Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

 

4.

 

ÜMUMMİLLİ LİDERİN MÜTALİƏYƏ MÜNASİBƏTİ

 

 

Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir.

Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə 

yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.

Ümummilli liderimiz hətta M.F.Axundov adına Milli Kitabxanamızın fondunun yeni ədəbiyyatla necə komplektləşdirilməsi ilə də maraqlanmış, bu işin çox vacib olmasını söyləmişdir. Ulu öndər kitabxanaya çox az sayda yeni 

ədəbiyyatın daxil olduğunu görərək demişdir: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya 

dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni nəşrlərlə təmin olunsun”. 

Eyni zamanda bunu nəzərə alaraq Heydər Əliyev öz şəxsi kitabxanasından 300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya 

hədiyyə etmişdir. 

Heydər Əliyev deyirdi: “Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazır­laşmışıq. Ona görə də hər birimiz kitablara bocluyuq. Həm kitabları yazıb yarat­maq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifə­lərimdən biri sayıram”.

Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq 

və bir sıra xarici jurnalistlərin ona verdikləri “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz və bu qabiliyyət Sizdə haradandır?” sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da ulu öndərin oxuduğu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinə tam əmin olursan. Yaxşı bir deyim var: “Nə oxuduğunu de, mən deyim sən kimsən”. Bu deyim kitabın, mütaliənin Ulu Öndərin həyatında oynadığı rola əyani misal ola bilər.

Heydər Əliyev müxtəlif çıxış, nitq və məruzələrində hər zaman Azərbaycanın və türk dünyasının görkəmli ədiblərinin, yazıçı və şairlərinin, alim və ictimai fikir sahiblərinin, maarifpərvər ziyalıların ölkəmiz, xalqımız, türk dünyası və ümumilikdə bəşər mədəniyyəti üçün bəxş etdiyi töhfələrdən danışaraq İbn Sina, N.Tusi, Firdovsi, Nizami, Nəvai, Y.Əmrə, Məhtimqulu, Abay, M.Kaşğari, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ü.Hacıbəyov, H.Cavid, S.Vurğun, Homer, Şekspir, Puşkin kimi məşhur ədiblərin əsərlərini mütaliə etməyi, yaşatmağı gənc nəslə tövsiyə edib. Müxtəlif müsahibələrində ən çox sevdiyi şeirin Səməd Vurğunun “Azərbaycan” şeiri, ən çox sevdiyi şairin Məhəmmədhüseyn Şəhriyar, ən çox sevdiyi pyesin Cəlil Məmmədquluzadənin “Ölülər”pyesi, ən çox sevdiyi dramaturqun Hüseyn Cavid, ən çox sevdiyi jurnalın isə “Molla Nəsrəddin” olduğunu bildirib.

 

Növbəti: 5.Azərbaycan Prezidentinin kitaba münasibəti

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

1-ci hissə

1 ay sonra... Saatın çalması ilə yuxudan ayılıb yuyunmaq üçün hamama daxil oldu. Duş qəbul edib mətbəxə keçdi və anasının hər səhər erkəndən oyanıb hazırladığı təamları evinin günəşi ilə söhbət edə- edə yeməyə başladı.

-Mənim baş tacım bu gün özünü necə hiss edir?- üzünü anasına tutub sual verdi. 

-Bizi Yaradana şükür yaraşıqlı oğlum. 

Bir xeyli söhbət etdilər. Afiq yeməyini bitirib yataq otağına keçdi. Dünəndən seçib kənara qoyduğu qara kostyumu əyninə geyindi. Ağ köynəyin üzərindən ona yaraşan qara cizgili qalstuk taxıb dəsti tamamladı. Aynada özünə baxıb saçlarını daradı, Məkkədən gətirilən, namaz qılarkən istifadə etdiyi ətiri boynuna, biləyinə və üzünə sürüb işə getmək üçün otağın qapısına tərəf yönəldi. Qapını açıb zala keçdi və oradan anasını səsləyib – Anacan, işə gedirəm bir sözün, məndən hər hansı bir istəyin varmı?, - deyə soruşdu. Mətbəxdən şirin ləhcəli, Allah’ın övlada bəxş etdiyi ən gözəl nemətlərdən biri olan anasının səsi eşidildi- Nə zaman qayıdarsan ananın gül balası? 

O, hər zaman Afiq belə əzizləyərdi – 9 ay əzab-əziyyətlə bətnində böyüdüb qucağına aldığı o gündən 26 yaşına kimi. 

Oğlu gülümsədi və tez də cavab verdi – Bakıya xas tıxacı da nəzərə alsaq, saat 7-də yəqin ki. Alınacaq nə isə lazım olsa zəng edərsən sultanım – deyib ona tərəf əyildi.  MasaAllah, idmançılara xas boya malik idi. Allah vergisi idi bu ona. 3 ilə yaxın voleybol və basketbolla məşğul olması da boyunu uzatmıştı. Anasının boynundan və üzündən öpdü, hər zamanki kimi halallıq alıb qapıdan çıxdı. Yol qapısını açıb küçədə saxladığı Volkswagen markalı avtomobilinə əyləşib açarı çevirdi, hərəkətə gəlib evi arxasında qoydu və birbaş işlədiyi Socar Neft  şirkətinə sürdü. 

 

2-ci hissə 

Afiq evin ikinci övladı idi. Orta təbəqəli bir ailədə dünyaya göz açmışdı. Valideynləri müəllim işləyirdi. Anası orta məktəbdə fizika,  atası isə universitetdə iqtisadiyyat fənnini tədris edirdi. Özündən böyük bacısı Nuricahan da təzəlikcə ailə qurmuşdu. Ömür yoldaşı Almaniyada təhsil aldığı müddətdə orada özünə iş qurduğu üçün evlənib xaricə köçdülər. Qardaşının yaxın dostu olduğu üçün evlərinə gəlmişdi Namiq. İlk dəfə həmin gün tanış olmuşdu bu iki gənc. O gündən bəri bir- birlərini sevməyə başlamış və iki ay sonra üzük taxıb, 10 gün sonra isə ailə həyatı qurmuşdular. 

Zərifə xanım qız övladından sonra Afiqi də evləndirib, onun da xoşbəxt günlərini  görmək istəyirdi. Ona görə də özü üçün gəlin də axtarırdı. Anasına elə gəlirdi ki, oğlu könül işlərinə vaxt ayırmır, ancaq şirkətin işləri ilə məşğul olurdu. Afiq şirkətdə rəhbər müavini olaraq çalışırdı. Savadı, bacarığı, cana yaxınlığı ilə hər kəsin rəğbətini qazanmışdı, ən çox da qızların. Şirkətdə çox qız ona qəlbində yer ayırmışdı. Amma o, qızlara dönüb baxmırdı. Bəlkə də baxmaq istəmirdi, qəlbində illər əvvəl yaranan yanğı hissinə görə...

 

3-cü hissə 

2014-cü il 21 iyun ... 11ci sinifi bitirirdi bu il. Sinif yoldaşları ilə birgə restoranda yer ayırıb məzun gününü qeyd etmişdilər. Məclis bitib hər kəs evinə yollanırdı, elə Afiq də. Birdən nə isə xatırladısa tanışının evinə getməli oldu ilk öncə. Dostu dənizin yaxınlığında yerləşən bir binada yaşayırdı. Fikirli halda avtobusdan enib aşağıya doğru irəlilədi. Yanğılı ağlama səsi eşidib ayaq saxladı. Kim isə hönkürtü ilə ağlayıb göz yaşı tökürdü. Başını səs gələn tərəfə çevirəndə dəhşətə gəldi. Qız bardyorları aşıb digər tərəfə keçmişdi. İlk ağlına gələn onun intihar etməsi oldu. Qabağa gedib qızı səslədi. Üzünü çevirəndə oğlanı görən Asnifat həyacanlandı, ağlamasını kəsib danışmağa başladı:

—Sən kimsən? 

Qız utandı qeyri ixtiyari “sən”  deyə müraciətindən.

—Adım Afiqdi- oğlan cavab verdi- Sizə nə olub? 

Bu dəfə o, sual ünvanladı qarşısında dayanan bu kədərli qıza.

—Yaşamaq istəmirəm daha, bezmişəm həyatımdan. 

Onunla üz-üzə dayanan bu cavan gənc bir an duruxdu. Nə edəcəyini, qızı necə bu intihar fikrindən döndərəcəyini düşündü. O bilirdi ki intihar heç vaxt çıxış yolu olmayıb. Ağlı kəsəndən namaz qılırdı, Rəbb’inə bağlı bir gənc idi. Hər intihar hadisəsi eşidəndə də pis olurdu. İnsanların canına qıyması ona görə heç vaxt çıxış yolu deyildi. Səbr etməliydi insan hər çətinliyə rəğmən. Axı bu dünya həm şirin həm də acı günləri ilə bir imtahan dünyası idi. Bilirdi ki, Allah verən canı yenə Allah alar. 

Birdən qızın səsi onu düşüncələrdən ayırdı.

—Gedin buradan, məni tək qoyun. 

—Baxın, intihar etməklə siz heç  bir şey qazanmayacaqsınız. Əksinə bu geri dönüşü olmayan bir yola sürükləyər sizi.

—Yaşamaq mənasızdır. Məni bu həyata bağlayacaq heç bir səbəb yoxdur. 

—Gəlin dərdiniz nədirsə birlikdə çıxış yolu tapaq.

Qız yenə də razılaşmadı, oğlandan onu narahat etməməsini istədi. Amma Afiqin onu intiharın eşiyində qoymaq fikri yox idi. Onunla danışıb bu yoldan dönməsi üçün çalışacaqdı. 

İlk öncə adını soruşdu  qara saçlı, xumar gözlü qızdan.

—Asnifat- qız cavab verdi. 

—Kimsən, kimlərdənsən? 

Afiqin sualı qızı deyəsən kövrəltdi.

—Əslən Qusarlıyam. Burda doğulub – böyümüşəm. Atam Qayınbəy burda alverçi işləyirdi. Anam isə evdar qadın idi. Bir gün qapı çalındı. Anam yaxınlaşıb açdı, kiminləsə nə isə danışırdı, daha doğrusu çöldəki şəxs danışırdı o, isə dinləyirdi. Birdən anamın ağlama səsini eşitdim. Otaqdan çıxıb ona tərəf getdim. Əyilib başını sığalladım. Anacan niyə ağlayırsan?- deyə soruşanda aldığım cavab məni elə bil dağdan aşağı tulladı. Atamı pul üstündə ürəyindən bıçaqlayıb öldürmüşdülər. Borc verəndə  insan yaxşı amma pulunu istəyəndə pis olur? Başa düşə bilmirəm insanların pis niyyətli xislətini. Dünyada necə də vicdansız insanlar yaşayır. 

Gözləri doldu. Amma nədənsə ağlamadı. Bəlkə də vaxtında çox ağladığı üçün. 

-Allah böyükdür, səbr edin – deyib Afiq onu sakitləşdirməyə çalışdı. 

İllərdir qəlbində özünə yük etdiyi, ona mənəvi əzab verən dərdləri azaldı sanki qızın. Sakitləşdi az da olsa.

-Allah Nisə surəsi 29-cu ayədə “özünüzü öldürməyin” buyurub – Afiq bu dəfə basqa bir yolla onu xilas etmək istədi. 

Ruhən rahata qovuşmuşdu, odur ki Afiqin son cümləsi bayaqdan bəri yanlış yolda olan Asnifatın doğru yolu tapmasında rəhbər oldu.

Dünyada yaşayarkən insanlar çətinliklər ilə mübarizə aparırlar. İstər-istəməz mənəvi yorğunluq onları taqətdən salır. Bəzən birinə öz çətinliklərini danışdıqda ruhun sakitləşir. Qarşı tərəfin verdiyi məsləhətlər insanı dərd burulğanından çəkib çıxarır. 

 

İndi eyni ilə gəncin Asnifata qayğı göstərməsi, qızın mənfi düşüncələr dumanlığını yarıb, onu ordan çəkib çıxarmışdı. Asnifat bardyorları keçib, intihar fikrindən əl çəkdi. Aşağıya enib oğlana yaxınlaşdı.

—Düz deyirsiniz. Bu yola necə ağıl qoydum, özüm də bilmirəm. Bəlkə də yaşadığım çətin günlərdən qurtulmaq istədim. 

Qızın şirin ləhcəsi oğlana xoş gəldi. 

- Nə üçün intihar edirdin?- bayaqdan diqqətini qızdan ayırmayan Afiq soruşdu.

- Atamın ölümündən sonra mənə anam baxıb böyütdü, əziyyətimi çəkdi. Yeri gəldi atalıq etdi. Çox çətinlik çəkdik o zamanlar. Amma yenə də üzümüz gülürdü, çünki birlikdə idik. Bir-birimizə dayaq olurduq. İndi isə... 

Dözməyib ağlamağa başladı. 

Oğlan qızın anasını da itirdiyini başa düşmüş kimi – Allah rəhmət eləsin - dedi sakit, bir az da kövrək səslə.

-Allah razı olsun -deyib danışmağa davam etdi Asnifat. -Anamı xəstəlikdən itirdikdən sonra mənə ana tərəfim baxdı. Atam evin tək övladı idi, ona görə əmidən, bibidən bir qohumun yox idi. Nənəm və babam da hələ atamın sağlığında ikən vəfat etmişdilər. Anamı torpağa dəfn etdikdən sonra dayım məni yanına apardı. 1 ilə yaxın onlarla birlikdə qaldım. İlk başlar mənə yaxşı baxırdılar, üstümdə titrəyirdilər. Amma  sonralar hərəkətlərində, sözlərində özümə qarşı soyuqluq hiss etdim. Öyrəndim ki dayımın işləri yaxşı getmirmiş. Pul baxımdan sıxıntı çəkirdilər. Özləri, uşaqların xərci, üstəlik mənim də xərcim olanda ehtiyacları qarşılaya bilmirdilər. Bu vəziyyət bir neçə gün daha çəkdi. Dayım qərara gəldi ki, məni xalamın yanına aparsın, bir az da o baxsın deyə düşünmüşdü. Elə də oldu. Mən xalamgilin yanına köçdüm. Orada da mənə yaxşı baxdılar bir müddət, amma sonra... Sonra hazırlıq xərclərim də oldu və xalamgilin üzərinə daha çox yük düşdü. Dayım və xalamdan başqa qohumum yox idi daha. Ona görə də uşaq evinə göndərməli oldular, daha baxa bilmirdilər mənə. Onları da qınamıram öz övladlarınınmı qayğısına qalsınlar, mənimmi, bilmirdilər. 

-Bu il uşaq evindən də buraxılacaqsan, bəs sonra harada qalacan? 

Afiq sualı verəndə qızın üzünə yox, dənizə baxırdı. Nə isə fikirləşirdi elə bil.

- Qalmağa heç bir yerim yoxdu daha, ona görə də bu yolu seçdim, başqa bir yol görmədim, daha doğrusu artıq mübarizə aparmaq istəmədim həyatda. İntihar o vaxt mənə çıxış yolu kimi göründü. Amma sənin sözlərin məni elə bil yuxudan ayıltdı, doğru yolu göstərdi. 

İkisi də daha danışmadı. Bir neçə dəqiqə belə səssiz oturdular. Afiqin – durun gedək- deməsi ilə aradakı sükut pozuldu 

-Haraya? 

Sual anidən çıxdı Asnifatın iki dodağının arasından.

Durub söhbətlərinə davam edərək yola düzəldilər.

-Mənim xalam tək yaşayır. Onun yanına gedək, bəlkə razı olar onunla qalmağına. İstəyərsənmi ?

-Qız əvvəl tərəddüd etdi oğlanın bu təklifi ilə razılaşmağa. Amma başqa bir qalacaq yeri də yox idi. Ona görə də təklifi qəbul etdi

Bir müddət yol gedib xalasının evinə çatdılar. Bloka daxil olub pilləkənləri qalxdılar. Ayaq saxlayıb dayandılar. Artıq evin qapısına çatmışdılar. Afiq qapını döydü. Evdən – gəldim, gəldim xalasının quzusu – deyə səsləndi ev sahibəsi. Qapı arxasında dayanan gənclər gülüşdülər. Buraya gəlməzdən qabaq Afiq xalasına zəng edib gəlmələri barədə xəbər vermişdi. Xədicə xala evdə tək yaşayırdı. Ailə qurmamışdı. Ana, atasını da 1 il aralığı ilə itirmişdi. Qapını açıb üzündə gülüş uşaqları qarşıladı. 

-Gəlin içəri -deyib onları evə dəvət etdi. Gənclər dar kolidordan keçib zala daxil oldular, göstərilən yerdə əyləşdilər. Ev sahibəsi qonaqlara göz gəzdirib üzünü Afiqə tutdu:

-Telefonda vacib bir məsələ var deyirdin, gecənin bu vaxtı vacib olan nədir belə? Həə... Bir də bu xanım qızımız kimdi? Tanış eləmədin bizi - dedi gülümsəyərək. 

-Yerini rahatlayıb – Asnifatdır adı - dedi - əli ilə xanımı göstərərək. 

-Həə... Gözəl qızdır. 

-Xalacan bu xanımla dəniz kənarında tanış olduq. Ana və atası vəfat edib. Uşaq evində qalırdı, amma 18 yaşı tamam olduğu üçün oradan çıxarılacaq. Qalmağa da başqa yeri yoxdur

-Allah rəhmət eləsin qızım. Bəs qohumların yoxdurmu? 

-Allah razı olsun – dedi qız titrək səslə. Amma digər suala cavab verə bilməyib başını aşağı dikdi.

Onu belə görən gənc - Gəl, xala, biz çöldə bir az söhbət edək, - dedi. 

Ayağa qalxıb mətbəxə keçdilər. Oğlan qızın danışığını xalasına nəql etdi. 

-Ağlıma sən gəldin qala biləcəyi yer olaraq. Sənə də uyğun olarmı?

Xədicə xala bu evdə tək qalırdı. Bir az düşünüb “niyə də olmasın” deyə başını yuxarı-aşağı tərpətdi. Oğlan sevindiyindən xalasını elə qucaqladı ki, az qala boğulacaqdı ev sahibəsi. Zala keçdilər. Üzünü qıza çevirib – yeni evin xeyirli olsun in şə Allah -  dedi Afiq. 

Asnifat əvvəl duruxdu, daha sonra nə demək istədiyini başa düşər kimi təşəkkür etdi gəncə. 

-Allah razı olsun sizdən, etdiyiniz yaxşılıq bir gün qarşınıza çıxsın in şə Allah.

- Cümləmizdən, -Afiq  təşəkkürünü qəbul etdi. Daha sonra hər ikisi ilə də sağollaşıb qapıdan çıxdı və birbaş evə yollandı. Saatına baxdı, artıq yeni bir günün başlanmasına az qalırdı. Kitabı almağa gedə bilməzdi, gec idi daha. Düşüncələr içində yola qoyuldu evinə tərəf, deyəsən yenicə tanış olduğu qız haqqında nə isə fikirləşirdi. Özünü öldürmək istədiyi anları  xatırladı. Nə yaxşı ki, o yoldan keçdi, qızı gördü. Gördü və xilas etdi oğru dalğaların pəncəsindən bu Allah bəndəsini. Şükür etdi Allah'a, onu bu səhvdən döndərmək də kömək etdiyi üçün. Qızın  balaca, güldükdə daha da balacalaşan şirin gözləri, kədərli üzü gəldi ağlına, özü də kədərləndi əlində olmadan. Xanımın hekayəsi ona pis təsir etmişdi. Qismət... Heç kəs həyata nə  zaman  əlvida deyəcək bilmir, hər şeydən xəbərdar olan, əzəli və əbədi var olan Allah’dan başqa. Sözsüz ki Yaradan nə etsə gözəl eylər. 

Bir anlıq fikri yayındı, qəhvəyi rəngli, üzərində üç rəngli bayrağın olduğu qapıya çatanda dayandı. Gəlib çatmışdı evə, amma yaman  gecikmişdi. Böyükləri danlamasa yaxşı idi, əsas da anası. Vaxtında evdə olmayanda narahat olurdu oğlu üçün. Çox oğulcanlı idi çox. Amma necə olmuşdusa oğlunun bir qızın dərdindən qəlbinin yandığının fərqinə varmamışdı. Bəlkə də Afiq dərdini yalnız Rəbb'inə danışdığı üçün idi, anasının məsələni bilməməsi. Sözsüz ki Allah'dan başqa, dərdinə dərman ola bilməzdi kimsə. Çox çətinlik çəkmişdi Afiq o vaxtlar, ağlayıb göz yaşı tökmüşdü xəlvəti yerlərə çəkilib. İndi xatırlayanda da gözündən yaşlar tökülür. Əsgərlikdən qayıdandan sonra daha görməmişdi onu, elə bil qeybə çəkilmişdi qız. Xidmətə yollanmazdan bir həftə əvvəl qıza sevgisini etiraf etmiş və ondan da özünə qarşı eyni sözləri eşitmişdi. Bəs nə baş vermişdi ki sevdiyi qız onu gözləməmişdi 18 aylıq yoxluğunda. Bu sualın cavabını ilk əvvəl bilmirdi, öyrənəndə isə canı yanmışdı eşitdikləri qarşısında. Eşitmişdi ki, qarşısına pullu bir oğlan çıxıb, onu bəyənib ailə qurub. Afiq onun ardınca heç vaxt pis söz danışmamışdı, şikayət etməmişdi Rəbb’inə ondan. Yaraşıqlı bir gənc idi, bəlkə də qəlbinin gözəlliyi idi üzünə vuran. Amma Asnifatdan sonra heç bir qıza o gözlə baxmamışdı. Qorxurdu yenə eyni şeyləri yaşamaqdan. Xidmətdən sonra ali məktəbə hazırlaşdı. Əziyyətin qarşılığında qəbul oldu ADNSU- ya. Yaxşı oxudu, savadlı bir gənc olaraq yetişdi. Universitetdən sonra da SOCAR neft şirkətində işə başladı. Həmişəki kimi yenə yoldaşlarının, rəhbərinin gözündə yüksəldi, amma heç vaxt qazandığı nailiyyətlərə görə özünü heç kəsdən üstün görmədi, qürrələnmədi özündən aşağı vəzifələrdə çalışan insanların yanında. Sadəlövh idi. Bilirdi ki onu bu mərtəbəyə ucaldan Rəbb'i istəsəydi qaldırdığı yerdən aşağı da endirərdi. Elə bəlkə də bu gözəl xüsusiyyətlərinə görə də Allah qarşısına özü kimi ibadət əhlindən olan bir xanım çıxardı. Bu qız həqiqətən gözəl idi, qəlbinin gözəlliyi üzünə yansıyırdı. Zeynəbi ilk əvvəl xəstəxanada görmüşdü. Bir gün təzyiqini ölçdürmək üçün xəstəxanaya getmişdi. Qanının çox aşağı olduğunu demiş, elə indi qan vurmaq lazim gəldiyini bildirib çarpayıda uzanmasını göstəriş vermişdilər. Amma xəstəxanada ona uyğun olan qan bitmişdi. Tibb bacısı qanın bitdiyini öyrənən vaxt bir qız yaxınlaşıb qanını verə biləcəyini demişdi. Həmin xanım tibb bacısından lazım olan qanın 1 ( 0 RH + ) olduğunu eşitmişdi. Qanı  Zeynəbdən Afiqin olduğu otaqda, onun yatdığı çarpayının bir qədər uzağındakı yataqda uzandırıb almışdılar. Elə o gün bir-birinin adını öyrənmiş, amma daha sonra qarşılaşmamışdılar. Ta ki Zeynəbi rəhbərinin – Sərdar bəyin yanında görənə qədər. Onda bir- birlərinə Salam vermişdilər. Bu qarşılaşmadan ilk dəfə tanış olmadıqlarını aydınca duymuşdu şirkət müdiri. Afiq rəhbəri üçün digər işçilərdən fərqli idi. Onu özünə müavin seçəndə bunu bir daha Sərdar bəy də qeyd etmişdi. Zeynəb onun yeganə övladı idi, həm də Allah tərəfindən illər sonra onlara bəxş edilmişdi. Qızını böyütmüş, gözəl tərbiyə vermiş, mərhəmətli olmağı öyrətmişdi. Əsas olan da bu xüsusiyyətlər idi. Oxumuş, ali təhsilli biri olaraq yetişmişdi Zeynəb. Böyüdükcə dini ilə maraqlanmış, namaz qılmağa başlamışdı. Universitetə qəbul olanda özünün istəyi ilə hicaba keçmişdi. 24 yaşı yenicə tamam olmuşdu. Ata, anasının indi arzusu övladlarını halal süd əmmiş bir oğlanla evləndirmək, onun xoşbəxtliyini görmək idi. Yanında işlədiyi bu müddət ərzində Sərdar bəy Afiqdən razı qalmışdı. Qızının da belə bir oğlanla- elə bəlkə də Afiq  ilə ailə qurmasını istəyirdi. Amma bu barədə qızına heçnə demədi, özünün bir istədiyi olar da deməz deyə. İstəyirdi ki qızı öz sevdiyi ilə ailə qursun, xoşbəxt olsun. Amma bilmirdi ki Zeynəbin də könlündə olan elə Afiqdi. Bir axşam süfrə başında olanda qızı gözünə narahat göründü. Sanki nə isə sözü var idi amma deməyə çəkinirdi. Dözməyib sual verdi:

-Nə olub mənim gözəl qızıma?  Nəsə bir sözün varmı mənə? Varsa de, çəkinmə.

Qız bir az ürəklənib sözə başladı. 

-Atacan məni böyütdün, oxutdun, həmişə səndən istədiklərimi etməyə çalışdın. Mənim səndən bir istəyim daha var- dedi və susdu. Deyəsən utandı deyəcəyi sözə görə. Ana, atası hiss etdi sanki qızlarının nə demək istədiyini.

-Bir sevdiyinmi var qızım? -atası sual verdi.

-Atasının üzünə baxmadan bəli – dedi.  Kim olduğunu soruşdu anası sevincək halda.

-Adı Afiqdi. Amma inanın ki çox yaxşı biridir. Tanısanız siz də ondan razı qalarsız. 

Kim olduğunu soruşdu atası qızından? Ürəyində dua etdi – onun düşündüyü Afiq olması üçün.

-Sənin yanında müavin işləyir. 

Atası şükür etdi, amma yalnız Allah və o, eşitdi bu şükrü, çünki insanların eşidə bilməyəcəyi bir səslə etmişdi şükrünü. Üzünü qızına tutub sözə başladı:

-Həə, bəs nə vaxt gəlirlər səni bizdən istəməyə? 

Yoldaşı və qızı heyrətləndi atanın bu sözündən. 

Yoldaşı ona baxıb- səndən nə əcəb tez razılaşdın qızını bu oğlanla evləndirməyə.  Bir çağırardıq, tanıyardıq daha sonra qərar verərdik,- dedi. 

Sərdar bəy stolu çəkib, ayağa qalxaraq –  onu çox yaxşı tanıyıram əzizim, mən ondan razıyam Allah da razı olsun. Amin - dedi. - Yoxsa qızımı tanımadığım birinə verərdim mi? 

Ana-qız başını yelledilər. 

Səhəri gün Afiq, ana və atası qızın evinə yollandılar.  İstəmə mərasimi oldu. Elə həmin gün üzüklər də taxıldı. Artıq yay fəsli gəlirdi. Razılaşdılar ki gələn ay toyu etsinlər. Daha sonra süfrə arxasında əyləşib yemək yedilər. Valideynlərin üzü gülürdü. Elə bu günün səbəbkarı olan iki gəncin də…

 

4-cü hissə

 

Günəş parlaq şüalarını yavaş- yavaş səmadan geri çəkirdi. Saat 6-ya az qalırdı. İş saatı bir azdan bitəcəkdi. Əlində qalan son işlərini təhvil verib otaqdan çıxdı. Asta – asta pilləkənləri düşüb, şirkətin qapısına yaxınlaşdı. Artıq qapıdan çıxmağa bir addım qalmış kimsə arxadan adını səslədi. Ayaq saxlayıb səs gələn tərəfə döndü. Bu, şirkətdə onun ən əziz dostlarından – Ülvi idi.

 - Salam dostum – dedi ona çatanda – necəsən əziz insan ? 

- Allah’ın salamı üzərinə olsun Ülvican. Şükür Yaradana. Bəs sən?

- Həmd olsun Allah’a. Toy hazırlıqları necə gedir? 

Ülvinin səsində mehribanlıq var idi. Afiq və Ülvi şirkətdə  ən çalışqan işçilərdəndi.  Amma Afiqin savadı ondan bir az da üstün idi. O, rəhbər müavini təyin olunanda nəinki onlar arasında bir soyuqluq oldu, əksinə onun bu mərtəbəyə yüksəlməsində ən çox sevinənlərdən biri də Ülvi idi. O keçmiş günlər gəldi Ülvinin ağlına, amma qısa çəkdi. Afiqin səsi onu xəyaldan ayırdı. 

- Şükür Allah’a, yaxşıdır. Həll edirik yavaş – yavaş. 

- Həə... Əziz dostum Allah səni xoşbəxtlərin xoşbəxti etsin in şə Allah Amin. Sən buna layiqsən.

- Var ol gözəl insan. Sənə qismət- dedi əlini kürəyinə qoyaraq-bəs sən nə zaman subaylığa son qoyursan?, - soruşdu. 

-Çox yaxında anamı gəlini ilə tanış edəcəm.  Görək baş tacım bəyənəcəkmi gəlinini...  Maşınların dayandığı boş sahəyə gəlib çatdılar söhbət edə-edə. Bura şirkətin arxa tərəfində yerləşirdi, yola yaxın yerləşdiyi üçün bəzi insanlar maşınlarını burda saxlayırdı. Şirkət 3 mərtəbəlidir, 1-ci mərtəbəsi boş bir sahədi və çöldə içəriyə girişə nəzarət edən iki polis işçisi dayanırdı. Gələnlərin sənədlərinə baxır, sonra içəri buraxırdılar. İçəri daxil olub maşını saxlayır, daha sonra liftlə ikinci mərtəbəyə qalxırdı şirkət işçiləri. Afiq Volkswagenin qapısını açıb sükanın arxasında əyləşdi. Ülvi ilə sağollaşıb açarı çevirdi və bir az sonra onu arxada qoyub yola çıxdı, bu gün onu gözləyən sürprizlərdən xəbərsiz...

 

5-ci hissə

 

Maşın orta sürətlə yolda şütüyürdü. Birdən - birə qarşısında məktəbdən çıxan 8 yaşlarında bir qız uşağı peyda oldu. Var gücü ilə əyləci basıb maşını saxladı, amma maşın yenə də uşağa az da olsa dəydi. Qorxu içində aşağı enib uşağa yaxınlaşdı, qəlbində Rəbb’inə dua edərək. Çatanda şükür etdi, nə yaxşı ki uşağa heç nə olmamışdı, amma deyəsən çox qorxmuşdu. Ona yaxınlaşanda qız huşunu itirdi və Afiqin qollarına yıxıldı. Uşağı götürüb maşına mindirdi və xəstəxanaya sürdü. Çatanda tibb işçiləri uşağı onun qollarından alıb xərəyə uzandırdılar və içəriyə apardılar. Sadəcə 10 dəqiqə keçmişdi burada olmasından, amma bu zaman Afiqə uzun müddət kimi gəlirdi. Dua edirdi ki, bircə uşağa hecnə olmasın. Nəhayət tibb bacısı qapıdan çıxıb ona yaxınlaşdi. 

- Gözünüz aydın, xəstə özünə gəldi.

- Min şükür Allah’a. Onu görə bilərəm?- dedi astadan. Üzünə baxanda çox qorxduğu hiss olunurdu.

- Bəli, buyurun.

Afiq içəri daxil olub çarpayının yanında qoyulmuş stula əyləşdi və uşağın başını sığallayıb adını soruşdu. 

– Mavi – dedi titrək səslə.

Mavi, bu ad tanış gəldi ona. Keçmişdə ilk dəfə  sevdiyi qız gəldi ağlına. Əsgərlikdən qayıdandan sonra bir müddət ondan xəbər ala bilməmişdi. Daha sonra evləndiyini öyrənmiş, bir qızının olduğunu eşitmişdi. Adını da demişdilər-Mavi. 

-Bəs sənin adın nədir? 

Qızın sualı oğlanı fikirdən ayırdı.

-Afiq – dedi gülümsəyərək . -Valideynlərindən kiminsə nömrəsini bilirsən? Zəng edib xəbər verək. İndi sənin üçün narahat olublar yəqin ki

-Anamın nömrəsini bilirəm deyib - ardıcıl  8 rəqəm saydı. Afiq nömrəni yığıb zəngi basdı. Bir qədər çaldı, nəhayət zəng açıldı və qarşı tərəfdən: -Alo - deyə səsləndi nömrənin sahibi. Cavab gecikdi. Kim idi? -  deyə bir daha xanım soruşdu

-Salam xanım- vəziyyəti necə açıqlayacağını götür – qoy edirdi beynində.

-Salam. Buyurun- nömrəmə zəng etmisiz, nə üçün narahat edirsiniz?- sual verildi, bu dəfə cavab gecikmədi

-Qızınıza görə, hal hazırda xəstəxanadayıq, buraya gələ bilərsinizmi?

-Nəə? Siz nə danışırsınız? Necədi qızım? Yoxsa...

-Sakitləşin, vəziyyəti yaxşıdır. Narahat olmayın, siz buraya gələ bilərsinizmi?

-Gəlirəm-dedi və qadın zəngi qapadı. Tez əynini dəyişib aşağı endi. Elə bil ağlı yerinə indi gəlirmiş kimi xəstəxananın yerini soruşmadığını başa düşdü. Bir az əvvəl zəng gələn nömrəni çevirdi, zəng açıldı.

-Buyurun

-Zəhmət olmasa xəstəxananın yerini deyərdiz, ağlımdan çıxıb soruşmaq

Afiq yerini deyib, istiqamət verdi. Aradan 15- 20 dəqiqə keçmişdi. Kimsə ağlayaraq xəstəxana qapısından içəri daxil oldu. Həyacanlı halda nə isə soruşurdu qarşısına çıxan insanlardan. Bir tibb bacısı ona yaxınlaşıb narahatlığının səbəbini soruşdu. Məsələni başa düşən tibb bacısı əli ilə otağı işarə edib, 21-ci nömrəli qapını göstərdi. Xanım sağollaşıb, qapıya tərəf yönəldi, çatıb qapını açdı. İçəri daxil olanda qızını və arxası ona tərəf olan cavan oğlanı gördü. Qızım - deyib Maviyə sarı yeridi. Amma ayaq saxlayıb dayanmalı oldu bir – iki addım sonra. Gənc ayağa qalxıb üzünü ona çevirmişdi. Hər ikisi indi üz-üzə durmuşdu, təəccüb içində bir-birilərinə baxırdılar. Axı necə ola bilərdi, illər sonra yenidən qarşılaşa biləcəkləri ağıllarına gələrdimi? Həyatda nə olacağını heç kəs yaşamadan bilmir, yalnız Allah’dan başqa, O, hər şeyi əvvəlcədən  Görən, Biləndir. 8 il sonra yenidən qarşıya- qarşıya idi Afiq və Asnifat. İkisi də danışmırdı, susub dayanmışdılar. 

-Anacan mən burdayam – Mavinin səsi hər ikisini fikirdən ayırdı. Asnifat gəncin yanından ötüb qızının yanına oturdu, öpüb qoxladı, vəziyyətini soruşdu. 

-Yaxşıyam ana, ağlama – deyib balaca əlləri ilə göz yaşını sildi onun.

 Afiq dayana bilmədi, qapını açıb dəhlizə çıxdı. O tərəf-bu tərəfə gedir nə isə fikirləşirdi. Düşünməzdi ki bir gün onunla qarşılaşar. Kədərli görünürdü, deyəsən yadından çıxmamışdı, bir vaxtlar onu atıb gedən Asnifat. 

-Necəsən? 

Qızın şirin ləhcəli səsi onu fikirdən ayırdı. 

-Necə olmağımı gözləyirsən? 

Sakit bir tonla dilləndi Afiq. 

-İllər əvvəl, bir xəbər belə vermədən məni tərk edib gedəndə nə hala düşəcəyimi bilmirdinmi?

-İstəməzdim belə olsun- başını aşağı salıb dilləndi. 

Utanırdı Afiqin üzünə baxmağa

-Səndən sonra mən çox çətinlik çəkmişəm, canım çox yanıb. Rəbb’imə əl açıb qəlbimə fərahlıq versin deyə, günlərlə dua etmişəm. Şükürlər olsun yavaş – yavaş acılarımı azaltdı. 

Bir müddət heç biri danışmadı. Sükutu yenə Afiq pozdu.

-Bilirsən o vaxt, qəlbimdə elə bil yanğı vardı ki o zaman şeir də yazmışdım, sənin qəlbimdə qoyduğun acı izin verdiyi ağrı ilə. Cibindən bir kağız çıxarıb qıza uzatdı. 

Bu şeiri həmişə cibində gəzdirirdi, anası görməsin deyə. Qız əlini uzadıb vərəqi götürdü və oxumağa başladı :

 

Niyə belə etdin əzizim?

Axı mən sənin saçlarına

Toxunmazkən 

Necə icazə verdin ona

Saçlarını qoxlamaya.

Nə tez unutdun məni?

18 aylıq yoxluğumda 

məni tərk etməyi fürsət bildin özünə.

Düşünmədin heç? Ey vicdansız.

Bu qərib sənsiz nə eylər. Bilirsən?

Mən  səngərdə ikən 

həmişə səni düşünərdim

Sən başqasının qollarında 

məni çoxdan unutmuşkən.

Nə edirəm heç bilirsən?

Oturmuşam şam işığında 

Sənlə keçən xatirələr 

Hey canlanır xəyalımda.

Yadıma düşür.

Bir yaz axşamı

Qaranlıq küçələrin

Yalqız yollarında

Gəzişirdik yan-yana 

Ağlayan buludların 

Damcıları ilə rəqs edən

Yaz yağışı altında.

Sən məni sənə bağlayan 

inandırıcı yalanlardan danışarkən 

Mən qəlbimə istilik verən 

şirin səsini dinləyir,

Bir gün yaşacağımı düşündüyüm 

xəyallara dalardım.

Hələ də anlamıram.

Sənə bəxş etdiyim dürüstlüyüm qarşısında 

Qarşılığı xəyanətmi olacaqdı?

Artıq o günü sevmirəm

Həyatıma daxil olub məni məhv edəcəyin günlərin başlanğıcı 

21 iyun gecəsi

Yolum dəniz kənarına düşməsəydi

Xoşbəxt günlərimin səbəbkarı zənn etdiyim

Bir gün isə gözəl xəyallarımın qatili olan səni 

Sahilin iti divarlarına çırpılan sərt, 

soyuq dalöakarın oğru pəncələrindən

 xilas etməyəcəkdim

İndi gecələrim bir az qəmli, 

bir qədər kədər içərisində keçməyəcəkdi

Evləndin, xoşbəxt oldun sən

Məni düşündünmü görən?

Eşitmişəm, bir qızın var adı da Mavi

Əsmər gözlərindən sənə bənzəyir.

Nə deyim, xoşbəxtlik səninlə olsun

Hər daim hər günün bəxtəvər olsun.

Bir gün bu şeirimi oxusan bil ki

Sən həyatımın qara xatirəsi olmusan mənim.

 

Oxuduqca gözlərindən yaş damlayırdı qızın. Peşman olmuşdu sanki etdiklərinə görə.

 – Bağışla – dedi başını qaldırıb. Üzünə baxanda heyrətləndi. Afiq də ağlayırdı səssiz-sakit bir şəkildə. 

-Haqqını halal et- mənim üçün əziyyət çəkmisən. 

Gənc dözə bilməyib xəstəxananın qapısına yönəldi. 

– Geriyə çevrilmədən – mən səni bağışladım, Allah da bağışlasın. Amin- dedi hər ikisi səssizcə. Sonra birdən ayaq saxlayıb üzünü çevirdi, haqqım da halal olsun, amma tək bir xahişim var. 

– Buyur - dedi Asnifat. 

– Bir daha qarşıma çıxma, sənə kin tutmamışam heç vaxt, amma bir daha  görmək istəmirəm səni

Qız başını aşağı saldı, heç nə demədi.

 – Allah'a əmanət ol  – dedi və bu onun Asnifata son sözü oldu. Üzünü çevirib qapıya tərəf getdi. Maşına minib oradan uzaqlaşdı. Əlini telefonuna uzadıb Zeynəbi yığdı.

 – Alo – dedi zəngi açan tərəf.

 – Salam əzizim, hazırsan? 

– Bəli, gəlirsən?

 – hə.

– oldu- deyib zəngi bağladı xanımı. Gəlinlik və bəy geyimi almaq üçün mağazaya gedəcəkdilər. Artıq qovusmaqlarına günlər qalmışdı. Toy üçün digər hazırlıqlar görülmüşdü. Allah valideynlərin canlarını hər daim sağ etsin, demək olar ki bütün işləri onlar görmüşdülər, sadəcə gəlinlik və bəy 

geyimi almaq qalmışdı, onu da bu gün alacaqdılar. Hər şey çox gözəl olacaqdı, həm də çox. Çünki Afiqin yanında, onu Allah’a xatir sevən bir xanım olacaqdı hər zaman. O, Zeynəbə hər baxanda səni Allah’a xatir sevirəm deyirdi. Eyni Zeynəb kimi... 

 

6-cı hissə

2022- ci il, 14 iyun... Böyük gün... Həyətdə çal – çağır idi. Afiq və Zeynəb bir ailə olacaqdı bu gün. Saat 17:00... Əlində bəyaz gül dəstəsi, qara kostyumda  bir oğlan evin qapısından çıxdı. Anası onu görcək kövrəldi. Onu həftənin 5 günü kostyumda görürdü. Amma bu gün o, qara kostyumu iş üçün yox öz toyu üçün geyinmişdi. Bu anası üçün bir xoşbəxtlik idi. Arzusu idi qızından sonra oğlunu evləndirmək, onun da xoşbəxt olduğunu görmək. Bu arzusuna çatdırdığı üçün Rəbb'inə şükür etdi. Anası yaxınlaşıb onu qucaqladı, ağlamamaq üçün özünü güclə saxladı. Birdən onlara uzun boylu bir xanım yanaşdı. Bu, Nuricahan idi, qardaşının toyu üçün 10 gün əvvəlcədən gəlmişdi. Bu gün də yoldaşı gələcəkdi. İşlərə görə Almaniyadan ancaq 3 günlüyünə icazə ala bilmişdi.  17 iyun yenə xaricə qayıtmalı idilər . Çal-çağır başladı. Əvvəlcə həyətdə bir müddət qohum - əqrəba oynadı, daha sonra hər kəs maşına əyləşdi və gəlinin evinə doğru istiqamət aldı... 

 

Qız evində də eyni abu-hava hökm sürürdü. Çöldə səslər eşidildi. Maşınlar siqnal çalır, gəlişlərindən xəbər verirdilər sanki. Qapıya çatanda bəy maşını saxladı, yan oturacağa qoyduğu, Zeynəbin bəyəndiyi bəyaz gülləri əlinə aldı və qapını açıb aşağı endi. Onunla gələn digər 4 maşın da dayanıb, aşağı endilər. Həyətin qapısı açıldı və bəy evi içəri daxil oldu. Afiq evə qalxıb Zeynəbə gülləri verdi və birlikdə həyətə düşdülər. Əvvəlcə valideynləri onlar üçün dua etdilər, sonra sevinc içində saraya getmək üçün maşına əyləşdilər və artq ailə olacaqları bu gün üçün yola qoyuldular... 

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Wednesday, 28 August 2024 14:29

GÜLÜŞ KLUBUnda süni intellekt

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

-Sizi süni intellektin inkişafı çoxmu qorxudur?

-Məni təbii intellektin tənəzzülü daha çox qorxudur.

 

2.

Dərdayıl o qədər humanist, təəssübkeş, xeyirxah insandır ki, evdən çıxıb marketə gedərkən 20 Yanvar körpüsünün altında Sabiravada sərnişin yığan sürücünün “günün altında üç saatdır bir sərnişin tapa bilmirəm, nə olar, gəlin oturun, gedək” 

“Ədəbiyyat və incəsənət” yalvarışının qarşısında dayana bilməyib Sabirabada gedəsi olur.

 

3.

Vicdanı gündüz oyananlar gündüz, vicdanı gecə oyananlar isə gecə yatmağı xoşlayırlar.

 

4.

Kənd yumurtasının qiyməti 40 qəpiyə qalxdığından zəhmətkeşlərin xahişi ilə marketlərdə Yumurtamişarı alətləri quraşdırılacaq. Bu alət yumurtanı yarı bölür ki, zəhmətkeş yarı yumurta ala bilsin. 

 

5.

Uşaqlarını Antalyaya istirahətə gətirən məlum deputatımız “hər şey daxil” menyusunu oxuyur:

“Səhər naharı saat 6-dan 11-ə.

Lenç 11-dən 13-ə.

Nahar 13-dən 16-ya.

Qəlyanaltı 16-dan 19-a.

Şam yeməyi 19-dan 21-ə.

Gecə bufeti 21-dən 6-ya”.

Və başını tutur:

-Bəs çimməyə vaxt qalmır ki? 

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Alpay Azərin hekayəsi  təqdim edilir. 

 

“Hisslər və macəralar” silsiləsindən 

 

Dəbdəbəli üçmərtəbəli villasının qarşısında, uşaqlıq dostları iki bacını qarşılayan Lamiyə onlara sarılan kimi hər üçü hönkürməyə başladı. Sonra qızlar içəri keçib, Lamiyənin anasıyla qucaqlaşıb ağlaşdılar. "İnanırsız, Aliyə xala, - böyük bacı Nisə hıçqıra-hıçqıra dedi, - o gündən özümüzə gələmmirik. Mamam özünü öldürürdü ki, məni də aparın, təzyiqinə görə qoymadıq. Amma gələn cümədə mütləq gələcək".

Sonra ağ fincanlarda çaylar gəldi, masada nazik, naxışlı ağ qablarda sarı halva, xrustal vazalarda ən bahalı şokoladlar, cürbəcür çərəzlər var idi. Lamiyə fincana çırtma vurub kiçik bacı Jaləyə dedi: "Təmiz farfordu, Praqada olanda almışdım". - "Sağlıqla işlədəsən". Jaləyə elə gəldi ki, fincandan çıxan cingiltili səsin, farforun, Praqanın heç yeri yox idi. Lamiyə onun qulağına pıçıldadı: "Elə bildim, Faiq də gələcək, ona görə kirpiklərimi çıxartmadım". - "Faiqin qəfil işi çıxdı, amma qırxda mütləq gələcək". "Gəl bir de, makiyajı da ərimə görə eləmisən" fikirləşən Jalə narahat oldu ki, Lamiyənin taxma kirpiklərlə bağlı dediklərini yanındakılar eşidə bilər. Bir yandan da, rus dilində sadə cümlə qura bilməyən rəfiqəsinin Faiqin adını çəkərkən, vurğunu "a" hərfinə vurması onu qıcıqlandırırdı. Bu vaxt Aliyə xanım Nisəylə dərdini bölüşürdü.

Jalə qəfil pıçıltıyla Lamiyədən soruşdu: "Meyidi gətirmək çox çətin oldu?" - "Ehh, çətin də sözdü? Gündə bəlkə on dəfə mamaya zəng eliyirdim ki, təcili filan sənədi göndər. Tərcümə, notarius, hamısı da vaxt aparan işlər. Bir yandan da yuxusuz gecələr, stress. Ən çox insultdan qorxurdum. Təsəvvür elə, uzaq ölkədə öləm, bir meyitin üstünə biri də gəlsin". - "Allah eləməsin, o nə sözdü?" - "Məsəlçün deyirəm. İnanırsan, gecə-gündüz əllərimi göyə açıb dua edirdim ki, ay Allah, mənə güc ver, sağ-salamat qaqaşın meyidini Bakıya çatdırım. Otuz min avrodan çox pulum çıxdı. Pula görə demirəm, Nadirə görə lap əlli minimdən də keçərdim. İndi gündə on dəfə Allahıma şükür edirəm ki, qaqaşı gətirib adına layiq dəfn elədik", - Lamiyə bunları deyib dərindən köks ötürdü.

İşiylə bağlı gah Dubaya, Berlinə, gah da Parisə uçan Lamiyənin Bakının yaxşı yerlərində iki gözəllik salonu, bir estetik klinik mərkəzi varıydı. Bir suyu Müşərrəf Akaya oxşayan Lamiyənin yaşı əllini keçsə də, otuz-otuz beşdən o yana verməzdin. Kefinə düşəndə, səhər yeməyinə Londona, naharda suşi üçün Tokioya uçurdu.

"Gedək o biri otağa, sənə bir şey göstərəcəm", - qəfil Jalənin qolundan tutub qaldırdı, o biri otağa keçdilər. "Necədi?" - Lamiyə başında allı-güllü kəlağayı kresloda oturan halda qızılı çərçivəli rəsmini göstərdi. "Əla" deyən Jalə fikirləşdi, "görən, Aliyə xala o  biri otaqda bizim haqqımızda nə düşünür, qızını yersiz hərəkətlərinə görə qınayırmı?" "Başqa cür ola bilməzdi. Səncə kim çəkib?" - Lamiyə özündən razı qamətini dikəldib soruşdu. "Aydın məsələdi. Sakit Məmmədov". - "Afərin, quzum, o dəyqə bilinir ki, rəssam arvadısan. Faiq yenə çəkir?" - "Çəkir, amma əvvəlki kimi yox. Özün bilirsən, indi tək rəssamlıqla yaşamaq olmaz. Əzimzadədə* maaş çox azdı, vaxtının çoxu dizayn işlərinə gedir". - "Hmm, başa düşürəm. Amma o biri tərəfdən də istedad məsələsi". Çiyinlərini çəkən Jalə "Hüzrdə də ərimdən danışır" fikirləşdi, istədi soruşa "Yoldaşın necədi? İşləri necədi?", anladı ki, bu, onda süni alınacaq, üstəlik, rəfiqəsi bu süniliyi o dəqiqə hiss edəcək. "Təbiət rəsmləri Faiqdə əla alınır, - Lamiyə isə tərif deməyindəydi. - Bax, ordadı onun "Alp zirvəsi" əsəri. Əvvəllər də sənə demişdim, dağlar ruhumun dinclik tapdığı məskəndi. Mənimçün cənnət də elə dağlardı".

Jalənin gözü ağ trümonun üstündəki Lamiyənin ölkə şou-biznesinin məşhur xanım müğənniləriylə çəkdirdiyi şəkillərə sataşdı. Çərçivəyə salınmış şəkillərin arasında qızılı hərflərlə "Lamiyə - Estetik Klinik Mərkəzinin pasiyentləri" yazılmış kubok var idi. Jalə tez gözünü ordan çəkdi, bildi ki, bununla bağlı bircə sual versə, rəsm əsərləri yaddan çıxacaq, rəfiqəsi başlayacaq: mənim klinikamda filan müğənninin burnunu belə kəsdik, o birisinin dodağına elə silikon doldurduq ki, üç il keçib, hələ də razıdı bizim işdən.

"Bu əsərin adı "Rəqs edən gənclər"di, - Lamiyə növbəti rəsm əsərini göstərib dedi. - Keçən il Tbilisidə olanda aldım. Görən kimi satana dedim, bu, mənimdi". Jalə tabloya yaxınlaşıb gözlərini qıydı ki, aşağısında müəllifin adını oxusun. "Oxuya bilməyəcəksən, - Lamiyə dilləndi. - Gürcü dilində yazılıb. Pirosmanidi, dünyada tanınmış rəssamdı". Rəfiqəsi ani olaraq fikirləşdi: "İndi soruşacaq, bəs nə əcəb ərinlə Tbilisidə olanda gedib onun əsərlərinə baxmamısız?" Lamiyə başqa sual verdi: "Buna bilirsən, nə qədər pul vermişəm?" Cavab gözləməyə səbri çatmadı, beş barmağını göstərərək "Beş min dollar. - dedi. - Əslində çox bahaydı, satana müalicəsiçün təcili pul lazımıydı deyə, mənə çox ucuz satdı. Sonralar Bakıda belə əsərlərə qiymət qoyan bir dostuma bunu göstərib təxmini qiymətini soruşdum. Dedi, ən azı on beş min dollar. İnanmırdı, beş min dollara almışam". Jalə fikirləşdi ki,  müalicəsiçün bu əsəri satana rəfiqəsi beş min yox, heç olmasa, yeddi min dollar verə bilərdi.

Sonra Lamiyənin bibiləri gəldi, Nadiri xatırlayıb kövrəldilər, ağlaşdılar. "Mən ekspertizanın rəyinə inanmıram, - Lamiyə bunları deyəndə, araya sükut çökdü. - Noolsun İsveçdi, inanmıram, vəssalam. Əgər mən deyən düz çıxsa, onları məhkəməyə verəcəm", - barmağını havada silkələyib İsveçin tibbi-məhkəmə ekspertizasını hədələdi. Anası özünü saxlaya bilmədi, "Can bala, can" deyib ağlamağa başladı, qalanlar da ona qoşuldu. Sakitləşib özünə gələn Lamiyə səsi titrəyə-titrəyə davam etdi: "Həmin gün Nadir işiylə bağlı Romaya uçmalıydı, mənə vatsapa yazmışdı, əlində bileti varıydı. O, niyə axı maşına minib başqa şəhərə getməliydi? Özü də beş nəfər bir maşında. Öz maşınıyla gedərdi də. Mən orda olanda Aeroitaliyaya sorğu göndərdim, cavab gəldi ki, qaqaş bileti qaytarmayıb. Ona görə bu ölümdə heç cürə məntiq tapammıram". - "Falçı məsələsini də de, qızım", - anası içini çəkib dilləndi. Məlum oldu ki, Lamiyə dəfndən bir gün sonra qardaşının şəklini Bakıda məşhur falçıya göstərib soruşubmuş, bu adamla bağlı nə deyə bilər. Falçı da deyib, bu oğlan sənin qardaşındı, hazırda xarici ölkələrdən birindədi, hələ ki onu axtarmayın, lazım olanda, o, özü sizinlə əlaqə saxlayacaq. Bunları danışıb Lamiyə gözlərini yumdu, iki damla yaş süzülüb yanaqlarına axdı, bir dəqiqə gözlərini açmadı, taxma da olsa, uzun kirpiklər onu daha da cazibədar etmişdi. Həmin an Jalə fikirləşdi: "Faiq burda olsa, gözlərini zilləmişdi buna". Sonra diqqətlə rəfiqəsiylə anasına baxıb müəyyən edəmmədi, onlar falçının dediklərinə inanıb, ya yox.

On gün əvvəl Lamiyənin qardaşı otuz iki yaşlı Nadir Stokholmda iki yüzdən yuxarı sürətlə gedən maşında qəzaya düşüb dünyasını dəyişmişdi. "Mersedes"də o daxil, beş nəfərin meyidi əzilmiş, tanınmaz hala düşmüşdü. Faciədən xəbər tutan kimi Lamiyə ora uçmuşdu. Morqda meyitin tanınması, sənədləşmə işləri, meyitin Stokholm-İstanbul-Bakı reysiylə gətirilməsi - hamısı bacısının üstünə düşmüşdü.

Yuxarı siniflərdə oxuyan Nisə, Jalə, Lamiyə yay tətilində Lamiyənin Xoşbulaq kəndində yaşayan əmisigilə qonaq getmişdilər. Nadir qızlara qəti tapşırmışdı, çölə çıxmasınlar, elə həyətdə oynasınlar. Qızlar özləriylə xiyar, pomidor, pendir, göy-göyərti götürüb gizlicə evdən çıxıb çay qırağına getmişdilər. Sonra Nadirin əmisioğlu ona çatdırmışdı ki, Yaqub adlı oğlan bu dəqiqələrdə öz dostlarıyla Jaləni qaçırtmağa hazırlaşır. Nadir əmisioğluyla bir yerdə təngnəfəs özünü çay qırağına çatdırıb qızları, əsas da öz bacısını xeyli danlamışdı ki, niyə onun sözünə qulaq asmayıblar.

Bir dəfə Xəzərdə üzərkən, batmaqda olan Lamiyənin (sağ ayağı qıc olmuşdu.) qışqırtısını eşidən Nadir iyirmi metrlik məsafəni sürətlə üzərək özünü çatdırmışdı, bacısının saçlarından tutaraq sahilə tərəf üzmüşdü... Stokholma gedib gələnə qədər Lamiyəni bir sual girinc etmişdi: "İlahi, mən onda batsaydım, kim gedib meyitini gətirəcəkdi?" Bir qardaş, bir bacıydılar. Atası çoxdan rəhmətə getmişdi, anası məktəbdə fizika müəllimi işləyirdi, maaşa baxan əri turizm şirkətində işləyirdi, qohum, dost-tanış arasında pul baxımından onlara kömək edəcək birisi olmayacaqdı.

Nadir evlənəndən illər sonra bacısına etiraf edəndə ki, Jalədə gözü var imiş, yeganə baldızından yarımayan Lamiyə qəhqəhəli hikkəylə demişdi: "Nə boğardım səni. Bəs niyə bunu vaxtında mənə deməmişdin?" - "Nə bilim? Elə bilirdim oğlan öz bacısının padruqasıyla evlənməz". - "Azərbaycanda elə adət yoxdu axı?" - "Bilirəm yoxdu. Məsələn, o vaxt elə bilirdim, dostum Arif səni sevsə, ya bizə elçi gəlsəydi, sən indi məni boğmaq istədiyin kimi, mən də dostumu boğardım". - "Ay axmaq, nəyi nəylə müqayisə edirsən?!" - "Axmaq olmuşam, boynuma alıram".

Lamiyə bu söhbəti Jaləyə danışanda, rəfiqəsi qulaqlarına inanmamışdı, bilməmişdi nə desin, çünki illər boyu Nadirə nə qardaş, nə də naməhrəm kimi baxmışdı. Jalənin sifətindəki qəfil dəyişikliyi görən Lamiyə birbaşa suala keçmişdi: "Getməzdin ki, qardaşıma?" - "Nə bilim? Vallah, çətin sualdı".

Jalə bəzən fikirləşirdi, o vaxt Nadirə münasibətdə məhrəmlikdən naməhrəmlik hissinə keçə bilərdimi? "Görən, bu işdə psixoloq mənə kömək edə bilərdimi?" sualı vermişdi özünə, keçmişə səfər edib bu qənaətə gəlmişdi: "Bu, o qədər intim bir məsələdi ki, heç dünyanın ən təcrübəli psixoloqu mənə kömək edəmməzdi". O vaxt çayın qırağına tövşüyə-tövşüyə özünü çatdıran Nadirin ona yönələn baxışlarını xatırlayıb özünə demişdi: "Məktəbdə oğlanların baxışından bilirdim ki, məndən istədikləri nədir. Bəs Nadiri niyə o vaxt başa düşməmişdim?"

Yeri gəlmişkən, Faiqlə Jalənin bir-birinə olan sevgiləri məktəb illərinə (paralel siniflərdə oxuyurdular) gedib çıxırdı. Elə bu sevgiyə sadiq qalaraq evlənmişdilər.

Nadir biznesmeniydi, İsveçdə, Almaniyada işlənmiş maşınlardan alıb Bakıya satmağa göndərirdi, yəni, Faiqdən qat-qat çox qazanırdı. Məktəbdə musiqi müəllimi kimi üç yüz qırx manat maaş alan Jalə arada fikirləşirdi, Nadiri naməhrəm bilib ona ərə getsəydi, istədiyi paltarları, ətirləri alardı, illərdi arzuladığı Barselonaya, Romaya gedib doyunca gəzərdi. Ərininsə onu qırx yeddi yaşına qədər Tbilisiyə, Trabzona aparmağa imkanı çatmışdı. Bir də, yaydan-yaya Nisəgilin Şamaxıdakı ikimərtəbəli bağ evinə gedirdilər.

Faiqin sərgilərinə ilk gələnlər arasında Lamiyəylə əri Firuz olurdu. Soyuq fevral günü rəfiqəsinin çılpaq çiyinli, kürəyinin ortasına qədər açıq qırmızı donda sərgiyə gəlməsini Jalə ərinə münasibətdə üstüörtülü flirtə yozmuşdu. Ona elə gəlmişdi, əri Lamiyə ilə salamlaşanda, əlini öz əlində çox saxlamaqla məlum flirtə cavab verib. Jalə yüz faiz əminiydi ki, onların arasında intim münasibətlər yoxdu, bir neçə dəfə ərinin rəfiqəsiylə çarpayı səhnələrini xəyalının kandarından qovmuşdu. Elə ki saytlarda bəzi kişilərin öz arvadlarının rəfiqələriylə gizlicə görüşməsi xəbərlərini oxuyurdu, kefi pozulurdu, ifrat inamına, sadəlövhlüyünə görə özünü söyürdü. Yeri gəlmişkən, Faiq də öz gecə xəyallarıyla baş-başa qalanda, ya arvadıyla sevişəndə, Lamiyəni yaxına buraxmırdı. Arvadının rəfiqəsi, üstəlik, ərdə olan birisi onunçün naməhrəm olsa da, xəyal dünyasında onunla öz arasında tikanlı hasar çəkmişdi. Amma arada başını qaldırıb hasardan Lamiyəyə baxmaqdan vaz keçmirdi. Bunu kətana köçürmək ürəyindən keçmişdi: günəş qürub edən vaxt, hasarın sıx tikanları arasından, çiyinləri gündən qızarmış, ağ sarafanda, başında zoğalı bandana, çəmənlikdə dizləri üstə oturub əliylə çobanyastığı çiçəklərinə toxunaraq gülümsəyən Lamiyəyə gizlicə tamaşa edir.

Faiq həm də ərinə görə intim xəyallarında Lamiyəylə məsafə saxlayırdı. Firuzla söhbətləri tuturdu, hər ikisi klassik kino aşiqiydi. Onlara gedəndə, fransız, italyan filmlərini müzakirə edirdilər. "Bizim filmlərdə nə çatmır?" sualına cavab axtara-axtara o fikrə gəlmişdilər ki, "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Bir cənub şəhərində", "Babək" Amerikada, ya Fransada çəkilsəydi, mütləq Oskar, Kann mükafatı alardı. Faiq diqqət etmişdi ki, erotik filmlərdən söz salanda, Firuz söhbətə meyilli olmur, tez başqa mövzu atır ortaya. Faiq bunu onun abırlı olmasına yozmuşdu, biləndə ki, Firuz namaz qılır, oruc tutur, tikanlı məftillərdən uzaqlaşıb Lamiyəni çəmənlikdə tək qoyub getmişdi.

Bir dəfə Jalə ərinə demişdi: "Bilirəm, aranızda heç nə yoxdu. Amma düzünü de, Lamiyədən kəsirsən, hə?" - "Əşi, ona qalsa, mən Kemeron Diazdan da kəsirəm, yəni bunu nəzərdə tutursansa". - "Kemeron Diazla salamlaşsan, onun da əlini əlində bir xeyli saxlayardın?" - Jalə bic-bic gülümsəyib gözlərini qıymışdı. "Həə, indi çatdı mənə. O sərgidə padruqavın əlini maksimum üç saniyə əlimdə saxlamışdım. Üç saniyə xeyli sayılmır, xeyli ən azı bir dəyqə çəkməlidi, arada barmağınla o əlin içini ehmalca sığallamalısan. Hə, onda sən haqlı çıxardın". Arvadı başını bulayıb "Əlacın olsa, çılpaq çiyinlərini də sığallayardın", - demişdi.

Faiq Müşərrəf Akayın konsertinə iki bilet alanda, Jalə mısmırığını sallamışdı. Əri tez demişdi: "İndi oxşamır axı. Heç plastik əməliyyat da eləmir ki, bir az oxşasın". - "Belə şeylərdə indi, onda olmur, bu bir. İkincisi, sən inanırsan ki, o, canlı oxuyacaq? O yaşa səs qalar? Sən bilirsən ki, mən Demet Akalını bəyənirəm, Bakıda konserti olanda heç bilet almaq yadına düşmədi?" - "Yox, bir dəyqə..." - "Nə isə, mən getmiyəcəm, özün gedərsən". Qanqaraçılıq olmasın deyə, əri biletləri kassaya qaytarmışdı.

Bir dəfə axşamüstü Jalənin votsapına iş yoldaşı Kəmalədən xəbər gəlmişdi: "Yoldaşın bu dəyqə Paul kafesində yaşılgöz bir xanımla şirin-şirin kofe içə-içə söhbət edir". Ürəyi şiddətlə döyünən Jalə  özünə verdiyi "Yaşılgöz başqa kim olar bilər ki?" sualından diksinmişdi,  əsəbindən az qalmışdı, iş yoldaşına "Sənə nə, ay ara qatan?" səsli mesaj yollasın. Az sonra Kəmalədən votsapına gələn şəklə baxıb görmüşdü ki, Lamiyə deyil, bir az sakitləşmişdi. Əri axşam arvadının qırımından fəhmən bilmişdi nə baş verib. "Sənə çatdırıblar artıq? İçinə yemə, Pauldakı iş yoldaşımıydı". - "İş yoldaşınla iş yerində, iş vaxtında görüşürlər, daha axşam saat altıdan sonra kafedə yox", - deyib mübahisədən qaçmaqçün Jalə tez mətbəxə keçmişdi. "Beyninə yerləşdirmisən ki, mən harda yaşılgöz qızla söhbət eləsəm, o, mütləq padruqan olacaq", - Faiq ardınca demişdi.

Bir gün Jalə günorta evə qayıdanda, mavi ipək xalatda, saçları dağınıq, budlarına qədər görünən ayaqları bir-birindən aralı, süzgün baxışlarından sanki az əvvəl boşalıb rahatlanmış rəfiqəsini divanda oturan halda gördü. Jurnal masasının üstündə qırmızı şərab dolu iki badə, nəlbəkidə kişmiş, qoz-fındıq varıydı, hamamdan isə suyun gur şırıltısı eşidilirdi. Bir anlıq Jaləyə elə  gəldi, öz evlərinə, yox səhvən rəfiqəsigilə gedib, hec cürə bunun necə baş verdiyini anışdıra bilmədi, sonda yaşıl divandan bildi ki, öz evinə gəlib. Lamiyə şokda olan Jaləni görcək, ayağa durub heç nə olmamış kimi gülər üzlə "Aa quzum, nə yaxşı belə tez gəlmisən?" deyərək ona tərəf addımladı. Jalə ona yaxınlaşıb üzündən öpmək istəyən Lamiyəni əliylə itələyəndə, sağ ayağıyla yorğanı üstündən ataraq yuxudan oyandı. Çönüb şirin yuxuda olan ərinə baxanda sakitləşdi.

 Faiq İstanbul-Nyu-York təyyarə reysinə minəndə, yeri Lamiyə ilə yan-yana düşmüşdü. "Aa, nə yaxşı, təsadüfə bax ha", qarşılıqlı reaksiyalar belə olmuşdu. Faiq fikirləşmişdi, Jalə bundan xəbər tutsa, yüz faiz əmin olacaq ki, bunlar hər şeyi qabaqcadan planlaşdırıb bir yerdə gözdən uzaq Amerikaya uçurlar. Doqquz saatlıq uçuşda Faiqin onun əlini əlinə almaq, çiyniylə çiyninə "təsadüfən" toxunmaq ağlının ucundan belə keçməmişdi... Faiqin yuxusu olan təyyarə yolçuluğunda onu təəccübləndirən iki şey idi. Maksimum üç dəqiqə çəkən yuxuya o doqquz saatlıq uçuş necə sığışmışdı və idarəolunmaz, ağla gəlməyən ən qeyri-adi şeylərin, adətən, sonda orqazmın baş verdiyi bu cür yuxuda necə olmuşdu, o, hətta Lamiyənin əlini əlinə almamışdı. Cavab tapmışdı. Birinci sualın cavabı - real və qeyri-real dünyalarda zaman ölçülərinin fərqli qavranılmasıydı. İkinci sualın cavabı isə - xəyallarında belə Lamiyəylə məsafə saxlamağı, yəni, daxili senzura təhtəlşüura, oradansa yuxuya keçmişdi. Və Jaləylə Faiq öz yuxularını sirr kimi özlərində saxlamışdı.

Bəzənsə əksinə, Jalənin qısqanclığından əsər-əlamət olmurdu. Lamiyə Kolumbiyanın paytaxtı Boqotonun bazarında ekzotik meyvələrdən təam etdiyi videosunu feysbukda paylaşanda, Jalə ərini şərhdə işarələyib yazmışdı: "Faiq, sən Romada olanda, bu meyvələrdən yemisən?" Quruca "Yox" cavabı yazan əri evdə arvadından o sualı niyə yazdığını soruşmuşdu. "Dedim rəssam adamsan, Lamiyənin nazla ekzotik meyvələr yeməsi səhnəsinə baxıb, məsəlçün "Ekzotik meyvələr yeyən xanım" əsəri yaratmaq istəyərsən". Faiq ani olaraq fikirləşmişdi, Jalə indi belə deyir, əgər həmin şəklin eskizinə başlasa, yəqin ki, arvadı kağızı cırardı. Başqa şey demişdi Faiq: "Padruqan sənin şərhini görüb yüz faiz elə biləcək, o meyvələrdən umuruq". Elə də olmuşdu, Bakıya qayıdan Lamiyə onlara manqostin və quanabana gətirmişdi.

Faiq hiss edəndə ki, Jalənin qısqanclığı tutmayacaq, Lamiyənin Florensiyadan, Milandan etdiyi paylaşımları nəzərdə tutub demişdi: "İstədim onun bu gün feysdə Milandakı şəklinin altında Dolçe Vita yazam". - "Yaz, halallığını verirəm". Faiq italyanca "Həyat gözəldir" mənasını verən o sözləri yazmışdı. Jalə, Lamiyə, Firuz şərhə ürək atmışdılar. Faiq yoldaşının bu ovqat dəyişməsini dalğalara bənzətmişdi, hətta ürəyindən keçmişdi, dalğaların fonunda Lamiyənin rəsmini çəkib adını "Qısqanclıq qabarmaları" qoysun. Elə bilmişdi, istədiyi alınsa, əsəri daha çox uğurlu adına görə varlı bir avropalıya yaxşı qiymətə sata bilər.

Qısqanclığın tarixi isə Jalənin ərə getdiyi ilə gedib çıxırdı. Lamiyə toydan iki ay sonra cütlüyü evlərinə qonaq çağırmışdı. Jaləyə elə gəlmişdi, əri heç nə deməsə də, ora getməyə təşnədir. "Getmək istiyirsən?" - bu sualı Faiqin reaksiyasını bilməkçün vermişdi. "Vallah, nə deyim?" Bu naməlum cavabdan sonra Jalə özünə yaraşdırmadığı qısqanclıq hissini boğmaqçün ("Adam da ərini bacısı kimi tanıdığı rəfiqəsinə qısqanar?") ərini qoltuğuna vurub qonaq getmişdi. Qonaqlıqda başdan-ayağa bəzənib-düzənmiş, bahalı ətir vurmuş Lamiyə Faiqə Rafaelin, Renuarın əsərlərini sevdiyini demişdi, Maleviçin "Qara kvadratı" haqqında fikrini soruşmuşdu. Faiq quru səs tonuyla Maleviçi bəyənmədiyini demişdi, amma tənqid də etməmişdi. Jalə fikirləşmişdi, rəfiqəsi yüz faiz dünən "quql"a girib "Dünyanın ən məşhur rəssamları" sözlərini yazıbmış ki, indi ad çəkib özünü Faiqə göstərsin, Lamiyəyə sual vermişdi: "Sənin özünün o qara kvadratdan xoşun gəlir?" - "O şəkildə mistika var". "Bunu da yüz faiz saytdan oxuyub", - Jalə bunları fikirləşən an Faiqin ona yönələn baxışlarını oxuya bilmişdi. "Çox dərinə getmə, ən azından Maleviçin adını bilir".

Jalə Parisdən təzəlikcə qayıdan Lamiyəyə zəng edib onu ərinin yeni sərgisinə dəvət edəndə, rəfiqəsi sevincək: "Hə, əlbəttə, gələcəm" - demişdi. Sərgidə Jalə, Faiq, Fransanın Bakıdakı səfirliyinin mədəniyyət üzrə attaşesi Şarl Şarpantye, əllərində şərab dolu badələr bir-biriləriylə söhbət edərkən, Lamiyə onlara yaxınlaşmışdı. Faiq fransalı diplomatla Lamiyəni tanış edib demişdi ki, ailəvi dostumuzdu, tez-tez Parisdə olur, sizin ölkəni sevir. Tərcüməçi bunları tərcümə edəndən sonra, attaşe yaxasında ağ qızılgül taxılmış uzun dekoliteli yaşıl don geyinmiş Lamiyəni süzüb "Oo doğrudan? Maraqlıdı", - reaksiya vermişdi.  Lamiyə tezcə sevinc qarışıq həyəcanla "Hə, elə keçən ay yenə Parisdəydim. Yenə mənə doğma olan Luvr muzeyinə getdim. Əsas da Rafaelin əsərlərinə görə" uyduranda, Jalə fransızın Lamiyədən xoşu gəldiyini duymuşdu. Fransız diplomat "Rafaelin hansı əsərləri daha çox sizi valeh edir?" sualını verəndə, Lamiyə özünü itirmişdi, barmağını gicgahına qoyub hıqqına-hıqqına "İndi... Bir dəyqə... Dilimin ucundaydı e. Necə yadımdan çıxdı?" deyib Faiqə "Bəlkə sən kömək edəsən?" baxışlarıyla baxmışdı. Faiq onu çətin vəziyyətdən çıxarmışdı: "Cənab Şarpantye, Lamiyə bizimlə söhbətlərində həmişə Rafaelin "Sisktin madonnası"nı və "Müqəddəs Məryəmin tacqoyma mərasimi" əsərlərini bəyəndiyini deyir, bu dəfə deyəsən, həyəcanlandı". Birinci əsərin Drezden qalereyasında, ikincinin Vatikan muzeyində saxlandığını, ümumiyyətlə, italyan rəssamların barokko dövrünü yaxşı bilən, Sorbonna Universitetinin sənətşünaslıq fakültəsinin bakalavr məzunu Şarl Şarpantye dərinə getməmişdi, diplomatik təbəssümlə Lamiyəyə baxıb eləcə başını tərpətmişdi. Bir yandan, Jalə rəfiqəsinin pərt vəziyyətinə düşməsinə pis olmuşdu. O biri yandan isə, onu yamanlamışdı ürəyində: "Əcəb oldu. Qoy dərs olsun sənə, bir də bilmədiyin şeydən söhbət düşəndə mumla, danışma".

Bəzən maddi həyatdan, bolluqdan darıxan, bezən Lamiyə üçün sənət aləmi bir növ, qızğın iş həyatının alternativi olan dinclik ərazisiydi. Tədbirlərdə Tahir Salahov, Baba Vəziroğlu, Alim Qasımovla çəkdirdiyi şəkilləri feysbukda, instaqramda tez-tez paylaşan Lamiyə ətrafa "İş adamı olsam da, sənətdən başım çıxır" mesajı ötürürdü.

Nadirin avtoqəzada ölməsindən hardasa dörd ay əvvəl Jalənin lapdan dediyi "Sevgilin ərindən boşanır" xəbərinə Faiq "Ciddisən?" sualıyla reaksiya verdi (əriylə söhbətlərində Lamiyədən söz düşəndə, Jalə arada zarafatla onu "sevgilin" adlandırırdı). Məlum oldu ki, proses "Yığılıb, yığılıb, axırda partlayıb" effektiylə baş verib. Firuzla müqayisədə çox qazanan Lamiyə çox xərcləyir, ər "israfçılıq eliyirsən" deyib mısmırığını sallayanda, arvad üstünə bozarır ki, öz pulumdu, sən niyə narahat olursan? Bomba isə Lamiyənin ömrü boyu nifrət etdiyi baldızının qırxında partlayıbmış. Həmin gün səhər Lamiyə ölən baldızının acığına instaqramda iki il əvvəl Vyananın məşhur Ştefan meydanında əlləri yana, üzü göyə olan şəklini "Xoşbəxtlik tablosu" sözləriylə təkrar paylaşıbmış. Təzəpirdə keçirilən qırx məclisində Lamiyənin anası beş dəfə onu çimdikləyib "Telefonuna gir, sil o şəkli" desə də, qızı vecinə almayıbmış. Axşam məsələdən xəbər tutan əri qışqıra-qışqıra dişinin dibindən çıxanı Lamiyəyə döşəyibmiş.

Jalə boşanma ərəfəsində olan cütlükdən danışandan sonra Amalya Pənahovanın səsiylə bu aktrisanı bir o qədər də bəyənməyən ərinə dedi: "Səninçün gözəl şans yaranıb, əzizim. İkinci arvad kimi alarsan Lamiyəni, səni ovcunun içində saxlayar. Kətan, yağlı boyalar, fırçalar alar sənə, aparar səni İsveçrəyə, uca, başı qarlı Alp dağının əzəmətinə baxa-baxa bu dəfə necə deyərlər, canlı çəkərsən o zirvəni. Axı dağlar sevgilinin ruhunun məskənidi". - "Şittik eləmə".  - "Sevgilin şaxtada əllərini alar öz əllərinə, üç saniyəyə alnından tutmuş, ayaq barmaqlarının ucuna qədər bədənin qızar. Üç saniyə xeyli sayılmır. Ha-ha-ha". - "Ay qız, dedim axı, şittik eləmə". Faiq arvadının sözünü kəssə də, az sonra tikanlı məftillər, otları, çiçəkləri sığallayan Lamiyənin xəyali rəsmi yadına düşmüşdü. Ardınca şeytan onu qıdıqlayıb qulağına pıçıldamışdı: "Hə, qayıt çəmənliyə, qır tikanlı məftilləri, otların üstünə uzanıb səni gözləyir". Sonra Bakı-Nyu-York təyyarəsində güclü turbulentlik baş vermişdi, qorxudan Lamiyəni titrəmə tutmuşdu, bərk-bərk ona qısılmışdı. Bu dəfə Faiq "məcbur olub" Lamiyənin əlini əlinə almışdı. Burda Faiq epizodun "stop" düyməsini basmışdı.

Atmacalar, şeytan pıçıltısı, xəyallar öz yerində, realda hər şey tərsinə olmuşdu, Jaləylə Faiq sonda eyni qənaətə gəlmişdi: nəyin bahasına olursa-olsun, bunların boşanmağına imkan vermək olmaz. Nə olsun, vaxtilə qardaşına Lamiyəni almağa var-gücüylə mane olan baldızının qırxında instaqramdakı məlum şəkil Firuzgilin nəslində söz-söhbətə səbəb olmuşdu?! ("Firuz bunu boşamasa, kişi deyil", "Arvadım elə p.. yesə, o dəyqə boşayardım".) Baldız qırx səkkiz yaşında öldü getdi, Firuzla Lamiyə sağdırlar, iki yekə uşaqları var. Boşanmaq nədi?

Faiq ayrıca Firuzla, Jalə Lamiyəylə görüşmüşdü, aydın olmuşdu ki, cütlük sən demə, barışmaqçün bir himə bəndiymiş. Əvvəlcə ailəvi dostlar Faiqgilin ikiotaqlı xruşşovka evində yığışıb Abşeron tortuyla çay içmişdilər, Lamiyə boynuna almışdı ki, həmin gün şəkil paylaşmaqda düz etməyibmiş, emosiya, şeytan-filan, xülasə, üzr istəmişdi ərindən. İki gün sonra Nadirin indi üçü keçirilən villada Lamiyənin "Qoçət"dən sifariş etdiyi kabablardan, qulluqçunun bişirdiyi dolmadan, plovdan yemişdilər, Firuzun "Viva Desert"dən sifarişlə bişirtdirdiyi üçmərtəbəli toy tortuyla çay içmişdilər. Jalə ağ royalda Bethovenin "Ay sonatası"nı, Şopenin məşhur noktürnlərini çalmışdı. Sonra Lamiyə votsapla görüntülü Londonda oxuyan qızları Fidana zəng edib müjdələmişdi: "Qızım, narahat olma, biz barışdıq. Jalə xalagil də bizdədi". Fidan sevindiyindən "Urraa!" qışqırıb qəhərlənmişdi, anasının da gözləri dolmuşdu. Firuz qəhər ovqatını aradan qaldırmaqçün tez Faiqə cavabını bildiyi sualı vermişdi: "Ay Faiq, Van Qoqun öz qulağını kəsməyi doğrudan olub, yoxsa, sonradan uydurublar?"

...Bacıları ötürməyə çıxanda, Lamiyə dərindən ah çəkib dedi: "Mamam dözməyəcək". Nisə ürək-dirək verdi: "Elə demə, bu günlər çalış, kaprizlərinə döz, başını qat". - "Hə, elə başqa şeylərdən danışıram ki, başını qatam, - qəfil nəyisə xatırladı: - Bir dəyqə gözlüyün, gəlirəm". İçəri girdi, az sonra dolu paketlə qayıdıb onları Jaləyə verdi. "Bunları Faiqə verərsən. Burda yağlı boyalardı, beş dənə də cürbəcür ölçüdə fırçalar. Noyabrda Venesiyada olanda almışdım, yadımdan çıxmışdı sənə verim. Faiq çəkməlidi, o cür istedad itməməlidi",  - deyib, taxma kirpiklərini yenə nümayişkəranə iki dəfə tərpətdi. Jalənin üç ay əvvəl Amalya Pənahovanın səsiylə ərinə dedikləri yadına düşdü, gülməməkçün alt dodağını dişlədi.

 

* Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan bölməsi

 

Beyləqan Azərbaycanın qədim, ulu diyarlarındandır. Dəfələrlə zülmlərə sinə gərən, müharibələr, qiyamlar görən qədim bir diyar əsrlər boyu bütün bu olanlara müqavimət göstərmiş, bəzən qismən yer üzündən silinmiş, ancaq yenidən özündə qüvvə taparaq mübarizə aparmışdır. Adının tarixdə dəfələrlə dəyişməsi, mənbələrdə müxtəlif formalarda göstərilməsi bu şəhər haqqında bütün deyilənləri özündə doğruldur. İndi isə bu qədim oğuz yurdu ilə tanış olaq.

 

Ərəb mənbələrinə istinadən Beyləqanın ən azı, III–IV əsrlərdən yarandığı bildirilir. Əsası isə 488-ci ildə Sasani hökümdarı I Qubad (473–531) tərəfindən qoyulduğu yazılır. Bu adı müxtəlif formalarda izah edirlər. Belə ki, bəzi mənbələrdə Beyləqan (Paytakaran) – “düzənlik”, “çöl” (Altay dillərində “pilə” düzən, açıq yer və “qan” yer), ağacların olduğu yer, məkan, “payt” – ağac, “kan” yer, “çoxlu meşə olan yer”, palan isə eyniadlı tayfanın yaşadığı yer, “kaspi tayfasının yaşadığı yer”, digər fikirlərə əsasən, “Aranın paytaxtı” (fars dilində paytaxt və Aran sözlərinin birləşməsi ilə) “yerli Alban tayfalarında birinin yaşadığı məkan” “palan (balay) tayfasının yaşadığı yer”, fars sözü – “Biləkan”, “bel tayfasının yaşadığı yer” kimi izah olunur. Başqa müəlliflərə görə bu ad türk mənşəlidir. Azərbaycanlı etnoqraf, arxeoloq, folklorşünas Ələsgər Ələkbərova (1891–1939) görə Paytakaran, Beyləqan və Biləkan eyni şəhərin adıdır. Fars müəlliflərinə görə Örənqala şəhəri yerin altında qalan Bilaqanda gizlənir. Örənqala və Paytakaran adlarının Aranla bağlı olduğu yazılır. Başqa mənbələrdə isə Bey-bəy-baq – Tanrı, farscadan yəni “Tanrı şəhəri” kimi qeyd olunur. 

İkinci variantı: Beyləqan sözünün birinci komponenti “Bil” – qədim Azərbaycan dilində xeyirli, şəfa verən bitki, ikinci komponent “kand” isə bildiyimiz kimi, şəhərə deyilib. Belə ki, Beyləqanın yerləşdiyi Mil düzünə İluçuq  – Ənçərək düzü də deyilib. Bu da işıqlı, otlu-sulu, bərəkətli yer deməkdir.

Bu deyilənlərin sübutu olaraq qeyd etmək olar ki, Beyləqan ta qədim zamanlardan bərəkətli, bol verimli torpaqlar olmuşdur. "Yovşanlı torpaqlar" ifadəsi heç də əbəs deyildir. Yovşan bu torpaqların simvolu sayılır. Beyləqanda ən çox bitən yabanı, ancaq eyni zamanda şəfalı bitki elə məhz yovşandır. Bilirik ki, türk dünyasını xarakterizə edən, onun simvolu sayılan əsasən at olmuşdur. Bu haqda müxtəlif mənbələrdə məlumatlar var, bununla bağlı sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovanın “Türk xalqlarının musiqisi” adlı kitabında da məlumat verilir. Tədqiqatlar zamanı ədəbiyyat nümunələrində at və yovşan haqqında müxtəlif fikirlərə rast gəlirik: “Türklərə at və yovşan əziz olub”, “Yovşan bizim nəslin qanına hopub” və s. Bu kimi ifadələr oğuzların, yəni boyatlardan olan beyləqanlılara da şamil etmək olar. Belə ki, Beyləqan adının Bilaqan kimi təhrif olunması bütün deyilənləri təsdiq edir. 

Beyləqan Mildüzü rayonlar qrupuna daxil olmaqla orta Kür iqtisadi rayonuna aid olunur. Aparılan arxeoloji qazıntılara, memarlıq abidələrinin yaşına əsasən bu diyarın 6000 ildən çox yaşı olduğu qənaətinə gəlinir. 40 hektar ərazidə yerləşən Aranın incisi sayılan Beyləqan, yerli sakinlər tərəfindən Örənqala adlandırılıb. Örənqala – yəni örənləşmiş məkan. Hətta xalqın maddi-mənəvi mədəniyyət abidəsi hesab olunan bu qalanı Beyləqan hökümdarı olmuş Əbu Musa (?–854) zamanında “Açıq muzey” olmasını istəyib. Xilafətin inkişaf etmiş mahallarından biri olan bu şəhər, karvan yolları üzərində yerləşmişdir. Buraların özünəməxsus ədviyyatları, şirniyyatları var idi ki, bu da Yaxın Şərqdə çox məşhur idi. Bundan başqa beyləqanlılar digər sənət növlərindən dulusçuluq, qoyunçuluq, əkinçiliklə məşğul olmuşlar. Şəhər özünün məşhur “Sənətkarlar məhəlləsi” ilə tanınıb. Beyləqanda 35-dən çox sənət növü mövcud olduğu məlum olur. XIII əsrin əvvələrində Beyləqan kürələrində hazırlanan şirəli və şirəsiz məmulatlar, şüşə qablar, uzaq ərazilərdə şöhrət tapıb. Bəzi kasa qab küplər üzərində ornamentlər, süjetli bir əsərdən xəbər verdiyi qeyd edilir. Hər bir duluscunun və şəhər sənətkarlıq məhəlləsinin möhürü mövcud olmuşdur. Əşyalar üzərində ştamplama vasitəsilə “Fəzlun Beyləqanda hazırlanıb” möhürü vurulurdu. Həm də Beyləqan duluscuları – Əhməd, Səid, Əli, Həmzə şairlərin şeirlərini, sözlərini düzəltdiyi qabların üzərinə yazırdılar. Bundan başqa Atabəylərin pul sikkəxanalarından birinin də Beyləqanda olduğu barədə Asif Cəfərlinin “Beyləqan salnaməsi” kitabında yazılmışdır. 

Adını qeyd etdiyimiz kitabda dəfələrlə oğuzların adına rast gəlinir ki, bu da Beyləqanın oğuz eli olmasını təsdiqləyir. Asif Cəfərli qeyd edir ki, “Quyruq donanda” oğuzlar Arana, Beyləqana enərmişlər. Bura oğuz türklərinin qışlaq məkanı sayılardı. Oğuzlar Haramıda payız düşəndə yarışlar təşkil edərmişlər ki, fərqlənənlərə Dədə Qorqud ad verərmiş. Bildiyimiz kimi, Dədə Qorqud bayat adlanan qəbilədən idi. Bayat qəbiləsi də Beyləqandan bir az aralıda yerləşib. Yuxarıda qeyd etdiyimiz Haramı sözünün etimoloji açıqlaması belədir; ucu-bucağı görünməyən yer. Bundan başqa Xan qızı Natəvanın (1832–1897) da Beyləqanla adı bir çəkilir. Beyləqan salnaməsindən aldığımız məlumata əsasən Xurşidbanu Natəvanın Beyləqan ətrafında xeyli torpaqları olub. Vaxtilə buraya Arazdan su çəkdirib. Xan qızının buraya gəlməkdə məqsədi Mil düzünə, Beyləqana arx çəkdirmək olub. Hətta su çəkilmə zamanı çatışmayan pulla qır-qızılını satıb pula çevirib ki, bu torpaqlar susuz qalmasın. Elə bu cəsarətinə görə camaat yığışaraq bu arxa “Xan qızı” adını verib. 

Bundan başqa Beyləqanda “Pərilər bulağı” da var. Bu bulaq haqqında isə belə rəvayət olunur ki, deyilənə görə həmin bulağı Nizami Gəncəvi (1141–1209) buradan keçərkən görüb, suyunu içib və “Pərilər bulağı” adlandırıb. Həmin bulaq hazırda Xalacda hələ də var.

Adı tarixdə dəfələrlə dəyişən Beyləqan 1989-cu ilədək Sovet işğalının təzahürü olaraq Jdanov adlanmışdır. Bu barədə bir neçə mənbədə qarşılaşsaq da, Beyləqan şəhər Dövlət arxiv idarəsinə müraciət edərək bu məlumatın doğruluğunu təsdiq etmək istədik. Arxiv sənədlərdə Azərbaycan Ali Sovetinin qərarına əsasən Jdanov rayonunun adı 19 mart 1989-cu ildən dəyişdirilərək Beyləqan adı verildiyi göstərilir.

Beyləqanlılar dinə bağlı, imanlı, inanclı, təriqətli insanlardır. Azərbaycanda yeganə Peyğəmbər məzarı var ki, o da məhz Beyləqandadır. Həmin məzar isə bu gün ziyarətgaha çevrilmişdir. Bununla bağlı müxtəlif mənbələrdən məlumat əldə etmişik. Onlardan biri yenə Xan qızı Natəvanın adı ilə bağlı olmuşdur. Asif Cəfərli yazır: “Doğrusu mənim bir istəyim var. Çox fikirləşəndən sonra qərara gəldim ki, bu istəyimi sizinlə böləm. Bu torpaqda “Tək saqqız kimi” elatlıların bir piri var.  Bu torpaqda həzrəti Cərcis Peyğəmbər uyuyur. Mən çox istərdim Qarabağın bu ərazilərdə yaşayan hacı və bəyləri elə Peyğəmbərlərin qəbri üstündə bir məqbərə ucaltsınlar. Bu, nəinki elatlar üçün, hətta ətraf ərazilərindəki adamlar tərəfindən yaxşı qarşılanar”. Bu ziyarətgahın tikintisində Təbrizdən ustalar gətirildiyi də bir çox mənbələrdə qeyd olunur. Ziyarətgahı Hacı Qurban və oğlu Hacı Qulu inşa etdiyi deyilir. 

Beyləqan salnaməsində şəhərin mərkəzində ucalan Mil-Minarədən də söhbət açılır. Minarənin 3 mərtəbədən, bu mərtəbələrin isə müxtəlif məqsədlər üçün istifadə olunmasından bəhs edilir. Üç hissədən ibarət olan Minarənin aşağı, 1-ci hissəsi mədrəsə kimi istifadə edilib. Burada vəqf və dünyəvi elmlər tədris olunub. Yuxarı hissə gözətçi məntəqəsi, son mərtəbədə isə məşəl yandırılaraq gedib-gələn karvanlara yol göstərmək məqsədi daşıyıb. Əlbəttə ki, minarə varsa, demək bu minarədən azan səsi də ucalıb.

Araşdırmalar zamanı Mil-Minarənin adına daha bir ədəbiyyat nümunəsində rast gəldik. Bu, Asif Cəfərlinin “Beyləqan fədailəri” adlı romanıdır. Əsər Beyləqanlı Xəlilin 794–795-ci illərdə xilafətə qarşı apardığı azadlıq uğrunda gedən mübarizəsindən bəhs edir. “Beyləqan fədailəri” tarixi romandır, olaylar aydın şəkildə göstərilmişdir. Həmin romandan bir məqamı təqdim edirik: “Minarədən oxunan azan insanın ruhuna hopub, adamı rahatlaşdırırdı. Elə ki şam namazı başa çatdı, şam yeməyinə başlanıldı. Şam yeməyindən sonra əllərini gülablı su ilə yudular. Sarandələr, (burada sazəndə olaraq nəzərdə tutulub, texniki səhvdir – A.B.) rəqqaslar çalıb-oynamağa başladı. Gecə yarıya qədər şənlik davam etdi. Musiqi sədaları altında elçilər yuxuya getdi. Səhərə yaxın yenidən azan oxundu”.

Araşdırmalarımız onu təsdiq edir ki, Beyləqan hələ V əsrdən bina olunub. Sonralar yadelli işğalçıların hücumları, qarət və talanları nəticəsində yer üzündən silinib. Kəbirli kəndi yaxınlığında olan “Örənqala” qədim Beyləqanın qalıqları olan ərazidir. Ona görə “Örənqala” adlanır ki, burada əsrlərlə həyat susmuş, məkan örənləşmişdir. Bununla belə zamanla şəhər can tapmış mədəniyyət dirçəlmiş və inkişaf etmişdir. 

Qədim Beyləqan həm də Peyğəmbərlər torpağı, müqəddəs diyardır. Dahi filosof Hegel (1770–1831) din haqqında belə qeyd edir. “Din insan ürəyinə ən yaxın olan ideologiyadır”. Bu, tarixən belə olub. Bütün dövrlərdə insanların inancı, təriqətləri olmuşdur. Beyləqan tarixindən danışanda isə Həzrəti Cərcis Peyğəmbərdən danışmasaq, tədqiqatlarımızı bu yöndə aparmasaq olmaz. Cərcis Peyğəmbər haqqında rəvayətlər olduqca çoxdur. Bununla bağlı apardığımız araşdırmalar zamanı həm oxuduğumuz ədəbiyyatlardan, həm din xadimləri, ruhanilərdən bilgilər əldə edərək yazı işimizə daxil etdik. Türbənin yaranmasından əvvəl Cərcis Peyğəmbər haqqında ətraflı məlumatları təqdim edək. Məlumdur ki, din elə bir mövzudur ki, tarixi də çox qədim zamanlara dayandığı üçün faktlarla sübut etmək təbii ki absurddur. Yazımızı rəvayətlərlə əsaslandırmaq qərarına gədik. Əvvəla qeyd edək ki, Cərcis öz missiyası olan təkallahlığı təbliğ etmək üçün Beyləqana gəldiyi bildirilir. Hətta bəzi mənbələrdə türk mənşəli olduğu da bildirilir. Elə buna görə təkallahlığı türkdilli ölkələrdə təbliğ etdiyi yazılır. Bu, əsasən Mosul, Qafqaz ölkələri, Beyləqan torpağı hesab olunur. Digər mənbələrdə isə Həzrət Cərcis ibn Anaq ibn Xosrov miladi tarixi ilə 315-ci ildə Fələstində anadan olduğu yazılır. Ona peyğəmbərlik Allah-taala tərəfindən 16 yaşında verildiyi deyilir. 77 il ömür sürən, 14 dəfə ölüb-dirlən, Beyləqan torpaqlarında 50 ildən artıq yaşamış Cərcis, Peyğəmbərlik adını da Beyləqanda almışdır. Səmədxan Beyləqanlının “Həzrət Cərcis Peyğəmbər” kitabında Peyğəmbər haqqında geniş məlumatlar və rəvayətlər toplanmışdır. Təəssüf hissi ilə vurğulayırıq ki, müəllifin 40-a qədər bədii və publisistik yazıları olsa da, elmi adının olmaması, yazılarında ədəbiyyat siyahısını qeyd etməməsi, bizim həmin mənbələrə dəqiqliklə çata bilməməyimiz işimizi bir qədər çətin etsə də, hətta bəzən kitabdakı məlumatlarla din xadimlərinin mülahizələri üst-üstə düşməsə də, yenə araşdırmağa davam edib, elmi işimizdə Həzrət Cərcis Peyğəmbər barədə məlumatlar əldə etdik və burada da musiqi məqamı axtarmağa davam etdik. Çünki bilirik ki, harda din varsa orda inam var, harada minarə, məscid varsa, orda azan var. Azan da ahənglə ifa olunaraq insanları ibadətə çağıran dini musiqidir. Bu tarixi Beyləqan torpaqlarında əsrlərdir ki, minarələrdən azan sədası kəsilmir. Azan varsa, demək musiqi var. 

Bu məqamda bizim tərəfimizdən notlaşdırılaraq yazıya alınan “Azan” barədə də danışaq. Bu nümunəni beyləqanlı xanəndə Məhəbbət Səfərovun ifasından mən nota almışam. (şəkildə)

İndi isə istərdik ki, türbə və onun yaranmasına dair tapıntılarımız haqda məlumat verək. Bəzi ədəbiyyatlarda bu türbənin xan qızı Natəvanın adı ilə bağlı olması göstərilsə də, digər mənbələrdə isə beyləqanlı Hacı Qulu tərəfindən yaradıldığı qeyd olunur. Ancaq onu da vurğulamaq istəyirik ki, Həzrət Cərcis Peyğəmbərin məzarını qədim Beyləqandan şərq tərəfdə olduğunu ilk dəfə Həzrət Əli (ə) (598–661) söylədiyi və onunla görüşə gəlmiş Beyləqan zəvvarlarına istinaq verdiyi qeyd olunur. Beyləqan tarixinin ən ağır dövrləri, hətta yer üzündən silinməsi buraya talan, qarət məqsədi ilə gələn Monqol-Tatar qoşunlarının gəlişi ilə bağlıdır. 1221-ci ildən əsrlərlə bu torpaqlar sükunətə qərq olmuşdur. Elə bu dövrlərdə yer üzündən silinən tarixi məkanlardan biri də peyğəmbər məzarı olmuşdur. Sonra zamanla Aşıqlı Elatının ağsaqqalı II Hacı Qurban kişi peyğəmbərin məzarını tapıb yerində kümbəz tikdirmişdir. Hacı Qurban dünyasını dəyişdikdən sonra onun oğlu Hacı Qulu atasının vəsiyyətinə əməl edərək 1913–1915-ci illərdə Həzrəti Cərcis Peyğəmbərin məzarı üstündə məscidə bənzər tarixi türbə inşa etdirmişdir. Cərcis Peyğəmbərin adı yunanlara görə Cərcis, romalılara görə Georgis kimi ifadə olunur. Bundan başqa Cərcis sözünün gürcülərdən gəldiyi və xristian dininə mənsub olduğu mülahizələri irəli sürülür, lakin bu həqiqəti əks etdirmir. Cərcis Peyğəmbərin Beyləqan torpağına gəlməsi ilə bağlı bir neçə rəvayət deyilir. Bunlardan biri Səmədxan Beyləqanlının “Oğuz yurdum Beyləqanım” kitabında da rast gəlinir. Ərəb alimi Təbərrüntün (838–923) kitabında Cərcis Peyğəmbərin Fələstinli olduğu yazılır. Hələ bizim eradan əvvəl təkallahlığı təbliğ etməsi üçün Suriyanın Dəməşq şəhərinə göndərirlər. Orada bir müddət qaldıqdan sonra Arazboyu şəhərlərdə islamı tanıtmaq üçün bu ərazilərə getməsi bildirilir. Peyğəmbərin Beyləqana yaz vaxtı gəldiyi deyilir. Ocaq yandırıb, üzərindən tullandığını görən Cərcis Peyğəmbər həmin insanlara yaxınlaşaraq həmin odu, ocağı bizə bəxş edən Allaha inanmaqlarını bildirmiş, onun varlığından danışmışdır. Ancaq peyğəmbərin həyatı o qədər də rahat keçməyib. Belə ki, dəfələrlə əzab-əziyyətə düçar olmuşdur. 

Türbənin yaranması ilə bağlı da bir neçə mülahizələrə rast gəlmək olur. Bunlardan istər Xan qızı Natəvanın, istərsə də Hacı Qulunun adı ilə bağlı olsun, nəticədə yaradılmış olan bu məqbərə bu gün ziyarətgaha çevrilərək insanların pənah gətirdiyi ocaq olmuşdur. Bura ölkənin hər yerindən ziyarətə gəlib hətta gecələyirlər. Arzular tutub, dualar edir, namaz qılıb, niyyət yaylığı atırlar. Türbənin ortasından mərkəzə doğru zəncir uzanır ki, bu zəncir niyyət edilib atılan yaylığı tutarsa insanın arzusunun hasil olacağı anlamını daşıyır. Yox əgər tutmazsa, demək həmin arzu çin olmaz. Eyni zamanda insanlar bu ziyarətgahda qurbanlar kəsib paylayarlar. Xəstə insanlar burada şəfa tapar, nəzirlər deyərlər. Türbənin xarici hissəsinin divarlarında cürbəcür dualar, yalvarışlar yazılmışdır. Bu, insanların arzu tutaraq türbənin ətrafına üç dəfə dolanarkən yazdığı yazılardır. İnanclardan daha birisi isə ziyarətgahı tərk edərkən arxası üstə çevrilib getmək günah sayılar. Buna görə ya arxa-arxaya, ya da dizin-dizin sürünərək tərk olunar. 

Türbənin ətrafında qədim başdaşıları, qəbirlər mövcuddur. Bundan başqa türbə ilə eyni ərazidə Həzrəti Cərcis Peyğəmbər məscidi də vardır. Bu məscid 2010-cu ildə Hindarxlı Hacı Adil Qardaşxan oğlu tərəfindən öz vəsaiti hesabına inşa edilmişdir. Müasir memarlıq abidəsi olan məscid iki minarədən ibarətdir. Qədim Beyləqan yurdunda Peyğəmbər məzarı yerləşdiyi üçün bur torpaqlar həm də Peyğəmbər torpağı da adlanar. Buna görə də buraların xeyir-bərəkəti hər zaman bol olar, məhsul yaxşı olar. İnsanlar inanar ki, haraya fəlakət, zərər, ziyan gəlsə də Peyğəmbər torpağından qada-bəla yan keçər. Eyni zamanda alqışlar, dualar edilən zaman “Peyğəmbər torpağı səni qorusun” deyilər. 

Beyləqanın Peyğəmbər torpağı olması həm də təkcə Cərcis Peyğəmbərin adı ilə bağlı deyil, eyni zamanda Cərcis Peyğəmbərin vəfatından sonra daha üç peyğəmbərin də gəldiyi rəvayət olunur. Onlar da qətlə yetirilərək elə burada dəfn olunmuşlar.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Hicranın yolları bitməz, tükənməz,

Vüsal yollarına qar ələnibdir.

Ömrünü eşqinə qurban deyən kəs,

Xəyanət əliylə güllələnibdir... 

 

Bu gün Sovet dövründə Azərbaycan yazıçıları içərisində Məmməd Səid Ordubadidən sonra ən çox oxucusu olan qələm adamı, "60-cılar” ədəbi nəslinin ən sevilən nümayəndələrindən biri sayılan,  məşhur  "İtkin gəlin" əsərinin müəllifi yazıçı Əlibala Hacızadənin doğum günüdür. 

 

Hacızadə Əlibala Qüdrət oğlu 28 avqust 1935-ci  ildə Biləsuvar rayonunun Ağalikənd kəndində anadan olmuşdur. Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır. 

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutu) kiçik elmi işçi kimi başlayan yazıçı 1966-1970-ci illərdə  Əfqanıstanda tərcüməçi kimi çalışmışdır.

1976-cı  ildə  yenidən Azərbaycan  Milli Elmlər Akademiyasının Yaxın  və  Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. "Nizami" jurnalı 1994-cü ildən onun redaktorluğu ilə işıq üzü görməyə başlamışdır.

Əlibala Hacızadə ədəbi fəaliyyətə 1956-cı ildə “Uşaqgəncnəş"rin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunan 

"Mənm müəllimim" hekayəsi ilə başlamışdır.

"Heykəl gülür" adlı ilk hekayələr kitabı 1961-ci ildə işıq üzü görən yazıçının  sonralar 1963-cü ildə "Unutmaq olmur", 1965-ci ildə  "Məhəbbət olmayan evdə" və "Fərruxi Yəzdin poeziyası", 1969-cu ildə "Cehiz", 1974-cü ildə "Pəhləvan",  1979-cu ildə "İtkin gəlin", 1981-ci ildə "Əfsanəsiz illər", 1992-ci ildə "Təyyarə kölgəsi" və "Vəfalım mənim", 2001-ci ildə "Sevəcəyəm" kimi kitabları nəşr edilmişdir.

Müəllifə ən çox oxucu sevgisi qazandıran "İtkin gəlin" əsəri əsasında yazdığı ssenariyə 12 seriyalı eyniadlı bədii televiziya filmi çəkilmişdir. 90-cı illərin ən məşhur ən baxımlı filmi olan "İtkin gəlin" həm də Azərbaycanın ilk serialı sayılır.

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviri olmuşdur. Onun elm adamlarının ictimaiyyət üçün bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıran "Təyyarə kölgəsi" və "Vəfalım mənim" romanları məhz bu qəbildəndir.

Əlibala Hacızadə 2009-cu ilin oktyabrın 9-da 74 yaşında vəfat etmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Wednesday, 28 August 2024 09:12

“Onuntək çəkirdim papirosumu…”

“Ədəbiyyat və incəsənət” bu gün doğum günü olan yazıçı Əlibala Hacızadəyə Ayaz Arabaçının yazdığı ithaf şeirini təqdim edir. 

 

Sevimli yazıçımız Əlibala Hacızadənin xatirəsinə

 

Yadımdan heç çıxmaz ağıllı, müdrik,

Bir az da yaşıla çalan gözləri.

Acı papirosu çox çəkdiyindən,

Heç vaxt işlətməzdi acı sözləri.

 

Bizim hamımızı tərifləyərdi,

Bir yol danışmazdı özündən qəti.

Var idi həmişə, özünəməxsus,

Hər kəsə qəribə müraciəti.

 

Hələ də çox yaxşı xatırlayıram,

Onun o işıqlı xitablarını.

Məktəb illərində qızlı-oğlanlı,

Əl-əl axtarardıq kitablarını.

 

Gülər çöhrəsiylə işıq saçırdı, 

Harda olurduqsa, məclisimizə.

İndi də bilmirəm necə çatmışdı,

O boyda qiymətli xəzinə, bizə.

 

Könlü nəğmə dolu, şeir doluydu,

Kaman da olurdu, qaboy da idi.

Ortabab balaca boyluydu ancaq,

Ancaq nə sirdisə dağ boyda idi.

 

Uçmaq istəyərdik onu görəndə,

Sanki çiynimizdən qanad çıxardı.

Ən çətin, ən ağır durumda belə,

Cibindən 10-15 manat çıxardı.

 

Daşıb kükrəyərdik dəli çay kimi,

Qəlbimiz havalı yaz halındaydı.

O vaxt gözümüzdə qızların çoxu,

Onun Əfsanəsi misalındaydı.

 

Onuntək çəkirdim papirosumu,

Hərdən də onuntək fikrə dalırdım.

Məndə avtoqraflı kitabı vardı,

Qızlara göstərib ləzzət alırdım.

 

Dünən təsadüfən keçirdim ordan,

Elmlər tərəfdən fikirli, çaşqın.

Səni xatırladım, qəfildən ustad,

İçimdə zəlzələ, gözümdə daşqın.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Wednesday, 28 August 2024 14:04

Molla Baxışla Oğru Salmanın söz-söhbəti

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Bu gün mərhumun 3 mərasimi idi. Bütün kənd camaatı, qohum-əqrəba gəlmişdi.

Adəti üzrə 90 yaşlı Molla Baxış da məclisin başında oturub yas mərasiminə uyğun söhbətlər edir, bəziləri qulaq asır, bəziləri isə öz aralarında ordan-burdan söhbət edirdi, hətta ölü yiyəsinin mağarda yoxluğundan istifadə edib xısın-xısın gülənlər də var idi…

Məclisin bu anında Oğru Salman mağarın girişində göründü. Hamı ayağa qalxıb onu öz yanında əyləşdirmək üçün can atırdı, o isə hamıya salam və başsağlığı verib mağarın girişində, yas sahibinin yanında əyləşdi.

Artıq onun 60 yaşı olardı. 50 yaşından üzü bəri oğurluq etmirdi… Oğurluğu tərgitmək üçün nə “Qurana” əl basmışdı, nə də tövbə etmişdi. Oğluna bir kəlmə demişdi ki, “Dədəm, sən öl bir də oğurluq etməyəcəm”, - vəssalam…

Hə, burasını da deyək ki, Salman kişi deyilənə görə, bir dəfə də olsun kasıb təbəqədən oğurluq etməzdi, onun hədəfi, özü demiş, harınlamış adamlar və malını yeməyən xəsislər olurmuş...

Oğru Salman gələndən camaatın ona qulaq asmadığın görən Molla Baxış rişxəndlə: -Ay Salman kişi, bax bu cür ölüm hamı kimi səni də gözləyir, bilirsən də?, - dedi. 

-Bilirəm, ay Baxış əmi. 

-Axirət günü oğurladığın mal sahiblərinə nə cavab verəcəksən? Doğrudan mənim üçün çox maraqlıdır.

İçəri lal sükut çökdü. 

Oğru Salman azacıq da düşünmədən söylədi:

– Baxış əmi, o mal sahiblərindən birtəhər halalıq alamağa çalışacam, ala bilməsəm də mən cəzamı çəkməyə hazıram. Sən isə əmin oğlu öləndən bir neçə il sonra  onun arvadını aldın. Bəs axirətdə sən ona nə cavab verəcəksən, mənim üçün də bu, çox maraqlıdır?

Amma Molla Baxış verilən suala cavab tapa bilmədi, aciz-aciz gözünü döydü.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Wednesday, 28 August 2024 15:11

“Sürgün” - Aysel Fikrətin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin “Sürgün” hekayəsini təqdim edir. 

 

 

Sürgün 

(Hekayə atam Fikrət Sadığın danışdığı real hadisə əsasında onun dilindən yazılıb)

 

Üzümü qüruba tutub durmuşam. İnsan da günəş kimi qürub edərmiş.

Qürub ta uşaqlıqdan mənim kabusum olub. O hər kəsin həyatına kabus olmuş 1937-ci  ildə doqqazımızın ağzında uşaqlarla oynayırdım. Birdən üç qara maşın evimizin düz önündə durdu. 6 yaşım olardı, yalnız  bunun çox pis hal olduğunu hiss edirdim. Uşaqlar qorxub qaçdılar, mən isə yerimdəcə donub qalmışdım. Anamın fəryadı,  bacilarımın ağlaşma səsi də məni gördüyüm mənzərədən oyada bilmirdi. Bu hadisədən gör neçə il keçib, indi ömrümün qürubunda belə eyni cür yerimdə donub qalmışam. Atamı o qara maşınlar alıb aparanda mənə baxdı. O baxış  mənim ömür yolumu yazdı. Atam gözlərində həm əlacsız idi, həm aciz. Amma gözlərini məndən çəkmirdi. “Anan bacıların sənə əmanət oldu, bu gündən onları qorumaq sənə düşdü.”

Bu baxışlar məni yerimdən titrətdi, əlimdəki çör-çöpləri yerə tökdüm. Maşına tərəf qaçdım.

Atama sarılıb onun ətrini içimə çəkməyə, hönkür-hönkür ağlamağa başladım. Məni atamdan ayırıb yerə itələdilər, maşın şütüyüb getdi...  Maşının tozu ərşə qalxıb əvvəl ürəyimi, sonra nəfəsimi daraltdı . Ayağa qalxıb üstümü çırpdım. Evimizə girəndə gördüm ki, anam yerdə uzanıb, bacılarım da onun böyründə xısın -xısın ağlayırdılar. Sonra gəlib evimizin əşyalarını  yazdılar. Evimizdə bir əşya belə qalmadı. Yadımdadı, Nizami Gəncəvinin kitabını, bir də bir patefon valını götürüb qaçdım. Ağaclıqda gizlənib gələn qara geyimli adamların getməyini gözlədim.

Amma sonra daha qorxunc xəbər gəldi .

Xalq düşmənlərinin həyat yoldaşlarını da sürgünə göndərirlər, uşaqları isə yetimlər evinə göndərəcəklər. 

Atam rayon sovetinin sədri idi. Bütün başına gələn bəlalar da bundan başladı. Dayılarım gecəylə gəlib bizi at arabasında qaçırdılar. O gündən evimizdən uzaq, tam ayrı qürubları, ayrı sabahları yaşadım.

Yaşadımmı? Bu illərdə nələr oldu. Doğmalarımın məndən uzaq gəzdiyini gördüm. Yanlarından otdükdə “xalq düsməninin oğlu gedir” tənələrini də eşitdim.

Ta atam bəraət alana qədər .

Mən Universitet illərimə qədər sanki on ömür yaşayıb ölmüşdüm. Ağır fəhlə işlərində işləmişdim.

Amma indi... ömrümün bu çağında çəmi bu illər aydın yadımda idi, o da atamın tutulduğu gündən onun bəraət aldığı günə qədər.

Atamla bağlı əhvalatlar mənə bu dünyada nağıllar olduğunu sübut edirdi.

Mən qorxunc bir nağılın içində büsbütün bir ömrü yaşadım. Atamın bəraət sənədini  aldığım gün atamın sağ olduğunu daha bir kimsədən gizlətməyə lüzum qalmırdı. Bəli, mən bunu illər əvvəl bilirdim, yalnız doğmalarımdan belə gizlədirdim.

İllər əvvəl kəndə hay düşdü ki, atam sən demə sağdı. Kəndimizdən bir kişi Leninqraddan atamın işarələrini dayıma demişdi.

Deyilənə görə, həmin kişi Leninqradda yaşayır. Atamın adı, övladların adı, hər şey  uyğun gəlirdi. “Məni görmək istəyən kimdisə bilsin ki, mən hər gün bu gündən sonra Leninqradın Moskva stansiyasında sərnişinlər getdikdən sonra gəzişəcəm və doğmalarımı gözləyəcəm.” Belə demişdi o.

Bu gizlin görüşə mən gedəcəkdim. Elə həmin gün hamı yığışıb mənə atamin tapıldığı şəhərə getməyimə  kömək etdilər.  Dayım öz isti paltosunu, dostum isə uzunboğaz ayaqqabısını mənə verdi. Dayım cibimə xərclik də qoydu.  Bacılarım boynumu qucaqlayıb bağladılar. Hamı həyacanlı, kədərli idi. Gün tamam oldu, yola düzəldim. Qatarın içi bumbuz soyuq idi.

İlahi, bu nə zülmdür ki, bu illər lal olan dilimin özünün də özünə deməyə qorxduğum bu dərd indi gözümün önündə əriyib gedirdi. Çox adam, hətta anam, bacılarım da onun itgin düşüb öldüyünü, hətta sürgündə güllələndiyini dilə gətirəndə mən inanmırdım, üsyan edirdim. Onun sağ-salamat olduğunu uydurub yaşayırdım. O, əli güclü adamların məni ondan qoparıb atdığı gün 6, onu görməyə getdiyim gün isə 18 yaşım var idi. Bu gediş çox gizli idi. Dayım sənədlərimlə hər bir işdə mənə kömək etmişdi. 

Vaqona bir qadın daxıl oldu, sonra bir ailə. Kupe adamla doldu. Ürəyim sıxılmağa başladı. Kupedən çıxıb qatarın ensiz dəhlizində pəncərədən baxmağa başladım. Qatar şütüdükcə hər şeyi geridə qoyurdu. Bu qatarın təkrarsız çax-çaxında balaca özümü görürdüm. O, qatarda ora-bura qaçır, Tovuza getməyə özünə yer axtarır. O, zaman 9 yaşımda anam bəzi əşyaları yığıb mənə verirdi, mən də Tovuza gedib tərəvəzlərlə onu dəyişirdim, evimizə azuqə gətirirdim. Hərdən kisələr elə ağır olurdu ki, gözlərimin yaşı üzümə tökülürdü, yalnız bu kisəni evimizə qədər sürüyürdüm. Anam, bacılarım gəldiyimi görüb ayaqlarımı suya qoyurdu. Anam mənim başıma fırlanırdı. "Əziz xələf uşağım, gör bir nə hallara qaldı" - deyib, ağlayırdı anam. Əziyyətli günlərimiz çox oldu. Ağır müharibəni keçdik. Ölmədik. Bir dəfə qar düşmüşdü, tufan qopub yolu bağlamışdı. Məktəb evimizdən uzaq olduğundan hər kəsin atası gəlib apardı, mən isə boynumu büküb bir küncdə oturdum. Bunu görənə Ağamehdi müəllim mənə tərəf gəldi, məni çiyninə alıb o biri atalar kimi evə gətirdi. İllər ötüb, amma mən onu unutmuram. Sonra eşitdim ki, mənim ucbatımdan onu danlayıblar, təhdid də ediblər. Bunu sonralar eşitdim. Hər dövrdə insanlıq da olub vəhşilik də. Amma o dövrdə bu daha qabarıq idi, insanlıq da, vəhşilik də. Ürəyimi nisgil bürüdü birdən. “Atam bildiyim insan o olmasa…”- tez də bu fikri beynimdən qovdum.

İndi isə səksəni ötən bir qocayam. Üzümü qüruba tutub durmuşam. İndi oğlanlarım, qızım, ailəm başıma toplaşsa da mən ölməzdən əvvəl yenə də son bir kəs atamı görmək istəyirəm. 

Bax elə o gündəki kimi...

 

Perron, Leninqrad-Moskva stansiyası, 1950. 

İzdiham. İlk kəs evdən uzaqlaşmışam, özümü yad , tək hiss edirəm, həm də qorxuram. Oxuduğüm kitablardan rus dilini də mükəmməl öyrənmişdim. Azıb etsəm birtəhər danışa biləcəkdim, yalnız yenə də nədənsə qorxurdum. Ətraf bir-birini qarşılayan, vidalaşan, ağlayan, sevinən insanlarla doludur. Bir küncə çəkilib onların nisbətən azalmasını gözlədim. Deyildiyi kimi qatarın əksi istiqamətində getməyə başladım.

Uzaqdan bir nəfərin qaraltısını hiss etdim. O qaraltıya tərəf getməyə başladım. Qaraltı yaxınlaşdıqca ürəyim daha tez -tez döyünməyə başladı... Ona çatana yaxın yerindən sıcrayıb mənə tərəf addımladı. Biz bir az aralıdan dayanib bir - birimizi uzun - uzadı seyr etdik. Hündür dag cüssəli bir adam idi, iri gözləri qalın qaşları var idi. Saçları ağarmışdı. Yalnız mən onu tanımışdım, bu mənim atam idi. O isə çaşqın halda məni süzürdü. “Ata” deyib eynən uşaqlıqdakı kimi onu qucaqladım. Bir-birimizi qucaqlayib dayandıq, atamın hıçqırtısını üzümdə  hiss etdim. Mən də ona qoşulub bütün ömrümün əzablarına ağladım.

Illər sonra bəraət aldı, Bakıya qayıtdı, işə bərpa oldu. Bu nağıl yaxşı bitdi.

Ömür nağılım isə... 

Dumanlıqdan mənə baxıb gülümsəyən dünyadan getmiş doğmalarımın həzin təbəssümündə bitdi ... 

Atam, Anam, Bacılarım... 

 

Son sözü "atam" oldu ...Gülümsədi, getdi . Quş kimi uçdu 

Asan getdi, Allahın sevdiyi bəndəsidir.

Çox əziyyət görmüşdü , Allah onu incitmədi ... bu otaqda pıçıldaşan insanların haqqımda dedikləri idi.

 

Artıq Ayaqlarım yerdən üzülmüşdü. Bu dünyadan hali idim, haqqımda deyilənləri də duyurdum. İnsan ömrü üç-beş andır. Bir üfürümlük nəfəsdi . Mən o nəfəsi çəkib getdim. O nəfəsi Allah mənə o kişinin təbəssümündə bəxş etmişdi, onunla da məndən alıb apardı. 

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan bölməsi

 

Türkiyənin İLESAM (İlim ve Edebiyat Sahipleri Meslek Birliği)nin sədri Mehmet Nuri Barmaqsızın “Sükut quşu” adlı şeir kitabı Təbrizdə çap olunubdur. 

 

Şeirlərin tərcüməsini Təbrizli şair, yazar, tərcüməçi Əli Çağla Türk dilindən Azərbaycan dilinin əski əlifbasına çeviribdir.

“Sükut quşu” Təbrizin “Əxtər” nəşriyyatı tərəfindən çap edilib və İranda satışa çıxarılıbdır. 

Qeyd etməliyik ki, kitabın üz qabığını isə Tərbrizdə Əmir Fərhəng dzayn edibdir. 

Kitabın içindən bir şeiri əziz oxuculara təqdim edirik: 

 

ÖTƏLƏRİN XƏYALI 

 

Nə dərinlik bilir ruhum, nə dayazlıq... 

Bildiyim tək şey bir damlada yox olmağımdır. 

Yollar kədərli, illər məlal... 

İçimdə ağlayan bir uşaq var, uşaqlığımdır. 

Əllərimdəki sınıq sazın telləri lal. 

Nə dərinlik bilir ruhum, nə dayazlıq... 

Ürəyimdə həsrətdən bir mahnı oxuyar qışqırıq. 

Nə sözdən anlayar ruhum, nə gözdən... 

Hər nəfəsdə sevgiyə coşar, sevgiyə qaçar mənliyim. 

Sevginin viranəsi, sevginin şahanəsi mənəm yar! 

Vüsalı qısqandırır hüceyrə-hüceyrə sənə dönən sənliyim, 

Bir zülmünlə ürək divarım məhv olur. 

Nə sözdən anlayar ruhum, nə gözdən... 

Yağışımın qaynağı sonsuzluq deyilən üzdəndir. 

 

Nə sevgiyə doyar ruhum, nə qanayar... 

Gözlərimdə ümid, əllərimdə vüsal şövqü. 

Ölüm, divarı bağlı ruhunu küləyi ilə həmişə yoxlayar. 

Sevgi həsrətə köklənib şad oxunan mahnıdır. 

Ürəyim xəyallarında da sonsuzluğa göz qırpar. 

Nə sevgiyə doyar ruhum, nə qanayar... 

Həsrətimin üfüqündə ötələrin xəyalı var.  

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.