
Super User
“Bəzədik bu ömrü min yamaq ilə” - Hüseyn Bağıroğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Hüseyn Bağıroğlunun şeirləri təqdim edilir.
Dirildik
Nəyinə vuruldu könül bu Yerin?!
Nə ağıl eləyib Yerdə dirildik?!
Yeri-yurdu bəlli deyil bu Yerin,
Gəlib sirr içində sirdə dirildik.
Candan olduq hər gün can oymaq ilə,
Bəzədik bu ömrü min yamaq ilə,
Yaman ölüb getdik kef-damaq ilə,
Düşüb zaman-zaman dərdə, dirildik.
Yanıb kül olsaq da, göz görə-görə,
Kültək üfürmədik şeiri gözlərə.
Neylər indən belə ölüm bizlərə?!
Biz ki, Onda ölüb bir də dirildik.
Eşqsiz yaşamağın
min bədəli var
Nə zaman tanıyar, nə məkan bilər,
Bu Eşqin nə sonu, nə əvvəli var.
Gözə görünsə də, görünməsə də,
Onun hər könüldə bir heykəli var.
Kim yalan deyirsə, tapmasın xeyir,
Qeybdən qopub gələn bir səda deyir:
Nə yerlər, nə göylər təməlsiz deyil,
Hər şeyin eşq adlı bir təməli var.
Sən yaşa qəmi qəm, kefi kef kimi,
Keçmə bu dünyadan naşı dev kimi,
Uçub tökülərsən köhnə ev kimi, -
Eşqsiz yaşamağın min bədəli var.
Göyün qulağına
söz pıçıldadıq
Ay oğul, hər oğul söz pıçıldamaz,
Çox da ki, bu sözü az pıçıldadıq.
Bizim sinəmizə dağlar çəkdilər,
Dağların dağına söz pıçıldadıq.
O qərib gələnlər qərib getdilər,
Göylərin bətnini görüb getdilər -
Könül budağını qırıb getdilər,
Gülün budağına söz pıçıldadıq.
Sapa düzmədilər saz deyənləri,
Gözlə görmədilər göz deyənləri,
Bu dünya duymadı biz deyənləri,
Göyün qulağına söz pıçıldadıq.
Eşqin nə qəribə
halları varmış?!.
Bakirə baxışdan məhəbbət yağar,
Üzün tökülməyən suyu nur kimi.
Kimlər ki, dünyaya eşq ilə baxar,
Görər göy üzündə Ayı nur kimi.
Hünərdi bu yeri, göyü oxumaq,
Fanidə solmayan xalı toxumaq.
Sən gəl, bu dərvişin halına bir bax,
Gör necə nuş edir meyi, nur kimi.
Dərgahın dolanbac yolları varmış,
Bağında solmayan gülləri varmış,
Eşqin nə qəribə halları varmış,
Allahın aşiqə payı nur kimi.
Azar yer üzündə
xamın xəyalı
Azar yer üzündə xamın xəyalı,
Nə məscid tanıyar, nə də ki, kilsə.
Görən, necə olar aşiqin halı,
Badəsi qırılsa, meyi tökülsə?!
Kəramət görməsə könül pirində,
Qəm qəmə qarışar nəğmələrində.
Neylərsən, məhəbbət günün birində
Yağlı əppək olub göyə çəkilsə?
Göylərin adından danışma, barı,
Allahın işinə qarışma, barı,
Özünü itirib sən çaşma, barı,
Bəxtin bir gün çaşıb üzünə gülsə.
Birdən bir gül kimi solmazmı dünya,
Göy üzündə mağmın olmazmı dünya?
Suların altında qalmazmı dünya,
Bəşərin üzünün suyu tökülsə?
Nədə xeyir vardı, nədə şər könül,
Bilməz bu işləri bu bəşər könül.
Sənin ətəyinə nə düşər könül,
Göylərin ulduzu, Ayı tökülsə?!
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
“Materialın müqaviməti olan kimi cümlənin də müqaviməti var” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Biri vardı, biri yoxdu...” Təkcə nağıllar deyil, hər şey burdan başlayır. İki universal xurcun!... Bu iki universal xurcun öz içinə sonsuz dünyaları və sonsuz lüğəti yığa bilir.
2.
İsa Muğanna - Azərbaycan ədəbiyyatının hüdudsuz fantaziyası...
3.
Nəsrdə cümlələr müharibə zamanı bir-birinin ardınca qazılmış uzun və qısa, əyri və düz səngərlər kimidir. Bu cümlə - səngərlər onları oxuyub dəf edənlərə müqavimət yaratmaqdan başqa bir şeyə yaramır. Onların hər birinin öz müqavimət dərəcəsi olur. Materialın müqaviməti olan kimi cümlənin də müqaviməti var
4.
Qafiyə boyunduruğunda olsalar belə, əsl misralar ən azından həyat boyunduruğundakı öküzlər kimi başqa-başqa tərəflərə baxırlar.
5.
“ Nə idi dünyanın o qədim adı
Unutdum - sehr idi bu, tilsim idi?!
Sən su pərisiydin, bu yadımdadı,
Sən su pərisiydin, bəs mən kim idim?!”
6.
U .Eko “Yarımçıq əlyazma” barədə: “Bu roman cəlbedicidir, amma onu plyajda oxumaq olmaz.”
7.
Vaxtı qabaqlayıb tez-tələsik göylərə qalxmaq istəyənlər elə bilirlər, göylərdə maraqlı nəsə var. Göylərdə isə onlar üçün maraqlı heç nə yoxdur. Göylərdə, ümumiyyətlə, maraqlı heç nə yoxdur.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
“Molla Məhəmməd Bağdadi –“Füzuli” təxəllüslü” - FİRUDİN BƏY KÖÇƏRLİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsi görkəmli Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.
Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının tə’siri bu əsrdəki şüəramızın asar və əş’arında dəxi müşahidə olunmaqdadır.
Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində – hicrətin 900-сü tarixində təvəllüd etmişdir. Bə’zi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst mə’lum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rəhlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
Ey Füzuli, qədimiz qıldı fələk xəm, yə'ni
Vəqtdir çıxmağa dünya qapısından, əyilin.
Füzuli kimi məşhur və mö’təbər şairin tərcümeyi-halına dair mə'lumat, heyfa ki, çox azdır. Bu barədə özgə bir mə’xəz və mənbədən əhvalat götürməkdə aciz qalıb, ol dürri-yeganənin öz əsərlərinə rücu etməkdən başqa bir çarə bulmadıq. Divani-bəlağət ünvanının dibaçəsində ol fəsahət bustanının əndəlibindən və ibarət çəməninin bülbülündən, yə’ni Füzulinin öz lisani-bolağətsəncindən halına dair bir para mə’lumat verilir, xüsusən onun türk lisanında yazmağına səbəb nə olduğu filcümlə bəyan edilir.
Məzkur müqəddimədən mə’lum olur ki. Füzuli uşaqlıqdan şe'r və qəzəl deməyə ziyada həvəsnak imiş və ol dürri-yeganənin hənuz səbi ikən üfüqi-tə'binə hilali-mövzuniyyət tülu etmişdir və xurşidvəşlərdən iqtibasi-nuri-şövq qılmışdır və onun əş’arının şöhrəti çox yerlərə dağılmışdır. Necə ki, özü deyir:
Seyti-fəsahət ilə sözüm tutdu aləmi,
Mən mehdi-etibardə tlfli-zəbun hənuz,
Buyi-xoşumla oldu müəttər dimağlər,
Mən nafeyi-vücuddə bir qətrə xun hənuz.
Və lakin şair öz əsərlərinə diqqət yetirib, onları hülyeyi-elmdən müərra görüb, bir ınüddət nəqdi-həyatın ülumi-əqliyyə və nəqliyyə kəsbinə sərf edibdir və öz əsrində müt’ədavil fünun və ulumun cümləsinə malik olmuşdur. Əgərçi şair türk lisanında şe’r və qəzəl yazmağına ümdə bunu səbəb göstərir ki, türk tayfalarının sahibi-şövq və məzaqları dəxi onun bustani-kəlamından şükufələr dərib bəhrəmənd olalar və bu təklifi ona guya bir nigari-mişkinxətt etmişdir və lakin həqirin anladığına görə, Füzuli özü türk oğlu olmağa binaən, öz ana dilini artıcıq sevib də, ona rövnəq verməyi baş vəzifələrindən birisi hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur. Əgərçi ondan müqəddəm türklərdən də bə’zi mö’təbər şairlər olubdur, vəli onun kimi müqtədir və cəm’i lisana malik və came’i-fünuni-nəzm və nəsr olmayıbdır. Və həqiqətdə demək olur ki, türk dilinə rövnəq verən və onu xarü xaşakdan təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna xüsusən böyük bir minnət qoyubdur. Türk dilinin üstündə sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda bəyan etmişdir:
Ol səbəbdən farsı ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib eyləsə,
Əksəri-əlfazi namərbut, nahəmvar olur.
Məndə tövfıq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikandan bərgi-gül izhar olur.
Burada bunu dəxi əlavə etmək lazımdır ki, Füzuli özündən müqəddəm və ya öz dövründə olan ali və rəqiq bir şair bulub da, onun əsərlərinə təqlidən bir şey vücuda gətirməmişdir. Nəsr və nəzmdə bir şəxs onun ustadı olmayıbdır. Əazimi-üdəbadan bir nəfərinin asarını sərməşq və ittixaz etməyibdir. Necə ki, bu barədə Məhəmməd Cəlal “Osmanlı ədəbiyyatı nümunələri” nam məcmuəsində buyurubdur: “Bağdadi-gülzar ədəbiyyatının əndəlibi-xoşəlhanı olan Füzuli Osmanlı şairlərindən əsərlərinə ətba olunacaq bir şair və yaxud nasir görmədiyi halda bu gün ədəbiyyati-səhihəyi əhya edəcək bədaye’ vücuda gətirmiş. Bu bədaye’i bir şairdən deyil, bəlkə, dərələrin cuşeşindən, ruzigarın iniltisindən, bir ahunigahın suzişindən, bir təbəssümün tə’sirindən, bir bədəvi qızın hüsni-mə’sumanəsindən iqtibas eyləmişdir. Bu cəhətlə ən birinci şair mütləq Füzulidir”.
Onun müqəllid olmadığı xüsusda Məhəmməd Cəlal belə yazır: “Əgər bir şəxs bizə bu günə sual versə: “Bəlkə, Füzulidən əvvəl ərəblər, əcəmlər “Leyli və Məcnun”u, “Yusif və Züleyxa”nı, “Xosrov və Şirin”i yazmış olsunlar da Füzuli də təqlid etmiş olsun?”
Biz cavab veririz: “Xeyr! Hətta mərhumun ruhi-lətifi nitqə gəlib bizə bu babdə: “Bən də müqəllidəm!” – demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninə fikri-təqlid gəlmiş olsun. Fəqət “Leyli və Məcnun” təqlid olmaq üzrə yazılan asardan deyil.
Bəs nədir?
Bütün göz yaşlandır. Lakin burasını düşünməli: iqtibas başqa, təqlid yenə başqadır. Bünaünileyh “Leyli və Məcnun” bütün-bütün Füzuliyə aiddir. Bu xəzineyi-qiymətdara heç bir əcnəbi müdaxilə edəməz!”
Divani-əş’arını cəm etdikdən sonra Füzuli kəmali-inkisar ilə ərbabi-bəlağət və əshabi-fəsahətə üz çöndərib, onlardan təvəqqe eləyir ki, onun divani-kelamını mütaliə etdikdə deməsinlər ki, Füzuli tamami-ömrünü bir məhəldə, yə’ni İraqi-Ərəbdə keçirib, qeyri bir məmləkətə səyahət etməyibdir və lazimeyi-təcrübə və kəmali-təhsil qılmayıbdır. Bu illəti mucibi-süquti-e’tibar bulmasınlar və məhəlli-məqamına görə rütbeyi-iste’dadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz...
Bundan sonra şair dərgahi-ilahiyə üz tutub deyir: “İlahi! Bu məhəbbət-nameyi-nami və bu fərzəndi-dilbəndi-girami ki, zadeyi-təb’i-fusunsaz və nəticeyi-idraki-sehrpərdazımdır, nə diyara getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və meymun və mətlə’i-lətifm xücəstə və hümayun edəsən”. Doğruluqla demək olur ki, Füzulinin bu duası dərgahi-həqqdə dəreceyi-qəbula irişdi və onun təb’i-füsunsazından vücuda gələn fərzəndi-dilbəndi, yə’ni divani-əş’arı hər ölkə və diyarda əziz və möhtərəm oldu...
Füzuli türklər ədəbiyyatında “Ustadi-şüəra" ləqəbini alıbdır və bu zati-şərif məzkur ləqəbdən səva Azərbaycan vilayətində “Ustadül-məkatib” ismilə dəxi şöhrətlənmişdir. Füzulinin məşhur əsərləri bunlardır: 1) “Külliyyati-divani-Füzuli”, 2) "Hədiqətüs-süəda”, 3) “Şikayətnamə” ki, nəsr ilə yazılmışdır...
Bu “Külliyat"ın ən mö’təbər çapı sabiqdə İstanbulda fars dilində təb’ olunan “Əxtər” cəridəsinin mətbəəsində 1308-ci sənədə çap olunanıdır...
“Hədiqətüs-süəda” dəxi türk dilində inşa olunubdur.
Əgərçi “Hədiqətüs-süəda” nəsr ilə təhrir olunubdur və bə’zi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şe’rlər vasitəsilə şərhi-mə’na qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mə’rifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqraqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyibdir – desək, səhv etməmiş olarıq.
Füzulinin asari-qələmiyyəsindən nümunələr göstərməyi lazım görmədik. Bu cəhətə ki, Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır. Hətta bu axır vaxtlara kimi onun divani-qəzəliyyatı və “Leyli və Məcnun” hekayəsi məktəblərdə tə’lim kitabı olub, uşaqlara ondan dərs verilirdi, indi də köhnə məktəblərdə tə’lim almış adamlardan hər birisini dindirsən, “Leyli və Məcnun” hekayəsinin ibtidasını... başlayıb əzbərdən oxuyacaqdır...
Füzulinin asari-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib, tərü-təzə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəş’ət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şe’rlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-tə’sirini oxuduqda öz vücudunuzda dərk edəcəksiniz. Və bu tə’sirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir və xəyalınız sizi başqa bir ali məqama – mənəviyyat aləminə tərəf çəkəcəkdir...
...Füzulinin əş’ar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təb’i-səlimdən doğub vüqua gəlmələridir. Necə ki, şair özü deyir ki, şairliyim təsdiq olub, avazeyi-nəzmim ilə aləmlər dolub şöhrət tapdımsa da, məşşateyi-himmətim rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-maarifdən xali və rişteyi-silki-şe’rim cəvahiri-elmdən ari qalsın. Zira ki, elmsiz şe’r əsası yox divar kimi olur və əsassız divar qayətdə bie’tibar olur (Bu irada bizim şüəra diqqət yetirməlidir və elm və maariflə öz şe’rlərinə möhkəm bina və əsas saz etməlidir). Pəs, Füzulinin qələmi-gövhərrizindən vücuda gələn lö’lö və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövfü xətər yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir. Bu cəhətə, Füzulinin təb’i-gövhərbarından zühur etmiş və ülum və maarifin ələyindən ələnmiş və əqli-səlimin tərəzisində müvazinə olunmuş əş’ari-hakimanə və asari-fəlsəfanə onun ismi-şəriflərini, necə ki, dünya vardır və türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganənin uşaqlar əlinə tə’lim üçün verilən "Leyli və Məcnun” dastanında o qədər hikmətamiz sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairanə nəzmlər və fəlsəfanə şe’rlər vardır ki, cümləsini burada zikr etməyə və şərh qılmağa nə xamədə qüdrət və nə lisanda bir o qədər təlaqət və fəsahət vardır. Avropa hükəma və fəlasifəsindən məşhur Şopenhauer “Məhəbbət nədən ibarətdir” sərlövhəsilə yazdığı bir əsərində bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şe’rlərində tapırıq. O fikirlər ki alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç–dörd yüz sənə bundan müqəddəm xeyli ədibanə və mərğub surətdə rişteyi-nəzmə çəkmişdir...
...Füzuli, demək olur ki, möhnət yükünün barkeşi olub aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü-nalələri qarelərə dəxi sirayət edib onları da özü ilə atəş və hüzn və ələmə yandırır. Amma bu yanmaqda bir feyz və səadət və ülviyyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir...
(Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı,
İki cilddə, I cild. Bakı, “Elm”, 1978, s.84–98)
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
Güney Azərbaycan Prozası Antologiyasında Hümmət Şahbazinin “Şeirimizdə tanrının halları” essesi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Muğanda yaşayan Hümmət Şahbazidir.
Hümmət Şahbazi
Muğan
ŞEİRİMİZDƏ TANRININ HALLARI
Fridrix Nitsşe «Tanrını öldürür». «Tanrının ölümü» ilə «İnsanın dirilməsi»-nə imza atır. Beləliklə, yer üzü tanrısız qalmır, bu dəfə, «insan» tanrı olur. Demək «insan» yeni əsrin həyat fəlsəfəsinə çevrilirdi. Bunun nümunəvi fəlsəfəsini böyük miqyasda «var-oluşculuq» [egzistansiyalizm] da görürük. Bu axımın düşüncəsində insan hətta özündən öncəki fəlsəfədə ən zirvələrdə duran «Tanrı» anlayışıından da yüksəklərə ucalır. Bu, Nitsşenin anlayışında fövqəl-insan (üst-insan) adlanırdı.
Qəza-qədərçi məzmunlu şeirlərimiz daha çox divan şeirindəözünü göstərir. Bu kimi şeirlərin başında «Tanrı» anlayışı durur. Divan şeirində, bugünkü ortalıq anlayışda olduğu kimi, hər bir şey taleyi, tanrıya bağlı qəza-qədərçiliklə
dəyərləndirmə aktuallıq daşıyır.
Tanrıya müraciət etmək dörd istiqamətdə nəticələnir şeirimizdə ümumiyətlə:
A) Tanrı ilə barışmaq
B) Tanrıdan asılı olmaq
C) Tanrıya qəzəblənmək
D) Tanrıya üsyan.
Ara vermədən deyim ki, ilk iki xüsusiyyət ümumiyətlə divan şeirinə aiddir. Hərçənd onun çalarlarını yeni çağ şeirimizdə də görürük. Üçüncü və dördüncü keyfiyyət isə, daha çox yeni çağ şeirimizdə özünü göstərir. Yeni çağda tanrıya qəzəblənmə məsələsi, tanrıdan üz döndərmə məsələsi ilə əvəz olunur. Nəticədə isə «tanrıya üsyan» məsələsi yaranır və «tanrı ilə barışmaq» məsələsi qəza qədərçi anlayışla eyni qapıya çıxır. Bunun əsas motivini insanların əlacsız qalaraq, tanrı qapısına gedib onunla tamami ilə barışmaq təşkil edir. Poetiknümunələr buna göstərmək istəriksə, divan şeirində olan «münacat»ları göstərə bilərik. Bu kimi janrlarda, şair əlacsız qaldığı məqamı duyduqda sanki tanrı tərəfindən ona yazılan hər bir yazını bir qəza-qədər olaraq qəbul edir və bununlatanrı ilə barışığa çıxır.
İkinci məsələ isə: Sofizmdə özünü göstərir. Sofilər, hər bir şeyi tanrıdan asılı bilirlər. İnsana aid olan dərd-kədər, həyat-ölüm, qüssə-şən, və... Tanrının bəxş etdiyi gözəlliklərdir. Doğru oxudunuz: Gözəlliklər. Bu məqamda, dərd, ölüm, kədər kimi üzücü hallar insan üçün xoş anlardır. Naqis insan, tanrıdan asılı olan bu sınaqlardan uğurcasına keçdikdə «kamil insan» olur. Bu isə insanın tanrısal məqamı deməkdir. Tanrısal məqam isə, insanı tanrıdan asılı edir. Tanrıya qəzəblənmək isə, şeirimizin bütün hallarında özünü göstərir. Tanrıya asılı olduqda, hər şey şirindir. Ona görə tanrıya şikayətlənmə yoxdur. Tanrıya qəzəblənmək isə kökü şikayətlənmə ilə başlayır. Özünü yalqız görən, mənəvi tənhalıqda heç bir nəticə ala bilməyən insan, ya özünü qınayır ya da tanrını. Bunların hər ikisinin çıxış yolu isə tanrıya qəzəblənmə ilə nəticələnir. Buhallar bəzən yalvarışlı münacatlarda, bəzən zarıltılı sofizmdə, bəzən dünyanın gedişatından narazı qalan bunların hər ikisində və hətta tanrıya üsyan zamanında baş verir.
Tanrıya üsyan etmək isə, ümumiyətlə «aydınlanma» dönəmindən başlayaraq daha çox real faktları məniməsəyərək özünü göstərir. Bu dönəmdə insan nə özünə qapılır, nə yalvarır, nə də qəzəblənir. Sadəcə özünü haqlı bilərək
mövhümatı kanara vurur; və real faktlar üzərində davranmağa çalışır. Bu isə onu çox zamanda tanrının həyatda rolu olmadığı nəticəsinə gətirib çıxarır. Bu, onun dünyaya obyektiv baxışından irəli gəlirdi. Beləliklə dünyanı yenidən qurmaq məqsədi ilə, bütün tarix boyu kökləndiyi özül inancları sındırmağa qəsd etdiyi anda, tanrıya olan özül inancı da sarsıtmağa başladı.
İxtisarla divan-çağdaş şeirimizin dünya görüşlərinin fərqlərini səsləndirmək istəsək belə bir ümumi nəticəyə çata bilərik.
Dünyanı fani sanan şairin son sığınacaq yeri tanrıya üz tutmaqdır. Belə olmadıqda onun əhvalını yalnız ümidsizlik çulğayaraq fərdi duyğularının içinə yuvarlanacaqdır. Bu əski şeir düşüncəsinin özəyi sayılırdı. Dünyanı, həyatı fani sanmaq, ona görə də yalnız tanrının ətəyindən yapışmaq. Çağdaş dönəmdə də xüsusi ilə modernizmin bəzi qollarında səslənən mənəviyyatsızlıq ön sıraya keçir. Ancaq onlar bu bucaqdan həyatı, dünyanı fani bilmirdilər. Elə bu mövqelərinə görə də insanın mənəvi həyatının çökməsinin carçısı olaraqyaşatmaq istəyirdilər. Daha doğrusu, insana maddi həyatın gərəkli olmasını vurğuladıqları halda, mənəvi həyatın da insan bütövlüyünün yetkinləşməsində önəmli rolu olduğunu da vurğulayırdılar.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ –33.Naxçıvan təcrübəsi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
33.
NAXÇIVAN TƏCRÜBƏSİ
Qeyd etdiyimiz kimi, mütaliə mədəniyyətinin yüksəldilməsi prioritet mövzudur və tez-tez diqqət mərkəzində olur. İstəyərdik, bu bölümümümzdə Naxçıvan təcrübəsinə toxunaq. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Müasir gənclik və mütaliə mədəniyyəti” mövzusunda keçirilən dəyirmi masadan söz açmaq istəyirik.
Muxtar respublikanın ali təhsil müəssisələrinin, müxtəlif qurumların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə qeyd olunub ki, muxtar respublikada mütaliə üçün geniş imkanlar var. Belə ki, mütaliə həvəskarlarının ixtiyarına 222 kitabxana verilib. Oxucular ənənəvi kitabxanalarla yanaşı, elektron kitabxanalardan da istifadə edə bilirlər. Belə mədəniyyət müəssisələri üçün yeni binaların tikilməsi, mövcud binaların yenidən qurulması, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, kitabxana fondlarının həm tədris, həm də bədii ədəbiyyatla zənginləşdirilməsi, kitabxanalara ölkə Prezidentinin sərəncamı ilə nəşr olunan Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, həmçinin müasir dövrün şair və yazıçılarının ən qiymətli əsərlərinin pulsuz verilməsi bunun bariz ifadəsidir.
Dəyirmi masada mütaliəyə marağın azalması ilə bağlı müxtəlif səbəblər üzərində müzakirə aparılıb. Kitabxana-oxucu əlaqələrinin az olması, kitab müzakirələrinin keçirilməməsi, mütaliənin sevdirilməsində ailənin, məktəbin rolu barədə geniş danışılıb. Sosial şəbəkələrdən düzgün olmayan istiqamətdə istifadə hallarının genişləndirilməsinin, telekanallarda özünə yer alan bəzi verilişlərin də mütaliəyə mənfi təsiri vurğulanıb. Bu problemin yaranmasında kitabxanaçı kadrların qeyri peşəkarlığı da diqqətə çatdırılıb.
Bir sözlə, problemlər sadalanıb və onların həlli yolları göstərilib. Hamı bir yerdə mənfilikləri aradan qaldıra bilər, əsas nəticə bu olub. Amma ən əsası isə bu sayaq tədbirlərin mütəmadi keçirilməsi ilə mövzunun gündəmdə saxlanılmasıdır.
Kamil insan olmağın, öz zehnini, təfəkkürünü üstün səviyyəyə gətirməyin, müasir cəmiyyətdə qüsursuz formalaşmanın mükəmməl yolu yalnız mütaliədir. Kitablar həmişə olduğu kimi, bilikli və mədəni insanın həyatının ayrılmaz hissəsinə – ən yaxın dostuna, etibarlı sirdaşına çevrilib. Bunu heç kəs unutmamalıdır.
Növbəti: 34.Yaxşı mütaliəçi üçün faydalı məsləhətlər
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
Heydər Əliyev barədə yazılmış ilk poetik mətn hansıdır?
“Ədəbiyyat və incəsənət” portalı “Ədəbiyyat qəzeti”nin baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru Azər Turanın məqaləsini təqdim edir.
HEYDƏR ƏLİYEV BARƏDƏ YAZILMIŞ İLK POETİK MƏTN –
Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin
“Elimin dayağı, yurdumun fəxri” şeiri
Şəhriyarın “O da şeirin, ədəbin Şah dağıdır, şanlı Səhəndi, / O da səntək atar ulduzlara şeir ilə kəməndi, / O da Simurqdan almaqdadı fəndi. / ...Yaşasın şair əfəndi” – deyə vəsf etdiyi o taylı-bu taylı Azərbaycanımızın böyük şairi Bulud Qaraçorlu Səhənd “Elimin dayağı, yurdumun fəxri” şeirini 28 iyul 1974-cü ildə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə xitabən yazmışdı və cənublu bir şairimizin qələmə aldığı bu şeir Azərbaycan ədəbiyyatında Heydər Əliyevə həsr olunmuş ilk şeirdir.
Səhənd isə, böyük türk alimi Ahmed Kabaklının dediyi kimi, “coşqun və həssas yapıda bir şairdir. Özəlliklə gənclik ilərində Türkçü-İslamçı hərəkatlara, demokrasi mitinqlərə felən qatılmış, ömrü boyunca da türk-islam davasının səmimi bir istəklisi olmuşdur. Əsarətin, zillətin kəndisinə ağır gəldiyini ən fazla bağıran Güney Azərbaycan şairlərindəndir...”.
Xəlil Rza Ulutürk də Səhəndin vətəndaşlıq qayəsindəki səmimiyyətə diqqəti cəlb edərək yazırdı: “Səhəndin vətəndaşlığında nə qədər paklıq, nə qədər yanğı, nə qədər ülviyyət var. Böyük vətəndaşlığı Səhəndin şair varlığında oda, alova, yeni bir istedad qaynağına çevrilib”.
Səhənd həm də, yuxarıda qeyd etdiyim kimi, Şəhriyarın ən yaxın dostlarından biriydi və Şəhriyar Azərbaycan poeziyasının incilərindən və bütöv Azərbaycan məfkurəsinin şah əsərlərindən biri olan “Səhəndim” poemasını Bulud Qaraçorlu Səhəndə ithaf etmişdi.
Nə baş verirdi ki, hələ panfarsist ideyaların tüğyan etdiyi, Rza şahın Azərbaycan türklərini ən adi milli hüquqlardan məhrum etdiyi dövrdə, yaxud Xəlil Rza Ulutürkün təbirincə “qocalmış, əprimiş fars millətini gəncləşdirmək, diriltmək üçün əlac axtaran paniranistlər yeganə çarəni Azərbaycan türklərini farslaşdırmaqda gördükləri” 1970-ci illərdə Səhənd Heydər Əliyevə şeir yazırdı və şeirində Əliyevi təkcə Bakının deyil, Təbrizin də, yəni bütöv Azərbaycanın dayağı adlandırırdı?!
“Elimin dayağı, yurdumun fəxri” şeirinin özəllikləri çoxdur. Ən başlıcası isə budur ki, bu şeir, dediyim kimi, ümumiyyətlə, Heydər Əliyevə həsr olunmuş ilk şeirdir. Digər tərəfdən, şeirin müəllifi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhənddir. Üçüncüsü, Ümumazərbaycan kontekstində bu şeir Heydər Əliyevlə bağlı Ümummilli lider anlayışını irəli sürən ilk ədəbi mətndir: “Bu gün millətimin dayağı Sənsən, / Elimin çörəyi halalın olsun! / Dünyalar durduqca əsən dur, əsən! / Sənə göz dikmişdir bütün Vətənin!”.
Azərbaycan ədəbiyyatşünasları tərəfindən sətirbəsətir tədqiq olunmasına böyük ehtiyac duyulan bu şeir 1974-cü ildə yazılıb. Yəni o illərdə ki, hələ bizdə Cənubi Azərbaycan probleminin aktuallığı yalnız Bakıda iqamət etmiş mühacirlərlə, eyni zamanda Azərbaycan Demokrat Firqəsi ilə bağlıydı və belə bir dövrdə, yəni 1974-cü ildə Cənubi Azərbaycandan, tutaq ki, Bakıya sığınmış Qulam Yahya ilə heç bir siyasi əlaqəsi olmayan Səhənd Heydər Əliyevə xitabən “Sənə göz dikmişdir bütün Vətənin!” deyə səslənirdi.
Şeirin başqa bir özəlliyi. Səhənd onu tərənnüm, vəsf şeiri olaraq deyil, ağrı, həsrət, ayrılıq, nisgil şeiri olaraq yazır. Hətta şeirdən anlaşılan budur ki, Bulud Qaraçorlu Səhənd Heydər Əliyevi görmək üçün Təbrizdən Bakıya gəlsə də, məqsədinə çata bilməyib, yəni Heydər Əliyevlə görüşə bilməyib. Çünki həmin günlərdə Heydər Əliyev Bakıda deyilmiş: “İstərdim Bakıda Sən də olaydın”.
Cənubi Azərbaycanın öndə olan aydınlarından, şairlərindən biri kimi, Səhənd Şimali Azərbaycanın liderinə bütün vətənin göz dikdiyini iqrar edir, Bakıya elin dayağı, yurdun fəxri adlandırdığı Heydər Əliyevlə görüşmək üçün gəldiyini səmimi şəkildə etiraf edirdi:
Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışım Sənnən.
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana Vətəndən.
Səhənd Heydər Əliyevlə ana Vətən barədə nə danışacaqdı? Məsələnin sirr pərdəsi də bu nöqtədədir. Şeirdə belə bir fraza var: “Dağlar boyda ağır dərdi özümnən, Təbrizdən Bakıya daşıdım ancaq”. Səhəndin Təbrizdən Bakıya daşıdığı dağlar boyda ağır dərdi nə ola bilərdi, bu, indi hər kəsə bəllidir. Amma 1974-cü ildə yazdığı şeirdə Səhənd Bakıda Heydər Əliyevdən başqa, dərdlərini deyəcəyi bir adamın olmadığına da işarət edir: “Kimsəyə açmadım, ağır dözümnən / Hələlik lazımdır geri qaytarmaq”.
Yetərincə araşdırılmasa da, bəllidir ki, bütöv Azərbaycan problemi Heydər Əliyevin siyasi fəaliyyətinin aparıcı istiqaməti olub. O, 1990-cı ildə 20 Yanvar faciəsindən az sonra verdiyi bir müsahibədə Azərbaycana rəhbərlik etdiyi yetmişinci illər barədə danışarkən xatırladırdı: “son illərdə bir arzum vardı: Cənubi və Şimali Azərbaycanın əlaqələri güclənsin, onlar yaxşınlaşsınlar və gələcəkdə birləşsinlər”.
1970-ci illərdə Axundov adına kitabxanadan İran kitabxanalarına göndərilən kitablar, yaxud digər tədbirlər, Sovet-İran dostluğu səviyyəsində reallaşdırılırdı, bu, başqa. Lakin Cənubi Azərbaycan amilini Heydər Əliyev açıq siyasi mətnlə Səhəndin 1974-cü ildə yazdığı bu şeirdən təxminən 7 il sonra Azərbaycan Yazıçılarının 1981-ci il iyunun 12-də keçirilən VII qurultayındakı çıxışında ifadə edir: “Azərbaycan Yazıçılar İttifaqının son qurultayında (deyəsən, VII qurultayı idi) çıxış etdim, ilk dəfə olaraq Cənubi Azərbaycan sözünün üstündən yasaq götürüldü... O vaxta qədər mətbuatda Cənubi Azərbaycan sözü qadağan idi. Guya bu, SSRİ ilə İranın əlaqələrinə zərbə toxundura bilərdi. Cənubi Azərbaycan şairləri ilə ünsiyyət saxlayırdım. Balaş Azəroğluna Azərbaycanın Xalq şairi adını verdik, qurultayda Yazıçılar İttifaqının katibi seçildi. O vaxta qədər onlar çox sıxılırdılar. Onlara mənəvi arxa, dayaq lazım idi”.
Bütün bunları o, 1990-cı ildəki müsahibəsində deyirdi. Bu isə 1981-ci ildə keçirilmiş qurultaydakı çıxışındadır: “Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
Dediyim kimi, məsələ açıq siyasi müstəviyə 1981-ci ildə Heydər Əliyevin bu sözləri ilə keçdi. Doğrudur, Balaş Azəroğludan da əvvəl Yazıçılar İttifaqının rəhbərliyində əslən cənublu Mirzə İbrahimov təmsil olunmuşdu. Lakin 1981-ci ildə Balaş Azəroğlunun katib seçilməsinə, şahlıq üsul-idarəsinin devrildiyi, hakimiyyətə ruhani elitanın gəldiyi, tarixin yeni məcraya adladığı bir mərhələnin kontekstində baxmaq lazımdır. Məhz belə bir dönəmdə, İran-SSRİ münasibətlərinin həssas bir məqamında əslən cənubdan olan Balaş Azəroğlu Yazıçılar İttifaqının katibi seçilmiş və hələ üstəlik, ona Azərbaycanın Xalq şairi fəxri adı verilmişdi.
Film kimi bir həyat yaşamış, nazirdən mürdəşirə qədər ömür yolu keçib sonunda Təbrizdə kimsəsizlər evində dünyasını dəyişən cənublu şair Məhəmməd Biriya barədə yazılan tədqiqatlarda onun taleyi ilə bağlı mühüm bir məqam hər dəfə pərdə arxasında qalır. Məhəmməd Biriya ilə bağlı Heydər Əliyevin fəaliyyətini nəzərdə tuturam: “Cənubi Azərbaycanın böyük bir şairi var idi – Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Çox böyük şair idi”. Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən Rusiyadan – Saransk həbsxanasından “Arama qəbrimi, axtarma mənim başdaşımı, / Rəsimdə Həzrəti Nuh, ismdə xatəm də mənəm” deyən yazıq Biriyanı vətənə gətirmişdi.
Heydər Əliyev Rza şah hakimiyyətinin son illərində ölkəmizdə cənub mövzusuna təkan vermişdi. İslam inqilabından sonra – 1981-ci ildə Bakıda Şəhriyarın “Aman ayrılıq” kitabının nəşri isə bu prosesin yeni mərhələdə ideoloji başlanğıcı oldu: “Bizi yandırır yaman ayrılıq, bu darıxdıran duman ayrılıq, aman ayrılıq, aman ayrılıq”.
Yenə də Səhəndə və Səhəndin həmin şeirinə qayıdıram. Şeir ilk dəfə Ulutürkün təbirincə, “bizim ədəbiyyat institutunun əməkdaşı Ruqiyyə Qənbərqızının tərtibi və ayıq milli şüur işığına qərq olmuş ön sözü ilə” buraxılmış “Sazımın sözü” (1984) kitabında çap olunub. “Elimin dayağı, yurdumun fəxri” şeiri Azərbaycan ədəbiyyatşünaslığının elmi dövriyyəsinə ilk dəfə tənqidçi Elnarə Akimovanın “Poeziyada Heydər Əliyev idealı” məqaləsi ilə daxil olub...
Şəhriyarın təbirincə, “ulduzlara şeir ilə kəmənd atan”, şeir yazanda “qələmindən ulduzlar ələnən” Səhənd Pəhləvi rejimi tərəfindən dəfələrlə həbs olunmuşdu, Azərbaycanın birliyi, bütövlüyü, ana dilimiz uğrunda mücadilə etmişdi. Tehran Universiteti professorlarının “zəbani Azərbaycan” deyib dilimizlə bağlı lağlağı kitablar yazdıqları dövrdə necə ki Şəhriyar “Heydərbabaya salam”ı yazmışdı, Səhənd də eləcə, fars millətçilərinin qarşısına Dədə Qorqud dastanlarının poetik versiyası ilə çıxmışdı: “Mənim də əlimdən bu gəlir ancaq, / Səni keçmişinlə eyləyim tanış. / Başuca yaşamaq istəsən əgər, / Bax, gör babaların necə yaşamış”.
Burda həssas bir nöqtəyə də toxunmaq istəyirəm. 1978-ci ildə SSRİ-nin İrandakı səfirliyinin birinci katibi Baranov Kremlə Cənubi Azərbaycan şairləri, o cümlədən Səhənd barədə ilk məlumatları ötürəndə artıq Səhənd “Yolumu kəsəmməz qara zülumat” deyib iki dəfə (1971 və 1974-cü illərdə) Azərbaycana gəlib-getmiş və hətta Azərbaycan poeziyasının Heydər Əliyev səhifəsinin ilk misralarını – Vətən havalı ilk şeiri də yazmışdı.
23 yanvar 2022
SƏHƏND
ELİMİN DAYAĞIı, YURDUMUN FƏXRİ
Ustadım Vurğundan söz dilənərək
Qoy belə başlayım, şeirimi noolar,
O dahi sənətkar söylədiyitək
“Mən çocuq deyiləm, xeyli yaşım var”.
Ömrümdə çox isti-soyuqlar görüb,
Başımda bostanlar əkərkən həyat
Çətinliklər mənnən bacarammayıb,
Yolumu kəsəmməz qara zülumat.
Hər ağır dəhşətə mən dözə-dözə
Məsləkdaş, vətəndaş deyibən gəldim.
Ürək sandığını açmaqçün Sizə
Səfər yarağını geyibən gəldim.
Dağlar boyda ağır dərdi özümnən,
Təbrizdən Bakıya daşıdım ancaq.
Kimsəyə açmadım, ağır dözümnən
Hələlik lazımdır geri qaytarmaq.
Taledən gileyli olmayam gərək,
Ellərimi gördüm, gözlərim aydın!
Nəsibim olmadı, ancaq nə etmək?!
İstərdim Bakıda Sən də olaydın.
Hamıdan dinlərkən vəsfini Sənin,
Heyif ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Fərhad təkin,
Ancaq ki su gəlib arxa dolmadı.
Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışım Sənnən.
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana Vətəndən.
Sənin həvəsinlə doğma Bakıda
Dayana bilmədim, qaçdım da gəldim.
Yaman mənsiz qaldı o əziz yuva.
Qol-qanad açıban uçdum da gəldim.
Demişlər, qara bəxt dağa çıxarsa,
Günəş də gizlənər, dağ duman olar.
Məsəlçün, çağlayan dənizə varsa,
Yay üçün isti su buzlayıb donar.
Qardaşım, görüşmək olmadı qismət,
Nə qədər çırpındı ürəklərimiz.
Nə bilim, nəsibim beləymiş, əlbət,
Qəribə taledə yaranmışıq biz.
Sənə can sağlığı arzulayaraq,
Əminəm ki, bir gün görüşəcəyik.
İnsan istədiyin tapacaq ancaq,
Ürəklər görüşsün qoyaq hələlik.
Ancaq vaxtın olsa, Səhəndi dinlə,
Elinin səsidir Səhəndin səsi.
Bacarsan bu solğun gülləri iylə,
Vətən nəfəsidir, Vətən nəfəsi.
Bu gün millətimin dayağı Sənsən,
Elimin çörəyi halalın olsun!
Dünyalar durduqca əsən dur, əsən!
Sənə göz dikmişdir bütün Vətənin!
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
QADIN ŞAİRLƏRİMİZ-də “Bir bənd şeir bəndəsiyəm” söyləyən Zülfiyyə Yaqub
“Ədəbiyyat və incəsənət” portalı QADIN ŞAİRLƏRİMİZ bölümündə sizləri bu dəfə Zülfiyyə Yaqubla tanış edəcək. Oxuyun və fikirlərinizi bizə yazın.
ŞƏRQİN ÇIÇƏYI
Öncə kölgələr sərinlədər ruhunu,
sonra küsüb gedən
qaranlığın soyuqluğu barışar
titrəyən baxışınla.
Verər əllərinə ətəyini ayrılıq,
yapışarsan bərk-bərk.
Sən artıq sönmüş ümid,
o, səmitsiz bir külək...
Uçurar xəyalını,
qanadlı quş olarsan.
Səmadan bulud-bulud,
müammalı baxışla
öncə səssiz dayanıb,
sonra pıçıldayarsan:
''Şimal Buzlu Okean,
Gəl bir yerdə üşüyək!''
Səhralar gülümsəyər
bu çağrışa, nidaya,
qum selinin dilindən
səda qalxar səmaya:
“Qalın buz qatları da
günə yanır, deyəsən,
uç, get, Şərqin çiçəyi,
geri dönmə yerə sən”.
TANRININ SÖZ KİTABI
Gecəni dönüb-dolaşıb,
Söz çəkir azan vaxtına.
Yarpaq-yarpaq ömür düşür
Qələmin yazan vaxtına.
Kəpənək qanadlarında
Qırx nərgizəm, qırx bənövşə.
Qırx gizli qapıdan keçib
Tələsərdim bu görüşə.
Deyirlər, ulduzum da var,
Mənə bənzər, öz yaşıdım.
Göylər tanrılaşan gündən
Sirrimi əl-əl daşıdım.
Yağış, qar, dolu şəklində
Bulud ovcumda dincəlir.
Toxumu qəlbimdə olan
Cismimdə ruhum cücərir.
Nə gizlinəm, nə aşikar,
Layla səsi, sur səsiyəm.
Tanrının söz kitabında
Bir bənd şeir bəndəsiyəm.
VƏTƏN OLAN YUXULARIM
Anam məni qadın doğub,
Yuxuda əsgər oluram.
Hər gecə eyni səhnələr,
Hər gecə eyni yuxular.
Nə yolumdan çəkilirəm,
Nə ürəyimdə qorxu var.
Anam məni qadın doğub,
Yuxuda bayraq oluram.
Sancılıb Ana torpağa,
Dalğa-dağla ucalıram.
Şəhid qanına boyanıb
Zəfərimdən güc alıram.
Anam məni qadın doğub,
Yuxuda torpaq oluram.
Ovuc-ovuc səpilirəm
Murovdağdan Şah dağına.
Dağ-dağ olub, çöl-çöl olub,
Vətən olub üz tuturam
Qarabağdan İrəvana...
Gələn yuxunun birində
Bir də şəhid ola bilsəm,
Bir də şəhid ola bilsəm,
Oyatma məni, ay ana!
QAĞAYI NƏĞMƏSİ
Səma aydınlıqdı, dəniz bulanlıq...
Suların dibinə çökən qaranlıq
yatıb yuxusunu, sübh oyanacaq.
Orda – çox uzaqda,
lap uzaqlarda
dan yeri əyninə günəş geyinər,
sonra libasını yağış isladar.
Buludlar dənizə səpələndikcə
göylərin tamını balıqlar dadar...
“Səma aydınlıqdı, dəniz bulanlıq” –
deyir bu nəğməni bəxtsiz qağayı.
Sahibsiz qayıqlar, sınıq qayıqlar
baxıb gülümsəyir günəş sayağı.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
Nizami Cəfərov - “Katarsis”
“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun “Katarsis” məqaləsini təqdim edir. Məqalə Varisin və Əlibala Məhərrəmzadənin birgə qələmə aldıqları “AMİN” romanı barədədir. Bu roman 2021-ci ildə Moskvada, İSP nəşriyyatında 5000 nüsxə çap edilib və Moskvada dərc edilən Qarabağ müharibəsi barədə azərbaycanlı yazıçının yazdığı ilk roman kimi tarixə düşüb. Roman hələ Azərbaycan dilində çap edilməyib.
Varislə Əlibala Məhərrəmzadənin birgə yaradıcılıq axtarışlarının son dərəcə uğurlu məhsulu olan “A.M.İ.N.” romanı zəmanəmiz üçün olduqca aktual problemlərə nüfuz etməklə yanaşı, zəngin həyat hadisələrini eyni bir məcraya gətirərək onlara məhz arxaik (və əbədi!) mənəvi- əxlaqi prinsiplər əsasında geniş şərh vermək cəhdləri ilə böyük maraq doğurur. Roman həm birnəfəsə oxunur, həm də elə ilk oxunuşdan oxucunun bütün varlığına hakim kəsilmək iqtidarında olan güclü bədii- estetik aura yaradır ki, bunu təsvir edilən hadisələrin gur işıq altında verilməsi, xarakterlərin təqdiminin istər mənfi, istərsə də müsbət “poza”lardakı sadəlövhlüyə varacaq qədər səmimiliyi, təhkiyənin nağıl- dastan plastikası konteksində yeri gəldikcə baş qaldıran, ümumi ideyanın açılmasına təkan verən psixoloji dramatizmi şərtləndirir.
Əsərdə biri digərinin ideyaca davamı olan iki süjetdən birincisinin qısa məzmumu bundan ibarətdir ki, Bakının məşhur Kubinka məhəlləsində müxtəlif taleli ailələrdə dünyaya gəlmiş, eyni məktəbin eyni sinfində təhsil almış, dostlaşmış dörd yeniyetmə 80- ci illərin sonu, 90- cı illərin əvvəllərində baş verən mürəkkəb ictimai- siyasi hadisələrin, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzünün təsiri altında belə bir təbii arzu ilə yaşayırlar ki, məqam düşən kimi cəbhəyə gedib Qarabağ torpaqlarını müdafiə etsinlər. Və cəbhəyə getmək zamanının gəlib çatdığı günlərdə dostlardan biri – Mərdan Moskvaya, bazarda alver edən dayılarının yanına gedir... “Həmin ərəfədə ölkədən çıxmaq müşkül idi, səfərbərlik elan edilmişdi, vağzallar, aeroport nəzarət altındaydı, bir qatar bələdçisi tapıb ona pul verərək gizli yolla Moskvaya gələ bildi. Qəti qərarı vardı, mütləq geri dönəcəkdi, dostlarından ayrılmayacaq, birlikdə, ölkəsinə qarşı müharibəyə başlamış, torpaqlarını işğal etmiş erməni qəsbkarları ilə vuruşacaqdı. Amma bir həftə ərzində fikri tam dəyişdi. Əlinə pul gəldikcə, yeyib- içmək məclislərindən ləzzət aldıqca, sarışın gözəllərlə yaxın olduqca Bakıya qayıdıb müharibəyə yollanmaq, cavan canını qurban vermək fikri onu qorxutmağa başıadı”.
Mərdan evlənir, dayılarının nəzarətindən çıxıb daha nüfuzlu bir himayəyə- imkanlı qaynanasının nəzarətinə düşür, ev- eşik, biznes sahibi olur, uşaqları dünyaya gəlir... Həmin illərdə isə Mərdanın dostları cəbhəyə gedir, Qarabağ uğrunda döyüşüb qəhrəmanlıqla həlak olurlar, əvvəl anası, sonra isə atası vəfat edirlər...
Əslində, Mərdanın “qayğısız”, hər cür “uğur” və “zirvələr” vəd eləyən Moskva həyatı elə bu cür də davam edə bilərdi. Lakin bu nə müəlliflərin, nə də Zamanın maraqlarına (yaxşı olar deyək, fəlsəfəsinə!) uyğun gəlməzdi. Və yeni evə köçmək üçün yır- yığış edərkən oğlu Kolya bir vərəq kağız tapır. Bu, o kağız idi ki, Mərdan on doqquz il qabaq Bakıdan Moskvaya gələndə ata- anasına, sevdiyi qıza, dostlarına, onların valideynlərinə hansı hədiyyələr alıb aparacağını yazmışdı.
Əlbəttə, bir həyat ukladından digərinə adlamaq, psixoloji maneələri yarıb keçmək, müqavimətlərə sinə gərmək elə də asan deyildi... “Mərdan od- alov püskürürdü, əvvəlki sakit təbiətli, fağır adama əsla bənzəmirdi. Sən bir işə bax. Hətta valideynləri rəhmətə gedəndə belə bu adamı Bakıya getməkdən çəkindirmək mümkün olmuşdu, indi hansısa bir vərəq parçasından onun doxsan dərəcə dönməsi əsla ağlasığan deyildi”. Hansısa izahedilməz (və qarşısıalınmaz) bir hissin təsiri ilə Mərdan kağıza- siyahıya yazmış olduğu şeyləri alıb Bakıya yollanır... Lakin məlum idi ki, Bakıda onu daha güclü, daha amansız müqavimət gözləyir... “O təhrik etdi dostlarını... Uşaqlar cəbhəyə yollandılar, gedib qəhrəmancasına vuruşdular, şəhid oldular, o özü isə arvad kimi qaçıb gizləndi...
Özünün bu cür aşağılanması ürəyincə olmadı, yerə tüpürüb daha kəskinini dedi, dedi, “gedib Anastasiya Sergeyevnanın yubkasının altında gizləndim...”
...İndi ha rola girsin, ha reallığı təhrif etsin, ha gerçəkliyə müxtəlif bəhanələrlə əyrilik donu geydirməyə çalışsın, özünü ha aldatsın, hamısı boşunaydı, otuz yeddi illik həyat salnaməsində o ata, ana və üç dost qatiliydi”. Və əmin idi ki, “vəfasızlıq, etibarsızlıq, dönüklük, satqınlıq”dan ibarət bu cür qatilliyi heş kim ona bağışlamayacaq.
Əvvəl Şəhidlər Xiyabanına gedib dostlarını ziyarət eləyir, onların gecikmiş hədiyyələrini məzarlarının üzərinə qoyur, sonra vəfasızlıq elədiyi Arzugilə baş çəkir, sonra isə dostlarının valideynlərinə... Onu təmkinlə, anlaşıqlı qarşılayan yalnız Naumun artıq Qubanın Qırmızı qəsəbəsinə köçmüş valideynləri – Yakov dayı ilə Liza xala olurlar... “Naumun əşyalarına, ondan qalan yadigarlara baxdı. Birdən yerindəcə quruyub qaldı. Sanki bir cərəyan keçdi içindən. Üstündə qırmızı hərflərlə AMİN yazılmış albom vərəqi”.
Mərdanı oğlu Kolyannın təsadüfən tapdığı birinci vərəq bütün maneələrə rəğmən vətənə qayıtmağa məcbur etdiyi kimi, ikinci vərəq də Şahdağın zirvəsinə qalxmağa, düşdüyü hazırki rəzil vəziyyətdən qurtarmaq üçün ağlasığmaz hərəkətə təhrik eləyir... Xatırlayır ki, Xocalı faciəsi barədə eşitdikdə yeniyetmə dostlar qərar qəbul etmişdilər ki, “Azərbaycanın Qarabağ savaşında qələbəsini niyyət edərək Şahdağın zirvəsinə çıxacaqlar... Naum albomdan bir vərəq cırdı, Şahdağa çıxmağa and içib dördü də sıra ilə baş barmaqlarını çərtdilər, qanları ilə vərəqə hərə öz adının baş hərfini yazdı:
AMİN
Vərəqi sinəsinə lap bərk sıxdı, gözləri yenidən yaşardı”...
Hadisələrin elə bu məqamından etibarən birinci süjet bitib ikincisi başlayır. Lakin romanın bədii konstruksiyası elə düşünülmüşdür ki, bunu ancaq həssas oxucu dərk edə bilər. Və əslində, hər iki süjetin elə əvvəldən paralel təqdimi birinin bitib digərinin isə davam etdiyini xüsusi fərqləndirməyə imkan vermir.
Mərdan düşdüyü vəziyyətdən xilas yolunu onda tapır ki, “Yakov dayını dilə tutsun, onunla dördlüyün ən müqəddəs arzusunun həyata keçməsini – Qarabağın işğaldan azad edilməsi diləyi ilə Şahdağın zirvəsinə ucalmağı həyata keçirsin, zirvəyə dörd hərfi həkk etsin. Qoy AMİN kəlməsi orada həkk edilərək qələbəni yaxınlaşdırsın, qələbə üçün canlarını fəda edən dostlarının qanı yerdə qalmasın”.
Yakov dayı əvvəl- əvvəl təklifi etirazla qarşılayır ki, əslində. buna onun haqqı da vardı: “...Dovşan kimi qaçıb gizləndin, üstəlik, dostlarını güdaza verdin. İndi də hoppana- hoppana durub gəlmisən ki, Yakov kişi, gəl mənimlə Şahdağa çıx, mənə rahat olsun”. Və buna haqqı da var idi. Əslində, Mərdan elə uşaqlıq illərindən bütöv bir xarakter sahibi deyildi... “Dörd dostun hərəsinin bir ayaması var idi. Anar Vurubyıxan, Naum Oxumuş, İnam Çoxbilmiş idi. Mərdanı isə qeyri- müəyyənliklərinin, müəmmalarının qarşısında “nə ət, nə balıq” kimi tərcümə olunan rusca “Ne rıbo, ne myaso” deyə çağırırdılar”.
Mərdanın Şahdağ səyahəti nə qədər dostlarının, xüsusilə Naumun təşəbbüsü ilə olsa da və bu təşəbbüsü həyata keçirmək imkanı neçə illər (özü də necə illər!) sonra yaransa da, heç bir şübhə yoxdur ki, məsələ xronologiyada deyil, “əbədi zaman” deyilən bir şey var ki, hər bir mübhəmin açarı onun əlindədir... “Yenə nə qədərsə vaxt keçdi. Ani olaraq gözləri qapandı, gözlərinin qarşısında upuzun ağ saqqalı olan, başı fəsli bir qoca peyda oldu, soruşdu, dağlara hansı niyyətlə çıxmısan?
...Bütün bədəni, bədəniylə qarışıq ruhu tir- tir titrəyirdi.
Bəlkə, hər halda xilas olunacaq?
Bəlkə, çağırsın o zalımları?
...Yakov dayı, Yakov dayı” deyə qışqırdı”.
Şahdağ zirvəsinə qalxan yolda baş verən hadisələr, xüsusilə Mərdanın keçirdiyi az qala hər biri ölüm qorxusu ilə müqayisə oluna biləcək həyəcanlar onu ruhən söküb yenidən yığır desək, elə də romantik səslənməz. Keçilən hər bir mərhələ ona təskinlik verir, seyr etdiyi qeyri- adi gözəlliklərdən aldığı zövqlə canın elə həmin qeyri- adilikdəki ağrıları ilə qarşı- qarşıya gəlir:
“Şəlalənin öncə səsi, sonra möhtəşəm görünüşü gələndə qeyri- ixtiyari gözünün yaşardığını hiss elədi. Buraya kimi gəlmişdisə, burada düşərgə salıb istirahət edəcəkdilərsə, demək artıq ilk qəhrəmanlığını etmişdı... Düşmək çıxmaqdan yüz dəfə rahatdır. Tam olmasa belə, artıq qismən borcundan çıxmış olacaqdı ən azı. Nəticə olmayanda belə cəhd təqdirəlayiq hesab edilir”.
Lakin həyat (tale!) onu nə qədər əzab- əziyyətə düçar etməli olsa da arzusunda olduğu zirvəyə qədər çıxacaqdı. Hər şeydən əvvəl ona görə ki, bu, təkcə onun deyil, ürəyi vətənpərvərlik, humanizm hissləri ilə dolu dörd yeniyetmənin birlikdə arzusu idi. Və sadəcə sağ qaldığı üçün bütün məsuliyyət onun üzərinə düşürdü... “Mərdanın ürəyi ağzının içinə gəlmişdi, başının zoqqultusu, gözlərinin qaralması artmışdı, qan- tərə batdığından başına bürmələnmiş dəsmalı, əynindəki alt paltarını suyun içində hiss edirdi, bədəni alışıb yanırdı, dodağının qan tamını hər dəfə onları dili ilə yaladıqda daha kəskin hiss edirdi...
Amma bu dəfə şikayətlənmədi, arxadan məğrur siluetinə göz qoyaraq Yakov dayıya ürək- dirək verəsi oldu:
˗ Allah Nauma rəhmət eləsin, Allah hər üçünə rəhmət eləsin. Nauma da, Azərə də, İnama da.
Ardınca özü üçün pıçıldadı:
˗ Allah mənə də lənət eləsin ki, indi onların yanında deyiləm”.
Mərdanın çəkdiyi həm fiziki, həm də mənəvi əzablar bir- birini əvəz etdikcə Yakov dayının “Tovrat”dan dediyi ayələr səslənir ki, bu həmahənglik məlum katarsis – günahın yuyulması prosesini həm dərinləşdirir, həm də ona ilahi məzmun, ruhi enerji verir.
Şahdağa qalxmazdan bir gün əvvəl Mərdan Qırmızı qəsəbədəki sinaqoqda olmuş, Allahın Musa peyğəmbərə və İsrail övladlarına ünvanlanmış on buyruğu dinləmiş, ravvindən xeyir- dua da almışdı.
Zirvə fəth olunandan sonra “əllərini göyə açıb həyatında ilk dəfə Allaha pıçıltı ilə yox, qışqırtı ilə” dua edən “Allahım, sən mənim darda olan vətənimi düşmən tapdağından xilas et” deyə yalvaran Mərdan qaya üzərində dörd yeniyetmə dostun adlarının baş hərflərini – A.M.İ.N. yazmağı da unutmur.
Dünya xali deyilmiş. Həm yəhudi sinaqoqunun, həm xristian kilsəsinin, həm də islam məscidinin təbliğ etdiyi kimi, bu dünyada haqq- ədalət deyilən müqəddəs bir gözləntinin həyata keçməsi, gerçəkləşməsi, haqsızlığın, ədalətsizliyin isə məhşər ayağına çəkilməsi varmış.
Roman ona sonralar – bizim günlərdə əlavə edilmiş bir epizodla bitir... Şuşanın erməni işğalçılarından geri alınmasında bir döyüşcü olaraq iştirak edən Mərdan Gövhər ağa məscidində yenə ağ saqqallı, başında fəs olan qoca ilə rastlaşır. Qoca ona “Şahdağın ətəyində xudahafizləşərkən yadındaır nə demişdim? Demişdim ki, dağlar ora xoş niyyətlə gedən adama qucaq açar, bəd niyyətlə gedənə də məzar olar” deyib gözdən itir. Və Mərdan əmin olur ki, niyyəti yerinə yetdisə, deməli, günahını artıq bütünlüklə yumuşdur.
Əsərin qəhramanının keçirdiyi katarsisin əsası, əslində, Bakıya ilk səfərindən sonra Moskvaya qayıdanda “ailəsindən yüz ildir ayrıldığı təəssüratı var idi. Ondan qopa bilməyən uşaqlara Bakıdan, Qubadan danışdı, azərbaycanlıların necə qonaqpərvər, mehriban xalq olmalarından bəhs etdi. Yurdsuz- yuvasız ermənilərə ürəkləri yanıb yaşamaları üçün torpaq vermələrindən, sonradan da ermənilərin bu torpaqlara sahib çıxmaq üçün müharibəyə başlamalarından danışdı, bu müharibənin nə qədər canlar aldığını, Azərbaycanın hər bölgəsində Şəhidlər xiyabanlarının yarandığını, biri yəhudi millətindən olan üç dostunun da, o dostlarının ki, Kolya tapan siyahıda adları var idi, müharibədə qəhrəmanlıqla vuruşub həmin Şəhidlər Xiyabanında uyuduğunu söylədi”.
Vətənində baş verən hadisələrə illər uzunu laqeyd qalan Mərdan birdən- birə öz vətəndaşlıq məsuliyyətini anlayır, dünyanın müxtəlif yerlərinə səpələnmiş yəhudilərin Qırmızı qəsəbəyə göstərdikləri köməyin həm maddi, həm də mənəvi təsirini görür və dərk etməyə başıayır ki, harada yaşayırsansa yaşa, çox zərif mənəvi tellərlə bağlı olduğun bir məkan var ki, onun taleyi üçün cavabdehsən.
Azərbaycan nəsrində Bakı koloritini təsvir edən nümunələr az deyil, lakin “A.M.İ.N.” dəki təsvirlər də özünəməxsusluğu ilə həmin təsvirləri zənginləşdirir:
“Görən, hanı indi Zerkalo Klara, Aydınçik?
Köhnə Bakının yastı- yapalaq evləri, həyətlərə atılmış kilim, gəbələr, pırıltıyla uçan göyərçinlər, starıveş (işlənmiş əşyalar – red.) satanların səs- küyü, çığıraraq oynaşan uşaqlar, kətil qoyub əyləşən əlitəsbehli ağsaqqallar, tinlərdə dayanan “aerodrom kepkalı” cavanlar...
Kim kimi görürdüsə tanıyıb tanımamasından asılı olmayaraq salamlaşırdı, cavanlar yaşlıları görcək siqaretlərini gizləyərdilər... Böyüyə hədsiz hörmət vardı...”
Və təkrarolunmaz Kubinkanın təkrarolunmaz mənzərələri...
Romanda Azərbaycan yəhudilərinin həyat tərzi, istedadı, zəhmətkeşliyi, başlıcası isə vətənpərvərliyi böyük ehtiramla tərənnüm olunur ki, bunu ilk növbədə Yakovun timsalında görürük.
Yakov dayının müdrikliyi, yəqin ki, bir şeyə yaramazdı, əgər onun humanizmi, yıxılana əl uzatması, vətəninə məhəbbəti olmasaydı. Və bu sözlər də ona aid olmaqla yanaşı, yaşı altmışı adlamış adi bir dağ yəhudisinin idrak- təfəkkür səviyyəsini göstərir: “Mayası məğlubiyyətdən yoğrulmuş heç bir qələbə sonadək davam edə bilməz, qələbənin süqutu deyilən bir anlayış da var. O vaxt ermənilər Şuşanı alanda onların tank alayının flaqman tankını bizim yəhudimiz Albert Aqarunov vurmuşdu. Albert ermənilərin komandirləri Qaqik Avşaryanı da, mexaniki, atıcı arteleristi də gəbərtmişdi. Amma ermənilər yanmış həmin o T- 72 tankını bərpa edib, tünd yaşıl rəngə boyayıb 442 nömrəsini də ağ rənglə gövdəsinə yazıb təpənin başında, Şuşaya tuşlanmış vəziyyətdə, bir abidə kimi qoyublar. Bu nadanlar anlamırlar ki, ölünü diriltmək, yıxılanı yıxan kimi qələmə vermək heç vaxt uğur gətirməz”.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş romanda onun haqqında olduqca hərarətli sətirlərin olması tamamilə təbiidir: “Onun hərb tarixinə gətirdiyi yeni bir tank döyüşü metodu da var idi ki, bu metod “yəhudi buterbrodu” adını almışdı. Düşmənin tanklarını nişangahda saxlayan Albert bir müddət atəş açmadan onların bir- birinə yaxınlaşmasını gözləyirmiş. Elə ki yaxınlaşdılar, bir mərmi ilə ikisini birdən vururmuş”.
Və Albertə qəhrəmanlıq şöhrəti gətirən bir də o idi ki, düşmən gülləsinə tuş gələn döyüş yoldaşının cəsədini kənara çəkmək üçün yolda tankı saxlayıb düşəndə erməni snayperi tərəfindən vurulmuşdu.
Hadisələr romanda o dərəcədə iç- içə, yerli- yataqlı, bir- birilə əlaqədə, biri digərini şərtləndirərək təsvir olunur ki, sanki sənədli bir kino- filmin ssenarisini oxuyursan. Hansı hadisənin, hansı şəxsin adı çəkilirsə, onun haqqında müfəssəl təsəvvür yaratmaq cəhdləri, demək olar ki, hər məqamda hiss olunur. Ən təqdirəlayiq də odur ki, hər nə qədər təfsilata, təfərrüata varılsa da, əsərin (və müəlliflərin) ideya-estetik qayəsi, izlənilən strateji mətləb heç zaman dumanlanmır. Və şübhə etmirəm ki, istedadlı qələm adamlarımızın bu birgə yaradıcılıq uğuru yalnız onların vətənində deyil, onun hüdudlarından uzaqlarda da məmnunluqla qarşılanacaqdır.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
KİTAB RƏFİNDƏ - Robin Şarma, «Titulsuz lider»
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalında sizlərə uğur qazanmağın yolunu göstərən, ən çox tələb olunan, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan biri barədə danışacağıq.
Robin Şarma «Titulsuz lider»
Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.
Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.
Gəlin onun qiymətli fikirlərinə diqqət edək:
1. Xoşbəxtlik gedib çıxacağın hansısa bir məkan deyil, bu, sənin özünün yaratdığın daxili haldır.
2. Nə qədər ki, düz hərəkət etdiyini bilirsən, qoy səni başqalarının fikri narahat etməsin.
3. Biz hamımız bu dünyaya hansısa bir vacib səbəbə görə gəlmişik. Öz keçmişinin əsiri olma. Öz gələcəyinin memarı ol.
4. Olmağı arzuladığın insan olmaq heç vaxt gec deyil.
5. Ağrı – müəllimdir, uğursuzluqsa uğura gedən düzgün yol. Gitarada çalmağı öyrənmək əvvəlcə bir neçə falş akkordlar götürmədən mümkün deyil. Eləcə də yelkənli qayıq sürməyi öyrənməkçün mütləq qayığı bir neçə dəfə əyməlisən.
6. Bizim Yer kürəmizdə xaos yoxdur. Sizinlə baş verən hər bir şeyin özülü var, eləcə də hər bir baş verəcək şeyin. Başınıza nə gəlirsə, hər biri bir dərsdir. Odur ki, hər xürdalığı əhəmiyyətlilik ranqına qaldırmayın. Həyatdan həzz alın!
7. Heç kəs sizin icazəniz olmadan sizi incidə və təhqir edə bilməz. Harmoniyanın qızıl açarlarından biri qarşınızda baş verən hadisələrə sizin interpretasiyanızdır.
8. Hər şeyin öz səbəbi var. Hər şey hansısa məqsədçün baş verir və hər bir uğursuzluq özlüyündə bir dərsdir. Mən dərk etmişəm ki, həm şəxsi, həm peşəkar, və hətta, həm də mənəvi cəhətdən itkilərlə üzləşən insanlar öz şəxsiyyətlərinin üfüqlərini genişləndirmək bacarığına malikdirlər. İtkilər daxili inkişafa aparır və bol mənəvi zənginliklər gətirir. Heç vaxt keçmişiniz barədə təəssüflənməyin. Yaxşısı budur ki, ona yaxşı bir müəllim kimi yanaşın.
9. Ağır zamanlar güclü liderləri yaradırlar.
10. Hər səhər güzgü qarşısında beş dəqiqə gülün. Gülüş bizim orqanizmimizdə bir çox faydalı elementləri aktivləşdirir. Gülüş həm də orqanizmi balanslaşdırılmış qaydaya qaytarır. Gülüş terapiyasından ən müxtəlif xəstəliklərin müalicəsi üçün müntəzəm istifadə olunur. Həm də o, həyat problemlərindən qoruyan möcüzəli dərmandır. 4 yaşlı uşaq orta hesabla gündə 500 dəfə gülür, böyük insan isə çətinliklə bunu 15 dəfə edir. Gülmək vərdişinizi geri qaytarın, sizin həyatınız daha canlı olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
Qəhvəyi ayaqqabı, hepard və Tixonov
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Hər vaxtınız xeyir. Beləcə, tədricən bu ayı və bu ili də gün-gün xırdalamaqdayıq.
4 dekabr.
Qəhvəyi ayaqqabı gəzdirmə günü
Nəyi qoyub nəyi axtarırsınız, ay şimali avropalılar. Bir gün öncədən kimdə bu rəng ayaqqabı yoxdursa alır, 4 dekabrda hamı ancaq qəhvəyi ayaqqabı geyinir. Gözəl mənzərədir, bütün ayaqlarda eyni rəngdə ayaqqabılar. Əsatirə görə, dəridən düzəlmiş ilk ayaqqabı məhz qəhvəyi olub, ona görə də ilin bir günü həmin o ilk ayaqqabı yad edilir.
İd-il-Burbara günü
Böyük bir təzad: Helloun bayramına bənzəyən bu gün xristian müqəddəsi Varvaranın şərəfinə qeyd edilir, amma gördüyünüz kimi, ad özü ərəbcədir, xristianlı müqəddəsin adına bayramı əsasən islam dünyasında - İordaniyada, Livanda, Suriyada, Fələstində, hətta qardaş Türkiyədə bayram edirlər.
Beynəlxalq hepard günü
Afrika savannalarının ən görkəmli sakini olan hepardlar (dilimizə çita kimi tərcümə edilsə də mən nədənsə bu çita variantını qəbul edə bilmirəm) bir də İranın Xorasan bölgəsində yaşayırlar. Bir vaxtlar Azərbaycanda da yaşayırdılar, amma kökləri kəsilib. Onların sürəti hətta saatda 135 km-ə çatır. Bu, bir rekord. Həmçinin, 120 km/saat sürəti sadəcə 3,1 saniyəyə yığırlar. Bu, digər rekord. Əgər hepard bu sürətlə uzun müddət qaçarsa bədən hərarəti 460 C-ni keçər (bu, növbəti rekord), bu isə onun beyin fəaliyyətinə ciddi zərər verə bilər, buna görə də onun ov vaxtı 1 dəqiqədən çox çəkmir. Ən çox 20 il yaşayan hepardların maksimal sürətdə qaçarkən addımlarının arasındakı məsafə bəzən 15 m-ə çata bilir. Bu da daha bir rekord. Bu qeyri-adi canlının kökünün kəsilməməsi naminə bu gün onun günüdür, onları qorumaq cəmiyyətə ismarıc ediləcək.
Görkəmli rus yazıçısı Nikolay Tixonovun doğum günü
Bu Azərbaycan sevdalısını xatırlamaq borcumuzdur. 1914-1918-ci illər Birinci Dünya müharibəsi, 1918-1920-ci illər Rusiyanın Vətən müharibəsi və 1941-1945-ci illər II Dünya müharibəsinin iştirakçısı olmuş Nikolay Tixonov üçün həyat ən böyük müəllim olub, üstəlik, ona gen-bol material verib. Görkəmli yazıçının yaradıcılığında sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümü başlıca yer tutub. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən Azərbaycan dilinə və bir çox xarici dillərə tərcümə edilib. Tixonov 1941-ci ildə Sankt-Peterburqda - Ermitrajda Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinin təşkilatçılarından olub. Blokada şəraitində, aclıq və ölümlə üzbəüz qalmış bir şəhərdə azərbaycanlı şairin anılması kitablara düşən, yaddaşlardan silinməyən bir hadisədir əlbəttə. Tixonov dəfələrlə Azərbaycana gəlib, ölkəmiz haqqında bır sıra şeirlər, Azərbaycan ədəbiyyatı, onun görkəmli simaları haqqında məqalə və xatirələr yazıb. Azərbaycan xalqını ilk dəfə “şair xalq” adlandıran da məhz o olub.
Sadalamıram, Nikolay Tixonov SSRİ-nin bütün mükafatlarına layiq görülüb, 40 il dalbadal deputat olub. Bizimkilər də ona “Xalq şairi” fəxri adını veriblər. O, 1979-cu il fevral ayının 8-də Moskva şəhərində vəfat edib. Xaçpərəst də olsa, Allah rəhmət eləsin deyək ona.
Kamal Abdulla, Pol Elüar və Ömər Xəyyam
İnformatika günü. Məktəblərdə artıq belə bir fənn keçilir. Bu gün kimin informatika dərsi varsa ikiqat səylə çalışsın. Barburka günü. Şaxtaçılar günü bayramıdır, təşəbbüs polyaklardan gəlib. Kaberne-fran günü. Şərabsevənlərə sübut edilir ki, bu növ şərab adi qarışıq növ deyil, daha artığıdır. ABŞ-da isə milli peçenye günüdür. Düzdür, ABŞ-ın Qazaxla heç bir əlaqəsi yoxdur, amma nədənsə məndə məhz indi bir sual doğuldu, görəsən niyə Qazaxda peçenyeyə qəlet deyirlər?
1987-ci ildə krım tatarları SSRİ-dən növbəti zərbə alıblar, onlara öz ana vətənləri olan Krımda və Krasnodarda qeydiyyata alınma məhdudiyyəti qoyulub. Həmin gün qəzadan sonra Çernobıl AES-in 3-cü enerji bloku fəaliyyətini davam etdirib. 1982-ci ildə tetraamelya sindromu ilə doğulmuş, əlsiz-ayaqsız olan dünyaca məşhur motivasiya məşqçisi, missioner Nik Vuiçiç dünyaya gəlib. 1950-ci ildə Azərbaycanın xalq yazıçısı, “Yarımşıq əlyazma” romanı ilə adını ədəbiyyat tariximizə yazmış Kamal Abdullanın doğum günüdür. 1946-cı ildə Moskvada ilk “Moskviç – 400” avtomobili yığılıb. 1922-ci ildə ünlü fransız aktyoru, “Fanfan tülpan” filmi ilə adını tarixə yazmış Jerar Filipp dünyaya gəlib. 1913-cü ildə televiziya pultunu kəşf etmiş amerika ixtiraçısı Robert Adler doğulub. 1895-ci ildə dünya poeziyasının ən görkəmli nümayəndələrindən olan fransız Pol Elüar doğulub. 1808-ci ildə Napoleon nəcib iş görərək əsarətdə saxladığı İspaniyada inkvizisiyanı ləğv edib. 1791-ci ildə Britaniyanın “Observer” qəzetinin ilk sayı işıq üzü görüb. 1674-cü ildə fransız yezuitləri ABŞ ərazisində Çikaqo adlı şəhər salıblar. 1131-ci ildə dahi fars-tacik şairi, dünyanın bütün sirlərini şərab üzərindən açan filosof Ömər Xəyyam dünyadan köçüb.