Super User
ƏSA Teatrı bu gün 6 yaşını qeyd edir
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının fəaliyyətə başlamasının bu gün 6-cı ili tamam olur. Əlilliyi olan və olmayan aktyorlardan ibarət bu teatr 2016-cı il sentyabrın 3-də rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.
ƏSA Teatrı yarandığı gündən bu günədək 6 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib, eləcə də vacib layihələr həyata keçirib.
Gənc olmasına baxmayaraq, teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin, J.P.Sartrın, P.Turrinin əsərləri olmaqla 10 tamaşa və üç performans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub, həmçinin çox sayda rəqəmsal layihələr həyata keçirib. 2016-cı ildən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.
ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. 2021-ci ildə Rusiya Federasiyasının “Sosial-Mədəni Təşəbbüslər Fondu” tərəfindən “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb. Həmçinin Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib. Ötən il respublika üzrə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nda “Qonşu” tamaşası ilə birinci yerə layiq görülüb.
Qeyd edək ki, 7-ci mövsümə başlayan ƏSA Teatrı sentyabr ayından etibarən tamaşaçıların görüşünə gələcək.
Bu gün 6 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kollektivin məkanla təmin olunmasıdır.
18 sentyabrda Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun” operası ilə açacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni 114-cü teatr mövsümünü sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.
Səhnə əsərində Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist, Əməkdar artist Arzu Əliyeva ifa edəcək. Digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları canlandıracaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsərini dirijor Sevil Hacıyeva idarə edəcək.
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 114 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Günün fotosu: ABŞ-da ilk iqlim qaçqınları peyda olub
Günün fotosu: ABŞ-da ilk iqlim qaçqınları peyda olub
Aramsız yağan yağışlar, sel və daşqınlar ABŞ-ın Luiziana ştatını təbii fəlakətə sürükləmişdir. Evlər, təsərtüfatlar su altında qalmışdır. Nəticədə kənd və qəsəbələrin sakinləri qaçqın düşmüşlər.
Foto: Euronews
Xəzər TV yeni sezonda üç məşhur serialı ekranına daşımağa hazırlaşır.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, “Xəzər” telekanalında yeni mövsümdə iki türk, bir rus serialı yayımlanacaq.
Belə ki, TRT 1 istehsalı "Masumlar apartmanı" və "Uyanış: Büyük Selçuklu" "Xəzər"in yeni efirə verəcəyi türk seriallarıdır. Türkiyədə yüksək reytinq toplayan layihələr azərbaycanca yayımlanacaq.
"Masumlar apartmanı"nın adı tərcümə edilərək "Məsumlar məkanı" qoyulub.
Tarixi janrda olan digər ekran işinin isə adı olduğu kimi saxlanılıb. "Uyanış: Büyük Selçuklu" sentyabrın 12-dən yayımlanacaq. Film 11-12-ci əsrlərdə təşəkkül tapan Böyük Səlcuqlu imperiyasından bəhs edir.
Rusiya istehsalı serial məşhur rus aktyoru Sergey Bezrukovun baş rolu canlandırdığı, 4 dostun kriminal aləmdə yaşadıqlarından bəhs olunan, 2000-ci illərin ən populyar serialı "Briqada"dır.
Hər gün kitablar haqqında 5 qeyri-adi fakt
“Ədəbiyyat və incəsənət” portalı LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşür.
1. “Qulliverin səyahəti " kitabı astronomlardan 100 il əvvəl Ayın və Marsın peyklərinin ölçüsünü və fırlanma sürətini təsvir etmişdir.
2. Böyük Britaniyada bütün zamanların ən çox satılan kitabı "Bozun 50 çaları"dır. Qadın yazar olan E. Ceymsin bu romanı, yeri gəlmişkən erotik romandır. (Gəlin daha Avropanın yüksək mənəvi dəyərlərindən danışmayaq).
3. Daniel Defonun "Robinzon Kruzo" romanı ilk ingilis romanı sayılır.
4. İlk əlyazma şəklində olan “Bibliya” (çap maşınının ixtirasına qədərki dövrdə) 12 il ərzində yazılmışdır və indi 8 milyon dollar dəyərindədir.
5. “Quran-i Kərim” yeganə müqəddəs kitabdır ki, orada çoxlu sayda elmi və tarixi faktlar vardır ki, kitab yazılan dövrdə hələ heç kəsə məlum deyildi.
Bir daha İltəriş Xaqana məxsus külliyə barədə - Qazaxıstan prezidenti bu faktı yüksək dəyərləndirib
Xəbər verdiyimiz kimi Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatların nəticəsində Monqolustanın Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar ediliməsi Türk dünyasında və dünyada böyük marağa və hadisəyə səbəb oldu.
“Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akademiyasından verilən məlumata görə, bu münasibətlə ötən gün Qazaxıstan Respublikasının Prezidenti Kasım -Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralini qəbul edib. Kasım Jomart Tokayev Monqolustanın Nomqon vadisinin Arxanqay aymakında akademiyanın alimlərdən ibarət arxeoloji ekspedisiyasının nəticələri ilə tanış olub. Qazaxıstan prezidenti tədqiqatçıların aşkar etdiyi Kutluq Elteriş xaqana məxsus nadir yazılar yazılmış daş külliyəsi ilə maraqlanıb.
Darxan Kıdırali deyib ki, yeni tapılan daş yazılar qədim türklərin insanlıq siivilizasiyasında daha erkən vaxtlar da töhvfə verdiyini sübut edir. Ərazidə tapılan ritual və ayinlər kompleksində də Kutluq xaqanın hakimiyyəti dövrünə aid artefaktlar və simvollar mövcuddur.
Görüşdə hadisənin tarixi əhəmiyyəti fonunda, həm də Akademiyanın fəaliyyəti və ümumi türk dərs vəsaitlərinin hazırlanması məsələsi də müzakirə olunub. Kasım -Jomart Tokayev Monqolustanda elmi tədqiqatlar aparan ekspedisiyanın nəticələrini və Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib.
Aida Eyvazlı
Kukla Teatrının sentyabr repertuarı açıqlanıb
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.
Repertuarla tanış olun:
16 sentyabr – “Qar kraliçası”, “Durna balığı” (rus dilində)
17 sentyabr – “Düyməcik”
17, 25 sentyabr – “Çipollino” (rus dilində)
18 sentyabr – “Ağca və Yeddi Cırtdan”, “Qoğal” (rus dilində)
20 sentyabr – “Qoğal”
23 sentyabr – “Maşa və ayı” (iki dəfə Azərbaycan və rus dilində)
24 sentyabr – “Cırtdan”, “Üç cəsur” (rus dilində)
25 sentyabr – “Yeddi nar çubuğu”
30 sentyabr – “Qoğal”
Tarix-memarlıq abidələrinə müdaxilələrə qarşı barışmaz mövqe sərgilənəcək
Sentyabrın 1-dən etibarən Bakı şəhərində tarix-memarlıq abidələrinin fasadına, ümumi eksteryerinə, interyerinə, bir sözlə ilkin görünüşünə edilən müdaxilələrlə bağlı operativ monitorinq tədbirlərinə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, istənilən qanunsuz və iznsiz müdaxiləyə qarşı ən sərt formada tədbirlər həyata keçiriləcək.
“İcra prosesi ilə bağlı protokol tərtib ediləcək, cərimələr müəyyən ediləcək və əlavə qanunsuz müdaxilələr nəticəsində dəyən zərər aradan qaldırılacaq. Məqsədimiz heç bir fiziki və ya hüquqi şəxsi cərimələmək olmasa da, çevik tədbirlər üçün SOS təbilini elan etmək zamanı yetişib”, - məlumatda vurğulanır.
ABŞ-da azərbaycanlı musiqişünasın xatirə gecəsi təşkil ediləcək
ABŞ-dakı İndiana Universitetinin Ceykobs musiqi məktəbində Azərbaycan əsilli amerikalı musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynovanın xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
AzərTAC Diasporla İş üzrə Dövlət Komitəsindən a istinadən xəbər verir ki, keçmiş həmkarlarının təşəbbüsü ilə sentyabrın 11-də təşkil ediləcək konsert universitetin Ford-Krouford zalında baş tutacaq.
Xatırladaq ki, soydaşımız bu il iyunun 21-də ömrünün 58-ci ilində vəfat edib.
1964-cü ildə Bakıda dünyaya gələn Aida Hüseynova Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) məzunu olub, Sankt-Peterburq Konservatoriyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, ABŞ və Böyük Britaniyanın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və Kembric universitetlərində mühazirələr oxuyub.
Xalq artisti Azər Paşa Nemətova həsr olunan kitab-albom çap olunub
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun 75 illik yubileyinə həsr olunan kitab-albom çap olunub.
“Elm və Təhsil” nəşriyyatında Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən yeni nəşrdə əvvəlcə Azər Paşa Nemətovun atası, görkəmli teatr rejissoru Zəfər Nemətovun həyat yolundan danışılır. Kitab-albom daha sonra “Uşaqlıq və gənclik illəri”, “Portretlər”, “Tamaşalardan fraqmentlər”, “Sənət, həyat, düşüncələr...” bölmələri ilə davam edir.
Nəşrdə Azər Paşa Nemətovun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Leninqrad Gənc Tamaşaçılar Teatrında, Arxangelsk Dövlət Dram Teatrında, Tallin Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalardan, eyni zamanda görkəmli rejissorun yaradıcı səfərlər zamanı lentə alınan fotolar öz əksini tapıb.
Kitab-albomda Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Dövlət Teatr Muzeyinin, Akademik Milli Dram Teatrının muzeyinin, o cümlədən, Azər Paşa Nemətovun şəxsi arxivindən istifadə olunub.
Yeni nəşrin tərtibçisi Cavid Zeynallı, rus və ingilis dillərinə tərcümə edəni Ayna Zərbəliyeva, redaktoru Aida Qafarova, bədii tərtibatçısı Aqil Əmrahovdur.