Super User
Azərbaycan İsveçrədə keçirilən milli geyim və rəqs festivalında uğurla təmsil olunub
“Azərbaycanın Dostları” Birliyi İsveçrədə keçirilən milli geyim və rəqs festivalında ölkəmizi uğurla təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivalda Azərbaycan, İspaniya, Portuqaliya, Finlandiya, Ukrayna, Şri-Lanka və digər ölkələrin milli-mədəni birlikləri iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Bakıdan dəvət olunan “Ritm” rəqs qrupu festivalda “Yallı”, “Sarı gəlin”, “İgidlər”, “Azərbaycan naxışları”, “Odlar yurdu” və digər milli rəqslərimizi təqdim ediblər. Milli adət-ənənələrimizi əks etdirən bu rəqslər tamaşaçılarda böyük rəğbət doğurub.
Təşkilatçılar Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyini festivalın əsas hadisəsi adlandırıb və yüksək sənət nümunəsi nümayiş etdirən “Ritm” rəqs qrupuna xüsusi minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu festival güləş üzrə İsveçrə çempionatı ərəfəsində təşkil olunub.
Qətərdə Leyla Əliyevanın kitabının təqdimatı keçirilib
Avqustun 28-də Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində “Katara” Mədəniyyət Şəhərciyinin baş direktoru Khalid İbrahim Əl-Sulayti, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Mehmet Mustafa Göksu, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri və diplomatik heyəti, bu ölkədə fəaliyyət göstərən media nümayəndələri, eyni zamanda, Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, səfir Rəşad İsmayılov tədbirdə çıxış edərək, Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünəməxsusluğundan söz açıb və “Dünya yuxutək əriyir” kitabının ərəbcə versiyasının ilk dəfə Qətərdə təqdim olunduğunu vurğulayıb. O, oxuculara təqdim olunan bu şeirlər toplusunda “Getmə, ana”, “Hərənin öz sonu”, “Qu quşu”, “Kəpənək”, “Hər birinin sonu var”, “Pərvanə” və digər təsirli şeirlərin olduğunu qeyd edib.
R.İsmayılov, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə də məlumat verərək, burada əsas məqsədin beynəlxalq birliyi Xocalı faciəsi haqqında ədalətli məlumatlandırmaq olduğunu qeyd edib və bu kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzünün ifşa olunduğunu diqqətə çatdırıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malikdir. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss edilir.
Qeyd edək ki, “Dünya yuxutək əriyir” kitabının dizaynında Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərindən nümunələr əks olunub.
Sonra Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
“Katara” Mədəniyyət Şəhərciyində keçirilmiş Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi haqqında Qətərin ingilisdilli “Gulf Times” və “The Peninsula” qəzetlərində geniş məqalələr dərc edilib, həmçinin “Katara” Mədəniyyət Şəhərciyinin rəsmi saytında və sosial şəbəkələrində məlumatlar yerləşdirilib.
“Şuşa mədəniyyətinin inciləri”: Mamayı məscidi
Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamayı məscidinə həsr olunub.
Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi.
Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olub. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır.
Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib.
DokuBaku Festivalı münsiflər heyəti üzvləri elan edilib
21-25 sentyabr 2022-ci il tarixlərində keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət beynəlxalq münsiflər heyətini elan edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar.
Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu il münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod vardır.
Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox kino festivallarının laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.
Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.
Qeyd edək ki, DokuBaku Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.
Şuşada “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edildi
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser çıxış edərək “Youth ArtCamp Shusha and Baku” layihəsinin məhz Şuşa şəhərində təşkilinin əsas məqsədinin davamlı sülhün təbliğ edilməsi olduğunu vurğulayıb. Hedva Ser həmçinin sözügedən layihənin mədəni dialoqların qurulmasına şərait yaradacağını bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin eksperti Murad Məmmədov tədbirdə çıxış edərək Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihənin mühüm əhəmiyyətindən bəhz edib.
Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Emil Əhmədov çıxış edərək Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihənin xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edildiyini qeyd edib.
Tədbirdə həmçinin Azərbaycanlı rəssam Əsmər Nərimanbəyova çıxış edib və layihənin işğaldan azad olunmuş ərazilərdə təşkilinin tarixi hadisə olduğunu vurğulayıb.
Bu gün Türkiyəmizin Zəfər Günüdür
Türkiyə Cümhuriyyətinin şanlı tarixində bir çox önəmli gün və bayramlar var. Bunlardan biri 30 avqust Zəfər bayramıdır. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qəti mübarizə aparmış, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçmiş və onların uğrunda ölüm-dirim savaşına qalxmışdır. Bu savaşlar gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə tarixə yeni səhifələr yazmışdır. Bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.
Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd olunan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qutlanıb. Rəsmi olaraq Zəfər bayramı 1936- ci ilin may ayında elan olunub. Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur. 30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir.
Bu gün Türkiyə, Kıbrıs ilə yanaşı, çiyin-çiyinə qardaş Azərbaycan da Zəfər bayramını böyük sevinc hissilə qeyd edəcək.
Ən yaxşı müasir şeirlər - “Dərdi övladlığa götürən adam”
Neçə doğma adı itirmişəm mən,
Mən dünən min idim, indi neçəyəm?
Dərdi övladlığa götürmüşəm mən-
Onu balam kimi böyüdəcəyəm…
Dünya bir sobaymış- od-ocağı yox,
Bir qoca deyinir evdə qarıyla.
O yetim uşağın oyuncağı yox,
O uşaq oynayır göz yaşlarıyla…
Dəyir qulağıma ölümün səsi,
Az qalıb qırılıb yerə düşməyə.
O son budaqdakı sərçə neynəsin,
Başqa budaq yoxsa yer dəyişməyə?..
Sən elə bilirsən diriyəm, qızım-
Sənin də bir ümid baxtına düşüb.
Üstünə gələndə “qara kağız”ım,
Nə yaxşı, savadsız vaxtına düşüb…
Görən nə istəyir əlim yaxamdan,
Görən tərs keçmişəm yolu harda mən?
Bir sevgi qazandım bu dünya xamdan,
Bir ömür uduzdum bu qumarda mən.
Çoxu bu dünyayla durub güləşdi,
Yıxdı öz evini…tikmək istəyən.
Gecə ay işığı, gündüz günəşdi,
Məni göy üzünə çəkmək istəyən.
…Bizim axşamlarda yanmayır bu şam,
Sevinc bir qatardı- bizi götürmür.
İlahi, nə yaman ağır olmuşam-
Məni bu dünyanın gözü götürmür…
Əlizadə Nuri
Adı özündən çox yaşayacaq sənətkar
Bir gün Əmir Teymur öz qoşunuyla Şiraza çathaçatda atını saxlayır, vəzirinə deyir ki, bu vilayətdə ən ləyaqətli adamı tapıb gətirin!
Nə isə, Hafiz Şirazini tapıb gətirirlər, böyük hörmət və ehtiramla...
Teymur atdan düşür, əl açıb ona tərəf yürüyür. Ona yaxınlaşanda Hafiz Şirazi diz üstə çökür. Teymur geri qayıdıb atına minir və əmr edir- Bu vilayətdə başıpapaqlı qalmamamalıdır!..
Cəngavər kimidir, atıldığı döyüşdən geri çəkilməyi xoşlamır. Özünə güvənir, təzyiq göstərməyə meyillidir. Müstəqilliyi çox sevir, azadlıq onun ən böyük arzusudur. Onu cilovlamaq son dərəcə çətindir. “Mən də buradayam” deyən, cəsarətli bir davranışı var. Rəsmiyyətə nifrət edir, səbirsiz olduğundan bəzən uşaq saflığı ilə sərhədləri aşıb keçməyə səy göstərir və heç bir qaydaları tanımaq istəmir. Təmkinli olduğu qədər də əsəbidir. Qurub yaratdıqlarını bir anda dağıda bilər. Yalqız qalmağı xoşlayır, onda öz aləminə qapılır və problemləri unudur...
Tükənməz enerjisi var, bu enerji hisslərinə hakimlik edir. Dominant adamdır, üstünlüyü həmişə qoruyub saxlaya bilir. Hər zaman öndə olmağı sevir. Həm də özünü güclü şəkildə ifadə etməyi bacarır. Bu bəzən ona problem yaradır...
“Deyilənlərə görə, insan ömrünü qısaldan səbəblərdən ən əsasları - qorxu, bədbinlik, nifrət, bir də qətiyyətsizlikdir.”- söyləyir...
Haqqında söhbət açdığım Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, "Debüt" studiyasının baş redaktoru, “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusunun, "Kölgəsiz adam" hekayə və povestlər kitabının, "Rasim Balayev" kitabının müəllifidir. Bir sıra filmlərin ssenarisi ona məxsusdur...
Deyir ki,- "Təşəbbüskar axmağın mənə yazdığı mesajdan bir neçə kəlməni sizə də söyləmək istəyirəm:
"- Adə, başınıza at təpib?! Sizə deyrlər, mumla, danışma!- danışma da! Kilitləyin də ağzınızı! Deyirlər etiraz - filan eləmiyin, olmaz - eləmiyin də bə! Eləməsəniz, ölərsiniz?! Deyirlər, biz nə deyirik onu deyin, nə istiyirik onu eləyin, bizə nə lazımdırsa, onu yazın... "Fas!", "Aport!", "Sidet", "Qolos" - bitdi də, qanmırsınız?! Deyirlər, qatlq qaradı, deməli qaradı da, atmilçəyi kimi nə yapışırsız, nə dirəşirsiz, nə hoqqa çıxarırsız?!
Demakratiya nədir, azadlığ-mazadlığ nədir?.. Ölün harda ölmüsüz, orda da köpüb qalın da!!! Başınızı salın aşağı, sürünün özünüzçün!!! Sürünməyə duxunuz çatmırsa, əyilin, bükülün, büzüşün, ikiqat olun, lap belə, donbalağ aşın!
Bunlara bax eee, gül kimi hökumətnən hökumətlik eləmək istiyirlər!.. Ölmüşdü Xandadaş! Ala, uje visyo da!!!"
Bir vaxtlar Milli Şurada təmsil olunduğundan ölkədə iqtidara müxalif ziyalılardan biri kimi tanınır. Amma onun hakimiyyətdə təmsil olunmaq arzusu heç zaman olmayıb. Bu heç mümkün də deyil. Yaşının səkkizinci on illiyinə qədəm basıb. Ona sakit həyat, nəvələrilə gün keçirmək, ömrün son mərhələsini firəvan yaşamaq daha önəmlidir. Sadəcə ölkədə baş verən neqativ hallara biganə qala bilmir. Bu da onun son dərəcə çılğınlığından irəli gəlir.
“Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı, hüququ və ixtiyarı yoxdur. Mən bu cür siyasi qurumda, “Milli Şura”da olmaqdan xəcalət hissi keçirirdim. Odur ki, həmin qurumu tərk elədim, peşman da deyiləm.”- söyləyir...
Məcaralara meyillidir, daim hərəkətdə olmaq istəyi, səbirsizliyi bəzən ona problem yaradır, amma təcrübəli olduğundan bu çətinlikləri dəf edə bilir. Qəzəb və nifrət hissi ona yaddır. İnsanpərvər, xalqa bağlı adamdır. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə məhz buna görə çox vaxt müvəffəqiyyət qazanır. O, öz problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxusu sadəcə olaraq əriyib gedir.
Xoşbəxtlikdən yaddaşı elə də güclü deyil. Bu onun qəlbinin təmizliyindən, kinli adam olmadığından irəli gəlir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır...
Deyir ki,- “Dünyanın ən gözəl heykəltəraşı SEVGİdir. Heç bir istedadlı heykəltəraş SEVGİ qədər möhtəşəm heykəl yapmaq qüdrətində deyil. Çünki SEVGİ öz "əsərlərini" bir başa insanın qəlbinə həkk edir. Qəlbin ALLAH sevgisiylə dolu olsa, ruhun sənə xoşbəxtlik qanadları bəxş edər!..”
Bəli, o da xoşbəxt insanlardan biridir, yaratdığı ekran əsərləri onu unudulmağa qoymayacaq- adı özündən çox yaşayacaq...
Elman Eldaroğlu
TÜRKSOY-un Türkiyədə bir araya gətirdiyi rəssamların əsərlərindən ibarət sərginin açılışı olub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən həyata keçirilən 22-ci Rəssamlar görüşü layihəsinin iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı keçirilib.
AzərTAC xəbər verir ki, TÜRKSOY Rəssamlar görüşünün bağlanış və sözügedən sərginin açılış mərasimində Safranbolu bələdiyyəsinin sədri Əlif Kösə və Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı rəsmi nümayəndəsi, TÜRKSOY-un adı çəkilən layihə üzrə koordinatoru Elçin Qafarlının çıxışları olub.
Çıxışlardan sonra iştirakçı rəssamlara sertifikatlar təqdim edilib və sərgi açılıb.
Safranbolu Mədəniyyət Mərkəzində sentyabrın 5-dək davam edəcək sərgidə türk dünyasının müxtəlif ölkələrindən rəssamlar görüşündə iştirak edən 23 rəssamın Safranbolunu və türk dünyasını əks etdirən 69 əsəri nümayiş olunur. Görüşdə Azərbaycanı dörd fırça ustası təmsil edir.
Qeyd edək ki, rəssamlar görüşü TÜRKSOY-un həyata keçirdiyi strateji mədəniyyət layihələri arasında mühüm yerə sahibdir. Hər il təşkil olunan bu görüş çərçivəsində türk dünyasının fırça ustaları bir araya gəlir, rəssamlarımız arasında yeni-yeni əməkdaşlıq körpülərinin təməli atılır. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı türk dünyası rəssamlarının 23-cü görüşünü Şuşada keçirmək niyyətindədir. Təşkilat hesab edir ki, Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyi üçün növbəti rəssamlar görüşməsinə ev sahibliyi etməyə ən uyğun məkandır.
“Şuşa yaradıcılıq emalatxanası”nın iştirakçıları Şuşa şəhəri ilə yaxından tanış olublar
Avqustun 28-də “Şuşa yaradıcılıq emalatxanası” layihəsi çərçivəsində bir sıra yaradıcı insanlar Mədəniyyət paytaxtımız Şuşa şəhərini ziyarət ediblər.
“Ədəbiyyat və incəsənət portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa şəhərinin görməli yerləri –Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, Şuşa qala divarlarını ziyarət edib, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanın təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
Qeyd edək ki, səfər təəssüratlarından ilhamlanaraq sənətçilərin ərsəyə gətirəcəyi əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq tədbirdə geniş auditoriyaya çatdırılacaq