Super User
Anons: Sabah Azərbaycanın və Özbəkistanın xalq artisti Nəsibə Abdullayevadan Aida Eyvazlının aldığı müsahibə ilə tanış ola biləcəksiniz
Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə Nəsibə Abdullayevaya Azərbaycanın Xalq Artisti fəxri adı verildi. Özbəkistanda yaşayan azərbaycanlı müğənni bundan öncə isə Özbəkistanın Xalq Artisti adını almışdı.
Çox sevilən, Azərbaycanda “Səndən nigaranam”, Özbəkistanda “Qaragöz boy-boy” kimi bir çox mahnılarla sənətə möhürünü vurmuş müğənni ilə söhbəti sabah qaçırmayın.
Nəsibə Abdullayeva Xalq Artisti fəxri adına layiq görülüb
Prezident İlham Əliyev Nəsibə Abdullayeva haqqında sərəncam imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlik qızı Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.
Qeyd edək ki, N. Abdullayeva Azərbaycanda daha çox “Səndən nigaranam” mahnısı ilə məşhurlaşıb.
Rəsm qalereyası: Rövşən Bağırov, “Şuşa mənzərələri”
Günün fotosu: Avroittifaq Rusiyaya yeni sanksiyanı müzakirə edir
Günün fotosu: Avroittifaq Rusiyaya yeni sanksiyanı müzakirə edir
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Çexiyanın paytaxtında Rusiya vətəndaşlarına Rusiyanın Ukraynaya təcavüzünə görə Avropa ölkələrinə gəlmək üçün vizaların verilməsinin qadağan edilməsini müzakirəyə çıxarıblar.
Foto: Euronews
Rüfət Axundov: “Uduzduğum üçün atam evə buraxmadı"
“Hərbçi ailəsində doğulmuşam. Anam müəllim, atam isə hərbçi olub. Kişi kimi formalaşmağımı atama borcluyamm. Gənc yaşında maşın sürməyi öyrədib. Bir amalı olub, heç vaxt eşitməsin ki, "Sənin oğlunu döymüşük. Özündən balacalara da döyülsən, onu da sənə bağışlamaram. Dalaş, amma özündən böyüklə. Gücün də çatmasa, daşı vur başına" deyirdi".
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rüfət Axundov "Söz baz" proqramında deyib. Sənətçi belə bir hadisəyə görə cəzalandırıldığını bildirib:
"Bir dəfə həyətimizdə özümdən böyük dostuma güləşdə uduzdum. Atam məni evə buraxmadı. Dedi, "Olmaz. Nə vaxt udarsan, onda gələrsən". Atam yatandan sonra anam evə buraxdı. Səhəri gün güləşdim, dedim ki, udmuşam. Atam elə şeyi götürmürdü. Bizdə uduzmaq söhbəti ola bilməzdi".
Yazığı niyə həbs edirsiniz axı?
Rusiyadakı “Kino Group" MMC-nin keçmiş baş direktoru Dmitri Bolşakov 5 il 6 ay müddətinə həbs cəzası alıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, buna səbəb prodüserin rüşvətxorluqda vasitəçi olması olub. Belə ki, o, "Çikatilo" serialının epizodlarından birinin çəkilişləri üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına 400 min rubl rüşvət təklif edib. Bunun qarşılığında Moskvanın mərkəzi küçələrindən biri bağlanıb.
Bəli, insan rüşvəti sadəcə kinoya sevgisinin təcəssümü kimi verib, amma bunu nəzərə alan kimdir?
Şerbinski Rayon Məhkəməsinin hökmü ilə Dmitri ölkənin cinayət məcəlləsinin 291.1-ci "rüşvətxorluqda vasitəçilik" maddəsi ilə nəzərdə tutulmuş üç cinayəti törətməkdə təqsirli bilinib. O, cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Eyni cinayət işinə görə təqsirli bilinən polis əməkdaşları İqor Fayzullin və Dmitri Smolin külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Məhkəmə birincinin 8,5 il müddətinə cəzaçəkmə müəssisəsində, ikincinin isə 7,5 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilməsini qərara alıb.
1914-cü ilin “Sport-Rekord” (Almaniya), “Pate” (Fransa) firmalarının Məşədi Məhəmməd Fərzəliyev Şuşalıya həsr edilmiş kataloqları barədə
“Ədəbiyyat və incəsənət” portalı muğam irsimizin tədqiqatçısı, Filologiya üzrə fəlsəfə doktoruGülhüseyn Kazımlının böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev Şuşalı barədə yazısını oxucularına təqdim edir.
Bildiyiniz kimi, 2022-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa ili elan edilmişdir. 1872-ci ildə Şuşada doğulmuş böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev Şuşalının150 illik yubileyinin bu ilə təsadüf etməsi də simvolikdir. Onun zəngin irsi (50-dən çox ifası) Azərbaycan Dövlət Səs Yazıları Arxivində böyük diqqət və qayğı ilə qorunub saxlanılmışdır və tədricən bərpa edilərək müasir səs daşıyıcılarına köçürülür. Azərbaycan muğam irsimizin hamisi, muğam sənətimizin bugünkü səviyyəyə çatmasında misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya böyük xəzinəmizə, zəngin sərvətimizə göstərdiyi diqqət və qayğıya görə bütün muğamsevərlər adından səmimi təşəkkürümü bildirirəm.
Çox yaxşı ki, Azərbaycan Dövlət Səs Yazıları Arxivində əsrin əvvəllərində yaşamış bütün məşhur xanəndələrimizin səs yazıları var. Məşədi Məhəmməd Fərzəliyev haqqında kitab üzərində işləyərkən yenidən Səs Yazıları Arxivində oldum, onun səsi yazılmış onlarla vala qulaq asdım.
Mənə 1914-cü ildə “Sport-Rekord” (Almaniya), “Pate” (Fransa) firmalarının Məşədi Məhəmməd Fərzəliyev Şuşalıya həsr edilmiş kataloqlarını da göstərdilər. Bu böyük xanəndənin Qarabağlı, Şuşalı olmasına şübhə edənlərə deyirəm: Həmin kataloqlara və vallara diqqətlə baxın.
Şəkillərdə: Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Xədicə xanım Fərəcullayeva və Gülhüseyn Kazımov; “Sport-Rekord” firmasında Məşədi Məhəmməd Fərzəliyev Şuşalıya həsr edilmiş kataloq (1914); Məşədi Məhəmməd Fərzəliyev Şuşalının ”PATE” firması tərəfindən çap edilmiş kataloqu (1914-cü il).
Kris Rok növbəti “Oskar” mükafatlandırma mərasiminə aparıcılıq etməkdən imtina edib
Məşhur komediya ustası Kris Rok ABŞ Kinoakademiyasının təşkil etdiyi növbəti 2023-cü il “Oskar” mükafatlandırma mərasiminə aparıcılıq etmək təklifini rədd edib.
kinonews.ru saytı xəbər verir ki, tanınmış komediyaçı bu barədə media nümayəndələrinə məlumat verib.
Xatırladaq ki, 2022-ci il “Oskar” mükafatlandırma zamanı Kris Rokun dediyi sözləri onun həyat yoldaşı Jada Pinkett Smit haqqında xoşagəlməz zarafat hesab etdiyi üçün aktyor Uill Smit səhnəyə çıxaraq komediyaçının üzünə sillə zərbəsi endirmişdi. Buna görə də Kinoakademiyanın idarə heyəti U.Smitin “Oskar” mükafatlandırma mərasimlərində və ya Akademiyanın digər tədbirlərində iştirakını növbəti 10 il müddətində qadağan edib. Bu məsələ Hollivud aktyoru U.Smitin karyerası və nüfuzuna xeyli ziyan vurdu, eləcə də onun iştirakı ilə bir çox layihələr dondurularaq, ləğv edildi.
2022-ci il iyulun sonunda U.Smit bağışlanma xahişi ilə K.Roka müraciət edərək üzrxahlıq videosu da paylaşıb.
Səyyah qadınlar üçün ən təhlükəsiz ölkələr müəyyən edilib
Ekspertlər təkbaşına səyahət edən qadınların istirahət etmək üçün gedə biləcəyi ən təhlükəsiz ölkələri müəyyən ediblər.
Bununla əlaqədar, “Bounce” turist əlavəsi tərəfindən aparılmış tədqiqatın nəticələri “Travel off Path” nəşrində dərc edilib.
Reytinq tərtib edilərkən qadınlara münasibətdə zorakılıq səviyyəsi, evdə zorakılıq, cəmiyyətdə qadınların ünvanına zorakılığa münasibət, gecə vaxtı qadınların tənha gəzməsinin nə dərəcədə təhlükəsiz olması, qadınların qorunmasına dair qanunvericilik, gender bərabərliyi və bir sıra başqa göstəricilər nəzərə alınıb.
Reytinqdə birinci yeri İrlandiya tutub. Bu ölkədə qadınlar cəmi 1 faizi hesab edir ki, qadınlara münasibətdə zorakılığa haqq qazandırıla bilər. Kişilər tərəfindən zorakılığa məruz qalmış qadınların sayı, qətl qurbanı olmuş qadınların sayı və qlobal gender bərabərsizliyi indeksinin ən yaxşı göstəricilərindən biri də İrlandiyada qeydə alınıb.
İkinci yeri Avstriya tutur. Bu ölkədə zorakılığa məruz qalmış qadınların sayı nisbətən aşağıdır, eyni zamanda qadınların 79 faizi bildirib ki, gecə vaxtı evə təkcə gedəndə özlərini təhlükəsiz hiss edirlər. Üçüncü yeri Norveç tutur. Burada qətl qurbanları olan qadınların hər 100.000 nəfərə düşən sayı ən aşağı olub. Gecə vaxtı evə tək qayıdarkən özlərini təhlükəsizlikdə hiss edən qadınların faizlə sayı ən yüksək (83 faiz), gender bərabərsizliyi isə dünyada ikinci olub.
Turist qadınlar üçün dünyada ən təhlükəsiz 10 ölkə:
1. İrlandiya (ümumi təhlükəsizlik qiyməti 7,88)
2. Avstriya (7,70)
3. Norveç (7,45)
4. Sloveniya (7,19)
5. İsveçrə (7,01)
6. İspaniya (6,97)
7. Portuqaliya (6,88)
8. Kanada (6,67)
9. Niderland (6,15)
10. Polşa (5,97)
Eyni zamanda, təkbaşına səyahətə çıxan qadınlar üçün ən təhlükəli istiqamət Kolumbiya hesab edilib. Sonrakı yerləri Kosta-Rika, ABŞ və Çili tutur.
“Ən çox qorxduğum şey nə vaxtsa ədalətdən, ləyaqətdən kənar olan nəyəsə yol verməkdir...”
Bu gün “Seçilmişlər” rubrikasında təqdim edilən şəxs Azərbaycan jurnalistikasının "Marşal"larından biridir, amma təəssüf ki, hələ də Əməkdar Jurnalist adına layiq görülməyib. Bu gün onun doğum günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun yazısını təqdim edir. “O kimdir axı” deyə sual verəcəksiniz. Darıxmayın. Oxuyanda biləcəksiniz.
Təqvimdə 2010-cu il idi. Dostum, qardaşım, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənovun təklifilə onun təşkil etdiyi treninqlərdən birində iştirak edirdim. Fasilə zamanı təsadüfən dəhlizdə həmsöhbət olduq. Yaddaşımda iti zəkalı, peşəsini dərindən bilən, müasir təfəkkürlü, təcrübəli bir insan kimi qaldı. Kübarlığı, yüksək mədəniyyəti davranışında öz əksini tapmışdı. Sonralar qələmə aldığı müxtəlif yazılarını oxudum. Həmin yazılar müəllifinin mükəmməl jurnalist olduğunu açıq-aşkar təqdim edirdi. Bəli, peşəkarlıqla səmimiyyət üst-üstə düşəndə və bunlar istedaddan qaynaqlananda ərsəyə gətirilən yazılar da gözəl, oxunaqlı olur...
Deyir ki,- “Nəinki qocalmaqdan, ölümdən də qorxmuram. Buna əvvəlcədən hazıram. Bir dəfə demişdim ki, şərəfsizlikdən qorxuram. Ən çox qorxduğum şey nə vaxtsa ədalətdən, ləyaqətdən kənar olan nəyəsə yol verməkdir...”
Əslində, yazmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, yazmağı bacarırsan, çətinliyi isə ondadır ki, yazıya ruh qatıb canlandırmalısan. Məni qınamayın, bir yazı insanı yorursa ölü, düşündürürsə canlıdır. Canlı yazıları oxumaq adama zövq verir, unutduqlarını yada salır, bilmədiklərini öyrədir…
“Hər bir insan özünü ifadə etmək istəyir. Jurnalistika bunun üçün bəşəriyyətin fikirləşib tapdığı, bəlkə, ən dolğun və gözəl formadır. İntəhası, insanın içərisində yaşadığı, işlədiyi mühit ömürçürüdəndirsə, bunda peşənin nə günahı? Həm də jurnalistika mənəviyyatla sıx bağlı sahədir. Sağlam mənəvi dayaqlara, ideallara söykənən peşə ömürçürüdən ola bilməz.”- söyləyir...
1960-cı ilin üçüncü kvartalının, ikinci ayının 31-də Qazaxda dünyaya gəlsə də Bakıda böyüyüb böya-başa çatıb. Lomonosov adına Moskva Dövlət Universitetində jurnalist ixtisasına yiyələnib. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olub. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, bir sıra televiziya və radio verilişlərinin, sənədli filmlərin ssenaristidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır…
Deyir ki,- “Doğrudur, 1960-cı ilin avqust ayının 31-də doğulmuşam, amma bioqrafiyam haqqında danışarkən 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az da radioda çalışmışam. Televiziyadan başqa...”
Bəli, söhbətimin qəhrəmanı jurnalist Arif Əliyevdir. Yeri gəlmişkən, dünyanın hər yerində jurnalistika müqəddəs peşələrdən biri sayılır və hər bir cəmiyyət jurnalisti təmiz, vicdanlı, dürüst insan kimi qəbul edib, ona inanır. Azərbaycan jurnalistikasında da təmiz, vicdanlı insanlar az deyil. Onlardan biri də odur. Məhz bu göstəricilərinə görədir ki, o, ölkə mətbuatında yeni cığır açmağı bacarıb. Şəxsi keyfiyyətlərilə istedadına rəng qatan bu insanın son uğuru bizi çox sevindirir. Onun ssenarisi əsasında mərhum reşissor Rövşən Almuradlının quruluş verdiyi "Əsgərlər unudulanda ölürlər" sənədli filmi Xorvatiya və İstanbulda keçirilən festivallara vəsiqə alıb. Kanadada və eləcə də ölkəmizin müxtəlif şəhər və rayonlarında nümayiş etdirilib...
“İnsan var ki, doğum gününü xoşlamır, hətta qeyd etmir. Mən bu günü çox sevirəm və indiyə qədər həmişə dostlarım yanımda olub, gecəyə qədər qeyd edib söhbətləşirik və.s. Etiraf edim ki, doğum günümdə kefim bir az yaxşı olur.”- söyləyir...
Bəli, avqustun 31-i Arif Əliyevin 62 yaşı tamam olur. Yəqin ki, dostları yenə də ətrafında olacaqlar...
İctimai-siyasi məqalələrində bəzən sərt, bəzən də yumşaq olsa da, bütün ömrünü həqiqəti söyləməyə çalışıb, dövlətə, xalqa xidmət göstərib. Maraqlı yazıları, layihələri ilə zaman-zaman gündəmə gələ bilib. Neçə-neçə jurnalistin yetişməsində əməyi var. Bu xidmətlərini nəzərə alanda Arif Əliyevin hələ də “Əməkdar jurnalist” fəxri adına layiq görülməməsi təəssüf hissi doğurur. Yəni dövlət səviyyəsində mükafatlandırılmasının vaxtı çoxdan yetişib. Bir də ki, necə deyərlər, başımızın üstündə Allah var, təsdiq edək ki, o, Azərbaycan jurnalistikasının elitasında yer alan peşəkarlardan, daha doğrusu “Marşal”lardan biridir...