Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Səhvlərimizin qrammatikası”ndan: Qar ancaq qışda yox, yazda, hətta yayda da yağa bilər. Bu da həyatın inversiyasıdır. Dildə inversiya (tərsinə düzülüş) varsa, həyatda da inversiya niyə olmasın?!
2.
“ Səhvlərimizin qrammatikası”ndan: Biz hələ də Koroğlunun nəvələriyik və bunun əksi olaraq hələ də şəcərəmizi Koroğlunun düşmənlərinə - bəylərə, xanlara aparmağa çalışırıq.
3.
“ Səhvlərimizin qrammatikası”ndan: Mənəviyyatımızın tarixini yazmaq vacib olan kimi başqa bir tarixin də yazılması vacibdir. Bu, mənəviyyatsızlığımızın tarixidir.
4.
Hələ bilinmir, kimin bəxti daha çox gətirir – ölüb gedənin, ya ki qalanın?!
5.
Hər normal mətnin öz əndərunu var. Və “hiyləgər” mətn onu öz içində gizlətməyi bacarmalıdır.
6.
“Səni mən unutmaram –
xatirən
ən naməlum dumanlara bürünəcək.
Səni mən unutmaram
Ana bətninə qədər unutmadıqlarım tək.”
7.
Solan çiçəyin arxasınca yetişən meyvəni görə bilmiriksə, min illərin yaşamaq təcrübəsi hara qaçır bizdən?!
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)