Super User

Super User

 “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Dərviş Təbrizlinin şeirlərini təqdim edir.

 

 

Dərviş Təbrizli

Təbriz

 

 

SORUŞ

 

Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,

Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.

 

İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,

Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.

 

Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,

Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.

 

Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,

İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.

 

Sən gedən gündən məni görcək pıçıldar qonşular,

Halımı pıç-pıçların içrə qulaqlardan soruş.

 

Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,

Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.

 

Eşqi biz döndərmişik indi ögeylik eşqinə,

Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.

 

Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,

Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.

 

Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,

Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndən sizlərə Şərq dünyasının dahilərin qiymətli fikirlərini çatdırmaqdadır. Növbə Xoca Əhməd Yəsəvinindir.

 

 

Allah, Allah, canım Allah, dilim Allah,

Səndən özgə pənahım yox, vallah-billah.    

***

Allah deyib içə nurun doldurmasan,

Vallah, billah, Səndə eşqin nişanı yox.

***

Allah zikri könül mülkün açar, dostlar.

***

Canım, dilim, əqlim, huşum "Allah!" dedi.

***

Ya İlahi, rəhmətindən qətrə damdı, şeytan qaçdı...

***

Alimlərin könlündə ayət, hədis, Quran var...

***

Allah deyən aşiq quldan xəta gəlməz.

***

Aşiq odur Həqqə canın qurban edə...

***

Aşiq olmayınca Həqq didarın görmək olmaz...

***

Eşq dərdinə dəva qılsa, Rəhman qılar.

***

Eşqə qədəm qoyanlar Həqq didarın görərlər.

***

Eşq gövhəri dibsiz bir dərya içrə pünhan,

Candan keçməyincə o gövhərdən almaq yoxdur.

***

Əya, qafil, ömrün sənin ötər yeltək...

***

Heç bilmədim necə keçdi ömrüm mənim.

***

Həqq yoluna girmək olmaz pak olmasan.

***

Kim O-nun yolunda olsa, Həqq onun könlündədir.

***

Nələr gəlsə görmək gərək ol Xudadan.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Rəbiqənin şeirlərini təqdim edəcəyik.

 

                           

SƏNİN ŞAİRİNƏM...

 

Mənəm o pişiyin gözləri ilə

Səni qarşılayan hər səhər yolda.

Mənəm küləyindən titrəyib əsən,

Üşüyən yarpağam saralmış kolda.

 

Başını qaldırsan, məni görərsən,

Mənəm pəncərədən boylanan o qız.

Mənəm naqil üstə oturmuş sərçə,

Dua oxuyuram sənə bir ağız.

 

Bax o işıq mənəm yol kənarında,

Yanıram sağının-solunun üstə.

Mənəm, kəpənəyin qanadlarında

Qonub dayanıram qolunun üstə.

 

Başının üstündə ağ bulud mənəm,

Görməsən üzümü, qaralır qanım.

O dan yeri mənəm, o qürub mənəm,

Ağarır, qızarır, saralır canım.

 

Mənim nəfəsimdi alışqanında,

Əlində sönəcək son kibrit mənəm.

Sübhədək qalıram sənin yanında,

Səhərlə açılan ilk ümid mənəm.

 

Mənəm gözündəki həyəcan, təlaş,

Könlündə uçunan sarı siməm mən.

Sənin şairinəm – şairlərə baş,

Sən yaxşı bilirsən, axı kiməm mən.

 

 

BUZLU YAĞIŞ

 

İndi ki əlim çatmır saçlarına, uzaqsan,

qoy elə oralara buz kimi yağış yağsın.

 

Sırsıralar bağlasın bütün yollar, küçələr,

səhərədək ağlasın qulağında gecələr.

 

Çaydanlar uğuldasın, buğu yaxsın şəhəri,

yağsın bütün gecəni, yağsın bütün səhəri.

 

Bir-iki misra oxu küçədə pişiklərə,

sahibsiz qadınlara, yiyəsiz kişilərə.

 

Ağac kötüklərindən topla göbələkləri,

göndər yuxularıma bütün köstəbəkləri.

 

Nə qədər kabusun var, bir məktuba bük, gəlsin,

mənə də uzaqlardan hədiyyəlik yük gəlsin.

 

Bir daş salla boynuna – bəlkə, həsrət boğuldu,

sonra da günəş çıxdı, ilıq yağış doğuldu.

 

 

MƏNİM HAVAMDAN GEDİR

 

Bir-bir qırdın bağları,

çiçəklər harda bitsin?

Apar boz budaqları,

qoy uzaqlarda bitsin.

 

Əlim uzalı qalıb,

kəs at barmaqlarımı.

Sığallardan, boyadan

kasad barmaqlarımı.

 

Könlümə söz salırsan,

qulağa səs çəkirsən.

Mənim havamdan gedir

harda nəfəs çəkirsən.

 

Gözlərini yumursan,

kirpiklərim sıxılır.

Küsürəm, yenə sənin

xəyalına sığınıb.

 

Gül dərə bilməyəndən

gülşən umur ürəyim.

Gəlmirsən, gözlərini

yenə yumur ürəyim.

 

 

SARATOV GÜNDƏLİYİNDƏN

 

Yanımda deyildin... Fikirli idim,

Qayğılar başımda horra çalırdı.

Bilmirdim, bu səfər son qaçış deyil,

Tale yenə məni tora salırdı.

 

Yanımda deyildin...Gülə-çiçəyə,

Küçəyə, keçidə gülümsəyirdim.

Yenicə tapmışdım mən bu şəhəri,

Yolları yenicə mənimsəyirdim.

 

Yanımda deyildin... acmışdım gecə,

Yemək axtarırdım, saat bir idi.

Pyotr Stolıpin prospektində

"İstanbul" kafesi – bu nə sirr idi?

 

Mərcimək üzürdü şorba içində,

Kassir qız örtmüşdü başını bərk-bərk.

Dedim: “Yəqin, sən də müsəlmansanmış”,

Dedi: “Yox, tələbdi başımı örtmək”.

 

Yanımda deyildin... Şorbanı içdim,

Qızındı ürəyim, əsas bu idi.

Nə olsun, nə dadı, nə tamı vardı,

Nə olsun, yarısı tamam su idi.

 

Yanımda deyildin. Əsas bu idi,

Sənsiz dolaşırdım Çökə bağını.

Unutmuşdum sənli sərgüzəştləri,

Təndir çörəyini, kərə yağını...

 

Bal kimi şirindən şirindi həyat,

Baş açırmı özü sirrindən həyat?

 

Yanımda deyildin. "Teatr" adlı

Böyük bir meydanda görüş var idi.

Cavan danışırdı odlu-alovlu,

Əksər dinləyənlər qadınlar idi.

 

Yanımda deyildin. Mən o cavana

Yaman güldüm, yaman – "keçməz bu hiylə,

Məni tora salmaq heç asan deyil,

Sən get özgəsinin başını piylə".

 

Yanımda deyildin. O cavan oğlan

Romandan, kinodan gop eləyirdi.

Göydə tuturdular xanımlar onu,

Pişiklər siçana "hop" eləyirdi.

 

Görüş bitdi, düşdüm payi-piyada,

Baş aldım astaca Volqaya tərəf.

Yolun yarısında bir yazı gördüm:

“Dağıt kədərimi, eylə sən tələf".

 

“Dağıt kədərimi, eylə sən tələf".

Bu sözlər apardı məni kilsəyə.

Başımı bağlayıb içəri keçdim,

Yanımda deyildin, baxdım İsaya.

 

Sən bircə duaya qayıdıb gəldin,

Qolumdan yapışdın Tanrı qolutək.

Sən bu boyda yolu necə gəlmişdin?

Həyəcana necə dözmüşdü ürək?

 

Sakitcə düşürdük sahilə sarı,

Arada sükutu səsin kəsirdi.

Sayırdıq yollarda işıqforları,

Mən "gözlə" deyirdim, sən tələsirdin.

 

Bir gürcü kafesi önündə birdən

Dedim: “Xəngəl yeyək?” Dedin: “Baxarıq”.

Axşam düşməmişdi, amma işıqlar

Yanırdı küçədə yola axaraq.

 

Kosmonavt meydanı sakitdi necə,

Necə rahat idin, necə xoşbəxtdin.

Yenə gülümsədim üzündən öpüb,

Dedim, bu dəfə də gətirdi bəxtim.

 

Ay hələ körpəydi, üfüq yaralı,

Hələ kəsməmişdi günəşin qanı.

Xəzərin qoxusu gəlirdi çaydan,

Birdən pıçıldadın: "Qağayı hanı?"

 

 

YUXU

 

Bozumtul körpünün gen qucağında

nazlanır beşikdə körpə kimi çay.

Köpüklər doğulur dodaqlarında,

gün batır, işığa boğulur saray.

 

Əl-ələ yapışıb yaşıl yosunlar

yanıqlı bir şeir yazırlar çaya.

Uzaqdan-uzağa çəkir ovsunlar,

çəkib aparırlar başqa dünyaya.

 

Körpüdə dayanıb bir yuxu danış,

məni görəcəksən, gözlərini yum.

Sonra bir məktub yaz mənə yatmamış,

elə yaz, çəkilsin bu gecə yuxum.

 

Yağış bir də yusun nəm səkiləri,

bir pişik dolaşsın ayaqlarına.

Qarson gecə sınan nəlbəkiləri

süpürüb aparsın zibil qabına.

 

Asta külək əssin, sən qıy gözünü,

mənə boylan – suda işığa sarı.

Balıqlar sahilə çırpsın özünü,

qısqanıb xəyalda qovuşanları.

 

Adına bir ümid yolladım, gəlir,

bilirsən, Rəbiqə – ip deməkdir, bağ.

Sənin adın mənə baldan şirindir,

söyləsəm, adını çaylar daşacaq.

 

Bir azdan bir dəli leysan yağacaq,

könlün islanacaq sətirim altda.

Bircə dəfə mənə baxsan, yağacaq –

durub gözləyirəm çətirin altda.

 

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Sentyabrın 24-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə klassik musiqi gecəsi keçiriləcək. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan məlumat verilib. 

Konsert proqramında Xalq artisti Sevinc İbrahimova, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yahyayev, Günel Hacıyeva, Səma Həmzəyeva dünya və Azərbaycan bəstəkarlarının əsərləri ilə çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi

 

 

O, 1980-ci illərin sonlarından yüksəlməkdə olan azadlıq hərəkatının ən fəal üzvlərindən olub. Hərəkatda aktiv iştirakına görə, dövlət və partiya orqanlarının Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinə biganə münasibətinə kəskin etiraz etdiyi üçün əri ilə birlikdə KQB-nin zindanına atılması da müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmişdi. Söhbətlərinin birində deyirdi ki, o dövrdə mən də Şuşanın axırıncı müdafiəçilərindən olan qardaşım, şəhid Tofiq Oğuz kimi heç düşünmədən həyatımı Vətənimin müstəqilliyi, xalqımın azadlığı yolunda qurban verməyə hazır idim.

 2004-cü ildən Almaniyada yaşayır. Söhbət Nigar və Həcər qeyrətli Azərbaycan xanımlarının birindən - Əntiqə Rzayevadan gedir. 

 

Ona zəng vurdum, “salam, nə var, nə yox”dan sonra, mənə öz fəaliyyətindən, orda gördüyü işlərdən xeyli danışdı. Haqqında yazı hazırlamaq istədiyimi söylədim. Bir anlıq fikrə gedib, “Əşi, mən nə etmişəm ki?” dedi. Həm də bu sözləri pafossuz-filansız, havadan-sudan danışırmış kimi dedi. Yadıma müdriklərdən birinin söylədikləri düşdü: “İçtimai həyatda hər kəsin gördüyü və göründüyü, mərtəbə adlanan bir pəncərə var. Boyu qısa olanlar o pəncərədən görünə bilmək üçün təkəbbürlə yuxarı can atdıqları halda, böyüklər təvazökarlıqla aşağı əyilirlər”. O da belə “təvazökarlıqla əyilənlər”dəndir.

Eyni məktəbdə və eyni sinifdə oxuduğumuza, ümumiyyətlə, onu yaxşı tanıdığıma, məmləkətimiz üçün vacib və əhəmiyyətli işlə məşğul olduğuna görə Yaradandan zehin açıqlığı diləyərək yazını hazırlamaq qərarına gəldim. 

Əntiqə 1958-ci ildə düz 106 il bundan öncə Qərbi Azərbaycandan deportasiya olunmuş və Oğuz rayonunun Yaqublu kəndində məskunlaşmış Qafar kişi ilə Əsmayə xanımın ailəsində dünyaya göz açmışdır. 1975-ci ildə həmin kənddəki orta məktəbi bitirmiş, bir neçə il kolxoz təsərrüfatında çalışmışdır. 1978-ci ildə keçmiş AzərbaycanDövlət İncəsənət İnstitutunun xalq teatrı rejissorluğu fakültəsinə qəbul olmuşdur. 1982-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, qısa bir müddət öz kəndindəki mədəniyyət evində işləmişdir.

1984-cü ildə İncəsənət İnstitutunda müəllim işləyən İsak Dəvəli Ozanoğlu ilə ailə qurmuş və Bakı şəhərinə köçmüşdür. Biləcəri Xalq Teatrında rejissor, Muğam teatrında rejissor köməkçisi işləmişdir. Son iş yeri Mərkəzi Zabitlər Evi olmuşdur. Mübarizə əzmini qırmaq üçün edilən təzyiqlərə cavab olaraq 1990-cı illərin sonlarında həmin vəzifədən istefa etmişdir.

Artqıq 20 ildən çoxdur ki, Almaniyanın Nürnberq şəhərində yaşayır. Lakin Vətəninə və xalqına qırılmaz tellərlə bağlı olan Əntiqə xanımın ürəyi daim Azərbaycanla döyünür. O, bir Vətən sevdalısıdır. Özünü Vətəni ilə yaşadığı ölkə arasında körpü rolu oynayanlardan hesab edir. Ölkəmizin siyasi, iqtisadi və mədəni uğurlarının, Azərbaycan həqiqətlərinin alman içtimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşa edilməsində gərgin fəaliyyət göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı aparılan dövrlərdə onun və ailə üzvlərinin də təşkilatçılığı və fəal iştirakı ilə Nürnberq, Berlin və digər şəhərlərdə “Ordumuza dəstək”, “Qarabağ Azərbaycandır”, “Xocalı harayı” və “Erməni terroruna son” adı ilə keçirilən yürüş, mitinq və aksiyalar nəinki Almaniyada, bütün Avropada geniş əks-səda doğurmuşdu. Bu tədbirlərdə minlərlə insan iştirak etmişdi. Onların arasında almanlarla yanaşı, digər xalqların (türk, italyan, yunan, polyak, çex, isveç, ingilis, ispan və s.)nümayəndələri də vardı. Əntiqə söyləyir ki, tədbirlərdə xarici ölkə vətəndaşlarının ölkəmizə dəstək nümayiş etdirmələri ürəyimizi qürü hissi ilə doldururdu. Qərbi Azərbaycan İçtimai Birliyinin ideologiya şöbəsinin rəhbəri də olan Əntiqə xanım belə tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etməyi bir azərbaycanlı kimi özünün borcu hesab edir.

Ə.Rzayevanın fəaliyyətinin əsasını əcnəbi ölkədəAzərbaycan mədəniyyətinin təbliği təşkil edir.   O, Almaniyada mədəniyyətimizin yorulmaz təbliğatçılarından biridir. Oradamədəniyyət vasitəsi ilə mənsub olduğu xalqı ləyaqətlə təmsil edir. Onun fikrincə, mədəniyyət milləti, dövləti hər şeydən daha yaxşı təbliğ edir.

Həyat yoldaşı Qərbi Azərbaycan İçtimai Birliyinin Mədəniyyət məsələləri üzrə sədr müavini İ.Dəvəlinin qurduğu “Buta” mədəniyyət cəmiyyətinin həyata keçirdiyi tədbirlərin əsas təşkilatçılarından biridir. (Onu da qeyd edək ki, bu cəmiyyət uzun illərdir fəaliyyət göstərir. Onun fəaliyyət coğrafiyası təkcə Nurnberq şəhərini yox, Berlin başda olmaqla Almaniyanın bütün iri şəhərlərini əhatə edir.)

Əntiqə xanımın fəaliyyətində ana dilinin təbliği vəqorunması xüsusi yer tutur. O bu işə azərbaycançılığın təbliği kimi yanaşır. Orada yaşayan soydaşlarımızın övladlarının öz fikilərini ana dilində tam ifadə edə bilməmələri, evdə olduqları vaxtda da bir-birləri ilə ancaq alman dilində danışmaları, bu uşaqların bir müddətdən sonra Azərbaycan dilindən malik olduqları ibtidai bilikləri də unudacaqları onu bərk narahat edir. Ona görə də soydaşlarımızla keçirilən bütün görüşlərdəonlara doğma dilimizi yaddan çıxarmamağı və onu yaxşı-yaxşı öyrənməyi, öz aralarında və ailə daxilində müntəzəm istifadə etməyi məsləhət görür. Onlara tez-tez M.Ə.Rəsulzadənin “Milliyyətin ümdə  rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir … Çünki dil həmən millət deməkdir” və H.Əliyevin “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.” fikirlərini xatırladır. Onun fikrincə, öz ana dilini bilməyən və sevməyən adam öz doğma Vətənini, xalqını da sevməz.

Nürnberq şəhərindəki ali məktəblərdə təhsil alanazərbaycanlı gənclərlə, məktəblilərlə keçirilən tədbirlərdə və söhbətlərdə xarici dilləri yaxşı öyrənməklə yanaşı, ana dilini də unutmamaq tövsiyə olunur. Özünün təşkilatçılığı altında soydaşlarımızla keçirilən (əcnəbilərin iştirak etmədiyi) mədəni-kütləvi tədbirlərdə yeganə tələbi hamının ana dilində danışmasıdır. “Buta” mədəniyyət cəmiyyətinin nəzdindəki rəsm, rəqs, xor, musiqi, şahmat və digər dərnək və qruplardaməktəbəqədər və məktəb yaşlı uşaqların iştirakı üçün də bircə şərt irəli sürülür: məşğələlərdə mümkün qədər ana dilində danışmaq! Bu, həmin dərnək və qruplarda iştirak edən, lakin ana dilini bilməyən uşaqların Azərbaycan dilini öyrənmələrinə dəvəsilə olur. O, azərbaycanlı uşaqlara ana dilini öyrətmək üçün onlayn məşğələlərin təşkilini, səsli Azərbaycan nağıllarının kollektiv dinlənilməsini də planlaşdırır. 

Ə.Rzayevanın fəaliyyətində adət-ənənələrimizin, zəngin tariximizin, ədəbiyyat və incəsənətimizin, milli bayramlarımızın, geyimlərimizin, mətbəximizin təbliği xüsusi yer tutur. Onun təşəbbüsü və təşkilatçılığı ilə hər il azərbaycançılıq ideyalarının söykəndiyi, yüksək mənəvi və əxlaqi dəyərlərlə zəngin olan“Novruz” bayramı şənlikləri keçirilir. Bu şənliklərdə kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunur və məzhəkəçilərin çıxışları təşkil olunur. Novruz adətləri (çərşənbələr, səməni qoymaq, Novruz xonçası, “Kosa-kosa” oyunu, qulaq falı, papaqatma və s.) barədə məlumatlar verilir. Bu tədbirlərdə soydaşlarımızla yanaşı, xarici vətəndaşlar da həvəsləiştirak edirlər. Ənənəvi olaraq şənliklərdən sonra əcnəbi qonaqlar Novruz süfrəsinə dəvət edilir, onlara bayram sovqatları - noğul, nabat, xurma, qoz, fındıq ləpəsi, şəkərbura, paxlava və s. təklif edilir. Həmçinin Novruz bişintilərinin hazırlanması qaydaları nümayiş etdirilir. Beləliklə, əcnəbilər dünyanın ən qədim və ən zəngin mətbəxlərindən olan milli mətbəxtimizlə də tanış olurlar. 

Əntiqə xanım digər bayram və tarixi günlərlə əlaqədar keçirilən tədbirlərin də ən fəal iştirakçılarındandır. Müntəzəm olaraq Müstəqillik günü münasibəti ilə keçirilən tədbirlərdə onuntəşəbbüsü ilə almanlara və Almaniyada yaşayan digər millətlərin nümayəndələrinə bülletenlər paylanır. Bu bülletenlərdə Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumatlar təqdim olunur. Cümhuriyyətin Şərqdə ilk demokratik respublika olduğubildirilir. Onun əsas qurucularından olan M.Ə.Rəsulzadənin bir müddət Almaniyada mühacir həyatı yaşadığı göstərilir. Hazırkı müstəqil Azərbaycan Respublikasının həmin Cümhuriyyətinvarisi olduğu qeyd edilir. Məlumatlar böyük maraqla qarşılanır. Əntiqə xanımın dediyinə görə, aldıqları informasiyalarlaəcnəbilərin sifətlərində ölkəmizə diqqət, maraq və rəğbət hissinin oyandığı açıq-aydın hiss edilir. 

Və yaxud hər il onun fəal iştirakı ilə Bayraq Günü münasibəti ilə keçirilən yürüşdə əllərində üç rəngli bayrağımız olan yüzlərlə insan iştirak edir. Yaratdığı xüsusi qrupların üzvləri tərəfindən yürüşü izləyən və müxtəlif millətlərdən olan insanlara bayrağımızın tarixi, onun rəngləri və üzərindəki simvolların mənaları haqqında izahatlar verilir. Bu məlumatlar da insanlarda dövlət rəmzlərimizə xüsusi maraq oyadır.

Ə.Rzayevanın ədəbiyyatımızın, onun görkəmli nümayəndələrinin və onların əsərlərinin Almaniyada tanıdılması istiqmətində də az əməyi olmamışdır. Məhz onun təşəbbüsü ilə təşkil olunan tədbirlərdə alman içtimaiyyətinə və soydaşlarımızın məktəbli övladlarına ədəbiyyatımızın görkəmli şəxsləri haqqında müntəzəm informasiyalar təqdim olunur. Folklorumuzun möhtəşəm nümunələri barədə məlumatlar verilir. Xalqımızın “düşmən əli dəyməmiş və saxtalaşdırılmamış tarixi” olan “Kitabi-Dədə Qorqud” dastanı haqqında məlumat verilərkən onun bir nüsxəsinin də Drezdendə saxlanıldığını, alman alimi, türkoloq F.Dits tərəfindən ilk dəfə alman dilinə tərcümə edilərək (“Basatın Təpəgözü öldürdüyü boy”) çap olunduğunu, beləliklə, dünya elm aləminə tanıdıldığını eşidən almanlar çox təəccüblənir, bu onlarda dastanın oxunmasına xüsusi maraq oyadır. Keçirilən tədbirlərdə, əcnəbilərlə fərdi görüş və söhbətlərində N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, Ş.İ.Xətai, H.Cavid, C.Məmmədquluzadə, M.Ə.Sabir, S.Vurğun, X.Rza, B.Vahabzadə, M.İbrahimov, Anar, Ç.Abdullayev, Q,Səid və onun “Əli və Nino” romanı, digər folklar nümunələri haqqında verdiyi məlumatlar da böyük marağa səbəb olur. Əntiqə xanım deyir ki, təəssüf ki, almandilli məkanda ədəbiyyatımızı ancaq söz və şəkillərlə təbliğ edə bilirik. Şair və yazıcılarımızın alman dilinə tərcümə olunmuş əsərləri çox azdır. Ona görə də oxumaq üçün almanlara tərcümə olunmuş bədii ədəbiyyat nümunələrimizi təqdim etməkdə şətinlik çəkirik. Bu sözləri filmlərimizin və teatr tamaşalarının tərcüməsinə də aid edə bilərik. Bu işdə dövlətimizin və səfirliyin köməkliyinə ciddi ehtiyac var.  

Onun Azərbaycan musiqi mədəniyyətinin təbliği sahəsindəki xidmətləri də diqqətəlayiqdir. Musiqi xalqlar arasında tərcüməyə ehtiyacı olmayan  bir dildir. Əntiqə xanım milli musiqimizi -muğamlarımızı, aşıq sənətini, xalq mahnı və nəğmələrini, klassik və müasir bəstəkarlarımızı, onların əsərlərini  tanıtmağa və sevdirməyə böyük əmək sərf edir. İxtisasca rejissor olan Ə.Rzayeva “Buta” cəmiyyətinin xətti ilə keçirilən konsertlərin və tamaşaların əsas təşkilatçılarındandır. Onun hazırladığı və quruluş verdiyi konsert və tamaşalar, “Birlik, bərabərlik, dostluq və dayanışma” proqramları və s. maraqla qarşılanır. Konsert və tamaşalar bütün Almaniyada əks-səda verir, bu barədə qəzetlərdə və sosial şəbəkələrdə məlumatlar yayılır. 

O, müxtəlif tədbirlərin bədii hissəsində milli musiqimizin, musiqi alətlərimizin və rəqslərimizin nümayiş etdirilməsinə xüsusi önəm verir. Həmin tədbirləri müxtəlif müllətlərdən olan tamaşaçılarla yanaşı, vaxtaşırı olaraq Nurnberq şəhərinin meri və digər rəsmi şəxsləri də izləyirlər. Protokola görə, mer adətən tədbirlərin sonunda çıxış edib, təəssüratlarını söyləyir, təşkilatçılara öz minnətdarlığını bildirir. Əntiqə xanım söyləyir ki, merin də iştirak etdiyi tədbirlərin birində bir qızımızın çıxışına vaxt qalmırdı. Protokola görə, merin çıxışının vaxtı çatmışdı. Mer hadisədən xəbər tutan kimi, qızımızın çıxış etməsini israr etdi. Milli geyimdə olan qızımız kamanca alətində çox gözəl ifa etdi. İfadan təsirlənən  mer öz çıxışında ona xüsusi təşəkkür edib, qızımızla xatirə şəkli də çəkdirdi. 

O, Azərbaycanın tanınmış sənətçilərinin fərdi görüşlərinin dəəsas təşkilatçılarındandır. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq RəssamlarFederasiyasının üzvü, Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı, əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlı olan Ə.Heybətovla keçirilmiş görüş və onun əsərlərinin satış sərgisi də belə tədbirlərdən sayıla bilər. Tədbirdə məhşur rəssamın həyat və yaradıcılığı barədə geniş məlumat verilmişdir. Rəssamın özünün çıxışı isə coşqu ilə qarşılanmışdı. Təşkil olunmuş sərgiyə yüzlərlə əcnəbi vətəndaş tamaşa etmişdi.

Əntiqə xanım şanlı tariximizin, tarixi şəxsiyyətlərimizin, qədim tarixi abidələrimizin tanıdılması istiqamətində də bir sıra işlər görə bilmişdir. O, soydaşlarımızla birlikdə ölkəmizdəki tarixi abidələrlə bağlı ardıcıl təbliğat və təşviqat işləri aparır. Əcnəbilərə UNESCO-nun siyahısına salınmış tarixi abidələr, o cümlədən Azıx mağarası, Qobustan, İçəri şəhər, Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Qəbələ və Şuşa şəhərinin abidələri və s. barədə informasiyalar verir. Həmçinin ölkəmizin turizm məhsulları, sağlamlıq turizmi, qış turizmi və dağ-xizək mərkəzləri, ekoturizm imkanları haqqında ətraflı məlumatlar da təqdim edir. Bu məlumatlar isə xarici vətəndaşları ölkəmizə turist səfərlərinə təşviq etmək baxımından çox faydalıdır.

Ə.Rzayeva hazırda da öz fəaliyyətini uğurla davam etdirməkdədir. Ona Almaniyada yaşayan çoxsaylı soydaşlarımız, türk dilli xalqların nümayəndələri yaxından dəstək verir. Lakin ən böyük mənəvi dəstəyi və köməkliyi bütün işlərində onunla birlikdə olan ömür-gün yoldaşı İ.D.Ozanoğlundan, övladları Duyğu, Ozan və Qorquddan alır.

Biz də Əntiqə xanıma səmərəli fəaliyyətində uğurlar arzulayır və Vətəndə görüşmək ümidi ilə yazımıza nöqtə qoyuruq.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Ötən günlərdə ermənilərin tayqulaq milli qəhrəmanı, general Andranikin cəhənnəmə vasil olduğu günün növbəti ildönümüydü (Andranik Ozanyan; Անդրանիկ Թորոսի Օզանյան; 25.02.1865, Şebinkarahisar, Osmanlı – 31.08.1927, Fresno, Kaliforniya, ABŞ). 

 

1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadığı kəndlərin dağıdılmasında, əhalinin qırğınında onun başçılıq etdiyi silahlı dəstə özəl qəddarlığı, adıyaman rolu ilə seçilib.

Andranik cəhənnəmlik olandan düz 27 il sonra, gələcəyin başqa bir cəhənnəmliyi - Robert Köçəryan doğulub (Ռոբերտ Սեդրակի Քոչարյան; 31.08.1954, Xankəndi). Xocalı Soyqırımının suçlusu, əli günahsız insanların qanına batmış, özü Ermənistan Respublikasının 2-ci Prezidenti (09.04.1998–09.04.2008) olmuş Köçəryan Andranikin tam mənəvi varisi sayıla bilər. 

Nə qəribədir, tam qondarma və artıq tam gorbagor “DQR”in “ilk prezidenti” Köçəryan Androniklə eyni gündə doğulubsa, qondarma və gorbagor “DQR”in “üçüncü prezidenti”, Xocalı Soyqırımının suçlusu Bako Sahakyanın doğum günü onlarınkından bir gün qabaq idi (Բակո Սահակյան, 30.08.1960, Xankəndi). Bako doğum gününü Bakıda, layiq olduğu statusda və yerdə qarşıladı, Köçəryan 70 yaşını harda keçirdi, bilmirəm, amma növbəti doğum günlərindən hansınısa Bakonun yanıbaşında keçirər (ƏvəlAllah). 

30 sentyabrda daha iki gorbagorun da ölüm günüydü. - Həm ll Dünya müharibəsində, həm l Qarabağ müharibəsində iştirak etmiş, qondarma və gorbagor “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun yaradıcılarından olan general Kristapor İvanyan (Քրիստափոր Իվանյանի, 20.12.1920, Tiflis – 30.08.1999, Sankt-Peterburq) da, Sov.İKP MK-nın sonuncu Baş katibi (1985–1991), keçmiş SSRİ-nin ilk və son Prezidenti (1991), Nobel sülh mükafatlı (1990) sülh düşməni, erməni dostu Mixail Qorbaçov (Михаил Сергеевич Горбачёв, 02.03.1931, Privolnoye, Quzey Qafqaz – 30.08.2022) da 23 illik aralıqla 30 avqustda cəhənnəmlik olublar. 

Azərbaycanda 1990-cı il 20 Yanvar qırğınının əsas təşkilatçısı, Qarabağda yaşanan uzunmüddətli faciələrin suçlulularından biridir Qorbaçov. Deyirlər, onun adı “tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı”na 89-cu şəxs olaraq düşüb - əslində, onun adı “tarixdə ən çox lənətlənmiş şəxslər siyahısı”nda, ən azı 8-9-cu yerdə olmalıdır.

 

Bu yaramazları - gorbagorları və gorbagor olacaqları nə üçün xatırladım? - 30 avqust  həm də Beynəlxalq İtkinlər Günüydü. Bizim 4 minə yaxın itkinimiz var və onların haqqında bizə hələ də sağ-əməlli bilgi verməyən Ermənistanın keçmişi, bu günü və (bilgi verməsələr) gələcəyi (əgər o gələcək olacaqsa, təbii) suçludur. Bütün erməni havadarları suçludur. Və mən yalnız 30 avqustu yazmıram - 31 avqust təqvimin 8-ci ayının son günüdür; 4 il öncəyədək bu günü Qubadlının işğal günü olaraq hüznlə qeyd edirdik. - Düz 27 il 31 avqust hüznlü gün oldu bizimçün - getdi o qaramat gün və bir daha heç vaxt gəlməyəcək! Necəki Qubadlıdan 2 gün öncə işğal görmüş Zəngilanın qaramat günləri bir daha gəlməyəcəkdir! 

Zəngilan işğal olunan gün Bakoya, Qubadlı işğal olunan gün Köçəryana özəl “adgünü hədiyyəsi” deyə qəhqəhə çəkənlər artıq əbədi kədər içindədirlər! Haqq incələr, ancaq üzülməz axı!

Bu gün isə qondarma və gorbagor “DQR”in sözdə elanının olmayan “ildönümü” olacaq - yəni OLMAYACAQ! Doğum və ölüm günü “parad”ı avqustun sonlarına düşən gorbagor və perspektiv gorbagorların bütün cinayətləri, çalışmaları, “dövlət” elanları nə nəticə verdi? Erməni xalqı nə qazandı? Sual budur. 

Bəli, bizə çox ağır zərbələr vurdular, ən azı 9 şəhər, 300 kəndimiz viran qaldı, Vətənimiz minlərlə oğul-qızını itirdi; lakin biz sınmadıq, əyilmədik və toparlanıb öz sözümüzü dedik! Dəmir Yumruq əfsanəsi yaşandı, keçilməz deyə tərif edilən “Ohanyan xətti” keçildi, alınmaz deyilən mövqelər alındı; 

girilməz sanılan bunkerlərə, qalalara girdik, yarılmaz deyilən cəbhələri yardıq və işğalçıların neçə hərbi hissəsinin döyüş bayraqları bizə təslim edildi! Biz isə bütün zorluqlara, işğallara baxmayaraq, heç vaxt heç bir hərbi hissəmizin döyüş bayrağını təslim etmədik!

 

Çün, burada bir xarakterli Dövlət var! 

Çün, burada haqqa tapınan Xalq var!

Çün, burada Dövlət-Xalq birliyi və o birliyin memarı var!

 

Tam da bu günlərdə anti-Azərbaycan qüvvələri (qüvvəsizləri) yenidən fəallaşıb; ölkəmizə qarşı olar-olmaz “ittiham”, iddialar yağdırırlar. Sözüm ona ki, doğum və ölüm günlərinin “parad”ı avqustun sonuna düşənlərin həyat və mübarizələrinin nə qədər məzmunsuz, necə də mənfur olduğunu görən, oxuyan, bilən dairələr nə üçün eyni məzmunsuzluqda, mənasızlıqda israr edirlər?!.

Örnəyi,

Zəngəzur açılmalıdımı? - Açılmalıdır! Əgər hazırda ora hakimlik edən rəsmi İrəvan dəhlizi açmırsa, aça bilmirsə, bax, bu, o torpaqların əsl yiyələrini görəvə çağırmaq deyilmi? Sanki, Yolaçan olduğunuzu, körpütikənliyinizi gəlin bir daha, bir daha nümayiş etdirin, deyirlər…

Qarabağdan, Gündoğar Zəngəzurdan çəkib gedən işğalçıların Günbatar Zəngəzurdakı statusları nədir ki guya? Elə oralar da, bütün Batı Azərbaycan da işğal altında deyilmi? Hansı tarixçi bizim xalqın səsverməsinin, referendiumunun nəticələrini göstərə bilər ki, bəs, biz səs verib, o torpaqları ədili-düdülü şəkildə başqasına peşkəş etmişik? Varmı belə sənəd? Otlaq, yaylaq, qışlaq icarəsi-filan, partiya qərarı-zad referendium demək deyil! Elə deyilmi?

Bunu bilə-bilə bizə qarşı nə diplomatik dirəniş, nə hərbi sərsəniş göstərirlər?.. 

 

Biz müharibə istəmirik, Ermənistansa dəhlizi açmır; 

biz müharibə istəmirik, Ermənistansa silahlanır; 

biz müharibə istəmirik, Ermənistansa, qucaq dəyişdirərək, bizə qarşı planlar qurur…

 

Düz üç dəfədir, “biz müharibə istəmirik” yazıram - biz düz üçonillik boyu da müharibə istəmədik, sonunda 27 sentyabra vadar olduq!..

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Sentyabrın 3-4-də Sankt-Peterburqda - Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının “İblis və..." tamaşasının premyerası keçiriləcək. Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk səhnə əsəri olacaq. 

 

Teatrın mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunacaq.

Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən “İblis” mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər. “İblis” əsərinin motivləri əsasında “İblis və…”.

Dördpərdəli faciənin (dekonstruksiyanda 1 hissəli metadram) təyinat xətti dəyişərək yalnız Tanrı-İblis və insan xətti üzərində köklənir. Təyinat İblisə, ondan doğan faktor isə İnsana yönəlir. Qısa desək, “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu isə İblisin qələbəsidir.

Tamaşada Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Elşən Cəbrayılov, Vəfa Rzayeva, Elşən Rüstəmov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov iştirak edirlər. 

Tamaşa oktyabrın 4-5-6-da isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Fikrət Zeynalov

 

Fikrət Hikmət oğlu Zeynalov 1995-ci il dekabrın 17-də Hacıqabul rayonunun Rəncbər kəndində anadan olub. 2013-2017-ci illərdə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb.

Fikrət Zeynalov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Fikrət Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fikrət Zeynalov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xüsusi təyinatlı,

Dəmir adam, daş adam.

Zəfər tariximizdə,

Əbədi yaddaş adam.

 

İndi bizi görürsən,

Biz də səni duyuruq.

Vətən adı gələndə,

Səni xatırlayırıq.

 

Xatırlayırıq indi,

Necə igid olmusan.

Doxsan üç düşmən vurub,

Qisasını almısan.

 

Almısan torpağına,

Göz dikənin canını.

Tarixi yurdumuzu,

Vətən gülüstanını.

 

Sən elə bir igidsən,

Mərdliklə yoğrulmusan.

Bir dəfə şəhid olub,

Min dəfə doğulmusan.

 

Günəş kimi nur saçıb,

Yayılırsan hər yana,

İgidliyin bəllidir,

Bütün Azərbaycana.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR                                                            

 

 

ELMİRA AXUNDOVA,

Xalq yazıçısı

 

 

SEVMƏK HAQQI

 

(“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabından parça)

İki gəncin tanışlıq tarixi mənə təfərrüatı ilə bəlli deyil. Ancaq düşünürəm ki, bu ya 1951-ci ilin sonunda, ya da 1952-ci ilin əvvəlində, hər ikisi 29 yaşında olan vaxt baş verib.[1] Yaşıdlarının çoxunun bu yaşda artıq məktəbə gedən övladları vardı. Niyə nə Zərifə, nə də Heydər həmin vaxta qədər özlərinə sonrakı həyatlarını birgə yaşayacaqları ömür-gün yoldaşı tapmamışdı?

Yəqin ki, o vaxta qədər ikisinin də sevgi tarixçəsi olmuşdu. Heydərin yeniyetməlik illərində Sona adlı bir qıza məhəbbəti məlumdur. Bu barədə müəllifin “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik romanının birinci kitabında ətraflı söz açılıb. Zərifə ilə maraqlananlar da, təbii ki, az olmamışdı. Açıq danışaq: atası elmi və dövlət idarəçiliyi dairələrində nüfuzlu adam idi. Şəhərin tanınmış ailələrinin bir çoxu Əziz Əliyevin ailəsi ilə qohum olmaq istəyərdi. Zəhra xanım söhbətlərinin birində demişdi: “Zərifənin xeyli pərəstişkarı vardı. Onunla ailə qurmaq istəyənlər həddən çox idi”.

Amma, çox güman ki, gənc qızın gələcək həyat yoldaşına tələbləri çox yüksək imiş. Görünür, müəyyən vaxta qədər ürəyi də sevgi çağırışlarına cavab verməyibmiş. Bu səbəbdən də anasının və bacılarının Zərifənin həddən çox seçim etməsi və belə getsə, axırda evdə qalacağı ilə bağlı şikayət və narahatlıqlarına baxmayaraq, o bütün namizədləri qapıdan qaytarırdı. Zərifə xanım isə, bir daha təkrar edirəm ki, öz seçimində və qərarlarında tam sərbəst idi. Həm də gənc qızların hamısı kimi, o da bütün varlığı ilə sevəcəyi və taleyini əsla tərəddüd etmədən tapşıracağı yeganə insanı axtarırdı.

Həmin adam Heydər Əliyev oldu. Boyu az qala iki metrə çatan mavigözlü, yaraşıqlı gənc bir dəfə onların mənzilinin astanasında görünəndən sonra qısa müddətdə özünü bütün ailə üzvlərinə sevdirə bildi. Xüsusi xidmət orqanlarında çalışan cavan oğlan zahirən yaraşıqlı olması ilə yanaşı, yüksək intellekt, erudisiya, ətrafındakıları maqnit kimi özünə cəlb etmək kimi xüsusiyyətlərə malik idi. Gənclər bir-birinə doğru addım atdılar və təbii ki, Zərifənin əvvəlki inadkarlığı birdəfəlik yoxa çıxdı.

Əziz Əliyevin ailəsini yaxından tanıyan məlumatlı həmsöhbətlərimin ayrı-ayrı replikalarına əsasən güman etmək olar ki, qızının seçimi ilk vaxtlar atanı o qədər də sevindirməmişdi. Ona görə yox ki Heydər Əliyevə qarşı hər hansı bir narazılığı, yaxud iddiası vardı. Yox. Sadəcə, gəncin işlədiyi qurum həmin sərt illərdə o qədər də yaxşı reputasiyaya malik deyildi. Əziz müəllim özü də XDTK-dan və onun uydurma donoslarından az əziyyət çəkməmişdi.

Doğrusu, bilmirəm ata qızını fikrindən daşındırmağa çalışmışdımı, Heydərin təklifinə cavab verməmişdən əvvəl düşünməyi, yaxud hələ bir müddət gözləməyi məsləhət görmüşdümü... Yəqin ki, bu ziyalı ailədə yaxınlarına “təsir göstərmək” ənənəsi mövcud deyildi. Xüsusən də şəxsi münasibətlər, necə deyərlər, “ürək işləri” məsələsində...

Qızını ürəkdən sevən ata başa düşürdü ki, Zərifə bir qədər gecikmiş də olsa, tam düşünülmüş qərar qəbul edib və onu fikrindən daşındırmaq mümkün olmayacaq. Həm də, zənnimcə, qayınatanın gələcək kürəkəninə etimadının əsasında Heydər Əliyevin həmin dövrdə Zərifəyə və Əziz Əliyev ailəsinə münasibətdə çəkinmədən ən yaxşı keyfiyyətlərini ortaya qoyması dayanırdı. Yada salaq ki, 1950-ci illərin əvvəllərində Əziz müəllim Mircəfər Bağırovun həsəd və paxıllığı ucbatından gözdən salınmışdı. Çoxları, hətta sınanmış dostları da ondan üz çevirmişdilər. Heydər isə bu çətin, mürəkkəb vəziyyətə baxmayaraq, nə olursa olsun, Zərifə ilə talelərini birləşdirəcəklərinə bir saniyə də şübhə etmirdi.

Zahiri görünüşü ilə Hollivud aktyorlarını xatırladan Heydər, təbii ki, o vaxta qədərki həyatını rahib kimi yaşamamışdı. Amma ciddi münasibətlər qurmaq fikrini də uzun müddət yaxına buraxmamışdı. Əvvəl buna, sadəcə, imkan yox idi – müharibə, atasının ölümü, yeniyetmə yaşlarında çiyninə düşən böyük ailə yükü... Sonra da uzun müddət ruhunu ələ alıb ürəyinə hakim kəsiləcək bir kimsə ilə rastlaşmamışdı.

Müharibə başa çatandan sonra dostları bir-birinin ardınca ailə qurmağa başlayacaqdılar. 1948-ci ildə Heydərlə sevimli dayısı oğlu Rzaqulu İbrahim İsmayılova toy məclisi keçirməkdə kömək edəcək, sağdış-soldışı olacaqdılar. İbrahim dəfələrlə dostunun, nəhayət, subaylığın daşını atıb ailə qurması ilə bağlı söz açmışdı. Amma Heydər bu söhbəti hər dəfə zarafata çevirirdi. Bir dəfə isə ciddi şəkildə demişdi: “Hələ həyatda öz yerimi tapmayana, ali təhsil almayana, ailəmi normal təmin edəcəyimə arxayın olmayana, müstəqil yaşayacağıma inanmayana qədər evlənməyəcəyəm”. Yəqin ki, bütün bu səbəblər üzündən subaylığın daşını nisbətən gec – 31 yaşında atacaqdı. Həyatının sonunda isə qızı Sevilə etiraf etmişdi ki, əgər övladlarının anası ilə – Zərifə xanımla rastlaşmasaydı, yəqin ki, ömrünün sonuna qədər subay qalacaqdı...

 

***

 

... Heydər Əliyev gələcək həyat yoldaşı və onun ailəsi ilə tanışlığı barəsində dəfələrlə danışıb.

Heydərlə Zərifənin məhəbbət tarixçəsində Stalin epoxasının dramatik gerçəklikləri qəribə şəkildə çulğalaşmışdı. Bu elə bir dövr idi ki, yalnız xidməti karyera deyil, şəxsi həyat, insanın ən munis hiss və duyğuları da əllərində böyük güc toplamış hakimiyyət boslarının iradəsi ilə istənilən anda amansızcasına ayaqlar altına atıla, tapdana bilərdi. Tale sanki qəhrəmanımın dözüm və iradəsini yoxlamaq üçün ona bir-birinin ardınca sınaqlar göndərirdi. Heydər Zərifə ilə qarşılaşandan və onunla ailə qurmağa qərar verəndən sonra sevdiyi qızın yanında olmaq üçün yenidən tale ilə döyüşə girməli olmuşdu.

 

Akademik Cəmil Əliyevlə söhbətdən:

“– Bacınız Heydər Əliyevlə necə tanış olmuşdu?

– Qardaşım Tamerlan Əzizoviç Kislovodska, sanatoriyaya getmişdi. O zaman mehmanxana otaqlarında tək qalmaq mümkün deyildi. İş elə gətirmişdi ki, Heydər Əliyeviçi də qardaşımın yaşadığı nömrəyə göndərmişdilər. Beləliklə, onlar tanış olmuşdular. Tanışlıq qısa müddətdə dostluğa çevrilmişdi. Bakıya qayıdandan sonra isə Tamerlan Heydəri evimizə dəvət etmişdi. Onda hamımız bir yerdə Zevin küçəsində yaşayırdıq. Heydər bizə tez-tez gəlirdi. Belə gəlişlərin birində Zərifəni görmüşdü. Gənclər ilk baxışdan bir-birilərini bəyənmişdilər və tezliklə aralarında ciddi münasibətlər yaranmışdı.

– Valideynləriniz Heydər Əliyevi kürəkən kimi dərhal qəbul etdilər? Hər halda, o, xüsusi xidmət orqanlarında çalışırdı. Bu orqanlara münasibət isə ziyalılar arasında birmənalı deyildi.

– Yox, ona hər hansı bir qərəzli münasibət haqda söhbət gedə bilməz. Geniş erudisiyası, danışığı, rəftarı ilə ilk gündən atamın çox xoşuna gəldi. Hələ gənc yaşlarından Heydər Əliyeviçin güclü xarizması və qeyri-adi dərəcədə cazibədar, insanı özünə çəkən aurası vardı. Atam onu tərəddüdsüz sevdi. Sonralar atamın ölümünə qədər dostluq elədilər. Heydər Əliyeviç atama sonsuz hörmət hissi ilə yanaşır, xətrini çox əziz tutur, hətta deyərdim ki, ilahiləşdirirdi...”

 

***

 

Beləcə, Əziz Əliyevin ailəsi üçün çox da münasib olmayan bir vaxtda Heydərlə Zərifə arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Vəziyyətin maraqlı xarakteri özünü bir də onda göstərirdi ki, gənc zabit gələcək qayınatası ilə bağlı kompromatları araşdıran idarədə çalışırdı.

Situasiyanın mürəkkəbliyi Zərifəni də narahat edirdi – qız fikirləşirdi ki, birdən özü də bilmədən sevdiyi insanın xidməti karyerasına mane ola bilər. Odur ki növbəti görüş zamanı Heydərə demişdi: “Bilirsən, biz daha görüşə bilmərik. Çünki atamı işdən çıxarıblar. Ona qarşı müxtəlif ittihamlar irəli sürürlər. Sən də dövlət təhlükəsizlik orqanlarında işləyirsən. Bundan işinə ziyan dəyə bilər. Görünür, bir yerdə olmaq taleyimizə yazılmayıb”.

Bu söhbətdən az sonra dövlət təhlükəsizlik naziri Yemelyanov Heydər Əliyevi yanına çağırmışdı. Aralarında xoşagəlməz söhbət olmuşdu. General faktiki şəkildə ona Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməyi əmr etmiş, əks-təqdirdə onu xüsusi xidmət orqanlarından uzaqlaşdırmalı olacağını bildirmişdi. Gənc zabitin Əziz Əliyevin partiya və xalq qarşısında hansı günah işlədiyi barəsində ehtiyatlı suallarına açıq cavab verilmişdi: “Sən hələ gəncsən. Çox məsələlərdən xəbərdar deyilsən. Yoldaş Mircəfər Bağırovun tapşırığı var, bizim də borcumuz icra etməkdir”.

Əslində, Yemelyanovun əmri ona heç bir seçim imkanı qoymurdu. Ya gələcək mənsəb, ya da sevdiyin qız! Bu, Heydər Əliyevin verməli olduğu ciddi mənəvi yetkinlik imtahanı idi. Həmin mürəkkəb dövrdə partiya və hökumətin gözündən düşən, siyasi təqibə məruz qalan adamdan uzaq gəzib-dolaşmağı ən yaxşı çıxış yolu sayan qohumlar, dostlar az idimi? Mənsəb hərisliyi, yaxud qorxaqlıq ucbatından kişilər illərlə bir yastığa baş qoyduqları arvadlarını atırdılar, “partiyanın iradəsi ilə” gənclər sevgililərindən üz çevirir, nişanlarını qaytarırdılar.

Xoşbəxtlikdən, Heydər Əliyev bir an da olsun tərəddüdə yol verməmişdi. Zərifə zəngin daxili dünyası, qeyri-adi nəcibliyi və ziyalılığı ilə onu elə əfsunlamışdı ki, həyatını bu qızdan kənarda təsəvvürə gətirə bilmirdi.

“Heydər Əliyev atamın gözdən salındığı dövrdə ailəmizlə ünsiyyətini kəsməyən azsaylı adamlardan idi, – deyə akademik Cəmil Əliyev xatırlayır. – O, bacıma bəslədiyi hisslərin səmimiliyini və yüksək əxlaqi keyfiyyətlərini atdığı addımlarla əyani sübut etdi. Nəzərə alın ki, bu zaman bütün gələcək karyerası, xüsusi xidmət orqanlarında işləməsi təhlükə altında idi. Düşünürəm ki, hər adam belə çətin sınaqdan şərəflə, üzüağ çıxmağı bacarmazdı. Heydər Əliyev isə hər şeyin fövqündə dayana bildi”.

 

Heydər Əliyev özü həyatının o qədər də asan olmayan həmin dövrünü belə xatırlayırdı:

“Bilirsiniz, hətta belə fikirlər vardı: mən DTK-da işlədiyimdən onun atasının ətrafında nə baş verdiyindən xəbər tutmuşdum, onu necə izlədiklərini bilirdim. Eşitmişdim ki, onları ailəlikcə Qazaxıstana sürgün etmək istəyirlər. Düşünürdüm ki, həqiqətən, belə olsa, mən də dallarınca ora gedəcəyəm. Yəqin ki, Qazaxıstanda özümə bir iş tapmaq buradakından daha asan olardı...”[2]

 

Cəlal Əliyevin xatirələrindən:

“Evdəki söhbətlərdən başa düşürdüm ki, əgər ona deyiblərsə, yaxud desələr ki, belə etmə, bu ailənin, bu adamın qızı ilə evlənmə – qardaşım heç vaxt qulaq asmayacaq. Ona görə də ailə daxilində heç bir müzakirə getmirdi. Anam, sadəcə, demişdi: “Necə lazım bilirsən, elə də hərəkət elə!”...”

 

Heydər Əliyevin dediklərindən:

“Qərarımı dəyişdirmədim, Zərifə ilə münasibətlərimi kəsmədim. İşimə də davam edirdim. O zamanlar Bakı küçələri belə parlaq işıqlandırılmırdı. Şəhərdə çoxlu xəlvət yerlər vardı. Şəhərdə mənimlə Zərifəni asanlıqla görməyin mümkün olmadığı bir neçə belə yer bələdlədim. Bizim evdən bir az aralıda, indiki Azadlıq prospektində park var idi. Sonralar orada Caparidzenin heykəlini qoydular. Qarşı tərəfdə tramvay dayanacağı vardı. Ətraf isə qaranlıq idi. Görüş yerlərimizdən biri həmin o tramvay dayanacağının yaxınlığında idi.

Ancaq bir məsələ var ki, mən kişiyəm. Heç kimdən qorxmuram. Özüm də zabitəm, üstümdə silah olur. Zərifə isə gənc, yaraşıqlı qızdır. Belə qızlar həmişə diqqəti çəkirlər. Odur ki onu düz dayanacaqda gözləyirdim. Zərifə vaqondan enirdi, onu qarşılayırdım, sonra isə parka gedirdik.

Yemelyanov məni yenidən yanına çağırıb:

– Sənə xəbərdarlıq etmişdim, – dedi.

– Bəli, xəbərdarlıq etmişdiniz, – deyə cavab verdim.

– Bəs onda tapşırığımı niyə yerinə yetirmədin?

Aramızda tək rütbə deyil, yaş fərqi də böyük idi. 1952-ci ildə hələ mənim 30 yaşım tamam olmamışdı. O isə artıq 50-ni geridə qoymuşdu. Amma özümü topladım və etirazımı bildirdim.

– İş işdir, şəxsi həyat isə şəxsi həyatdır, – dedim. – Öz işimi sevirəm. Bilirəm ki, siz də əməkdaş kimi məni qiymətləndirirsiniz. İşimdə elə bir qüsur yoxdur. Amma həyatımın ikinci, daha mühüm tərəfi mənim gələcək ailəmdir, şəxsi hisslərimdir, məhəbbətimdir. Mən o qızı sevirəm. O da məni sevir. Ondan necə ayrıla bilərəm? Nə deyərəm, özümə necə bəraət qazandıraram? Ayrılacağımızı demək mənə olduqca çətindir. Axı bir səbəb göstərməliyəm. Ya deməliyəm ki, onu daha sevmirəm, ya deməliyəm ki, hansısa qüsuru, eybi var və bu səbəbdən də ondan uzaqlaşıram. Axı deyə bilmərəm ki, dövlət təhlükəsizlik orqanlarında işimi itirməmək üçün ondan ayrılmaq istəyirəm.

Yemelyanov ağıllı adam idi. Məni dinləyib:

– Haqlısan, – dedi.

– Bəs indi nə edim?

– Özün qərar ver. Amma onu da bil ki, orqanlarda qalıb işləməyin böyük sual altındadır...”[3]

 

***

 

Həyat qəribə şeydir! Ortaya bəzən ən istedadlı detektiv müəlliflərinin də ağlına gəlməyən süjetlər çıxarır. Kim fikirləşə bilərdi ki, Yemelyanov çox tezliklə Mircəfər Bağırovla birlikdə müttəhimlər kürsüsündə oturacaq, təhlükəsizlik zabiti Heydər Əliyev isə prosesin mühafizəsinə rəhbərlik edəcək? Kimin ağlına gələrdi ki, keçmiş təhlükəsizlik naziri 25 illik həbs müddətini başa vurandan sonra Bakıya qayıdacaq və keçmiş əməkdaşından kömək istəyəcək? O da əsla tərəddüd etmədən düşərgə həyatının üzüb əldən saldığı zəlil qocaya yardım əli uzadacaq?! Yəqin ki, rəhmdilliklə bir sırada Heydər Əliyevin Yemelyanova münasibətdə özünəməxsus minnətdarlıq hissi də vardı. O zaman dövlət təhlükəsizlik nazirinin əlində hədəsini gerçəkləşdirmək və gənc zabiti orqanlardan xaric etmək də daxil olmaqla ən sərt şəkildə cəzalandırmaq su içmək kimi bir şey idi. Amma belə etməmişdi. Hətta, çox güman ki, əməkdaşının Əziz Əliyevin qızı ilə görüşməyə davam etməsi barəsində yuxarıya məlumat da verməmişdi.

Amma hər şeyə rəğmən Zərifə ilə Heydərin dramatik şəraitdə başlanan sevgi romanı xoşbəxt sonluqla nəticələnmişdi. Stalinin ölümündən sonra Yemelyanovla Bağırov gənc sevgililərlə məşğul olmaq hayında deyildilər. Onlar açıq şəkildə görüşmək və gələcək üçün planlar qurmaq imkanı qazanmışdılar.

Bu xoşbəxt sonluqla bağlı “ehtiyat sandığım”da iki məzəli epizod da var. Onların birini gülüşünü güclə boğan akademik Cəmil Əliyev danışıb:

“Zərifə Heydərlə gəzməyə, yaxud kinoya gedəndə həmişə məni də özü ilə aparırdı. O zamanlar həddən artıq kök idim. Heydər zarafatla bacıma deyirdi: “Görüşə gələndə nisbətən arıq bir uşaq gətirə bilməzsən? Bir-birimizi yaxşı görə də bilmirik. Çünki Cəmil öz bədəni ilə hər tərəfi tutur”.

Ailəmizdə hamı, necə deyərlər, ətli-canlı idi. Zərifə də bu mənada bizdən fərqlənmirdi. Sonralar, aradan illər keçdikcə arıqladı, adı kimi zərif, incə bir xanım oldu”.

 

Bu da Zəhra Quliyevanın xatirəsi:

“Birlikdə işləməyə başlayanda Zərifə xanım artıq Heydər Əliyevlə görüşürdü. Yadımdadır ki, boyu çox da uca olmayan Zərifə hündürdaban ayaqqabı geyir və çətinliklə yeriyirdi. Özünü belə əziyyətə salmağının yeganə səbəbi sevdiyi insanın xoşuna gəlmək idi. Deyirdi bu gün görüşüm var, istəyirəm yaxşı görünüm...”

 

1954-cü ilin noyabrında onlar evlənməyə qərar verdilər. Bir müddət öncə Dövlət Təhlükəsizlik Nazirliyindən Heydər Əliyevə verilmiş mənzildə sadə bir toy məclisi keçirdilər. Toyun tamadası təzəbəyin gənclik dostu İbrahim İsmayılov idi.

 

İbrahim müəllim həmin günləri belə xatırlayır:

“Cidd-cəhdlə toya hazırlaşırdıq. Çətin vaxtlar idi, pul tapılmırdı. Ona görə də bacardığımız qədər Heydərə kömək edirdik. Əsasən, ərzaq, yəni ət, toyuq və s. gətirirdik. Masanı anası İzzət xala hazırlayırdı. Qızları da kömək edirdilər.

Toy məclisi Heydərin mənzilində, 6 saylı məktəbin yaxınlığında, keçmiş İrəvan döngəsində (indiki Vaqif küçəsi – red.) keçirilirdi. Oradakı binaların birində ona ikiotaqlı mənzil vermişdilər. Otaqların biri böyük, digəri isə nisbətən kiçik idi. Təsəvvür edin ki, toy məclisinə də bura yığışmışdıq. Yeni evlənənlərlə qonaqlar VVAQ bürosundan birbaşa Heydərin mənzilinə gəlmişdilər. Əsasən, yaxın qohum və dostlardan ibarət dəvətlilər cəmisi on beş nəfər idi. Musiqiçilər dəstəsi çağırılmamışdı. Ümumiyyətlə, artıq heç nə yox idi.

Hamı masa arxasında oturandan sonra Əziz müəllim dedi:

– Gərək elə adamı tamada seçək ki, hər iki ailəyə eyni dərəcədə yaxın olsun. Aramızda yeganə belə şəxs İbrahimdir. Təklif edirəm onu seçək.

Hamı razılaşdı. Hər iki ailəyə yaxınlıq məsələsi isə belə idi ki, Əziz müəllim əmim oğlu Əsgər İsmayılovla çox yaxın idi. Eyni vaxtda Tibb İnstitutunda oxumuşdular, dostluq edirdilər. Əmim oğlu vasitəsilə mənim də bu ailəyə get-gəlim yaranmışdı. Heydərin toyu sadə keçdi. Əslində, ona toy demək də çətin idi. Sadəcə, kəbin kəsdirib hadisəni kiçik bir məclisdə qeyd elədilər.

Qonaqların arasında akademik Murtuza Nağıyev, Həsən Əliyev, Əziz Məmmədoviç, əmim oğlu Əsgər, Heydərin qohumları – səhv etmirəmsə, yeznəsi İsmayıl, dayısı oğlu Rzaqulu vardı. Məclisin musiqi hissəsini gəlinin bacısı Gülarə xanım öz üzərinə götürmüşdü. Sonra Zərifə xanım da ona qoşuldu, dörd əllə mahnılar ifa etdilər. Toydan sonra gənclər İrəvan döngəsindəki mənzildə yaşamağa başladılar...”

 

(Rus dilindən tərcümə Vilayət Quliyevindir)

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 



[1] Heydər Əliyev görkəmli partiya və dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin 100 illiyi ilə bağlı təntənəli yubiley gecəsində Zərifə xanımla 1948-ci ildə tanış olduğunu bildirmişdi – tərc.

[2] Oksana Puşkinanın “Yuxuya bənzər məhəbbət” adlı televiziya verilişindən

[3] V.Mustafayevin “Əsl məhəbbət haqqında” filmindən

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

 

7.

UĞURLU OLMAQ ÜÇÜN OXUMALISAN !

Müasir dövrdəuğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir? Bunu anlamaq üçün mütaliə prosesini bir qədər incələyək.

Mütaliə özündə “kitaba sevgi”, “oxuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” və “yaradıcı oxu” kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği – günümüzdə hər bir ziyalının, mədəniyyət, ədədbiyyat, kitabxana işçisinin  fəaliyyətinin əsas istiqamətidir. Kitab və mütaliənin təbliği üzrə proqram əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi ilə həyata keçirilir, lakin əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Yeniyetmə və gənc kadrların  mütaliə xarakteri isə hər gün dəyişir. Onlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yeni başlayan oxucu çox vaxt özü də nə istədiyini, nə oxuyacağını bilmir. Demək, bizlərin daim təbliğat işləri aparmasına böyük ehtiyac vardır.

Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirənlər bu vaxtlarının heç olmasa bir saatını kitab oxumağa ayırsalar, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı, vaxtlarını dəyərləndirmiş olarlar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar, cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olar.

Növbəti: 8. Müatliə nədir?

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.