
Super User
Napoleon, Cannı Versaçe və Britni Spirs
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq
Bank işçisi günü
Banklara borcu olmayan az adam taparsınız. Kim ki dara düşür, gerisini fikirləşmədən özünü dünyada analoqu olmayan fazilərlə kredit verən Azərbaycan banklarının boyunduruğu altına salır. Sonra da pulu qaytara bilməyib cəzaya məruz qalır. Bank işçisi günündə banklarımıza insaf, əhalimizə isə “dar gün kreditinə” düçar olmamağı arzulayıram.
Birləşmiş Ərəb Əmirliyinin müstəqilliyi günü
Bizlərdə Dubay sözünə pis baxırlar, “Dubaya gedib gəlir” ittihamı ən pis ittihamdır. Amma Dubaya tək elə həmin anlamda gedilməz ki, ora gəzməyə, məişət texnikası, avtomobil almağa da gedilər.
Vaxtı ilə Dubayın da daxil olduğu Birləşmiş Ərəb Əmirliyi Britaniyanın müstəmləkəsi idi, “müvəqqəti Oman” adı altında 9 şeyxlik birləşmişdi. 1971-ci ilin bu günündə Əbu-Dabi, Dubay, Şarca və digərləri öz müstəqilliklərini elan etdilər, birləşdilər, ən varlı əmirlik olan Əbu-Dabi paytaxt elan edildi, onun şeyxi Zaid bin Sultan ilk əmir oldu. Bu gün BƏƏ dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alır, əhali tam rifah içindədir. Əlbəttə ki, neftlərinin hesabına. Dekabrın 2-si və 3-də əmirliyin əhalisi müstəqilliyi coşqu ilə bayram edəcək. İdarələr, məktəblər işləməyəcək, küçələr qələbəlik olacaq, bayram mərasimləri keçiriləcək. Ərəblər səxavətlə öz əcnəbi qulluqçularına pul paylayacaqlar. O cümlədən məlum səbəbdən Dubaya gedənlər də ikiqat qazanc əldə edəcəklər.
Soruşacaqsınız ki, ərəb kişiləri niyə ucdantutma ağ libasa bürünürlər. Cavab verirəm: ağ uzun libas – zəhgin yaşamağa bir işarədir. Soruşacaqsınız ki, bizim də neftimiz var, bəs biz niyə zəngin yaşamırıq? Bu dəfə cavab verməyəcəyəm.
Spirsin, Versaçenin və Jorjun doğulduğu gün
Bu gün beynəlxalq quldarlıqla mübarizə günüdür. Allah hər birimizi mənəvi qul olmaqdan qorusun. Bu gün oyuncaq dəmiryolu günüdür. Deyilənə görə oyuncaq dəmiryolu kolleksiyalarını ən çox eks dəmiryolu nazirləri toplayırlar. “Laosda müstəqillik, Kubada hərbi qüvvələr, Belarusda hüquqşünas günüdür” kəlmələrini yaza-yaza fikir məni Amerika mətbəxinə çəkir, görəsən onlarda hansı bayramdır deyə düşünürəm, deməzsənmiş, milli oladi şirniyyatı günüymüş.
1991-ci ilin bu günündə qardaş Ukrayna müstəqilliyini elan edib, ilk olaraq bunu tanıyan Kanada və Polşa olub. 1981-ci ildə Amerikanın pop-divası Britni Spirs doğulub. (Bizim də divamız, gərək ki, Aygün Kazımovadır). 1982-ci ildə Yuta universitetinin cərrahları pensiyaçı Barni Klarka ilk süni ürək qoyublar, bu ürəklə həmin şəxs 112 gün yaşayıb. 1969-cu ildə Sietl və Nyu-York arasında 191 sərnişinlə ilk Boinq təyyarəsi uçub. 1946-cı ildə Canni Versaçe doğulub, dünyanın ən ünlü kuturyelərindən biri. Əfsus ki, bu böyük şəxsiyyəti öz evinin kəndarında güllələyiblər. 1923-cü ildə dünyanın ən gözəl soprano səsli müğənnisi hesab edilən yunan Kallas Mariya dünyaya gəlib. 1901-ci ildə amerikalı Kinq Jilett ikitərəfli birdəfəlik lezvaya patent alıb. Təbii ki, üz, o cümlədən bığ qırxmaq rahatlaşıb. 1870-ci ildə Roma İtaliyanın paytaxtı elan edilib. 1852-ci ildə Fransa prezidenti Napoleon Bonopart özünü Fransanın imperatoru elan edib. 1859-cu ildə pauntalizm cərəyanının banisi olan fransız rəssam Sera Jorj doğulub. 1823-cü ildə ABŞ prezidenti Ceyms Monro Avropa ölkələrinin Amerika qitəsinin işlərinə qarışmamaq prinsipini irəli sürüb. 1814-cü ildə də Alfons Fransua de Sad adlı fransız yazışı dünyadan köçüb. Bəli, sadizmin yaradıcısından söhbət gedir.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Kino bələdçisində “Vətəndaş A”
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Salam bura Azərbaycandır və mən buranın 21-cə illik vətəndaşıyam. Deyirlər, bir ölkənin insanlarını tanımaq üçün orada insanların necə öldürüldüyünə baxmaq lazımdır. Mən isə tam əksini iddi edərək deyirəm ki, bir ölkəni tanımaq üçün, orada insanların hansı yaşamlara məhkum olduqlarını müşahidə etmək lazımdır.
Azərbaycan çox böyük bir ölkə deyil, lakin burada kök salmış əhalinin kök salmış yaşam tərzi var. Paytaxt Bakı olduqca rəngarəng şəhərdir. Bakı o qədər parlaqdır ki, şəhərin işıqları, ulduzları rayonlara ərməğan edib. Nədən deyim, kimdən danışım deyə düşünmədən keçim əsas mətləbə. Bir xalq 70-80 il əvvəl yazılan dramı hələ də yaşayırsa, demək ki, o xalqın dəyişən simalarının altında dəyişməyi gözləyən və özünü gizlədən beyinlər var. İndi sizə söhbət açmaq istədiyim film - “Vətəndaş A” elə məhz bundan illər əvvəl Cəfər Cabbarlı tərəfindən qələmə alınan “Almaz” əsərinin motivləri əsasında çəkilmişdir. Səmimi olmaq gərəkərsə Azərbaycan kino industriyasının bu qədər möhtəşəm bir kino ərsəyə gətirməsi üçün hələ 20 il geridə olduğunu düşünürdüm, ta ki serialı izləməyə başlayana qədər.
Kino Azərbaycanın parlaq ulduzlu səmalarından aşağıda ümid işıqları sönmüş Daşkəsən rayonunun Abdalbəyli kəndində əhalinin həyat tərzindən bəhs edir. Hekayənin qəhrəmanı Cabbarlının eyniadlı əsərinin əsas obrazı Almaz Bakıda tək həyat sürən gənc tarix müəlliməsidir. Təyinatı Abdalbəyliyə keçən Almaz tərəddüd etmədən və böyük ümidlərlə yola düşür. Əslində, kəndə böyük ümidlərlə gələn Almaz, elə kənd avtobusu ilə biraz yol gələndə az-çox onu nəyin gözlədiyini təxmin edə bilirdi. Bura Bakı deyildi. Əlbəttə burada Bakıdakı genişliyi yaratmaq çox çətin olacaqdı.
Abdalbəyli kəndi bir dırnaqarası Hacının şəxsi mülkiyyətinə çevrilmişdi və Hacı Əhməd adlı bu şəxsin ailəsinə heç bir qüvvə bata bilmədiyi azmış kimi, əhalinin qanun elan etdiyi şaha çevrilmiş bir sətlənət salınmışdı. Kino Səid və Fərqanə adlı iki məktəbli gəncin qovuşmaq üçün qaçması üzərinə qurulsa da, burada qaçan tək onlar deyildi. Fərqanə Əhmədin bacısı oğluna zorla ərə verilən 11-ci sinif şagirdi idi. Səid də, onun sinif yoldaşı. Bir-birini sevən bu iki gənc sonrasını düşünmədən qaçıb kəndin uc bucaqlarında gizlənsələr də, hər ikisi çox gözəl bilirdi ki, onların bu kənddə yaşama şansları yoxdur. Əgər Hacının adamları tapmasa belə Fərqanənin babasının adamları tapan kimi heç biri sağ qalmayacaqdı. Hekayənin bu yerində özünə qalacaq ev axtaran Almazla gənclərin yolu Abdalbəyıinin unudulmuş evində kəsişir. Elə burada onların mübarizəsi başlayır. Əvvəlcə uşaqlardan ehtiyat edən Almaz onları yalnız buraxa bilməyəcəyini anlayıb uşaqlara kömək etmək qərarı alır.
Serialın hər bölümü bir doğru bilinən yanlışdan bəhs edir. Almaz Əhmədin dili ilə desək, qadın başına bütün işlərə başını soxduğu üçün hər bölüm bir çətinlik, bir problemlə qarşılaşır. Lakin o, əsla öz qərarlarından dönmür. Bu hekayədə hədər olan sevgilər, uğruna qanlar axıdılan məhəbbət, gözünü pul bürümüş saxta dindarlar, mentalitet adı altında cəmiyyətdən təcrid edilən kişilər, "dastoynu" ola bilməyən oğlanlar, intibahı necə ürəkdən istədiyi bəlli olan avam xalq, elin dilinə düşməmək üçün sevgisindən vaz keçən İqbal, günahsız yerə "yatıb çıxan mujik" kitabxanaçı, xaos, qorxu, gərginlik, mərhəmət, drama, psixologiya savaşı və ara bir şeir də var. Serialda bütöv Azərbaycan və onun pərdələnmiş reallıqları var. Zənnimcə obrazların hər biri öz rolunu adəta o rol üçün doğulmuşcasına yaşayır deyə kino mənə bu qədər dərin təsir edib. Kino on iki bölümdən ibarətdir və sentyabr ayından ictimai televiziyada yayımlanmağa başlayıb. Ümid edirəm, bu təhlildən sonra siz dəyərli oxucularım da serialı izləməyə başlayarsınız. Ən azından cəmiyyətin reallıqları ilə bir dəfə üzləşmək üçün izləyin, əziz oxucular.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Qar ancaq qışda yox, yazda, hətta yayda da yağa bilər” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Səhvlərimizin qrammatikası”ndan: Qar ancaq qışda yox, yazda, hətta yayda da yağa bilər. Bu da həyatın inversiyasıdır. Dildə inversiya (tərsinə düzülüş) varsa, həyatda da inversiya niyə olmasın?!
2.
“ Səhvlərimizin qrammatikası”ndan: Biz hələ də Koroğlunun nəvələriyik və bunun əksi olaraq hələ də şəcərəmizi Koroğlunun düşmənlərinə - bəylərə, xanlara aparmağa çalışırıq.
3.
“ Səhvlərimizin qrammatikası”ndan: Mənəviyyatımızın tarixini yazmaq vacib olan kimi başqa bir tarixin də yazılması vacibdir. Bu, mənəviyyatsızlığımızın tarixidir.
4.
Hələ bilinmir, kimin bəxti daha çox gətirir – ölüb gedənin, ya ki qalanın?!
5.
Hər normal mətnin öz əndərunu var. Və “hiyləgər” mətn onu öz içində gizlətməyi bacarmalıdır.
6.
“Səni mən unutmaram –
xatirən
ən naməlum dumanlara bürünəcək.
Səni mən unutmaram
Ana bətninə qədər unutmadıqlarım tək.”
7.
Solan çiçəyin arxasınca yetişən meyvəni görə bilmiriksə, min illərin yaşamaq təcrübəsi hara qaçır bizdən?!
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Şirin bir röya kimi…
Aysel Kərim, “Ədəbiyyat və incəsənət” üçün
Uzaq səfərim uzan bir ömür,
Şirin bir röyadır, sonu görünmür...
Eynən ömür və yaradıcılıq yolu kimi...
Bəstəkarlar İttifaqının 90 illik yubileyində müəllifi olduğum romanslarımın səslənməsinə görə yaradıcılığıma daima diqqət göstərən, dünyanın sülh artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə minnətdaram.
Onu da qeyd edim ki, bu konsertdə gənc ifaçılarla əməkdaşlığım dəstək xarakter daşıdı. Hər zaman yaşıdım olan və yaşca kiçik olan gənclərə dəstək olmağı özümə borc bilirəm. Bu çətin və şərəfli yolda cəmiyyətimizin ziyalı böyüklərindən mən də özümə qarşı hər zaman diqqət gördüm və görməkdə davam edirəm. Qiymətləndirilmək gözəl duyğudur.
Xoş dinləmələr.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Tikdim ki, izim qala - ƏSGƏRAN QALASI
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Qədim zamanlarda yadellilərin hücumlarından qorunmaq və müdafiə məqsədilə Azərbaycanda müxtəlif istehkam və qalalar tikilib. Bunlardan biri də Əsgəran qalasıdır. El arasında “Əsgəran qalası” adı ilə tanınan bu sədd XVIII əsrdə Qarabağ xanlığının şərq sərhədində tikilib.
Qalanın adı isə Əsgəran adlı yerlə bağlı olub. Azərbaycan dilindəki əski (köhnə, qədim) və Aran toponimindən ibarət olub, Köhnə Aran, Qədim Aran mənalarını daşıyır.
Əsgəran səddi Qarabağ xanlığının şərq qapısı hesab edilirdi. Qala Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində, dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 metrə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çayı vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədi daşıyıb. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdi. Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib.
Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqlar kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirib.
Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır.
Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafizə olunub. Kvadrat formalı istehkam müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 metr, qalınlığı 2 metrdən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.
Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılıb. Bir qisim tarixçi qalanın tikilməsini Pənahəli xanın, digərləri Mehrəli xanın, bəziləri isə İbrahim xanın adı ilə bağlayır. Hazırda Əsgəran qalası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən işğal olunub.
Nəhayət, 2023-cü ildə bütün Qarabağ torpaqları və Əsgaran qalası antiterror əməliyyatı ilə işğaldan azad edildi.
Akademik Xudu Məmmədovun məşhur bayatısı yada düşür:
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Qarabağda 30 illik ekoterror həqiqətləri" layihəsi icra olunur
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin qaliblərindən olan layihə çərçivəsində "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı kitab nəşr olunub. Layihənin tərkib hissəsi olaraq Qazaxıstan Respublikasında və Qırğız Respublikasında tədbirlər təşkil olunmaqla kitab yerli oxuculara, ictimaiyyət nümayəndələrinə təqdim olunacaq .
“Ədəbiyyat və incəsənət”
(02.11.2024)
“Girdap” - Aslı Elif Demir
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Girdap”
Aslı Elif Demir
Yüreğimi sızım-sızım sızlatan bir acı
Derinlerde,
Vuslatı arzuladıkça ırak ediveren yollar...
Yanı başında olan gönül
Ondan uzak kalmış olup dehlizlerde
Kaybolmaya yüz tutmuş bir beden, ruhtan ırak...
Nedir beni huzurdan mahrum eden?
Nedir doldurmaya çalıştıkça
Boşluğunda boğulacak olma hissine kaptıran?
Nedir bu hasret
Anlamdan yoksun bırakan, belki de onunla anlam bulan?
Nedir bu içimde uzun-uzun konuşmaya iten beni?
Konuşacak olunca soluksuz bırakan?
Nedir beni sükuta iten,
Sükuta itip haykırışların yollarını gözleyen?
Kafesimde beni soluktan mahrum eden şey,
Bırakıver beni, hayatta tutan soluğu da
Sonmuş gibi çekeyim içime buram-buram.
Bilirim ne olduğunu senin...
Bilmez olaydım, bilmez olaydım...
Vefa(sızlık),
Parçalar durursun içimi!
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – İntiqam Yaşar, şeirlər
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
İNTİQAM YAŞAR
İNDİ KİM BİLİR HARDASAN?!
İndi kim bilir hardasan?!
Kim bilir könlündən hansı rəsmim asılmış?!
Düşünə bilirsənmi hansı buludun
altında necə darıxdığımı?
Gözlərimdən gözlərinə uzanan yoldayam,
Uzaq şəhərlərin darıxmağı ağır olurmuş,
Həm bir az acı, həm bir az şirin.
Bu gecə əllərinlə yuxuda həmsöhbət idim.
Gözlərini soruşdum,
"Gördük" dedilər.
Uzaqlara dikilmişdi səssizcə...
***
Nə sən uzaqlardan mənə gələrsən,
Nə mən uzaqlardan sənə gedərəm.
Bizi də uzaqlar udar beləcə.
Söykənə-söykənə buz divarlara,
Kürək izimizlə cığır salarıq,
Söykənə-söykənə buz divarlara,
Bir gün divarlarda şəkil olarıq.
Üşüyər alnımız əcəl tərindən,
Sırsıra buzlara şükür deyərik.
Gəlməyən adama, gəlməyən kəsə,
Gözümüz hələ yol çəkir deyərik.
Bizi təsəllilər ağlada bilər,
Bizi təsəllilər güldürə bilər.
Bizi təsəllilər yaşada bilər,
Bizi təsəllilər öldürə bilər.
Yaşamaq çox uzun yol da deyil heç,
Mənə bir nəfəslik adın bəs edər.
***
Uzaq yolam ömür adam,
Tez yorulma bacararsan.
Gələndə nə itirdin,
Qayıdanda taparsan.
Dizlərini daşlara
Bağışlayıb gəlirsən.
Günləri ovcundaca,
Gizli sayıb gəlirsən.
Nəfəsimdə isinən,
Adına söykənmişəm.
Həm xəyal, həm də gerçək
qadına söykənmişəm.
Səni deyən hər şeyi.
Al ağrının əlindən.
Bəzən imdad gözləyir,
Adam öz əcəlindən.
Günəş gecikir yenə,
Özünü mənə çatdır.
Tələs, tələs bir az da,
Hər şey olar, həyatdır.
***
Səni gözləyəcəm...
Burda bu odada...
gecələrin ağır pəncələrinə inad...
Yuxuların ərşə üz tutmalarına inad.
Bir gün olmayacaq ömrün səssiz əksinə inad.
Bir-birinə sarılan ümidlərə inad.
Kimsə döndərə bilməz səni yolundan,
Kimsə döndərə bilməz məni yolumdan.
Bircə gecikmə...
Bircə gecikmə...
Bircə gecikmə...
Nəfəsimə bel bağlamıram,
küləklə qan qardaşıdır...
Gedər, gəlməz...
***
Bütün çobanyastığı çiçəkləri
bir qarış məndən uca olanda,
Bütün buludlar ən gözəl arzuların örpəyi idi.
Bütün ümidlər sinəmdə at çapırdı dördnala,
Bütün uşaqlar köhnə corabları top edirdi,
Bütün quzular qıvrım tüklərinə söykənirdi
Qəssab bıçaqları korşalmışdı.
Bütün tənha qocalar
nəvələrin yadına düşmüşdü,
Bütün atalar övlad qarsılayırdı hərbidən,
Bütün analar övlad toyuna hazırlaşırdı.
Dünya elə gözəl idi ki...
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Güney Azərbaycan Prozası Antologiyasında Həsən Babayinin “Pişik” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə yaşayan Həsən Babayidir.
Həsən Babayi
Təbriz
PİŞİK
Bizim evimiz küçənin güneyində yerləşirdi. Qabaq – qanşar qonşumuzun həyətlərində bir pişik balalamışdı. Onların evləri quzeydə yerləşdiyindən qapıları açıldıqda həyətləri görünərdi. Qonşunun həyət qapıları çox vaxt açıq olardı. Pişiyin gəl-gedini gözaltına almışdım. Ana küçə-bacadan tapdığını balalarına aparmağını düşünəndə anam yaddaşımda canlanardı. Küçəmizin qapı bir qonşuları bir-birilərinin adlarını belə öyrənməmişdilər. Ancaq birlikdə bir küçədə yaşam sürürdülər. Hamı səssiz gəlib sözsüz gedərdi. Böyüklər ilgi saxlamadıqlarından uşaqlar da elə yaxınlaşmazdılar. Atamdan bir dönəm sordum, düz cavab almadan ardını tutmadım. “Nəbilim, indi dəb belədir. Kimdə vaxt var? Qonşu sözü köhnəlib. İndi qardaş qardaşın evini tanımır” deyib sovuldu. Küçədə hərə öz qapısının qabağına ağac-gül əkmişdi. Az suvarıldığından dirçəlişləri gözə gəlmirdi. Atam şam ağacı, zanbaq əkmişdi. Küçənin görkəmi gözəl görünmürdü.
Pişiyi deyirdim… balalarını dişində dolandırar, küçə itlərindən qoruyardı, axı hələ əlləri ağızlarına çatmayırdı.
Bir gün pişiyin Balalarının birini avtomobil vurdu. Küçəmizin iki başı da açıq olduğundan gəl-get çox olurdu. Atam bir illət də küçənin dibinin bağlı olmadığını söylərdi.
Qonşuların soyuqqanlı davranmaları müqabilində yazıq pişik qalan o iki balasının yanına dönüb yanıqlı səs çıxarardı, onun gözünə baxmaq mənə mümkün olmurdu. Baxan kimi “Mənim balamı qaytarın" təmənnası baxışlarından duyulurdu.
Qapı bağlananadək gəlib getdi. Bağlanandan sonra qalxıb divarın üstünə oturub məlul-məlul baxdı. Küçəni gözünün altına almışdı, balasının cəmdəyi küçənin ortasında it axtarırdı ki, onu ağzına alıb aparsın. Küçə itləri hələ sümsünməyə çıxmamışdılar. Mən atışkadan düşünürdüm, pişik anası divar üstdən. Nəhayət itlərin axını üz verdi. Biri meyidi ağzına alıb aradan çıxdı. Pişik başını aşağı dikib qalan balalarının yanına döndü. Mən isə atışkanı qapayıb özümə daldım. Ağlar analar yadıma düşdü, vaxtilə öz babalarını itirib əli boş döndükləri yaddaşımda canlanıb duyğulandım. Yazıq pişik balasını itlərdən qoruyub avtomobil qəzasına düşdüyünə inana bilmədiyinə vurnuxdu. Küçə boyu ölüm payını ala pişikdən alıb sakitləmişdi.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Soydaşımız Qırğızıstanda Kant şəhər şurasına deputat seçilib
Qırğız Respublikasında yaşayan Azərbaycan diasporunun nümayəndəsi Səlim Kərimov «Birlik» Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin dəstəyi ilə Kant Şəhər Şurasının deputatı seçilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ölkə üzrə azərbaycanlıların ən çox yaşadığı şəhər olan Kantda türk dünyasının görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə mövcuddur. 2016-cı ildə Kant şəhəri ilə Quba rayonu arasında qardaşlaşma memorandumu imzalanıb.
Kant şəhər şurasının deputatı seçilən Səlim Kərimov göstərilən dəstəyə görə Birliyin rəhbərliyinə minnətdarlığını bildirib, ölkənin və xalqın rifahı naminə, həmçinin Azərbaycan diasporunun fəaliyyətində, Azərbaycan mədəniyyətinin təbliğində yaxından iştirak edəcəyini deyib.
Qeyd edək ki, Səlim Kərimov ictimai xadim olmaqla yanaşı, sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)