“Şuşa İli” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin başladığı “Şuşa musiqiçiləri” rubrikası davam edir.
Rubrikanın növbəti təqdimatı Azərbaycanın Xalq artisti Xan Şuşinski (İsfəndiyar Cavanşir) haqqındadır.
Rubrikada görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.
İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb. İsfəndiyarda geniş diapazonlu, məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından, Aslan ağa oğlunu yeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindən olan İslam Abdullayevin sinfinə qoyub.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.
Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.
Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.
İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb. Görkəmli sənətkar, adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb.
Xan Şuşinski 1979-cu ildə vəfat edib.