Bütün dünyada hər il dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi və biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan “Ədəbiyyat və incəsənət” portalına bildiriliv ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Beynəlxalq Əlillər Gününün təsis edilməsi tarixi, məqsədi və vəzifələri, bu sahədə qəbul edilən rəsmi sənədlər onları elektron mənbələri haqqında geniş məlumat verilir. Virtual sərgidə Azərbaycanda dövlət tərəfindən bu qəbildə olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması, ölkəmizdə bu sahədə aparılan islahatlar haqqında məlumatlar, “Heydər Əliyev Fondu”nun bu sahədə olan dəyərli fəaliyyəti, əlilliyi olan şəxslərin cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyasını, idman, yaradıcılıq sahəsində qazandıqları uğurları əks etdirən videogörüntülər təqdim edilir. Hazırlanan materiallarda əlilliyi olan şəxslərin hüquqları, sosial müdafiəsi haqqında məlumatlar yer alır, fiziki cəhətdən qüsurlu insanlara göstərilən dövlət qayğısı, onların məşğulluq səviyyələrinin artırılması, rifahlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar haqqında geniş məlumat verilir. İcmalda “Müyəssər Azərbaycan”, “Əlillik qüsur deyil”, “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”, “Nə etməli. Nə bilməli”, “Əlillik məsələləri üzrə terminlərin izahlı lüğəti”,“İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” kimi 20-dən çox kitabın qısa annotasiyası, biblioqrafik təsviri, 2021-2024-cü illəri əhatə edən dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir.
3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal https://ryl.az/virtual/virtual-kitab-sergileri yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)