Super User

Super User

 

Latviyanın ölkəmizdəki səfirliyi BMT-nin Azərbaycandakı nümayəndəliyi və Norveç Krallığının Ankaradakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət “O” layihəsini təşkil edəcək. 

 

Bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə həsr olunacaq. 

Səfirlikdən AzərTAC-a bildirilib ki, layihə, gender bərabərliyi ilə bağlı təcrübələrini bölüşmək, eləcə də müasir incəsənət vasitəsilə qadınların həyatına təsir edən pandemiya və post-konflikt vəziyyətlərini əks etdirmək üçün beynəlxalq iştirakçıları bir araya gətirəcək. 

Layihənin proqramına müəllif təqdimatlar, müzakirələr, film nümayişi, ədəbiyyat axşamı, sərgi və konfrans daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynayır. 

“Açıq Qapı” tədbiri beynəlxalq şöhrətli məşhur Azərbaycan rəssamı İrina Eldarovanın studiyasına ziyarət etmək imkanı yaradacaq. Qonaqlara rəssamın yaradıcılıq prosesini izləmək, geniş sənət kolleksiyasını görmək, eləcə də rəssamla birbaşa canlı ünsiyyətdə olmaqdan həzz almaq kimi unikal imkan təqdim olunacaq. 

Noyabr ayında xalq diplomatiyası proqramının bir hissəsi kimi Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində www.tobeawoman.az internet səhifəsi əsasında fəaliyyətlərin davamı kimi “O” adlı sərgi təşkil olunacaq. Sərginin mövzusu qadınlara həsr olunur- onların həyatları, cəmiyyətdəki rolu, sevincləri və problemlərinə. Azərbaycan dilində “o” hər iki cins üçün eynidir, yalnız məzmunda hansı cinsin nəzərdə tutulduğu aydın olur. Bu da simvolikdir, çünki gender bərabərliyi mövzusunun mahiyyəti gender birliyi və bərabərliyinə əsaslanır.

Səfirlik noyabr ayında həmçinin “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfrans təşkil edəcək.

 

Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operası növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərində Şah İsmayıl rolunu Təyyar Bayramov, Aslan Şah obrazını isə Taleh Yahyayev ifa edəcək. Digər rolları Gülüstan Əliyeva, Fəridə Məmmədova, Fərid Əliyev, Tural Ağasiyev, Nəzər Bəylərov, Əli Əsgərov və başqaları canlandıracaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağababa Bünyadzadə, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar rəssam Ənvər Almaszadə, xormeysteri Sevzixan Sərdərov, baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə və dirijoru Xalq artisti Cavanşir Cəfərovdur.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 23 sentyabr tarixində saat 10:00-da Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax avtomagistral yolunun 240-cı kilometrliyi) Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Vətəndaşlar 19 sentyabr 2022-ci il tarixinə qədər Nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

Cari ilin 2 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, tarzən Fikrət Verdiyevin 75 illik yubileyi tamam olur. Bu münasibətlə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev sənətkarla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, yubilyarı yubileyi münasibətilə təbrik edən E.Əliyev, ifaçının yaradıcılığının daima diqqət mərkəzində olduğunu vurğulayıb, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. 

Fikrət Verdiyev də öz növbəsində ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. 

Qeyd edək ki, Fikrət Verdiyevin 75 illik yubileyi münasibətilə 24 sentyabr tarixində Heydər Əliyev Sarayında tanınmış sənətçilərin iştirakı ilə yubiley konserti keçiriləcəkdir.

 

Qazaxıstan  Prezidenti Kasım -Jomart Tokayevin Sərəncamı ilə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik, “Egemen Qazaqstan” qəzetinin İdarə heyətinin sədri  Darxan Kıdıralı Qazaxstan Respublikasının  İnformasiya və İctimai İnkişaf naziri təyin edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akadümiyasından məlumat veriblər. 

 

Qazaxstan Respublikasının  İnformasiya və İctimai İnkişaf naziri Askar Umarov isə Prezident yanında “Mərkəzi Kommunikasiya Xidməti” respublika dövlət idarəsinin direktoru təyin edilib.

Qeyd edək ki, türk dünyasının birliyi naminə əvəzsiz işlər görən Darxan Kıdıralı həm də Azərbaycanın böyük dostlarından biridir.

 

Sentyabrın  1-də Astara rayonunda tarixi romanlar  yazarı, yazıçı və publisist Yunus Oğuzun şəhid ailələri və  qazilərlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş,  44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixini özündə əks etdirən romanın -"Cığır"in da müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev iştirak ediblər. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Əli  Feyziyevin anası Rəvayət Feyziyeva, Vətən müharibəsi qəhrəmanı şəhidinin  bacısı Aysel Əkbərova və Vətən müharibəsinin qaziləri iştirak ediblər. Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Yunus Oğuzun həyat və yaradıcılığı haqqında iştirakçılara, şəhid  ailələri və  qazilərə məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda  şəhid və qazi ailələrinə “Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb, repertuarı təqdim edirik:

 

16 sentyabr - “Və qadın gəlirdi...”,

17 sentyabr – “Evlilik”,

18 sentyabr – “Maskarad”,

23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)”,

24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”,

25 sentyabr – “Sürprizlər günü”,

30 sentyabr - “Qürur və qərəz”.

 

Uşaqlar üçün:

17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”,

18 sentyabr – “Düyməcik”,

24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”,

25 sentyabr – “Nağılı tap–5”.

 

Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.

Günün fotosu: BMT Çini uyğurların hüquqlarını pozmaqda ittiham edib

 

BMT-nin insan hüquqları üzrə ali komissariatı Çini uyğurlara qarşı təcavüzkar siyasətinə görə pisləyib. Hesabat BMT komissarı Mişel Beçeletin Cinə səfərinin təəssüratları əsasında hazırlanıb.

 

Foto: Euronews

Friday, 02 September 2022 12:30

Hər seriya üçün aktrisaya 150 min lirə!

 

Ölkəmizdə çox populyar olan Türkiyə teleseriallarında inanılmaz büdcələr mövcuddur. Beş il fasilədən sonra "Gecenin ucunda" serialında yer alan aktrisa Tuba Ünsalın alacağı qonorar bəlli olub.

 

“Ədəbiyyat və incəsənət” unikal.org-a istinadən xəbər verir ki, aktrisa hər bölüm üçün 150 min lirə (təxminən 14 min manat) məvacib qazanacaq.

Qeyd edək ki, serialın baş rollarını Neslihan Atagül, Kadir Doğulu və Zuhal Olcay paylaşacaq. Bir görün indi onların qonorarı nə qədərdir.

“Ədəbiyyat və incəsənət” portalı “Güneydən gələn səslər” rubrikasında sizləri Sevər Şəhabinin şeirləri ilə tanış edir. Rubrikanı təbrizli şair, portalımızınGüney Azərbaycan nümayəndəsi Əli Çağla təqdim edir.

Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.

 

 

ALZAYMER

 

Yerlə göyün arasında,

Yıxılıb yatmağım gəlir.

Nə göylərə ulaşmağım,

Nə yerə batmağım gəlir.

 

Bu dünyanın binasını,

O dünyanın anasını,

Hurisini, sonasını,

 

Müftəyə satmağım gəlir.

 

Buraxıb etdiklərimi,

Qaytarıb yediklərimi,

Unudub dediklərimi,

Alzaymer(1) tutmağım gəlir.

 

(Alzaymer – Altsheymer müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir

 

 

RƏNGLİ CÜCƏLƏR

 

Yumurtanın ağ divarın,

Ana eşqiylə dəldiniz.

Sizlər də ananız kimi,

Yetim dünyaya gəldiniz.

 

Ananızı qınamayın,

Sanmayın sizi atdılar.

Onları da atanız tək,

Buğda ilə aldatdılar.

 

 

Atanızın ayaqların,

Qarmaqlara bağladılar.

Yerə baxan başlarını,

Biçaq ilə dağladılar.

 

Onun səhər avazıyla,

Narın-narın süzmədiniz.

Mahmızının kölgəsində,

Məğrur-məğrur gəzmədiniz.

 

Saxta ana qucağında,

Uyumadan, oyandınız.

Boyaqçının qarşısında,

Öksüz-öksüz dayandınız.

 

Əlvan-əlvan boyalarla,

Kimliyizi dəyişdilər.

Boyaqçılıq sənətilə,

Səadətə yetişdilər.

 

 

MƏNƏ XƏBƏR GƏTİR

 

Məndən öncə ölsən əgər,

Ölülərə salam yetir.

Qırx günəcən gəl yuxuma,

Ordan mənə xəbər gətir.

 

Soraqlaş gör oralarda -

Neçə saat çalışırlar?

O dünyanın insanları,

Hansı dildə danışırlar?

 

Asılaraq gələnlərin -

Boğazları yaradırmı?

İşkəncədən ölənlərin -

Dəriləri qaradırmı?

 

Afrikanın zənciləri -

Kimlərə "Bəli" deyirlər?

Onların ağ ərbabları,

Nə içirlər, nə yeyirlər?

 

O dünyanın terminalı,

Necə yerbəyer olunur?

Cənnətin ağ biletləri,

Neçəyə al-ver olunur?

 

Sanki mənim bu istəyim,

İstəmədən üzdü səni.

Səndən öncə ölsəm əgər,

Qırx günəcən gözlə məni.

 

  

 

CƏHƏNNƏM - CƏHƏNNƏM

 

Pambıqları təpməmişdən,

Qulağıma yalan qoyun.

Altıma əqrəb döşəyin,

Üstümə də ilan qoyun.

 

Yalanlara alışmışam,

Zəhər ilə qarışmışam,

Taleyimlə barışmışam,

Baş altıma saman qoyun.

 

Burada minlər endilər,

Nədənsə çox sevindilər!

Bəlkə orda da mindilər!

Kürəyimə palan qoyun.

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.