Super User

Super User

Thursday, 05 December 2024 09:32

Onu güllələmədən öldürdülər

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Ah, bilməm ki, bu aləm nərəsi?  

Bana bir söylə, cəhənnəm nərəsi?  

Şu sönük qəlbimə atəş dilərim,  

Ağlamaq istər ikən həp gülərim. 

 

Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, söz və fikir zadəganı adlandırılan, Stalin represiyası qurbanı dahi şair Hüseyn Cavidin anım günüdür. 

 

Hüseyn Cavid 1937-ci il iyunun 4 də Sovet cəza orqanları tərəfindən həbs olunub, 1937-ci ildən 1939-cu ilə qədər Keşlə və Bayıl həbsxanalarında dustaq olmuşdur.

Bu illər ərzində 3 dəfə məhkəmə olsa da, heç bir əsaslı dəlil olmadığından məhkəmə qərar çıxara bilmir. Və onun sənədləri SSR-i xalq daxili işlər komisarlığına göndərilir. 1939-cu ilin iyun ayında xüsusi müşavirənin qərarı ilə Hüseyn Cavid antisovet təşkilatında və təbliğatında iştirakına görə 8 il islah əmək düşərgəsinə sürgün edilərək uzaq Sibirə - Maqadana göndərilir.

50-60 dərəcəlik Sibir şaxtası şairin səhhətinə təsirsiz ötüşmür və xəstələnən Cavid 1941-ci ilin iyun ayında müalicə olunmaq məqsədi ilə İrkutsk vilayətinin Tayşek rayonunun Şevçenko kəndinə 21 saylı məhbus əlillər evinə göndərilir.

Tayşet rayon arxivində Şevçenko kəndində  yerləşən məhbus əlillər evində həlak olanların siyahısında yer alan Hüseyn Cavidin sənədində qeyd olunduğuna görə 21 saylı məhbus əlillər evində müalicə olunan Cavid 1941-ci ilin dekabrın 5-də saat 22:30-da ürək zəifliyindən dünyasını dəyişib. 59 yaşlı şair 2 gün sonra məhbus qəbristanlığında 59 nömrəli qəbirdə taxta tabutda 2 metr dərinliyində dustaq Azərbaycanlıların iştirakı ilə başı şərqə dəfn olunub.

1956-cı il martın 6-da Azərbaycan SSR ali məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alıb. 

26 oktyabr 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi doğma vətəninə gətirilib və o, Naxçıvanda Cavidlərin ailə məqbərəsində dəfn olunub.

Onu güllələmədən öldürdülər..

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) başqanı Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, görüşdə nazir Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün istiqamətlərdə yüksək səviyyədə inkişafına şərait yaratdığını bildirib. Adil Kərimli vurğulayıb ki, mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Onun sözlərinə görə, tarixi abidələrin bərpası, konservasiyası, birgə arxeoloji tədqiqatlar, o cümlədən kino və audiovizual sənət və digər sahələrdə əməkdaşlıq üçün iki ölkənin potensialından istifadə olunaraq əhəmiyyətli nəticələr əldə etmək mümkündür.

TİKA başqanı Serkan Kayalar rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla mövcud əlaqələri barədə məlumat verib. S.Kayalar TİKA-nın qeyd edilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi kitabların təqdimatı olub.

Fondun nümayəndələri AzərTAC-a bildiriblər ki, tədbirdə bir çox nəşrlərlə yanaşı, türk xalq musiqisinin və aşıq ənənəsinin ən parlaq nümayəndələrindən biri olan Aşıq Veysəl yaradıcılığı barədə məqalələr toplusu, eləcə də görkəmli yazıçı Ömər Seyfəddinin “Hekayələr”i təqdim olunub.

Təqdimatda Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Türk Dilçilik Təşkilatının rəhbəri professor Osman Mert, ölkəmizin Türkiyədəki səfirliyi yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov iştirak ediblər.

Çıxış edənlər türk xalqlarının ədəbi-mədəni irsinin türk dövlətlərinin çoxsaylı diasporu arasında da təbliğinin vacibliyini qeyd ediblər.

F.Hacıyev əmin edib ki, Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirmək və digərləri ilə yanaşı, 2025-ci ildə Aşıq Ələsgər irsinə həsr olunmuş beynəlxalq simpozium təşkil etmək niyyətindədir.

Qeyd edək ki, tədbirin iştirakçıları arasında Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpay, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycan səfirliyinin, TÜRKSOY-un, ictimaiyyətin nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, yazıçılar yer alıblar.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də Yəmən Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Saleh Əhməd Turiq ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona işlərində uğurlar arzulayıb. Deyib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan müsəlman ölkələri ilə əməkdaşlığa önəm verir.

Qeyd olunub ki, mədəniyyət xalqlar arasında körpülər qurmaq üçün əhəmiyyətli vasitədir. Azərbaycan ilə Yəmən arasında mədəniyyət sahəsində əməkdaşlığın qurulması üçün hüquqi baza yaradılmalıdır. Azərbaycan tərəfi bu istiqamətdə addım atmağa hazırdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Məhəmməd Saleh Əhməd Turiq ölkəmizdə diplomat kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin qurulması üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda incəsənət üzrə təhsil alması, kitabxana, muzey, mədəni irsin qorunması və s. sahələrdə təcrübə qazanması ilə bağı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Qonaqlı-qaralı bu ünvana yenə də insanlar axışırdı, burada keçiriləcək növbəti tədbirdə

İştiraka tələsirdilər. 

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında bu gün Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimat mərasimi idi.

Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edirdi. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan etdi. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışdı, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdikləri qəhrəmanlıqlara diqqət çəkdi. 

Cəlil Xəlilov qeyd etdi ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. 

Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundan əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirən polkovnik buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü izhar etdi.

 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışdı, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirdi. 

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirdilər.

Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olundu, xatirə şəkli çəkildi.

Beləcə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daha bir tədbiri uğurla başa çatdı. 

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Wednesday, 04 December 2024 18:12

“Buqələmun” - ESSE

 

 

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünyanın rənginin insan hissləri ilə dəyişdiyini çoxdan müşahidə etmişəm.  Bəzən bir əsarətdən qurtaran adam günəşi olduğundan daha sarı görür. Həyat bizi hansı rəngə yıxsa, biz də o rəngə düşüb qalırıq. 

Əgər ömrümü rənglərə bölsəm, uşaqlıq dövründə gördüyüm səma indi çox dəyişib. Qəzəbdən çalxalanan dünyanı insanlar, insanları dünya rəngsiz edib. Həssas insan üçün zülm, zülmkar üçün gözəllik görünən hər şeydən bir az soyuyuram. 

Doğmalıq ən isti rəngdir. Atamın ətri elə xoş rənglə içimə dolmuşdu ki, mən sevgini onun istisində kəşf etdim. İndi daha çoxdandır ki, o rəngləri görmürəm. Gözlərim bu dünyaya tordan baxır. Mən də hamı kimi rəngsiz axına düşüb gedirəm. İnsanların içindən boz bir tüstü çıxır və onların gözləri bu tüstüyə dözmür. Bəlkə insan gözünün bulanıqlığı vicdan rəngidir? Görəsən niyə belədir? Zamanla artıq rənglər də sehrin itirir. İnsan da bozarır, saralır. Dünya ən birinci onun rəngini əlindən alır, sonra qalan gözəllikləri. Ən dəhşətlisi o başını itirmiş axında başın ola-ola gəzməkdir, düşüncələrin rəngli olduğu halda, onu hər gün insanlar üçün boz rəngə çevirməkdir. 

Yalnız mən hər dəqiqə bir rəngə düşən, hər şəraitə, hər rəngə çevirib aradan çıxan adamları da müşahidə edirəm. Onda qorxuram. Deyirəm: Ay Allah, Sən yeri-göyü, Dünyanı, insanı ol deyib yaratdın. Dünya böyük bir buqələmuna döndü, biz də onun içində çalxalanırıq. 

Dünyanın rəngini insan hissləri ilə dəyişdiyini çoxdan müşahidə etmişəm. Daha sevə bilmirsənsə, rəngini soldur, yaşa, harda qırıldı - qırıldı.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

 

Azərbaycanlı fotomüxbir, AzəraTAC-ın əməkdaşı İlqar Cəfərov Nepalda keçirilən “Unique Snaps - 2024” Beynəlxalq Fotomüsabiqəsində FIAP-ın (Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının) qızıl medalına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fotomüsabiqədə dünyanın müxtəlif ölkələrindən 115 fotoqraf iştirak edib. 

FIAP-ın qızıl medalına (FİAP GOLD MEDAL) fotomüxbirin çəkdiyi “Emotions of a weightlifter” fotosu layiq görülüb. Müəllifin digər bir fotosu isə “Unusual leap M” münsiflər heyətinin seçiminə layiq görülüb (JURY CHOICE). Hər iki foto 2016-cı ildə Braziliyada keçirilən Olimpiya və Paralimpiya oyunlarında çəkilib. 

Qeyd edək ki, 2024-cü ilin uğurlarına (62 beynəlxalq mükafat) və əldə etdiyi nəticələrə görə, İlqar Cəfərov dekabrın 3-də Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının “Excellence FIAP Diamond 1” fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

 

Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istunadən xəbər verirb ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib.

Bununla da, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.

Qərarın elan edilməsinin ardınca çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür edib.

Sessiyada çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, ilk növbədə, müsbət qərarın qəbuluna görə Qiymətləndirici Orqana və Katibliyə təşəkkür edib. Qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsinin xalqımız üçün əlamətdar olduğunu vurğulayıb. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə Mədəniyyət Nazirliyinin təşəbbüslərindən də danışıb. COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü haqqında məlumat diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilmişdir. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur.

Sessiya öz işini 7 dekabra qədər davam edəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(04.12.2024)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova ilə görüşüb söhbətləşdik. Ondan rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə bizə məlumat verməsini xahiş etdik. 

 

Vüsalə xanım söylədi ki, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevə ümumxalq təcəssümü olan və onun zəngin həyat yolu, xalqı və vətəni qarşısındakı misilsiz xidmətlərinin dərindən öyrənilməsi istiqamətində iş aparan Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi 2013-cü ilin 3 may tarixindən fəaliyyətə başlamışdır. Respublikamızın Prezidenti cənab İlham Əliyevin ölkəmizin digər bölgələrinə olduğu kimi, şəhərimizə də hər zaman yüksək diqqət və qayğısı daim hiss olunmaqdadır. Bu qayğının bariz nümunəsi Prezidentimizin Sumqayıta mütəmadi olaraq etdiyi rəsmi səfərlərdir. Ölkə başçımız 2016-cı il sentyabrın 27-də şəhərimizə səfəri zamanı buranın hərtərəfli inkişafını əks etdirən açılışlar həyata keçirmişdir. Bu səfər Sumqayıt tarixinə qızıl hərflərlə yazılmışdır. Şəhərimizin ən möhtəşəm memarlıq abidəsi sayılan, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı da məhz bu səfər zamanı baş tutmuşdur.  

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialların elmi cəhətdən öyrənilməsini və hərtərəfli inkişafını təşkil edən, Azərbaycan dili və tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərən dövlət müəssisəsidir. Mərkəzin fəaliyyətində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin şəhər ictimaiyyətinə və şəhərə gələn qonaqlara daha dərindən çatdırılmasıdır.

Heydər Əliyev Mərkəzi ümumilikdə 3 mərtəbə, 1 mansard və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Mərkəzin birinci mərtəbəsinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü ucaldılıb, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto-şəkillər nümayiş etdirilir. Eyni zamanda, fiziki qüsurlu insanların da istifadə edə biləcəyi informasiya xarakterli və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid nadir şəkilləri əks etdirən elektron köşklər, elektrik sisteminin yerləşdiyi server otağı mövcuddur. Həmin mərtəbədə respublika və şəhər səviyyəsində müxtəlif tədbirlərin keçirilməsi üçün möhtəşəm 420 nəfərlik müasir avadanlıqlarla təchiz olunmuş akt zalı yerləşmişdir. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzin ikinci mərtəbəsində kompüter dərnəyinin keçirilməsi üçün kompüter zalı, Azərbaycanın elektron kitabxana portalı olan Alisa proqramı ilə təchiz olunmuş elektron kitabxana, 50 nəfərlik konfrans zalı, gənclər üçün nikahdan öncə laborator-müayinə otağı, intellektual oyun masaları, Sumqayıt şəhərinin inkişaf mərhələlərini əks etdirən kiçik muzey hissə yerləşir. Mərkəzin üçüncü mərtəbəsində xidməti otaqlar, sərgi zalı, xalçaçılıq dərnəyi, planşet, smart lövhə və digər ən müasir avadanlıqla təchiz olunan smart sinif və linqafon otağı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət otağı yerləşir. Nikah zalı mansardda yer alır.  Mərkəzimizdə də bu məqsədlə müvafiq şərait yaradılıb. Nikah zalında həmçinin müxtəlif müəssisə və təşkilatların intellektual, əyləncəli və konsert tipli tədbirlərinin keçirilməsi üçün müvafiq şərait vardır. Eyni zamanda, həmin mərtəbədə foto-studiya, mətbəx-bar, rəsm studiyası Sumqayıt sakinlərinin istifadəsindədir.

İl ərzində mütəmadi olaraq məktəb şagirdlərinin gəlməsi və Heydər Əliyev irsinin təbliği həyata keçirilir. Eyni zamanda, mərkəzdə ümumşəhər tədbirləri də təşkil olunur. Mərkəz əməkdaşları, ümumiyyətlə bütün mədəni kütləvi tədbirlərdə fəal iştirak etməklə yanaşı, mərkəzin özündə də xüsusən tarixi əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil edir. Bunlarla yanaşı, mərkəz ideoloji istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirir. Bütün görülmüş tədbirlər yetişməkdə olan gənclərin vətənpərvərlik hisslərini dərinləşdirir, ölkəmizin zəngin tarixinə və mədəniyyətinə hörmət hissini aşılayır. Qonaqlara Ulu öndər Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti ilə bağlı məlumatlar verilir, mövcud ekspozisiya ilə tanışlıq həyata keçirilir.

Bir sözlə, mərkəz mədəni irsimizin təbliğatçısı olaraq Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsində, zəngin irsinin tədqiqi və təbliğində böyük rol oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Wednesday, 04 December 2024 17:14

Bir döyüşçü üçün son patron - HEKAYƏ

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Toz və qan qoxusunun içində bir anlıq sükut bürüdü hərşeyi. Döyüş meydanının harayını yarıb keçən o qısa sakitlik anında o mənə tərəf gəldi. Baxışlarında qəribə birşey vardı - nə kədər, nə qorxu. Sadəcə dərin bir qətiyyət və sözlə ifadə edilə bilməyən duyğu. Əlində bir şey tutmuşdu. Mən onu görəndə gözlərimə inanmadım — bu, son patron idi. 

Onlar arasında bir qayda var idi: heç vaxt qadına son patronu verməzlər. Bu, ən dəyərli şeyi, həyatdan sonrakı seçimi paylaşmaq demək idi. Amma o bunu etdi. Barmaqlarını diqqətlə patronun üzərində gəzdirərək, sanki hər hərəkətinə min bir söz gizlədərək onu mənə uzatdı. “Bu sənin üçündür,” — dedi. Onun səsi nə titrədi, nə də çəkinmədən eşidildi. Amma mən anlayırdım, bu yalnız bir patron deyil, bu, sonsuz bir etibar idi. 

Onlar üçün bu patron təkcə döyüş üçün yox, həm də həyatın ən qaranlıq məqamında verilən qərarın rəmzi idi. Bu mərmini kiməsə vermək — öz həyatını, öz taleyini o insana həvalə etmək demək idi. O bunu mənə verdi. Hər bir patron onların ruhundan bir parça idi, son patron isə artıq onların öz ruhu idi. 

O andan sonra döyüş meydanı mənim üçün dəyişdi. Artıq atılan güllələrdən və uçan qəlpələrdən qorxmur, sadəcə, əlində tutduğum kiçik, lakin böyük mənası olan o patrona baxırdım. Bu patron mənə sadəcə sevgi deyil, bir əhd demək idi. Bu, "ölümə qədər mənimsən" demək idi. 

Elə bil ki, bu patron ilə o öz ürəyini mənə əmanət etmişdi. 

Sonra günlər keçdi, döyüşlər bitdi. Amma o patron hələ də mənimlə idi. Mən onu itirmədim, çünki bu patron yalnız bir metal parçası deyildi. O, sevginin, sədaqətin, həyatın hər anına birlikdə dözməyə hazır olmağın rəmziidi. 

O mənim həyatımda həm güllə, həm qalxan oldu. Hər dəfə patrona baxanda onun mənə baxan gözlərini xatırladım. Hər dəfə onu əlimdə tutanda sanki "Mən buradayam" deyirdi. 

Sevdiyim adam mənə öz son patronunu  verdi. Bu, təkcə mənim üçün deyil, onun üçün də bir əhd idi. Bizim sevgimiz elə o patron kimi idi — kiçik, lakin əbədi, sakit, amma güclü, bəlkə də ölümə qədər mənimsən demək üçün yaradılmışdı. Və mən bilirəm, həmin patron mənim taleyimin bir parçasına çevrilmişdi. 

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.