Vəkilova əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, məşhur Vəkilovlar siyadındandır, böyük Səməd Vurğunun nəsil şəcərəsindəndir, Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Opera və Balet Teatrının balet truppasına solist götürülüb.
1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.
İndi isə qayıdaq fiımin təqdimat mərasiminə.
Mərasimdə çıxış edən filmin müəllifi və quruluşçu rejissoru Əməkdar artist Samir Səmədov bu layihədə ona dəstək göstərən Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) minnətdarlığını bildirdi.
Ekran əsərinin 2 ay müddətində ərsəyə gəldiyini söyləyən rejissor vurğuladı ki, Leyla Vəkilova onun müəllimim olub. Leyla xanım müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb. Sənətkar klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurla təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.
Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu kinematoqrafçılar tərəfindən hazırlanan bu tip layihələrin reallaşmasını uzun müddətdir arzuladığını qeyd etdi. Filmin nümayişinin ardıcıl olaraq iki gün davam edəcəyini söyləyən yazıçı əsl kino sənətinin insanlara yüksək səviyyədə çatdırılmasından məmnunluq duyduğunu bildirdi.
Çıxışlardan sonra sənədli film nümayiş olundu. Və premyeraya gələnlərin gur alqışlarını qazandı.
Və biz, Leyla xanım barədə indi daha bilgiliyik.
Şəkildə: Fiımdən fraqment (qapaq fotosu), çıxış edirlər Samir Səmədov və Orxan Fikrətoğlu (iç fotolar).
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Mədəniyyət naziri Salyanda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli fevralın 23-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) Salyan, Şirvan, Hacıqabul, Biləsuvar və Neftçaladan olan vətəndaşları qəbul edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar fevralın 19-dək Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı və (025) 295-15-82 telefon nömrəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Xalq yazıçısı Anarın 85 illiyinə həsr olunmuş hekayə müsabiqəsinin mükafatlandırma mərasimi Gənclər Günündə keçiriləcək
Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında keçirilən hekayə müsabiqəsinin mükafatlandırma mərasimi 2 Fevral - Gənclər günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı Müsabiqənin Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir.
Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.
Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi.
HƏVƏSLINDİRİCİ YERLƏR
Bəşir Niftəliyev,
Səma Quliyeva
3-CÜ YER
Xan Abdulla
2-Cİ YER
Orxan Cuvarlı
1-Cİ YER
Cavid Babayev.
Mükafatçılara tutduqları yerə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim ediləcək.
Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı və “Şirvan” cəmiyyətidir.
Mükafatlandırma mərasimi saat 14-də başlayacaq.
Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə isə yaxın günlərdə elan ediləcək. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər.
“Ədəbiyyat və İncəsənət"
(29.01.2024)
“Anam- kəlağaydı, kəlağay- anam'' təqdim olunub
28 yanvar, 2024-cü ildə Kəlağayı Ev Muzeyində tədbir keçirilib, yenicə işıq üzü görmüş ''Anam- kəlağaydı, kəlağay- anam'' kitabı təqdim olunub.
Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin mətbuat katibliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açıb.
“Sazlı-sözlü Kəlağayı Günləri'' layihəsi haqqında danışan Güllü Eldar Tomarlı yenicə işıq üzü görmüş ''Anam- kəlağaydı, kəlağay- anam'' kitabının təqdimatı gününün təkcə bu gün deyil, ilboyu ölkə boyunca keçiriləcəyini vurğulayıb.
Qeyd edib ki, bu kitab 24-28 noyabr, 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında kəlağayının “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” paraqrafı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentaiv Siyahısına daxil edilməsinin 10 illik yubileyinə töhfədir.
Qeyd edək ki, təqdim olunan “Anam - kəlağaydı, kəlağay - anam...” kitabının tərtibçisi və toplayanı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı, redaktoru ədəbi tənqidçi, araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçilər Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və Əmək Qəhrəmanı, Preziden Təqaüdçüsü Tərlan Musayeva, rəyçi İctimai Birliyin sədr müavini Vüsal Sehranoğludur.
Kitaba ön sözü Xalq şairi Nəriman Həsənzadə yazmışdır.
Kitabda ənənəyə sadiq qalaraq klassik və çağdaş Azərbayanda, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən şair, yazıçı, elmi araşdırmaçı, publisist və aşıqların, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri çap olunmuşdur.
İnanırıq ki, kitabdakı bədii, elmi nümunələr geniş oxucu marağına səbəb olacaq.
Tədbirdə kitabın redaktoru Vaqif Osmanlı, MDPM İctimai Birliyinin sədr müavinləri Vüsal Sehranoğlu, Gözəl Kəlbəcərli, texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov, jurnalist Ötərxan Eltac, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, Mətanət Uluşirvanlı, Rəfael Tağızadə, Səadət Buta, Lalə İsmayıl, Rəqibə Qəvvas, Eyzanat Osmanova, Şəfəq Sahibli, Narıngül Nadir, Arzu Heydərova, Lilpar Qəzənfər, Maya Omarova, Rəşidə Xəlilova, Xalidə İlyasqızı, Nailə Zəngin kitab haqqında fikirlərini bildiriblər, şeirlər söylənilib. Aşıq Gözəl Kəlbəcərli və aşıq Ləman Məhərrəmovanın gözəl deyişmələri iştirakçılara xoş ovqat bəxş edib.
Bildirilib ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayi Ev Muzeyi”nin nəşr etdirdiyi “Anam – kəlağaydı, kəlağay - anam...” kitabının təqdimatı məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciətə nazirlik rəsmiləri böyük sayğı ilə yanaşıb. Belə ki, nazirliyin qərarı ilə respublikamızın müxtəlif ali və orta məktəblərində il boyu müxtəlif tədbirlər - ədəbi-bədii gecələr, görüşlər, sərgilər keçirmək planlaşdırılır. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində də belə tədbirlər təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
Bu gün Azərbaycan ədəbiyyatında tənhalıq poeziyası yaradan, qəlibsiz şeirlər yazıb, Allah üçün darıxan, ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.
Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlmişdir.
O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb.
Daha sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.
Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.
O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
Şairin "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Və bundan sonra onun əsərləri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.
4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
O, 2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat etmiş və Fəxri Xiyabanda, atasının yanında dəfn olunmuşdur.
Gəlin şairin yaradıcılıq ümmanına kiçik bir səfər edək.
Bakıya duman gəlib,
Heç kəsə demə.
Deyəsən yaman gəlib,
Heç kəsə demə.
Çıraq yanıb bu axşam,
Yanıb, sönüb bu axşam,
heç kəsə demə.
Bu dumana qapımdan
Çıxan kimi azmışam,
Yenə şeir yazmışam,
Heç kəsə demə.
Daş evlər arasında
Neyləyər duman mənə?
Gülüm, diriyəm yenə
Heç kəsə demə...
*
Ayrılıq mehriban,
Ayrılıq doğma.
Gəlmə.
Ayrılığın evini yıxma.
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər.
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə
Xeyli dərd lazımdır ölməkçün mənə
Gəlmə,
Gəlmə...
Belə qalım azadam,
Azad.
Mənə bu dünya da, o dünya da yad.
*
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...
*
Salam, ata, salam.
Bilirəm, arxamdasan.
Məzarından cəmi əlli-altmış
Addım bu yanda dayanıb
Trolleybus gözləyirəm.
Trolleybusa minib,
Sənin yanına gələnə qədər
Yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi…
Salam trolleybus,
Əlvida ata…
*
Sabah vaxtın olsa,
Yada sal məni,
Heç olmasa
Bir səkidən
O birisinə keçərkən.
Qoy üstünə gələn
Bir avtonun səsi
Unutdursun məni yenə.
Mən də yaddaşından çıxıb,
Lənət deyim
Siqnal səsinə...
*
Elə bilirsən
Sənə deməyə
Daha sözüm qalmayıb?
Üzündə təbəssümünü görməyə
Gözüm qalmayıb?
Bu sən, bu mən,
Bu torpaq,
Elə bilirsən
Qarşında çökməyə
Dizim qalmayıb?
*
Ömrüm nisyə getdi,
Ölümüm də nisyə olsun.
Elə bir bazarın varmı, İlahi?
Məni yuxuda öldür,
Ağrısız, əzabsız.
Elə bir azarın varmı, İlahi?
Mənə bu dünyaya baxmaqçün
Bir kiçik pəncərə ver.
Elə bir məzarın varmı, İlahi?...
*
Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata...
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...
Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə...
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Qazaxda iki görkəmli şəxsiyyət yad olunub
Yaşasaydılar bu il hər iki böyük sənətkarın 85 yaşı tamam olacaqdı... Ötən gün Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun Anım günü, ustad sənətkar, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibovun doğum günü münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsi üzvlərinin də iştirakı ilə tədbirləri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qazax Mərkəzi Mütəfəkkirlər Parkında Vaqif Səmədoğlunun abidəsi, Ağköynək qəbiristanlığında Ədalət Nəsibovun məzarı ziyarət olunub. Tədbir iştirakçıları hər iki sənətkar haqqında xatirələrini danışıb, ürək sözlərini bölüşüblər.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)