Super User
Mədəniyyət Nazirliyinin yeni layihəsi Molla Pənah Vaqiflə başladı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Vətənin özü tarixin gözü ilə" layihəsinin ilk buraxılışını təqdim edir.
Layihənin bu sayı M.P.Vaqifin muzey-məqbərə kompleksinə həsr olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qazaxda doğulub Qarabağda faciəli şəkildə dünyadan köçən Vaqif Azərbaycan poeziyasının zirvələrindən biri hesab olunur.
Baş ağardı, ruzigarım оldu gün-gündən siyah,
Еtmədim, səd hеyf kim, bir mahi ruxsarə nigah,
Qədr bilməz həmdəm ilə еylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, oz lütfünü еylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.
Tarix boyu poeziya sevənlərin ürəyində taxt quran, lirik şeirləri dillər əzbəri olan Molla Pənah Vaqif həm də görkəmli siyasi xadim olub. Qarabağ xanlığının vəziri kimi də Azərbaycan tarixində iz qoyan böyük şair Vətənimizin hüdudlarından kənarda da tanınıb, daim rəğbətlə anılıb.
Müstəqil Azərbaycanın memarı Heydər Əliyev hakimiyyəti dövründə Qarabağa çox böyük diqqət və qayğı göstərib, tarixi torpaqlarımızda milli ruhun qorunması ümummilli liderin uzaqgörən siyasətinin əsas istiqamətlərindən olub. 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin yeri bilinməyən məzarı onun tapşırığı ilə tapılıb. Bu məzarın Vaqifə layiq olmadığını söyləyən Heydər Əliyevin göstərişi ilə şairin qəbri üstündə abidə və türbənin tikintisinə başlanılıb.
Məqbərinin tikintisi 1977-ci ildə başlanıb, 1982-ci ilin yanvar ayında yekunlaşıb.
Vaqif türbəsi AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında tikilib. Türbə Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılıb.
1982-ci ilin yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. Təntənəli açılış mərasimində Heydər Əliyev, Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Heydər Əliyev geniş nitq söyləyib, Vaqif türbəsinin açılışının əhəmiyyətindən danışıb.
Yüksək peşəkarlıqla inşa edilən Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirən M.P.Vaqifin muzey-məqbərə kompleksinə erməni silahlı qüvvələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra ciddi zərər dəydi. Kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi.
Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə, yanvarın 14-də Şuşaya səfəri zamanı abidəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Avqustun 29-da isə Şuşada dahi M.P.Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılan məqbərənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb.
Vaqif məqbərə kompleksi həm də əzəmətin, xalqımızın sözə, şeirə, tarixi keçmişinə verdiyi yüksək dəyərin təzahürüdür.
Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Üzeyir musiqi gününün keçirilməsi haqqında” müvafiq fərmanına uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir musiqi günü keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 18 sentyabrda Üzeyir musiqi günü münasibətilə respublikamızda bir çox konsert, tədbir və sərgilər təşkil olunur. 2009-cu ildən etibarən isə sentyabr ayında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilməyə başlamış və dünyada böyük əks-səda doğurmuşdur.
Həmin ildən başlayaraq ənənə halını almış bu festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.
Cari ildə isə Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. 18-26 sentyabr tarixlərini əhatə edəcək festival üçün xüsusi konsepsiya işlənib hazırlanmışdır. Builki festival bir neçə xətt üzrə musiqisevərlərin könlünü oxşayacaq:
Festivalın əsas proqramı
“Üzeyir ənənəsinin sönməyən ulduzları” adı altında bu il yubileyləri olan musiqi xadimlərinə həsr olunan proqram
“Üzeyir sənətinin gənclik sədaları” adı altında gənclik xətti
Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Şuşa ili”, habelə “Fikrət Əmirovun 100 illiyi” dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda ölkəmizin digər şəhər və bölgələrində – Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılmışdır.
2022-ci ildə keçiriləcək festivala dünyanın müxtəlif ölkələrindən solistlər, dirijorlar, həmçinin kollektivlər dəvət olunmuşdur. Buna misal olaraq ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya, Gürcüstandan səfər edəcək musiqiçiləri qeyd etmək olar.
Mədəniyyət naziri Anar Kərimovun Qazaxa səfəri davam edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov dünən - avqustun 30-da Qazax rayonuna səfər edib. Bu gün də səfər davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə Qazax şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Nazir və icra başçısı bir sıra tarixi abidələrə və mədəniyyət müəssisələrinə baxış keçiriblər.
Anar Kərimov əvvəlcə 2008-ci ildən fəaliyyət göstərən Qazax Rayon Heydər Əliyev Mərkəzində olub, mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxıb. Burada nazirə müəssisənin fəaliyyəti barədə məlumat verilib.
Sonra Qazax Dövlət Rəsm Qalereyasına baxış keçirilib. Bildirilib ki, 1986-cı ildən fəaliyyət göstərən qalereyanın ümumi fondunda 574 eksponat var. Onlardan 70-i sərgi salonunda nümayiş olunur.
Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinə gələn nazirə məlumat verilib ki, təhsil ocağı 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, saz sinifləri fəaliyyət göstərir, 221 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.
Səfər çərçivəsində “Azərbaycan” kinoteatrının binasının cari vəziyyətinə baxış keçirilib. Qeyd olunub ki, 1965-ci ildə tikilən binada 600 nəfərlik böyük və 50 nəfərlik kiçik zal var.
Anar Kərimov Qazaxda Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə də baş çəkib. 1970-ci ildə açılan muzeydə 1235 eksponat qorunur. Muzeydə əsasən görkəmli şairlər M.P.Vaqif və M.V.Vidadinin dövrünə (XVIII əsr) aid məişət və bəzək əşyaları, paltarlar, silahlar və s. nümayiş olunur.
Sonra nazir Qazax Tarix-Diyarşünaslıq Muzeyinə gəlib. Bildirilib ki, 1984-cü ildə yaradılan muzeyin 2016-cı ildə yeni binası istifadəyə verilib. Muzeyin yenidən qurulmuş ekspozisiyası iki mərtəbədə yerləşdirilib. Hazırda muzeydə 2910 eksponat qorunub saxlanılır, onlardan 102-si daimi sərgilənir.
Səfər çərçivəsində nazir binası 2013-cü ildə istifadəyə verilən Qazax Şəhər Ədəbiyyat Muzeyində də olub.
Anar Kərimov Qazax şəhərinin mərkəzində yerləşən yerli əhəmiyyətli memarlıq abidələrinə – Cümə məscidinə (XX əsr) və məscidin qarşısında yerləşən İsrafil ağa hamamına (XX əsr) baxış keçirib, hamam binasında aparılan təmir-bərpa işləri ilə tanış olub.
Nazirə məlumat verilib ki, məscid və hamamın binası rayonun Qıraq Kəsəmən kənd sakini, xeyriyyəçi sahibkar İsrafil ağa Kərbəlayev (1866-1917) tərəfindən inşa etdirilib. Hamam memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən hörülüb. Plan quruluşuna görə Şərq və Avropa memarlığının elementlərini özündə cəmləşdirən tikiliyə Azərbaycanın digər bölgələrində rast gəlinmir. O da bildirilib ki, İsrafil ağa hamamı Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilib. Mədəniyyət naziri daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan Qazax Müəllimlər Seminariyasının (XX əsr) binasına da baş çəkib, burada aparılan təmir-bərpa işləri ilə maraqlanıb.
Qeyd edək ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib.
Nazir Anar Kərimov Qazaxın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını da ziyarət edib, Vətən uğrunda canından keçən igid oğulların xatirəsinə dərin ehtiramını bildirib.
Mədəniyyət nazirinin Qazax rayonuna səfəri çərçivəsində rayon ictimaiyyəti üçün qəbul da keçiriləcək.
“Evimizə gəlin gəlir”lə tarixə düşdü
“Seçilənlər” rubrikasında sizlərə bu il 110 illiyi qeyd ediləcək bəstəkar Ağabacı Rzayeva barədə Savalan Fərəcovun yazısını təqdim edirik.
Ağabacı Rzayeva. Azərbaycan musiqisevərlərinin yaxşı tanıdığı bu ad həmişə xoş duyğular, qəlboxşayan nəğmələrlə assosiasiya olunur. O, milli bəstəkarlıq məktəbinin inkişafına töhfə verib, dəyərli əsərləri ilə onu zənginləşdirib. İlk qadın bəstəkarlarımızdan olan sənətkarı anadan olmasının 110 illiyi münasibətilə xatırlayırıq.
Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, dövrünün məşhur tarzəni Mirzə Fərəcin nəvəsidir. Ağabacı erkən çağlardan musiqiyə maraq göstərir. Təəccüblü də olsa, Mirzə Fərəc ailə üzvlərinin bu sahə ilə məşğul olmasını istəmir. Ona görə də ilk vaxtlarda Ağabacı musiqi ilə məşğul ola bilmir. Diqqətini orta məktəb dərslərinə yönəldir. Məktəbi bitirdikdən sonra Pedaqoji Texnikuma qəbul olunur. Təhsilini 1929-cu ildə başa vurub təyinatla Maştağa, Kürdəxanı və Saray kəndlərində müəllimlik edir.
Babası vəfat edəndən sonra atası qızlarına fərdi qaydada musiqi məşqləri keçilməsinə şərait yaradır. Ailəyə yaxın dost olan Üzeyir Hacıbəyli Ağabacı və bacısı Ruqiyyənin istedadını görür və hər ikisini Musiqi Texnikumuna qəbul edir. Onlar təhsil müəssisəsində Mirzə Mənsur, Səid Rüstəmov və Üzeyir Hacıbəylidən sənətin sirlərini öyrənirlər.
Araşdırmalarda qeyd edilir ki, 1934-cü ilin bir payız günü Ağabacının atası İsmayıl kişi evə gəlir və deyir: “Üzeyir bəy konservatoriyada Xalq musiqisi şöbəsi açıb. Heç bir ailə öz qızını konservatoriyada oxumağa icazə vermir. O, mənə dedi ki, qızlarımı onun yanına aparım. Musiqi qabiliyyətlərini bir daha yoxlayaq. Məsləhət olsa, konservatoriyada oxusunlar”.
Həmin dövrdə Ağabacı Rzayeva ilk əsərini – “Gənc vətənpərvərlər” marşını bəstələyir. Əsəri dinləyən Üzeyir bəy gənc Ağabacıya konservatoriyanın Bəstəkarlıq şöbəsinə daxil olmağı məsləhət görür. O, dahi bəstəkarın məsləhətinə qulaq asır. Əvvəlcə Üzeyir bəydən, daha sonra Qara Qarayevdən bəstəkarlıq dərsləri alır. Əsasən mahnı və romanslara diqqət ayırır. Onun yazdığı uşaq mahnıları “Kukla”, “Qaranquş”, “Balaca kapitan”, “Bakı metrosu”, “Qərənfiləm mən”, “Ağ göyərçinim” və s. mahnıları bu gün də uşaqlar tərəfindən maraqla qarşılanır.
Görkəmli bəstəkarın yaradıcılığında əmək və uşaq mahnıları ilə yanaşı, lirik əsərlər də yer alır. Onların arasında dillər əzbəri olan “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Telli sazım”, “Şuşanın yolları” və başqaları musiqisevərlər tərəfindən maraqla qarşılanır. Bəstəkarın qəhrəman neftçilərimizin əmək qəhrəmanlığını tərənnüm edən “Neftçi Qurban”, “Oxuma, gözəl”, “Çoban Qara”, ilk dəfə Moskvada səsləndirilən “Kukla” mahnısı ona geniş şöhrət qazandırır.
O, eyni zamanda bir çox mahnı və romansın, həmçinin “Höcət eləmə” (İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, xalq çalğı alətləri orkestri, simli kvartet üçün pyes və simfonik əsərlərin, İ.Nəsiminin sözlərinə bəstələdiyi 7 romansın və s. müəllifidir. Ağabacı Rzayeva daha geniş auditoriyaya ünvanlanan “Çiçəklənən yurdum”, “Azərbaycan”, “Bəxtiyar ellər”, “Dilbərim” adlı əsərlərini xor üçün bəstələyib.
Azərbaycan caz-muğam sənətinin əsasını qoyan görkəmli pianoçu Vaqif Mustafazadə bəstəkarın “Ey pəri” və “Evimizə gəlin gəlir ” kimi məşhur əsərlərinə müraciət edib.
Ağabacı Rzayeva uşaq mahnıları ilə yanaşı, “Günəşin eşqi” adlı pyes də yazıb. Xalq artisti Əfrasiyab Bədəlbəyli 12 iyun 1954-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi məqalədə yazır: “Son zamanlar Səid Rüstəmov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Qənbər Hüseynli və başqa bəstəkarlarımız uşaqlar üçün də bir sıra yaxşı mahnılar bəstələyiblər. Qənbər Hüseynlinin “Cücələrim”, Ağabacı Rzayevanın “Pioner”, “Şən yolka”, “Gənc maşinistlər” mahnısı və s. Bu mahnılar azyaşlı uşaq və məktəblilər tərəfindən sevilə-sevilə oxunur”.
Musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən Ağabacı Rzayeva 1960-cı ildə “Əməkdar incəsənət xadimi” adına layiq görülür. İki dəfə “Qırmızı Əmək bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilir.
Həm də ictimai xadim kimi fəaliyyət göstərən sənətkar üç çağırış Bakı Sovetinin, 1963-cü ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Bəstələri bu gün də dillərdə dolaşan Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə, 63 yaşında Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Məşhur olsa da Qriqori Leps özünə qadını tanışlıq saytında axtarır
Məşhur Rusiya müğənni, gürcü əsilli Qriqori Leps "İnanmayacaqsan!" verilişinin efirində həyatı ilə bağlı etiraf edib.
“Ədəbiyyat və incəsənət” portalı Rusiya mediyasına istinadən xəbər verir ki, Leps tanışlıq saytında yaşlı qadın axtardığını deyib.
"Tanışlıq saytında qeydiyyatdan keçmişəm. Günlərlə orda otururam, tanış oluram. Yetmiş yaşlı qadınlarla maraqlanıram. Əvvəllər gedib əylənməyi bacarırdım. İllər keçdikcə hər şey yox olur. İstənilən normal insan kimi. Başqa istəklər ortaya çıxır. Məsələn, sadəcə sobanın yanında sakitcə oturmaq" deyə, ifaçı qeyd edib.
60 yaşlı sənətçi yenidən ailə quraraq ata olacağı istəyini də gizlətməyib. O, iki övladı olmasını arzulayır.
Ağlasığmazdır deyilmi? Bu qədər məşhur olasan, əlçatmaz olasan, belə böyük fanat ordun olsun və bu cür düşünəsən.
AzTV-nin aparıcısı Leyla Ağayeva Azərbaycandan köçüb
“Ədəbiyyat və incəsənət” portalı axşam.az-a istinadən bildirir ki, aparıcı bundan sonra ABŞ-da yaşayacağını bildirib. Qızı ilə hava limanından görüntülərini paylaşan Leyla bunları yazıb:
"Heç kim bilmir sonuncu xudahafiz nə vaxtdır. Allah heç kimə sonuncu sağollaşmanı yaşatmasın. Nəhayət "One way ticket, baby" (Birtərəfli bilet)... ABŞ, Vaşinqton".
Qeyd edək ki, Leyla AzTV-də xəbərlər və "Gəncsən" proqramlarının aparıcısı olub.
“Nina Nikolayevna” – Nadir Yalçının hekayəsi
Nadir Yalçın - Rzalı Nadir Yalçın oğlu 2001-ci ildə Bakı şəhərində anadan olub. “525-ci qəzet”in müxbiridir. Bədii nümunələri Nadir Yalçın imzası ilə qələmə alır. Həm nəsr, həm də nəzm yazır. Nadir SilkWay beynəlxalq ədəbiyyat festivalının Azərbaycan turunun finalçısıdır.
“Ədəbiyyat və incəsənət” portalı Nadiri SilkWay festrivalının finalına daşıyan “Nina Nikolayevna” adlı hekayəni oxucularına təqdim edir.
Nina Nikolayevna
(Hekayə)
Zümzüməsi obamın nazlı gəlninin – Kürün qızıl tanasına çevrilən salxım söyüdləri titrədir, günəşlə ay arasında bardaş quran toranlığa layla çalır, sulardan boylanan ülvi arzulara dəm tuturdu. Yanıqlı, təmkinli, aramla oxuyurdu. Bütün susan qaratoyuqların acığına bu oğrun vədəni nəğmələndirirdi. Sözə avazı ilə yaraşıqlı libas geyindirsə də, bu avazla mizrabı telə möhkəm vurmaq olmazdı, od tutub yanardı qovaqlar.
Qəmlə nəşələnmək olardı bu sədada!
Gözlərini qırpmış, əllərini dizləri ilə tənləşdirmişdi. Bilirdim, qırışları dərinləşmişdi. Mən bilirdim, qeyrisi, tutalım, qonşu Əsgəri çağırsan, unamazdı bunu.
Oxuyurdu nənəsi deyən bayatılardan...
***
Yer yerindən silkələndi, darvaza şaraq-şaraq şaqqıldadı, toyuq-cücə çəpər başına tullanıb qonşu həyətinə keçdi, ağacın ətək budaqlarında sallanan gilaslar əsim-əsim əsdi, yazıq anamın yerindən dik atılmağı ilə həyətə qaçmağı bir oldu, dədəm necə diksindisə, mürgüsünə daş bağlandı. Qorxumdan tutun başına dırmaşdım.
Nənəm bu istinin cırhacırında qızmar Günəşlə əlbir olub ocağımıza od ələyirdi.
Elə yana-yana haray çəkirdi! Deyirdin, yaylığındakı yarpaqlar yerlə bir olacaq.
– Ana, nolub, nə hay-həşirdi, qonum-qonşunun dincələn vaxtı niyə qıy-qışırıq salmısan? – atam gözlərini ovxalaya-ovxalaya pilləkənlərdən düşdü.
– Mərdan, evimi murdarladılar, həyətimə qara xal saldılar, başıma daşdü, bala. Qardaşın gəlib.
Atamın çiçəyi çırtladı. Elə həmin vaxt da sevinci gözündə qaldı. Anasının neçə illərdi həsrət çəkdiyini yaxşı bilirdi. Bəs nolmuşdu axı?
– Ənvərdən ötrü gecə-gündüz ah-vay edən sən idin də, indi nolub?
– Bir kafir qızını da yanına salıb, bala, sarı pişiyə oxşayır. Dinim-imanım yandı...
O gündən nənəmin əhlət ağacından da ağır olan boxçası evimizdə qərar tutdu. Zəhər tuluğu idi, alqışına alqış çatmazdı, aman-aman qarğışından...
Anamı hirsləndirəndə çalmasını açıb qaçırdım. Dalımca əlli söz deyirdi. Hərdən yazığım da gəlirdi. Qara yaylığının ucunu gözünə sıxıb gecələr astadan ağalyırdı. Əlhəmini çaşdırmışdı, qınamırdım... Anama tapşırmışdı:
“Nə Ənvəri, nə də yanındakı xaxolu üstümə qoymarsız...”
Nənəmin həmin hay-küyündən sonra həyətlərinə götürüldüm. Əmimi heç görməmişdim, həmişə atam ondan ağız dolusu, fərəhlə danışardı. Əmimdən çox yanında gələn adamı görmək üçün səbirsizlənirdim, axı nənəmi kim belə cin atına mindirmişdi?
– Bizə nə gözəl oğlan gəlib! – əmim Ənvər dedi.
Onu ilk görəndə şux qamətli, saçları arxaya dalğalanan, enlikürək bir oğlan idi əmim Ənvər... Sevgisi gözündən yağırdı. Par-par parıldayırdı gözləri. Kəlmə belə kəsməsə, yenə bilmək olurdu ki, o başqa cür sevirdi.
– Yaxın gəl, Mərdanın baş dərisisən. Məktəbə gedirsən?
– Hə, birinci sinifə.
– Oğulsan... Tanış ol, bu da Ninadır. Nina Nikolayevna!
Əmim Ninanı mənə təqdim edəndə başımı sığallaya-sığallaya onun pərişan gözlərinə zilləndi. Bütün dərd-sərini canına çəkməkçün zillənirdi, axı o burda – doğma diyarda belə səs-küylə qarşılanmağa layiq deyildi. Əmim qorxurdu, birdən Nina onu qoyub getsə, bütün başına gələcək xoşagəlməz işlərdən bezsə... Əmim başqa cür sevirdi, bütün kəndi özünə düşmən edəcək cəsarətlə sevirdi...
Nina bu boz kəndimizə qürub vaxtı körpə ərik budaqlarından zorən ayrılıb şərə qarışan narıncı şəfəqlərə bənzəyirdi. Quluncunun üstünəcən qıvrılan sünbül sarısı saçları Ninanın təbəssümünün ecazlı davamı idi. Şax qamətindən ayrılan sinəsi düzəngahda qabaran aran təpəciklərini xatırladırdı – bu da həmin böyük təbəssümün tamamı.
O bu axarlı-baxarlı çay ömrümüzə gecələr maviləşən tül kimi sərildi.
***
Nina ilk illər bizim dildə qırıq-qırıq danışırdı. Amma elə bil dilimizin ahəngi onun nitqinə biçilmişdi, o, buz kimi soyuq danışıqçün yaranmamışdı. Kim bilir, bəlkə də, Nina öz məskəninə – əsl taleyinə qovuşmuşdu.
Qəribliyinə sıza-sıza yaş töksə də, əmimə olan məhəbbətindən əl çəkmirdi. Nina qürbətdə məskən sala bilməyən, köksünün döyüntüləri bədənini silkələyən qaranquşlar kimiydi. Elə hey çırpınırdı...
Bir dəfə əclaflıq eləyib Ninanın gözəlliyinin dərinliyinə varmışdım. Həyatımda gördüyüm ən cazibədar vücudun sahibi idi Nina Nikolayevna. Günün birində əmim biçində olanda fələyin felinə uyub taxta hamamın oyuq yerindən Ninanı o ki var süzdüm. Neyləyim? Ağzımın suyu axan vaxtlar idi. Amma o tindəki zeytun ağacı haqqı ürəyimdə pis şey yox idi. Necə ki açan çiçək, yumurtasını yenicə çartlatmış sapsarı cücə, baramadan yenicə çıxan kəpənək bütün canlılara məhrəm idi, Nina da o taxta hamamın oyuğundan öz ana libasında – təbiətin qızı kimi məni xoşhallandırmışdı.
Yalnız həmin gün gözümdən yayınmayan bir şey məni fikir təşnəsində boğmuşdu, Ninanın boynunda nəsə parıldayırdı. Həmin işarəni hesab dərsində təzə-təzə öyrənmişdim. Az keçməmişdi, qəbiristanlığın göz işlədikcə uzanan dərinliklərindən, kol-kosun içindən boylanmışdı həmin işarələr mənə sarı.
Xaç idi – Ninanın inancı, duası, məmləkəti...
Kəndimizdə zülm ayaqladı gözəl Nina. Nə xaçını boynundan açır, nə sevgisini ürəyindən söküb ata bilirdi. Amma yaxşı bələd olmuşdu bu yerlərə. İl ili qovladıqca tərtəmiz danışırdı. Yatağında cilvələnən Kürə baxdıqca Volqanı xatırlayırdı. Buraları öz içinə sığdıra bilmişdi.
Günün birində Volqadan bir külək əsdi, külək gəlib yetişdi Kürə, Kürdən ocağımıza... Nənəm torpağa basdırılan gün kəndin ağsaqqalları – dirsəklənəndə qolunun altına qoşa zər xaralı döşəkçə atılan, gəzəndə ağır tərpənən, danışanda asta dillənən, başıpapaqlı kişiləri - Sotlanəhməd dayı, Əsəd əmi, Qəşəm kişi əmimin evinə ayaq basdılar, dədəm də böyürlərində.
Kişilər göy kimi guruldadılar, yel kimi əsdilər. Nina iç vurub ağlayırdı. Az qalırdım, gedim deyim, ay kişilər, görmürsüz necə gözəldi, nə istəyirsiz, amma deyə bilməzdim. Arxayın idim əmimə, bilirdim, lazım olsa, o deyər, canlarını da alar. Belə sevirdi o, başqa cür...
Kişilər çox danışdılar, çox dil tökdülər. Nəhayətdə Əsəd əmi dilləndi:
– Qayınanan quran əhli idi. Sən də pis, yaxşı onun gəlinisən. Gərək məclisində olasan, bir işin qulpundan yapışasan. Lap bunu qoyaq kənara, nə vaxtacan tay-tuşuna qaynıyıb-qarışmayacaqsan? Əlini nəyə vursan murdarlanacaq. Gəl, biz deyənə qulaq as. Bu boyda kişilər gəlib ayağına, bizi yüngülsaqqal eləmə.
Nina yana-yana boynundakı xaçı açdı. O gecə Ninaya zülmətdən zülmət oldu. Anam ona qüsul verdirdi. Molla Məmmədi çağırdılar. Molla Məhəmməd kəlmeyi-şəhadəti dedikcə Nina təkrarlayırdı. Mollanın gur səsi evi də silkəliyirdi, Ninanın bədənini də…
Ninanın boynundakı xaç qeybə çəkildi!
Qız-gəlinlər əvvəl-əvvəl qaynıyıb qarışmasalar da sonralar buzları əritmişdilər, tez-tez onun başına yığışar, gözəlliyinə matdım-matdım tamaşa eləyərdilər. Çünki o, müsəlman olmuşdu. Müsəlman olandan sonra kəndlə qaynayıb qarışdı gözəl Nina, oğul-uşağa qaynayıb-qarışa bilməsə də... Allah payın əsirgəyirdi əmimdən, xanımından.
O rus qızı laylayı iliyinəcən başa düşürdü. Övladsızlığının acığına laylay qulaqlarına hopmuşdu, bəlkə. Qonşu gəlinlər körpə beşiyini yelləyib laylay çalanda, o həzin zümzümə Ninanı beşiktək yırğalayır, xəyaldan xəyala aparırdı.
Əmim onun qəmini dağıtmaqdan ötrü əlindən gələni edirdi. Əmimlə əl-ələ verib Kürün sahilində o baş-bu baş gəzir, qoca qovağın altında sevişib qəmlərini dağıdırdılar. Allah bilir, neçə bala arzuları Kürdə boğulub sulara qərq olmuşdu. Əmim qovağın altında Nina üçün mahnı oxuyar, əllərini onun gur saçlarında gəzdirə-gəzdirə bu yerlərin əfsanələrini nəql edərdi.
Beləcə gün günə calanır, möhnət sevincə, şadyanalıq kədərə yoldaşlıq edirdi. İllərin qanadlarından yıxılanlar geri dönmədikcə böyüdüyümüzü, yaşlandığımızı hiss edirdik.
Həyətimizdəki tut ağacını kəsdilər, filmlər rəngləndi, arzular böyüdü, qayğılar çoxaldı. Mən də böyüdüm o arzularla birgə, Nina yaşlandı, əmim nuraniləşdi. Nina dəyişdi, qırışdı, balacalaşdı. Amma saçları həminki kimi gur, canlı idi, meşə kimi… Əmim isə... Qocaldıqca qəribə sükut bürüyürdü onu, bu səssizliyi bəzən ürpəndirirdi adamı.
Təkcə o tindəki zeytun ağacları həmən qaldı...
Günün birində əmimin səssizliyi kəndi başına götürdü. Nina adını dilinə gətirə bilmədiyi ölüm mələyinin ağuşuna sığındı. Həyətdə ağappaq parçadan bir yuat yeri quruldu, ağappaq, köppüş əlli nənələr yumağa gəldilər, gümüş kimi par-parıldayan vedrəylə hovuzun yanında sicilləmə düzüldü. Ağ-ağ ağı deyən ağuçular harayladı ötənləri, keçənləri…
Nina yuyulanda anam da yuat yerində idi. Anam çox adamı yola salmışdı, ilk dəfə idi rəngi ağappaq olmuşdu. Fikirləşirdim, yəqin, Nina qəribdi, ona görə halbahal olub anam...
Gün batmağa tələsəndə anam məni evin dalına çağırdı. Adamlar səngimişdi, sakitlik idi. Gördüm, nəsə demək istəsə də çəkinir. Əlimi çiyinlərinə dayayıb gözlərimi qırpdım. Yavaşca pıçıldadı:
– Bunu Ninanı yuyanda tapdım, – corabını aşağı çəkib xaçı götürdü, ovcuma basdı, – heç kim görməyib məndən başqa, narahat olma.
– Axı bu xaç neçə ildi yoxa çıxmışdı, Nina müsəlman olmuşdu. İndi bu hardan çıxdı?
– Saçının arasından.
– Necə?.
– Xaçın nazik ipi saçının dibinə düyünlənmişdi.
Nina... O necə də sədaqətli idi. Ninanın saçı ölüncə nazilmədi, təravətdən düşmədi, həmişə gur, qıvrım-qıvrım dalğalandı. Soyuq yerlərdən gəlib qızmar məkana düşən Ninanın sarı saçları öz ölkəsində gur meşə idisə, bizim kəndimizdə səhraya bənzəyirdi, gün işığından cadar-cadar olan səhraya. O gur saçlar Ninanın sədaqət rəmzi imiş, sən demə... O saçlar nazilsəydi, xaçı harda gizlədəcəkdi? Necə bədənində daşıyacaqdı? O xaç bu illər ərzində həm yox imiş, həm var imiş.
***
Xaçı ovcuma bərk-bərk basıb düşünür, ayaqlarımı ardımca sürüyürdüm. Hara gedəcəkdim? Onun bu pünhan etibarının nişanəsini harda yoxa çıxaracaqdım? Əmim... Bilirdimi yazıq əmim? Düşünürdüm, qəbirstanlığa getmək..., xaçı torpaqlara qərq eləmək..., ya da kəndimizdə lap çoxdan basdırılan rus qəbirlərinin üstünə qoymaq gərəkdir.
Bilmirdim. Bütün bunları düşünə-düşünə gördüm gəlib çatmışam Kürün sahilinə. Bura məni gətirən o zümzümə idi... Əmim... oxuyurdu, yanıqlı, təmkinli, aramla oxuyurdu. Ötənləri yada salıb, Ninanı oxşaya-oxşaya bu oğrun vədəni nəğməsinin bağrına basırdı.
Qaratoyuqlar bu avaza məst olub ağacların koğuşuna sığınınan ilıq havada xumarlanırdılar...
Günün fotosu: NASA son 50 ildə ilk dəfə Aya güzar edir
Günün fotosu: NASA son 50 ildə ilk dəfə Aya güzar edir
NASA-nın nəhəng Artemis 1 adlı raketi Aya uçuşa hazırdır. Dünən pilotsuz Orion modulu Ayətrafı orbitə yola salındıqdan sonra Artemisin uçuşu tam hazırlanmışdır.
Bu, NASA-nın son 50 ildə Aya ilk ekspedisiyasıdır. Amerikalılar bu uçuşla ümumən insanların Ayda müddətli qalmalarını təmin etmək fikrindədirlər.
Foto: Euronews
“Şuşa musiqiçiləri”: Xan Şuşinski
“Şuşa İli” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin başladığı “Şuşa musiqiçiləri” rubrikası davam edir.
Rubrikanın növbəti təqdimatı Azərbaycanın Xalq artisti Xan Şuşinski (İsfəndiyar Cavanşir) haqqındadır.
Rubrikada görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.
İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb. İsfəndiyarda geniş diapazonlu, məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından, Aslan ağa oğlunu yeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindən olan İslam Abdullayevin sinfinə qoyub.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.
Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.
Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.
İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb. Görkəmli sənətkar, adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb.
Xan Şuşinski 1979-cu ildə vəfat edib.
“Azərbaycan musiqisinin inciləri” adlı kitab nəşr olunub
Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyəsi ilə “Azərbaycan musiqisinin inciləri” adlı kitab nəşr olunub.
Fonddan bildirilib ki, Azərbaycan Respublikasının Himni və onun notları ilə başlayan, xalq və bəstəkar mahnılarından ibarət bu kitab Azərbaycan və ingilis dillərində tərtib edilib. 50 xalq və 32 bəstəkar mahnısının sözləri və notlarının qeyd olunduğu bu kitab xaricdə yaşayan, orada doğulub, boya-başa çatmış soydaşlarımızın milli vətənpərvərlik ruhunda yetişməsinə, mədəniyyətimizin təbliğinə, soydaşlarımızın professional səviyyədə musiqi bilikərinin artmasına töhfə verəcəkdir. Kitabda həmçinin Azərbaycanın görkəmli bəstəkarları və müxtəlif xalq mahnıları haqqında ətraflı məlumat öz əksini tapıb. Sözügedən bu kitabın nəşr olunması dünya azərbaycanlıları və Azərbaycan musiqisinə maraq göstərən əcnəbilər tərəfindən milli musiqimizin öyrənilməsi və təbliğ edilməsi baxımından da aktualdır.
Kitab SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin “Ön söz”ü ilə nəşr olunub.
Xatırladaq ki, “Azərbaycan musiqisinin inciləri” kitabı xaricdə yaşayan soydaşlarımız, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan evləri ilə yanaşı, həmin ölkələrdə musiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanaları üçün də qiymətli əyani vəsait olacaqdır.
Kitab mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması üçün həyata keçirilən davamlı fəaliyyətin bir parçasıdır.