“Seçilənlər” rubrikasında sizlərə bu il 110 illiyi qeyd ediləcək bəstəkar Ağabacı Rzayeva barədə Savalan Fərəcovun yazısını təqdim edirik.
Ağabacı Rzayeva. Azərbaycan musiqisevərlərinin yaxşı tanıdığı bu ad həmişə xoş duyğular, qəlboxşayan nəğmələrlə assosiasiya olunur. O, milli bəstəkarlıq məktəbinin inkişafına töhfə verib, dəyərli əsərləri ilə onu zənginləşdirib. İlk qadın bəstəkarlarımızdan olan sənətkarı anadan olmasının 110 illiyi münasibətilə xatırlayırıq.
Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, dövrünün məşhur tarzəni Mirzə Fərəcin nəvəsidir. Ağabacı erkən çağlardan musiqiyə maraq göstərir. Təəccüblü də olsa, Mirzə Fərəc ailə üzvlərinin bu sahə ilə məşğul olmasını istəmir. Ona görə də ilk vaxtlarda Ağabacı musiqi ilə məşğul ola bilmir. Diqqətini orta məktəb dərslərinə yönəldir. Məktəbi bitirdikdən sonra Pedaqoji Texnikuma qəbul olunur. Təhsilini 1929-cu ildə başa vurub təyinatla Maştağa, Kürdəxanı və Saray kəndlərində müəllimlik edir.
Babası vəfat edəndən sonra atası qızlarına fərdi qaydada musiqi məşqləri keçilməsinə şərait yaradır. Ailəyə yaxın dost olan Üzeyir Hacıbəyli Ağabacı və bacısı Ruqiyyənin istedadını görür və hər ikisini Musiqi Texnikumuna qəbul edir. Onlar təhsil müəssisəsində Mirzə Mənsur, Səid Rüstəmov və Üzeyir Hacıbəylidən sənətin sirlərini öyrənirlər.
Araşdırmalarda qeyd edilir ki, 1934-cü ilin bir payız günü Ağabacının atası İsmayıl kişi evə gəlir və deyir: “Üzeyir bəy konservatoriyada Xalq musiqisi şöbəsi açıb. Heç bir ailə öz qızını konservatoriyada oxumağa icazə vermir. O, mənə dedi ki, qızlarımı onun yanına aparım. Musiqi qabiliyyətlərini bir daha yoxlayaq. Məsləhət olsa, konservatoriyada oxusunlar”.
Həmin dövrdə Ağabacı Rzayeva ilk əsərini – “Gənc vətənpərvərlər” marşını bəstələyir. Əsəri dinləyən Üzeyir bəy gənc Ağabacıya konservatoriyanın Bəstəkarlıq şöbəsinə daxil olmağı məsləhət görür. O, dahi bəstəkarın məsləhətinə qulaq asır. Əvvəlcə Üzeyir bəydən, daha sonra Qara Qarayevdən bəstəkarlıq dərsləri alır. Əsasən mahnı və romanslara diqqət ayırır. Onun yazdığı uşaq mahnıları “Kukla”, “Qaranquş”, “Balaca kapitan”, “Bakı metrosu”, “Qərənfiləm mən”, “Ağ göyərçinim” və s. mahnıları bu gün də uşaqlar tərəfindən maraqla qarşılanır.
Görkəmli bəstəkarın yaradıcılığında əmək və uşaq mahnıları ilə yanaşı, lirik əsərlər də yer alır. Onların arasında dillər əzbəri olan “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Telli sazım”, “Şuşanın yolları” və başqaları musiqisevərlər tərəfindən maraqla qarşılanır. Bəstəkarın qəhrəman neftçilərimizin əmək qəhrəmanlığını tərənnüm edən “Neftçi Qurban”, “Oxuma, gözəl”, “Çoban Qara”, ilk dəfə Moskvada səsləndirilən “Kukla” mahnısı ona geniş şöhrət qazandırır.
O, eyni zamanda bir çox mahnı və romansın, həmçinin “Höcət eləmə” (İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, xalq çalğı alətləri orkestri, simli kvartet üçün pyes və simfonik əsərlərin, İ.Nəsiminin sözlərinə bəstələdiyi 7 romansın və s. müəllifidir. Ağabacı Rzayeva daha geniş auditoriyaya ünvanlanan “Çiçəklənən yurdum”, “Azərbaycan”, “Bəxtiyar ellər”, “Dilbərim” adlı əsərlərini xor üçün bəstələyib.
Azərbaycan caz-muğam sənətinin əsasını qoyan görkəmli pianoçu Vaqif Mustafazadə bəstəkarın “Ey pəri” və “Evimizə gəlin gəlir ” kimi məşhur əsərlərinə müraciət edib.
Ağabacı Rzayeva uşaq mahnıları ilə yanaşı, “Günəşin eşqi” adlı pyes də yazıb. Xalq artisti Əfrasiyab Bədəlbəyli 12 iyun 1954-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi məqalədə yazır: “Son zamanlar Səid Rüstəmov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Qənbər Hüseynli və başqa bəstəkarlarımız uşaqlar üçün də bir sıra yaxşı mahnılar bəstələyiblər. Qənbər Hüseynlinin “Cücələrim”, Ağabacı Rzayevanın “Pioner”, “Şən yolka”, “Gənc maşinistlər” mahnısı və s. Bu mahnılar azyaşlı uşaq və məktəblilər tərəfindən sevilə-sevilə oxunur”.
Musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən Ağabacı Rzayeva 1960-cı ildə “Əməkdar incəsənət xadimi” adına layiq görülür. İki dəfə “Qırmızı Əmək bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilir.
Həm də ictimai xadim kimi fəaliyyət göstərən sənətkar üç çağırış Bakı Sovetinin, 1963-cü ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Bəstələri bu gün də dillərdə dolaşan Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə, 63 yaşında Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.