Super User
Günün fotosu: Sel Pakistanı fəlakətə sürükləyir
Günün fotosu: Sel Pakistanı fəlakətə sürükləyir
İyun ayından Pakistanda dağıdıcı
sel müşayiət olunmaqdadır, ölənlərin sayı artıq 937 nəfərə çatıb, onların da əksəriyyəti uşaqlardır.
Hökumət Fövqəladə vəziyyət elan eləyib. Ölkənin baş naziri Şahbaz Şərif dünya ölkələrinə kömək üçün müraciət edib.
Foto: Euronews
Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi fəaliyyətə başlayıb
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən ölkəmizdə cari ilin 26 avqust tarixində “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin icrasına başlanıb, layihə sentyabr ayının 5-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Youth ArtCamp” beynəlxalq proqramı çərçivəsində təşkil ediləcək bu layihə 2008-ci ildə Andorranın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə mədəni fərqləri aradan qaldırmaq, təcrübə və dəyərləri bölüşmək, beynəlxalq harmoniya, birgəyaşayış, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etmək məqsədilə təsis edilmişdir.
Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilmişdir. UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Serin himayəsi altında olan bu beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.
Xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb olunub.
Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihə mühüm əhəmiyyət kəsb edir. Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Dəvət olunan rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.
Layihə çərçivəsində Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Andorranın UNESCO üzrə Milli Komissiyası tərəfindən sözügedən layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin keçirilməsi nəzərdə tutulur.
Cənnətdə qarşılanan 27-ci doğum günü
Sənədli hekayə
(Bu yazı Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Şəhidi İlkin Şükürovun əziz xatirəsinə ithaf edilir)
Bütün Şəhidlərin bir amalı var - Vətən sağ olsun!
Vətən uğrunda ölümə gedən, “Üçrəngli Bayraq zirvələrdə dalğalansın, təki Vətən sağ olsun” deyən oğulların ömür yolu nə qədər şərəflidir, bunu hamımız bilirik. Ancaq geridə gözüyaşlı qoyduqları (ana, bacı, nişanlı, oğul, qız, ata, nənə, baba) nələr çəkir, o acını çəkənlər daha yaxşı bilir. Biz onları duymağa, hiss etməyə çalışırıq. Onların çəkdiyi acının ağırlığını dərk edəndə insan ruhən çökür. Bəy otağı hazır et, həmin otağa gəlin gətirməmiş oğlunun Bayrağa bükülü tabutu gəlsin. Gəlninin əli isti sudan soyuq suya düşməsin deyə hər şəraitli mətbəx hazırla. Həmin mətbəxdə gəlinin oğluna çay süzməmiş, oğlunun ehsan çayı dəmlənsin. Evi təmir etdir ki, toydan sonra gənclər rahat yaşasın. Həmin evdə vüsala yetişməyən gənclərin ayrılıq havası səslənsin.
Hamı çəkilib gedəndən sonra geridə ata-ana, dörd divar, qaranlıq gecə, tarimar olan arzular, bir də tənhalığa məhkum qalmış qapı-baca qalır. Nə ata, nə də ana bilmir nədən danışsın ki, bir-birinə təsəlli olsun. Yeganə ümid yerləri olan, gözlərinin ağı-qarası oğullarının ayrılığı onlara necə təsəlli verə bilər?!
Aslan dayı ilə, Firuzə xala hey susur. Birdən İlkinin anası Firuzə xala ucadan ağlayır. Elə həsrətlə, elə yanğılı ağlayır ki. Yana-yana səsləyir oğlunu. Deyirsən ki, o yanğının qarşısında Göy yarılacaq, İlkin geri dönəcək. Elə o düşüncədə bir də baxırsan ki, Firuzə xalanın halı dəyişib, dizləri yerə gəlib. Bir ananın oğul harayı daşa dəyib, ürəyinin başına çırpılır. O səhnələrin şahidi olmaq çox çətindir.
Bir yanda da nişanlısının qəbir daşına söykənib bir qız xısın-xısın ağlayır. Sevgisini Vətənə qurban verib hələ də gözü cəbhə yollarından yığılmayan Ləman gecə-gündüz ürəyində İlkin deyib, səslənir.
Tənha gecələri özünə sirdaş seçir. Yuxuma gəl, deyib, yalvarır nakam nişanlısına. İki ilə yaxındır İlkin Şəhid olub. Ləman unutmur, unuda bilmir İlkini. Sevginin bir adı da ümiddir. İlkin Ləmanın ümidlə gözlədiyi sevgisidir.
Ləmanla tez-tez əlaqə saxlayıram. Ancaq ürək edib “sevgindən danış” deyə bilmirəm. Ləmanın sevgisi indi bir kəndə aid deyil. Ləmanın sevgisi indi Vətən boydadır. Necə ki, kasıb komalardan çıxan oğullar Vətən boyda oldular. Elə o oğulların sevgiləri də Vətən boyda oldu. Hüdudsuz.
Bu gün İlkinin 27 yaşı tamam oldu. Cənnətdə qarşıladı İlkin 27-ci ad gününü.
Bir axşam Ləman mənə yazmışdı: İlkinimin ad gününə gələrsiniz? Mən də ona cavab yazdım: Əlbəttə gələrik, əzizim.
Bu gün şair Zaməddin ——- getdik. Ləmanın yarım qalmış arzularına təsəlli olmaq üçün getdik. Aslan dayıya, Firuzə xalaya “siz elə bir oğul böyütdünüz ki, o artıq tək sizin yox, bütün Azərbaycanın oğludur”, deyib, İlkinsiz ömürlərinə təsəlli olmaq üçün Ürkməzli kəndinə getdik.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından Şəhid İlkin Şükürovun valideynlərinə, doğmalarına, boynubükük, gözüyaşlı qoyub getdiyi Ləmanına başsağlığı dilədik.
Kasıb komalarda doğulub Vətən boyda olan oğullar ölməz. İlkin ölmədi, ölməzliyə qovuşdu.
Ölməzlik yaşın mübarək, İlkin!
P.S. Şükürov İlkin Aslan oğlu 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
İlkin Şükürov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində torpağa tapşırılıb.
Sonsuz ehtiramla: Səbinə Yusif
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Çəpkən
“Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.
Layihə çərçivəsində növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın milli qadın geyim nümunələrindən biri olan “Çəpkən”ə həsr olunub.
Şuşanın milli geyimləri rəngarəngliyi, forma müxtəlifliyi, göz oxşayan rəngləri, yenilikləri ilə üstünlük təşkil edərək digər bölgələrin geyimlərindən seçilir.
Qadın geyimləri dəstində çiyin geyimləri özünün rəng seçimi, estetik gözəlliyi, biçim mütənasibliyi və çoxçeşidliliyi ilə diqqəti daha çox cəlb edir. XIX-XX əsrin əvvəllərində bölgənin qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü, pullu çəpkən və digər geyim tipləri daha çox istifadədə olmuşdur. Bölgənin geyim mədəniyyəti kompleksində qadın çiyin geyimlərindən olan çəpkənlərin xüsusi yeri vardır.
Çəpkəni iqtisadi imkandan asılı olaraq bəzən bahalı ipək parçalardan, bəzən də pambıq, yun və adi parçalardan hazırlayırdılar. Rəng seçimi çəpkəndə daha ciddi nəzərə alınırdı. Belə ki, cavan gəlin və qızlar qırmızı, mavi, yaşıl; yaşlılar göy, palıdı, bənövşəyi, qara parçalardan tikilmiş çəpkənə üstünlük verirdilər. Çəpkən bədəni bel yerinə qədər kip tutur, buradan isə yanlarda qoyulmuş çapıq vasitəsilə enlənirdi. Çəpkənin yaxasının hər iki tərəfinə bəzən cərgə ilə qızıl və gümüş pullar və müxtəlif bəzəklər (pərək, muncuq, qoza) tikilirdi. Belə çəpkənlər “pullu çəpkən” adlanırdı.
Bu gün yazıçı Seyfəddin Dağlının anadan olmasının 101-ci ildönümüdür
Bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 101 il ötür.
Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.
Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.
Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr edib. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru olub. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.
Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində çap olunurdu.
S.Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.
Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır", "Bahar oğlu" romanı (Cəfər Cabbarlının həyatı haqqında), "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.
S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.
Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi "Kirpi" satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur "Molla Nəsrəddin" ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.
Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, "Kirpi" jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.
Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.
Bu gün XTNS-nin “Azərbaycan” pavilyonunda “Kino gecəsi” olacaq
Bu gün Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Kino gecəsi” adlı illik ümumrusiya aksiyası başlanacaq.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Rusiya Kinosu Gününə həsr edilmiş tədbir Moskva vaxtı ilə saat 20:00-da başlanacaq.
“Azərbaycan” pavilyonu tamaşaçılara Azərbaycan Kinematoqrafçılarının qızıl fondunu təşkil edən “Arşın mal alan” və “Qorxma, mən səninləyəm” musiqili komediyalarını təqdim edəcək.
“Kino gecəsi” adlı illik aksiya artıq yeddinci dəfədir ki, keçirilir. Açıq kinoteatrlarda, konsert salonlarında, muzeylərdə və kitabxanalarda qonaqlar üçün mühazirə və ekskursiyalar, ustad dərsləri və aktyorlarla görüşlər, konsertlər təqdim olunacaq, məşhur filmlər nümayiş etdiriləcək.
“Kino gecəsi” aksiyasının təşkilatçıları Rusiya Mədəniyyət Nazirliyi, Kino Fondu və “Kultura.RF” portalıdır.
Günün fotosu: İlon Maskın kampaniyası inanılmazı etdi
Günün fotosu: İlon Maskın kampaniyası inanılmazı etdi
Ilon Maskın SpaceX şirkəti T-Mobile simsiz rabitə operatoru ilə müqavilə imzalyıb. Tərəfdaşların layihələrinin məqsədi hazırda mövcud olmayan yerlərdə mobil rabitə təqdim etməkdir. "Ölü zonalardan" xilas olmaq üçün mobil telefonlar artıq gələn ildən başlayaraq peyklərə birbaşa qoşulacaqlar. Qeyd olunur ki, əksər hallarda istifadəçilər yeni avadanlıq - artıq kifayət qədər mövcud olan smartfon və T-Mobile SİM-kartı almaq məcburiyyətində qalmayacaqlar.
Foto: Euronews
Qəzaya düşən Tatlısəs əlil arabasında konsert verdi
Baş verən yol-nəqliyyat hadisəsi zamanı ayağı sınan sənətçi İbrahim Tatlısəs qəzadan 12 saat sonra əlil arabası ilə səhnəyə çıxaraq konsert verib.
“Ədəbiyat və incəsənət” “qafqazinfo"ya istinadən xəbər verir ki, konsert zamanı sənətçi bir tərəfdən mahnılar oxuyub, digər tərəfdən də pərəstişkarlarına yaşadığı qəzanı danışıb.
Qəzadan sonra atasını tək buraxmayan Tatlısəsin övladları Dilan və İdo da konsert zamanı onun yanında olublar.
"Bu gün yol qəzasına düşdük. Allaha qurban olum, mələklərini göndərdi. Ya Rəbbim, sən nə qədər böyüksən, sənin böyüklüyünə inanmayan kafirdir", - deyərək müğənni qəza anında yaşananları tamaşaçılarla bölüşüb.
Xatırladaq ki, ötən gün səhər saatlarında sənətçi İbrahim Tatlısesin də olduğu mikroavtobus qəzaya düşüb. O, digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.
Türkiyənin ən zəngin aktyoru kimdir?
Dünyaca məşhur ulduzların taleyini müəyyən edən "Celebsrevealed.com" internet saytı türk ulduzları ilə bağlı araşdırma aparıb.
“Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən xəbər verir ki, aktyorların rol aldığı layihələr, bağladıqları reklam müqavilələri və iştirak etdikləri layihələrin xaricə satışından əldə etdikləri paylardan orta rəqəm hesablanıb.
Araşdırma nəticələrinə görə, ilk beşlikdə 6 milyon dollarla Serenay Sarıkaya, 8 milyon dollar sərvəti ilə Hande Erçel, 10 milyon dollarla Can Yaman və Məryəm Uzerli kimi oyunçular qərarlaşıb.
Saytın məlumatına görə, Türkiyənin ən zəngin aktyoru isə Kıvanç Tatlıtuğdur. Tatlıtuğun sərvəti 15 milyon dollardır.
Bu gün Nizami Kino Mərkəzində “Nurlu yol” sənədli filminin təqdimatı olacaq
Bu gün Nizami Kino Mərkəzində Böyük mütəfəkkir, maarifçi, pedaqoq, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığına həsr olunmuş “Nurlu yol” sənədli filminin təqdimat mərasimi keçiriləcək.
Film “Masal prodakşn” tərəfindən istehsal olunub.
Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ərəfəsində ərsəyə gələn sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.
Böyük ziyalı, görkəmli maarifçi, etnoqraf-tarixçi, Cümhuriyyət dövrünün böyük mübarizi, Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyov 160 il əvvəl Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya gəlib. Teymur ilk təhsilini Qızılağac və Yeddioymağın molla məktəblərində alıb. Mollaxanada dini təhsil alan və dünyəvi elmlərlə tanış olan Teymur Lənkəranda ikisinifli rus məktəbinə daxil olur. Gənc Teymur Tiflisdə həm feldşer məktəbini, həm də Qori Müəllimlər Seminariyasında da oxuyur. Seminariyanın ilk üç azərbaycanlı tələbəsindən biri Teymur olub.
1911-ci ildə Teymur bəyin pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli şəkildə qeyd olunub. Bu, o dövr üçün böyük hadisə idi. Teymur bəy bir az da irəli gedərək daha bir uğura imza atır. Lənkəranda Ünas (Qızlar) məktəbinin açılmasına nail olur.
Teymur bəy Lənkərandan sonra fəaliyyətini Bakıda davam etdirib. Bölgənin tarixi, etnoqrafiyası və folkloru ilə bağlı ən uğurlu əsərlərin müəllifi kimi şöhrət qazanıb. Ona bu məsul işdə yardım edənlər doğmaları olub