Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bü günə olan əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Beynəlxalq Əlillər Günü
1992-ci ildə Rusiya Federasiyasının təşəbbüsü ilə BMT-nin Baş Məclisində dekabr ayının 3-nün Əlillər Günü kimi qeyd olunmasıyla bağlı qərar qəbul edilib. Hər il keçirilən Beynəlxalq Əlillər Günü əlillərin ehtiyaclarını başa düşmək və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin, məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsinə çalışmaq əsas meyar hesab olunur. Dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Ölkəmizdə bu ilin əvvəli üçün 600 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var idi. Amma əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cənabları bu sayın xeyli azalması uğrunda məqsədyönlü fəaliyyətə başladığından, bu rəqəmin ciddi itkiyə məruz qaldığı istisna deyil.
Ümumdünya kompüter qrafikası, dizaynerlər və animatorlar günü
“Evans & Sutherland” adlı ilk kompüter qrafikası ilə məşğul olan şirkəti hələ uzaq 1968-ci ildə yaratmışdılar. Onun yaradıcısı Amerika alimi Ayven Sazerlend idi. O, həm də internetin pioneri hesab edilir. 1984-cü ildə stereolitoqrafiya metodunun kəşfi ilə 3D çap üsulu da ram edildi. Sonradan bu üsul kompüterlərə də aid edildi. Bu gün kompüter qrafikası sahəsində Dell, İntel, Adobe, Vidia kimi öncüllər liderlik edirlər. Əgər sizin tanış dizaynerləriniz, tanış 3 D mütəxəssisləri varsa heç də pis olmaz ki onları təbrik edəsiniz.
“Öz əlinlə hədiyyə düzəlt” günü
Uşaqlar bağçada rəngli kağız və kartondan hədiyyələr düzəldirlər, bu hədiyyələri böyüklər məmnuniyyətlə qəbul edirlər, bu öz yerində. Amma bu bayram həm də böyüklər üçün nəzərdə tutulur. İndi bir məni agah edin görək, biz öz əlimizlə nə hədiyyə düzəldə bilərik və tutalım, səkkiz martda xanımlar üçün vatman kağıza yapışdırdığımız gül rəsmini xanımlar başımıza vurmazlarmı.
Böyük Stradivarinin müəllimi
1989-cu ilin bu günündə Mixail Qorbaçovla Corc Buş SSRİ ilə ABŞ arasındakı soyuq müharibənin rəsmən bitdiyini elan etdilər. 1984-cü ildə ən böyük sənaye qəzalarından biri Hindistanda baş verdi, Bxopal kimya kombinatından zəhərli qazın sızması nəticəsində 2000 insan öldü, 20000 insan kor oldu. 1979-cu ildə İranda yeni konstitusiya qəbul edildi, cəmiyyətin islamlaşması, şəriət məhkəməsi, qadınların zorən çadra taxması qəbul edildi. 1973-cü ildə amerikalılar ilk dəfə Yupiter planetinə uçdular. 1959-cu ildə ruslar “Lenin” adında ilk atom sualtı gəmi istehsal etdilər. 1910-cu ildə Parisdə ilk leon lampası nümayiş olundu. 1894-cü ildə “Dəfinələr adası” romanının müəllifi, şotland yazıçı Robert Stivenson dünyasını dəyişdi. 1775-ci ildə ilk dəfə ABŞ-da hazırkı ulduzlu xətt-xətt bayraq ucaldıldı. Və ən nəhayət, 1596-cı ildə italyan skripkaçı, Antonio Stradivarinin müəllimi Nikolo Amati dünyaya gəldi.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)