Bir döyüşçü üçün son patron - HEKAYƏ Featured

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Toz və qan qoxusunun içində bir anlıq sükut bürüdü hərşeyi. Döyüş meydanının harayını yarıb keçən o qısa sakitlik anında o mənə tərəf gəldi. Baxışlarında qəribə birşey vardı - nə kədər, nə qorxu. Sadəcə dərin bir qətiyyət və sözlə ifadə edilə bilməyən duyğu. Əlində bir şey tutmuşdu. Mən onu görəndə gözlərimə inanmadım — bu, son patron idi. 

Onlar arasında bir qayda var idi: heç vaxt qadına son patronu verməzlər. Bu, ən dəyərli şeyi, həyatdan sonrakı seçimi paylaşmaq demək idi. Amma o bunu etdi. Barmaqlarını diqqətlə patronun üzərində gəzdirərək, sanki hər hərəkətinə min bir söz gizlədərək onu mənə uzatdı. “Bu sənin üçündür,” — dedi. Onun səsi nə titrədi, nə də çəkinmədən eşidildi. Amma mən anlayırdım, bu yalnız bir patron deyil, bu, sonsuz bir etibar idi. 

Onlar üçün bu patron təkcə döyüş üçün yox, həm də həyatın ən qaranlıq məqamında verilən qərarın rəmzi idi. Bu mərmini kiməsə vermək — öz həyatını, öz taleyini o insana həvalə etmək demək idi. O bunu mənə verdi. Hər bir patron onların ruhundan bir parça idi, son patron isə artıq onların öz ruhu idi. 

O andan sonra döyüş meydanı mənim üçün dəyişdi. Artıq atılan güllələrdən və uçan qəlpələrdən qorxmur, sadəcə, əlində tutduğum kiçik, lakin böyük mənası olan o patrona baxırdım. Bu patron mənə sadəcə sevgi deyil, bir əhd demək idi. Bu, "ölümə qədər mənimsən" demək idi. 

Elə bil ki, bu patron ilə o öz ürəyini mənə əmanət etmişdi. 

Sonra günlər keçdi, döyüşlər bitdi. Amma o patron hələ də mənimlə idi. Mən onu itirmədim, çünki bu patron yalnız bir metal parçası deyildi. O, sevginin, sədaqətin, həyatın hər anına birlikdə dözməyə hazır olmağın rəmziidi. 

O mənim həyatımda həm güllə, həm qalxan oldu. Hər dəfə patrona baxanda onun mənə baxan gözlərini xatırladım. Hər dəfə onu əlimdə tutanda sanki "Mən buradayam" deyirdi. 

Sevdiyim adam mənə öz son patronunu  verdi. Bu, təkcə mənim üçün deyil, onun üçün də bir əhd idi. Bizim sevgimiz elə o patron kimi idi — kiçik, lakin əbədi, sakit, amma güclü, bəlkə də ölümə qədər mənimsən demək üçün yaradılmışdı. Və mən bilirəm, həmin patron mənim taleyimin bir parçasına çevrilmişdi. 

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.